İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Özünü daha çox kübar romalı hesab edənlər
Trastveredə (“Tibrin ətrafında” mənasını verir)
yaşayan adamlardır.
Onlar uzun müddətdir ki, bir-biriləri ilə
qonşuluqda yaşayırlar. Trastvere dənizçilərin
və əcnəbilərin məhəlləsi idi. Buradakı Müqəddəs Mariya kilsəsi
Romadakı ən qədim kilsə hesab olunur.
Trastveredə küçələrin çoxu dar və
səkisizdir, çünki bura yalnız piyadalar
üçündür. Hər yüz addımlıqda kilsə,
saray, kafe qrupları olan kiçik meydanlar açılır.
Burada xeyli xalq restoranları olduğundan, buraya
çox sayda rəssam, artist və onların dostları
axışır. Bu mənada əsl xalq
ünsiyyəti, kənd ətrafının təsiri hiss
olunur. Kiçik restoranlarda italyan mətbəxi,
tər dəniz məhsulları üstünlük təşkil
edir. Ona görə də daim müştərilərlə
doludur.
Romanın möhtəşəm binalarından biri
çox sayda heykəllərlə bəzədilmiş Ali Məhkəmə
binasıdır, burada onu “Tribunale” adlandırırlar. Digər nəhəng
bina və iri ərazi ABŞ səfirliyinə məxsusdur.
Qaldığımız “Londra & Gargill” otelinə
yaxın olduğundan, biz tez-tez onun yanından keçirdik.
İtaliya Avropa İttifaqının üzvü
olduğundan çox sayda rəsmi binaların üstündə
İtaliya dövlət bayrağı ilə yanaşı,
Avropa İttifaqının ulduzlar dairəsi ilə bəzədilmiş
mavi rəngli bayrağı da dalğalanır.
Ümumiyyətlə,
Roma öz yaşıllığının bolluğu ilə
bir çox Avropa paytaxtlarını geridə qoymağı ilə
də öyünə bilər. Buradakı iynəyarpaq,
çox hündürdə oval çətirini yayan piniya və
ya italyan şamı şəhərin istənilən
guşəsindəki landşafta xüsusi gözəllik verir.
Romada və Milanda bizi təəccübləndirən
və ekzotika xarakteri daşıyan mənzərə
hündür evlərin damında kiçik meşəni
andıran gur yaşıllıq idi. Damüstü
ağaclar və kollar binalara cazibədarlıq verir. Romanın bir küçəsində üstü
yetişmiş meyvələrlə dolu olan mandarin
ağacları da qeyri-adiliyinə görə bu küçəni
başqalarından fərqləndirirdi. Sorrento
şəhərində isə küçələrdə bol
narıncı məhsulu, elektrik lampalarını andıran
portoğal ağaclarını görmüşdüm.
İtaliya şəhərlərində
taksi xidməti bir sıra cəhətlərinə görə
fərqlənir. Ondan istifadənin dəyəri
təkcə məsafədən deyil, həm də sutkanın
hansı vaxtından və avtomobilin sinfindən
asılıdır. Bazar günləri və
bayramlarda tarif, həmçinin, bahalaşır. Hər baqaj yerinə görə əlavə pul
ödənilməlidir. Taksiyə oturarkən
anlaşılmayan bir qaydada, ümumi qəbul edilən ilkin
xırda rəqəm əvəzinə, hesablayıcıda
iki-üç dəfə yüksək rəqəmi də
görə bilərsən.
Romanın
keçmişi və bu günü ilə vidalaşarkən
Tsitseronun sözləri yada düşür: “Roma sadəcə
coğrafiya məsələsi deyildir, Roma çaylarla,
dağlarla və ya hətta dənizlərlə müəyyən
olunmur; Roma qan, irq və ya din məsələsi də deyildir;
Roma idealdır. Roma on min illər ərzində bizim əcdadların
həmin dağlardan endiyi və icmalar şəklinndə necə
yaşamağı öyrəndikləri vaxtdan bəşəriyyətin
nail olduğu azadlıq və qanunun ən yüksək təcəssümüdür”. O, belə bir nəticəyə gəlmişdi
ki, bu, onların sivilizasiyasının fraqmenti, onlara çatan
xüsusi hədiyyə olmaqla, odun sirri kimi çox qiymətlidir.
Roma xeyli sınaqlardan keçsə də, nəticə
etibarilə özünəməxsus olan mahiyyəti qoruyub
saxlamışdır və buna görə ona layiq olduğu
ehtiramla yanaşmaq lazımdır.
Milan - zəhmət
və kommersiya şəhəri
Romadan
yenidən qatarla Milana qayıtdıq, bu dəfə yola iki dəfə
az vaxt sərf etdik, sürətli qatar yol
boyu yalnız iki stansiyada dayandığından, vaxta xeyli qənaət
olunurdu. Qatarların sürətinə gəldikdə
isə saatda 280-300 km-ə çatır, elektrovozların qabaq
hissəsi raketi və ya delfin burnunu xatırladır. Əlbəttə, bu heç də Yaponiyadakı
qatarın saatda 500 km yol qət etməsi deyildir. Mlandan
Romaya gedərkən qatar Florensiyada dayananda
biz hamımıza keçmiş səfərlərdən
yaxşı tanış olan Santa Mariya del Fiore kilsəsinin
narıncı rəngə çalan qübbəsini
müşahidə etməkdən həzz aldıq.
Yaşayacağımız
“Romana Residense” - “Romalının iqamətgahı” oteli Duomoya
yaxın məsafədə idi. Milanın (rəsmi
qaydada Milano adlanır) taleyi dünyanın bütün
böyük şəhərlərinin çoxu kimi, tarixi cəhətdən
paradoksal olaraq qalır. Bir sıra faktorlar əsas
götürülərək, Milanın birləşmiş
İtaliyanın paytaxtı olacağı
düşünülürdü. Çünki
Milan ölkənin varlı şəhərlərindən biri
idi. Fransız yazıçısı
Stendal epitafiyasında (qəbri üstündəki yazıda)
özünün “milanlı” adlandırılmasını arzu
edirdi. Axı o, pərəstişkarı
olduğu Napoleonu 1800-cü ildən başlayaraq onun hərbi
yürüşlərində müşayiət etmişdi.
Şəhərlə tanış olduqda
fransızın bu vurğunluğuna inanmaq istəyirsən.
Milan hələ XIX əsrdə İtaliya şəhərləri
arasında daha çox Avropa şəhəri
sayılırdı, lakin qitənin mərkəzinə çevrilə
bilməzdi. Avropanın paytaxtının tələb etdiyi
mütləq şərtlərə görə Milan çox zəif
idi. Roma isə İntibah
Florensiyasının dəyərlərini və dilini (axı ədəbi
italyan dili ilk dəfə florensiyalı Dante Aligyeri tərəfindən
XIV əsrin əvvəlindən işlədilməyə
başlanmışdı) absorbsiya edərək, bu dəyərləri
əsrlər ərzində inteqrasiyaya uğradıb, bu gün
mövcud olan bir paytaxt şəhərinə
çevrilmişdi.
Adi bir misal. XX əsrdə ayrı-ayrı ölkələrə
və şəhərlərə böyük populyarlıq gətirən
kinematoqrafiya Romada inkişaf etmiş, 1950-65-ci illər
arasında özünün ən yüksək zirvəsinə
çatmışdı. Milanda bu sintetik sənət
növü heç vaxt kök salmamışdı. Roma müasir şəhər işığı ilə
antik adlanan klassik elementləri yenidən yaratdı. Antik
abidələr nə qədər çox olsa da, Romanın
müasir həyat tərzinə mane ola,
onun dövrlə mütənasiblik ritminə xələl gətirə
bilmədi. Milan isə bunu edə bilməzdi,
onun nəbzi başqa parametrlərdə
döyünürdü. Milan
yaradıcı ziyalılar üçün cazibə qüvvəsinə
malik deyildi. Roma isə həm tarixi, həm də
müasir tipli cazibədarlığı ilə II Dünya
müharibəsindən sonra, çiçək axtaran bal arısı kimi buraya axışıb gələn
yaradıcı ziyalıları özündə məskunlaşdırmaqla,
əsl sənət mərkəzi kimi qaldı. İntibahı
Florensiyanın əlindən alan Roma XX əsrin
ikinci yazısında iri incəsənət mərkəzi rolunu
oynadı.
Milanın
yaranması da Romanınkından fərqlidir, şəhərin
əsası b.e.ə. 600-cü il ətrafında
qallar tərəfindən qoyulmuşdur. B.e.ə.
III əsrin sonlarında Roma Mediolanum adlanan bu şəhəri
işğal etmişdi. Milan o vaxt Sizalpin
Qalliyası kimi tanınan Alp dağlarının Roman tərəfinin
“ən qüdrətli” şəhərlərindən biri idi.
İmperator Avqustun hakimiyyəti dövründə
İtaliyanın 11 regionundan birinə çevrildi, bir qədər
sonra isə Roma imperiyasının ikinci şəhəri oldu.
Hun sərkərdəsi Attila 452-ci ildə şəhəri
viran qoydu, heç bir əsr keçməmiş qotlar da onu
dağıtdı.
Barbar müdaxilələri çoxalsa da, şəhər
bütünlüklə məhv olmadı. VIII əsrdə frank
kralı Şarlemanıın ərazilərinə qoşuldu. XI əsrdə isə gələcək böyük
Milanın bünövrəsi qoyuldu.
Sonrakı əsrlərdə Milan inkişaf edən
qonşuları - Pavia, Kremona, Komo və Lodi ilə uzun müddət
vuruşmalı oldu. I Fridrix Barbarossa Milanı müqəddəs
Roma imperiyasının hakimiyyəti altına gətirmək
istədi, lakin Barbarossa özü german qoşunları ilə
döyüşdə məğlub olduğundan, bu, baş
tutmadı.
Şəhərdə sənaye və merkantil iqtisadiyyat
sürətlə inkişaf edirdi. XV əsrdə Milan
ambitsiyalı general Sfortsa tərəfindən mühasirəyə
alındı. O, şəhəri işğal etdi və
yeni sülaləsini yaratdı. Milan
üçün böyük inkişaf dövrü
başladı. Bu vaxt həm də
İtaliya Renessansının qızıl dövrü idi.
Fransa
kralı I Fransisk Milanı 1515-ci ildə işğal etdi, lakin
özü on il sonra Paviyada ispanlara əsir
düşdü. XVI əsrdən isə
bütöv Milan dövləti Müqəddəs Roma imperatoru
və İspaniya kralı V Karlın ağalığı
altına düşdü, onun gələcək varisi II Filipp ərazinin
hersoqu oldu. XVIII əsrin əvvəlində
isə şəhər ispanların ağalığından
Avstriya ağalığına keçdi.
Bu dövrdə görkəmli italyan filosofu,
hüquqşünaslığa böyük töhfə verən
Çezare Bekkaria fəallıq göstərirdi. Puqni cəmiyyəti
adlanan Milan qrupunun üzvləri Avstriya senzurasının əleyhinə
Fransa inqilabı nəzəriyyəçilərinin
ideyalarını qəbul edirdilər. 1796-cı
ildə Napoleon Bonapartın başçılıq etdiyi
Fransız respublika ordusu Milana girdi, əhali, xüsusən orta
sinfin nümayəndələri ordunu sevinclə
qarşıladı. Bir il sonra burada
Sizalpin Respublikasının konstitusiyası elan edildi.1805-ci ildə
isə Milan Napoleonun hakimiyyəti altında olan İtaliya
krallığının paytaxtı oldu. Napoleonun
özü bu şəhərdə taclandı.
Napoleon imperiyası süqut etdikdən sonra, 1815-ci ildə
Vyana konqressinin qərarı ilə, Avstriyanın müdaxiləsi
nəticəsində şəhər Avstriya əsarətinə
keçdi. Bu əcnəbi nəzarət 40 ilə qədər
davam etdi. 1854-cü ildə Milan I Viktor
Emmanuel və III Napoleon kimi iki müttəfiqin şəhərə
zəfərlə daxil olmasının şahidi oldu və o
vaxtdan etibarən özünü milli iqtisadiyyatda birinci əhəmiyyətə
malik olan kimi göstərdi. Faşizmin dan
yerini təmsil edən bu şəhərdə 1919-cu ildə hərbi
sağ qrupların formalaşması meydana gəldi. Sadə milanlılar bu gün də Mussolininin zəhmət
adamlarının tərəfində olduğunu vurğulamaqla,
onun müsbət tərəfini qeyd etməyə
çalışırlar.
Milan Şimali İtaliyada Po çayı vadisinin özəyində
yerləşir. Onun ətrafında iri düzənlik
vardır. Şimal tərəfdə isə
Alp dağlarının cənubu yerləşir. Po çayının yanındakı bataqlıqlarda
kiçik meşələr və düyü tarlaları
vardır.
Milanın üzləşdiyi
tarixi böhranın istənilən dövründə, qəribə
də olsa, şəhərin üzvi quruluşunda irəliləmə
və konsolidasiya ifadə olunurdu. Min il
ərzində şəhərin göbəyi indiki kafedral kilsə
olan Duomodan cənubi-qərb tərəfdə yerləşirdi.
Karolinqlər dövründə şəhər
müdafiə məqsədləri üçün öz ətrafını
möhkəmləndirmişdi və bu özək indiyədək
şəhərin planlaşdırılmasına öz təsirini
göstərir. Duomodan bir qədər aralıda,
meydanda onun sol tərəfində yerləşən nəhəng
Ticarət Mərkəzi olduqca hündür və möhtəşəm
bir kompleksdir. Binanın interyeri
Vaşinqtondakı özündən çox cavan olan Reyqan təyyarə
limanını yada salır. Burada
dünyanın tanınmış firmalarının bahalı
mağazaları vardır. Ümumiyyətlə,
bu zona müasir şəhərin mərkəzinə
ağalıq edən bir məkan kimi də qalır.
Ticarət mərkəzinin yanındakı restoranda nahar edərkən böyük amerikan yazıçısı Ernest Heminqueyi xatırlamaq imkanı qazandıq. O, Havanada hər gün eyni kafeyə gəlib, orada daykiri kokteyli sifariş edirmiş. Bu barədə səfər yoldaşlarımızdan biri ilə əvvəllər yazıçının yaradıcılığını həvəskar qaydada təhlil edərkən yada salmışdıq. Menyuda daykiri içkisini görəndə o, mənim üçün onu sifariş verdi. Kiçik şampan qədəhindəki kokteyldə romdan daha çox, onun şirinliyi hiss olunurdu. Moxito kokteyli isə iri bokalda verildiyindən və içkiyə xeyli təzə nanə yarpaqları əlavə edildiyindən, tərkibindəki rom və buz daha yaxşı təsir bağışlayırdı. Başlıcası, əsərlərindən həzz aldığımız Heminqueyi xatırlamaq naminə kiçik də olsa, bir bəhanə əldə etmişdik. Moxito nə qədər xoş gəlsə də, belə pietet yarada bilməzdi.
(Ardı var)
525-ci qəzet.-2017.-9 dekabr.-S.22.