Üç qalın
roman
ƏLABBAS
Tək vaxt qıtlığı və hövsələyə
görə yox, çoxu da səhhətimdəki nasazlıqdan
dolayı indi hər kitabı, əlimə düşən hər
yazını oxumuram daha.
Oxuyuramsa
da, ya nə vaxtdansa yadımda qalan, sadəcə mütaliəsinə
vaxt tapa bilmədiyim
bir kitab, ya ictimai
fikrin diqqətini çəkən bir roman, ya da hansısa bir
dost yazısı olur o. Ötən
yay Naxçıvanda keçirdiyim biraylıq məzuniyyətimi
o qisim əsərlərdən üçü - Erix Mariya Remarkın "Zəfər
tağı", Sona Vəliyevanın
"İşığa gedən yol" və Səməndər
Məmmədovun "Faxralılar" romanı ilə başa vurdum, amma
maraqlıdır ki, üst-üstə 1887 səhifə təşkil
edən bu üç qalın roman
qətiyyən yormadı məni: hiss etdiyim qədər, çox-çox fərqli
mövzularda qələmə alınmaqlarından savayı,
adıçəkilən əsərlərin hər
üçü qalan, daha dəqiqi, yararlılıq müddəti
xeyli uzun olan romanlardı.
"Zəfər
tağı"nda Joan Madu obrazı qarşıma
çıxan kimi xatirimdə həmişəlik qara
şlyapada və
ciddi görünüşü ilə qalan Remarkın bütün
şüurlu həyatı boyu can atdığı, ancaq vəslinə
yetə bilmədiyi valehedici aktrisa Marlen Ditrix canlandı. Bu gün Hüqonun,
Balzakın, Bayronun, Heminqueyin,
ümumən, dünyaca məşhur qələm
ustalarından bir çoxunun məşuqəsi və ya məşuqələri
olduğu kimsəyə sirr deyil. Jizel Destokun
Mopassanın, Meyblin Cek Londonun, rəqs ilahəsi Aysedora
Dunkanın, Yeseninin, Lilya
Brikin Mayakovskinin,
Bübüsaranın Çingiz ağanın... yaradıcılığına təsiri
kimin də olmasa, ən azı
bioqrafların maraq dairəsində
olub.
Dünya ədəbiyyatı
xəzinəsinə
daha çox müharibə əleyhinə
yazılmış əsərlərin müəllifi kimi düşən
Remark "Zəfər tağı"nda sanki öz şəxsi həyatını
qələmə alıb (Təxminən, "Üç
yoldaş" romanında olduğu kimi). Əsərin qəhrəmanı mükəmməl təşrih
ustası Ravik də vətəndən deportasiya olunur, boş vaxtlarını içki məclislərində,
əsasən qadınların əhatəsində keçirir,
bir daha Fransaya qayıdır, tutulur və hər şey yenidən
təkrar olunur. Bu o illər idi ki, faşizm bir
taun kimi Avropada tüğyan eləyirdi. Guya,
alman əsgərinin qəhrəmanlığını
alçaltdığına görə kitabları
yandırılan Remarkın dərbədər ömür
tarixçəsi də elə bu cür
başlanmışdı. O, əvvəlcə
İsveçrəyə sığındı, sonra Fransa həyatı gəldi,
Marlendən məhəbbət uma-uma onun eşqilə
uçub Amerikayacan getdi,
axırda ömrünü də vətəndən uzaqlarda
başa vurdu.
- Adam sevməyəndə
qocalır, - deyir Remark, - sevməyən adam
bu dünyaya məzuniyyətə gəlmiş
ölüdür.
Onu Ernest Heminqueyin, Jan Qabenin, Orson
Uelsin, Ceyms Stüartın və daha kimlərin əlindən
keçmiş bir qadına
doğru çəkən də, bəlkə, adını
öz aləmində sevgi qoyduğu bu müəmmalı hiss
idi? Hərçənd ona qədər
Remarkın həyatında Qret Qarbo, Nataşa Braun, Leni Rifenştal, Hedi
Lamarr kimi qadınlar olmuşdu.
Sonda isə o, Marlenlə yox, digər məşhur bir
aktrisa - korifey sənətkar Çarli Çaplinin
keçmiş həyat yoldaşı Polettlə evlənəsi
oldu.
Bəzən
elə görünür ki, Ravik də Parisə sanki bir
mühacir və həkim kimi yox, gözəl qadınları
dişinə vurmaq üçün üz tutub. Təbii ki, onların içərisində
hamıdan bir pillə öndə dayanan restoran
müğənnisi Joan Madunun özünəməxsus yeri
var. Remark həyatda çata bilmədiyi
Marlen Ditrixə "Zəfər
tağı"nda sanki bu qadının timsalında qovuşub.
Amma təbii ki, romanın dəyəri tək sevgi səhnələri
ilə süslənmiş, həyat və yaşamaq eşqi
saçan bu səhifələrdə deyil. Ağır mühacir həyatı,
daim ələ keçmək qorxusu, gizli iş şəraiti Ravikin zərif
duyğularını, həyata olan inam və mübarizə əzmini,
bir sözlə, insani dəyərlərini
əlindən heç cür ala bilmir. Haake kimi bir qaniçəni qətlə yetirib öz
insanlıq borcundan çıxmaqla o, faşizm cinayətlərinə
heç zaman, hətta vətəndən uzaqlarda olanda belə,
biganə qalmadığını və bu mübarizədə
hər şeyə hazır olduğunu da sübut etmiş
olur. Bir yazıçı olaraq
dövrün ictimai ziddiyyətlərini ustalıqla
yaratmağı bacaran
Remarkın da böyüklüyü onda idi ki,
romanlar mövzusu ola biləcək
bir hadisəni çox
ustalıqla yığcam hekayələrə
sığışdıra bilirdi.
Məsələn, "İohan Bartokun qəribə
taleyi"ndə olduğu kimi. Vaxtilə oxuduğum bu balaca hekayədən
"Zəfər tağı"ndan aldığımdan heç də az zövq
almadım.
Remarkın
"faciə iyirmi il davam edəndə onun komediyaya
çevrilmək qorxusu yaranır" fikri nəzərimə
dərhal Qarabağ hadisələrini, aradan ötüb
keçən az qala bir qərinəlik əzab dolu illəri gətirdi
və birdən-birə bu dramda bir çoxu kimi indi
özümün də
kütləvi səhnələrin
ifaçısı
olmağımdan yalnız xəcalət çəkdim.
Əsərlərini
bir zamanlar heyran-heyran oxuduğum müəlliflərin şəxsi
həyatını, indiki dillə desək, yaşam tərzini
gənclik illərində bilməməyimin,
ya da çox üzdən bilməyimin, sən demə, xeyri də
olub mənə: o, sirlərlə
dolu sənət dünyasını mənimçün mənasız
və qurama bir aləm olmaqdan, müqəddəs
sandığım qələm ustalarını isə gözdən düşməkdən qoruyub. Nə deyəsən, bəlkə, gerçək
heç bu da deyil. Remarkın elə öz sözü,
Ravikin dililə Joan Maduya deyilən fikirdi: "Dünyada peşmançılıqdan mənasız şey yoxdur. Onsuz da heç nəyi geri qaytarmaq olmaz. Yoxsa hamımız müqəddəs olardıq.
Həyat bizə kamillik bəxş eləməyib.
Kamillərin yeri muzeydir".
lll
Ədəbiyyatımızda
macəra və detektiv janrın yenidən at
oynatdığı, ucuz məişət
romanlarının meydan suladığı, guya, postmodernist üslubun və müxtəlif nəzəriyyə və
postulatların hökmfərma
olduğu bir vaxtda birdən-birə
"İşığa gedən yol" kimi bir roman? Maraqlıdı. O indiyədək şair,
publisist, ədəbiyyatşunas alim, illah da maarifpərvər
bir xanım kimi tanıdığım Sona Vəliyevanın əsl
nasir keyfiyyətlərini üzə
çıxarmaqdan əlavə,
həm də son illər Azərbaycan sənədli-bədii
nəsrinin ən mükəmməl nümunəsi kimi diqqətimi çəkdi. Hiss
etdiyim qədər, bu roman Sona xanımın həm nəzəriyyəbazlara,
həm də yeni üslub icadı üçün baş
sındıranlara bəs qədər
tutarlı və layiqli
cavabıdır.
Müəllif
əsasən XIX əsrin ikinci yarısı, qismən isə
XX əsrin əvvəllərində Azərbaycanın mədəni,
ictimai və siyasi həyatında baş verən təbəddülatları
usta bir qələmlə təsvir edib. Bu, tək yurd sevgisi,
vətən eşqi, övladlıq borcundan doğan bir nəsnə yox, daha
geniş anlamda Azərbaycançılıq məfkurəsindən
yaranan bir ideyadır. Bu mənada
"İşığa gedən yol" romanı
sözügedən məfkurənin həm də ədəbi-estetik
təlimi və örnəyi kimi artıq bir kitab olaraq
ortadadır.
Sözün
ölümə gedən yolunda Azərbaycanın başı bəlalar
çəkən aydınları içərisindən məhz
Həsən bəy Zərdabini, milli mətbuatımızın
yaranmasında əlahiddə xidmətləri olan bir insanı
seçib, obrazını
yaratmaq, mən bilən, Sona xanımın daha çox
maarifçilik ənənələrinə sədaqətindən
və öz təbiətindən irəli gələn bir məsələdi. Bu gün onun respublikamızın ədəbi-elmi
mühitində gördüyü işlər, həyata
keçirdiyi tədbirlər, ideya müəllifi olduğu
layihələr, Seyid Əzimin hələ gənclik illərində
Həsən bəyə tövsiyə etdiyi kimi, yolu
uzun, yükü ağır bir
sahənin - maarif və mədəniyyətin,
elm və təhsilin, bir sözlə, mənəviyyatımızın tərəqqisi və
inkişafı yolunda atılan çox vacib
addımlardır. Bu mənada müəllifin məhəbbətlə yaratdığı Hənifə
xanım obrazında Sona xanımın öz xarakter və
xeyirxah əməllərinə uyğun nə qədər
oxşar məqamlar tapmaq mümkündü?! Elə Həsən
bəy də onu deyirdi: "Əsl təmizlik ruhun və qəlbin
bakirəliyidi".
Deyib də qolunu çırmalayaraq işə məhz qəzetçilikdən
başlamışdı Həsən bəy. Halbuki
"Əkinçi" tək kənd və kənd təsərrüfatı
məsələlərinin təbliğatı ilə deyil, onun
yaradıcısına maarifçilik, elm, təhsil və tərəqqinin
inkişafı üçün bir tribuna olaraq lazım idi. O, dini fanatizmə, ətalət
və irticaya, geriliyə və avamlığa, cahillik və
nadanlığa qarşı mübarizəsini tək pedaqoji-maarifçi və
hüquqşünas fəaliyyəti ilə deyil, həm də qəzet vasitəsilə aparır,
bu məşəqqətli yolda təqiblərə, təzyiqlərə
məruz qalır, amma dediyindən
sonadək dönmür. Xeyriyyə cəmiyyəti yaratmaq məqsədilə
qarış-qarış gəzdiyi məmləkətin ən
işıqlı adamlarını başına toplayıb
sözdən işə keçir, arzu və istəklərini
əməli fəaliyyəti ilə gerçəkləşdirə
bilir.
"İşığa gedən yol" sırf tarixi əsər deyil. Sadəcə müəllifin
məharəti orasındadır ki, tarixi hadisələrə
mükəmməl bədii don biçməyi bacarıb, romanı
uzun-uzadı quru arxiv materialı və tarixi faktlarla doldurmaqdan
qaça bilib. Nəticədə Azərbaycan sənədli-bədii
nəsrinin faktına çevrilən çox oxunaqlı bir
roman yaranıb. Diqqətləri çox səbr və təmkinlə
o dövrün ictimai-siyasi hadisələrinə fokuslayan müəllif,
qəhrəmanının - sözün əsl mənasında,
millət yolunda can qoyan fədai bir insanın - Zərdabinin Tiflis gimnaziyasından
başlanan, Moskva universitetində təkmilləşən, Bakı
ictimai-tarixi mühitində isə kamilliyə çatan
ömrünün az qala günbəgün səhifələrini
təsvirə gətirməklə məmləkətin
yarım əsrdən uzun bir tarixinin mənzərəsini də gözlər önündə
sərgiləmiş olur. Özü də necə?
Bunu hadisəçilikdən qaçıb
yalnız mahiyyətə varmaqla etmək mümkün idi ki,
müəllif də bunu çox ustalıqla bacarıb.
"İşığa
gedən yol"... Bu
işıq tək Həsən bəy Zərdabinin şəxsi
həyatına tutulan işıq yox,
o dövr Azərbaycan ictimai-siyasi həyatına,
general-leytenant F.B.Ağayevin, general-leytenant
K.X.Naxçıvanskinin, M.F.Axundovun, S.Ə.Şirvaninin, Natəvanın,
S.Nigarinin, N.Vəzirovun, M.Şahtaxtlının, Ə.Goraninin,
H.F.Ordubadinin, M.T.Sidqinin, Xalxalinin, Şükuhinin,
H.Z.Tağıyevin, Ə. Topçubaşovun və digər say-seçmə insanların simasında elmi-mədəni
düşüncə və
ziyalılıq tariximizə salınan gur
işıqdı.
Əsərdə
bir dastan estetikası var, hiss etdiyim qədər, bu, real tarixi
hadisə və faktlara
müəllif yanaşmasının olduqca vacib şərti kimi meydana
çıxıb. Eyni zamanda, Sona xanımın o dövrün təhkiyə və
stilistikasını sonadək qoruyub saxlamaq bacarığı
da əsərə böyük epik vüsət verib. Hadisə
və təhkiyənin tempinə uyğun olaraq bir-birini tez-tez, sürətlə əvəz edən
və çox aydın hiss olunan müxtəlif üslublar (bədii,
elmi, rəsmi-kargüzarlıq,
danışıq və məişət) muğamda tamam
dəstgahın gah enib, gah yüksələn tembrindən sanki
heç nəyi ilə fərqlənmir. Bura müəllifin yüksək
yazı texnikası və cilalanmış fərdi poetik dilini
də əlavə etmiş olsaq, bəs qədər
böyük bir dövrü əhatələyən - sohbət
hadisələrin miqyası
yox, onlara yanaşma
aspektinin genişliyindən gedir
- 800 səhifəyə yaxın bir epopeyanın, necə deyərlər,
su kimi içilməsinin səbəbləri tam aydın olar. Qəti
qənaətimdi ki, nə olmuş olsaydı belə, bu əsəri
bundan yaxşı
yazmaq olmazdı.
Respublika
Dövlət mükafatı almağa tam haqqı olan, ona layiq
bir əsər kimi qavradığım "İşığa gedən
yol" görkəmli
adamların həyatı seriyasından çağdaş Azərbaycan nəsrinin
çox gözəl örnəklərdən
biridi. Kim bilir, bəlkə də, itmiş oxucu
auditoriyasını və kitaba olan marağı məhz bu
cür əsərlərlə geri qaytarmaq olar. Təbii ki, onda xaotik
söz bumu içərisində inci tapmağın çətinliyi
ilə üz-üzə qalan tələbkar oxucunun haqlı
olaraq verdiyi görəsən, o yaxşı kitablar necə
oldu, o müəlliflər hara qeybə çəkildi tipli
sualları da eşidilməz.
lll
Qəhqəhəsi
dağlar uçuran Faxralı ləqəbli dostum Səməndər
Məmmədov barədə indiyəcən bir neçə yazım olub
ki, onların hər biri qırx beş illik dost
ömrünün olsa-olsa ötəri anlarının yazıya gələn
təsviridi. Nəyi dəyişsə də, sifəti dəyişməyən
bu insanı, hələ tələbəlik illərindən,
sözün yaxşı mənasında, həm iddialı, həm də sözlə, daha
konkret desəm isə,
odla-közlə oynayan
gördüm. "Bu faktın özü belə
sübut edir ki - o yazılarımdan birində idi - Səməndər
hansı sahədə çalışsaydı, oranın
birinci adamı olmalıydı. İcra aparatında
başçı, orduda sərkərdə, şeirdə
bayraqdar..." Elə onda hiss eləmişdim ki, saza-sözə
aşırı vurğunluğun, o qaynar təbin,
sönməz ehtiras və
çılğınlığın axırı kitabla, geniş anlamda
isə irimiqyaslı yaradıcılıq işi ilə bitəcək. Budur, hazırda qarşımda
müxtəlif səpkili iyirmi kitabın
siyahısı, sonuncunun isə özü var:
"Faxralılar". Yadımdadı ki, Səməndərin
ilk şeir kitabı da hələ otuz-otuz beş
il əvvəl "Faxralı" adı ilə işıq
üzü görmüşdü. Yeri gəlmişkən, Ceyms Coysun da kitablarından biri
"Dublinlilər" adlanırdı. Orda
görkəmli nasirin, dəyərini hələ də saxlayan
hekayələri toplanmışdı.
Ola bilər texniki parametrləri romanınkına
uyğun gəlməsin, amma mahiyyət etibarilə
"Faxralılar" özü bir romandı. Deməzdim ki, bu
yazıları bir-birinə bağlayan onun tək bir kənddən - Borçalının ağır ellərindən olan
Faxralıdan bəhs etməsidi, heç onu da deməzdim ki,
şirin ləfzi, səlis nitqi, rəvan və axıcı
dili olan Səməndər necə
danışırsa, o cür də yazır və bu, onun
bütün yazılarında çox qəribə bir ədəbiyyat
növrağı yaradır,
amma məxsusi olaraq diqqətə çatdırardım
ki, ayrı-ayrı bədii-publisistik
mətnlərdən ibarət olan yığcam
portret-oçerk və esseləri
qırılmaz tellərlə bir-birinə bənd eləyən
cəhət bundan da çox, onun
vahid ədəbi-estetik dəyərə, məntiqi
ardıcıllığa və daxili harmoniyaya malik
olmasındadır.
Əsərdə
yüzdən çox surət: alim, şair, müəllim, hərbçi,
döyüşçü, el ağsaqqalı, din xadimi, nəticə
etibarilə isə ümumi konteksdə iri hərflərlə
yazılmağa layiq olan vahid bir faxralılı obrazı, elm və
sənət yolunda hər bir
çətinliyə sinə gərməyi bacaran irfan əhli
var. Məhz buna görə kitab
başdan-başa insan mənzərələrindən
ibarətdir və təfərrüata varmadan deyim ki,
bütöv Qafqazın on beş minə yaxın əhaliyə
malik ən böyük kəndlərindən hesab olunan
Faxralıdan rəsmi olaraq yüzdən çox elm
adamı (elmlər namizədi və
doktoru) pərvazlanıb ki, onlardan bir çoxu
respublikamızın ədəbi, elmi, ictimai və mədəni
həyatına öz dəyərli töhfələrini
vermiş və bu gün də davam etməkdə olan
insanlardır. Görkəmli qorqudşünas Hüseynqulu Məmmədli,
professorlar Şamil Qurbanov, Şəmistan Mikayılov, Əli
Hüseynov, Namaz Bədəlov, Süleyman Qasımov, Rəhilə
Ramazanlı, Elxan Məmmədli, xeyriyyəçi Arif
Əliyev, Mətbuat Şurasının sədri Əflatun
Amaşov və digərlərini bu gün respublikada
tanımayan çox az adam olar. İbrətamiz faktdı: "XIX əsrin sonu və XX əsrin
ilk iki onilliyini əhatə edən dövrdə...
Borçalıda fəaliyyət göstərən 116 poeziya təmsilçisindən 36 nəfəri şair, 61 nəfəri
el şairi, 19 nəfəri isə yaradıcı aşıq
olub".
Əsərdə
Faxralı obrazının kimliyini, nəçiliyini və onun
xarakterini incələyən, açan, bəlirləyən, nə qədər
ştrix-məqam var?! Onlardan birinə
üstünlük verib, digərlərini diqqətdən kənarda
saxlamaq niyyətim yoxdur, intəhası bir neçəsinin sadəcə
adını sadalamaqla müəllifin yaradıcılıq
müstəvisində nələrə və hansı məqamlara
məxsusi yer ayırdığını diqqətə
çatdırmaq istərdim. "Mən Nəbiyəm,
aşıqların zəriyəm", "Öyrədənin
və öyrənənin haqq səsi" və yaxud
"Ocaqdı Şamilim, pirdi Şamilim" esseləri,
xüsusən də "Sazlı-sözlü Faxralı"
bölməsi nəzərimcə, ayrıca bir araşdırma
mövzusudu. Müəllifin tədqiqatçı
zövqünə güzgü tuta biləcək bir məqam
olmaqla yanaşı, əsərin
ümumi palifoniyasına bir elm
ovqatı gətirən bu amil
özlüyündə onun həm də mükəmməl bir
tədqiqat işi olduğu təəssüratını
yaradır. Söhbətimin bu yerində müxtəlif ədəbi
mükafatlara layiq görülən Səməndərin eyni
zamanda, iyirmidən çox kitabın müəllifi olduğu faktını nəzərə
almaqla bugünkü gündə
onun filologiya üzrə fəlsəfə doktoru almağa tam
haqq etdiyini də deməliyəm.
Nəcib
və xeyirxah əməlləri ilə həyatı daha da zinətləndirən
insanların xidmətlərini
unutmayıb da, onu ədəbiyyata daşımaqla
yaxşıların ömrünü uzadan qədirbilən
dostun bu kitabı nəzərimdə faxralıların şəninə
ucaldılmış qədir ağacıdı: "Hər dəfə
yolum Borçalıya - böyüyüb boya-başa
çatdığım Faxralı kəndinə düşəndə
mütləq bir vaxtlar təhsil aldığım orta məktəbə
baş çəkir, mənim üçün dünyanın
ən müqəddəslərindən olan müəllimlərimlə
görüşürəm. Xəyal məni
çəkib yenidən keçmişə - bir vaxtlar təhsil
aldığım bu təhsil ocağına ayaq
döydüyüm illərə aparır. Xatirələr
çözələnir, yaddaşlar təzələnir.
Elə bil hər şey dünən olubmuş"- deyən
müəllifin nostalji duyğuları kimin üçün
qüssə dolu tanış mənzərə
deyil?!
İstedadlı
şair, ünsiyyətcil insan, gözəl natiq, xeyriyyəçi
və çörəkli kişi kimi tanıdığım,
qırx beş ilin məsləkdaşı olan canlara dəyən
dost Səməndərin bu qədər od-ocaq təəssübkeşi
olduğuna qətiyyən təəccüblənmirəm.
Konkret fakt, dəlil və arqumentlərlə sistemli şəkildə
təqdim etdiyi müxtəlif sənət, peşə və vəzifə sahibi olan insanları, yəni
öz qəhrəmanlarını urvatlı etmək istəyi küll halında qədirbilənliyin ədəbi-estetik
dərkinə xidmət edir. Nəticə isə ondan da
qanunauyğundu: "Faxralılar" bu kənddən olanların vizit
kartıdı.
525-ci qəzet 2017.- 7 dekabr.- S.7-8.