Daşkənddə Müslüm Maqomayevin 75 illiyi konsertlə qeyd olundu

 

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 75 illiyi münasibətilə "Məni xatırla" adlı yaradıcılıq gecəsi və konsert keçirilib.

 

Özbəkistandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, müslümsevərlər, konservatoriyanın professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

 

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev  Müslüm Maqomayevin həyatı və yaradıcılığı haqqında söhbət açıb, onun xatirəsinin ürəklərdə yaşadığını bildirib.

 

Çıxış edənlər Müslüm Maqomayevin dünya musiqi mədəniyyətinin inkişafındakı böyük xidmətlərindən danışıblar.

 

Konsert proqramında Özbəkistanın Əməkdar artisti Janisbek Piyazov, Əlişir Nəvai adına Özbəkistan OperaBalet Teatrının solisti Kirill Borçaninov, Tatarıstan və Başqırdıstanın Əməkdar artisti Firuza Xaldarova Müslüm Maqomayevin repertuarından olan ölməz mahnıları ifa ediblər.

 

Xədicə RƏHMAN

525-ci qəzet  2017.- 7 dekabr.- S.7.