"Bakı
artıq mənim ikinci evim olub"
EGE UNİVERSİTETİNİN
TÜRK DÜNYASI ARAŞDIRMALARI İNSTİTUTUNUN QURUCUSU
PROFESSOR FİKRET TÜRKMENLƏ SÖHBƏT
Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
elmi işçisi
aynure8@mail.ru
Türkiyənin tanınmış folklorşünas alimi, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun qurucusu professor Fikret Türkmen türk dünyasına önəmli xidmətlərilə seçilir.
Bu sahədəki xidmətlərinə görə, o, Bakı Dövlət Universitetinin fəxri doktoru (1992), "Manas-1000" nişanı (1995), Türkmənistanda TÜRKSOY-un "Məxdumqulu" (1996) və başqa mükafatlara layiq görülüb. Dəfələrlə Bakıda keçirilən beynəlxalq elmi konfranslarda iştirak edib.
13-15 noyabr 2017-ci il tarixində gerçəkləşdirilən Türkdilli Ölkələr Qurultayında professor Fikret Türkmenlə görüşüb söhbətləşmək imkanımız oldu.
- Hörmətli professor, əvvəlcə Azərbaycanla əlaqələrinizin tarixi haqqında bəhs etməyini-zi istərdim.
- Mənim Azərbaycana ilk səfərim 1984-cü ildə gerçəkləşdi. Həmin ildə SSRİ Elmlər Akademiyasının dəvəti ilə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstana da getdim. Amma Türkmənistana getmək üçün mənə viza vermədilər. Həmin səfərim zamanı Azərbaycanı gördüm, adlarını eşitdiyim, o vaxta qədər üzlərini görmədiyim alimlərlə - Abbas Zamanov, Məmmədağa Şirəliyev, Ziya Bünyadov və başqaları ilə tanış oldum. Məni yüksək səviyyədə qarşıladılar və onlarla çox qürur duydum. Akademiyada konfransda iştirak edən zaman azərbaycanlılar Türkiyə türkçəsinin dinləməyinin həyəcanını, sevincini yaşayırdılar. 1988-ci ilin iyul ayında Əlyazmalar İnstitutunda keçirilən Beynəlxalq "Dədə Qorqud" Kollekviumunda Türkiyədən 10 alim iştirak edirdi. Bizim qrupda Orhan Şaik Gökyay, Ahmet Bican Ercilasun və başqaları da vardı. Konfrans çox uğurla keçdi. Ondan sonra gediş-gəliş artdı. 1990-cı ilin may ayında da Bakıdaydım, Azadlıq meydanında tanklar, əsgərlər vardı. O zaman "Bakıda bir başqa sabah" adlı şeir də yazdım: "Bakı səssiz və yorğun, Səsində doğum sancısı..." Azərbaycanın müstəqilliyini bu şeirimdə diqqətə çatdırdım. Folklorşünaslardan biri şeiri redaktə üçün götürdü, sonra şeir itdi. 26 il sonra şeir əlimə keçdi. Şeiri yazılma səbəblərilə birgə Türkiyədə dərc etdirdim.
Sonralar Türkiyə prezidentləri Süleyman Dəmirəl və Abdulla Güllə birgə də Bakıda oldum. Hiss etdim ki, Bakı artıq mənim ikinci evim olub. TÜBİTAK tərəfindən maliyyələşən "Azərbaycandakı köhnə məzar daşlarında türk kültürü, sənəti, tarixi və folkloru baxımından araşdırılması" adlı bir layihəyə (2006-2009) başladım. Sonra əlaqələrimiz daha da inkişaf etdi. Azərbaycanda ən çox şəhərlərin tarixi ilə maraqlanardım. Çox təəssüflər olsun ki, Gəncədə ola bilməmişəm. Bizim layihəmiz qəbul olunanda Azərbaycanın məzar daşlarında sənət, folklorla bağlı araşdırmalar apardım və "Azərbaycan məzar daşlarında at", "Azərbaycan məzar daşlarında su", "Azərbaycan məzar daşlarında qoyun" və s. məqalələrimi Türkiyədə dərc etdirdim. Gələcəkdə Azərbaycanla bağlı məqalələrimi toplayıb kitab kimi nəşr etdirməyi planlaşdırıram.
"Yeni Azərbaycan" qəzetinin 2013-cü il 3 may sayında "Heydər Əliyev və Türkiyə-Azərbaycan əlaqələri" adlı məqaləm çap olunub. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə "Yeni Azərbaycan" qəzetinin təşkil etdiyi məqalə müsabiqəsində əcnəbilər içərisində mənim bu məqaləm birinci yerə layiq görüldü.
- Eşitdiyimə görə, o müsabiqədən qazandığınız pul mükafatını Qarabağdan didərgin düşmüş məcburi köçkünlərə bəxşiş eləmisiniz.
- Əslində, mən etdiyim xeyirxahlığı dilə gətirib deməyi sevən adam deyiləm. Üstəlik, Azərbaycan mənim üçün doğma bir ölkədir. Hər dəfə Azərbaycana gələndə yeni bir özəllik kəşf edirəm. Bir özəllik budur ki, azərbaycanlılar səmimi insanlardırlar. Fəqət, bəzən Sovet sisteminin bəzi vərdişlərinə də rast gəlirəm. Bunun üçün daha bir neçə nəsil keçməlidir.
- Azərbaycanda gənc nəslin gələcəyini
nə cür görürsünüz?
- Azərbaycanda inkişaf mükəmməldir. Orada gənc nəsil daha idealistdir, vətənə, millətə daha bağlı, fədakardır. Amma tək Azərbaycanda deyil, dünya gənc nəslində adət-ənənələrdən uzaqlaşma da görürəm. Son illərdə isə ruslara meyllilik hiss edirəm. Ruslara yaxınlaşanda milli kökdən uzaqlaşma təhlükəsi də artır. Bizim tarixi qəhrəmanlarımız var. Biz onların yoluna, öz köklərimizə bağlı olmalıyıq. Bunun üçün "Türk dünyası dastanlarının təsbiti, Türkiyə türkçəsinə çevrilməsi və nəşr olunması" adlı layihəsinə (1997-2008) başladım və artıq 65 cild oldu.
- Ortaq
türk dili məsələsi
haqqında uzun illərdir ki,
danışılır. Siz bunun həllini necə görürsünüz?
- Ən birinci addım türk dünyasını bir ləhcədə birləşdirmək ola bilər. Ancaq hazırda bu çətin məsələdir. Qazaxla qırğız, uyğurla türkmən, özbəklə Türkiyə türkcəsini birləşdirmək üçün yazıçı və sənətkarların fəaliyyətinə ehtiyac var. Bunu kinolar, cizgi filmləri ilə dəstəkləməliyik. Dastan layihəsi üzərində işləyən zaman mənim ən birinci məqsədim bu idi.
Türk ləhcələrini,
hətta fərqli anlamlı sözləri də
yaxınlaşdırmaq lazımdır. Ortaq
dil yaradacağıqsa, ortaq
yazı dilindən başlamalıyıq, ortaq
ünsiyyət dilinə daha sonra keçməliyik. Bu
işlər paralel etməliyik. Bunu etmək üçün
ən azından müstəqil türk
dövlətlərinin ortaq olması
lazımdır. Fərqlilik olarsa, o zaman bu
iş gecikər. Tez-gec
bunlar düzələcək, irəliləyişlər
var. 1984-cü ildə Azərbaycana gəldiyim
zaman balaca uşaqlar mənə "bəli" deyirdilər,
indi Türkiyə türkcəsində mənə
"evet" deyə cavab
verirlər. Uşaqlara nəyi verirsənsə,
onu da alırsan. Buna görə də
uşaqlarımızı türk ruhunda böyütmək üçün
ideal insan tipini öz qəhrəmanlarımızdan
seçməliyik.
525-ci qəzet 2017.- 5 dekabr.- S.5.