Səlim Babullaoğludan 4 esse

 

Çağdaş Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsi şair, esseist və tərcüməçi Səlim Babullaoğlunun sabah - dekabrın 10-da 45 yaşı tamam olur.

 

Artıq 20 ilə yaxındır ki, ədəbi mühitimizdə və çağdaş ədəbi prosesdə S.Babullaoğlunun özünəməxsus yeri, sanballı mövqeyi var. Onun şeirləri, esseləri, tərcümələri, hazırladığı çoxsaylı nəşrlər Azərbaycan ədəbiyyatının dünya ədəbi məkanına inteqrasiyası baxımından son dərəcə əhəmiyyətlidir. Yaratdığı orijinal və tərcümə əsərlərilə bərabər, S.Babullaoğlunun təşəbbüsü, rəhbərliyi və iştirakı ilə həyata keçirilmiş ədəbi layihələr də çağdaş ədəbiyyatımızın inkişafına, modernləşməsinə, bu sahədə yeni ənənələrin yaranması və oturuşmasına ciddi təsir göstərib. Hazırda S.Babullaoğlu AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi bu istiqamətdəki proseslərdə daha fəal və yaradıcı rol oynamaqdadır.

 

Uzun zamandır ki, S.Babullaoğlu həm də “525-ci qəzet”in ardıcıl müəlliflərindən biridir. Əziz qələm dostumuzu 45 yaşı münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Oxuculara təqdim etdiyimiz bu esselər S.Babullaoğlunun son illərdə qələmə aldığı ədəbi nümunələrdəndir.

 

Rəqəmlərdən mətləblərə...

 

Sizə bir neçə statistika və həmin statistika ilə bağlı adi hesablamalardan doğan qənaətlərimi açıqlamaq istəyirəm.

 

Kitab rəfimdə iki müxtəlif ikicildlik “Türk şeiri antologiyası” var: birini tanınmış türk şairi Ataol Behramoğlu, o birini isə Memet Fuat tərtib edib. Həmin antologiyların birində sərbəst şeirin nəhənglərindən olan, bütün əsərləri 10 akademik cildə sığan Nazim Hikmət vur-tut 16 səhifə yer tutub.

 

Şərh vermək istəmirəm, bu, məni ciddi şəkildə düşündürdü: biz yazdıqlarımızın taleyini bilə bilmərik.

 

Başqa bir qənaətə Krakovda gəldim. Görkəmli polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloşun evində -  bu ev indi həm də muzey kimi fəaliyyət göstərir - şairin ədəbi katibi Aqneşka Koşniska ev-muzeyinin möhürü ilə Miloşun bütün şeirləri toplanmış qalın, 1000 səhifəlik kitabını mənə hədiyyə elədi. Oteldə kitabı vərəqləyə-vərəqləyə düşündüm ki, 17 yaşından şeir yazmağa başlamış, 93 il ömür sürmüş şair orta hesabla il ərzində 13 səhifə şeir yazıb; pan Miloşun ənənəvi ölçülərini bilən biri kimi, bu o demək olurdu ki, şair il boyu ya 7, ya 8 şeir yazırmış. Demək, çox yazmaq olmaz.

 

Bu qənaətə isə bir xeyli əvvəl gəlmişəm. Təsəvvür edin ki, sizin 100 il yaşamaq və doğulduğunuz ilk gündən hər gün 150 səhifəlik olmaqla, gündə bir kitab oxumaq imkanınız var. Bu, yüz il ərzində 36500, ya 36600 kitab edərdi. Amma dünyadakı kitabların sayı milyarddan çoxdur. Allahın peyğəmbərlərinə və bütün insanlara Sözünün 1 kitaba sığdığı bu dünyada, demək, hər şeyi nə oxuya bilərik, nə də oxumalıyıq.

 

Daha bir statistika ilə bu günlərdə tanış oldum. Sən demə, dünyadakı internet resurs kütləsinin 95-98 faizi Youtube-dadır. Və oradakı bütün videomaterialla tanış olmaq üçün bir adama 1700 il vaxt lazımdır.

 

Əgər biz ya 36500 kitabı oxumaq, yaxud da bütün videoçarxlara baxmaq istəsəydik, onda gərək ya evdən çölə çıxmayaydıq, ya da məqsədimizə çatmaq üçün ömrümüzün azlığını sonda və gecikmiş təəssüflə etiraf eləyəydik.

 

Halbuki həyat bizə nə bütün kitabları oxumaq, nə də sosial şəbəkələrdə “yatıb qalmaq” üçün verilib.

 

Əminəm: sosial şəbəkələr nə qədər böyük və populyardırsa, istifadəçiləri o qədər tənha və acizdirlər; bu qədər informasiya bolluğunun içində hər gün artmaqda olan kütləvi savadsızlıq var, çünki biz həqiqi biliklərdən hər gün bir az da uzaqlaşırıq.

 

İstəklər və imkanlar arasında “itmək” 

 

Fransız şairi Mişel Uelbek yazır: “Hər axşamüstü günün on beş dəqiqəyə ötdüyünü sanırsan, yaş haqqında düşünür və tələsirsən, yarım ildə etmədiyini fırıldaqla birdəfəyə başa vurmağa çalışırsan, amma daha bir səhifə yazmaqdan başqa çıxış yolu tapmırsan. Çünki adları bizə kitablardan bəlli nadir insanları və tarixi anları çıxsaq, zamanı qabaqlamağın doğru yolu onun hər bir anını büsbütün yaşamağa cəhd etmədən ömür sürməkdir...”

 

Görünür, “itmişlik” istəklər və imkanların tərs mütənasibliyidir.

 

Yanlış xatırlamıramsa, Knut Hamsunun “Aclıq” romanının adsız qəhrəmanı aclıqdan xilas olmaq üçün paltarını girov qoyur. Aldığı qəpik-quruşla qarnını ucuz yeməklə doyursa da, balacalaşmış mədəsi yeməyi qəbul eləmir, hər necəsə, yediklərinin qalan hissəsi hesabına işıqlanmış ağlına ilk gələn bu olur ki, yazmalıdır... Amma qələmi, girov qoyduğu jiletinin cibində qaldığından, bu, mümkün olmur.

 

Görünür, “itməklik” - tale məsələsidir, amma bir az da seçim məsələsidir, yəni eyni vaxtda iki kətildə oturmaq olmaz.

 

Özüylə, adıyla, taleyilə, əməllərilə nə qədər yeni imkanlar, yeni sözlər demək olan bir uşaq doğulmaq üzrədir. Kim bilir, bəlkə, o uşaq alim olacaq, kəşflər edəcək, təkcə öz xalqı üçün deyil, bütün dillər və insanlar üçün o vaxta qədər eşidilməmiş sözlər tapacaq. Əks halda, həmin uşaq bizə adi, sıravi görünən ömür də yaşaya bilər. Adi, gündəlik sözlərin istehlakçısına və təkrar istehsalçısına çevrilə bilər. Bu halda başqa bir məqam maraqlı olmalıdır: o adam mövcud sözlərdən necə yararlanacaq? Yəni hər ömür bu mənada dil üçün, lüğət ehtiyatı üçün yeni sınaq və imtahan olur.

 

Hər şeyin bir Sözdən törədiyi bu dünyada “itmək”, “itirilmək” də yalnız həmin Sözün növbəti təzahürüdür: Söz itmir, şəkil(çi) dəyişməklə zühur edir, ta sükuta qədər...

 

Kitab yazanlar və satanlar 

 

Nüfuzlu nəşriyyat, bookhause, ədəbiyyat nəşrləri və ekspertlərinin, “Betsson” və “Paf” kimi bukmeker firmalarının gözləntilərinin əksinə, ədəbiyyat üzrə “Nobel” mükafatını yəhudi mənşəli fransız yazıçı Patrik Modiano aldı bu il (söhbət essenin yazıldığı 2014-cü ildən gedir - red.). Yəni daha çox kitab satmış Murakami, Kundera, Adonis, Filip Rott və başqaları qalib ola bilmədilər...

 

Mətləbə daha dərindən keçməyə cəhd edək... Yazıçı “çox kitab satmağ”ı öz sözünün, mətnin daha çox oxunması, eşidilməsi anlayışı ilə eyniləşdirir. Çünki “satıcılığın” xüsusi bir növü olsa belə, “sözü satmağı” sevə bilməz.

 

İmza günlərindəki sxematiklik, növbətçi ifadələr, təbriklər, rəylər, müsahibələr, sonda boş zal, bir miqdar qələm haqqı, məclis, sağlıqlar, təbbəssümlər və nəhayət, evə doğru tənha yolçuluq, səni rahat buraxmayan suallar: bunumu istəyirdin?

 

Halbuki ən çox əl çalınan yazına əvəzində səndən heç bir haqq tələb etməyən bir uşaq təbəssümü, ya da elə uşaqlar qədər məsum başqa bir simada faniliyin buraxdığı iz səbəb olmuşdu.

 

Qədimdə şifahi nitqə üstünlük verirdilər. Çünki nə vaxtsa deyildiyi kimi, sözlər yazılanda təkcə ruhunu itirmir, həm də bizi arxayın salır, həmin mətləblərin hardasa yaxında və əlçatan olduğuna inandırır. Və beləcə Qeys və Leylinin, Koroğlu və Həmzənin, Vronski və Annanın, Nagelin, Yuhannesin səhvləri, faciələri spiralvari şəkildə təkrarlanır.

 

Yəqin, insan islahata şəxsi islahdan gəlməyincə belə olacaq. İslah üçün isə yazılı mətnlərdən daha çox göndərilən və daim yadda saxlamalı olduğumuz mətnlər yararlıdır - insanların yazmadığı şifahi sözlər.

 

Bunu anlamayınca dünyanı dəyişməyən, yalnız biri digərinin təkrarı olan kitablar yazılacaq, sonra da indiki kimi onları satmağın yolları axtarılacaq.

 

Və nəhayət, bir ağıllı adam çıxıb deyəcək ki, bazar və sənətin yolları ayrıdır. Tacir bazara yalnız tələb olunan qədər mal çıxardır, tələb təklifi doğurur, yəni.

 

Yazıçı isə tələbin səviyyəsini qaldıracaq təkliflə - mətnlə gəlir “bazara”, uşaq sadəlöhvlüyü ilə təklifinin tələbi formalaşdıracağına inanır.

 

Başqa bir ağıllı adamın sözünü xatırlayıram: “Əməllərimizin dünya ilə həmahəng, təzadlardan azad və ardıcıl olduğu, “mən”imizin başqaları ilə yanaşı, nifaqsız addımladığı, mütləqin hakim, idealın əbədi, yerişlərin rəqs, sözlərin dua olduğu bir məkan bu yer üzündə mövcud deyil...”

 

Klassika mövzusuna sözardı...

 

Heç bir ədib yazanda “klassik əsər yazdığını” düşünə bilməz. Bu, bir yazıçının hansısa ədəbi mükafatı düşünüb yazmasına oxşayır. Hə, klassika - mükafatdır, keçmiş tarixlə zamanın vurduğu möhür, asdığı yarlıqdır.

 

Bir az naturfəlsəfə ilə məşğul olaq: klassika yetkinlikdir, “ağsaqqallıq”dır. Amma bu əlaqə “saç-saqqalın” rəngi, buxara papaq, əsa, təsbehlə olan üfüqi əlaqə deyil (ki, yeriyəsən, illər ötə, qocalasan), klassika - şaquli hadisədir. Məsələn, Nizami Gəncəvi “Sirlər xəzinəsi”ni 23-24 yaşlarında yazmışdı.

 

Özümlə mübahisə eləmək istəyirəm; Şeyxin misralarını xatırlayıram:

 

Yüz il sonra sorsan, bəs o hardadır?

Hər beyti səslənər: “Burada, burdadır”.

 

Yaxud 

 

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da...

 

Sonra da Sabiri:

 

"Bənzərəm bir qocaman dağə ki, dəryadə durar..."

 

Belə çıxır ki, bu böyük şairlər, eyni zamanda, yazdıqlarının “klassika” olduğunu biliblər. Yox, məncə, onların bu sözləri apellyasiya elədikləri həqiqətlərin dürüstlüyünə, uzunömürlülüyünə olan rasional və həm də ruhi əminlikdən başqa bir şey deyildi.

 

Nizami də klassikdir, Sabir də. Amma ikisi bir arada yox. İkisi müqayisə olunarsa, yalnız Nizami klassikdir. Sabir janrın və dövrün klassikidir. Nizami isə universaldır.

 

Görünür, klassika anlayışına ən böyük töhfə kimi meydana çıxan klassisizm (onun da kökündə latıncadan mənası “nümunəvilik” olan “classicus” sözü dayanırdı) janrların ciddi iyerarxiyasını elə belə müəyyənləşdirməmişdi. Klassisizmə görə, “oda”, “epopeya”, “tragediya”, belə deyək, ali janrlar sayılır, “təmsil”, “komediya” və “satira” isə aşağı - “alçaq” janrlar hesab edilirdi.

 

Əlbəttə, klassik mətnlər həm də onlarla mübahisə açmaq üçündür. Deyirlər, rəssam ağacı yalnız onu gördüyünə görə çəkmir, həm də ona görə çəkir ki, başqa bir rəssamın ağac çəkdiyini görür. Ağac demişkən, meşə - klassikadır, çünki ağaclar insan əliylə əkilməyib. İlahi bir hikmətlə bitib. Parklar, süni meşə zolaqları təmsil kimi bir şeydir. Necə deyərlər, ağaclar əkildi, meşələr mənasını itirdi. Qoy, bu da naturfəlsəfənin davamı olsun.

 

525-ci qəzet  2017.- 9 dekabr.- S.13.