Səmimi insan, gerçək
ziyalı
(Əməkdar
jurnalist Bəbir Hüseynovun 85 yaşına)
Yurd yeri - dədə-babalarımızın uyuduğu and
yerimiz.
Yurd yeri - qoynunda göz açdığımız,
şirin uşaqlıq xatirələrinin yadigarı olan Vətən.
Yurd yeri - 24 il həsrətində
olduğumuz, inləyən torpaq.
Hər kəsin doğulduğu, boya-başa
çatdığı yer çox əzizdir. O yerə əlimiz
çatmadıqda isə ora daha əziz olur. Çünki
biz insanlar itirdiklərimizin dəyərini ən çox
sonradan bilirik. Mənə belə gəlir
ki, bu yazı yurd yerinin həsrətini çəkən
insanlar üçün, xüsusilə Novruzlular
üçün gərəkli olacaq.
Ağdamın ən böyük, adlı-sanlı kəndlərindən
biri Novruzlu kəndi olub. Kənddə çoxlu abidələr, yeraltı kəhrizlər,
Ağdamın heç bir yerində olmayan üstü dəmirli
3 mərtəbəli binalar, adlı-sanlı Hacı, Kərbəlayi,
məşədi rütbəli insanlar, müəllimlər, həkimlər,
digər peşə sahibləri, Sovet dövründə
ordenli-medallı əmək adamları,
üzümçülükdə, baramaçılıqda ad
qazananlar var idi. Novruzlu kəndi qədim
Qarabağın Cavanşir elinin tərkibində olub.
Hələ 1913-cü ildə Çar Rusiyasında
çap olunan coğrafi atlasda Ağdamda iki sənaye müəssisəsi
olduğu qeyd edilirdi. Onlardan biri Novruzlu Şərab Zavodu idi.
Bu da təsadüfi deyildi. Novruzluda
böyük üzüm bağları vardı. Dillər əzbəri olan ucaboylu üzüm
bağları kəndə yaraşıq verirdi.
Bağlarda 16 növ müxtəlif adda üzüm
yetişdirilirdi: Qızıl üzüm, Hazarı,
Quşürəyi, Keçiməməsi, Xan üzümü,
Mərəndi, Şaq-şaq, Yaylıq üzüm,
Tülküquyruğu, İrşibaba, Gəlinbarmağı və
s. 1973-cü ildə İtaliyada şərabçılıq
üzrə keçirilən sərgidə Novruzlunun
üzüm bağlarının məhsulundan hazırlanan
"Novruzlu" şirin çaxırı Qızıl medala
layiq görülmüşdü.
Novruzlu kəndinin
yetirmələri olan Salman və Səlim Həsənov
qardaşları, Mirzə Çıraq 1905-1910-cu illərdə
Peterburqda ali təhsil almışdılar.
Belə rəvayət edirlər ki, 1915-1918-ci illərdə
Azərbaycana gələn Nuru Paşa Novruzlu Əsədulla bəylə
görüşür. O, öz atının qızıl yəhərini ermənilərə
qan udduran Əsədulla bəyin atının belinə qoyur,
öz yapıncısını bəyin çiyninə
salır, əlindəki mauzeri ona bağışlayır.
Bunları
sadalamaqda məqsədim odur ki, bu gün böyük kişi - böyük ziyalı kimi tanınan Bəbir
müəllim - Bəbir Qüdrət oğlu Hüseynov belə
bir adlı-sanlı kənddə böyüyüb boya-başa
çatıb.
Hörmətli gənclər, getməsəniz də,
görməsəniz də, o kənd bizim kəndimizdir. Bacardığınız
qədər o yerləri xatırlayın, yadda saxlayın,
böyüklərinizdən soruşun, öyrənin,
dünyasını dəyişənlərə rəhmət
oxuyun.
lll
Mən Bəbir müəllimdən 3 yaş böyüyəm,
onun uşaqlıq illəri gözümün
qarşısında keçib. Bəbir müəllimin
uşaqlıq dövrü Böyük Vətən Müharibəsi illərinə
düşürdü. Onun uşaqlıq illəri
indiki kimi firavan dövrə təsadüf eləmədi.
Atası
Qüdrət kişi Sovet hakimiyyətinin
ilk illərindən kənddə, sovetlikdə, rayonda
tanınan ziyalılardan biri idi. Dövlətə, dövlətçiliyə
sadiq kişi, əməli, əqidəsi
düz insan idi. Qüdrət kişi otən
əsrin 30-50-ci illərində ardıcıl olaraq rayonun
Güllücə, Suma, Tağıbəyli, Novruzlu,
İsmayılbəyli kəndlərində kolxoz sədri, kənd
sovetinin sədri vəzifələrində işlədi. O illər
qaçaq-quldurlarla mübarizə apararkən də
insafı-mürvəti əldən verməz, yeri gələndə
gördüyünü görməməzliyə vurardı. Bir dəfə Güllücədə hökumət
onu qaçaqları tutmağa məcbur edir. Qüdrət
kişi meşədə birbaşa
qaçaqların üstünə gedib çıxır.
Qaçaqlardan biri onu vurmaq istəyəndə, qaçaq yoldaşları buna imkan
yermir, Qüdət kişinin ədalətli insan olduğunu nəzərə
alırlar.
Qüdrət
kişi uzun müddət öz kəndimizdə
kolxoz sədri vəzifəsində işlədi.
Yadımdadır, 1948-ci ildə toxumluq barama planını
artıqlaması ilə yerinə yetirdiyinə görə
kolxozumuz Aərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər
Sovetinin keçici Qırmızı bayrağına layiq
görülmüş, bir neçə nəfər
kolxozçu ilə bərabər Qüdrət kişi də
orden-medalla təltif olunmuşdu.
Bəbir müəllimin anası Sürəyya xanım
xanım-xatın, zoddu qadın idi. Mehriban,
üzügülər, qonum-qonşuya, camaata istiqanlı,
mehriban, həm də zarafatcıl idi. O zaman kolxozda
işləyən gənc bir qadın anbardan bölgü
üzrə verilən taxılı almağa gedir. Ambardar taxılı vermir, deyir ki, sədr sənin
adının qabağına işarə qoyub. Qadın sədrin evinə şikayətə gəlir,
sədrin arvadı onu qarşılayır, vəziyyəti
öyrənir. Bu vaxt sədr, partkom nahar
üçün sədrin evinə gəlirlər. Sədr
atdan düşməmiş Sürəyya xanım
düşür kişinin üstünə:
- Əşi ey, o
qadının qabağına niyə quş qoymusan?
Hamı gülüşür.
...Bəbir
müəllimin böyük qardaşı Qədir müharibəyə
getdi, qayıtmadı. Allah rəhmət eləsin.
O biri qardaşı Murad müəllim uzun müddət mənimlə
bir yerdə işlədi, kimya-biologiya müəllimi idi, həm
də çox pinikar idi. Kənddə
radio-televizor ustası kimi tanınırdı. O da
dünyasını dəyişib. Allah rəhmət
eləsin.
Zərifə adlı gənc bacısı da dünyadan
vaxtsız köçdü.
Bir qardaşı Hüseyn müəllim isə
hazırda Ağdam musiqi məktəblərinin birində
işləyir.
lll
Bəbir müəllim ilk təhsilini kəndimizdəki
orta məktəbdə alıb. Əlaçı idi,
şəkli həmişə şərəf lövhəsində
olurdu.
Bağlar
arasında cığırla, izlə,
Məktəbə getdiyin illər olaydı.
Sıxıla-sıxıla
bir qaragözlə,
O söhbət
etdiyin günlər olaydı.
VII sinfi bitirəndən sonra, o, Ağdam Pedaqoji
Texnikumunda təhsilini davam etdirdi. Texnikumda oxuyarkən dərsdən
sonra kolxozda işləyirdi. Başaq
briqadiri idi, taxıl biçiləndən sonra tək-tək
yerdə qalan sünbülləri yığdırırdı.
Orta pedaqoji təhsilini bitirəndən sonra bir
müddət Mərzili 7 illik məktəbində sinif müəllimi
işlədi. Yaşına görə həmin
illərdə ordu sıralarına cəlb olundu. 3 illik ordu xidmətini şərəflə başa
vurdu. O illərdə belə qayda var idi, orduda nümunəvi
xidmət keçənləri partiya sıralarına qəbul
edirdilər. Bəbir müəllim də ordudan
kommunist kimi qayıtdı. Ordu
sırasından qayıdandan sonra o, yüksək qiymətlərlə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə
qiyabi daxil oldu və bir müddət öz kəndimizdəki
orta məktəbdə ixtisası üzrə tarix müəllimi,
habelə məktəb ilk partiya təşkilatının
katibi işlədi.
Bəbir müəllimin geniş pedaqoji fəaliyyəti
Ağdam şəhər 8 saylı məktəblə
bağlıdır. O, 8 saylı məktəbdə təcrübə
qazandı, özünü savadlı bir müəllim kimi təsdiqlətdi.
Ona görə də onu irəli çəkərək
partiya işinə cəlb etdilər. O, əvvəlcə
Rayon Partiya Komitəsində təlimatçı, sonra isə
təbliğat-təşviqat şöbəsinin müdiri
işlədi. Bəbir müəllim 1971-1998-ci illərdə
"Lenin yolu" (Ağdam) qəzetinin redaktoru oldu. SSRİ dağılana qədər Rayon Partiya Komitəsinin
üzvü, Rayon Sovetinin deputatı idi.
Bəbir müəllim Qarabağ müharibəsində hər
gün döyüş yerlərində olurdu. O, əsgərlərin
silah-sursatla təmin edilməsində fəal iştirak edirdi. Hətta o, ehtiyacı nəzərə alaraq, kömək
məqsədilə idarənin "Qaz-69" markalı
maşınını N saylı hərbi hissəyə
vermişdi.
"Lenin
yolu" qəzetinin 60 illiyi yubileyi Bakı şəhərində
keçirilərkən, Azərbaycan KP MK-nın birinci katibi
Kamran Bağırov qəzetin forma və məzmunundan razı
qalaraq, Bəbir müəllimi digər rayonların jurnalistlərinə
nümunə göstərmişdi.
Bəbir müəllim bu gün Bakı şəhəri
Nərimanov rayon Ağsaqqallar Şurasının, habelə
"Zəhmətkeşlərin maarifləndirilməsində
mütəxəssislərin dəstəyi" ictimai təşkilatının
üzvüdür.
Bəbir müəllim yaxşı ailə
başçısıdır. Həyat yoldaşı
Şükufə xanım uzun müddət Ağdam Doğum
evinin baş həkimi olub. Hazırda
Bakı şəhərində fəaliyyətini davam etdirir.
Bəbir
müəllim ali təhsilli iş adamı, oğlu Vaqiflə,
dövlət qulluğunda xidmət edən nəvələri ilə fəxr
edir, onlarla nəfəs alır.
Bəbir
müəllimin fəaliyyəti, həyat yolu barədə
indiyədək respublikanın ayrı-ayrı mətbuat
orqanlarında, o cümlədən, "Azərbaycan",
"Respublika", "Xalq qəzeti", “Qarabağ",
"525-ci qəzet", "Ağdam", "Azərtayms",
"Yaddaş", "Açıq söz" və digər
qəzetlərdə saysız-hesabsız yazılar dərc
olunub, müxtəlif qələm adamları onun haqqında
xoş, isti söz deyiblər.
Bəbir müəllimin əməyi dövlət tərəfindən
yüksək qiymətləndirilib. Mətbuatda uzun illər səmərəli
fəaliyyətinə görə Azərbaycan
Respublikasının Əməkdar jurnalisti adına layiq
görülüb,
"Qızıl Qələm" və "Xalqın
nüfuzlu ziyalısı" mükafatları
laureatıdır.
Fəxr
edirəm ki, o, Əməkdar jurnalist adına
layiq görüləndə dostlarından, müxtəlif
peşə sahiblərindən düz 134 nəfər onu təbrik
etmişdi. Mən özüm təbrik məktubumda belə
yazmışdım: "Fəxri adınız mübarək. Qələminiz iti, sözünüz kəsərli
olsun!"
Dostları
və yaxınları Bəbir müəllim haqqında
Sadıq
Murtuzayev, filologiya üzrə fəlsəfə doktoru: "Bəbir
müəllim ləyaqətli davranışları, təvazöklarlığı,
təmizliyi, mədəniyyəti, təmkini, heç bir
dedi-qoduya məhəl qoymaması, prinsipial mövqeyi ilə
heç bir irada tuş gəlməyən çox nadir
adamlardan biridir".
Cahangir Məmmədli, BDU-nun professoru:
"Bəbir müəllimin insani keyfiyyətləri ailədən
gəlir, peşəkarlığı savaddan, doğulub
boya-başa çatdığı Novruzlu kəndindəki məktəbin
müdrik pedaqoqlarından gəlir".
Rəhim
Hüseynzadə, Əməkdar jurnalist: "Qarabağsız,
Ağdamsız Bəbir müəllim yoxdur".
Rəşad
Məcid, "525-ci qəzet"in baş redaktoru: "Bəbir
müəllim çox maraqlı həmsöhbət, zəngin
yaddaşa, geniş informasiyaya malik bir insandır".
Çimnaz
Əliyeva, Əməkdar mədəniyyət işçisi,
keçmiş millət vəkili: "Bəbir müəllim
bir pedaqoq, Əməkdar jurnalist kimi bu gün də nuru ilə
bir obanı işıqlandıran, ziyası ilə yeni nəslə
nümunə sayılan, seçilən ağsaqqaldır".
Həmzə
Əliyev, keçmiş millət vəkili: "Bəbir
müəllim yaxşı dost, işıqlı ziyalı
olmaqla yanaşı, həm də gözəl ailə
başçısıdır".
Ziyəddin
Sultanov, Əməkdar jurnalist: "Uzun illər ərzində
Bəbir müəllimi səliqə-səhmanlı,
geyim-keçimi yerində, formada,
danışığının, hərəkətlərinin,
davranışının sərhəddini bilən,
özünü təmkin və layaqətlə aparan əsl
ziyalı kimi görmüşəm".
İsax
Alməmmədov, Milli Məclis Aparatının əməkdaşı:
"Bəbir müəllimin həyat yolu çoxlarına
nümunə ola bilər. Onun əməli
özüdür, var dövləti gülümsər, təbəssümlü
üzüdür, sabahı arzularla dolu gözüdür, can
yanğısı jurnalist sözüdür, həyatı
ürəklərdə saldığı izidir".
Əli
Mahmud, şair: "Bəbir müəllim səmimi, həyatın
gediş-gəlişini düşünən, dediyi
sözün yerini-yurdunu bilən insandır".
Arif
Əzizbəyli, şair: "Bəbir müəllim bu gün
də yaradıcılığının qaynar
dövrünü yaşayır, gənclik hərarəti ilə
yazıb-yaradır".
Oqtay Zəngilanlı,
şair-publisist: "Bəbir müəllim gözəl insan,
ləyaqətli ziyalı, vətənpərvər
jurnalistdir".
Qəhrəman
Canbazov, məktəb direktoru: "Bəbir müəllimin
oturuşu-duruşu, davranışı, gözəl
danışığı, səlis nitqi, zəngin dünya
görüşü məni valeh edir. O, çox müdrik
ziyalıdır".
Teymur Kərimov:
"Bəbir müəllim vətənpərvər
ağdamlıdır, azərbaycanlıdır. Onunla
fəxr edirəm".
Məmməd
Məmmədov, həkim-stomatoloq: "Bəbir müəllim
sinəsində doğma Azərbaycanı, ana yurdu
Qarabağı, el-obasını gəzdirən
işıqlı ziyalıdır".
Fəxrəddin
Sofulu, şair: "Bəbir müəllim gözlərimin
nuri-didəsidir, ürəyimdir. Nurlu
çöhrəndən, qara gözlərindən xəyalən
öpürəm".
İbiş
Əliyev, auditor: "Bəbir müəllim dostumuzdur, gözəl
ziyalıdır, hamımızın sevimlisidir".
Ramil
Hüseynov, polkovnik-leytenant: "Bəbir müəllim
Ağdamın təmkinli, sanballı, nüfuzlu kişilərindəndir.
Mən onunla görüşəndə
özümü Qarabağda, Ağdamda, doğma Novruzlu kəndimizdə
hesab edirəm".
Elnarə Bəbirqızı: "Həmişə atamla fəxr etmişəm. Əziz atam, sənin həmişə məğrur, vüqarlı, sağlam olmağını arzu edirəm. Qələmin heç vaxt kəsərdən düşməsin. Səni sevirik".
lll
Hörmətli Bəbir müəllim, belə bir rəvayət var, deyir, Bərdə hökmdarı Nüşabənin ad günü imiş. Qəflətən sərkədəsi gəlib hökmdara xəbər verir ki, düşmən hücuma keçib. Hökmdar silahlanıb çölə çıxanda köks ötürür. Sərkərdə elə hesab edir ki, hökmdar xəbərdən qorxdu. Hökmdar sərkərdənin baxışını hiss edir və deyir:
- Eh, ay sərkərdə, yaş üstünə yaş gəlir.
Bəbir müəllim, sən bu gün üzünün nuru ilə könülləri işıqlandırırsan. Az vaxtda xalqın məhəbbətini qazanmısan. Sən həyat yolunun yüksəlişini yaşayırsan. Üzünü gəncliyə tut, səsin gələcəkdən gəlsin.
Bahar təravətli ömrünə arzum:
Külək olub, əs, demirəm,
Şimşək olub, çax, demirəm,
O qədər də çox demirəm,
Yüzü gülər üzlə yaşa.
Bəli, dekabrın 26-da Bəbir müəllimin 85 yaşı tamam olur və yaşının üstünə yaş gəlir. Bəbir müəllim, Sizə can sağlığı, sağlam ömür arzulayıram.
Tez-tez məclislərdə görüşdüyümüz, bir yerdə çörək kəsdiyimiz mehriban yol yoldaşlarımız - Sadıq Murtuzayev, Rafiq Əliyev, Aptek Hacı, Ramiz Məmmədzadə, Əmlak Nizami, Rafiq Rüstəmov, Qılınc Qəhrəman, Yusif Səmədov və öz adımdan səni təbrik edirəm. Nə zaman darıxsan, əlini ürəyinin üstünə qoy, biz hamımız ordayıq.
Ağdamda görüşmək arzusu ilə,
Səlim
ƏZİMOV
Əməkdar
müəllim
525-ci qəzet.-2017.-6 dekabr.-S.8.