Elmimizin fəxri
AKADEMİK
VASİM MƏMMƏDƏLİYEVİN 75 İLLİK
YUBİLEYİNƏ
Gövhər BAXŞƏLİYEVA
Millət vəkili, AMEA-nın
müxbir üzvü, professor, Şərqşünaslıq
İnstitutunun direktoru
Ümummüsəlman mədəniyyətinin
yaradıcılarından olan Azərbaycan xalqının
mütəfəkkir və alimləri əsrlər boyu bu mədəniyyətə
öz qiymətli töhfələrini verərək onu zənginləşdiriblər.
Bu zəka və ziya sahiblərinin yaratdığı əsərlər
onların adlarını İslam mədəniyyəti tarixinə,
eləcə də Azərbaycan xalqının tarixinə əbədi
həkk edib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü akademik Vasim Məmmədəliyev məhz belə
alimlərdəndir.
Akademik Vasim Məmmədəliyevin ilahi lütfdən
qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz
hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı və
şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri
təzahür etdirməsi onu fenomen şəxsiyyətlər
sırasına daxil edib. Ziyalı adının məsuliyyətini çiyinlərində
ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə
uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti
ilə yetişən akademik Vasim Məmmədəliyev həm
elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin
hüdudlarından kənarda böyük şöhrət
qazanıb.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim
ailəsində anadan olub. 1959-cu ildə
Bakının 113 saylı orta məktəbini bitirib Azərbaycan
Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinə daxil olub, 1964-cü ildə həmin
fakültəni fərqlənmə diplomu ilə bitirib. 1964-67-ci illərdə ADU-nun sami dilləri üzrə əyani
aspiranturasına daxil olub, Tbilisiyə ezam edilərək
aspiranturanı orada akademik G.V.Seretelinin rəhbərliyi
altında bitirib. Alim 1968-ci ildə
"Müasir ərəb, Azərbaycan dillərində və
Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji
təhlili" mövzusunda namizədlik, 1974-cü ildə isə
"Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs
və şəkil kateqoriyaları" mövzusunda doktorluq
dissertasiyası müdafiə edib. 1979-cu
ildən BDU-nun Ərəb filologiyası kafedrasının
professorudur. 1981-1991-ci illərdə BDU-nun
Şərqşünaslıq fakültəsinin dekanı,
1991-92-ci illərdə BDU-nun humanitar fakültələr
üzrə prorektoru vəzifəsində
çalışıb.
Vasim Məmmədəliyev 1991-ci ildən indiyə qədər
BDU-nun Ərəb filologiyası kafedrasının müdiri,
eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin
dekanıdır. Azərbaycanın və Dağıstan Muxtar
Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi
üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran
Elmləri və Ərəb filologiyası Akademiyasının
və Misir Ərəb Dil Akademiyasının müxbir
üzvü, İslam Əməkdaşlığı Təşkilatının
Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın
orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt
Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin
üzvüdür. Elm və təhsildə səmərəli
fəaliyyətinə görə "Şöhrət" və
"Şərəf" ordenləri, "Yusif Məmmədəliyev"
və İran İslam Respublikasının "Şəhriyar"
qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə
və Heydər Əliyev Fondunun "Qızıl
Çinar" beynəlxalq mükafatına layiq görülüb.
Alimin
işıq üzü görmüş son biblioqrafiyasında
onun bu günədək 41 kitab, 6 tərcümə əsəri,
19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə
doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, 650-yə
yaxın elmi və publisistik məqalə nəşr edib.
Akademik
"Ərəb ədəbi dilində felin zaman, şəxs və
şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi",
"Kufə qrammatika məktəbi", "Ərəb
dilçiliyi" adlı əsərləri ilə ərəb
dilçiliyinin ən ümdə məsələlərinin
kamil tədqiqatçısı kimi şöhrət
qazanıb. Onun elmi nəticələri VII əsrdən bəri
Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus
filoloqları arasında böyük diskussiyalar, klassik ərəb
dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında
mübahisə doğurmuş bir çox məsələnin
müasir dilçilik elminin nəticələri əsasında
aydınlaşdırılmasına əsaslı zəmin
yaradır.
Alimin bu əsərlərində
bir sıra məsələlər müxtəlif sami dilləri ilə müqayisəli şəkildə
araşdırılıb, klassik ərəb dilinin
materiallarına müraciət olunub, həmçinin, Azərbaycan,
rus, ingilis, fars, tacik və sair dillərin faktlarından
müqayisəli şəkildə istifadə olunub. Həmçinin, ərəb dilçilik elminin təşəkkülü
haqqında yeni mülahizələr irəli
sürülüb, müasir dilçiliyin bir sıra cərəyanlarının
mövzu ətrafında fikir və mülahizələri
geniş təhlil olunub.
"Quran və elm", Azərbaycanca-ərəbcə
lüğət, Bakı, 2012 (35 min söz) son illərin əsərləridir.
V.Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə
gedib çıxan Azərbaycan şərqşünaslığının
ən layiqli davamçısı, müasir şərqşünaslıq
elmimizdə Mirzə Kazım bəy ənənələrinin
daşıyıcısıdır. Həqiqətən, əsas tədqiqat
sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində
Şərq filologiyası, Şərq poeziyası, islam tarixi,
kəlam, fəlsəfə, təfsir, quranşünaslıq,
leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq
olunmuşdur və o, bu sahələrdə də qiymətli əsərlərin
müəllifidir.
Keçmiş Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsi SSRİ-də
yüksək səviyyəli şərqşünas mütəxəssislər
hazırlayan məktəb imicini qazanıb. Dünyanın
hər yerində Ələsgər Məmmədov kimi ərəbşünas
alim-pedaqoqun məktəbinin məzunları
seçilib-sayılan ərəbşünaslar hesab edilirdi.
Bu məktəbin nümayəndəsi, sonralar isə
akademik G.V.Seretelinin nəzəri məktəbini
keçmiş Vasim müəllim geniş diapazonlu, universal
biliklərə sahib ərəbşünas kimi
formalaşıb. Klassik və müasir dilçiliyin bir
çox nümayəndələrinin əsərlərinə
dərindən vaqif olan və onlara yaradıcı şəkildə
şərh verməyi bacaran, dilin ruhunu və məna
dünyasını idrak edən Vasim müəllim məhz bu
istiqamətdə araşdırmalar aparmağa
üstünlük verib.
Hörmətli akademik ilk dəfə olaraq ərəb
qrammatika məktəblərini sistemli şəkildə tədqiq
edib, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə,
Misir qrammatiklərinin əsaslandıqları nəzəri və
metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim
ərəb mənbələrindən faydalanan alim ərəb
dilçilik elminin əsas inkişaf yollarını izləməklə,
bu mühüm qrammatika məktəblərinin təlimlərini
müqayisəli şəkildə şərh edib. V.Məmmədəliyev
özünün "Ərəb dilçiliyi" adlı
fundamental əsərində ilk dəfə olaraq "ərəb
dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini
işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin
çoxəsrlik tarixə malik olduğunu sübuta yetirib. Ümumiyyətlə, akademikin "Ərəb
dilçiliyi" monoqrafiyası nəinki ərəb
dilçiliyinin ən ümdə məsələlərinin
mükəmməl tədqiqi, həmçinin, ümumi
dilçilik elminin inkişafına təkan verən
mühüm bir hadisə kimi dəyərləndirilməlidir.
Ərəb qrammatika elminin təşəkkülü
və onun məktəblərinin öyrənilməsinə həsr
olunmuş bu fundamental əsər Vasim müəllimin dünya
şərqşünaslığına layiqli töhfəsidir.
Təsadüfi deyil ki, akademikin bir sıra beynəlxalq
elmi konfrans və yığıncaqlardakı məruzələri
həmişə sanballı elmi nəticələri ilə ərəb
dili mütəxəssislərinin böyük marağına səbəb
olub. O, İraq Elmlər Akademiyasının, Suriya
İslam Elmləri və Ərəb Filologiyası
Akademiyasının və İslam Konfransı Təşkilatının
İslam hüququ Akademiyasının akademiki kimi şərəfli
ad daşıyır və ərəb dilçiliyi sahəsində
danılmaz nüfuz sahibidir.
Görkəmli
şərqşünas alim Azərbaycanda islam
dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin
ilk təşəbbüskarlarındandır. Bu
gün akademik Bakı Dövlət Universitetinin İlahiyyat
fakültəsinə başçılıq edir. Həmin fakültə ölkəmizdə ilahiyyat və
islamşünaslıq üzrə hərtərəfli
savadlı mütəxəssislərin hazırlanmasında
böyük rol oynayır. Respublikamızda
islamla bağlı mövhumat xarakterli ədəbiyyatın
yayılmasının qarşısını almaq
üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində
Elmi-Dini Şuranın yaradılması çox önəmli
hadisədir. Təsadüfi deyil ki, belə
bir mötəbər şuraya məhz Vasim müəllim
başçılıq edir. Yaddan
çıxarmamalıyıq ki, Azərbaycan Şərqlə
Qərbin qovuşuğunda yerləşir. Bu
baxımdan ilahiyyat üzrə yüksək səviyyəli və
peşəkar mütəxəssislər indi dünyaya inamla
inteqrasiya edən müstəqil respublikamız
üçün çox vacibdir. Ölkələrarası
münasibətlərin, iqtisadi, mədəni, elmi əlaqələrin
formalaşması və inkişafında din faktoru, bu dini təmsil
edənlərin yüksək peşəkarlığı
mühüm əhəmiyyət kəsb edir.
Bu gün
islam dininin mahiyyəti, eləcə də
onun incəliklərinə bələd olan yüksək səviyyəli
mütəxəssislərin hazırlanması obyektiv bir zərurətdir.
Vasim müəllim bu çətin, lakin şərəfli
işin də öhdəsindən uğurla gəlir.
1991-ci ildə müqəddəs kitabımız Qurani-Kərim
mərhum akademik Ziya Bünyadov və akademik Vasim Məmmədəliyev
tərəfindən Azərbaycan dilinə tərcümə
edilmişdir.
Bu, ölkənin elmi-mədəni həyatında
mühüm hadisə idi. Tərcümənin nəşri
ölkəmizdə İslama, bu dinin tarixinə, fəlsəfəsinə
və mədəniyyətinə dair araşdırmalara
güclü təkan verdi və Quranın
dəqiq məzmunu barədə təsəvvür əldə
etməyə imkan yaratdı.
Qeyd etmək
lazımdır ki, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə
Orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız
1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd
Kərim ağa tərəfindən həyata keçirildi. 3 cilddən ibarət tərcümə-təfsirin
işıq üzü görməsində Azərbaycan
xalqının fədakar oğlu Hacı Zeynalabdin
Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı
Məhəmməd Həsən Mövlazadə Şəkəvi
Tbilisidə Qurani-Kərimin 2 cildlik tərcümə-təfsirini
nəşr etdirib. Bu əsər öz
kamilliyi ilə həm Zaqafqaziya, həm də Cənubi Azərbaycanda
şöhrət qazanıb.
Qurani-Kərim çox bəlağətli, fəsahətli
bir dildə nazil olmuşdu. Əsrlər boyu Şərqin
ensiklopedik biliklərə malik nüfuzlu alimlərinin Qurana
şərhlər yazmışlar, lakin müqəddəs
kitabın bir çox ayələri öz əsrarəngizliyini
qoruyub saxlamaqdadır. Qurani-Kərimin nazil
olduğu ərəb dili öz leksik fonduna görə
dünyanın ən zəngin dillərindən biridir. Qeyd olunan bu faktlar Qurani-Kərimin Azərbaycan dilinə
tərcümə prosesinin mürəkkəbliyinə dəlalət
edir. Vasim müəllim mərhum akademik
Ziya Bünyadovla birgə bu məsuliyyətli işin öhdəsindən
şərəflə gəlib və Azərbaycan oxucusuna Allah
kəlamını ən yüksək səviyyədə
çatdıra bilib.
Vasim müəllimin bu tərcüməyə
yazdığı "Ön söz" və şərhlər
öz elmi siqlətinə, nəzəri əhəmiyyətinə
görə son dərəcə maraqlı bir əsərdir. "Ön
söz"də əksini tapmış metodiki ideyalar Qurani-Kərimin
tərcüməsində tam mənada gerçəkləşib.
Məhz bunun sayəsində tərcümə
oxucuların rəğbətini qazanıb və bir neçə
dəfə nəşr olunub. Qeyd etmək
yerinə düşər ki, müqəddəs
kitabımızın bu tərcüməsi artıq 17 dəfə
yenidən nəşr edilib.
Vasim
müəllimin ərəb, fars, türk və bir sıra digər
dilləri gözəl bilməsi, Şərq mədəniyyətinin
nümunələri ilə yaxından tanış olması,
İslam dünyasının böyük alimlərinin, mütəfəkkirlərinin,
ədib və şairlərinin əsərlərini dərindən
mənimsəməsi onun universal ensiklopedist alim kimi
formalaşmağında mühüm rol oynayıb.
Ərəb və fars dillərini mükəmməl bilməsi ona klassik şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi şöhrət gətirib. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır. Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh edib.
Hörmətli akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisidir. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib.
Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alimdir. Akademik sorağı müsəlman dünyasının ən böyük elm və tədris mərkəzlərindən gələn orta əsr Azərbaycan alimlərinin ənənəsinə sadiq qalan görkəmli ziyalımızdır.
Vasim müəllim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edir. İnstitutun Dissertasiya Şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyətlə iştirak edən hörmətli akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəmir. Alim illər uzunu böyük zəhmət hesabına əldə etdiyi elm xəzinəsini Azərbaycan elminin gələcəyi yolunda səxavətlə paylayır.
Vasim müəllim bu gün elmi yaradıcılığının çiçəklənmə dövrünü yaşayır. İnanırıq ki, hörmətli akademik Vasim Məmmədəliyev hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmimizi zənginləşdirəcək, onu yeni-yeni zirvələrə doğru aparacaq.
525-ci qəzet 2017.- 7 dekabr.- S.6.