Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

ŞEYX SƏNANIN ÜMUMBƏŞƏRİ AMALLAR AXTARIŞI, YAXUD DİNİ-MƏNƏVİ YÜKSƏLİŞ YOLUNDAKI SƏLƏFLƏR VƏ XƏLƏFLƏR

 

Din fərqli dillərə, mədəniyyətə, dünyagörüşünə malik xalqları yaxınlaşdıran, bir şüur, düşüncə ətrafında birləşdirən amildir.

 

İnsanlar din adı altında həm bir-birinə sıx tellərlə bağlanır, hətta dillərini belə anlamadıqları insanlarla öz aralarında "dini qardaşlıq" yaradır, həm də özləri belə hiss etmədən böyük, getdikcə dərinləşən bir "uçurum" əmələ gətirirlər. Bu uçurum onu sonu görünməz, qaranlıq bir boşluğa yuvarlayır və o, bu boşluqda çabaladıqca, ordan yaxa qurtarmağa çalışdıqca gözəgörünməz bir "əl" onu boşluğun-uçurumun daha dərin qatlarına çəkir, sonda məhvinə səbəb olur.

 

Hər hansı bir din nə qədər humanist mövqeyə sahib olsa da, bəzən insanları bəlalara salır, onların məhvinə, fəlakətinə gətirib çıxarır. Xüsusən tarix boyu dinlərarası mübarizə həmişə aktual olub.

 

Bu mövzu zaman-zaman ədəbiyyatda da öz əksini tapıb. Hələ şifahi xalq ədəbiyyatından başlamış, yazılı ədəbiyyatda ədiblərimiz öz yaradıcılıqlarında bu mövzuya toxunaraq, onlarla bərabər çoxsaylı insanları düşündürən sualları işıqlandırmağa cəhd ediblər.

 

Belə sənətkarlardan biri də böyük şair və dramaturq Hüseyn Caviddir. Xaraktercə bütöv və qeyri-adi şəxsiyyət olan Cavidin bədii yaradıcılığı da poetik sənətkarlıq baxımından bütöv və qeyri-adi idi.

 

H.Cavidin həqiqət axtaran qəhrəmanları çoxdur. "İdeal həqiqəti" öz təbii-canlı istəklərinə cəbr etmək, məşəqqətlərə dözmək yolu ilə axtaran və dərk etdiyi həqiqətin büsbütün gözəllikdən, eşqdən ibarət olduğuna inanan Şeyx Sənan onların içərisində xüsusi yer tutur. Onun həyatını iki mərhələyə bölmək olar:

 

Əvvəlcə Sənan öz xoşu ilə sufilik yoluna bağlanır, əqidəsinə, mənəvi tələbatına uyğun saydığı bu fikri cərəyanı könüllü surətdə qəbul edir. Fanatik bir icraçı kimi din yolunu tutaraq fəaliyyətə başlayan Sənan, Allahını, sufiliyin təlim etdiyi ehkamları qəlbən sevir, bu ehkamlara sadiq olur və bu yolda irəliləməyi qət edir.

 

Lakin bu günə qədər ədəbiyyatımızda rast gəldiyimiz çox din xadimlərindən fərqli olaraq H.Cavidin qəhrəmanı seçdiyi yolda kor-koranə addımlamaq fikrindən uzaqdır. O, gözləri ilə deyil, ağlı ilə "düşünməyi" bacarır. Məhz buna görədir ki, 30 yaşına çatmış Sənan oxuduqlarını həyatla, ətraf aləmlə müqayisə etməyə başlayır. O, əvvəllər müqəddəslik yolunu tutaraq övliya əsabələrindən sayılsa da, sonralar şübhə və idrak fəlsəfəsi mürşid Sənanı Quranı odda yaxan asi Sənana çevirir. Bundan sonra qəhrəmanın qısa ömrünün II mərhələsi-faciəli dövrü başlayır.

 

Otuz yaşına çatmış Sənan kamillik dövrünə qədəm qoyur. O, yarımçıq həyatının böyük hissəsində aldığı təlimi xarici aləmlə, həqiqi, kitablardan kənar həyatla üzləşdirdikdə heyrətdə qalır, ictimai eybəcərlik bu vaxta qədər xəyalında qurduğu səmimi, pak və müqəddəs "dünyanı" məhv edir. Onun tərəddüdləri gələcək inkar və üsyan yollarında ilk addımlar idi.

 

Sənan dini uydurmalara kor-koranə inam bəsləmək istəmir, əksinə, o, idrakın qəbul etmədiyi hər şeyi mənasız bilir.

 

Əsərin mövzusunu eyniadlı əfsanədən götürən sənətkar bu faciədən əvvəl Tiflisdəki Şeyx Sənan türbəsinin qarşısında "Şeyx Sənan" şeirini yazır. Şeirdən belə məlum olur ki, romantik sənətkar Şeyx Sənanı ən böyük məhəbbət simvolu hesab edir:

 

Nədir mənası eşqin?! - söyləyənlər nerdə,

bir gəlsin,

Görüb qüdsiyyəti - Sənanı,

lal olsun xəcalətdən.

 

Kamran Əliyev Cavidin bu obraz ilə əsasını qoyduğu yenilik haqqında deyir: "H.Cavidin "Şeyx Sənan" əsərinə qədər sufi dünyagörüşün təşviq və təbliğinin aparıcı simalarını və şəxsiyyətlərini oxucu tarixi keçmişin yalnız həyat səhnəsində axtarırdı. İlk dəfə olaraq şəriət, təriqət, mərifət pillələrini aşıb həqiqətə can atan insanın duyğu və düşüncəsinin iztirab və psixoloji sarsıntısının dramaturji ölçülərə sığışan poetik örtüyünü "Şeyx Sənan" əsərində gördük".

 

Sənanın həqiqət axtarışındakı mübarizəsini və dindən imtina edib, gözəlliyi, məhəbbəti həqiqət səviyyəsinə yüksəltdikdən sonra dini ayrı-seçkilik ucbatından düçar olduğu faciəni ədəbiyyatımızda yer alan bəzi qəhrəmanların oxşar taleləri ilə müqayisə edə bilərik.

 

Sənanın həqiqət axtarışı, idrakın qəbul etmədiyi müqəddəslərə qarşı mübarizəsi, şübhəçiliyi bizə Qabili (Bayron "Qabil"), Xəyyamı (H.Cavid "Xəyyam"), hətta bəzi məqamlarda İblisi (H.Cavid "İblis") də xatırladır.

 

Sənan, Xəyyam, Dərviş, Qabil və İblisi şübhəçilik fəlsəfəsi birləşdirir. Lakin estetik baxımdan Cavid və Bayron şübhəçiliyi ciddi məqamda fərqlənir.

 

Başqa tərəfdən Sənan həyatı eybəcərlikdən təmizləmək, insana zəka işığı vermək amalı ilə əzabkeşə çevrildiyi nöqtədə Promoteyə bənzəyir.

 

Cavidin təqdimatında Sənanın faciəsi dini ayrı-seçkilikdən, xürafatdan qaynaqlanan faciədir. Bu cəhətdən də Sənan ədəbiyyatımızda tək deyildi. Dini ayrı-seçkilik səbəbindən öz sevgisinə qovuşa bilməyən, bu yolda əzab-əziyyətlər çəkən, sonda isə həyatdan nakam ayrılan qəhrəmanlar yetərincədir. Bu baxımdan Sənanın faciəsi Kərəmin ("Əsli və Kərəm" dastanı), Əlinin (Q.Səid. "Əli və Nino"), Bahadırın (N.Nərimanov. "Bahadır və Sona"), Mahmudun (Elçin "Mahmud və Məryəm") faciələri ilə səsləşir.

 

Cavidin "Şeyx Sənan" faciəsinin süjeti və obrazları ilə "Əsli və Kərəm" dastanının süjet və obrazları arasında xeyli yaxınlıq var. Dastan da başdan-başa dini təəssübkeşlik əleyhinə yaranıb. Burada məhz "dini təəssüb bu iki gəncin saf və təmiz məhəbbətini nakam məhəbbətə çevirir". Faciə ilə dastanın müqayisəsi onlar arasındakı bənzərliyi ortaya çıxarır.

 

Həm Sənan, həm də Kərəm Tiflisə gəlib çıxırlar və maraqlısı budur ki, hər ikisinin dilindən Tiflisin tərifi verilir.

 

Bu iki qeyri-adi aşiqin bir-birinə yaxınlığını və bənzərliyini təsdiq edən faktlardan biri də onların öz məhəbbətləri yolundan dönməzliyidir. Bu dönməzlik əsər boyu bir neçə yerdə qəhrəmanların öz dillərindən də verilir.

 

Kərəmin Əsliyə, Sənanın Xumara sevgisi o qədər dərin, tükənməzdir ki, aralarında olan "din" adlı keçilməsi, aşılması mümkünsüz kimi görünən sədd də onları yollarından döndərə bilmir. Onlar öz sevgiləri uğrunda axıra qədər mübarizə aparır və sevgidə sədaqətin nümunəsini göstərirlər.

 

Lakin Sənan və Kərəmin məhəbbətləri uğrundakı fədakarlıqları fərqlidir. Belə ki, Kərəm Əsli yolunda rahatlığından, elindən-obasından, azadlığından və ən sonda canından keçdisə, bir şeyx olan, dinini böyük məhəbbətlə sevən Sənan bu məhəbbətindən üz döndərdi. Xristian qızının sevgisi yolunda gecə-gündüz diyarbədiyar gəzən, lakin yenə də müsəlman olaraq qalan Kərəmdən fərqli olaraq, Şeyx Sənan gürcü qızı Xumara qovuşmaq üçün İslamdan üz döndərib xristianlığı qəbul edir, şərab içir, boynundan xaç asır və illərlə donuz otarır. Onun bu fədakarlığını bir dindən digər dinə keçid kimi qiymətləndirmək doğru olmazdı. Çünki Xumarı gördükdən, ona aşiq olduqdan sonra o, dini ətalətdən, fanatiklik girdabından xilas olub, mənəvi kamillik zirvəsinə çatır. İnsanlar tərəfindən yaradılan bütün dinlərin öz mahiyyətini itirdiyi zamanda onun üçün səcdə ediləcək tək şey Xumarın məhəbbətidir. Artıq onun üçün xaç asmaq üzük taxmaq kimi bir şeydir. Yəni bütün mətləblərin mahiyyəti formada deyil, məhz məzmundadır.

 

Bu qəbil qəhrəmanlar sırasına Qurban Səidin "Əli və Nino" əsərinin qəhrəmanı Əlini də daxil etmək olar. Əli özündən əvvəlki obrazlardan fərqli olaraq daha dindar, daha qatı mühitin nümayəndəsidir. Bu mühit başqa dini, başqa milləti kəskin olaraq rədd edir. Eyni zamanda, bu mühit qadına daha sərt yanaşır, qadına nəinki azadlıq verir, hətta qadını dar məngənə arasında saxlayır. Məhz buna görədir ki, Əlinin ailəsi onun sevib - seçdiyi azad, müasir düşüncəli xalqın nümayəndəsi - gürcü qızı Ninonu heç cür qəbul etmək istəmir. Sənan kimi Əli də sevgisinə qovuşmaq yolunda çox əziyyətlərə qatlaşır. Lakin o, nə öz dinindən, nə də yaşadığı mühitdən üz döndərir. Daha doğrusu, buna ehtiyac qalmır. Bu əsərdə daha çox fədakarlığı Nino edir. Əslində, "Şeyx Sənan" faciəsindən fərqli olaraq, bu əsərdə nə Nino, nə də onun ailəsi Əliyə və onun yaşadığı mühitə qarşıdırlar. Lakin buna baxmayaraq, dini təəssüb yenə də hər iki ailəni narahat edir, gənclərin bir-birinə qovuşmasını gecikdirir. Bu baxımdan Şeyx Sənan və Əlinin taleyində müəyyən mənada kəsişən məqamlar az deyil.

 

Bu mövzu Avropa ədəbiyyatında çox yayılması da, zaman-zaman Avropanı narahat edən buna bənzər bir məsələ - irqçilik ortaya çıxıb. İrqi ayrı-seçkilik uzun müddət xarici ədəbiyyatda öz əksini tapan başlıca mövzulardan biri olub. Bu baxımdan XIX əsr fransız yazıçısı Şatobrianın "Xristianlığın apologiyası" adlı beş hissəli əsəri təqdirəlayiqdir. Adlarını sadaladığımız digər əsərlərdən fərqli olaraq, bu əsərdə yazıçının məqsədi xristianlığın mahiyyətini açıb göstərmək və inqilabın sarsıtdığı dini yenidən bərpa etmək idi. Lakin əsərdə Allahın varlığı və ateizmin zərəri haqqında irəli sürülən mühakimələr olduqca sadəlövh və qeyri-inandırıcıdır.

 

Əsərin insanların təfriqə düşməsindən əziyyət çəkən qəhrəmanları vəhşilərdən olan qaradərili Şaktas və onun sevgilisi ağlardan olan Ataladır. Atala Şaktası edamdan xilas edir və onlar meşəyə qaçırlar. Lakin bir-birini saf, təmiz məhəbbətlə sevən bu iki gəncin səadəti uzun sürmür. İrqi ayrı-seçkilik onların bir-birinə qovuşmasını mümkünsüz edir. Sevdiyi insana heç zaman qovuşa bilməyəcəyini anlayan Atala çarəni özünü öldürməkdə görür. Beləliklə, irqçilik iki gəncin məhvinə səbəb olur. Cəmiyyətin bu məhəbbətə barışmaz mövqeyi Atalanın gənc yaşda intiharına, Şaktasın isə ömürlük sevgi iztirabına gətirib çıxarır.

 

İnsanlığa ideal səadət arzulayan Cavid "Şeyx Sənan" pyesində dəli dərvişin dili ilə

 

Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olurdu cinsi-bəşər-

 

- fikrini irəli sürür. Dramın təbliğ etdiyi məhz bu ideya din və mövhumat xadimlərinə açılan bir atəşdir. Din və cəhalət əleyhinə Sənanın apardığı mübarizə müəllifin estetik idealını nümayiş etdirir.

 

Əsərin yazıldığı tarix nəzərə alınarsa, böyük ədibin nə qədər cəsarətli və müdrik fikirlər irəli sürdüyü görülər.

 

Biz istərdik ki, indiki gənclər bu əsərlər vasitəsilə ateist düşüncələri deyil, həyata, dünyaya açıq gözlə, aydın nəzərlərlə baxmağı, əsl, həqiqi, ülvi məhəbbəti öyrənsinlər.

 

Şahanə MÜŞFİQ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 

525-ci qəzet  2017.- 6 dekabr.- S.6.