Anadilli ədəbiyyat epoxası: Həsənoğludan
Füzuliyədək
DÖVRLƏŞMƏ
KONSEPSİYASI VƏ İNKİŞAF
MƏRHƏLƏLƏRİ
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Azərbaycan ədəbiyyatı tarixinin bu vaxta qədərki
dövrləşdirməsində orta əsrlər Azərbaycan
ədəbiyyatı dedikdə əsasən XIII-XVIII əsrlərdə
yaranan ədəbiyyat nəzərdə tutulmuşdur.
Ehtimal ki, Azərbaycan ədəbiyyatında orta əsrlər
dövrünün sərhədinin XVIII əsrə qədər
uzadılması tarixşünaslıqdakı həmin mərhələyə
dair dövrləşdirmə prinsiplərinin nəzərə
alınması əsasında formalaşmışdır. Halbuki Azərbaycan
ədəbiyyatının qədim dövrünün tarixi
çərçivəsinin müəyyənləşdirilməsində
olduğu kimi, orta əsrlər ədəbiyyatı mərhələsinin
sərhədlərinin cızılmasında da ictimai-siyasi
hadisələrlə ədəbiyatda gedən proseslərdən
birgə çıxış etmək daha məqbul yoldur.
Əgər ictimai-siyasi hadisələrin və ədəbiyyatın
istiqaməti, xarakteri dəyişibsə, onda bu proses dövrləşdirmədə
də öz əksini tapmalıdır.
Azərbaycanda reallıqda da XVII əsrdən etibarən
ictimai-siyasi vəziyyət kəskin şəkildə dəyişmiş,
Cəlalilər hərəkatı, Koroğlu üsyanı
baş vermiş, İran-Osmanlı münasibətlərinin gərginləşməsi
ölkə həyatına da öz təsirini göstərmişdir. Bu isə
öz növbəsində Azərbaycan ədəbiyyatının
da inkişafında yeni meyllər meydana
çıxarmışdır.
Müşahidələr göstərir ki, Azərbaycan ədəbiyyatının
orta əsrlər dövrü XIII-XVI əsrləri əhatə
edir. Çünki indiyədək orta əsrlər
dövrü kimi təqdim olunan XIII-XVIII əsrləri əhatə
edən altı yüz ilin ərzində Azərbaycanda cəmiyyət
həyatını və ədəbi prosesi əsaslı şəkildə
dəyişdirən bir neçə mühüm hadisə
baş vermişdir. XIII əsrdə anadilli
Azərbaycan ədəbiyyatının yaranması və
böyük sürətlə inkişaf etməsi çox
mühüm ədəbi hadisə idi. Bu təkcə dildə
deyil, bütövlükdə ədəbi-ictimai təfəkkürdə
baş verən ciddi dəyişiklik idi. Bundan
başqa, XVI əsrdə Səfəvilərin mərkəzləşdirilmiş
Azərbaycan dövlətini yaratması, milli ədəbiyyatı
və sənəti inkişaf etdirmələri ilə cəmiyyət
həyatı və ədəbi-mədəni mühit tamamilə
yeni məcraya daxil olmuşdur. Lakin təəssüf ki,
Çaldıran döyüşündəki (1514) məğlubiyyətin
doğurduğu məyusluq hakimiyyətə də, ədəbi-ictimai
fikrin inkişafına da öz təsirini göstərmişdir.
Bundan başqa, Şah İsmayıl Xətainin
(1487-1524) hakimiyyətindən sonra ədəbiyyata və sənətkara
bəslənilən həmin dalğa bir qədər yaşasa
da, əvvəlki müvazinətini qoruyub saxlaya bilməmişdir.
XVII əsrdən etibarən Saib Təbrizinin timsalında
“hind üslubu”nun meydana gəlməsi və xalq-aşıq
şeiri ənənəsinin qüvvətlənməsi ədəbiyyatın
inkişaf istiqamətini dəyişmişdir. XVIII əsrdə
realizmin yaranması ilə bu dəyişiklik daha da dərinləşmişdir.
Səfəvi dövlətinin tənəzzülə
uğraması, xalq hərəkatının genişlənməsi
və Azərbaycan ərazilərinin xanlıqlara
parçalanması kimi mühüm ictimai-siyasi hadisələrin
təsiri nəticəsində ədəbiyyatda klassik romantik
lirikanın mövqeyi zəifləmiş, tədricən xalq həyatını
əks etdirən realist ədəbiyyat ön mövqeyə
çıxmışdır. Ona görə
də XVII-XVIII əsrlər ölkədə cəmiyyətin
tarixi inkişafı və ədəbi prosesin xarakteri
baxımından tamamilə fərqli mərhələ
yaşanmışdır. XIII-XVI əsrlərdə
isə Azərbaycanda cəmiyyətin əsasən sabit həyat
tərzi ilə üzvi surətdə həmahəng olan ədəbiyyat
yaranıb inkişaf etmişdir. İctimai-siyasi
hadisələrin xarakterinə uyğun olaraq, ədəbiyyatda
romantika və lirika inkişaf etmiş, əruz vəzni hakim
mövqedə dayanmışdır.
Orta əsrlər Azərbaycan ədəbiyyatı
böyük söz ustadı Məhəmməd Füzulinin
(1494-1556) timsalında özünün opogeyini fəth
etmişdir. Poeziyada Füzulidən sonra yeni yüksəliş
dalğası baş verə bilməmişdir. Orta əsrlərin əsas ədəbi-ideoloji
axınları olan sufizm və hürufizm cərəyanları
da XVI əsrdən sonra eniş dövrünə qədəm
qoymuşdur. Bu dövrdən etibarən
poeziyada nəzirəçiliklə yeniləşmə
arasında yeni bir meyl başlamışdır. Xüsusən XVII əsrdə klassik romantik lirika ənənələri
içərisində artıq aşiqanəliklə
yanaşı, həyati-didaktik baxışlar da müşahidə
olunmuşdur. Bu ədəbiyyat ideya-bədii
xüsusiyyətləri etibarilə, yaxud da janr
baxımından klassik poeziyadan kəskin surətdə fərqlənməsə
də, eyni zamanda, həmin poeziyanın eyni də deyildi. Və XVII əsrdə ədəbiyyatda geriyə
dönüş yox, irəliyə doğru inkişaf qüvvətlənməkdə
davam etmişdir. Klassik nəzirə ədəbiyyatı
Məhəmməd Füzuli orbiti ətrafında
fırlanmaqdan uzağa gedə bilməmişdir. Əvəzində yeni meyl kimi meydana çıxan
romantik-didaktik ədəbiyyat görkəmli
yaradıcılarını və özünəməxsus əsərlərini
meydana çıxarmışdır. Azərbaycan
ədəbiyyatı XVII-XVIII əsrlərdə forma və məzmunca
ciddi yeniləşmə meyllərini nəzərə
çarpdıran yeni bir dövrə qədəm qoymuşdur.
Bu, Azərbaycan ədəbiyyatının erkən
realizm mərhələsidir.
Bütün bunlara görə Azərbaycan ədəbiyyatının
orta əsrlər dövrünü XIII-XVIII əsrlərə
aid etmək heç cür doğru olmazdı. Həm
ictimai-siyasi mənada, həm də ədəbiyyat tarixi
baxımından Azərbaycan ədəbiyyatında orta əsrlər
dövrü XIII-XVI əsrləri əhatə edir. Bu dövrdə Azərbaycan cəmiyyəti
ictimai-siyasi və ədəbi-mədəni proseslər
baxımından əsasən eyni məcrada inkişaf
etmişdir. Ölkənin ərazilərində
güclü Azərbaycan dövlətlərinin - Qaraqoyunlu və
Ağqoyunlu dövlətlərinin yaranması və
inkişafı, böyük və qüdrətli Səfəvilər
dövlətinin qurulması və genişlənməsi həyatın
bütün sahələrində, o cümlədən, ədəbiyyatda
millilik amilinin diqqət mərkəzinə çəkilməsinə
güclü təkan vermişdir. Hökmdar şairlərin:
Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah Həqiqinin
(1405-1467) və Səfəvi İmperiyasının
başçısı Şah İsmayıl Xətainin (1487-1524)
milli dövlətçiliyi inkişaf etdirməklə bərabər,
sənətə və ədəbiyyata xüsusi fikir vermələri
ədəbiyyatda Azərbaycan faktorunun əsaslı surətdə
ön mövqeyə çəkilməsinə səbəb
olmuşdur.
Azərbaycan dilində poeziyanın yaranması Azərbaycan
ədəbiyyatının orta əsr mərhələsinin əsas
yeniliyi və mühüm nailiyyətidir. XIII yüzillikdə bir əsr
ərzində İzzəddin Həsənoğlunun, Nəsir
Bakuinin, Hümam Təbrizinin şeirləri, Qul Əlinin
“Qisseyi-Yusif” poeması, müəllifi bəlli olmayan
“Dastani-Əhməd Hərami” məsnəvisi kimi Azərbaycan
dilində müxtəlif janrlarda yaranmış bədii əsərlər
farsdilli poeziyanı arxa plana keçirmişdir. Anadilli
şeir orta əsr Azərbaycan poeziyasının əsas
inkişaf istiqaməti, aparıcı bədii ifadə vasitəsi
mövqeyinə qalxmışdır. Bu mərhələdə
poeziyada bədii əsərlərin hansı dillə
yazılması baxımından ikihakimiyyətlilik
özünü göstərsə də, anadilli poeziya əsas
hakim mövqe tutmuşdur. Dövrün
şairlərinin yaradıcılığında ərəb-fars
dillərində yazılmış əsərlər kəmiyyətcə
bir neçə dəfə azalaraq minimum səviyyəyə
enmişdir. Həm də ədəbi
mühitdə anadilli poeziya uğrunda mübarizə
yaradıcılıq rəqabəti meydanına
çevrilmişdir. Azərbaycan ədəbiyyatının
bütün tarixi ərzində orta əsrlərdə anadilli
Azərbaycan şeiri özünün ən yüksək zirvəsini
fəth etmişdir. Bu dövrdə farsdilli şeirin mövqeyi zəifləmiş,
ərəbdilli poeziya isə yaşasa da, təxminən ənənədən
çıxmış, dəbdən
düşmüşdür.
XIII əsrdə
İzzəddin Həsənoğlunun yazdığı anadilli
şeirlərdən cəmi 3 qəzəl dövrümüzə
qədər gəlib çatsa da, bu poetik nümunələr
orijinal bədii-sənətkarlıq xüsusiyyətləri
etibarilə orta əsr Azərbaycan şeirinin klassik örnəkləri
kimi qəbul edilməyə layiqdir. Ədəbiyyat
tarixçiliyi baxımından “Azərbaycan dilində lirik
şeirləri dövrümüzə çatan ilk şair”
kimi mühüm əhəmiyyət kəsb edən İzzəddin
Həsənoğlunun əruz vəznində yazılan qəzəlləri
xalq danışıq dilinə yaxınlığı ilə
seçilir. Bu şeirlər anadilli klassik
şeirin bütün obrazlı-poetik cazibədarlığını
da özündə əks etdirir. Həsənoğlunun
Azərbaycan dilində yazılmış qəzəlləri
anadilli klassik şeir üslubunun ədəbi mühitdə hələ
qüvvədə olmaqda davam edən
“farsdilli” şeirdən nəinki geri
qalmadığını, ən azı bərabər qüvvədə
olduğunu, xalqa yaxın və anlaşıqlı olmaq
baxımından isə daha irəli getdiyini göstərirdi.
Bu, “şeir bazarında” Azərbaycan dilində qələmə
alınmış qəzəlin rəqabətədavamlı
bir şeir nümunəsi idi:
Apardı
könlümü bir xoş qəmər
üz
canfəza dilbər,
Nə dilbər? Dilbəri-Şahid. Nə
şahid?
Şahidi-sərvər.
...Başımdan
getmədi hərgiz
səninlə
içdiyim badə,
Nə badə? Badeyi-məsti.
Nə məsti? Məstiyi-sağər.
Əzəldə
canım içində yazıldı
surəti-məni,
Nə məni? Məniyi-surət.
Nə surət? Surəti-dəftər.
... Mən
ölsəm sən buti-şəngül,
sürahi,
eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə.
Nə badə? Badeyi-əhmər.
Həsənoğlu
sana gərçi duaçıdır,
vəli-sadiq,
Nə sadiq? Sadiqi-bəndə.
Nə bəndə? Bəndeyi-çakər.
Bu mərhələdə yaranmış digər bədii
nümunələrdə, o cümlədən, Qul Əlinin
“Qisseyi-Yusif” poemasında da folklor motivləri ilə səsləşən
məqamlar vardır. Şərqdə “Yusif və Züleyxa” dastanı kimi
geniş yayılmış süjet ilk dəfə Qul
Əlinin “xalq şeiri üslubunda yazılmış”
adıçəkilən poeması ilə ümumiyyətlə,
türk ədəbiyyatına, o cümlədən, Azərbaycan
poeziyasına gətirilmişdir. Adından
göründüyü kimi, “Dastani-Əhməd Hərami” əsəri
də həm anadilli poeziyanın, həm də yazılı ədəbiyyatda
dastan ənənəsinin kamil bir nümunəsidir. Deməli, XIII əsrdə Azərbaycan ədəbiyyatında
anadilli şeir canlı xalq danışıq dili əsasında
formalaşmış, orta əsr poeziyasının və əruz
vəzninin tələblərinə uyğun olaraq orijinal bədii
təsvir vasitələri və bir qədər də izafət
tərkibləri ilə bəzədilmişdir.
XIII-XIV əsrlərdə Azərbaycan dilində şeir
yazmağın dövrün əsas ədəbi ənənəsinə
çevrilməsi orta əsr ədəbiyyatının
poeziyaya gətirdiyi əsas yeniliklərdən biridir. İzzəddin Həsənoğlu
ilə başlanan anadilli şeir XIII-XIV əsrlərdə Qazi
Bürhanəddin, Yusif Məddah, Mustafa Zərir,
Əbdülqadir Marağayi və başqaları tərəfindən
inkişaf etdirilərək ədəbi mühitdə möhkəm
mövqe qazanmışdır. İmadəddin Nəsiminin
(1369-1417) - lirikası anadilli orta əsr Azərbaycan şeirinin
bu mərhələsinin yekunu və yüksək inkişaf
nöqtəsidir. XV-XVI əsrlərdə
Azərbaycan poeziyası Şah Qasım Ənvar, Bədr
Şirvani, Cahanşah Həqiqi, Kişvəri, Həbibi tərəfindən
ana dilində yazılmış şeirlərlə sürətlə
inkişaf etdirilmiş, ədəbiyyatda aparıcı istiqaməti
müəyyən etmişdir. Şah
İsmayıl Xətai əruz vəznində yazılan Azərbaycan
şeirinə heca vəzni əlamətləri gətirməklə
onu daha da xəlqiləşdirmişdir. “Onun
əsərlərində qəzəl poetikası ilə
qoşma poetikası çarpazlaşır” (Yaqub Babayev).
Məhəmməd Füzulinin ana dilində
yazılmış Azərbaycan lirikası özünün
bütün tarixi ərzində ən yüksək zirvədə
qərar tutmuşdur.
Qədim dövr Azərbaycan epik ədəbiyyatı ilə
müqayisədə orta əsrlər ədəbiyyatında
lirika üstünlük qazanmışdır. Daha
doğrusu, orta əsrlər Azərbaycan poeziyası dərin və
incə lirika üstündə köklənmişdir. Lirika bu dövrün ədəbiyyatının
aparıcı istiqamətini təşkil edir. Azərbaycan ədəbiyyatının qədim
dövr mərhələsində epik poemalar birinci, divan
şeiri ikinci yerdə dayanırdı. Orta
əsrlər Azərbaycan ədəbiyyatında isə divan
şeiri sənətkarın
yaradıcılığının ana xəttini müəyyən
edirdi. Bu dövrün poeziyasının
divan ədəbiyyatı adlandırılması lirikanın
aparıcı mövqeyinin ifadəsi idi. Füzulinin
“qəlb şairi” hesab edilməsi də ədəbiyyatda
lirikaya üstünlük verilməsinin əks-sədasıdır.
Bu mərhələdə bədii sözü
daha obrazlı deyə bilmək istiqamətində sağlam rəqabət
mühiti yaranmış, məzmunu da diqqətdən kənarda
qoymamaq şərtilə qeyri-adi təsvir vasitələri
yaratmaq uğrunda ciddi mübarizə getmişdir. Dövrün lirikası obrazlı, təsirli,
emosional və mənalı şeirlərdən
yoğrulmuşdur. Orta əsrlər Azərbaycan
şeiri “şəffaf lirizmi” (Elizbar Cavalidze) ilə səciyyələnmişdir.
Bu mərhələnin epik ədəbiyyatında
da lirika geniş yer tutmuşdur. Azərbaycan
poeziyasının çoxəsrlik tarixində orta əsrlər
qədər lirikanın inkişaf etdiyi və geniş
yayıldığı bir dövr olmamışdır.
XIII-XVI əsrlər Azərbaycan lirikasında ənənəvi
qəzəl-qəsidə və rübai ədəbiyyatı
özünün tarixi yolunu davam etdirmişdir. Klassik lirika
janrlarından qəzəl orta əsrlər Azərbaycan
poeziyasının fövqünə yüksəlmişdir.
Məhəmməd Füzulinin sözləri ilə
desək, qəzəl janrı “xirədməndlər
(ağıllı insanlar, alimlər - İ.H.) işi” kimi qəbul
olunmuşdur. Ənənəvi qəzəl janrında
mükəmməl və yeni bədii söz deməyi bacaranlar
“məşhuri-dövran” ola bilirdilər:
Qəzəldir
səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustani hünər.
... Qəzəl
bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
... Ki, hər
məhfilin ziynətidir qəzəl,
Xirəndməndlər sənətidir qəzəl.
Qəzəl
de ki, məşhuri-dövran ola,
Oxumaq da,
yazmaq da asan ola.
Məhəmməd Füzuli qəzəl janrında
yaranan böyük ədəbiyyatın qüdrətli
yaradıcısıdır. Onun böyük
dühası ilə bir janr kimi qəzəl klassik lirikada
işlədilən poetik formaların ən məşhuru səviyyəsinə
çatdırılmışdır.
Bununla belə, yeni janrların meydana çıxması
da orta əsr mərhələsinin özünəməxsus
mühüm nailiyyətlərindəndir. Bu cəhətdən
Qazi Bürhanəddinin (1344-1398) tuyuq janrında
yazdığı şeirlər klassik Azərbaycan
lirikasında yeni poetik forma idi. “Divan”ındakı
bu janrda qələmə alınmış 119 tuyuq Azərbaycan
şeirinin forma və məzmun etibarilə yeniləşmək
imkanlarının real göstəricisidir. Qazi
Bürhanəddinin tuyuqları mahiyyət etibarilə Şah
İsmayıl Xətai lirikasındakı heca vəznli şeirə
keçidin bədii müqəddiməsidir.
Azərbaycan dilində poemaların yaranması XIII-XVI əsr
Azərbaycan şeirinin mühüm yaradıcılıq
nailiyyətidir. XIII əsrdə meydana
çıxmış Qul Əlinin “Qisseyi Yusif” məsnəvisi
sonralar meydanı genişlənmiş “Yusif və Züleyxa”
poemalarının mükəmməl bir proloqudur. Şəms
Təbrizi, Mustafa Zərir və Suli Fəqihin qələmindən
çıxmış “Yusif və Züleyxa” poemaları həmin
mövzunun davamı olub, orta əsr Azərbaycan ədəbiyyatında
bu motivi daha da genişləndirmişdir. Müəllifi
məlum olmayan “Dastani-Əhməd Hərami” anadilli
poemaların ilk nümunələrindən biri kimi
mühüm əhəmiyyətə malikdir. Yusif Məddahın “Vərqa və Gülşa”
poemasında məhəbbətlə qəhrəmanlığın
vəhdəti öz əksini tapmışdır. Ümmi İsa adlı bir şair tərəfindən
qələmə alınmış “Mehri və Vəfa”
poemasında məhəbbət dastanları ənənələri
əsasında eşq və sədaqət motivləri
canlandırılmışdır. Şah
İsmayıl Xətai orta əsrlərdə Azərbaycan
dilində yazılmış poemaları “Dəhnamə” və
“Nəsihətnamə” kimi müstəqil janr səviyyəsinə
qalxan orijinal əsərlərlə zənginləşdirmişdir.
Azərbaycan poeziyasında anadilli poema Məhəmməd
Füzulinin məşhur “Leyli və Məcnun”u ilə kamala
çatmışdır. Füzulinin “Leyli
və Məcnun”u ümumən türk poeziyasında liro-epik
poemanın ən yüksək etalonu səviyyəsini
nümayiş etdirir. Göründüyü
kimi, orta əsrlər Azərbaycan ədəbiyyatında poema
yazmaq ənənəsi davam və inkişaf etdirilmişdir.
Lakin ana dilində yazılması və xalq həyatı,
folklor motivləri ilə sıx bağlı olması bu
poemaları intibah dövrü pomalarından fərqləndirir.
Bundan başqa, orta əsr epik ədəbiyyatında
lirik bədii vasitələrdən geniş istifadə
olunması da bu dövr poemalarının səciyyəvi
xüsusiyyətidir. Orta əsrlər Azərbaycan
ədəbiyyatının tanınmış tədqiqatçısı
filologiya elmləri doktoru Ataəmi Mirzəyevin
yazdığı kimi “anadilli məsnəvilərdə
(poemalarda - İ.H.) epik təsvirlə lirik təqdimat vəhdətdə
verilmişdir. Obrazların daxili aləmini,
könül dünyasını, keçirdiyi hiss-həyəcanlarını,
istək və arzularını... açmaq üçün
bu məsnəvilərdə lirik şeir janrlarına da
müraciət olunmuşdur. Bu da heç
şübhəsiz, xalq yaradıcılığından,
dastançılıq ənənəsindən gəlirdi.
Azərbaycan dastanlarında müşahidə
edilən nəsrlə nəzmin növbələşməsi
anadilli epik şeirdə təhkiyə ilə lirik əhvali-ruhiyyənin
vəhdətdə verilməsi şəklində
özünü göstərmiş oldu”.
Məhəmməd Füzulinin “Leyli və Məcnun”
poeması Azərbaycan dilində yaranmış epik ədəbiyyatda
lirizmin nə qədər geniş yer tutduğunu və
böyük imkanlara malik olduğunu göstərir. Mütəxəssislərin
hesablamasına görə, şair “Leyli və Məcnun”
poemasında 24 qəzəl, 2 qəsidə, 3 rübai və 2
mürəbbedən istifadə edir. Digər
müəlliflərin poemalarında da lirik janrlara geniş yer
verilməsi, bədii haşiyə və ricətlərdən
geniş istifadə olunması orta əsr anadilli Azərbaycan
poemalarının poetik səviyyəsini qüvvətləndirmiş,
təsir gücünü daha da artırmışdır.
Orta əsrlərdə Azərbaycan ədəbi-ictimai
fikrində sufizm və hürufizm cərəyanları qüvvətlənmiş,
yalnız bədii düşüncənin deyil, dini-ideoloji
mühitin də aparıcı axınları funksiyasında
çıxış etmişdir. Bu dövrdə Fəzlullah
Nəimi Astrabadi (1339-1401) hürufizmin siyasi-ideoloji nəzəriyyəsini
yaratmışdır. Böyük mütəfəkkirin
“Cavidannamə” traktatı zamanında hürufilərin müqəddəs
kitabı hesab edilmişdir (Rəhim Əliyev). Mahmud Şəbüstərinin (1287-1320) “Gülşəni-raz”
traktatında sufizmin nəzəri əsasları işlənib
hazırlanmışdır. İmadəddin
Nəsimi (1359-1417) hürufi ədəbiyyatı yüksək
səviyyəyə qaldıraraq poeziyada yeni bir istiqamət
açmışdır. Məhəmməd Füzulinin
yaradıcılığında sufi
düşüncəsi kamil insan ideyasının yüksək
bədii ifadəsinə xidmət edir. Bununla belə,
orta əsrlər Azərbaycan ədəbiyyatı hürufizm və
sufizm cərəyanlarının sərhədlərini
aşaraq, bütövlükdə Zamanın ümummilli və
bəşəri ideyalarını tərənnüm
etmişdir. Ona görə də orta əsrlər
Azərbaycan ədəbiyyatına yalnız sufizm, yaxud
hürufizm ədəbiyyatı demək doğru olmazdı.
Bu tarixi mərhələnin ədəbiyyatında
müşahidə edilən ana dili, xalq ruhu, mübarizə əzmi,
milli mənəviyyatın bədii ifadəsi, dünyəvilik
meylləri və bəşəri ideyaların təcəssümü
dini-ideoloji cərəyanlardan daha çox Zamandan, ənənədən
və həyatdan gəlirdi. Doğrudur,
orta əsrlər Azərbaycan ədəbiyyatını
hürufizm və sufizm cərəyanları nəzərə
alınmadan da bütün reallıqları ilə təsəvvür
etmək olmaz. Lakin Azərbaycan ədəbiyyatının
bu mərhələsi dərin kökləri ilə xalqa
bağlı olan, dövrün axınlarını da əks
etdirən, lakin dini-ideoloji cərəyanların çərçivəsində
qalmayıb, geniş mənada Zamanı, insanı, ümummilli
ideyaları və ilahi eşqi tərənnüm edərək
böyük ədəbiyyatı meydana
çıxarmışdır. Ədəbiyyat tarixinin orta əsrlər
dövrünün birinci mərhələsi olan XIII-XIV əsrlər Azərbaycan
poeziyasında ictimai-fəlsəfi lirika yüksək səviyyəyə
qalxmışdır. İzzəddin Həsənoğlu,
İmadəddin Nəsimi, Əvhədi Marağalı,
Zülfüqar Şirvani, Nəsrəddin Tusi, Arif Ərdəbili,
Əssar Təbrizi, Şəms Təbrizi, Qazi Bürhanəddin
və başqaları lirikada eşq-məhəbbət
duyğuları ilə yanaşı, ictimai ideyaları da əks
etdirməkdə böyük istedad və məharət
göstərmişlər. Qazı Bürhanəddinin
tuyuq janrında yazdığı şeirlərindəki bədii
forma yenilikləri ilə yanaşı, dövlətçilik
təfəkküründən doğan ictimai motivlər orta əsr
Azərbaycan poeziyasının ictimai məzmununu daha da
dolğunlaşdırmışdır. Böyük
mütəfəkkir Mövlana Cəlaləddin Ruminin ən
yaxın məsləkdaşı, “Azərbaycan ürfani-fəlsəfi
şeirinin günəşi” olan Şəms Təbrizi nəinki
hürufi şeirin bütün rəmzlərindən
yaradıcı şəkildə istifadə etmiş, hətta
klassik lirikaya ilk dəfə olaraq bir çox əlavə rəmzləri
gətirməyə nail olmuşdur. Bütün
bunların əsasında Azərbaycan ədəbiyyatının
yeni tipli orta əsrləri formalaşmış və
inkişaf etmişdir.
XV-XVI əsrlərdə Azərbaycan ədəbiyyatında
anadilli poeziyanın orta əsrlər dövrünün daha
güclü bir dalğası əmələ gəlmişdir. Dövlət
idarəçiliyini təmsil edən Cahanşah Həqiqinin,
Şah Qasım Ənvarın yaradıcılığında
özündən əvvəlki Qazi Bürhanəddinin
düşüncəsindən sızıb gələn ictimai
mətləblər daha da genişlənmişdir. Bunlar həm də saray ədəbiyyatı ənənəsində
yeni hadisə idi. Ənənəvi saray ədəbiyyatından
fərqli olaraq, orta əsrlərin hakimiyyət qolunda təmsil
olunan şairlər
mədhiyyə deyil, klassik lirika libasında olsa da
düşündürməyə, cəmiyyəti dərk
etdirməyə çağıran ictimai məzmunlu poetik
nümunələr yaratmağa üstünlük vermişlər.
Nəhayət, Azərbaycan ədəbiyyatında
Şah İsmayıl Xətainin timsalında görkəmli
şair-hökmdar tipi meydana çıxmışdır.
Şah İsmayıl Xətai Azərbaycan klassik
poeziyasını xalq şeiri ilə yaxınlaşdırmaq
kimi ədəbiyyatda islahat səviyyəsində dəyərləndirməyə
layiq olan mühüm bir vəzifəni uğurla həyata
keçirmişdir. Orta əsr Azərbaycan
ədəbiyyatında şifahi xalq
yaradıcılığının xüsusi bir qolu kimi aşiq
şeirinin meydana çıxması, yazılı poeziya ilə
yanaşı addımlaması bu mərhələni qədim
dövr ədəbiyyatından fərqləndirən cəhətlərdən
biridir. XVI əsrdə Qurbaninin
xalq-aşıq şeiri üslubunda yazdığı
yaratdığı şeirlər Azərbaycan
poeziyasının qiymətli nümunələridir.
Qurbani orta əsrlər Azərbaycan ədəbiyyatında xalq
şeiri ənənələrinin
yekunu, Molla Pənah Vaqif mərhələsinin
başlanğıcıdır.
Azərbaycan ədəbiyyatında bu dövrdə
alleqorik əsərlərin yaranması ənənəsi
geniş olmayan bu istiqamətin yeni inkişafına
güclü təkan vermişdir. Məhəmməd Füzulinin
“Söhbətül əsmar” (“Meyvələrin söhbəti”) alleqorik
poeması ilə bu janrın Azərbaycan ədəbiyyatındakı
yeri genişləndirilmişdir. Şairin “Bəngü-Badə”
poeması Azərbaycan ədəbiyyatında alleqorik poema
janrının mövqeyini daha da möhkəmləndirmişdir.
Alleqoriyaya müraciət sənətkarların
ictimai-siyasi mühit və mövcud hakimiyyət haqqında tənqidi
söz demək, ümumi şikayətlərdən
üstüörtülü olsa da, mətləbi açıq
ifadə etməyə, ədəbiyyatda hədəfləri
daha da konkretləşdirməyə keçidi dövriyyəyə
gətirmişdir. Alleqorik poeziya daha dərin
ictimai məzmuna malik olan, ciddi siyasi fikirləri meydana qoyan ədəbiyyat
nümunəsi idi. Qədim dövr Azərbaycan
ədəbiyyatında təmsilvari şəkildə
müşahidə edilən bu istiqamət orta əsrlərdə
geniş həcmli poema səviyyəsinə qədər
yüksəlmiş və ideya-sənətkarlıq cəhətdən
daha da təkmilləşdirilmişdir.
Qədim dövr Azərbaycan ədəbiyyatında bədii
nəsr yalnız Əfzələddin Xaqaninin “Töhfətül
İraqeyn” əsərində parçalar şəklində nəzərə
çarpsa da, bu üslubda müstəqil epik əsər yazılmamışdır. Orta əsr Azərbaycan
ədəbiyyatında da nəsr əsərləri yazmaq ənənəyə
çevrilməsə də, bir qədər inkişaf
etmişdir. XIV əsrdə həm də nəsr
əsərləri yazmış Mustafa Zərir
“Fütuhati-Şam” adlı mənsur əsəri ilə
tanınmışdır. Məhəmməd
Füzulinin Kərbəla hadisələrindən bəhs edən
“Hədiqətüs-süəda” adlı povest həcmində
olan əsəri Azərbaycan ədəbiyyatında ilk iri həcmə
malik olan bədii nəsr nümunələrindən biridir.
Ustad şairin özünəməxsus bədii
xüsusiyyətə malik olan məktubları da nəsrlə
qələmə alınmışdır. Nəhayət,
Məhəmməd Füzulinin “Şikayətnamə” əsəri
Azərbaycan ədəbiyyatı tarixində ilk orijinal bədii
nəsr nümunəsi kimi mühüm əhəmiyyətə
malikdir. Məhəmməd Füzulinin məşhur
“Şikayətnamə” əsərində romantik üslubla realist əlamətlərin
bir yerdə ifadə olunması həm də orta əsr Azərbaycan
ədəbiyyatında üslub dəyişmələrinin zərurətinə
işarədir. Füzulinin “Şikayətnamə”si
Azərbaycan ədəbiyyatında dövrana, ictimai mühitə
müdaxilə etməkdə romantik üslubun şikayəti,
realist meylin ədaləti idi. Özündən
sonrakı romantik bədii nəsrdə və realist hekayəçilikdə
Füzulinin bədii nəsr təhkiyəsindən istifadə
olunmuşdur. Cəlil Məmmədquluzadənin
sözləri ilə desək, şeirdə olduğu kimi, nəsrdə
də yazıçılarımızın “Füzuli gəlib
durur gözünün qabağında”. Bu
mənada “Şikayətnamə” Azərbaycan ədəbiyyatında
bədii nəsrin mükəmməl bir
başlanğıcıdır.
Məktub forması Azərbaycan ədəbiyyatına
orta əsrlərdə janr səviyyəsində daxil
olmuşdur.
Belə ki, XIV əsrdə Marağalı Əvhədi ilk dəfə
fars dilində “Dəhnamə” adlı poema
yazmışdır. Məhəmməd
Füzulinin Azərbaycan dilində Mustafa Nişançı
Paşaya məktubları bədii-sənədli nəsr
nümunəsidir. Şah İsmayıl Xətainin
“Dəhnamə” poeması ilə Azərbaycan ədəbiyyatında
xüsusi olaraq məktub-poema janrı əmələ gəlmişdir.
Məktub janrı bədii əsərdə insan
mənəviyyatının dərinliklərini açmaq
üçün daha münasib imkan yaradır. Akademik Həmid
Araslının Şah İsmayıl Xətainin “Dəhnamə”
poeması haqqındakı aşağıdakı sözləri
ədəbiyyatda məktub janrının özünəməxsusluğuna
verilmiş obyektiv elmi qiymətin ifadəsidir: “Dəhnamə”də
biz həqiqi eşq hissləri ilə çırpınan bir qəlbin
döyüntüsünü, arzusuna qovuşmaq
üçün hər şeyi qurban verməyə, hər bir
çətinliyə sinə gərməyə hazır olan
insanın təlaşını,.. öz eşqinə, öz məsləkinə
sadiq olan sarsılmaz bir aşiqin həm hicrandan qopan
hıçqırıqlarını, həm də vüsaldan
doğan sevincini dinləyir və duyuruq”.
Azərbaycan ədəbiyyatında və ümumtürk ədəbi
məkanında Məhəmməd Füzuli böyük ədəbi
məktəb yaratmış qüdrətli sənətkar kimi
qəbul olunur.
Ustad Füzuli Azərbaycan məhəbbət
lirikasını ən yüksək zirvəyə
qaldırmışdır. Məhəmməd
Füzulinin orijinal bədii vasitələrlə zəngin lirikası
türkdilli şeirdə mühüm hadisədir. Böyük sənətkarın “Leyli və Məcnun”
poeması Şərqin “Romeo və Cülyetta”sı kimi dəyərləndirilir.
Bu, böyük eşq dastanı əsl məhəbbətin
mahiyyətini açan və şeiriyyətini yüksək səviyyədə
ifadə edən nadir sənət əsəridir. Füzulinin
poemalarında mühüm ictimai mətləblər,
böyük ideallar ifadə olunmuşdur. Lirikasında
“aşiqanə” olan Məhəmməd Füzuli poemalarında
mütəfəkkir kimi çıxış edir. “Bəngü-Badə” alleqorik poemasında dövlətçilik
motivləri ifadə olunmuşdur. Məhəmməd
Füzulinin “aşiqanə” şeirlərində dərin
qatlarda ifadə olunan dərin ictimai məna şairin poema
yaradıcılığında daha açıq və
qabarıq şəkildə nəzərə
çarpdırılır.
Akademik Məmməd Cəfər Cəfərovun sözləri
ilə desək, “aşiq Füzuli ilə mütəffəkir
Füzuli” vahid bir məcrada birləşərkən daha
qüvvətli görünür: “Füzuli sevir Füzuli
düşünür deməkdir. Aşiq Füzuli ilə
mütəfəkkir Füzuli ancaq vəhdət halında
alındığı zaman onu duymaq olar... Füzuli
öz fikirlərini daha çox sevgi lirikası ilə şərh
etmişdir. ...Füzulinin aşiqanə sözləri onun
həkimanə sözləridir”.
Bütün bunlara
görə orta əsrlər Azərbaycan ədəbiyyatını
Məhəmməd Füzuli dövrü, yaxud romantik lirika mərhələsi
adlandırmaq olar. Nizami Gəncəvi
dövrü epik poemalarla, Məhəmməd Füzuli
epoxası lirika ilə səciyyələnir.
Məhəmməd Füzulinin “Şikayətnamə”si
onun müəllifinin həm də zamana açıq gözlə
baxan sənətkar səviyyəsində həssas bir “qəlb
şairi” olduğunu göstərir. “Şikayətnamə”
əsəri ilə təkcə Məhəmməd Füzulinin
tərcümeyi-halı yox, bütövlükdə Azərbaycan
ədəbiyyatının orta əsrlər dövrü
tamamlanır. Əslində, “Şikayətnamə”
orta əsrlərin ədəbiyyatda erkən yeni dövrə
doğru meyllənmə zərurətini ifadə edən əlamətləri
aydın surətdə nəzərə çarpdırır.
Məhəmməd Füzulinin “Şikayətnamə”si
ədəbiyyatda Leylinin və Məcnun dili ilə ifadə
olunan şikayətlər dövrünün başa
çatmasının bildirişi idi. “Şikayətnamə”
dərin kədər hissi ilə “qəm mərhələsində
qalmışam fərd” - deyən Məhəmməd
Füzulinin təkcə sultandan, dövrandan şikayəti
yox, həm də ədəbiyyatda “oxumaq da, yazmaq da asan olan”
janrlara keçmək təşəbbüslərinin baş
tutmuş faydalı eksperimenti idi.
Öz sağlığından etibarən Məhəmməd
Füzulinin şeirlərinə yazılan nəzirə və
bənzətmələr nəticə etibarilə ədəbiyyatın
inkişafında ciddi bir buxova çevrilmişdir. Müasirlərinin
və davamçılarının Füzuli olmaq səyləri
baş tutmur, poeziyanın irəli getməsinə mane olurdu.
Cəfər Cabbarlının (1899-1934) vaxtilə
dediyi kimi, “Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi
bir gedişlə Füzulinin başına hərlənir,
haraya getdiyini özü də bilmirdi. Füzuli
elə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir
addım belə olsun bayıra çıxmayıb, uzun illər
yeni bir şəklə keçmirdi”. Azərbaycan
ədəbiyyatının mövzu və ideya, janr və
üslub baxımından daha irəliyə baxmağa ciddi
ehtiyacı var idi. Ədəbiyyat Məhəmməd
Füzuli olmağın imkansızlığından Molla Pənah
ola bilməyin mümkünlüyünə
doğru addımlar atmağa məhkum idi. Çünki
hətta klassik romantik şeirin ustadı olan Füzuli də
Mirzə Fətəli Axunzadənin sözləri ilə desək,
qarşıdan gələn yeni realist şeir üçün
“nazim” idi. Yeni ədəbiyyat isə
özünün fərqli bir Füzulisini hazırlayıb
meydana çıxarmaq vəzifəsini həyata keçirməli
idi.
Orta əsrlər Azərbaycan ədəbiyyatı qədim dövrlə erkən yeni dövr arasında möhkəm və etibarlı bir körpüdür. Ədəbi-poetik kökləri etibarilə qədim dövrə və intibah ədəbiyyatına bağlı olan orta əsrlər Azərbaycan ədəbiyyatı inkişaf meyllərinə, qol-budağına, qanadlarına, hədəflərinə görə erkən yeni dövrə yaxındır. Bu mənada orta əsr Azərbaycan ədəbiyyatı mahiyyətcə, bədii metodu və üslubuna əsasən ona daha yaxın olan qədim dövr və intibah dövrü ədəbiyyatının möhtəşəm yekunudur. Eyni zamanda, erkən yeni dövrün kökləri də orta əsrlər Azərbaycan ədəbiyyatında yetişib formalaşmışdır.
Beləliklə, türk-müsəlman ədəbi mühitində, Şərqdə və Qafqazda XIII əsrdə İzəddin Həsənoğlu ilə başlanıb, XVI əsrdə Məhəmməd Füzuli şeiri zirvəsinə qədər yüksələn anadilli Azərbaycan ədəbiyyatı tanınmış, özünü isbat etmiş və şöhrət qazanmışdır. Orta əsrlər Azərbaycan ədəbiyyatı çoxəsrlik ədəbi fikrimizin tarixinə anadilli ədəbiyyat epoxası kimi daxil olmuşdur. XIII-XVI əsrlərdə bütövlükdə Azərbaycanda anadilli ədəbiyyatın bütün oturuşmuş sistemi formalaşmışdır.
525-ci qəzet 2017.- 9 dekabr.- S.8-9.