“Bakıdan türk
dünyasına” layihəsi uğurla
gerçəkləşib
Dekabrın 1-dən 5-dək Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Gənclər Fondunun dəstəyi ilə “Bakıdan türk dünyasına” adlı layihəsi həyata keçirilib.
Layihə çərçivəsində türkdilli ölkələrdən
paytaxtımıza təşrif
buyuran yazar və jurnalistlər, eləcə də Azərbaycanın bir sıra tanınmış
yeni nəsil yazarı, alim və araşdırmaçıları
tədbirlərə, konfranslara,
rəsmilərlə görüşlərə
qatılıblar. Layihədə, həmçinin, Bakıda işıq üzü görmüş
“Yeni qazax şeiri antologiyası” da təqdim edilib.
Layihə çərçivəsində keçirilən tədbirlərə
rəsmi şəxslər,
millət vəkilləri,
şair və yazıçılar, QHT başçıları
və media nüməyəndələri
qatılıblar.
Layihə üzrə ilk görüş
dekabrın 2-də Mətbuat
Şurasında (MŞ) baş
tutub. MŞ sədri
Əflatun Amaşov qonaqları salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə
məlumat verib.
O bildirib ki, Şura
indiyədək türk
dünyasının media qurumlarının,
eləcə də ayrı-ayrı jurnalistlərin,
yaradıcı adamların
bir-birilə sıx təmaslar qurması üçün çoxsaylı
tədbirlər reallaşdırıb.
Bu və digər
təşkilatların xətti
ilə gerçəkləşdirilmiş
təşəbbüslər də səmərəli nəticələr verib.
Artıq
türk dünyasının
sənət adamları
arasında möhkəm
əməkdaşlıq var. Bu isə ortaq dəyərlərimizin təkcə
yaşadığımız arealda yayılması deyil, eləcə də bütövlükdə
dünyaya türk mədəni varlığının
çatdırılması baxımından son dərəcə
önəmlidir.
Ə.Amaşov həmçinin nümayəndə
heyətinin rəhbəri
Tatarıstan Yazıçılar
Birliyinin rəhbəri,
Əməkdar mədəniyyət
işçisi, tanınmış
yazıçı-dramaturq Danil
Salihə xatirə hədiyyəsini təqdim
edib.
Layihənin rəhbəri, DGTYB-nin Məsləhət Şurasının
sədri, şair Əkbər Qoşalı qonaqları təqdim edərək onların səfərinin məqsəd
və məramını
açıqlayıb.
Bildirib ki, rəhbərlik etdiyi təşkilatın reallaşdırdığı
layihə türk dünyasında ədəbi-mədəni
əlaqələrin inkişafını
hədəf seçib. O, qonaqların
rəsmi şəxslərlə,
millət vəkilləri
ilə, şair və yazıçılarla,
QHT və KİV rəhbərləri
ilə görüşlərinin
nəzərdə tutulduğunu
bildirib, ilk görüşün
Azərbaycan Mətbuat
Şurasından başlanmasının
mühüm əhəmiyyət
daşıdığını vurğulayıb. O, 1926-cı ildə
I Türkoloji Qurultayın
da Bakıda keçirildiyini vurğulayaraq
türk gənc ədəbi qüvvələrini
birliyə çağırıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar
İttifaqının sədri
Müşfiq Ələsgərli,
Şuranın İdarə
Heyətinin üzvləri
- “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanlıların
və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
rəhbəri İlham
İsmayıl, həmçinin
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Türküstan”
qəzetinin baş redaktoru Aqil Camal və başqaları
çıxışlarında bildiriblər ki, türk dünya xalqlarının bir-birinə
daha sıx şəkildə konsolidasiyası
günün qlobal tələbidir. Prosesdə isə siyasətçilərdən
də çox sənət və yaradıcılıq adamlarının
böyük rolu var. Onlar bu baxımdan
səfərin əhəmiyyətli
tərəfləri ilə
bağlı fikirlərini
ifadə ediblər.
“Bakıdan türk
dünyasına” layihəsinin
açılış mərasimi
eyni gün Atatürk Mərkəzində
keçirilib.
Tədbirdə mərkəzin direktoru, Əməkdar elm xadimi, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov layihənin əhəmiyyətindən
söz açıb. Bildirib ki,
ədəbiyyat xadimlərinin
dostluq və qardaşlığı xalqlar
arasında anlaşmanın,
dinc yanaşı yaşamanın, birliyin möhkəmlənməsinə töhfələr verir.
Milli Məclisin
deputatı Sona Əliyeva türkdilli yaradıcı gənclərin
birlikdə olmasını
alqışlayıb, onlara
uğurlar arzulayıb. Buraya toplaşan
gənclərin nəinki
öz ədəbiyyatını,
yaradıcılıqlarını, ümumən türk xalqlarının ədəbiyyatının
inkişafı üçün
çalışacaqlarını, türklərin soykökünə
xas müsbət keyfiyyətləri öz əsərlərində əks
etdirəcəklərini, gələcək
nəsillərə ötürəcəklərinə
inandığını vurğulayıb.
Tədbirlərdə Qarabağ müharibəsində
erməni faşistlərin
xalqımızın başına
gətirdiyi bəlalardan
da söz açılıb.
Danil Salih Sona Əliyeva və Əkbər Qoşalıya Tatarıstandan
gətirdiyi hədiyyələri
təqdim edib.
Qazaxıstanın Əməkdar mədəniyyət
işçisi Almas Ahmetbekoğlu (Sakbayev) qeyd edib ki,
türkçülük çətin
tarixi sınaqlardan keçib bu günümüzə qədər
gəlib çıxıb. Bundan sonra
onu qorumaq və gələcək nəsillərə ötürmək
öhdəliyi gənclərin
üzərinə düşür.
Fərid Əlizadə, Pərvanə
Məmmədli, Almaz Ülvi və digər qonaqlar da birgə tədbirlərin
keçirilməsini yüksək
qiymətləndiriblər.
Dekabrın 3-də Sumqayıt Poeziya
Evində layihə çərçivəsində “Yeni qazax şeiri
antologiyası”nın imza
və kitabxanalara bağışlanması mərasimi
keçirilib,“Türk dünyasında ədəbiyyat…
Ədəbiyyatda türk dünyası…”
mövzusunda türk ölkə və topluluqlarından gəlmiş
yazarların məruzə
və çıxışları
dinlənilib.
57 gənc qazax şairinin şeirlərindən
ibarət “Yeni qazax şeiri antologiyası”nın təqdimatı isə “Kaspi” qəzetinin təşkilatçılığı ilə dekabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində olub. Qəzetin təsisçisi, yazıçı
və alim Sona Vəliyeva bu cür layihələrin
Türk dünyasının
inkişafında, mədəniyyətlərarası
əlaqələrin möhkəmləndirilməsindəki
rolundan söz açıb, DGTYB-nin keçirdiyi layihələri
yüksək qiymətləndirib.
Qeyd edək ki, S.Vəliyeva
antologiyaya “Xəzərin
o tayında vuran isti ürəklər” adlı təqdimat yazıb.
Həmin
gün qonaqlar AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda akdemik İsa Həbibəyli ilə görüşüb,
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
“Türk dünyası
şeir axşamı”na
qatılıblar. Burada qardaş
xalqların nümayəndələri
öz şeirlərini
oxuyublar.
Milli Məclisin
deputatı Qənirə
Paşayeva türk əsilli bütün ziyalıların türk dünyasının müxtəlif
bölgələrində yaşadığımız
ağrı-acılara xüsusi
həssaslıq göstərmələrinin
vacibliyindən danışıb.
Dünən isə qonaqlar Milli Məclisdə olub, deputat Cavanşir
Feyziyevlə fikir mübadiləsinə qatılıblar. Layihə son dəyərləndirmə
toplantısı ilə
yekunlaşıb. Görüşlərdə
İ.Həbibbəyli, S.Vəliyeva,
Ə.Qoşalı, S.Əliyeva,
Q.Paşayeva və antologiyanın tərcüməçilərinə
Qazaxıstan Mədəniyyət
və İdman Nazirliyinin təşəkkürnaməsi
və müxtəlif hədiyyələr təqdim
olunub.
Qazaxıstan Dövlət Elmi
Kitabxanasının direktor
müavini Dauletkerey Kapoğlu, Ə.Yasəvi adına Türk-Qazax Universitetinin əməkdaşı,
şair-tərcüməçi Gülnaz Faizulla, “Yeni qazax şeiri
antologiyası”nın tərtibçiləri
Tanagöz Tolkınqızı,
Dauren Berikkajıoğlu
və Qazaxıstanın
müxtəlif ədəbi
ödülləri ilə
təltif olunmuş daha 13 şair-publisisti, habelə Saxa (Yakutiya) Yazıçılar
Birliyi Gənc Şairlər Bölümünün
başçısı, şair-tərcüməçi
Qavril Andros, yenə Saxa (Yakutiya) Respublikasından Rüstəm
Kazhenkin, Türkiyədəki
“DünyaDER” ədəbi
qurumunun təmsilçisi,
gənc şair Özgür Bacaksız, Qırğız Respublikasının
gənc şairi Bekbolat Sarıbay, Təbriz gənc şairlərinin nümayəndəsi
Ümid Nəccari və başqaları çıxışlarında ortaq
türk mədəni-mənəvi
yaxınlığının müxtəlif aspektlərindən
söz açaraq qarşılıqlı səfərlərin
birgə əməkdaşlığın
daha da güclənməsinə
əhəmiyyətli təsir
göstərəcəyini vurğulayıblar.
Qonaqlardan bəziləri Bakı təəssüratları və
layihə haqqında düşüncələrini qəzetimizlə
bölüşüblər.
“Yeni qazax şeiri antologiyası”nın tərtibçilərindən Tanagöz Tolkınqızı antologiyanın yaranma ideyasından söz açıb. O deyib ki, türkdilli ölkələr arasında Azərbaycanla əməkdaşlıq etmək xüsusilə xoşdur: “Bu antologiyanın daha bir təqdimatını gələn ilin mart ayında Astanada keçirməyi düşünürük. Gələcəkdə belə bir layihənin Qazaxıstanda da keçirilməsini, Azərbaycan poeziyası antologiyasının orada çap edilməsini istərdim”.
Qazaxıstanlı yazar və jurnalist Sağınış Namazşamova deyib ki, Bakıda işıq üzü görmüş Qazax şeir antologiyası xalqlarımız və ədəbiyyatlarımız arasındakı əlaqəni daha da genişləndirəcək: “Gələcəkdə Azərbaycan dilini öyrənməyi düşünürəm. Çünki buraya gəldiyim iki gün ərzində az da olsa bu dili başa düşdüyümü gördüm. İndiyə qədər biz digər türkdilli xalqların ədəbiyyatlarını rus dili vasitəsilə oxuyurduq. Bundan sonra isə bu dilləri öyrənərək həmin əsərləri orijinaldan oxumaq istəyirəm”.
G.Faizulla antologiyanı türk xalqları arasında körpü adlandırıb, mədəni əlaqələrin bu cür layihələrlə inkişafının onu çox sevindirdiyini deyib: “Azərbaycanlı qardaşlarımın öz milli kimliyinə, soyuna bağlılığı məni çox sevindirdi”.
Ö.Bacaksız burada özünü yad hiss etmədiyini, Türkiyənin hansısa bir yerindəymiş kimirahat olduğunu deyib: “Dil, mədəniyyət gələcək nəsillərə ədəbiyyatla, şeirlə ötürülür. Bunun üçün Ankarada Azərbaycan şeiri antologiyasının, bu gün isə Bakıda Qazax şeiri antologiyasının təqdimatına qatılmağım mənim üçün çox böyük önəm kəsb edir”.
Təbriz gənc şairlərinin nümayəndəsi Ümid Nəccari antologiyanı türk dünyası ədəbi əlaqələrinin genişlənməsində böyük uğur adlandırıb, Bakıda keçirilən bu cür toplantıların ən böyük önəminin ortaq türk dili haqqındakı müzakirələr olduğunu vurğulayıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 6 dekabr.- S.7.