Zamanın nəbzi
hekayə
Rəşid BƏRGÜŞADLI
Kəfkirli saat yataq otağımda, canlı məxluq
kimi, neçə illərdir, bir küncdə ayaqüstə
dayanıb.
Nənəm deyərdi ki, nikolaydanqalma qədimi əhtacdır. Onu da deyirdi ki, kəfkiri
qızıldandır, amma oxşamırdı - sürtəndə
parıldayırdı, di gəl, üstündən bir az keçən kimi təzədən göyərirdi.
Üstündə evciyi də vardı -
qapısı açılıb-örtülən - içində
də bülbül. Oğlum uşaq olanda
taxta bülbülün başını qopartmışdı
və kleyləsəm də, dimdiyini tapa bilməmişdim deyə
quş çox eybəcər görünürdü. Yayı da boşalmışdı, bülbül
qapını itələyib eşiyə çıxa bilmirdi və
səsi batmışdı. O səbəbdən də
qapaqcıqların ağzına kibrit çöpü
keçirmişdim ki, açılıb saatı eybəcər
göstərməsin...
Əlqərəz,
məni yuxuya verən əsl hipnoz cihazı idi və
qızılı kəfkirin "laylasına", hər
saatın tamamında kilsə zəngi kimi dopdolu
danqıltısına göz-qulağım öyrəncəli
olmuşdu. Yuxuda olanda danqıltısı vecimə də
olmurdu, sanki otağımda Ətalət Qanunu adlı əyani
hənirti məni darıxmağa qoymurdu... Kəfkirin
hər dəfə sağ və sol ölü nöqtəyə
çatanda azca ləngiməyini çoxdan müşahidə
etmişdim. Hətta müşahidələrim o həddə
çatmışdı ki, özümü
inandırmışdım: - "Kəfkir sağda
"xoşbəxtliyin", solda isə "bədbəxtliyin"
üstündə dayanırmış"... Hər zəng vurulanda
qulağımı təzə xəbərə
şəkləyirdim, - "Allahım, nə xəbərdirsə,
"xeyirdə" gəlsin!.." - sınamışdım,
ürəyimdə tutduğum arzular və sonradan olanlar kəfkirin
"dediyi" ilə üst-üstə
düşürdü, hər dəfə çin
çıxırdı. Saatın adamı
qarıxdırmağı bircə ondaydı ki,
özümü "xoşbəxtliyin" üstündə
niyyət tutmağa, xəbər eşitməyə köklənmişdim,
azca gecikəndə günboyu qulağım səksəkədə
bəd xəbər axtarırdı. Olmuş əhvalat
danışım...
lll
İndiki kimi yadımdadır, Salanturun oğlu gecə
saat birdə dünyaya gəlmişdi. Kinoya baxırdım
deyə hələ yatmamışdım. Xəbəri
duyanda saat zəng çaldı və baxdım ki, kəfkir
soldadır... Göbəyini İmmi arvad kəsib
adını da Qulu qoymuşdu. Bizim arvad da
doğuşa köməyə getmişdi. Danışırdı
ki, İmmi uşağın göbəyinə danqa
birmanatlıq qoyub sarıyıb, əl-ayağını
büküb bələyəndə arvad kəndiri elə bərk
sıxıb ki, elə bil uşaq bu saat durub
qaçacaqmış. Uşağın anası deyib, -
Ay İmmi xala, bir az ipi boşalt, uşağı kəsir
axı..." İmmi də qayıdıb ki, -
"Heş zad olmaz, qoy, əl-əyağı düz
olsun". Yazıq körpə də ağrıdan
zarıya-zarıya qalıbmış, anasının
südünə də kirimirmiş...
Kəfkirin tıqqıltısına o qədər aludə
olmuşdum ki, gözümü açanda gördüm Qulu yekəlib,
fərasətli, qanacaqlı, evlənməli oğlan olub. Bir gün
dedilər ki, Qulu kəndimizin qələmqaşlı gözəli
Kifayətə aşiq olub. Atası: - İtin-qurdun
qızı mənim evimə girməyəcək! Əmin
qızı Lətifəni alacaqsan!.. - deyəndə, biçarə Qulu da
atasının üzünə qayıda bilmədi, dinməz-söyləməz
baş götürüb kənddən qaçdı. O, şəhər
avtobusuna minəndə günorta saat ikiydi. Avtobus
dayanacağı indi də bizim evin arxasındadı.
Anası maşının dalınca düşüb nə qədər:
- Qayıt, oğul, başına dolanım, qayıt!.." - çığırsa
da, Qulu: - Ya Kifayəti alacağam, ya da heç kimi!.. - inadından dönmədi, üz tutdu birbaş
şəhərə...
lll
O gün
xəstəydim, işə getməmişdim. Saat
üçdə eşitdik ki, Kifayəti
qaçırıblar. Elə bildik zoruna
döndüyüm Quludur. Ancaq sonradan səs-soraq
çatdı ki, yox, qızı qonşu kənddən Bəhrəm
qaçırıb. Heç aradan on
gün keçməmişdi - namaz vaxtıydı, saat dörd
olardı, - xəbər çıxdı ki, Bəhrəmi
bıçaqlayıb öldürüblər. Qatili tapdılar. Əvvəl inanmadıq, amma məhkəmədə
Qulu hər şeyi boynuna alanda əlimiz ağzımızda
qaldı: "Qulu hara, adam öldürmək hara!.."
Saat
beşin "Xəbərlər"ində dedilər ki, Quluya
12 il iş veriblər. Sonra səs-soraq
yayıldı ki, kəndçimiz türmədə
böyük hörmət-izzət sahib olub. Biz belə şeyləri anlamazdıq, amma türmədən
çıxan məhbuslar gəlib Salanturun əlindən
öpür, Kifayətə qiymətli hədiyyə-filan
bağışlayırdılar. Danışırdılar
ki, bizim Qulu qazamatda şah kimi dolanır, padşahdan hörmətlidir.
Qulunun atası sağalmaz xəstəliyə əsir
düşmüşdü. Həkimi demişdi ki,
uzağı bir gün yaşayar. Tərs kimi də həmin
gün hökümət saatları qabağa çəkdi...
Sübh saat altı idi Salantur can verəndə. "Oğluma
deyərsiniz, haqqını halal eləsin, onun bəxtini mən
qara yazdım... Görün Kifayət qızım
razıdırsa, gəlinim kimi bizim evə
köçsün" - kişi son nəfəsində
bunu demişdi. Amma çifayda, geciydi, olan
olmuşdu artıq. Kifayətin atası da razı
olmadı ki: - Mənim "türemşikə" verəcək
qızım yoxdur!
Əlqərəz, Kifayəti başqasına verdilər. Saat yeddi idi,
Kifayətin toyundan təzəcə qayıtmışdıq.
Hay düşdü ki, biz gələn kimi toyda
atışma olub, bəy ölüb, gəlin isə
ağır yaralanıb. "Yenə Qulunun
adamlarıdır -onunla birlikdə türmə çəkənlərdən".
Bəyi bu sevdadan döndərmək üçün çox
çalışıblar, amma faydasız olduğunu görəndə
başqa əlacları qalmayıb, - "Heç kim Qulunun deyiklisinə başqa gözlə baxa
bilməz!" - bəyi mağardaca
güllələyib, gəlini isə qəsdən
yaralayıblar. "Qulaq gündə bir şey eşitməsə
kar olar" - nə cür sərt qayda-qanunlar varmış
türmələrdə...
Kifayətin
də bəxti belə bağlandı, ömürlük bədbəxt
oldu...
Səhər saat səkkiz idi. İşə getməyə
avtobus gözləyirdim. Bir təcili
yardım maşını yanımda saxladı. Sürücü Qulugilin evini soruşdu. İstinad verdim. Sən demə, Qulunun
meyidini gətiriblərmiş. Çox
söz danıldı, amma əsli bu cür çıxdı
ki, "razborka"da özü kimi birinin qurbanı olub.
Allah rəhmət eləsin, yazıq bu işıqlı
dünyada xoş bir gün görmədi. İmmi arvad ağı
deyib-dad eləyirdi:
- Göbəyini
kəsdiyim, ilk bələyin sarıdığım, niyə
belə cavan getdin, ay bala!..
Saat
doqquzda Qulunu yuyub, meyitini kəfənə büküb, əl-ayağını
yenə də kip-kip iplə sarıyanda rəhmətliyin
doğulduğu gün arvadımın dedikləri yadıma
düşdü: "Elə bil durub bu saat
qaçacaqmış..." Yazığım gəldi cansız
bədənə...
Kimsə
dedi ki, qoy, Kifayət gəlib öz deyiklisiylə
vidalaşsın. Kifayət gəldi. Arvadlar otaqdan çıxdılar ki, qız Qulunu
rahat ağlaya bilsin. Amma Kifayət otağa
girmədi. Dedi ki, qorxuram. Meyit xarab olurdu
deyə Qulunu tez-tələsik dəfn elədik. Anası
saçını yolur, üzünü cırırdı,
şivəni qəbiristanlığı başına
götürmüşdü:
- Siz
Allah, balamın kəfənini möhkəm sarımayın,
onsuz da heç yana qaçan deyil, bəlkə cənnətə
gedəsi oldu mənim nakam balam!.. Ay Allah,
balamı qaytar, mənim canımı al, onu mən bu dünyaya
garagünlü gətirmişəm!..
lll
Qulunun
qara bəxtini, nakam ömrünü boş yerə
xatırlamadım... İki gündür nəvəm
dünyaya gəlib. Oğlandı.
Amma nolsun, sevinə bilmirəm... Nəvəmə
ad seçməyi mənə həvalə etmişdilər.
Xanımım qapını açıb
işığı yandıranda sövq-təbii saata
baxdım, saat ikiyə qalırdı. Oyaq
olduğumu görüb təəccübləndi, - Niyə
yatmırsan?
- Rəhmətlik
Qulu yadıma düşmüşdü, onu fikirləşirdim...
- ağzıma gəldi, dedim.
- Yoxsa, nəvənin
adını Qulu qoymaq istəyirsən?! - üzündə
etiraz vardı.
- Yox... O
yazığın əzəldən bəxti gətirməmişdi...
- qonşu otaqdan nəvəmin
çığırtısı beynimə işlədi. - Niyə
ağlayır uşaq? - soruşdum.
-
Anası bələyir...
- Nə!!
- əlimə keçəni əynimə
alıb yan otağa təpildim. Gəlin
ikigünlük körpəni kələm dolması kimi
büküb möhkəm-möhkəm
sarımışdı. Uşaq elə
zarıyırdı ki, insan olan kəsin bu səsdən iliyi
gizildəməliydi!
- Aç
o ipi! Tez ol, aç, aç!
Gəlinimi bəlkə qızımdan çox istəyirdim,
indiyəcən ona səsimi qaldırmamışdım. Əminəm
ki, o dəqiqələrdə hirsimdən gözlərimə
qan sızmışdı. Yazıq qız
qorxa-qorxa, əlləri əsə-əsə kəndiri
açıb körpədən aralandı. Mat-məəttəl üzümə baxırdı.
Bələyi açıb bir kənara
tulladım. Uşağın
çığırtısı xırp kəsildi, əl-ayağını
sanki minnətdarlıqla çabalatdı.
- Bundan
sonra uşağın əl-qolunu sarıyarsınız, iki
gözünüzü bir deşikdən çıxararam! Eşitdiniz?!
- Dəli
olmusan?! Ürf-adət var, sarınmasa, əl-ayağı əyri
olar axı... - Arvadım istədi mənə ağıl
versin.
-
Tüpürüm sizin ürf-adətinizə! İnsan
doğulan kimi bağlayıb-buxovlayırsınız! Qoy, nəvəmin
ayaqları əyri olsun, amma özü azad, canı da, yeri də
rahat olsun! - Elə bağırdım, öz səsimdən
anladım ki, həddimi aşıram. Yazıq gəlinim
qorxusundan az qalırdı divarı
yarıb gizlənsin.
Öz otağıma
keçdim.
- Nolub sənə,
niyə gəlinin xətrinə dəydin? - Arvad da arxamca
içəri girdi, bir-iki addım atıb dayandı. Saatın zənginə dik atıldım, elə bil
qulağımın pərdəsinə çiv
çaldılar. Var gücümlə təpiyimi
bu iblis oyuncağına ilişdirəndə kəfkir "bədbəxtliyə"
özünü elə çaxdı ki, bülbül
pırtlayıb çıxdı çölə. Bircə dəfə cükküldədi, təzədən
içəri dürtülmək istəyəndə onu
göydə qapıb çəkdim özümə sarı.
Bülbül qopmadı, yayından sallaşa
qaldı. Bu tanış
cükkültü saatla bağlı xoş xatirələri
oyatmaq istəyirdi ki, möhkəm bir yumruq ilişdirdim ona. Zərbədən baş barmağım
şaqqıldadı, bildim ki, sümüyüm ya
sındı, ya da çatladı. "Taxtası
bərk imiş" - saatın küncləri qopdu,
iç-içalatı töküldü. Bülbülün
quyruğu da nəm çəkib qaralıbmış. Amma kəfkir, çoxdan sürtməsəm də, həmişəkindən
bərk parıldayırdı. Salamat qalan
bülbül yuvasını ayağımın altına
salıb dəli kimi xıncımladım. Zamanın
canını aldım! Nəfəsini kəsdim
ömrümü saniyələrlə ölçən bu
şeytan əməlinin və özümə gələndə
yerdəki taxta-tuxtanı qamarlayıb pəncərədən
eşiyə tulladım. Zir-zibil yerə çaxılanda
bülbülün boyat, soluxmuş, qırıq cəh-cəhini
duydum...
Arvad hələ də mat-məəttəl
məni izləyirdi.
-
Söndür işığı!.. - deyib, yatağıma girdim, üzümü o
yana çöndərib soyumuş yatağımı isitməyə
çalışdım. Qulaqlarımı
sakitliyə şəklədim, nəvəmin azad
qığıltısından başqa səmir yox idi.
İndiyədək məni məsxərəyə qoyan saat kəfkirindən
canımı qurtardığıma peşman deyildim, amma fikrim
dimdiyiqırıq taxta bülbülün yanında
qalmışdı: mən onu on beş il
olardı ki görmürdüm...
525-ci qəzet 2017.- 7 dekabr.- S.8.