Ortaq başlanğıcdan ölkə ədəbiyyatına
və dünya miqyasına doğru
DÖVRLƏŞMƏ
KONSEPSİYASI VƏ İNKİŞAF
MƏRHƏLƏLƏRİ
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
İlk
növbədə onu qeyd etmək lazımdır ki, hələ
VII-X əsrlərdə qədim türk sivilizasiyası ilə
islam dini
dünyagörüşünün yanaşı inkişaf etməsi
sonrakı əsrlərdə tədricən
qarşılıqlı inteqrasiya proseslərinin genişlənməsinə
səbəb olmuşdur.
Xüsusən, X əsrdən etibarən “Ərəb
xilafəti imperiyası həm də coğrafi mənada daha
çox Şərq hadisəsi kimi mövcud olmuşdur” (Adam
Mets). İslam - dünyanın böyük bir hissəsində
yeni bir epoxanı meydana çıxarmış, mühüm
sivilizasiya faktına çevrilmişdir.
Azərbaycanda XI-XII əsrlərdə feodal dövlətlərinin
yaranıb inkişaf etməsi cəmiyyətin hərtərəfli
dirçəlişində mühüm hərəkətverici
qüvvəyə çevrilmişdir. Tarixçilərin
“inkişaf etmiş feodalizm dövrü” hesab etdikləri bu mərhələdə
Azərbaycan ərazisində Səlcuqlar, Atabəylər və
Şirvanşahlar dövlətlərinin regionda mühüm
nüfuza malik olmaları ölkədə bütün sahələr,
o cümlədən də elm, təhsil, ədəbiyyat və
mədəniyyət istiqamətində də sürətli
inkişafa təkan vermişdir. Azərbaycan
torpaqlarında Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə,
Marağa, Şamaxı, Qəbələ, Dərbənd, Beyləqan
kimi şəhərlərdə ticarət, memarlıq və sənətkarlığın
genişlənməsi iqtisadi-mədəni mühiti
canlandırmışdır. Görkəmli
memar Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində
ucaltdığı məşhur Mömünəxatun məqbərəsi
Şərq memarlıq sənətinin möhtəşəm əsəri
kimi böyük şöhrət qazanmışdır. Xüsusən, qədim karvan yollarının Avropa ilə
Asiyanı əlaqələndirən İpək yolu ilə
birləşməsi regionda və ölkədə cəmiyyət
həyatında bütün istiqamətlər üzrə
böyük yeniləşmə və inkişafa səbəb
olmuşdur. Bütün bunlar Şərq
ölkələrinin ictimai-mədəni mühitində və
iqtisadi inkişafında intibah hadisəsinin baş verməsi
ilə nəticələnmişdir. Şərq
intibahı və ya Müsəlman renessansı
adlandırılan bu mühüm siyasi-iqtisadi və mədəni
hadisə Çindən-Hindistana, Orta Asiyadan-İrana,
Anadoludan-Qafqaza qədərki böyük coğrafiyada, o
cümlədən, Azərbaycanda
özünün inkişaf etmiş böyük ədəbiyyatı
və incəsənətini, mükəmməl elmi məktəblərini
meydana çıxarmışdır.
Elmin, maarifçiliyin inkişafı ölkədə ədəbiyyatın,
incəsənətin və təhsilin inkişafına ciddi təsir
göstərmişdir. Ərəb-fars dillərində yaranan zəngin elmi irslə
dərindən tanış olmaları Azərbaycan alimlərinin
Şərq miqyasında yaranan elmi ideyaları dərindən mənimsəmələri ilə
birlikdə, həm də bu zəmində yeni ideyaların, fərqli
fərziyyələrin və versiyaların irəli
sürülməsi ilə müşayiət olunur. Məhz bu zəmində XI-XII əsrlərdə Azərbaycan
elminin bütün Şərq miqyasında qəbul olunan
görkəmli nümayəndələri yetişib
formalaşmışdır. Məşhur filosoflar
Əbülhəsən Bəhmənyar Azərbaycani (993-1066),
Eynəlqüzat Miyanəçi (1089-1131), Şihabəddin
Sührəverdi (1154-1192), tanınmış ədəbiyyatşünas
Xətib Təbrizi (1030-1109), Əbülqasım əl-Qureyşi,
Fəxrəddin Əbülfəzl-əl Musanna ət-Təbrizi
və başqaları kimi görkəmli elm xadimləri
geniş mənada türk-müsəlman dünyası elmi
fikrini yüksək səviyyədə təmsil etmək
miqyasında etiraf olunan alimlər idilər. Onların əsərlərindəki
dünyanın, həyatın və cəmiyyətin dərindən
dərk olunması, dərin dini və fəlsəfi təlimlər,
ictimai-siyasi proseslərin idarə edilməsi haqqındakı
fikirlər və ideyalar bədii ədəbiyyatın
yaradıcılarının əsərlərində cəmiyyət
hadisələrinə marağı qüvvətləndirmiş,
tarixilik, fəlsəfi dərinlik və müasirlik
baxışlarının aparıcı mövqe tutmasına
şərait yaratmışdır.
Elm intibah dövrü Azərbaycan ədəbiyyatının
əsas ilham mənbələrindən biri, hərəkətverici
qüvvəsi idi. Qədim antik ideyalar da Azərbaycan ədəbiyyatına
elm vasitəsilə gəlmişdir. Azərbaycan
elmində böyük yunan filosofu Aristotel (e.ə. 384 - e.ə.
320) təliminə artan maraq bədii ədəbiyyatda da əks-səda
tapmışdır. İntibah dövrü
Azərbaycan ədəbiyyatının görkəmli
yaradıcılarının yaradıcılığında
özünə geniş yer tapmış antik dövr elmi
fikrinə müraciətin kökündə qədim yunan
filosoflarının əsərlərinin ərəb dilinə
tərcümə olunması dayanırdı. Azərbaycan ədəbiyyatı klassiklərinin ərəbdilli
tərcümələr vasitəsilə elmi və ictimai fikrin
zəngin xəzinəsi olan antik irsdən yaradıcı şəkildə
istifadə etmələri yeni tipli bədii əsərlərin
meydana çıxmasına ciddi təsir göstərmişdir.
Antik ədəbiyyatın yenidən dirçəldilməsi
ictimai fikirdə və ədəbiyyatda dövrün ictimai-fəlsəfi
ideyalarının tərənnüm olunmasına geniş
qapı açmışdır. Türk-islam
sivilizasiyası və antik yunan mədəniyyətinin
inteqrasiyası Şərq miqyasında böyük elmi məktəblərin
və qüdrətli alimlərin meydana çıxması ilə
nəticələnmişdir. Türk-islam
elmi irsi geniş mənada intibah dövrü elmi və ictimai
fikrinin ən aparıcı istiqaməti səviyyəsinə
qalxmışdır. Bu da öz ardınca
elmi irsin böyük ədəbiyyatın qüvvətli
dayağına çevrilməsində həlledici amil
olmuşdur.
İntibah dövrü Şərq aləmində, o
cümlədən, türk xalqlarının həyatında da
elm amilinin meydanını genişləndirmişdir. XI-XIII əsrlərdə
türk dünyası elminin liderləri yetişib meydana
çıxmışdır.
Məhz
bu dövrdə türk-islam sivilizasiyası Mahmud
Kaşğarlının (1005-1102) “Divani-lüğət-it
türk”, Əhməd Yasəvinin (1103-1166) “Divani-hikmət”,
Süleyman Bakırqaninin (...-1186) “Bakırğani kitabı”,
Əhməd Yuqnəkinin “Hibatül-həqaiq” əsərləri
kimi möhtəşəm ümumtürk abidələrini bəşəriyyətə
bəxş etmişdir. Görkəmli Azərbaycan
alimi Nəsrəddin Tusinin (1201-1274) əsərlərində
bir çox böyük elmi ideyalar Avropa alimlərindən
çox qabaq irəli sürülmüş və nəzəri
cəhətdən əsaslandırılmışdır.
Anadolu türklərinin ədəbiyyatında
Yunis Əmrə (1240-1320), Mövlana Cəlaləddin Rumi
(1207-1273) miqyasında qüdrətli mütəfəkkir sənətkarlar
dünyanın diqqətini cəlb etmişlər. Eyni
zamanda, Əhməd Fakih (XIII əsr) və Xəlil oğlu
Əlinin yaradıcılığı (XIII əsr), əski
qıpçak ədəbiyyatındakı “Kodeks Kumanikus” mətnləri,
habelə Misir qıpçak ədəbiyyatı da
bütövlükdə bu tarixi epoxanın, müsəlman
intibahının bəhrəsidir.
Elmlə ədəbiyyatın qarşılıqlı əlaqəsi
intibah dövrü Azərbaycan ədəbiyyatında mütəfəkkir
tipli sənətkarların yetişib formalaşmasını
şərtləndirmişdir. Dövrün şairləri
həm də alim-mütəfəkkirlər səviyyəsində
qəbul olunmuşlar. Ustad Nizami Gəncəvinin “Həkim
Nizami”, Qətran Təbrizinin “alim-şair” kimi
adlandırılmaları bu böyük təfəkkür
sahiblərinin fəaliyyətlərində elm və ədəbiyyatın
birlikdə iştirak etməsinin əlaməti idi. Fikrimizcə,
dövrün tanınmış sənətkarlarından
Mücirəddin Beyləqaninin Atabəylər,
Əbül-Üla Gəncəvinin Şirvanşahlar
saraylarında “məliküş-şüəra” rütbələri
qazanmaları və həmin missiyanı həyata keçirmələri
də onların bədii yaradıcılıqdan başqa, həm
də sarayların ictimai həyatına, ədəbiyyatın
tələblərinə dair geniş bilik sahibi
olmalarının göstəricisi idi. Müasirlərinin
Mücirəddin Beyləqaniyə “Məlikül-kəlam” kimi
verdikləri qiymətdə ədəbiyyatla yanaşı, elmi
dünyagörüşün də özünəməxsus
payı olmuşdur.
Azərbaycanda XI əsrdən etibarən farsdilli ədəbiyyat
epoxası başlanmışdır. Ərəbdilli ədəbiyyat
mərhələsindən (VIII-XI əsrlər) sonra Azərbaycan
ədəbiyyatının bütün Şərq
miqyasında tanınmasına və şöhrət
qazanmasına yol açmışdır. Ərəbdilli
ədəbiyyatdan farsdilli poeziyaya keçid Azərbaycan ədəbiyyatının
ümumşərq miqyasında daha böyük ədəbi rəqabət
mühitinə daxil olmasına səbəb olmuşdur.
Görkəmli Azərbaycan şairlərinin fars
dilində yaratdıqları şedevrlər geniş mənada
bütün Şərqdə tanınmış, oxunub
müzakirə olunmuş və qəbul edilmişdir.
İntibah dövrü Azərbaycan ədəbiyyatının
görkəmli simalarının fars dilində
yazdıqları əsərlərində Şərq
mövzusunun geniş yer tutması, türk-müsəlman
dünyasının tanınmış şəxsiyyətlərinin
obrazlarının yaradılması, bir çox mühüm
tarixi hadisələrin ədəbiyyata gətirilməsi ədəbiyyatın
üfüqlərini genişləndirmiş, böyük
coğrafiyada bu ədəbiyyata marağı qüvvətləndirmişdir.
Bu yolla ümumşərq xarakterli Xosrov və
Şirin, Leyli və Məcnun mövzuları Azərbaycan ədəbiyyatına
həmişəlik daxil olmuşdur. Sonrakı
əsərlərdə də, hətta XX əsrdə də Azərbaycan
ədəbiyyatında bu mövzulara yenidən müraciət
edilmişdir.
Bununla
yanaşı, fars dilində yazılan Azərbaycan ədəbiyyatında
ölkə həyatına aid mövzulara və obrazlara da yer
ayrılmışdır. Nizami Gəncəvinin əsərlərində
Bərdədən və Dərbənddən, Əfzələddin
Xaqaninin Şamaxı, Təbriz və Şabrandan, Qətran Təbrizinin
Ərdəbil, Gəncə, Naxçıvan, Sərab,
Şadiabaddan söz açmaları bu ədəbiyyatda Azərbaycan
mövzusunun, milli ruhun bədii ifadəsinin özünəməxsus
yer tutduğunu əks etdirir. Nizami Gəncəvi
yaradıcılığındakı böyük rəğbətlə
təsvir etdiyi türk-azərbaycanlı obrazları:
Nüşabə, Məhinbanu, Şirin, Fitnə, Sultan Səncərlə
üz-üzə gələn Qarı surətləri, həmçinin,
Xarəzm və Səqlab gözəlləri dövrünə
görə dahi şairin milli mövqeyini nümayiş etdirir.
Təzkirələrdə Nizami Gəncəvinin
Azərbaycan dilində divanının olması barədə rəsmi
məlumatların olması da intibah dövrü Azərbaycan ədəbiyyatında
anadilli poeziyanın mövcudluğunu düşünməyə
əsas verir. “Xəmsə”də türk
dilinə aid sözlərin frazeoloji birləşmələrin
və aforizmlərin işlədilməsi onun
yaradıcısı olan görkəmli sənətkarın mənşə
etibarilə Azərbaycan xalqına məxsus olduğunu göstərir.
Son vaxtlarda Nizami Gəncəvinin “Xəmsə”ni
fars dilinin Azərbaycan ləhcəsində yazmasına dair
meydana çıxmış elmi cəhətdən əsaslandırılmış
fikirlər XI-XII əsrlərdə ədəbi-ictimai fikirdə
Azərbaycan dilinin özünəməxsus mövqeyə malik
olduğunu nümayiş etdirir. XI əsrdə Xətib
Təbrizinin Bağdadda “Nizamiyyə” mədrəsəsində
dövrünün məşhur şairi və mütəfəkkiri
Əbüləla əl-Müərrinin (973-1057) yanında tələbə
ikən öz həmyerlisi olan müsafir azərbaycanlı ilə
ana dilində olan söhbəti o dövrdə Azərbaycan
dilinin işlək bir dil kimi geniş dairədə başa
düşüldüyünü nəzərə
çarpdırır. Xüsusi əhəmiyyətini nəzərə
alaraq, həmin söhbətin qısa məzmununu verməklə
XI-XII əsrlərdə Azərbaycan dilinin mövqeyini bir daha
diqqət mərkəzinə çəkməyi əhəmiyyətli
hesab edirik: “Mən iki il idi ki, onun (Əbüləla əl-Müərrinin
- İ.H.) yanında idim və şəhərimin
adamlarından bu müddətdə heç kimi görməmişdim.
Birdən təbrizli qardaşlarımdan bir nəfər
namaz qılmaq üçün məscidə girdi. Mən onu görən kimi tanıdım və sevincimdən
çox həyəcanlandım. Əbüləla
soruşdu: Sənə nə olmuşdur? Dedim: İki il idi ki, şəhərimin adamlarından
heç kimi görməmişdim. İndi bir
qonşuma rast gəlmişəm. Dedi: Dur, onunla söhbət
et. Dedim: Dərsi qurtarandan sonra. Dedi: Dur, mən
səni gözləyirəm. Ayağa qalxdım
və azəri dilində onunla söhbət edib, məni
maraqlandıran hər şeyi ondan soruşdum. Elə ki,
qayıdıb Əbüləlanın yanında oturdum, məndən
soruşdu: Bu, hansı dil idi? Dedim: Azərbaycan əhalisinin
dilidir. Dedi: Mən bu dili bilmirəm və söhbətinizi də
başa düşmədim. Ancaq
danışıqlarınızın hamısını əzbərlədim.
Sonra o, qonşumla etdiyimiz söhbətin
hamısını artırıb-əksiltmədən
olduğu kimi təkrar etdi. Mən onun
başa düşmədiyi bir şeyi necə əzbərlədiyinə
son dərəcə heyrətləndim”.
Bütün bunlar onu göstərir ki, renessans hadisəsi
Şərq-müsəlman aləmi ilə yanaşı,
ölkə üzrə milli-mənəvi dirçəlişin
də oyanışına öz təsirini göstərmiş,
qol-qanad vermişdir.
Yazılı ədəbiyyat Azərbaycanda XII əsrdə
özünün ən yüksək zirvəsinə
çatmışdır. Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin (1141-1209) ölməz “Xəmsə”si
geniş mənada türk-müsəlman dünyası ədəbiyyatının
opogeyini təşkil edir. Nizami Gəncəvinin
zəngin yaradıcılığını nəzərə
almaqla heç tərəddüd etmədən demək olar
ki, ümumşərq miqyasında farsdilli poeziya üzrə rəqabət
mühitində Azərbaycan birincilik qazanmış və qalib
gəlmişdir. XII əsrdə
formalaşmış Nizami ədəbi məktəbi ənənələri
uzun əsrlər Anadoludan-Qafqaza-Orta Asiyaya və Hindistana qədər
türk-müsəlman dünyası ədəbiyyatının
inkişafına qüvvətli təsir göstərmişdir.
Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk
dəfə olaraq möhtəşəm epik dastanlar silsiləsi
yaratmışdır. Böyük sənətkarın “Xəmsə”yə
daxil olan əsərləri mükəmməl epik
poemalardır. Şairin ilk əsəri olan
“Sirlər xəzinəsi”ndəki hekayətlərdən hər
biri dərin mənasına və ibrətamiz ictimai məzmununa
görə müstəqil epik əsərlərdir. “Xosrov və Şirin” Nizami Gəncəvinin Azərbaycan
ədəbiyyatına gətirdiyi ilk geniş həcmli mükəmməl
epik poemadır. Dahi şairin “Leyli və Məcnun”
poeması böyük məhəbbət dastanıdır.
“Yeddi gözəl” hökmdarlıqda, mənəviyyatda,
həyat eşqində də qüdrətli olan Bəhram Gur
şahın ibrətamiz hekayətidir. “İskəndərnamə”
- insan ağlının və zəkasının zəfəri
və şərəfi haqqında ədəbiyyat əfsanəsidir.
Nizami Gəncəvi epik poemalarında təsvir
etdiyi epoxaları və şəxsiyyətləri bütün
genişliyi, imkanları və əzəməti ilə birlikdə
təqdim edir. “Xəmsə”yə daxil olan
epik poemaları janr baxımdan, həm də mənzum romanlar
adlandırılması heç də təsadüf deyildir.
Doğrudur, epik poemalardakı poetik vüsət,
lirik haşiyə onu romandan bir qədər fərqləndirir.
Nizami Gəncəvinin əsərləri epik
poemalar kimi möhtəşəmdir. Bununla
belə, lirika deyil, epik poema, yaxud mənzum roman XI-XII əsrlər
Azərbaycan ədəbiyyatının əsasında
dayanır.
Xaqani
Şirvaninin “Mədain xərabələri”, “Töhfətül-İraqeyn”
poemalarında epik xüsusiyyətlər: süjet, əhvalat,
təsvir-təhkiyə, obrazlar ana xətti təşkil edir. Hətta Nizami Gəncəvinin lirik şeirlərində,
Məhsəti Gəncəvinin rübailərində, Xaqani
Şirvaninin “Qəsideyi-Şiniyyə”sində və “Həbsiyyə”sində
müəyyən süjet əlamətləri vardır.
Qətran Təbrizinin tarixi mənzumə
janrında yazdığı əsərlərdə
dövrün ictimai-siyasi hadisələrinin nəzmə
çəkilməsi, şərh edilməsi yalnız epik ədəbiyyatın
geniş imkanları vasitəsilə mümkün olmuşdur.
Əbül-üla Gəncəvi (XI-XII əsrlər),
Fələki Şirvani (1108-1157) və Mücirəddin Beyləqaninin
(1130-1194) “Qəsəmnamə” - “Andnamə”
adlandırdıqları əsərlərdə tərcümeyi-hal
tarixçələri və ictimai-siyasi hadisələrə
münasibət əsas motiv idi. Dövrün
ədəbiyyatının aparıcı istiqaməti epik ədəbiyyatın
inkişafı ilə əlaqədardır. XI-XII əsrlər Azərbaycan ədəbiyyatını
epik poemalar, yaxud mənzum romanlar dövrü kimi də səciyyələndirmək
mümkündür. İntibahın
doğurduğu dövrün vüsəti, şəxsiyyətin
bütövlüyü və qüdrəti, humanizm
ideyaları, ədalət motivi lirikada vəsf edilməklə
həll oluna biləcək məsələlər deyildi.
Geniş epik baxış və poetik vüsət
intibah ədəbiyyatının ritmlərini müəyyən
etmişdir. Bu dövrdə məsnəvi
formasının əsas bədii ifadə vasitəsi olması
epik ədəbiyyatın inkişafından irəli gəlmişdir.
Bu epoxanın divan ədəbiyyatında digər
janrlarla müqayisədə müəyyən təhkiyəçilik
əlamətləri olan qəsidə janrında
yazılmış şeirlərin əsas yer tutması da ədəbi
mühitdə epik ədəbiyyatın aparıcı olması
ilə izah olunmalıdır. XI-XII əsrlərdə
yaşayıb-yaratmış şairlərin
yaradıcılığında məsnəvi forması, qəsidə,
mədhiyyə, həcv, rübai janrları aparıcı
mövqe tutmuşdur. Yuxarıda haqqında bəhs olunan
sənətkarlardan başqa, İskani Zəncani, Qivami Mütərizi,
Hüseyn Təbrizi, Xəttat Nizami Təbrizi, Əbülhəsən
Əli Miyanəçi, Ömər Gənci, Sədəddin Məravani, İzzəddin
Şirvani, Zəki Marağayi və başqalarının
yaradıcılığında aşiqanə qəzəllərlə
müqayisədə məsnəvi formasında
yazılmış şeirlər daha çox olmuş, ictimai
motivlər geniş yer tutmuşdur. Bu, intibah
epoxası ədəbiyyatının özünəməxsus
xüsusiyyəti idi.
Nizami Gəncəvi yaradıcılığındakı
ədalət, humanizm, dövlətçilik, bərabərlik,
mənəvi zənginlik və bütövlük, zəhmətə
münasibət ideyaları Azərbaycan ədəbiyyatının
yüksək bəşəri mövqeyini ifadə edir. Əfzələddin
Xaqaninin (1126-1199) əsərlərində ədalət və
humanizm ideyaları ilə birlikdə səslənən vətənpərvərlik
və mübariz ruh dövrün ədəbiyyatına yeni məzmun
gətirmişdir. Məhsəti Gəncəvinin
(1098-1188) rübailəri dərin lirika ilə fəlsəfi
baxışın vəhdətini ifadə etməklə
poeziyada fərqli bir özünəməxsusluq əmələ
gətirmişdir. Əbül-üla Gəncəvi, Mücirəddin
Beyləqani, Fələki Şirvani, Əkmələddin
Naxçıvani və başqaları saray şeiri çərçivəsində
olsa da, ədəbiyyatın ictimai məzmunlu poeziyaya doğru
inkişafında müəyyən rol oynamışdır. Ədəbiyyatşünaslıqda doğru olaraq qeyd
edildiyi kimi, bu epoxada “humanizm - incəsənətin sinonimi mənasını
ifadə etmişdir” (Arif Hacıyev). Bütövlükdə,
XII əsr Azərbaycan ədəbiyyatının tarixinə
“qızıl əsr” -
“altın dövr” kimi daxil olmuşdur. Bu dövr - humanizm ideyalarının
daşıyıcısı olan insanın intibahı
epoxasıdır. Şərq müsəlman
intibahının ən böyük şedevrləri XI-XII əsrlərdə
Azərbaycanda yaranmışdır. Şərq
memarlıq məktəbinin banisi Əcəmi
Naxçıvaninin ucaltdığı Möminəxatun məqbərəsi
dövrün ədəbiyyatı ilə yanaşı, mədəniyyətinin
də yüksək inkişafını nümayiş etdirir.
Möminə xatun məqbərəsi Azərbaycan
milli memarlıq sənətinin daş “Xəmsə”si kimi
mühüm əhəmiyyətə malikdir. Əcəmi memarlıq məktəbi Şərqdə
mədəniyyətin inkişafında özünün dərin
izlərini buraxmışdır.
Azərbaycan elmində XI-XII əsrlərin intibahı məsələsinə
həm hə, həm də yox cavabı verilmişdir. XII əsr Azərbaycan
intibahını qəbul edənlər məhz bu əsrdə
Azərbaycanda şəhərlərin (Naxçıvan, Gəncə,
Təbriz və s.), dövlətçiliyin (Səlcuqlar, Atabəylər,
Şirvanşahlar), ticarətin (İpək yolu) və mədəniyyətin
(memarlıq, dulusçuluq, nəqqaşlıq, zərgərlik
və s.) və ədəbiyyatın xüsusi bir inkişaf səviyyəsinə
çatdığına əsaslanırlar.
Azərbaycanda
XII əsrdə intibah hadisəsinin olduğunu qəbul etməyənlərin
də arqumentləri vardır: İlk növbədə ana dili
məsələsi. Çünki məlum olduğu kimi, XI-XII əsrlərdə
Azərbaycan ədəbiyyatının möhtəşəm
şedevrləri fars dilində
yaradılmışdır. Bu dövrdə elmi əsərlər
ərəb dilində qələmə alınaraq
yayılmışdır. Əslində,
intibah mədəniyyətinin yaranması üçün zəruri
olan inteqrasiya proseslərinin genişlənməsi
baxımından bədii əsərlərin və elmi
traktatların ərəb-fars dillərində yazılması
və yayılması da mühüm bir faktor idi. Azərbaycan
şairlərinin fars dilində əsərlər
yazması Şərq miqyasında mövcud olan ədəbi ənənədən
gəlirdi. Əgər XI-XII əsrlər Azərbaycan ədəbiyyatı
fars dilində yazılmasa idi, onda həmin epoxanın
böyük şairləri Nizami Gəncəvi, Əfzələddin
Xaqani, Məhsəti Gəncəvi indi təsəvvür
etdiyimiz səviyyədə Şərq və dünya
miqyasında yüksək mövqe qazana bilməyəcəkdi.
Buna baxmayaraq, Renessansın Azərbaycanı da əhatə edən ümümşərq hadisəsi olmasından və ya Azərbaycan hadisəsi kimi meydana çıxmasından asılı olmayaraq, XI-XII əsrlərdə türk-müsəlman dünyasında real intibah proseslərinin yaşandığı beynəlxalq elmi fikirdə mübahisəsiz qəbul edilmiş gerçəklikdir. Hər iki halda XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında konkret ədəbi mərhələ təşkil edən müstəsna bir inkişaf hadisəsinin baş verdiyini görməmək mümkün deyildir. Məqsədimiz XII əsrdə Azərbaycan intibahı ilə bağlı mübahisələri həll etmək olmadığı üçün bütün hallarda ölkəmizin ümumşərq, yaxud türk-müsəlman dünyası intibah proseslərinin içərisində olduğunu nəzərə almaqla həmin epoxada ədəbiyyatımızın intibah dövrü kimi müstəqil bir mərhələ səviyyəsində inkişaf etdiyini göstərməkdən ibarətdir. Dövrün görkəmli sənətkarlarının Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvinin və digər şairlərin özünəməxsus dərin ictimai məzmuna malik olan parlaq əsərləri və səsləndirdikləri bəşəri ideyalar XI-XII əsrlərin Azərbaycan ədəbiyyatında ayrıca bir dövr kimi qəbul edilməsinə əsas verir. Hətta biz o fikirdəyik ki, təkcə Nizami Gəncəvi kimi böyük dünya şöhrətinə malik qüdrətli sənətkarın həmin dövrdə yaşayıb-yaratması, “Xəmsə” səviyyəsində cahanşümul poemalar çələngini yaratması da bu mərhələdən Azərbaycan ədəbiyyatı tarixinin müstəqil bir dövrü kimi bəhs edilməsi üçün yetərlidir. XII əsri Azərbaycan ədəbiyyatının Nizami Gəncəvi epoxasıda adlandırmaq olar. Bu dövr ümumşərq miqyasında da Nizami Gəncəvi epoxasıdır. Nizami Gəncəvi yaradıcılığının bütövlükdə türk-müsəlman dünyası ədəbiyyatının əlçatmaz zirvəsi olduğu dünyada qəbul olunan mütləq həqiqətdir. Bura onu da əlavə etmək lazımdır ki, XII əsrdə nəinki Şərq ədəbiyyatında, Qərbdə və ya dünyanın hər hansı bir başqa ölkəsində Nizami Gəncəvi miqyasında möhtəşəm sənətkar yetişməmişdir. Məşhur “İsgəndərnamə” poemasının müəllifi Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Həqiqətən Makedoniyalı İsgəndərin qılıncı ilə fəth etdiyi ölkələri Nizami Gəncəvi ölməz əsərləri, “Xəmsə”si ilə ram etmişdir. Böyük sənətkar “Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır”. Nizami Gəncəvi nəinki öz epoxasının, özündən sonrakı dövrlərin də dünya ədəbiyyatındakı nəhəng ədəbi simalarından biridir. Nizami Gəncəvinin ölməz əsərləri sözün böyük mənasında dünya ədəbiyyatı hadisəsidir.
Beləliklə, XI-XII əsrlər Azərbaycan ədəbiyyatı türk-müsəlman dünyası intibahının mühüm və parlaq ədəbi-mədəni hadisəsidir. Bu, tarixi mərhələ Azərbaycan ədəbiyyatının “qızıl dövrü”dür. Epik poemalar, mənzum romanlar, süjetli lirika, məsnəvi formasının geniş yer tutması bu dövr Azərbaycan ədəbiyyatının simasını müəyyən edir. Bəşəri ideyalar humanizm, ədalət, bərabərlik, azadlıq, şəxsiyyətin bütövlüyü və mənəvi zənginliyi intibah dövrü Azərbaycan ədəbiyyatının özü ilə gətirib böyük ədəbiyyat səviyyəsinə qaldırdığı əsl intibahdır.
Bütün bunlara görə XI-XII əsrlər “İntibah dövrü Azərbaycan ədəbiyyatı” ədəbiyyatımızın xüsusi mərhələsidir. Bu, Azərbaycanda VII-X əsrlər ortaq ədəbiyyat dövrünün ölkə ədəbiyyatına çevrilməsi prosesinin möhtəşəm yekunu olan böyük ədəbiyyatdır.
XI-XII əsrlər Azərbaycan ədəbiyyatı təkcə İntibah dövrü Şərq-müsəlman ədəbiyyatının üzvü tərkib hissəsi deyil, həm də ümumən dünya ədəbiyyatı faktıdır.
2017
525-ci qəzet 2017.- 2 dekabr.- S.8.