Dahi Üzeyir Hacıbəyliyə mənəvi oğulluq missiyası
KİVDF Layihəsi
Oxunub:
133 dəfə
Facebook Twitter
MySpace Google a - A +
08.12.17 15:05
Dahi Üzeyir Hacıbəyliyə
mənəvi oğulluq
missiyası<b style="color:red"></b>
Üzeyir Hacıbəylinin yaradıcılığı
hər zaman təbliğ olunmaqda və üzeyirseverlərin
ürəklərində yaşamaqdadır. Lakin onun müqəddəs ruhuna olan hörmət
və sevgini, ehtiram hissini biz musiqiçilər onun adına layiq
işlər görməklə,
tədqiqatlar aparmaqla,
onun əsərlərini
ifalarımızda yaşatmaqla
göstərə bilərik.
İlk musiqişünaslarımızdan olan Xurşid Ağayeva, daha sonra Elmira Abbasova, Qulam Məmmədli, Məmməd Saleh İsmayılov, Zemfira Qafarova, Zemfira Səfərova və bir çox istedadlı musiqişünaslar
dahi bəstəkarın
yaradıcılığına dair tədqiqat işləri aparmış,
Niyazi, Səid Rüstəmov, Əşrəf
Həsənov, Əfrasiyab
Bədəlbəyli, Rauf
Abdullayev, Fəxrəddin
Kərimov kimi tanınmış dirijorlar
onun əsərlərinə
dirijorluq etmiş, bir çox ifaçılar əsərlərini
müxtəlif yerli və beynəlxalq tədbirlərdə, konsertlərdə
ifa etmiş, Tofiq Bakıxanov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Musa Mirzəyev, Niyazi, Süleyman Ələsgərov
və başqa bəstəkarlar Üzeyir
Hacıbəylinin əziz
xatirəsinə əsərlər
yazmış, ona olan öz dərin
hörmət və ehtiramlarını bildirmişdilər.
Lakin üzeyirsevərlər arasında
xüsusi bir şəxs vardır ki, o, Üzeyir Hacıbəylinin nəinki
yaradıcılığının hərtərəfli tədqiqat
və təbliğatçısıdır,
həm də onu ürəkdən sevən və onun adını müqəddəs saxlayan mənəvi tələbəsi
və oğludur.
O,Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, istedadlı üzeyirşünas
və bəstəkar Sərdar Fərəcovdur.
Sərdar
Fərəcov1984-cü ildən Üzeyir Hacıbəylinin
ev muzeyinə
fonoteka müdiri kimi gələrək,
2005-ci ildən bu günə kimi muzeyin direktoru vəzifəsini icra etməkdədir. O vaxtdan etibarən bəstəkar Sərdar Fərəcov ikili yaradıcılıq istiqamətində çalışmağa
başlayır. Bir tərəfdən özünü
müasir dövrün
bəstəkarlıq tələblərinə
cavab verərək Sərdar Fərəcov kimi yetişdirir, özünü elmi biliklərlə zənginləşdirir,
digər tərəfdən
isə o, Üzeyir Hacıbəylinin əsərlərinin
tədqiqatçısına, təbliğatçısına, üzeyirşünas alimə
çevrilir. Musiqişünas
kimi öz qələmi ilə Üzeyir Hacıbəyliyə
aid elmi-publisistik məqalələr
yazır, bəstəkar
nöqteyi nəzərindən
isə Üzeyir Hacıbəylinin əsərlərində
müəyyən korrektə,
redaktə və bərpa işləri aparır, direktor kimi isə bu
müqəddəs ocaqda
Üzeyir Hacıbəylinin
adının təbliğinə
dair ictimai fəaliyyət yönümlü
işlər görür.
Bəzən elə olub ki, o, öz fərdi yaradıcılığına
bir bəstəkar kimi fasilə verərək Üzeyir Hacıbəylinin yaradıcılığında
olan natamam səhifələri özünəməxsus,
düzgünyönlü tədqiqetmə
bacarığı sayəsində
bəstəkarın öz
musiqili dəsti xətti ilə muzeydə davam etdirib. Sanki Üzeyir
bəyin müqəddəs
ruhu bu ocaqda
ona hər zaman işlərində mənəvi ata kimi yardımçı olur, ona istiqamət
verir.
100 ilə yaxın
itkin düşən sirli və mistik
"Şeyx Sənan"
operasının librettosunun
və bir neçə musiqi nömrələrinin bərpaçısı
da məhz Sərdar Fərəcovdur. Sərdar Fərəcov
"Ər və Arvad" musiqili komediyasını redaktə
edərək əsəri
operetta səviyyəsinə qaldıra bilmişdir.
Eləcə də
90-cı illərdə Azərbaycan
himni kimi tanıdığımız "Azərbaycan marşı"
haqda "Üzeyir Hacıbəylinin iki marşı", "Bir daha himn haqqında"
adlı məqalələrdə
himn barədə elmə ilk müfəssəl
məlumatları o vermiş,
hər iki marşı klavir və partitura üçün işləmişdir.
"Bahar nəğməsi",
"Simfonik rəqslər",
"Kolxoz çöllərində",
"Xurşudbanunun ariyası",
"Firuzənin ariyası"
və s. əsərlər
Sərdar Fərəcov
tərəfindən yenidən
həyat qazanmışdır.
Sərdar Fərəcov,
həmçinin, bəstəkarın
əziz xatirəsinə
xor və kapella üçün konsertini "Diptix" əsərini bəstələmişdir.
O, "Üzeyir Hacıbəyli"
ensiklopediyasına 30-dan artıq
məqalə vermiş,
"Vətən, Millət,
Ordu" məcmuəsini,
"Üzeyir Hacıbəyli
müasirlərinin xatirələrində",
"Komediya və yumorostik miniatürlər"
adlı kitabların tərtibçisi, Heydər
Əliyev Fondunun sifarişi ilə nəşr olunan "O olmasın bu olsun" musiqili komediyasının, "Leyli
və Məcnun",
"Əsli və Kərəm" operalarının
partituralarının redaktoru,
korrektoru olmuş, Üzeyir Hacıbəyliyə
aid onlarla kitablara, təqvimlərə ön
sözlər yazmış,
maraqlı məlumatlar
vermişdir.
Həmçinin, Üzeyir Hacıbəyliyə
həsr olunmuş
"Əbədi ixtifarımız"
filminin ssenarisinin müəllifi olan Sərdar Fərəcov Üzeyir obrazını məharətlə təsvir
etmişdir. Təbii ki, bu cür
mürəkkəb işlərin
öhdəsindən gəlməkdə
Sərdar Fərəcova
təkcə nəzəri,
intellektual biliklər və bəstəkarlıq
bacarıqları deyil,
həm də Tanrı tərəfindən
verilən vergi, mənəvi güc öz təsirini göstərmişdir.
Sərdar Fərəcov bir tədqiqatçıdan əlavə
həm də Üzeyir Hacıbəylinin
sirli dünyasına daxil olmağı bacaran və hətta Üzeyir Hacıbəyliyə məxsus
müəyyən yaradıcılıq
sirlərini özü
ilə saxlayan bir sirdaşdır desək yanılmarıq.
O, hər il
Üzeyir Hacıbəylinin
doğum günü ilə bağlı yeni-yeni tədqiqatlar aparır, müxtəlif tədbirlər, konfranslar,
konsertlər təşkil
edir ki, bu da təkcə
direktorluq vəzifəsindən
irəli gələn məsuliyyət və borc deyil... O, bu missiyanı hələ muzeyin sıravi əməkdaşı
olduğu illərdən
yerinə yetirməklə
məşğuldur.
Üzeyir
Hacıbəylinin ev muzeyinin keçmiş mərhum direktoru, bəstəkarın
baldızı oğlu
olan Ramazan Xəlilov Sərdar Fərəcovu əbəs
yerə sevmirdi. Sanki bu qoca müdrik insan, Sərdar Fərəcovun Üzeyir Hacıbəyli yaradıcılığının gələcəktədqiqatçısı olduğunu duymuşdu.
Sərdar Fərəcov Üzeyir Hacıbəyli yaradıcılığını
təkcə bəstəkar
kimi deyil, həm də musiqişünas, ədəbiyyatşünas
və şair kimi duyur, tədqiqatçı
gözü ilə araşdırır. O, Üzeyir Hacıbəyli yaradıcılığını
dərindən duyan və bilən üzeyirşünaslardandır. Onun "Oxu tar", "Bahar nəğməsi",
"Unudulmuş mahnı
- "səni gözləyir",
"Əsli və Kərəm haqqında",
"100 yaşlı "Leyli
və Məcnun",
"Əgər onlar tamamlansaydı... yaşasaydı"
məqalələri əsl
elmi-tədqiqatın bir
hissəsidir. "Ünvana
çatmayan vaza",
"Gəzməyə qərib
ölkə", "Üzeyir
bəyi rahat buraxın, cənablar",
"Üzeyir Hacıbəyli
və erməni sənətçilərinin mədəni
təcavüzü", "Dad yarımçıq əlindən",
"Açıq məktub"
məqalələrində isə
Sərdar Fərəcov
Üzeyir bəyə olan radikal münasibətlərə
qarşı əsl vətəndaş etirazını
bildirir və bəstəkarın yaradıcılığının
sanki keşiyində durur.
Bu gün biz Sərdar Fərəcovu Üzeyirşünas,
Əməkdar incəsənət
xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, bəstəkar,
musiqişünas və
müəllim, Üzeyir
Hacıbəylinin memorial ev
muzeyinin direktoru kimi tanıyırıq. Bu ocaqdan kənarda
Sərdar Fərəcov
öz adı və statusunun daşıyıcısıdır. Lakin Sərdar Fərəcov həm də Üzeyir Hacıbəylinin
mənəvi oğlu sayıla bilər. Məhz Üzeyir Hacıbəylinin ev muzeyində Sərdar Fərəcov ruhən mənəvi qida alır, bəstəkar kimi daha da inkişaf
edir, məqsədyönlü,
mübariz olmağa çalışır və
ən əsası burada özyaradıcılıq
dünyasını tapır.
Bütün bunlarla yanaşı,
o, muzey rəhbəri kimi muzeyin fəaliyyətinə
böyük məsuliyyət,
diqqət və qayğı ilə yanaşır.
Yalnız bu ocaqda Sərdar
Fərəcov Üzeyir
Hacıbəyli ilə
sanki məsləhətləşir,
ondan xeyir-dua alır və yeni-yeni yaradıcılıq
uğurlarına imza atır. Ona mənəvi ata
olan Üzeyir Hacıbəyli daim ona ruhən güc verir və onu bir
yaradıcı insan kimi yaşadır. Bəlkə də Sərdar Fərəcov ən böyük xoşbəxtliyini
məhz bu ocaqda tapa bilir.
Çünki məhz bu müqəddəs musiqili ocaqda mənəvi ata ilə mənəvi
oğul hər zaman ruhən görüşürlər.
Humay FƏRƏCOVA
525-ci qəzet 2017.- 8 dekabr.- S.4.