“Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk”

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

Son iyirmi ilin ədəbi prosesi, xüsusilə, bədii nəsri bir mötəbər imzanın - Əli İldırımoğlunun yaradıcılığı ilə yeni bir özəllik kəsb edir.

 

Əli İldırımoğlu müasir Azərbaycan nəsrinə milli-mənəvi özünüdərkin bədii təcəssümü ilə daxil olur. Burada görkəmli tənqidçi, iyirminci-otuzuncu illərin tanınmış ədəbi siması Əli Nazimin dahi sənətkar Cəlil Məmmədquluzadə yaradıcılığından söz açdığı bir məqaləsindən bu sətirləri xatırlayıram: “C.Məmmədquluzadə öz əsərləri ilə o zamana qədər yüksək, mümtaz siniflərin zövqünə xidmət edən “müqəddəs” ədəbiyyat “Kəbəsinə” öz çarıqları ilə girdi və həyata özü ilə bərabər bir çox Məhəmmədhəsən əmi kimi çağırılmamış qonaqları da gətirdi. C.Məmmədquluzadə və onun bu çağırılmamış qonaqları özlərinin vətəndaşlıq haqqını, öz ana, loru, kəndli dillərinin, səslərinin dinlənilməsini tələb edirdilər”. Müqayisə lap yerinə düşər, deyim ki, Əli İldırımoğlu da müasir Azərbaycan nəsrinə XX əsrin kəndli-rəncbər psixologiyasını, millətin milli-mənəvi özünüdərkindən doğan etik, məişət, etnoqrafik həyat tərzini gətirdi. Azərbaycan nəsrində artıq az qala unudulmağa başlayan kənd həyatı onun yaradıcılığında gur çeşmə kimi çağlamağa başladı. Süleyman Rəhimovun, Əli Vəliyevin, İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Bayram Bayramovun, Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Seyran Səxavətin, Məmməd Orucun vaxtilə, böyük sənətkarlıqla bədii lövhələrə, insan xarakterlərinin sərgisinə çevirdikləri kənd özünün yeni bir müməssilini - başqa sözlə ifadə etsək, havadarını tapdı. Qloballaşma dövrünün, internet və texniki sivilizasiya əsrinin belə bir çağında milli-mənəvi dəyərləri özündə daha çox qoruyub saxlayan kəndin bədii ədəbiyyatda az qala unutqanlığa məruz qalması, görünür, həssas bir yazıçı kimi Əli İldırımoğlunu dərindən düşündürürmüş. Onun nəsri-roman yaradıcılığı bütünlüklə bu aşınma prosesinin qarşısını ala bildi.

 

Yazıçı-tədqiqatçı Loğman Rəşidzadə “Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk” monoqrafiyasında yazıçının bədii dünyasına professional bir tərzdə “səyahət” edir və əslində, hədəfi düzgün müəyyənləşdirərək bir problemin işığında yazıçının ədəbi portretini yaradır. Əli İldırımoğlunun yaradıcılığı haqqında onlarla məqalələr yazılıb (bu sətirlərin müəllifi də), lakin bütün bunlar o zəngin və çoxcəhətli yaradıcılığı əhatə edə bilməzdi, həm də həmin yazıların bir çoxunda elmi dəlillər, mühakimələr deyil, publisistik şərhlər diqqəti cəlb edirdi. Loğman Rəşidzadə isə Əli İldırımoğlu yaradıcılığına müasir ədəbiyyatşünaslığın - elmi həqiqətin gözüylə baxır. Üç fəsil və doqquz yarımfəsildən ibarət olan bu monoqrafiya Əli İldırımoğlu kimdir sualına tam və dolğun cavab verir. “O, öz sözü, öz nəfəsi, özünəməxsus mövzu dairəsi, orijinal dili və yazı üslubu olan bir sənətkardır” - Loğman Rəşidzadənin monoqrafiyanın 78-ci səhifəsində bəyan etdiyi bu ümumi fikir havadan asılı qalmır və bütün monoqrafiya boyu o, elmi dəlillərini həmin fikrin axarına yönəldir.

 

Yazır ki: “Əli müəllim ənənəvi ədəbi yaradıcılıq normalarına nə qədər sadiq olsa da belə, yenə də öz dünyasında, öz mizan-tərəzisində, ahəng və ritmindədir, özünəməxsus ədəbiyyatını yaratmaqdadır”. “Ənənəvi yaradıcılıq normaları” - təbii ki, bu ifadə nəsrimizin ideya-məzmun və sənətkarlıq dominantlarını əhatə edir. Əli İldırımoğlu yuxarıda adlarını çəkdiyim sənətkarlar kimi milli-mənəvi dəyərlərimizə üz tutur, XALQ adlanan böyük nəhrin görünən və görünməyən mənzərələrini bədii sözün işığına bələyir. Süleyman Rəhimova, onun yaradıcılığına xas olan geniş epik lövhələrə Əli İldırımoğlunun nəsrində də rast gəlirik, xalqın müxtəlif sinif və təbəqələrinin mənəvi dünyasını, kimliyini əks etdirmək baxımından Əli İldırımoğlu ilə Süleyman Rəhimov arasında (təbii ki, ustad-tələbə müstəvisində) oxşarlıq da axtarıb tapmaq olar. Əli Vəliyev - Azərbaycan nəsrinin “folklor mənzərəsini” öz yaradıcılığında əks etdirən bu böyük sənətkarın yaradıcılığı da, heç şübhəsiz, Əli İldırımoğlunun nəsrinə müəyyən təsirini göstərib. Əli Vəliyevdə olduğu kimi, Əli İldırımoğlunda da folklora, xalq ədəbiyyatına güclü, qarşısıalınmaz bir meyl və ehtiras var. Mən Əli İldırımoğlunun romanlarında həyatın, gerçəkliyin sərt üzünü açıb-ağardan lövhələri oxuyanda istər-istəməz İsa Hüseynovun “Kollu Koxa”, “Yanar ürək”, “Saz”, “Teleqram” əsərlərini xatırladım. Lakin Əli İldırımoğlunun əsərləri mənə nə qədər bu ustadların yaradıcılığını xatırlatsa da, onun yaradıcı bir şəxsiyyət olaraq ÖZÜNƏMƏXSUSLUĞU göz qabağındadır. Yaradıcılıqda isə özünəməxsusluq birinci şərtdir. Və mən Loğman Rəşidzadənin bu fikri ilə tam razılaşıram ki: “Əli İldırımoğlu müasir nəsrimizin aparıcı simalarından, ədəbiyyatımızın inkişaf meyllərini müəyyənləşdirən sənətkarlardandır. O, xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini bədii qayəyə çevirərək Azərbaycan nəsrinə yeniliklər gətirmiş, onu mövzu, ideya və mündəricə baxımından zənginləşdirmiş, xüsusən, müasir romançılığın geniş üfüqlər fəth etməsində əvəzsiz xidmətlər göstərmişdir. Onun orijinal üslubu, yazı tərzi, şirin təhkiyəsi, ecazkar dili Azərbaycan nəsrinə yeni təravət vermişdir. Əli İldırımoğlunun yaradıcılığı bir güzgüdür, milli dəyərlərimizi əks etdirən, adət-ənənələrimizi, folklorumuzu, el deyimlərimizi fokuslaşdıran və xalqın özünü özünə göstərən bir güzgü”.

 

Loğman Rəşidzadə Əli İldırımoğlu yaradıcılığını öncə qeyd etdiyim kimi, milli-mənəvi özünüdərk problemi işığında tədqiq edir və deyim ki, bu problem havadan yaranmayıb. Əvvələn, qeyd edim ki, əsrlər boyu Azərbaycan ədəbiyyatında milli-mənəvi özünüdərk söz sənətinin başlıca qayəsinə, məramına çevrilmişdi (əslində, bu xətt Nizami əsrindən üzü bəri gəlməkdə idi), böyük ədiblərimiz milli-mənəvi özünüdərk deyəndə, əslində, xalqın, millətin məişəti, dili, dini təsəvvürləri, xarakteri, adət-ənənələri, düşüncə tərzi, sosial-psixoloji xüsusiyyətləri barədə düşünmüşlər. Bununla da, millətin mənəvi siması, xarakteri, milli müəyyənliyi ədəbiyyatda öz əksini tapır. Milli özünüdərk xalq sevgisi, vətənpərvərlik duyğuları ilə sıx bağlıdır. İkicə misal gətirmək istəyirəm. Mirzə Fətəli Axundzadə dönə-dönə yazırdı ki, xalqın oğludur, onun əsas məqsədi, idealı vətən və xalqın gözünü açmaqdır. O yazırdı ki: “Mən xalqı sevən və canını bu yolda qurban verməyə hazır olan bir adamam, mənim məqsədim... elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün ədalətə rəvac verməkdir”. Bu, Mirzə Fətəli Axundzadənin böyük Vətən sevgisini ifadə edirdi və onun dramaturgiyası da bu sevgidən doğmuşdu. “Onun “Təmsilat”ı - bədii əsərləri, beş komediyası, fəlsəfi traktatları, elmi-nəzəri, estetik məqalələri ilə ədəbiyyatda Azərbaycan xalqının milli-mənəvi özünüdərkinin əsasları qoyuldu. Sonralar H.Zərdabinin, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, M.Ə.Sabirin, N.Nərimanovun, Ü.Hacıbəylinin və b.nın əsərlərində bu mənəvi-estetik dəyərlər daha da inkişaf etdirildi” - L.Rəşidzadə oriyentri düzgün müəyyənləşdirir. XX yüzillikdə isə Cəlil Məmmədquluzadə milli-mənəvi özünüdərkin ən böyük şüarını səsləndirdi: “Vətən, vətən, vətən! Millət, millət, millət! Dil, dil, dil!”

 

Loğman Rəşidzadənin monoqrafiyasında Əli İldırımoğlunun yaradıcılığında milli-mənəvi özünüdərk probleminin mahiyyəti məhz başlanğıc nöqtədən şərh olunur, yəni bu problemin əvvəlcə gərək dünya ədəbiyyatında və Azərbaycan ədəbiyyatında görüm bucağını müəyyənləşdirəsən, sonra da mətləbə keçəsən. Müasir ədəbiyyatşünaslıqda hər hansı bir problemi izah edəndə də, məsələyə məhz qaynaqdan, dünya və milli ədəbiyyatlardan başlayırlar. Loğman Rəşidzadənin təfsirində də milli-mənəvi özünüdərk dünya ədəbiyyatının, həmçinin, Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi boyu formalaşmış dəyərlərdən söz açılır. Və belə bir nəticə hasil olur ki: Homer, Esxil, Sofokl, Sokrat, Platon, Aristotel, Konfutsi, Nizami, Firdovsi, Dante, Petrarka, Şekspir, Höte, Hüqo, Balzak, Tolstoy, Dostoyevski, Puşkin, Qorki, Sartr, Kamyu, Folkner, Markes, Borxes, Aytmatov kimi şöhrətli yazıçılar mənsub olduqları millətin milli-mənəvi dəyərlərini parlaq sənət əsərlərində təcəssüm etdirmişlər. Azərbaycan ədəbiyyatında da onlarla əsərlərin adlarını xatırlamaq olar və L.Rəşidzadənin bu xüsusda gətirdiyi misallar da belə bir həqiqəti sübut edir ki, Azərbaycan ədəbiyyatının bu sahədə çox zəngin ənənəsi və təcrübəsi var - Əli İldırımoğlunun yaradıcılığı da bu silsilədə orijinal bədii nümunələrlə diqqəti cəlb edir.

 

Loğman Rəşidzadənin monoqrafiyasında yeddi yarımfəsil məhz milli-mənəvi özünüdərkin Əli İldırımoğlu nəsrində necə təcəssüm etdiyini açıqlayır. Problemin izahına ideya və məzmundan, yəni ədəbiyyatın “baş qapısı”ndan başlamaqla müəllif, yazıçının ədəbi dünyasının marşrutlarını müəyyənləşdirir. Əvvəlcə sırf jurnalistik fəaliyyəti gəlir. Ə.İldırımoğlu sovet dövrü Azərbaycanını qarış-qarış gəzir, çeşidli insan mənzərələri, müxtəlif həyati problemlər onu dövrünün sərt həqiqətləri yazılarında əks etdirən bir jurnalist kimi tanıdır. Elə bu məqalələri, oçerkləri və felyetonları ilə Əli İldırımoğlu mətbuat tariximizdə mötəbər bir imza yaşadacaqdı. Amma Ə.İldırımoğlu geniş epik lövhələr və insan mənzərələrini əks etdirən romanlarını qələmə aldı və bununla sübut elədi ki, yazıçının yaradıcı potensialı və enerjisi tükənməyib, nəinki tükənməyib, hətta elə bir məqam yetişib ki, yaşın yetmişə, səksənə çatması belə, bu enerjinin qarşısını almaqda acizdir. Çünki Ə.İldırımoğlu illər boyu onu düşündürən mövzuları qələmə almalıydı - o mövzular ki, Vətən, el-oba, nəsil-nəcabət, atalı-analı dünya, yaddaşında unudulmaz izlər buraxan insanlar, jurnalistlik dövrünün yaşantıları və bütün bunları özündə əks etdirən Azərbaycançılıq, yurdsevərlik duyğuları ilə bağlı idi. Hər hansı bir yazıçının istənilən mövzuya müraciət etməsi təbiidir, amma yaradıcılıq psixologiyasının elə bir anı gəlib yetişir ki, həmin O AN daxildə gizlin qalan enerjini hərəkətə sövq edir. Loğman Rəşidzadə Ə.İldırımoğlunun bir xatirə yazısına müraciət edir və həmin O ANın gəlişini yazıçının dili ilə təsvir edir: “İyirminci əsrin son payızı ömür salnaməmin yetmiş üçüncü vərəqinə möhürünü vurub, imza atdı.... Ömür yarpağımın biri də bax, beləcə saralıb-solub qanadından qopdu... Hərə bir tərəfə üz tutdu. Yenə də... yenə də ahıllığın ağrı-acısına məhkum əzabkeş qarım, bir də mən. Bir də ki, son vaxtlar tez-tez təmasda olduğum xalatlı təbiblərin təkidlə: - Yazıb-pozduğun bəsdir, daha sənə olmaz, səhhətinə ziyandır! Ondan əl çək, - dediyi və onsuzlaşa bilmədiyim kağız-qələmim. Ən nəhayət, ahıllığın qənimi olan tənhalaşma dərdi. Bir də ki, rəncbər atamın divardan asılmış məlul-müşgül, lal-dinməz şəkli. Bir anlığa onunla üzbəüz dayandım. Hiss etdim ki, mənimlə kəlmə kəsmək istəyir... Qəlbimə dammışdı ki, necə olsa, indicə dillənəcək və yenə də nə isə deyəcək. Onu da bilirdim ki, daha həmişəki kimi məni danlayıb-danlayacaq”.

 

Bəs Əli İldırımoğlu nəsrində milli-mənəvi özünüdərk məsələsi hansı önəmli cəhətləri ilə diqqəti cəlb edir? Bu xüsusda da L.Rəşidoğlu xeyli mülahizələr irəli sürür və o mülahizələrin hər biri bununla şərtlənir ki, milli-mənəvi özünüdərk Ə.İldırımoğlu nəsrində praktiki biliklərlə, əxlaqi normalarla, estetik baxışlarla, emosional hissi və psixoloji yaşantılarla, humanizmlə, azadlıq və sosial ədalət duyğuları ilə birlikdə mövcuddur. Burada humanizm məsələsi - insan amilinin daha qabarıq şəkildə nəzərə çarpdırılması xüsusi önəm kəsb edir. Çünki Ə.İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk daim humanizmlə müvazi və yanaşıdır. Ədibin əsərlərində, xüsusilə, “Aqibət” romanında insanı sevmək ideyası başlıca leytmotivə çevrilir. Amma humanizmə əks olan antihumanizm də, millətə, xalqa, ümumbəşəri mənəvi prinsiplərə zidd olan mənfi meyllər (insan aləminə zidd olan nə varsa-başda ermənilik) Ə.İldırımoğlu nəsrində təkfir olunur. “Daş yağan gün” romanında: “Erməni quldurlarının yandırıb-yaxdığı Köhnə Həsənlidən nə qaldı?.. Kimsəsiz kalafalıqlar, beş-üç adam, taleyi kəm qalmış başıbəlalı Nəcəf və acı xatirələr”... Burada erməniliyin ifşası başlıca motivdir, amma bununla yanaşı, Ə.İldırımoğlu humanizmi öz bəşəri xarakterini itirmir, o, hansı bir ermənidəsə insanlıq arayıb-axtarır.

 

L.Rəşidzadə Ə.İldırımoğlu nəsrinin qəhrəman tipajları haqqında da söz açır. Deyək ki, onun böyük rəğbətlə təsvir etdiyi obrazlar ədəbiyyatımızın ənənəvi, müsbət səciyyəli qəhrəman tipləri sırasında özünəməxsus yer tutur. Elə bircə “Mənim rəncbər atam”dakı İldırım kişini göstərmək kifayətdir. “Atamın təhsili yox idi, elə bir məktəb də bitirməmişdi... Rəncbər idi - baltasına, dəhrəsinə, orağına, çəkicinə, kərəntisinə, belinə, düsərinə söykənən rəncbər.  Elmini, öyüd-nəsihətini heç vaxt məcrasından çıxmayan coşqun çaylardan, mer-meyvəsi tükənməyən bağlardan, büllur çeşmələrdən, qartal yuvalı yalçın qayalardan, bir dən atanda, on əvəzini qaytaran barlı-bəhrəli torpaqdan götürmüşdü” - bu ata romanda kult səviyyəsinə qaldırılır.

 

Ata-Vətən, Ata-Torpaq, Ata-Kəndin, Ata-Təbiətin mücəssiməsi. Ata-Rəncbər. Və Əli İldırımoğlunun qəhrəmanlarının demək olar ki, əksəriyyəti rəncbərlik, əkinçilik-biçinçilik, çölçülük dünyasının adamlarıdır. Onlar millətin xarakterik və səciyyəvi keyfiyyətlərini, əxlaqi sifətlərini özlərində əks etdirirlər. L.Rəşidzadənin təbirincə desəm, bu insanlar millətin özünü özünə tanıdırlar.

 

Əli İldırımoğlunun romanlarında dil və üslub və ümumən sənətkarlıq məsələləri də araşdırıcının tədqiqatında ayrıca bir yarımfəsildə öz həllini tapır. Heç monoqrafiyaya müraciət etmədən də deyə bilərəm ki, Əli İldırımoğlunun bədii dili - həm özünün “təhkiyeyi-kəlam”ı, həm təsvir personajların danışıq tərzi anlaşıqlı, xalqdan, folklordan, vaxtilə yaşadığı mühitdən, kənddən, eldən-obadan gələn bir dillə müasir ədəbi dilin vəhdətini özündə əks etdirir. Folklor-atalar sözləri, məsəllər, rəvayətlər, el deyimləri onun əsərlərində sanki ayrıca bir OBRAZ-FOLKLOR OBRAZI yaradır, nağıl və dastan poetikasının ünsürləri bu əsərlərə müdrik el ağsaqqallarının, nənələrin, babaların nəfəsini qatır. Amma ən başlıcası odur ki, onun təsvirlərində bir rəssam cizgiləri, maraqlı bir tabloda əks olunan görüntülər diqqəti cəlb edir. L.Rəşidzadə “Aqibət” romanından belə bir parçanı misal gətirir: “Dərələrə çökən çən yavaş-yavaş sürünüb yuxarılara çəkildikcə ətrafdakı təpələr, bağ-bağat aydınca görünürdü. Şeh düşmüş mamırlı qayalardan damcı-damcı su süzülürdü. Səhərin açılmasından vəcdə gələn quşlar sevinclə ağacdan-ağaca, daşdan-daşa qonub civildəşirdilər. Güneylərin qarı çoxdan əriyib yox olmuşdu. Yazın gəlişini səbirsizliklə gözləyən çiçəklər nəm torpaqdan baş qaldırıb əlvan rəngləri ilə yamacları zinətləndirirdi” - bunlar adi təsvirlərdir, - deyərdik. Amma lap adi olsa belə, o təsvirləri yalnız kəndə, təbiətə bələd olan yazıçı yarada bilər. Mən monoqrafiyada ədəbiyyatşünas həmkarım Qurban Bayramovdan gətirilən bir fikirlə tam razıyam ki, canlı-cansız təbiət detallarının əsərdə hadisələrin iştirakçısına çevrilməsi, onları simvollaşdırma yolu ilə şəxsləndirmək Ə.İldırımoğlu romanlarının poetikasında mühüm yer tutur. Akademik Nizami Cəfərov “Köhnə kişinin dili” məqaləsində yazır ki, Əli İldırımoğlunun dil həssaslığı nə qədər ənənəvidirsə, o qədər müasirdir. Və nə qədər müasirdirsə, o qədər ənənəvidir.

 

Yeri gəlmişkən qeyd edim ki, Loğman Rəşidzadə Əli İldırımoğlunun yaradıcılığı ilə bağlı yazılan məqalələrin əksəriyyətinə müraciət edir və əlbəttə, bunun özü təqdirəlayiq bir hadisədir. Həm özü irəli sürdüyü fikirlərə bir istinad nöqtəsi tapır, həm də tədqiq etdiyi yazıçının yaradıcılığını ədəbi tənqid müstəvisində izləyir.

 

Əlbəttə, Loğman Rəşidzadənin monoqrafiyasında Əli İldırımoğlu yaradıcılığı ilə bağlı yeni, bir başqa yazılarda rast gəlmədiyim mətləblər, elmi təhlillər az deyil və bunların hər biri haqqında söz açmaq bir resenziya daxilində qeyri-mümkündür. Amma bir yarımfəsil var ki, o haqda qısaca da olsa, söz açılmalıdır. Tədqiqatçının “Milli-mənəvi özünüdərk probleminin həllində Ə.İldırımoğlu nəsrinin müasir Azərbaycan ədəbiyyatına təsiri” məsələsi haqda mülahizələri yetərincə maraqlıdır. Çünki hər hansı tanınmış bir yazıçının özünün təsir dairəsi-həm geniş oxucu auditoriyası, həm də ədəbi proseslə qarşılıqlı münasibəti mövcuddur. Bununla yanaşı, bəlkə ən ümdəsi odur ki, həmin yazıçı yaşadığı cəmiyyətdə də təsdiq və etiraf olunmalıdır. “Əli İldırımoğlu yeni həyat hadisələrinə heyrətamiz dərəcədə həssas reaksiya verir, cəmiyyətdə baş verən prosesləri isti-isti bədii əsərlərinin səhifələrinə gətirir”.

 

Əli İldırımoğlu yaradıcılığı ilə bağlı Loğman Rəşidzadənin haqqında söz açdığım tədqiqatı da daxil olmaqla artıq dörd monoqrafiya yazılmışdır (məqalələrin də sayca çoxluğunu qeyd edə bilərəm).Təbii ki, ədəbi tənqidin və ədəbiyyatşünaslığın bir yazıçıya bu qədər müraciət etməsi səbəbsiz deyil. Loğman Rəşidzadə bu məsələni izah edən xeyli dəlillər gətirir və bu dəlillərdən birini nəzərə çarpdırmaq istəyirəm. “Əli İldırımoğlunun çoxşaxəli yaradıcılıq yolu bütün mərhələ və məqamlarında həmişə xəlqi ruhu və milliliyi ilə seçilmişdir. Ədibin nəsrdə qazandığı yaradıcılıq uğurlarında milli-mənəvi dəyərlərə bağlılığı, milli özünüdərkə xidməti onun ədəbi mətninin əsasını təşkil edir. Milli ruh və kolorit bu yaradıcılığın hər sətrində, hər abzasında hiss olunur”.

 

Milli ruh, milli kolorit... Məncə, Əli İldırımoğlunu bir yazıçı kimi sevdirən də budur... Loğman Rəşidzadə də bütün monoqrafiya boyu elə bu həqiqəti deyir.

 

525-ci qəzet 2017.- 9 dekabr.- S.14.