Azərbaycanın ailə institutu: dünya
üçün nümunəvi model
Gender, ailə və
demoqrafiya məsələlərinin
işıqlandırılması
Azərbaycanda ailə dəyərləri tarix boyu yüksək qiymətləndirilib, xüsusi ayrıcalıq daşıyıb.
Müasir dünyamızda bütün dəyərlərin
deqredasiyaya uğradığı, ailə institutunun süquta doğru
getdiyi bir dövrdə Azərbaycan dəyərlərinin
möhkəm sütunlar üzərində dayanması da bundan
irəli gəlir.
Sağlam ailə həm də sağlam cəmiyyət
deməkdir. Qloballaşma və modernləşmə
dövründə ən böyük məsuliyyət valideynlərin
üzərinə düşür. Ailələr
texnoloji və iqtisadi inkişafın, xüsusilə,
qloballaşmanın gətirdiyi problemlərlə
qarşı-qarşıya qalır. Bütün
bu problemlərin öhdəsindən gəlmək
üçün fərdlərarası münasibətləri
düzgün qurmaq, uşaqları lap körpəlikdən
şəxsiyyət kimi formalaşdırmaq mütləqdir.
Qərb cəmiyyətində müşahidə olunan mənfi
dəyişikliklər əxlaqi aşınmaya yol
açıb.
Bu aşınmanın qarşısını
almaq üçün bəzi ölkələr artıq ailə
institutunu seçim kimi deyil, investisiya vasitəsi kimi qəbul
edirlər. Bütün dünyanın qərbə
üz çevirdiyi bir dönəmdə bu axına qarşı
çıxmaq, sivilizasiya ilə ayaqlaşmaqla yanaşı, həm
də öz dəyərlərini qorumaq gün keçdikcə
daha çətin və qarmaşıq hal alır.
Qlobal
ölçüdə ailə həyatı zamanla ortaya
çıxan innovasiyaların təhdidi altına girməkdədir:
texnologiyanın inkişafı, millətlərin rifah səviyyəsinin
yüksəlməsi, fərdiliyin artması, mənəvi dəyərlərin
zəifləməsi kimi simptomlar ailə həyatının təməlini
laxladır. Demoqrafik problemin artıq qərblə
bütünləşdiyini nəzərə alsaq, Qərbin ailə
quruluşunun cəmiyyətdə mövqeyi mövzusunda dalana
doğru getdiyini görmək çətin olmaz.
Qloballaşma şəraitində, inkişaf etməkdə
olan dövlətlərin Avropaya adaptasiyası kimi, Avropanın
da Şərqə, xüsusən, müsəlman-türk
dövlətlərinə inteqrasiyası zəruridir. Qərbin
sağlam ailə sistemi yaratması üçün Şərqin,
türk-müsəlman ənənələrini, milli-mənəvi
dəyərlərini, əxlaq normalarını mənimsəməsi
və tətbiq etməsi artıq aksiom halına gəlməkdədir.
Çünki müsəlman-türk cəmiyyətinin
ən önəmli dəyəri başqasını xoşbəxt
etməyə, şəxsi azadlıq, individuallıqdan imtina ilə
başqasının xoşbəxtliyini hədəfləməyə
yönəlir. Ailə təməlinin xilası da budur:
başqalarını özündən çox sevmək və
sevdiklərini özündən çox düşünmək...
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin İnformasiya və analitik
araşdırmalar şöbəsinin müdiri, Hüquq elmləri
üzrə fəlsəfə doktoru Elgün Səfərov daha
çox uşaqların təhsildən yayınma məsələsinə
toxunub. Komitə
rəsmisi qeyd edib ki, ailə institutunun formalaşması
üçün təhsil əsas şərtdir: "Azərbaycan
Respublikasında təhsildən yayınma halları fərdi
problemdir, əhali arasında o qədər də
yayılmayıb. İstər qız, istərsə
oğlanlar arasında olan bu problemin qarşısını
almaq məqsədilə müəyyən tədbirlər
görülür. Bu məsələ ilə
əlaqədar valideynlərin məsuliyyətə cəlb
edilməsi ilə bağlı inzibati xətalar məcəlləsində
xüsusi maddələr var. Valideynlər 100, 200, 500 manat
miqdarında cərimə olunurlar. Bundan
başqa, Cinayət Məcəlləsində nəzərdə
tutulub ki, yetkinlik yaşına çatmayan uşaqlar məcburi
əməyə məruz qalararaq təhsildən
yayındırıldıqda və bu, onların mənəvi və
fiziki inkişafına mənfi təsir göstərdikdə
valideyn və ya məsul şəxs 7 ildən 10 ilə qədər
cinayət məsuliyyətinə cəlb olunur".
Fəlsəfə
doktoru vurğulayıb ki, Ailə Məcəlləsi və
Mülki Məcəlləyə əsasən, valideynlər
öz vəzifələrini yerinə yetirmədikdə,
hüquqlarından sui-istifadə etdikdə məhkəmə qərarı
ilə valideynlik hüququndan məhrum edilmələri
mümkündür: "Bəzi valideynlər öz
hüquqlarından sui-istifadə edərək uşaqları məcburi
əməyə məruz qoymaqla təhsildən
yayındırıblar. Belə ailələr
yerli icra hakimiyyətində qeydiyyata alınıblar. Onlara psixoloq, sosioloq işçi və
hüquqşünas yardımı edilib. Eyni
zamanda, uşaqlara hüquqi yardım göstərilib".
Şöbə
müdirinin sözlərinə görə, belə hallar
aşkarlandıqda uşaqların digər ailə üzvləri
tərəfindən hər hansı zorakılığa məruz
qalmaları barədə dinləmə aparılır: "Təhsildən
yayınmasına səbəb olan şəxslərlə
psixoloqlar iş apararaq əsas səbəbləri öyrənirlər.
Dövlət komitəsi tərəfindən nəinki
qanunvericilik çərçivəsində hüquqi, həmçinin
maarifləndirici tədbirlər də həyata keçirilir.
Təhsildən yayınma faktlarının
azaldılması məqsədilə məktəblərdə
ailə dəyərləri ilə bağlı maarifləndirici
tədbirlər həyata keçirilir. Bəzi
ailələrdə valideynlər arasında məişət
zorakılığı halları müəyyən edilir.
Belə hallar gələcəkdə
uşaqların məktəbə getməməsinə səbəb
olur. Ona görə bu problemlərin aradan
qaldırılması məqsədilə həmin ailə
üzvləri ilə birbaşa iş aparılır. Yenə də qeyd etmək istəyirəm ki, bu vəziyyət
hər regionda fərqlidir. Məsələn,
məişət zorakılığı faktı üzrə
Bakı şəhəri birinci yerdədir. Təhsildən yayınma probleminin fərdi şəkildə
olduğunu nəzərə alaraq deyə bilərəm ki, bu məsələ
regionlarda kənd təsərrüfatı məhsullarının
istehsalına cəlb edilmiş uşaqlar arasında daha
geniş yayılıb. Bunun
qarşısının alınması üçün dediyim
kimi, qanunvericiliyin, məhkəmənin, Daxili İşlər
Nazirliyinin dəstəyi ilə reydlər aparılır".
E.Səfərov
bildirib ki, bununla yanaşı, nəinki məcburi əməyə
cəlb olunma, həmçinin virtual həyat da uşaqları
təhsildən yayındırır: "Yuxarı siniflər,
8, 9, 10, 11-ci siniflərdə şagirdlər dərsdən
qaçaraq internet kafelərə gedib oyunlarla məşğul
olurlar. Bəzən valideynlərin də xəbəri
olmur. Bu reydlər hər il 150-200
uşaq arasında aparılır. Bu cür uşaqların
valideynləri onlara nəzarət etmədikləri
üçün məsuliyyətə cəlb edilirlər və
onlarla mütəmadi olaraq iş aparılır. Əlbəttə, bu cür tədbirlərin həmişə
müsbət nəticəsi olmur. Bəzən
uşaqlar təkrar təhsildən yayınırlar. Belə olduqda, valideynlərin məsuliyyətə cəlb
edilməsi daha ağır şəkildə həyata
keçirilir. Profilaktik tədbirlər
yalnız uşaqlarla deyil, valideynlərlə də
aparılır. Sosioloq və psixoloqlar
uşaqların təhsildən yayınma probleminin mənbəyini
öyrənmək üçün valideynlərlə söhbət
edirlər. 15 yaşına
çatmış uşaqların əməyə cəlb
olunması onun fiziki və mənəvi inkişafına, təhsildə
iştirakına problem yaratmamalıdır".
Komitə rəsmisi bütün bu mənfiliklərə
rəğmən məsələyə pozitiv yanaşır. O, statistikaya əsasən,
bildirib ki, respublika üzrə uşaqların təhsildən
yayınması kütləvi deyil: "Amma daha böyük bəla
uşaqların erkən nikaha cəlb edilməsi xeyli
çoxdur. Uşaqların təhsildən
yayınmasına Bakı şəhərində daha sıx
rast gəlinir, rayonlarda isə daha azdır. Hər rayonda 1, ya da 2-3 fakt müəyyən
olunur".
E.Səfərovun
dediyinə görə, uşaqların narkotik maddələrə,
alkaqola, aludəçiliyə cəlb edilməsi ilə
bağlı statistik məlumatlar isə tamamilə fərqli vəziyyəti
göstərir: "Bunu təhsildən yayınma faktı ilə
müqayisə etsək, təhsildən yayınma faktları
daha çoxdur. Bütün tədbirlərdən
sonra bu faktların azaldığını və ya
çoxaldığını qeyd edə bilmərəm.
5 ildir, eyni şəkildə davam edir. Bəzi hallarda 1-2 təkrarlanan faktlar da olub".
Şöbə
müdiri Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi tərəfindən həyata
keçirilən tədbirlərə də toxunub:
"Narkotiklə mübarizə, onun insan üçün zərərləri
barədə maarifləndirmə materialları çap edilir,
mütəmadi olaraq təlimlər keçirilir. Eyni zamanda, komitə tərəfindən yerli media
orqanları ilə işlər aparılır və
narkomaniyanın mənfi təsirləri ilə bağlı
informasiya geniş yayılır. Komitənin
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin
fəaliyyəti çərçivəsində yeniyetmə və
gənclərin asudə vaxtlarının səmərəli təşkili
və maarifləndirilməsi məqsədilə
vaxtaşırı təlimlər, tədbirlər təşkili
olunur.
Uşaq və qadın hüquqlarının müdafiəsi,
ailənin normal inkişafına və
sağlamlığına mənfi təsir göstərən
hallardan və narkomaniya kimi zərərli vərdişlərdən
qorunması məqsədi ilə qaçqın və məcburi
köçkün məktəblərində, yetkinlik
yaşına çatmayanlar üçün tərbiyə
müəssisələrində maarifləndirmə
kampaniyası keçirilir. Kampaniyalar çərçivəsində
nazirliklər, rayon İcra Hakimiyyətlərinin Yetkinlik
Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə
Komissiyaları, rayon polis idarələrinin yetkinlik
yaşına çatmayanlarla işləyən
inspektorları, rayon Vətəndaş Vəziyyətləri
Aktlarının Dövlət Qeydiyyatı idarələrinin,
müvafiq QHT-lərin nümayəndələri, o cümlədən,
məktəblərin nəzdində Valideyn-Müəllim
Assosiasiyası rəhbərləri, məktəb
psixoloqları da cəlb olunmaqla müvafiq layihələr
aparılır".
"Təmiz
Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri
Mehriban Zeynalova ailə institutunda balansı qorumaq
üçün qadının öz ayaqları üzərində
dura bilməsinin mütləq olduğunu deyib: "İqtisadi
cəhətdən güclü olanda kişinin etdiyi hərəkətlərin
adekvat cavabını verməli deyil. Bizdə təsəvvür
belədir ki, qadın pulludursa, evin kişisi kimi rəftar etməlidir.
Bu yanlış düşüncə aradan
qaldırılmalıdır. Qadının
özünün seçim, qərar qəbulu, həyatda
möhkəm dayanması üçün iqtisadi gücü
vacibdir.
Faktlar göstərir ki, ailə modeli güclü
olmadığına görə qadın özünü
sığortalanmış, təhlükəsiz hiss etmir".
Psixoloq Elnur Rüstəmov gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinədir: "Bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir. Qərb ölkələrindən qaynaqlanır və bu gün Azərbaycan cəmiyyətinə sirayət etməkdədir. Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində, sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir".
Psixoloqun fikrincə, ölkədə cinslərarası konfliktlər əsasən məişət müstəvisində aktualdır:
"Əvvəllər kişi və qadın arasında əmək bölgüsü var idisə, indi bütün bunlar arxada qalıb. Texnologiyanın, eləcə də sivilizasiyanın inkişafı bu fərqi heçə endirib. Qadınlar daha aktiv, dinamik həyat tərzi sürürlər.
Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər də az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq".
Vəkil Zülfiyyə Bayramova məsələyə hüquqi tərəfdən yanaşıb:
"Qadınlar və kişilər qanun qarşısında bərabərdir, yeganə istisna qanunvericilikdə qadına ömürlük həbs verilməməsidir. Qalan bütün məsələlərdə məsuliyyət bərabərdir".
Z.Babayeva ölkədəki gender bərabərliyinin göstəricisindən məmnun deyil:
"Cəmiyyətimizdə xeyli stereotip var. Yazılmamış qanunlar kişilərə daha çox meydan verir. Amma bütün bunlar yanlış düşüncələrin məhsuludur".
Cavid QƏDİR
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir
525-ci qəzet 2017.- 7 dekabr.- S.6.