Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Şirməmməd HÜSEYNOV

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

Milli Azərbaycan bayramı 28 Mayıs Azərbaycan Cümhuriyyəti elani-istiqlalının 11-ci ildönümü olmaq münasibəti ilə milliyyətçi azərilər hər tərəfdə bu günü böyük bir ruh yüksəkliyi ilə təsit etmişlərdir.

 

İstanbulda

 

Keçən sənələrdə olduğu kibi bu sənədə də İstanbulda müqim azərbaycanlılar “Odlu-Yurd” idarəxanəsində (əvvəlki illərdə “Yeni Qafqasiya” və “Azəri-Türk”) toplanaraq 28 Mayıs gününü bərabərlikdə təsit etmişlərdir. Azərilərdən başqa yerli türklərlə Türkistan, kafkasyalı, ukraynalı dostlarımız da hazır bulunmuşlardır.

 

Təsit mərasimi ictimadakı gənclərin bir ağızdan Azərbaycan istiqlal marşını oxumaları ilə başlamış, marşı mütəaqibən, Azərbaycan Şurayi-Millisi rəisi, baş mühərririmiz M.E.Rəsulzadə bəy, tradisyonel nitqini irad ilə ictimada hazır olan millətdaşları bu gün münasibəti ilə təbrik və möhtərəm müsafirlərə ictimai təşriflərindən dolayı ərzi-təşəkkür eyləmişdir.

 

Emin bəy 28 Mayıs bayramının vətən ayrısı qaçqınlarla bərabər istilaçı düşmənlərin müdhiş təqibatlarına rəğmən vətəndə qalaraq hər cür vasitələrlə qızıl rus rejminə müqabilə edən idealist azəri nəsli tərəfindən də təsit edilməkdə olduğunu qeydlə istiqlal mücadiləsi səhifələri üzərində duraraq, bu mücadilənin müxtəlif xalq təbəqələri arasında görülən şanlı təzahürlərini dinləyənlərin nəzərində canlandırdı.

 

Bundan sonra natiq beynəlmiləl siyasi vəziyyəti təhlil edərək, Rusiya daxilindəki mali, iqtisadi və siyasi böhranı anladaraq, Sovetlər ittihadındakı milli iftiraq hərəkatlərının nə yolda iləriləməkdə olduğunu anladaraq Azərbaycan milli hərəkatının ən təbii müttəfiqləri və cidal dostları olan Qafqasiya, Ukrayna və Türkistan millətlərinin ictimada hazır olan müməssillərini olduğu kibi, Şərq istiqlalçılığının böyük rəhbəri olan qardaş Türkiyə Cümhuriyyətini dəxi salamlayaraq dedi ki:

 

   “Qəhrəman Türkiyənin nail olduğu istiqlal şərəfi eyni yoldan gedən bizlərə də müqəddərdir, 28 Mayıs, bu vəd olunmuş günü bizə bütün vüzuh və parlaqlığı ilə xatırladan böyük bir gündür! Bu günün mislində hürr və məsud vətəndə yaşadığımız parlaq istiqlal anlarını nəzərimizdə canladaraq ondan aldığımız ilham ilə, hər dürlü fədakarlığa hazır olaraq, istiqlala böyük bir əzm və ümid ilə yürüyəlim.. Yaşasın istiqlal!..(Alqışlar!)

 

Nitqinin sonunda M.E. bəy istiqlal mücadiləsi uğrunda şəhid düşən qəhrəmanların tərhimi-yadı üçün ayağa durmağı təklif edincə bütün məclis bir adam kibi ayağa qalxaraq, bir neçə dəqiqəyi hüşu və sükut içində keçirmişdir.

 

Bu açılış nitqindən sonra gənclər tərəfindən hazır edilib də M.Əmin bəyə təqdim edilən bayraq mərasimi ictimanın təsviri qabil olmayan çox həyəcanlı anını təşkil eyləmişdir. İpəkdən yapılmış olan bayrağı göğsü üzərində sərili olaraq rəyasət kürsüsünə doğru yeriyən Dilşad xanımı Sürəyya xanım təqib edirdi. Sürəyya xanım bayrağın Emin bəyə təsliminə bir müqəddimə olaraq atidəki nitqini çox səlis, həyəcanlı və canlı bir əda ilə söylədi: Vəziyyətin xüsusiliyi ilə xətibin səmimiliyi təsirini əkməl surətdə icra eyləmiş, bütün salon həyəcandan kəndini tutamamış, sürəkli alqış tufanı bir nədən sonra yatışınca məclisdə ağlayanlar bulunduğu görülmüşdür.

 

Sürəyya xanımın bu nitqini eynən nəşr ediyoruz:

 

“Möhtərəm Emin bəy!

 

Bu gün Azərbaycan tarixinin, qaranlıq könüllərlə istiqlal nurunu sərpən, təmiz vicdanlara qurtulmaq imanını təlqin edən ən fəyyaz səhifələrindən biridir.

 

Azəri gənci bu müqəddəs günün yüksəkliyini bütün qəlbi ilə yaşıyor. Xain düşmən tam sinəmizdən vurdusa da istiqlal üçün döyünən urəklərimizi durduramadı və durduramaz. Bu gün bütün gənclik bir tək müztərib qəlb kibi çırpınaraq, intiqam bəkliyor. Onun yeganə qayəsi, vətənimizi o qızıl pəncədən qurtarmaq, onu yenidən yaşatmaqdır.

 

Bu gün bayrağımızı məfkurəmizi təmsil edən sizə təqdim edərkən, qəlbimiz imanla doludur.

 

Əvət, xain düşmən o sevimli bayrağımızı edirməklə ürəyimizi yaraladı. Fəqət Azəri gənci yurdumuzun üzərində sallanan və şərəfsiz bir zəfərin saxta bir timsalı olan o qanlı düşmən bayrağını endirəcək, üçrəngli sevimli bayrağını yenidən yüksəldəcəkdir.

 

O zaman bizdə bütün cihana hayqıracağıq ki:

 

- Azərbaycan yalnız və yalnız azərilərindir.

 

Yaşasın müstəqil Azərbaycanımız!”

 

Emin bəy nitqdən duyduğu həyəcanla bayrağı Dilşad xanımın əlindən almış, müqabilədə bulunmaq istədiyi halda, bir an duraqladıqdan və təəssürünü gizlədiləməyən bir qeyrətlə tutduqdan sonra, şiddətli alqışlar altında bu sözləri söyləmişdir:

 

“İstiqlalımızla bərabər olaraq yaşadığımız məsud gündə “Bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz” demişdim. İstiqlalımızın uğradığı müvəqqət infisalı əbədi inqiraz şəklində görən düşmən bu şüarı istihfafla qarşılar. Sürəyya xanımın istiqlalçı Azərbaycan gəncliyi naminə bu ruhları tutuşduran müqəddəs həyəcanla gətirdiyi bu bayraq onlara verilmiş nə müşküt bir cavabdır. Əvət, vətəndaşlar, əvət, ey vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o imanlı Azəri gəncliyinin əlindədir, çox çəkməz o əl onu təkrar Azərbaycan üfüqlərində ehtizaz etdirir. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi...”

 

Bundan sonra Türküstan müməssili Osman bəy əf. mənidar bir nitq iradı ilə bu gün münasibəti ilə bügünkü azərbaycanlı qardaşlarını təbrik eyləmiş, bu böyük cidalda Türküstanın da kəndiləri ilə bərabər olduğunu təmin etmişdir. Osman bəyin nitqi sürəkli alqışlarla qarşılanmışdır.

 

Osman bəydən sonra Şimali Qafqasiya adına Səid Şamil bəy əfəndi xitabətdə bulunmuşdur. Çox səlis bir türkcə və yüksək bir ruhla söylənən bu nitqini Səid bəy, “Azərbaycanın səadəti bizim səadətimiz, onun fəlakəti isə bizim fəlakətimizdir. Yaşasın Azərbaycan.. Yaşasın Qafqasiya konfederasyonu!” sözləri ilə bitirdi və şiddətlə alqışlandı.

 

Səid bəydən sonra söz alan Ukrayna müməssilinin orjinal nitqi gurultulu alqışlarla qarşılandı. Ukraynalının “türkcə bilmədiyimə təəssüf edərim, rusca isə söyləmək istəməm, müqəddiməsi ukraynaca olsa da ictimadakılarca hədsən anlaşılmış, candan alqışlarını cəlb etmişdir. Böylə bir müqəddimə ilə söylənən nitqin artıq tərcüməyə möhtac olmadığı aşikardır. Bəllidir ki, natiq Ukraynanın salamını Azərbaycana söyləyir və düşmanın müştərək olduğunu qeyd ediyordu. Bunun üçün də alqışlanıyordu.

 

Nəticədə “Odlu-Yurd” mühərriri Mirzə Bala bəy bu gün münasibəti ilə M.Emin bəy və idarəxanə naminə gələn təbrik teleqraflarını birər-birər oxuyor və hər oxuduqca alqışlanıyordu. Teleqraflar aşağıdakı tərtiblə oxunmuşdur:

 

Parisdən - heyəti-mürəxxəsə naminə Mir Yaqub bəydən.

 

Varşavadan - Mustafa, İsrafil və Cahangir bəylərdən.

 

Parisdən - Cəmiyyəti-xeyriyyə naminə, rəis Leyla xanımdan.

 

Berlindən - İstiqlal komitəsindən.

 

Tehrandan - İstiqlal komitəsindən.

 

Ankaradan - Azərilər naminə Baykara bəydən.

 

Təbrizdən - M.Hülusi bəydən.

 

Rəştdən - Əlizadədən.

 

Trabzondan - Azəri mühacirlər naminə M.Nağı bəydən.

 

Amasyadan - Azərilər naminə Yasin bəydən.

 

Əskişəhərdən - H.A.Nuri bəydən.

 

Trabzonda - Səməd bəy və Şehbal xanımdan.

 

Təbrik teleqraflarının oxunmasından sonra Emin bəy hazırda olanlara təşəkkürlə ictimanın rəsmilikdən çıxdığını elan ilə, kəndilərini formalitəsi yetişmədiyindən dəvəti mayısın 30-na təliq olunan “Milli Azərbaycan gecəsinə” çağırıyor.

 

İctimanın rəsmən sonu gəlməsinə rəğmən müsafirlər geç vaxta qədər idarəxanədə qalaraq həsbihalda bulunmuşlardır.

 

Milli Azərbaycan gecəsi

 

Mayısın 30-cu gecəsi, “Unyon Fransez” salonunda “Odlu-Yurd” məcmuəsinin təşəbbüsü və Rəsulzadə Məhəmməd Emin bəyin müdiriyyəti ilə pək təntənəli bir sürətdə “Milli Azərbaycan gecəsi” tərtib edildi.

 

Gecəyə 600-ə yaxın dəvətli iştirak ediyordu; İstanbulda yaşayan bütün azəri ailələri ilə bərabər gecədə hazır bulunduqları kibi, Türkiyə türklərindən bir çox ailələr, professorlar, müəllimlər, tələbə, mühərrirlər, Xaql firqəsi ilə Türk Ocağı ərkanından bəziləri və digər zəvat təşrif gətirmişlərdi. Bunlardan başqa İstanbulda yaşayan türküstanlılar, kazanlılar, dağıstanlılar, gürcülər, ukraynalılar, iranlı (azərbaycanlıları) ailələr və s. dost və qardaş millətlərə mənsub olanlar dəxi hazırdı.

 

Müsafirləri qapıdan salona qədər bir neçə yerdə azəri gənclərindən ibarət istiqbalçılar qarşılayır və salonun qapısında azəri qızlarından ibarət bir heyət tərəfindən müsafirlərin göğsünə göy, qırmızı və yaşıl rənglərdən ibarət və milli Azərbaycan bayrağını göstərən birər rozet taxılıyor, birər Azərbaycan arması və gecənin programı verilərək içəri alınıyordu.

 

Salon xınca-xınc dolmuş, hazirundan bir qismi hətta ayaq üzərində durmaq məcburiyyətində qalmışdı.

 

Saat doqquzda pərdə açıldı və səhnədə baş-başa vermiş Türkiyə və Azərbaycan bayraqlarını görüncə xalq ürəkdən alqışlamağa başladı. Sima xanımın pianoda çaldığı və ayaqda dinləyən hazirun tərəfindən şiddətlə alqışlanan “Türk istiqlal marşından” sonra otuz nəfərdən ibarət qadınlı-kişili bir gənclər heyəti “Azərbaycan istiqlal marşını” oxudu və eyni səmimiyyət və həyəcanla qarşılanan bu marş daha gurultulu alqışlarla qarşılandı.

 

Marşlardan sonra pərdə qapandı, təkrar açılınca səhnədə sıra ilə göy, qımızı və yaşıl rəngli əlbisə geymiş bulunan yavru qızlardan Süheyla, Gültəkin və Məlahət xanımlar görünərək müsafirlərə bəyani xoş amədi etdilər.

 

Bundan sonra Mirzə Bala bəyin konfransiyəliyi ilə aşağıdakı tərtib və proqram üzərinə nömrələr göstərildi.

 

Sürəyya xanım səhnədə qızlı-kişili bir heyət içərisində, Azərbaycan istiqlalı və mücadiləsini təsvir edən alleqorik gözəl bir masal söylədi və son dərəcə bəyənildi. Xalid bəy Gültəkin bəyin “Anama” şeirini inşad etdi. Gültəkin, Süheyla və Məlahət xanımlar “Bayrağa dua” rəqsini yapdılar. Rəxşəndə xanım “Bayrağım və istiqlalım” şeirini inşad edərək alqışlandı. Həsən bəy tarda bir motiv çaldı. Xor Azərizadənin “Vətən” şeirini söylədi və bu şeir Dilşad xanım tərəfindən ikinci dəfə təkrar oxundu. Dilşad xanım ilə Fəxriyyə xanımlar Əli ustanın “Vətən həsrəti” nam şeirini bayraqla rəqs edərək söylədilər və haziruna çox xoş gəldiyi üçün, bir daha təkrar etdilər. Xalid bəy “Türkün səsi”ni inşad etdi. Mehmet Fərzəli bəy segah oxudu. Kiçik Əli ilə kiçik Gültəkin “Mustafa Kamal rəqsi”ni oynadılar. Rəqs zamanı Dilşad xanımın “Buzlu cəhənnəm”dən bir parça-deklemanisyonu son dərəcə müvəffəqiyyətli və gözəl oldu. Ümumiyyətlə, Dilşad xanım gərək rəqsdə, gərək oxumaqda və deklemasiyonda, gərəksə pianoda böyük bir müvəffəqiyyət göstəriyor və hər kəsin təqdirini mucib oliyordu. Həmzə bəy tütəkdə (qaval) son dərəcə gözəl bir Azəri havası çaldı. Xor “Dağlar”ı oxudu. Və hər bəndin arasında, sıra ilə Gültəkin, Süheyla, Məlahət, Zərifə kiçik xanımlarla kiçik Əli bəy rəqslər icra ettilər. Həmzə bəy kəndi əsəri olan “Biz” şeirini oxuyaraq alqışlandı. Mehmet Fərzəli bəy Bayatı-Şiraz oxudu. Fəxriyyə xanım “Bəsdir!” şeirini pək müvəffəqiyyət ilə inşad eylədi. Dilşad xanım pianoda “Azərbaycan rəqsini” çaldı və Həsən bəy oynadı. Ondan sonra Azərbaycan rəqsini Gültəkin, Süheyla, Məlahət, Zərifə xanımlarla Əli bəy icra ettilər.

 

Kiçik və sevimli Zərifə xanımın ayrıca olaraq oynadığı “Azərbaycan və Qafqasiya” rəqsi və bu zaman Dilşad xanımın pianoda çalması hazirun tərəfindən çox alqışlandı. Xor “Qafqaz türküsü”nü söylədi, Həsən bəylə Rəhim bəylər əvvəlcə ayrı, sonra isə bir yerdə pək müvəffəqiyyətlə “Şamilin duası” rəqsini icra etdilər.

 

Proqram bittikdən sonra əlavə olaraq Həmzə bəy liseli arqadaşları ilə bərabər milli əlbisədə “Zeybək” rəqsini oynadılar.

 

Proqramın səhnə qismi saat 11-də bitdi, ondan sonra salonda cazbənd və tar Avropa və Azərbaycan havaları çalaraq Azərbaycan və Avropa rəqsləri başladı. Eyni zamanda, bütün xanımlarımızın və Səlim bəyin idarəsi altında bütün gənclərin mübaşirətləri ilə büfedə müsafirlərə çay, pasta, şokolad, qurabiyə ikram olunmağa başladı.

 

Dans, rəqs, büfe, arabir tar və taqanni gecə saat üçə qədər davam etdi. Salonda dansı Kamal bəy idarə eiyordu. Gərək səhnədə, salonda, büfedə iştirak edənlər həp Azərbaycan gəncləri idi. Bilxassə Qəmər, Sürəyya, Rəxşəndə, Sima, Ruqiyyə, Zibəndə, Dilşad, Fəxriyyə xanımlarla Mehmet Əli, Səlim, Kamal, Həsən Abbas, Hüseyin, İsmayıl, Süleyman, Kazım, Həmid, Mehmet Əli, Rəhim, Əmirxan, Şərif bəylər müsamirənin müvəffəqiyyət və intizamın təmin ediyorlardı.

 

O gecə Azərbaycanı yaşatdıran və pək səmimi bir vaxt keçirməyə səbəb olan “Odlu-Yurd” baş mühərriri Rəsulzadə Məhəmməd Emin bəyə hər kəs təşəkkür edərək pək məmnun ayrılmışlardır.

 

A.Oran

“Odlu-Yurd”, mayıs 1930, ¹15

 

On illik istismar

 

1920-ci ildən 1930 sənəsi nisanına qədər Azərbaycan minlərlə qurban vermişdir. Rusiyanın buzlu cəhənnəmlərinə hər il ən qiymətli övladını qurban göndərən Azərbaycan bu on il müddətində rus xəzinəsinə milyardlarla balıq sərvət vermişdir. Azərbaycanın qanı, azəri xalqının alın təri və əməyi olan bu sərvətin miqdarını təxmini də olsa təyin etmək, bugünün və yarının gəncliyinə bir fikir vermək faydasız deyildir.

 

Dünyanın ən zəngin bir parçası olan Azərbaycan bu on ildə Moskvaya verdiyi “vergi” ilə kəndisinə sərf etdiyini müqayisə edərkən biz rus istismarının Azərbaycan xalqı üzərində nə ağır bir yük olduğunu və bu qaba qüvvətə qarşı olan müqavimət və protestonun mənasını anlamış oluruz.

 

Azərbaycan dünyanın ən zəngin bir parçasıdır dedik. Burada ehtiyacı təmin edəcəyindən fəzlə azuqə, ixracat yapacaq qədər mədən və xammalı ilə petrol kibi bir yanacaq olduğunu təsəvvür etsək məmləkətimizin nə kimi parlaq bir istiqbalə malik olduğu aşikar olur.

 

Ziraətdə hasil olan ənva ərzaq və sənaye nəbaətdən buğda, arpa, düyü (pirinç) tütün, pambıq və sairədən sonra burada bollu petrol, dəmir, bakır, duz, şap, barıt, daşkömür, mərmər, təbaşir, qiymətli inşaat daşları, asfalt, yod, qiymətli mədən suları, mövcud olduğu kibi xalq maldarlıq, ipəkçilik, balıqçılıq və ovçuluqla dəxi məşğul olmaqda, Azərbaycan yun, ipək, balıq, xalı havyar ixracatı yapmaqdadır.

 

1901 sənəsində hasil olan 650.000.000 put petrol cahan dairəsində petrol istehsalının 50,7%-ni təşkil eləmişdi. 1907-1914 sənələrində ildə 470.000.000 put petrol hasil oluyordu ki, bu da Azərbaycana cahanda ikinci mövqe arıyordu. Azərbaycan neft komitəsinin rəsmi statistikasına görə 1920 sənəsindən 1930 sənəsinə qədər, on il müddətində 60.000.000 ton petrol hasil olmuşdur ki, bundan doqquz il müddətində 6.451.530 ton xaricə, mütəbaqisi Rusiya mərkəzinə sövq edilmişdir.

 

Bu böyük sərvətin təmin etdiyi maddi fayda haqqında bir fikir edinmək için bu 60.000.000 ton petrol xam neft olmadığını, xam petrol ilə bərabər bilxassə benzin, qaz yağı, makina yağı liqroin, qazolin v.s. də mövcud olduğunu, yalnız benzinin 14,8 faizini təşkil eylədiyini qeyd etmək kafidir.

 

Əlavə edəlim ki, on il müddətində Bakıda 1.000.000 ton qədər hava qazı istehsal edilmişdir.

 

1911-1912 sənələrində Azərbaycanda hər il 2.835.000 put bakır hasil olmuşdu. Fənni təhqiqat Azərbaycanın yalnız Daşkəsən dəmir mədəni dairəsində 800.000.000 put dəmir meydana çıxarmışdır. Hərbi-ümumiyə qədər Gəncə yaxınındakı Xasməmməd dağında 150 min put dəmir hasil oluyordu.

 

Hərbdən əvvəl zeğ (şap)ın sənəlik hasilatı 8-10.000.00 put arasında idi. İstiladan sonra Azərbaycanda 18.000.000.000 put şap kəşf edilmişdir.

 

Barıtın sənəlik hasilatı 500.000, duzun - 550.000, balığın - 4.500.000, biyan kökünün - 750.000, qırmızın - 500, balın - 9.500, bal mumunun - 2000, ipəyin - 495.000, dərinin - 34.000, yunun - 235.000, tütünün - 45.600, üzümün - 1.470.480, pambığın - 1.323.000, pambıq toxumu - 2.835 min, buğda arpa - 56.700.000 put miqdarında idi.

 

Bu sahələrdə istehsalatın bir qismi istila dövründə dahada artmışdır. On sənə müddətində bu sərvətin yaratdığı yekun, Rusiya xəzinəsinə təmin elədiyi gəlir hesab edilirsə, Azərbaycanın bu on sənədə nasıl istismar edildiği məlum olur.

 

1916 sənələrində Azərbaycanda böyük fabrikaların miqdarı 4.970 ədəd idi ki, qiymətli istehsaliyyələri 2.000.000.000 altın rus rublu təşkil edirdi.

 

Ticarət sahəsində hərbi-ümumiyə qədər Azərbaycan Avropa Asiya və Rusiyaya 310.100.000 rublluq mal ixracı 91.000.000 rublluqda idxal edərdi.

 

Yenə, istilaya qədər Azərbaycanın dövlət vergisi 162.000.000 altın rus rublu miqdarında idi.

 

Yuxarıda saydığımız bütün sərvət mənbələri, bütün fabrikalar, dəmiryolları, bütün Xəzər dənizindəki ticarət vapurları Moskva tərəfindən “sosyalizə” edilmiş xarici və daxili ticarət dövləti inhisar təşkilatlarına verilmiş və bütün bunların gəliri  Moskva xəzinəsinə axmağa başlamışdır.

 

Bu surətlə “sosyalizə” edilmiş Azərbaycan sərvətinin təmin eləməkdə olduğu varidat sənədə ən azı 500.000.000 altın rubl olur...

 

Azərbaycan neft komitəsinin hesabatı, (1920-1927) 1927 sənəsinə qədər Rusiya xaricinə ixrac edilən petrol və petrol məhsulları xəzinəyə sənədə 150.000.000 rubl təmin etdiyini qeyd ediyor.

 

Bunu da unutmamalı ki, Rusiya xaricinə çıxarılan petrol və petrol məhsulları, ümumi petrol hasilatının onda biri ancaq olmuşdur.

 

Şimdi bu qədər sərvətə malik və bu qədər gəlir təmin edən Azərbaycanın kəndisinə sərf edilən büdcəsinə baxalım:

 

1923-1924 sənəsi büdcəsinin xülasəsı böylədir:

 

Gəlir:- 3.377.404 manat (rubl)

 

Çıxar:- 5.564.546 manat

 

Büdcə açığı:- 2.187.142 manat

 

1924-1925 sənəsi büdcə hasilatı:

 

Gəlir:- 3.155.233 manat

 

Çıxar:- 7.200.000

 

Açıq:- 4.044.767

 

1925-1926 sənəsi büdcəsi açıqsız olaraq 24.558.250 manat.

 

Büdcənin:

 

46.29 faizi təşkil edən 11.460.151 manat Bakı sovetinin büdcəsidir,

 

23.61 faiz təşkil edən 5.787.855 man. Azərbaycanın Mavərayi-Qafqaz federasyonuna verdiyi sənəlik taksitdir.

 

Bu surətlə 70 faiz çıxdıqdan sonra Azərbaycan üçün 30 faiz qalıyor ki, o da 7.310.244 manat yapıyor.

 

1928-1929 sənəsi büdcəsi 71.000.000 manat olmuşdur ki, 22.499.869 manat açığı vardır. Bunun:

 

24.730.000 manatı Azərbaycanın Mavərayi-Qafqaz federasyonuna verdiyi hissə,

 

39.140.322 manat Bakı Sovetinin büdcəsi, mütəbaqi 7.129.678 manat bütün Azərbaycana qalıyor.

 

1929-1930 sənəsi büdcəsi 85.585.915 manat miqdarındadır. Büdcənin gəlir qismi 48.846.000 manat olduğundan böyük bir açığa malikdir. Büdcənin 70 faizini təşkil edən Mavərayi-Qafqaz taksitiylə, Bakı Sovetinin büdcəsi, yəni 67.850.000 manat çıxıldıqda Azərbaycana 17.735.000 manat miqdarında bir şey qalıyor.

 

Biz üst-üstə, orta hesabla Azərbaycana sərf edilən parayı ildə 10.000.000 manat alacaq olsaq on ildə 100.000.000 yapar ki, bunun müqabilində Rusiyanın ən azı 4.900.000.000 manat götürmüş olduğu aşikar oluyor.

 

Biz bu rəqəmlərdə yanılmış olsaq da, hər halda Rusiya faydasına yanıldığımızı hər kəs qəbul edər zənn edəriz.

 

M.B.Məmmədzadə

“Odlu-Yurd”, mayıs 1930, ¹15

 

KÖYÜN GÜCÜ

 

Azərbaycan komunist firqəsinin sabiq məsul katibi Levon Mirzoyan vaxtilə “Proletar Bakı köylü dənizindən ibarət Azərbaycanın mühasirəsi altında” olduğunu böyük bir həyəcanla elan edərkən, ehtimal ki, onu anlamamışlardı. O zaman Mirzoyanın işarət etdiyi bu təhlükəni anlamaq üçün bəlkə psixoloji bir imkan və şərait dəxi yox idi. Fəqət 1928 sənəsində köylülər məhsullarını heç deyəcək dərəcədə olan sabit fiyatla sovetlərin inhisar müəssisələrinə satmaqdan imtina edərək açıq bazara çıxarkən - komunist sıralarında - lazımı haləti ruhiyyə təəssüs etməyə başladı. Məmulat ilə məhsulat arasinda bir müvazinə yaratmaq üçün ərzaq fiyatlarını 200% hətta 300% yüksəltmək məcburiyyətində qalan köy, komunist diktatorluğunun bütün mali və iqtisadi planlarını alt üst etmişdi. İştə o zaman Bakıdan proletar və komunist cəza alayları köylərə təərrüzə başladılar. Bu təərrüzə qarşı o zaman və bilaxirə keçən sənənin sovet seçkiləri vaxtında köyün müdhiş müqaviməti Azərbaycan köylərinin yalnız iqtisadi cəbhədə deyil, eyni zamanda siyasi sahədə dəxi pək böyük bir qüvvət olduğunu isbat etmiş oldu. Azərbaycan köylüsü iqtisadi cəbhədəki müzəffəriyyətindən sonra seçkiləri qazanmaqla siyasi bir qalibiyyət dəxi əldə etmişlərdir.

 

Sovet qəzetələrinin o zamankı təlaş və əndişələrini görməli idi.   “Zarya Vastoka” apaşikar Azərbaycanda komunist hakibiyyətini təhdid edən bir təhlükədən bəhs etməyə başlamışdı. Filhəqiqə bu təlaşdan bir iki ay sonra komunist firqəsinin Azərbaycanda tamamilə inhilal etdiyinə şahid olduq. Köy, komunist firqəsinin dəxi içərisindən işğal edərək Moskvanın əmirlərini açıq-açığa rədd ediyor, “Komunist” qəzetəsinin yazdığına görə isə, Azərbaycan komunist firqəsini işğal edən Azərbaycan köyü milli-demokratik bir cumhuriyyət elan eyləmək və komunist hakibiyyətinə bir nəhayət qoymaq qərarına belə gəlmiş imiş...

 

Həbib Cəbiyev, komunist sıralarını işğal edən bu milliyyətçi sağ cərəyanın daha 1923-24 sənələrində bu inqilabı yapmaq istəmiş olduqlarını yazıyordu.

 

Köyün bu gücünü təşkil edən nə idi? Və hələ də komunist hakibiyyətinin təməlini sarsıdan bu gücün mahiyyəti nədən ibarətdir?

 

Komunist qəzetələrində bu xüsusda kafi məlumat mövcuddur.  Bunlar “nep” dövrünün yaratdığı ufaq əmlak sahibi hallı köylülərdir. Komunistlərin “qolçomaq” dedikləri bu zümrə köyün ən mütəşəbbis və ən çalışqan, yaradıcı ünsürləridir. Bunlar əmlaklarına, məhsullarına, açıq bazara və haqlarını müdafiə üçün seçki haqlarına malik olmaq istərlər. Komunist höküməti iştə bu canlı zümrəyi bir zümrə olaraq meydandan qaldırmağa qərar vermişdir. Bugünkü kollektivizə hərəkatı bundan ibarət olduğu kibi üsyanları idarə edən, təşkil edən köy ünsürləri də bunlardır. Bakıda çıxan “Komunist” qəzetəsi (¹15, sənə 1930) bu zümrənin Azərbaycan iqtisadiyyatında olduğu kibi siyasi cəhətcə də pək böyük bir qüvvət təşkil etməkdə davam etdiyini yazmaqdadır. “Qolçomaqlar şəhər və köylərin ufaq burjua ünsürlərindən dəxi yardım gördükləri kibi; elm, məfkurə və hars sahəsində, hətta komunist firqəsi sıralarında belə müttəfiqlərə malik olmaqda davam ediyorlar” imiş. Qəzətə əlavə ediyor ki: “qolçomaqlar bir sinif olaraq aradan qaldırılması üçün görülən əməli tədbirlər, ölkəmizdəki sinfi mübarizəni mütləq kəskinləşdirəcəkdir. Qolçomaq öz varlığı uğrunda bütün gücü ilə qızğın mübarizə yürüdəcəkdir. Qolçomaq bütün mübarizə üsullarından, hətta terrordan belə istifadə etməkdədir. Qolçomaq getdikcə yeni sinfi mübarizə formaları irəli sürüyor, sürəcək və ortababları öz tərəfinə çəkmək üçün dərisindən çıxana qədər çalışacaqdır”.

 

Ortabab; Azərbaycan köylərində qolçomaq qədər mühüm bir amildir. Altı dönüm torpağı olan qolçomaq isə 1-2 dönümə sahib olanlarda ortabab, yəni orta hallı adlanıyorlar. Komunist firqəsi köylərdə qolçomaqlara qarşı bu ortabablarla üçüncü qüvvəti təşkil edən yoxsul-muzdularla istinad eyləmək istiyor. Halbuki ortabablar qolçomaq qədər zəngin olmaq qayəsini təqib etdikləri kibi yoxsullar da həyatlarını qazanmaq üçün bir parça torpağa, toxuma, ata-malqaraya sahib olmaq arzuları bəslərlər... Bir tərəfdən komunist hökumətinin istinad etdiyi zümrələrin böylə bir haləti ruhiyyəsi, digər tərəfdən komunist hökümətinin yoxsulları belə tətmin etməyən kollektivizə əməliyyatı qolçomaq adını daşıyan hallı köylülərlə ufaq burjuanın nüfuzunu qüvvətləndirməkdədir.

 

Yoxsullar tərəddüd ediyor... Ortabablar qolçomaqları iltizam ediyorlar... Və sovet höküməti Azərbaycan köyünün bu sarsılmayan  gücü qarşısında süngüsündən başqa bir isdinadgah bulamıyor...

 

Mirzə Bala

“Odlu-Yurd”, mayıs 1930, ¹15

 

Qeyd: Bu nömrənin yazılarını Şirməmməd Hüseynovun təqdimatı ilə onun məşğul olduğu magistrantlar - Nuray Vəliyeva, Samirə Heydərli və Gülay Bağırova nəşrə hazırlamışdır. Yazıları Ş.Hüseynov və elmi işçi Samir Xalidoğlu orijinalla yoxlayıb redaktə etmişdir.

 

(Ardı var)

 

525-ci qəzet.-2017.-9 dekabr.-S.20-21.