Tarın dostu... Tarzən
dostumuz...
PƏRVİN
Yaxın bildiyin insanların həyatında hər hansı bir əlamətdar hadisə adamı lap əvvələ
aparır nədənsə. Həm o adamın
ömür yolunun əvvəlinə, həm
də onunla tanışlığının tarixçəsinə. Görünür, hər şeyin təməlini, başlanğıcını
axtarmağa, səbəblərini,
köklərini tapmağa
meyil sadə bir insan xislətidi.
Bu günlərdə Muğam
Mərkəzində Azərbaycanın
Xalq artisti, tarzən Fikrət Verdiyevin 70 yaşı, səhnə fəaliyyətinin
isə 55 illiyi qeyd olunurdu. Hələ tədbir başlamamış ekranda
bir-birini əvəz edən şəkillər
bu, bizə böyük görünən
rəqəmlərin - 70-in, 55-in fəlsəfəsindən, yəni
əslində nəyə,
necə xərclənməsindən
danışırdı. Fikrət
müəllimin müxtəlif
sənətkarlarla birgə
konsertlərindən, Göygöl
ansamblı ilə səfərlərindən, dost məclislərindən,
Xan Şuşinski fondu ilə Avropanın müxtəlif
şəhərlərindən fotoları... Birində daha gənc, birində yaşlı, hansındasa üzügülər,
bir başqasında kədərli, bəzisində
gümrah, bəzisində
yorğun... Baxdıqca yadıma Fikrət
müəllimlə müsahibəm
düşürdü. Onun da maraqlı
və xoş bir tarixçəsi var axı... Hər halda mənim üçün.
2012-ci ildə Gəncədə
böyük şairimiz
Nizaminin Beynəlxalq səviyyədə yubileyi
keçirilirdi. Dünyanın dörd bir yanından Nizaminin tərcüməçiləri, araşdırmaçıları, şairin irsi ilə məşğul olan alimlər dəvət edilmişdi tədbirə. Axşam rəsmi
ziyafət də son dərəcə dəbdəbəli
bir otelin həyətində, açıq
havada verilirdi. Qonaqpərvərliyimiz bir də süfrəmizin zənginliyində
özünü göstərirdi,
şübhəsiz. Hələ üstəlik
bu ziyafət zamanı ifa olunan milli musiqilərimiz,
bir sözlə xaricdən gələn qonaqlar xeyli təsirlənmişdilər. Samir Cəfərov Üzeyir Hacıbəylinin
romanslarını ifa edəndə mən bir az gəncliyimdən, ya da bəlkə qadınlığımdan gələn
ərköyünlüklə “Üzeyir bəyə yemək yeyə-yeyə qulaq asmaq nə
qədər düzdü?”
- deyə soruşdum. Masamızda əyləşmiş Fikrət
Qoca özünəxas
yumşaqlıqla, mehribanlıqla
“Düz deyirsən, ay
qızım, amma bu da bir
növ təbliğatdı
da, gələnlər
qulaq asırlar” - dedi. Amma mənim
yumşalmadığımı görəndə sözü
adaşına verdi... Həmin ziyafətin necə
deyərlər səs
rejissoru, bəstəkarı
və prodüseri Fikrət Verdiyev idi. Mənim bu yüngülvarı
“iradım” bilavasitə
ona aid idi. Sualımı bir də təkrarladım... Fikrət Verdiyev əvvəlcə gülümsədi,
hətta deyəsən,
bir az
təəccüblənmişdi də. Amma xeyli
səmimi şəkildə
zarafata salıb: “Ömrüm boyu belə çətin sual verilməyib mənə...” - dedi və hamımız gülüşdük. Və qərara
gəldik ki, növbəti gün Fikrət Verdiyevlə müsahibə edim, belə “çətin” suallarla üz-üzə qoyum onu. Masa arxasında əyləşən
dostlarından biri mənə ipucu da verirdi, Fikrət
müəllimin bir müddət Gəncədən
uzaqlaşmasının səbəbi
haqda soruşarsan - deyirdi. Amma Fikrət Verdiyev özünəxas alicənablıqla
- mən ayrı heç nə deməyəcəm, deyəcəm
ki, uşaqlarımın
təhsilinə görə
Bakıya getməli olmuşam... Elə də oldu, Fikrət müəllim Gəncədən bir müddət küsməsinin
səbəblərini demədi
və mən müsahibimin xırda qeybətlərdən, umu-küsüdən
yox, əsl sənət, musiqi söhbətləri etməsindən
xeyli zövq aldım.
Yadımdadı elə o müsahibəyə
Fikrət müəllim
xeyli foto gətirmişdi. Həyatından keçən adamlardan
danışıb xatirələrə
dalırdı, ömür
və yaradıcılıq
yolundan söz açırdı. Həm
də o qədər səmimi, rahat danışırdı ki...
Sanki onun dinləyicilərindən,
sevənlərindən gizlin
heç bir işi yoxdu.
Muğam Mərkəzindəki tədbirdə
də Fikrət Verdiyevin belə açıq, rahat, ünsiyyətcil, komplekssiz
xarakterini müşahidə
etdim. Həm də axı tar onun əvəzinə hər şeyi açıb deyirdi?! Xalq artisti, Qara
Qarayev adına
Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayevin dirijorluğu
ilə musiqilər ifa olunduqca Fikrət
müəllimin bütün
ömrü gözünün
qabağından keçirdi
elə bil. 55 illik dostunu
- tarını bağrına
basıb nələri
yadına salmırdı?!
Həm öz yadına, həm də tarının yadına; Gəncədə
“Göy göl” xalq çalğı alətləri ansamblını
yaratması, Şövkət
Ələkbərova, Zeynəb
Xanlarova, Rübabə
Muradova, Nəzakət
Teymurova, Flora Kərimova,
İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova,
Kəmalə Rəhimli,
Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə,
Elmira Rəhimova, Baba Mahmudoğlu
və başqa tanınmış sənətçilərin
bu ansamblla ifaları, Zeynəb Xanlarovanın “Göygöl”
ansamblının müşayiəti
ilə verdiyi konsertlər, Bakıda “Neftçi” ansamblını
yaratması və unudulmaz çıxışları,
Ulu Öndər Heydər Əliyevin bu ansamblı tərifləməsi, çıxışlarını
bəyənməsi, ən
müxtəlif xarici ölkələrdə Azərbaycan
musiqisini təmsil etməyin məsuliyyəti,
Xan Şuşinski adına fondun yaradılması və Avropanın ən müxtəlif şəhərlərində
fondun təşkilatçılığı
ilə çıxışlar,
görüşlər. Bir
sözlə, saymaqla bitməyən bu əlamətdar işlərdən,
hadisələrdən, uğurlardan
danışırdı Fikrət
müəllimin tarı...
Arada pıçıltı
ilə, hərdən də səsini qaldıraraq!
Amma bu sadaladıqlarım sadəcə sənət olaylarıdır. Fikrət müəllimin şəxsi həyatında, ailəsi, övladları, nəvələri, doğmalarıyla da bağlı xatirələri az deyil yəqin. Şanlı bir nəslin nümayəndəsi, dahi Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşir Fikrət müəllimin həyat yoldaşıdır. Bəlkə əslində, bu iki insanı birləşdirən dəyərləri sadəcə ailə çərçivəsində məhdudlaşdırmaq olmaz. Xan Şuşinski fondunun rəhbəri olan Bəyimxanım Verdiyeva Fikrət müəllimin bir sənət dostuna, məsləkdaşına, onunla çiyin-çiyinə çalışan həmkarına çevrilib. Adətən adında “xanım” sözü olan adamlar haqqında yazmaq çətin olur. Çünki “xanım” sözünü təkrar etməməkdən ötrü hər dəfə soyad işlətməli olursan. Amma Bəyimxanın xanım haqqında yazanda belə üslub xətasına yol vermək olar. Çünki bu xanımın xarakteri, davranışı, insanlığı, cəmiyyətdə yeri bu cür üslub xətasına haqq qazandırır. Xanım-xatınlığı ilə, alicənablığı və dərin kübarlığı ilə seçilən Bəyimxanım xanımı tanıyan hər kəs bu sözlərimi təsdiq edə bilər. Dahi Xan Şuşinskinin yadigarı olan bu xanıma lap körpəliyindən mahnılar qoşulub... Xan Şuşinski Moskvada Dekadada olanda ailə üzvləri zəng edib qızının televizora baxıb “dədə” - dediyini söyləyirlər ona. O da “Ay gözəl ceyran” mahnısını qoşur bu şərəfə, qızına - danış, dilinə qurban - deyir. Belə bir ailənin, nəslin davamçısı olan Bəyimxanımın Fikrət müəllimi seçməsi, ömrünü onunla bağlaması heç təsadüfi deyil. Sənətlə yaşayan, musiqiylə nəfəs alan bu iki insanın birliyi ayrıca bir hadisədir. Bu birliyi isə şəxsən müşahidə etmək imkanım da çox olub. Amma adamı səfərdə tanıyarlar - deyirlər.
2015-ci ildə İtaliyanın Milan şəhərində Rəşad Məcidin “O” şeirlər kitabının təqdimatına getmişdik. Məşhur italyan bəstəkarı Davide Qualtieri Rəşad müəllimin italyancaya tərcümə olunmuş şeirlərindən mükəmməl bir kompozisiya hazırlamışdı. Əvvəlcə şeirlər Azərbaycan və italyan dillərində oxunur, sonra musiqiyə yer verilirdi. Fikrət Verdiyevin başçılıq etdiyi musiqi qrupunun, Sevinc Sarıyevanın ifasıyla italyan musiqiçilərinin ifaları bir-birinə qarışırdı. Bir sözlə, əsl sənət perfomansı izləyirdik. Davide Qualtieri bir il öncə Xalq şairi Fikrət Qocanın da şeirlərindən belə kompozisiyalar hazırlamışdı və Xocalı faciəsinə ithaf etmişdi o konserti... Bu dəfə də həmin kompozisiyalardan bir neçəsini ifa edir, göstərirdilər. Təbii ki, mövzuya uyğun olaraq hər şey qəmli, kədərli notlar üzərində qurulmuşdu. İki günlük proqramdan sonra, daha doğrusu, axırıncı gün Bəyimxanımın bir az narahat olduğunu sezdim. Bəyimxanım xalqımızın başına gətirilən bəlaların italiyan tamaşaçısına çatdırılmasına sevinirdi, amma durmadan onu da deyirdi ki, sonluq bədbin olmamalıdı, axı biz cəngavər xalqıq, mübariz millətik... O zaman Bəyimxanım xanımın Fikrət müəllimə necə məsləhətlər verməsi, ondan proqrama qəhrəmanlıq, döyüş ruhlu musiqilər, parçalar salmağı xahiş etməsini heç unutmuram. Hər şey Bəyimxanım xanımın dediyi kimi oldu, sonda nikbin milli rəqslərimiz, qəhrəmanlıq ruhlu musiqilərimiz səsləndi. Və konsertə gələn italyanlar da bu musiqilərdən xeyli təsirləndilər, musiqiçilərimizi əhatəyə alıb ürək sözlərini dedilər. Elə o səhnəyə baxıb “Ailə kiçik bir dövlətdi” - deyiminin gerçək mənasını anladım. Məhz bu cür insanların, ailələrin timsalında dövlətimizin, millətin tanınmağı qürurvericidir əlbəttə.
Fikrət Verdiyevin ikiqat yubiley mərasimində də onun övladlarının, nəvələrinin sevincini müşahidə edib təsirlənirdim. Axı böyük türk şairi Nazım Hikmət də deyir ki, xoşbəxtlik səhər işə, axşam evə sevinərək getməkdi. Nədənsə əminəm ki, Fikrət müəllim bu xoşbəxtlik formulunu öz həyatında doya-doya yaşayır. Tarını sinəsinə sıxanda da, nəvələrini qucağına götürəndə də eyni fərəhi, səadəti duyur. Əslində, elə bu böyük rəqəmləri də - 55 illik səhnə fəaliyyətini, 70 illik ömrü də mənalı edən, dəyərli edən budur.
Mən əzizimiz, dostumuz, hər zaman isti, mehriban sözüylə, dəyişilməz münasibətiylə dostlarının yanında olan Fikrət Verdiyevi yubileyləri münasibətiylə təbrik edirəm. Arzu edirəm ki, bu rəqəmlər xeyli böyüsün, amma tarla görüşün sehri, tarla dostluğun cazibəsi heç vaxt azalmasın.
525-ci qəzet 2017.- 9 dekabr .- S.12.