Misir Mərdanovun yeni
kitabı
264 SƏHİFƏDƏN İBARƏT KİTAB GÖRKƏMLİ ALİM, PROFESSOR QOŞQAR ƏHMƏDOVUN HƏYAT VƏ YARADICILIĞINA HƏSR OLUNUB
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat
və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun “Müəllimim
Qoşqar Əhmədov”
adlı kitabı çap olunub.
264 səhifədən ibarət kitab görkəmli alim, Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, fizika-riyaziyyat
elmləri doktoru,
professor Qoşqar Əhmədovun
həyat və elmi yaradıcılığına
həsr edilib.
Kitabdan
elm və təhsil tarixi, xüsusən Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin və ölkədə riyaziyyatın
tarixi ilə məşğul olan mütəxəssislər istifadə
edə bilərlər.
Kitabın ön sözündə Misir Mərdanov bildirib ki, hər
bir xalqın yaddaşında o xalqın
tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını
təmsil edən görkəmli şəxslər
olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının
rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına
həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar
yetirən əzəmətli
bir xalq: “Əgər xalqımızın
tarixini vərəqləsək,
müxtəlif vaxtlarda
belə mütəfəkkirlərin
yetişdiyinin və ardıcıllarını yetirdiklərinin
şahidi olarıq. Belə insanlarla yaşanan dəqiqələr sənə
bir ömür boyu bəs edir,
onların şəxsiyyəti,
mənəviyyatı, əməlləri
sənə örnək
olur. Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü,
fizika-riyaziyyat elmləri
doktoru, professor, sözün
əsl mənasında,
böyük müəllim,
alicənab, humanist, müdrik
və xeyirxah insan Qoşqar Əhmədov xalqımızın
yetirdiyi belə şəxslərdən biridir.
Dəyərli oxucularıma təqdim
olunan bu kitab Qoşqar Əhmədovun qısa, lakin dərin məzmunlu həyat yoluna həsr olunub”.
M.Mərdanovun sözlərinə görə,
kitab ön söz, Qoşqar Əhmədovun həyat və fəaliyyətinə
həsr olmuş 17 bölmədən, ad göstəricisindən,
istifadə olunan ədəbiyyatdan ibarətdir. Bölmədən-bölməyə
adladıqca oxucu Qoşqar müəllimin həyat yoluna nəzər salacaq, sanki onunla birgə
addımlayaraq riyaziyyat
elminin inkişafında
məhsuldar fəaliyyətinin,
gərgin zəhmətinin,
irəliləyişlərinin şahidi olacaq: “Düşünürəm ki,
kitab həyatda istər elm sahəsində,
istərsə uğur
pilləsində özünəməxsus
yer tutmaq istəyənlər üçün
də bir həyat dərsi olacaq. Birinci bölmə Qoşqar Əhmədovun doğulub böyüdüyü Gədəbəy
rayonu, onu yetirən mühit və şərait, səkkiz uşaq boya-başa çatdırmış
valideynləri - atası,
dövrünün tanınmış
ziyalısı, əməkdar
müəllm, Qırmızı
Əmək bayrağı
ordenli Teymur Əhmədli, anası Yetər xanım, onların müxtəlif ixtisaslar üzrə elmin zirvələrini fəth etmiş alim övladları haqqında oxucuya ətraflı məlumat verir. Hesab edirəm
ki, ucqar dağ rayonunda yaşayan bir ailənin altı övladının alim olması, yiyələndikləri
elm sahəsinə töhfələr
verməsi hamıya örnək ola
bilər. İkinci bölmə Qoşqar
Əhmədovun təhsil
illəri haqqında zəngin məlumat verir. Burada onun ilk və natamam orta təhsili,
Bakı İnternasional
Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Universitetində
aldığı ali təhsil, layiq görüldüyü
təqaüd, elmi-tədqiqat
işlərinə marağının
oyanmasında əvəzsiz
xidmətləri olmuş
müəllimi, fizika-riyaziyyat
fakültəsinin dekanı
Mikayıl Xıdırzadə
haqqında məlumat verir. Üçüncü bölmə Qoşqar
Əhmədovu təkcə
tələbə kimi deyil, eyni zamanda,
Vətənini odlu məhəbbətlə sevən,
onun yad tapdağından azad olunması uğrunda canını əsirgəməyən
alovlu vətənpərvər
kimi təqdim edir. Dördüncü
bölmədə oxucu
Qoşqar müəllimin
elmi-pedaqoji fəaliyyəti,
namizədlik dissertasiyasının
qısa məzmunu, Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsinin dekanı
kimi fəaliyyəti haqqında faktlara əsaslanmış məlumatlarla
tanış ola bilər”.
Professor qeyd edib ki, beşinci bölmə Qoşqar Əhmədovun doktorluq dissertasiyası, onun 1955-ci ildə Moskva Dövlət Universitetinə doktoranturaya göndərilməsi haqqında arxiv sənədləri, doktorluq dissertasiyasının məzmunu, elmi məsləhətçiləri haqqında geniş məlumatı özündə əks etdirir. Bölmədə dissertasiyanın avtoreferatının surəti də verilib.
Altıncı bölmə Qoşqar Əhmədovun Azərbaycan Dövlət Universitetindəki elmi-təşkilati fəaliyyətinə həsr olunub. Bu bölmədə onun “Diferensial və inteqral tənliklər” kafedrasının müdiri kimi fəaliyyəti, ilk yetirmələri, ikinci dəfə mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində çalışması haqqında ətraflı məlumat verilir. Yeddinci bölmə Qoşqar Əhmədovun ailə həyatına həsr olunub. Səkkizinci bölmə Qoşqar Əhmədovun Orta Asiya və Qazaxıstan Respublikalarında elmi-pedoqoji fəaliyyətinə həsr edilib. Bu bölmədə Qoşqar müəllimin 1960-cı ildən başlayaraq ömrünün sonuna qədər Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın ali məktəblərində silsilə mühazirələr oxuması, həmin ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda məruzələrlə çıxış etməsi, bu ölkələrdə onun yetirmələrinin 20 nəfərinin namizədlik (riyaziyyat üzrə fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etməsi barədə ətraflı məlumat verilir. Doqquzuncu bölmə Qoşqar Əhmədovun anadan olmasının 50 illik yubileyinə həsr edilib. Həmin bölmədə bu böyük alimin 50 illik yubileyinin böyük təntənə ilə keçirilməsi arxiv materiallarında da öz əksini tapır. Onuncu bölmə Qoşqar Əhmədov Azərbaycanda - “Optimal idarəetmə” məktəbinin banisi olduğunu faktlarla sübuta yetirir. On birinci bölmə Qoşqar Əhmədovu təkcə alim, müəllim, riyaziyyatçı kimi deyil, eyni zamanda, yüksək insani keyfiyyətlərini, zəngin daxili mənəviyyatını bariz şəkildə əks etdirir. On ikinci bölmə bu böyük insanın dəfn mərasiminə, on üçüncü bölmə Qoşqar Əhmədovun 80, 90, 95 illik yubiley tədbirlərinə, on dördüncü bölmə onun elmi-pedaqoji irsinin davamına həsr edilib. On beşinci bölmədə isə elmi əsərlərinin, on altıncı bölmədə yetirmələrinin, on yeddinci bölmədə opponenti olduğu dissertasiyaların adlı siyahısı verilib: “Kitabın sonunda ad göstəricisi verilib. Burada Qoşqar müəllimin bu və ya digər formada əlaqədə olduğu 300-dən çox şəxsin adları əks olunub. Oxuculara təqdim olunan bu kitabda professor Qoşqar Əhmədovla əlaqədar 112 tarixi foto-şəkil öz əksini tapıb”.
S.QARAYEVA
525-ci qəzet 2017.- 9 dekabr.- S.6.