"Qara
qan - trilogiya"nın təqdimatı
olub
Dekabrın 5-də Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubunda yazıçı-publisist
Fazil Güneyin "Qara qan - trilogiya"
kitabı təqdim edilib.
Tədbiri giriş sözü
ilə Azərbaycan Yazıçılar Birliyinin
katibi Rəşad Məcid açıb, F.Güneyi istedadlı qələm sahiblərindən
biri kimi dəyərləndirib: "Biz vaxtilə
"525-ci qəzet"də indi təqdim olunan romandan parçalar dərc etmişik. Bu nəşrin
Azərbaycan oxucuları
üçün qiymətli
bir kitaba çevriləcəyinə inanıram
və müəllifi təbrik edirəm".
Sonra tədbirin
aparıcılığı şair Çingiz Əlioğluna həvalə
edilib. O, F.Güneyin həyat və yaradıcılığı haqqında
danışıb, müəllif
və yeni kitab haqqında fikirlərini dilə gətirib.
Türk Xalqları Beynəlxalq Assambleyasının prezidenti
Yəhya Yusif Canıyar ermənilərin
Azərbaycan torpaqlarında
törətdikləri vəhşiliklər,
hərbi və siaysi gerçəkliklərdən
bəhs edən "Qara qan - trilogiya"
kitabında onun haqqında da epizodların olduğunu bildirib. "Bu kitab böyük həqiqətləri,
Azərbaycan xalqının
başına gətirilmiş
oyunların sirlərini
özündə əks
etdirir. Əsər təbii və
gözəl alınıb".
Yəhya Yusif Canıyar rəhbərlik etdiyi təşkilatın İdarə
Heyətinin qərarı
ilə Fazil Güneyin Beynəlxalq Qızıl Medala layiq görüldüyünü
tədbir iştirakçılarının
diqqətinə çatdırıb. Mükafat laureata
təqdim olunub.
Beynəlxalq Avrasiya Mətbuat
Fondunun rəhbəri Umud Rəhimoğlu "Qara qan - trilogiya"nı Füzuli rayonunda, Cocuq Mərcanlıda məktəblərə
təqdim etdiklərini
deyib: "Bu kitab hər kəsin diqqətində olmalı,
geniş təbliğ
edilməlidir".
F.Güneyi yeni kitabı münasibətilə təbrik
edən AYB-nin müşaviri, yazıçı
Elçin Hüseynbəyli
roman haqqında müsbət
fikirlərini tədbir
iştirakçıları ilə bölüşdükdən
sonra müəllifə
Birlik adından Fəxri Fərman təqdim edib.
Qeyd edək ki bundan öncə "Qara qan"ın birinci və ikinci hissəsi işıq üzü görmüşdü. Bu kitabda isə hər üç hissə yer alıb.
ŞAHANƏ
525-ci qəzet.-2017.-6 dekabr.-S.7.