Kamal Abdulla və onun
Dastan poetikası
Cəlil NAĞIYEV
(Əvvəli ötən şənbə
sayımızda)
Dastanın mətnindən də göründüyü
kimi, Dədə Qorqud öyüd-nəsihət verən bir
müdrikdir.
Dastan yaradıcıları bu obrazı daha çox real qəhrəman
kimi göstərməyə çalışır, bununla belə
onu, adiləşdirmir, digər qəhrəman və personajlarla
eyniləşdirmir, onu kahinlik (övlayalıq), müəllimlik
məqamından aşağı salmır. Burada bir məqama
da diqqət yetirmək lazımdır. Dədə
Qorqud obrazı arxetipdir. O, qismən də olsa müqəddəsliyin
arxetipidir. Onun portretinin təsviri müasirlikdən
(klassikadan) daha çox qeyri-müəyyən qədimliyə
gedir (ən qədim totemik dünyagörüş, şamanizm
və s.). Dastanın yazıya alınması
dövrünün, yaxud da yeni (klassik) mərhələdə yaranması ilə
əlaqədar olaraq burada islam dini təsirlərinin, mədəniyyətinin
möhürü aydın şəkildə görünsə
də, bu qəhrəman daha çox ibtidai dini (mifoloji)
dünyagörüşün ifadəçisi kimi
çıxış edir. Bu baxımdan, Kamal
Abdulla Dədə Qorqudu adi bir dastan qəhrəmanı kimi
deyil, bir prinsip kimi görür. Onun
ümumiləşdirilmiş obrazı Mağara mədəniyyətinin
(Mağara mühitinin, Mağara dərslərinin) ifadəçisi
kimi özünü göstərir. Əgər şərti
də olsa, KDQ dastanının müəllifinin Dədə
Qorqud olması ideyasını qəbul etmiş olsaq (Kamal
Abdulla bunu belə hesab edir), təbiidər ki, o zaman haqlı bir sual yarana bilər: əgər
bu dastanın mətnləri müxtəlif dövrlədə
yarandığını deyiriksə, onda onları bir nəfər
necə yarada bilər? Əvvəla, müxtəlif
dövrlərə aid mifoloji süjet və mövzular
hansısa konkret bir dövrdə də yarana bilər. Ikincisi isə, ayrı-ayrı süjetlərin, motivlərin,
mövzuların müxtəlif dövrlərdə yaranması
faktını da inkar etmək olmaz. Bu baxımdan, tədqiqatçının
bu suala cavabı da məntiqli səslənir: “Cavab, bizcə
budur. Hər bir dövr üçün onun
özünün Dədə Qorqudu var idi. Bizim
bildiyimiz və qəbul etdiyimiz Dədə Qorqud bu Dədə
Qorqudların cəmi, bir növ invarantıdır. Bütün hallarda Dədə Qorqud ayrıca
götürülmüş, ancaq bir konkret zaman kəsiyində
yaşamış və yaratmış bir şəxsiyyət
deyil. O, Dədə Qorqudlardır və o, Dədə
Qorqud adlı prinsipdir” (səh.108-109). Dədə
Qorqud ümumiləşdirilmiş obrazdır (Molla Nəsrəddin
kimi), daha doğrusu, o, obrazdan çox bir arxetipdir,
kateqoriyadır.
Azərbaycan
dastan yaradıcılığında “Ustadnamə” adlanan bir ənənə
var. Bütün digər dastanlar kimi KDQ-un da müqəddiməsi
məhz belə bir “Ustadnamə”dir. Kamal Abdulla dastanın bu
hissəsini obrazlı olaraq “Mağara dərsləri”
adlandırır. Zahirən elə görünə
bilər ki, bu ustadnamə də bütün digər
dastanların ustadnamələri kimi, sadəcə
öyüd-nəsihət səciyyəli bir
parçıdır. Əslində isə,
burada ifadə olunan fikirlər sadə öyüd-nəsihət
çərçivəsidən kənara çıxır.
Bu qədim insanın (“mağaradaşın”) həyat,
cəmiyyət, varlıq haqqında sosial, psixoloji və fəlsəfi
qənaətlərinin məcmuu, gəldiyi nəticələrdir.
Bu baxımdan, bu öyüdlər həm də
qədim müdrikin ilk mağara dərsləridir.
Bu tədqiqatın bugünkü elmimiz üçün
xüsusi əhəmiyyət kəsb edən məsələlərdən
biri də “autentik mifdə potensial bədii-poetik enerjinin təzahürünün”
aşkar edilməsi cəhdidir. Bu problem bu tədqiqat əsrinin
əsas mövzularından biridir. Belə ki, tədqiqatın
məqsədlərindən biri ilkin bədii-poetikliyin yaranma
prosesini müəyyən etmək və onu elmi cəhətdən
əsaslandırmaq olduğuna görə, ilkin mətnin (mifin)
bədii-poetikliyinin kökünü,
onun nüvəsini, enerji mənbəyini tapmaq
lazımdır ki, tədqiqatçı diqqətini məhz bu nüvəni, enerji mənbəyini
müəyyən etməyə yönəldir.
Azərbaycan
mifologiyası və folklorşünaslığında ilk dəfə
olaraq bu tədqiqat əsərində “autentik mif” paradiqması
və bu paradiqmanın yaranma tarixi, ilkin kökləri, eləcə
də onun potensial bədiipoetik potensialı problemi tədqiqaq
obyekti kimi seçilmişdir. Əvvəla, Kamal Abdulla tədqiqatının
lap əvvəlində seçdiyi əsas araşdırma
obyeti olan “bədii-poetiklik” anlayışına aydınlıq
gətirir, “bədiilik” və “poetiklik” kimi ədəbi
istilahların bir yerdə (“bədii-poetik”) işlətməsinin
səbəbini açıqlayır. Tədqiqatçı
qədim mətnlərdə, o cümlədən də KDQ-da
“bədiiliklə” “poetkliyin” bar yerdə olması faktından
çıxış edərək “bədii-poetiklik”
istilahının daha dəqiq olduğunu deyir (səh.15).
Əvvəla qeyd etmək lazımdır ki, Ortaçağ
Şərq-türk dastan yaradıcılığında (bu
baxımdan xüsusilə yapon monoqotariləri buna misal ola bilər) “proza” (nəsr) və poeziya
(şeir) vahidliyi dominantlıq təşkil edir. Amma KDQ dastanı ilə əlaqədar başqa, həm
də çox əhəmiyyətli bir məqama diqqət
yetirmək vacibdir. Bu dastanın bədii-poetik
dili, demək olar ki, bütün digər dastanların dilindən
fərqlənir. Fərq isə ondan ibarətdir
ki, burada “poetik” üslubla, “prozaik”
qaynayıb-qarışıb və onları ayırmaq bəzən
çox çətin olur, hətta çox vaxt mümkün
olmur. Bu baxımdan, Kamal Abdullanın KDQ
dastanın bədii-poetik üslubunda müşahidə etdiyi
bu birgəlik mühüm əhəmiyyət kəsb edir.
Dastanın bu tipli narrativlik xüsusiyyəti, onun digər
ilkin bədii-poetik faktorlarının “təzahür” etməsinə
və formalaşmasına imkan yaratmışdır. Əvvəla,
bu, məlum olduğu kimi, dastanın məzmunu və
struktur-semantik səciyyəsi ilə müəyyən edilir (təkhiyyə
hissəsi və lirik hissə). KDQ-da isə
bu hissələr də birgəlik təşkil edir və bu həmin
dastanın bədiipoetik özünəməxsuluğunu
müəyyən edir. Nəhayət, Kamal
Abdullanın tədqiqatının özəyini təşkil
edən qədim (autentik) mifdə (burada konkret nümunə
olaraq KDQ-ın mif qatı nəzərdə tutulur) bədii
poetikanın enerjisi və onun təzahürününn müəyyən
edilməsi faktoru əhəmiyyətli rol oynayır. Kamal Abdulla bədii-poetik enerjinin ilkin təzahür
dövrlərini müəyyən etməyə
çalışır və onun “Mağara mərhələ”sini
(yəni ilkin, ən qədim, bəsit dövrü) önə
çəkir. Mağara mərhələsini tədqiqatçı
üç - “ştil”, “qabarma” və “partlayış” dövrə
ayırır. Müəllifin fikrincə, bədii-poetik
enerjinin nüvəsinin yaranmasını “mətnin ştil səviyyəsinin
aid olduğu mifoloji dansökülən dövrünə
(seçmə müəllifindir - C.N.) şamil etmək olar”
(səh. 113). Müəllifin fikrincə, dastanın mətnində
müşahidə edilən hadisələrin sakit, aram şəkildə təsviri, məhz bədii-poetikliyin
“ştil” səviyyənin məhsulu ola bilər. Bundan sonra, dənizdə olduğu kimi, bədii
yaradıcılıqda da, tam sakit, durğun havadan sonra “qabarma”
mərhələsi başlanır. Bu dövrün mətni
də öz səciyyəsinə görə “ştil” səviyyəsinin
mətnindən fərqlənir, Nəhayət, sonuncu səviyyə
“partlayış” səviyyəsidir ki, bu mərhələdə
sözün tam mənasında autentik mifin bədii-poetik mətni
yaranır. Əlbəttə,
bu yaranma və inkişaf mərhələləri
paradiqması bədii-poetikliyin potensial enerjisinin
formalaşması haqqında Kamal Abdullanının orijinal
hipotezalarından biridir. Bu hipotezanı,
müəllifin özünün də dediyi kimi, yalnız
immanent təhlil metodoloji araşdırma vasitəsilə əsaslandırmaq
mümkündür. Dastan poetikasının
araşdırılması yolunda bu metodologiya xeyli yararlı ola bilər. Tədqiqatçı
hər bölgü ilə bağlı dastandan müəyyən
ifadələr, parçalar gətirir ki, bu materiallar müəllifin
gəldiyi nəticələri nümayiş etdirir.
Tədqiqatda diqqəti cəlb edən məqamlardan biri də,
dastanın linqvopoetik təhlilidir. Kamal Abdulla bir
dilçi alim kimi, dastan poetikasının araşdırılmasında
linqvopetik istiqamətin də zəruri olduğunu hesab edir və
onu bədii-poetikliyin tərkib hissəsi adlandırır.
Tədqiqatçı hesab edir ki, bu dastanda
“sinonimlər ilkin bədii-petiklik vasitəsi kimi”
özünü göstərir. Belə ki,
onun fikrincə, “Sinonimlər qabarma mərhələsinin bəlkə
də ən ibtidai göstəricisidir” və bədii-poetikliyin
yaranmasında müəyyən rol oynayır, “Belə ki, bədii-poetikliyin
canı olan Partlayışın mənbəyi bir-birinin
yanındakı sinonimlərin bir-birinə sürtünüb
qığılcım yaratmasından əmələ gəlir
(səh. 127).
Haqqında bəhs edilən bu kitabda ibtidai bədii-poetikliyin
təzahür formalarından biri kimi “xüsusi arxitektonik
qurmalar” paradiqmasına da geniş yer ayrılmışdır.
Italyan alimi C.Vikonun “hər bir metafora ilkin
bir mifdir”, fikrindən çıxış etsək, o zaman
metaforaların həm də sintaktik səciyyə
daşımasını da qəbul etməliyik. Çünki həmin ilkin metaforalar bəsit sintaktik
quruluşa malik olan “xüsusi arxitektonik qurmalar” şəklində
təzahür edir. Bu baxımdan, Kamal
Abdullanın ilkin mifik mətnlərdə bədii-poetikliyin
meydana gəlməsi prosesində sintaktik-semantik qurma (süjet
yaratma) haqqında nəzəri konsepsiyası tamamilə məntiqlidir.
Monoqrafiyanın maraqlı ideyalarında biri də Dəşti-Müstəqimiyyə
və Dəşti-Məcaziyyə münasibətlərində
“kimi” qoşmasının metaforik düşüncə və
ifadə tərzinin formalaşmasında rolu məsələsidir. Müəllifin
fikri belədir ki, əgər mətndə “kimi” qoşması
varsa, bu artıq məsələnin Dəşti-Məcaziyyə
səthində olduğunu göstərir” (səh. 145). Beləliklə, “kimi” qoşması müəyyən
mənada bəsitlik, qədimlik əlamətidir ki, bədii-poetiklik
konsepsiyası təkmilləşəndən və sabitləşəndən
sonra bənzətmə prosesində artıq bu qoşmanın
yardımına ehtiyac qalmır.
Linqvopoetikliyin xüsusi əlamətlərindən biri də dastan mətnində “sahmanlayıcı ünsür”dür. Ibtidai, ilkin mifoloji nəzəriyyədə “sahmanlayıcı ünsür” faktoru da mühüm əhəmiyyət kəsb edir və demək olar ki, son dövrün əksər mifoloqları bu məsələyə xüsusi diqqət ayırır. Mif yaradıcılığında “Xaos-Kosmos” əlaqəsi bədii-poetik mifoloji mətnin yaranmasında başlıca vasitələrdin biri kimi çıxış edir. Fabula, süjet quruluşu ilkin mifik düşüncənin məhsulu olduğu kimi, “Xaos-Kosmos” qarşıdurması faktoru da sahmanlayıcı ünsür (vasitə) kimi bu prosesdə fəal iştirak edir.
Kamal Abdulla bu monoqrafiyasında, “məgər”, “ol” (bu) mahalda”, “bu yanadan” kimi KDQ-dən gətirdiyi ifadələrin dastanda sahmanlayıcı funksiya yerinə yetirdiyini və öz daxilində ilkin mifoloji semantik-struktur məna daşıdığını göstərmişdir. Burada həm də “sıfır variantlı” (implisit) sahmanlayıcı ünsürdən də bəhs olunur ki, bu paradiqma filologiya elmində dastan pontikasının tədqiqində tam yeni yanaşmadır.
Bəsit təfəkkür tərzinin mifoloji bədiipoetik ifadəsi kimi KDQ-da “sadəlövh suallar” məsələsi də çox aktual mövzulardan biridir. Bugünkü oxucu üçün bəsit (primitiv) sual kimi görünən haqqında bəhs olunan dastandakı “sadəlövh suallar” əslində, mifik mətndə həm o zaman üçün, həm də bu gün üçün dərin mənaya malik olan fəlsəfi kateqoriyaların bədii-poetik ifadəsidir. Belə ki, “Yağı diyü neye dirler?” kimi sualın cavabına bu gün də birmənalı cavab vermək mümkün deyil.
Dastanda olan təkrarlar, tədqiqatçının da qeyd etdiyi kimi, əsərin mətninin formalaşmasında, bədii-poetikliyin yaranmasında müəyyən rol oynamışdır. Kamal Abdulla burada müxtəlif tipli (cümlə, boy sonu və s.) təkrarların dastanda oynadığı rolu təhlil edərək, onların bədii və linqvistik əhəmiyyətini göstərmişdir.
Tədqiqatda, “bədii yasaqlar” (tabu) məsələsinə də xüsusi diqqət ayrılmışdır. Bədii (mifik, mistik) yasaq məsələsi demək olar ki, dünyanın bütün qədim insanlarının (Polinizeya, Avstraliya, Amerika aborigenləri kimi) mifoloji etnik dünyagörüşündə geniş şəkildə ifadə olunmuşdur. KDQ dastanı çox qədim köklərə malik olduğundan, burada da bir sıra mifoloji etnik yasaq nümunələri müşahidə edilməkdədir. Məsələn, qəhrəmanın adının gizlətməsi yasağı bir sıra xalqlarda olduğu kimi, türk-oğuz etnosun düşüncə tərzində də bədii-poetik səciyyə daşımışdır.
Monoqrafiyaya “Əlavələr” hissəsi də daxil edilib. Bu hissəyə müəllif özünün uzun müddət üzərində işlədiyi KDQ-un bədii-poetikliyi ilə birbaşa əlaqəsi olan sırf linqvopoetik nəzəri konsepsiyasını daxil etmiş və “Mif və Yazı” kimi digər problematik səciyyə daşıyan hissə də, haqqında bəhs olunan monoqrafiyanın ümumi məzmuna dolğunluq gətirmişdir.
Kamal Abdulanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” monoqrafiyası Azərbaycan folklorşünaslığında maraqla qarşılanmış və bu kitab haqqında dövrü mətbuatda çox maraqlı və genişhəcmli elmi təhlil səciyyəli tənqidi məqalə çap olunmuşdur.
525-ci qəzet 2017.- 9 dekabr.- S.18.