Yoxluqdan varlığa
"Səhər-səhər"
rubrikası
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
İlk həyəcan təbilini dayım qızı,
ürək həkimi Elnarə Rəfibəyli çaldı. Hələ bir neçə
ay bundan əvvəl ailə üzvlərimin təkidiylə
ürəyimin exoqrammasını edəndə: - Ürəyin
sağlamdır, amma müəyyən problemlər var, ciddi
müalicə olunmalısan - demişdi.
Doğrusu, ömrümdə ilk dəfə qəlbimin
exoqrammasını eşidərkən marağımı bu
yüngülvarı xəbərdarlıqdan daha çox
exoqrammanın səsləri cəlb etmişdi. Eynən relslər üzərində
hərəkət edən qatarın səsləri idi. Hətta ilk dəfə öz qulağımla ürəyimin
səsini eşidib, hərəkət ritmini duyduğum
üçün “ilhama gəlib” bir şeir də
yazmışdım.
Amma son aylar bu ritm mənə daha çox əziyyət
verirdi, yeyin yeriyəndə, pilləkan, ya yoxuş qalxanda,
yaxud da sadəcə uzun məsafəni aramla addımlayanda belə,
nəfəsim daralır, tövşüməyə
başlayırdım. Az qala ürəyim yerindən
çıxırdı. Hələ bir neçə il əvvəl
də belə hallarım olanda məni diabetdən müalicə
edən professor Valeh Mirzəzadə, kardioloq Xanna
xanımın tövsiyəsiylə on gün iynə vurdurdum və
tövşümək keçib getdi. Həmişəki kimi
aktiv həyatla yaşayır, rayonlarımıza, hətta
xarici ölkələrə səfərlərə
çıxır, müxtəlif tədbirlərdə
iştirak edir, gün boyu Yazıçılar Birliyində
iş yerimdə çeşidli problemlərlə məşğul
olur, yazıb-pozurdum. Avqust ayında yenə nəfəsim daralmağa
başladı, yenidən o iynələri vurdurub bir az özümə gəldim. Amma
ailə üzvlərimin qəti tələbiylə yenidən
exoqramma etməli oldum. Bu səfər Elnarənin daha qayğılı
olduğunu sezməyə bilməzdim. - Mütləq
TAVİ etməlisən - dedi - narkozsuz-filansız bir damardan
girib damarların yolunu açacaqlar, heç hiss etməyəcəksən.
Yaxşı olar ki, bunu Türkiyədə etdirəsən,
çünki bizdə bu üsulu yeni-yeni mənimsəyirlər.
Tibbi biliklərim təxminən Çin dilini bildiyim qədər
olduğu üçün Elnarənin təklifinə etiraz etmədim. Amma xahiş
etdim ki, ailə üzvlərimi panikaya salmasınlar.
Necə
deyərlər, sən öz saydığını say,
gör, fələk nə sayır. Demə, məsələ
mən düşündüyümdən qat-qat ciddiymiş.
Elnarə yumşaq şəkildə olsa da,
qızım Günelə çatdırıb ki, bir gün belə,
yubanmaq təhlükəlidir. Noyabrın
ilk günlərindən həyatımçün bu qədər
önəmli olan, daha doğrusu, məni uçurumun bir
addımlığından həyata qaytaran epopeya belə
başladı.
Sonralar bildim ki, Günel Qahirəyə Turala telefon edib, məzuniyyətini
Bakıda keçirməyə hazırlaşan oğlum
İstanbula gəlib bizi orda gözləməyə
başlayıb. Bundan başqa, Günel Türkiyədəki
həkim qohumlarımız Rəfibəylilərlə əlaqə
yaradıb, Ankaraya Nəsrin xanıma zəng edib Türkiyənin
ən mahir kardioloqları haqqında məlumat alıb. Nəsrin xanım da öz bacısı Xəndan
xanıma, o da öz növbəsində Birsən xanıma xəbər
vermişdi. Onu da deyim ki, Türkiyədə
olduğum müddətdə bu insanların, uzaqda
qalmış qohumlarımın da qayğısı, tez-tez zəng
edib hal-əhval tutmaları, gəlib baş çəkmələri
məni xeyli təsirləndirdi.
Noyabrın 4-də Zemfira, Günel və mən
İstanbula uçduq. Atatürk hava alanında bizi Tural
qarşılayıb otelə apardı. Bu vaxt ərzində
Tural Bakıdakı həkim dostlarıyla da məsləhətləşmiş
və professor Tahirin vasitəsiylə İstanbulda
çalışan həmyerlimiz, kardioloq İlkin Babayevlə əlaqə
yaratmışdı. Gəldiyimiz günün səhəri
- noyabrın 5-i bazar günüydü. İlkin bəy
otelimizə gəldi, tanış olduq və
ətraflı söhbət etdik. Bakıdan gətirdiyimiz tibbi
arayışlara, şəkillərə baxıb: - məncə,
TAVİ məsləhət deyil - dedi - əvvəla, daha
risklidi, ikincisi, mənzərəni tam görmək
mümkün olmayacaq. Odur ki, qəlbdə
açıq əməliyyata ehtiyac var.
Bəli, ancaq o zaman sona qədər dərk etdim ki,
işlər mən düşündüyümdən qat-qat qəliz
imiş. Ömrüm boyu heç vaxt bədbinləşməmişəm
və indi də bu radikal müalicə üsullarına əl
atılarkən nəticənin yaxşı olacağına
özümü inandırmağa
çalışırdım. Amma bununla belə...
Necə deyərlər, ehtiyat igidin
yaraşığıdır. Bakıdan
ayrılmazdan öncə bir neçə vacib bildiyim işləri
görməyə çalışdım. Çox qabaqcadan Səlim Babullaoğlu ilə
danışdığımız kimi şeir, nəsr və
pyes tərcümələrimi toplayıb jurnalda çap etməsi
üçün ona təqdim etdim. “Səhra
yuxuları” pyesimin Azərbaycan, rus və türk
variantlarını bir kitabda nəşr etməkçün Xəyal
Rzaya verdim. Xalq yazıçısı
Elçinin “Baş” romanını Azərbaycanın dövlət
mükafatına təqdimatı barədə qərar qəbul
etmişdik, İstanbula getməzdən öncə katiblik
çağırıb bu qərarı rəsmiləşdirdik.
Bu ilin yaz aylarında Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanımın qəbulunda olmuşdum və
yazıçıların mənzil problemi haqqında ona məlumat
vermişdim. Mehriban xanım yardım edəcəyini demişdi.
Doğrudan da hörmətli Prezidentimiz jurnalistlərə ev verərkən mənim təqdim etdiyim
siyahıdan da bir neçə yazıçı-jurnalistə
mənzil ayrılmışdı. Amma hələ
də mənzilə böyük ehtiyacı olan bir neçə
nəfər üzvümüz qalırdı. İstanbula taleyimlə bağlı səfər ərəfəsində
Mehriban xanıma bu barədə ətraflı məktub
yazdım. Səfərə
çıxmazdan bir gün əvvəl ona telefon etdim.
İlk
öncə mənzil almış
yazıçılarımızın adından və şəxsən öz
adımdan ona dərin minnətdarlığımızı
bildirdim. Məktubda vaxtilə təqdim etdiyim siyahıdan hələ
ki, ev almayanların adlarını bir daha
qeyd etdim.
- Sabah səfərə
çıxıram, necə edim ki, məktub sizə
çatsın?!
- İndi
sizə zəng edib məktubu alarlar - dedi. Hər ehtimala
qarşı səfərimin məqsədini də dedim Mehriban
xanıma, dərhal qayğıkeşliklə - Sizə nə
yardım edə bilərik? - deyə
soruşdu. Təşəkkür etdim, - heç nə
lazım deyil - dedim - məktubla tanış
olmağınızı xahiş edirəm.
Beş dəqiqə
keçməmiş Mehriban xanımın köməkçisi,
adaşım Anar Ələkbərov zəng etdi, adam göndərib məktubu apardı. Bir
neçə gün sonra, biz artıq İstanbulda olarkən
Anar Günelə zəng edib yenə də yardım təklif
etmiş, Mehriban xanımın salamlarını yetirmiş və
yazıçıların mənzil məsələsiylə
məşğul olmağın ona
tapşırıldığını demişdi. - Anar müəllim
qayıdan kimi
onunla əlaqə saxlayacam.
Diqqətinə görə Mehriban xanıma bir daha təşəkkür
edirəm.
Hələ ötən əsrin 90-cı illərində,
daha dəqiq desəm, 1997-ci ilin yay aylarında “Keçən
keçdi, olan oldu” adlı anılar, düşüncələr
romanı yazmağa başlamışdım. Hər il də müxbirlərin, müsahiblərimin
suallarına cavab olaraq - bu yay əsəri bitirəcəm -
deyirdim. Nə yazıq ki, bu elə söz olaraq
qalırdı. Amma əslində, bu, yalan
da deyildi. Romanı bitirmişdim. Məsələ
ondaydi ki, o vaxt hələ kompüterdə işləmirdim və
on iri dəftəri yarı kiril - yarı latın
əlifbasıyla əlyazma şəklində doldurmuşdum. İlan- qurbağa xəttimi də Allah göstərməsin.
Yazının müəyyən, həm də böyük hissələrini
“Mübarizə bu gün də var” və “Kərəm kimi”
kitablarımda nəşr etdirmişdim. Amma bu
kitablarda istifadə olunanlardan üç-beş dəfə
çox mətn elə əl yazması halında
qalırdı. Onları kompüterə
köçürməyə imkan, vaxt, macal tapmırdım ki,
tapmırdım. Bu işi haçansa doğrudan
doğruya bitirəcəyimə ümidim ildən-ilə azalırdı.
“Keçən keçdi, olan oldu”
romanımı isə yazılarımın ən vaciblərindən
sayıram, çünki bu əsərlə bir ailənin nəsil-nəsil
timsalında Azərbaycan tarixinin, taleyinin, ədəbiyyatının,
sənətinin tam bir əsrini əks etdirməyə
çalışmışam. Əlbəttə, buna nə
dərəcədə nail olub-olmadığımı
oxucular deyəcək. Əgər oxuculara bu mətni
çatdıra bilsəm. Səfər
qabağı məni qayğılandıran fikirlərdən
biri də bu idi.
Yadıma
düşürdü ki, çox illər bundan qabaq ortabab bir
nasirimiz Yaradıcılıq evindən Bakıya qayıdarkən təyyarədə
qəza təhlükəsi yaranıb. Danışırdı
ki, ən çox yaradıcılıq evində
yazdığım təzə romanımın
nigarançılığını çəkirdim. Təyyarəyə
bir şey olsa, mənimlə birlikdə bir aylıq zəhmətimin
bəhrəsi də
məhv olub gedəcək.
Deməli,
hər bir qələm əhli üçün əsərinin
aqibəti, həqiqi dəyərindən asılı olmayaraq
(axı kim öz ayranına turş deyər?)
öz şəxsi taleyi qədər önəmlidir.
İşdi şayət, bir şey baş verərsə,
bu romanımın kimsəsiz, yetim qalmasından əndişələnirdim. İstanbul səfərimdən
iki gün qabaq on dəftəri Pərvinə təqdim etdim.
Mənim yaradıcılığımı Pərvin
qədər müfəssəl bilən ikinci bir tədqiqatçı
yoxdur. Fenomenal yaddaşıyla bütün
yazdıqlarımı hafizəsində saxladığı
üçün bilirdim ki, Pərvin təkrarları, yaxud
başqa yazılarımda istifadə etdiyim yerləri də
seçib ixtisar edə biləcək. Məsələnin
ən çətin tərəfi mənim
qatma-qarışıq əlyazmamdan baş çıxarmaq
idi. Doğrusu, mən bu işi uzaq gələcəyə
aid etmişdim, düşünürdüm ki, təki yazı
itib batmasın, Pərvində qalsın, haçansa üzə
çıxarar.
Bir neçə gün sonra, biz artıq İstanbulda
olarkən Pərvin Günelə telefon edib halımı
soruşub.
Sonra mənimlə də danışdı və “dəftərlərinizdən
birini artıq köçürmüşəm” deyəndə
mat qaldım. Ancaq onu deyə bildim ki, sənin bu işi
bacarmağın qədim şumer mixi
yazılarını oxuyub açmaq kimi böyük hünərdir...
Oxucular bilir ki, ilboyu “525-ci qəzet”də “Səhər-səhər”
başlıqlı silsilə yazılar dərc etdirirəm. Bu silsiləni yarımçıq qoymaq, ya
ona ara vermək istəmirdim. Pərvindən
xahiş etdim ki, həmin silsiləyə “Keçən
keçdi, olan oldu” romanından Hüseyn Cavidə və Cəfər
Cabbarlıya aid hissələri “Səhər-səhər”
rubrikasına təklif etsin. Bundan başqa, vaxtilə
rusca yazdığım iki mətni - noyabr ayında 100 illiyi
qeyd olunan Tofiq Quliyev haqqında essemi və Xəlil Rzaya həsr
olunmuş yazımı da Pərvin tərcümə edib “525”
və “Ədəbiyyat qəzeti”ndə dərc etdirmişdi. Pərvinə çox minnətdaram. İki-üç həftə ərzində “Səhər-səhər”
rubrikası yazılarımsız qalmadı, özüm
İstanbulda, türklər demiş, “yaşam mücadiləsi”
verərkən yazılarımla Azərbaycan mətbuatında
gündəmdən düşməmişdim.
Hər şənbə Rəşad Məcid Günelin
telefonuna “525”də çıxan yazılarımı göndərir
və Günel onları mənə oxuyurdu. Hamısı
sağ olsun.
Bazar ertəsi
İlkin bəyin yardımıyla bir-bir xəstəxanalarla tanış olmağa başladıq.
“Acıbadem” xəstəxanasında
mənə anjuy, rentgen, exoqramma etdilər, təzyiqimi
ölçdülər, qan analizi apardılar. Exoqrammanı
türk həkimlərlə bərabər İlkin bəy də
izləyirdi və hamısının ümumi rəyi belə
oldu ki, TAVİ yox, açıq ürək əməliyyatı
olmalıdır, həm də bir deyil, iki əməliyyat.
Həm ürək qapağının yenilənməsi, həm
də ağ ciyərdən ürəyə gedən damarın
dəyişdirilməsi (şunt edilməsi), yəni damarın
qıçımdan kəsilib ora calanması...
Qəti qərar verməzdən öncə,
yadımızda qalan bir xəstəxanadan da yazmaq istəyirəm. Oranın
kardiocərrahı da Türkiyənin məşhur və mahir
ürək həkimlərindən biri imiş. İş otağı çox qəribə idi.
Sanki etnoqrafiya muzeyinə gəlmişdik. Müxtəlif çeşidli qablar, dolçalar,
nimçələr, səhənglər, güyümlər,
satıllar, aşsüzənlər, hətta aftafa
otağın hər yerində qalanmış, yazı
masasının üstünü tutmuşdular. O saat
başa düşdük ki, çoxu azərbaycanlı xəstələrin
hədiyyələridir. Otaq Lahıcın misgər,
duluzçu emalatxanaları və dükanları olan
küçəsini xatırladırdı. Divarda xalça üzərində həkimin
portretini görəndə daha heç bir şəkk-şübhə
qalmadı. Həkim özü də bunu təsdiq
etdi. - Azərilər çox sıx-sıx gəlirlər
bura - dedi.
Son görüşümüz Qazi Osman paşa xəstəxanasında
oldu. Gənc professor Denyan Mənsuroğlu ilk
görüşdən rəğbətimi qazandı. Bu çox yakışıklı insanın həyatımda
necə böyük rol oynayacağını, əlbəttə,
onda hələ bilmirdim. Bakıdan gələn sənədlərlə
tanış olur, İlkin bəylə “həkim
dilində” nə isə danışırdılar. Gəldikləri
nəticə məlum:
hökman əməliyyat. Həm də ən
qısa zamanda. Bir çox peşəkar həkimlərə
xas olan açıqlıqla: əlbəttə, ola
bilsin bir il də yaşaya bilərsiniz, amma elə bu gün
burdan çıxarkən də hər şey baş verə
bilər. Ürəyiniz sağlamdır, sənədlərə
görə 80 yaşında olmanıza rəğmən,
fizioloji cəhətdən təqribən altmış
yaşındasınız. İndi belə bir əməliyyatın
tam vaxtıdır, sonra gec ola bilər və
artıq əməliyyat da mümkün olmaz.
-
Bakıda vurdurduğum iynələr nəticəsində
artıq on gündür nəfəsim daralmır - deyəndə
- ola bisin ki, yenə də nəfəs
darlığı duyanda iynələr vurdurub bir müddət
rahat nəfəs alasınız, amma bu rahatlıq fasilələri
get-gedə daha qısa müddətdə olacaq və elə
bir vaxt gələcək ki, o iynələrin heç bir təsiri
olmayacaq. Beləliklə, əməliyyatın
vaxtını da ötürə bilərik.
Qorxulu bir şey yoxdur, hər gün bir neçə belə
əməliyyat aparırıq. - Belə əməliyyatdan salamat
çıxmağın şansı nə qədərdir? - deyə soruşdum. - Sizin səhhətinizi nəzərə alaraq 95 faiz -
dedi, ancaq üç beş faiz uğursuz ola bilər, - Mən
o doxsan beş faizə daxiləm - dedim,
gülüşdük.
Əməliyyatı gələn ilə saxlamaq olarmı? - deyə
soruşanda, - məsləhət deyil - dedi - ən çox sizə
on gün möhlət verə bilərəm.
Düşündüm ki, bəlkə bu on gün
müddətində Bakıya gedək, bəzi işlərimi
yerbəyer edim. Ailə üzvlərimə də bunu dedim.
-
Özün bil - dedilər - qərarı sən verməlisən,
amma Bakıya
qayıtsaq, bir bəhanə tapıb yenidən bura
qayıtmayacaqsan, bilirik.
Həyatımın çətin günləri
başladı və hər şeyi tam dərk edərək
ömrümün ən məsuliyyətli qərarlarından
birini, bəlkə də ən vacibini verməli idim. Tərəddüdlərimin
tam səmimi olmasına inanın. Özümçün
qorxmurdum. Uzun və zəngin bir həyat
yaramışdım. Millətimçün,
onun taleyi, ədəbiyyatı, sənəti, dili
üçün əlimdən gələn az-çox işlər
görmüşdüm. Bunu bilənlər
bilir, bilməyənlərin də canı sağ olsun. Düşünürdüm ki, o 95, ya 5 faiz söhbəti
də elə söhbətdir. Hər an hər şey ola bilər. Dünyayla
vidalaşmaq ağır olsa da, buna hazır idim. Məni ən çox narahat edən başqa məsələ
idi. Bilirdim ki, əməliyyat faciəylə
nəticələnsə, ailə üzvlərim bunu heç
vaxt özlərinə bağışlamayacaq.
Ömürləri boyu əzab çəkəcəkdilər:
kim bilir nə qədər
yaşayacaqdı, özünü öz ayağıyla
ölümə apardıq. Bax, bunu istəmirdim,
bütün gələcək həyatlarının bu
şübhələrlə zəhərlənməsiylə
razılaşmırdım.
Yuxusuz gecələrimin
birində özüm qəti qərara gəldim: Bakıya,
filana qayıtmayaq, burda qalaq və əməliyyat edək. Səhər qərarımı ailə üzvlərinə
bildirdim. İlkin bəylə də məsləhətləşib
əməliyyatı gələn həftə ayın 14-də
elə həmin Qazi Osman paşa xəstəxanasında Dənyan
Mənsuroğlunun edəcəyini razılaşdırdıq.
O günə beş gün qalırdı.
Düşünürdüm ki, bu beş
gün ömrümün qənimətidir.
Qaldığımız Çinar otelinin dənizə
açılan geniş terrasında oturmuşdum. İlin bu
vaxtına xas olmayan mülayim bir məxməri payız
günüdür. Günəşin
ilıq şüaları bədənə xoş bir hərarət
bəxş edir. Dəniz gömgöy,
açıq səma masmavidir, terrasın ətrafını
bürüyən parkda
ağaclar yamyaşıldı, amma bəzi budaqların
qızılı sarı yarpaqları xəzəl olub yerə
tökülənəcən ormanın yaşıl
libasını zər-zibali butalarla bəzəyir. Eyvana dörd tərəfdən sərçələr
doluşub. Bir iri Albatros da uçub gəlib
ətrafa sirayətedici baxışlarla baxır. Otelin foyesindən musiqi səslənir - Klod
Lelyuşin məşhur “Kişi və qadın” filmindən
Bosanova. Qonşu masadan burnuma tünd
türk qəhvəsinin qoxusu gəlir. Damağımda sabah yeməyinin dadı qalıb. Barmaqlarım təsbehimi çevirir.
Dünyanı beş duyğumun beşiylə
duyurdum. Gözlərimdə səma, dəniz,
orman, qulaqlarımda musiqi səsləri, sərçə
civiltiləri, burnumda qəhvə qoxusu, ağzımda sarı
pendirin, isti çörəyin dadı, barmaqlarımda təsbeh
dənələrinin yuvarlaqlığı, hamarı. -
Hamısı dünyada insanların əksəriyyətinə
xas olan və hələ ki, mənə də aid olan duyumlar
idi və dünya gözəl idi. Anamın misraları
düşürdü yadıma: “Yuxuda dünyayla
vidalaşırdım, dünya gözəl idi, ayrılmaq
çətin”.
Amma mən yuxuda deyildim. Diri gözlə, həsrətlə
gözəl dünyanı seyr edirdim. Hələ beş günüm vardı - beş qənimət
gün.
Otelin
yaxınlığındakı kitab dükanından köhnə
dostum, görkəmli tarixçi İlbər Ortaylının
“Türklərin tarixi” kitabını və bəstəkar,
yazar Zülfi Livanəlinin “Yaşar Kamal” kitabını
alıb oxumağa başladım. İlbərin türk tarixini
populyar şəkildə təqdim edən kitabında bir fikir
mənə özəlliklə xoş gəldi:
“Azərbaycan türkcəsini nədən sevirsiz? Çünki bu, bizim dilimizin gəncliyidir.
Hər kəs gəncliyini sevər. Azərbaycan türkcəsində farsca kəlimə
kullanımı bizlərdən çox daha yayqın və
oturaqlıdır. Biz bir dil devrimi
yapdık, onlar yapmadı. Ayrıca
heç bir zaman onlar kimi konuşmayacağız,
çünki ləhcənin ən böyük özəlliyi
təqlid edilməməsidir. Azərbaycanlılara
türk demənin turançılıkla əlaqəsi yoxdur.
Səlcuqlu dövrünün türkcəsi
İran, Azərbaycan və Türkiyədə aynıdır.
Elimizdə bulunan makül sayıdakı
yazılı abidələrimiz belə bunu göstərir”.
Zülfi
Livanəlinin kitabında da Yaşar Kamala aid xeyli maraqlı
faktlar var.
Bəlkə də nənələrimizdən,
anamızdan gələn tərbiyə və ənənəylə
mən, bacılarım Fidan da, Təranə də,
övladlarım da həmişə Allaha inanmışıq. Zemfira da Allaha
inanır. Belə sınaq anlarında insan
Allahdan daha çox pənah istəyir. Bu günlər
Zemfira da, Fidan da, Təranə də, Turalla Günel də
qurban kəsməyi niyyət ediblərmiş... Təranə
nənəmizin kiçik Quranını Günelə
veribmiş ki, başımın altına qoysun. Xəstəxanada yatdığım bütün
müddətdə - əməliyyatdan qabaq da, sonra da bu Quran
balışımın altında oldu.
Günel
sonralar danışırdı ki, ürəyimdə Allaha
yalvarırdım və bir gün elə bil vəhy gəldi mənə,
sanki Allah ismarış göndərdi: Hər şey
yaxşı olacaq! Ürəyimə bir sakitlik gəldi,
Bakıda Elnarəylə söhbətdən sonra ürəyimə
sızan qorxular çəkilib getdi, tam arxayınlıq duydum.
Günlər sanki uçur. Əməliyyatdan qabaq
Qazi Osman paşa xəstəxanasına daha yaxın olan otelə
köçürük. Axşam otelin foyesində
Zemfirayla baş-başa oturub 24 il əvvəl
İstanbulda yaşadığımız xoş günləri,
gedən və qalan yaxınlarımızı,
dostlarımızı xatırlayırıq. Heç vaxt
baxmadığım bayağı və şit TV kanallarına
həvəslə baxıram. Moskva
televiziyasından Vladimir Solovyovun başqa xalqlara nifrət, zəhər
püskürən lovğa, yekəxana verilişlərinə
baxıb əsəbiləşirəm. Xatirələrə
dalmaq, əyləncələrlə başını qatmaq, əsəbiləşmək
- hamısı canlı həyatın, yaşamağın əlamətləridir.
Əməliyyata bir gün qalmış Bursadan Xəndan
xanım, Bakıdan Turalın həkim dostları - qudası
Adil, uroloq Xanbaba gəlir. Böyük nəvəm
Rəsul da heç kəsə demədən onlarla birgə gəlib.
Turalın yoldaşı Sevinc də neçə
gündü bizimlədi. Necə deyərlər, “mənəvi
dəstək dəstəsi”... Fidan da gəlmək
istəyir. Qəti şəkildə icazə
vermirəm. Hər gün bacılarım,
nəvələrim, Turalın və Günelin yeni və
etibarlı qohumları Ələkbər müəllim, Malik
müəllim telefon edirlər. Hamısına təşəkkür
edir və xahiş edirik ki, əməliyyatdan əvvəl
xəbər yaymasınlar, cürbəcür şərhlərə
və şayiələrə imkan yaratmasınlar. İşdə də heç kəsə xəbər
verməmişəm. İlkin bəydən
də rica edirik ki, bu barədə heç kəsə məlumat
verməsin. Demə, xəbərdarlıq
lap yerinə düşüb. İlkin bizim Çingiz
Abdullayevlə dostdu, elə özü gülərək: -
Çingiz bilsə, bütün Bakı biləcək - deyə
ərklə zarafat edir.
Xəstəxanaya yatmazdan bir gün qabaq Qalata
körpüsündəki restoranda Adillə, Xanbabayla, Turalla
nahar edirik. Bu körpüylə İstanbul həyatımın o
qədər munis xatirələri bağlıdır ki. Həkimlər məni tam sakit eləməyə
çalışırlar. Onsuz da sakitəm.
Səhər
xəstəxanaya yola düşürük, Zemfiranı getməyə
qoymuruq: Orda neyləyəcəksən, uşaqlar da bilməyəcəklər
hansımızın qayğısına qalsınlar. Həm də əməliyyat onsuz da biri
gündür. Axır zorla bizimlə getməməyə
razı salırıq.
Zemfira otel nömrəsinin qapısına qədər məni
ötürür, vidalaşırıq. Uzünün
ifadəsini heç vaxt unutmayacam. Bir-birimizi
yeddi yaşımızdan tanıyırıq, bütün
ömrümüz bir yerdə keçib. 55
ildi evliyik. Bol-bol sevincli günlərimiz də,
ağrı-acılı vaxtlarımız da az
olmayıb.
Bir an mənə elə gəlir ki, əbədi
vidalaşırıq, bir də heç vaxt bir-birimizi görməyəcəyik. Var
gücümü, irədəmi toplayıb özümü və
Zemfiranı kövrəlməyə qoymuram.
Xəstəxanaya gəlirik. Yenə təhlillər, rentgen,
exoqramma... Oturub gözləyirik, nəhayət
Denyan Mənsuroğluyla İlkin gəlirlər. Türk
cərrah: qanınız çox durulub,
atdığınız dərmanlardandır, bu halda əməliyyat
etmək olmaz, qan aparar sizi. Bir həftə o dərmanları
atmayın, gələn həftə əməliyyat edərik.
Sevinirəm. Yenə də taleyimdən qopardılmış qənimət
həftə! Həkimlər də, Turalla
Günel də deyirlər ki, əməliyyatın təxirə
salınmasına ən çox sevinən səndin.
Otelə qayıdırıq, Zemfira otağın
qapısın açıb məni görəndə mat
qalır. Qərara gəlirik ki, Zemfirayla Günel Bakıya
qayıtsınlar, bir həftədən sonra əməliyyat
qabağı gələrlər. Zemfiranın yolu
ağır keçirdiyin nəzərə alaraq: sənin
ümumiyyətlə gəlməyin lazım deyil - deyirəm.
- Necə yəni, səni əməliyyat edəcəklər,
mən də Bakıda oturub içimi yeyəcəm?
Bu bir həftə də elə bil quş kimi uçub
getdi. Günel qayıtdı. Zemfiranı
bir təhər Bakıda qalmağa razı salmışdı.
Noyabrın 18-də xəstəxanaya apardılar
məni. Cümə günü idi.
Əməliyyat öncəsi son təhlillər, rentgen və
s. Bazar günü xəstəxanada iş
aparılmırdı. Bazar ertəsi səhər
saat 7-də əməliyyat başlamalıydı. Gecə mənə yuxu dərmanı verdilər,
rahat yatdım. Səhər saat yeddidə
dalımca gəldilər. Çarpayımı dəhlizdə
sürür, mərtəbələr arasında liftlə
qaldırırlar, bütün paltarlarımı
çıxarıb xəstəxana döşlüyü
geydirmişdilər mənə, saatımı da
açmışdım, amma
altmış ilə yaxın barmağımdan
çıxmayan nişan
üzüyünü heç cür çıxara bilmirdilər.
Artıq narkoz veriblərmiş. - üzüyü kəsib
çıxarmalıyıq, əllərinizi qaldırın - əməliyyat
öncəsi eşitdiyim son sözlər oldu, əlimi
qaldırdım, bu da son hərəkətim oldu, demə əlim
elə havada olarkən huşumu itirmişəm.
Ölümdən sonrakı həyat haqqında - əgər
belə bir həyat doğrudan da varsa - çox
düşünmüşəm, yazmışam. Klinik
ölüm keçirən adamların həyata
qayıdışlarından sonra danışdıqları təəssüratlarla
da az-çox tanışam. Əksəriyyəti
uzun qaranlıq bir tuneli, tunelin sonunda işığı
xatırlayır, bəzən də kimlərisə
gördüklərini, ya klinik ölümlərindən sonra
başları üstündə edilən söhbətləri
eşitdiklərini iddia edirlər. Dörd
saat dünyadan təcrid olunduğum vaxt haqqında bunların
heç birini deyə bilmərəm. Doğrudur, mənimki
kliniki ölüm deyildi, amma hər halda ürəyimin fəaliyyətini
dayandırmış, qan dövranını cihazlara
qoşmuşdular. Amma nə səslər
eşitmişdim, nə kimlərisə
görmüşdüm. Heç qaranlığı
da görmürdüm, sadəcə Yoxluq, vəssəlam.
Vaxtın axarından çıxarılmaq, məkansızlıq
və zamansızlıq. Ta qəfilcən gözlərim
açılana kimi. Gözümü
açıb otaqda doktor Denyan Mənsuroğlunu və
yardımçılarını gördüm. Gülümsünürdülər. - Təbrik
edirik - dedi doktor - əməliyyat iyi keçdi.
Nə bileydim ki, hələ qabaqda da çox çətin
günlər, anlar varmış. Heç bir şey hiss
etmədiyim əməliyyatdan fərqli olaraq, indi olmazın
ağrılar duyurdum, hər hərəkətim mənə
müdhiş əzab verirdi. - Çoxlu
öskürün ki, ciyərləriniz açılsın - deyirdilər.
Öskürə bilirdim ki? Bəlğəmsiz
necə öskürəsən, boğazıma bəlğəm
gəlib,
öskürəndə isə sanki bütün
içim darmadağın dağılırdı. - Bu, ürək
ağrısı deyil, kəsilib birləşdirilmiş
qabırğaların ağrısıdı. Amma
mənimçün bunun nə fərqi vardı?
Ağrı ağrıdı, haran
ağrayır ağrısın.
Yoğun baxımda - yəni reanimasiya palatasında idim. Ömrümün
fiziki cəhətdən ən ağır saatlarını
yaşayırdım. Əlimi qaldıra
bilmirdim ki, zəngi basıb həmşirəni
çağırım, su istəyim. “Otel
otağı”nda yazdığım Kərim
düşürdü yadıma. O da İstanbulun otel
otağında infarkt olub əlini yanındakı stula uzada
bilmir ki, pencəyinin cibindən dərmanı
götürsün.
Su da vermirdilər. Yemək gətirdilər - duru hörrə.
Heç vaxt belə dadsız, tamamilə duzsuz
yemək yeməmişdim. Başa
düşürdüm ki, mütləq yeməliyəm, bir-iki
qaşıq alırdım. İnsan bir udum
suya, bir çimdik duza da həsrət qala bilərmiş.
-
Övladlarımı çağırın - deyirdim. - Olmaz. -
Cib telefonumu verin - Olmaz.
Özümü bütün dünyadan təcrid
olunmuş, səsim çatmaz, ünüm yetməz məhbəs
kamerasında hiss edirdim. Ağrılarımı da nəzərə
alsam, gestapo işgəncələrinə məruz
qalmışdım. Otağa gün
işığı düşmürdü, bəlli deyildi gecədi,
gündüzdü, saat neçədi. Bilmirəm
nə qədər vaxtdan sonrasa doktor Denyan gəldi, - Məni nə
zaman burdan çıxaracaqsınız? - Yarın - dedi. Bir gün də bu əzablara dözməyə
halım yox idi. Yenə də nə qədər
vaxt keçdi bilmədim, bir də gördüm gəlib
çarpayımı sürürlər - hara aparırsız məni?
- Yoğun baxımdan çıxırsız, adi odaya. Adi oda isə balalarım idi, tanıdığım
dünyaya qayıtmağım idi. Turalla
Günelin gözləri gülürdü, - hər şey əla
oldu - deyirdilər.
Ancaq bundan sonra bütün bu müddət ərzində
də, son iki gündə də nələr çəkdiklərini
danışdılar. Günel dedi ki əməliyyat gecəsi yuxu görmüşdü:
saçı, saqqalı, sifəti qapqara, eybəcər bir
kişi pəncərədən içəri girmək istəyirdi.
Onun dalınca iri bir sıçovul də
içəri soxulmağa çalışırdı. Pəncərəni kip bağlayıb bərk-bərk
tutmuşdum. Sonacan heç birini içəri
buraxmadım. Səhər internetdə yuxu
yozumlarından oxudum ki, hər ikisi ölümün rəmzi
imiş, onları içəri buraxmamışam.
Turalın həyəcanları daha real şərtlərlə
bağlı olub. Əməliyyatdan sonrakı 24 saatın da riskli
olduğunu bildiyi üçün sabah səhər
saat 7-də reanimasiyaya zəng edib məni soruşub. - Siz nəyisiniz?
- Oğlu. - Sizə məlumat verə bilmərik -
cavabını eşidəndə az qala dəli
olub. Həkimin otağına qaçıb.
O da yeni əməliyyatda imiş, ancaq axşama azad
olacaqmış. Katibəsi isə heç nə
bilmədiyini deyib. Bunları Günelə
də demədən Turalın nələr çəkdiyini təsəvvür
edirəm. Nəhayət, saat 9-da yenidən reanimasiyaya zəng edəndə
- babanız normaldır - deyiblər. Demə, bu
məlumatı ancaq 9-dan sonra vermək olarmış. Dünyanın nə
qəribə işləri varmış.
XX əsrdə
Zemfirayla dünyaya iki gözəl bala gətirdik, XXI əsrdə
qocalmış valideynlərinin hər qayğısına
qaldılar, ilk növbədə də məni həyata
qaytardılar. Şübhəsiz, bunun əsas
fiziki tərəfi həkimlərin xidmətidir. Amma ən böyuk mənəvi dəstəyi ailəmdən,
yaxınlarımdan aldım. Əməliyatdan
sonrakı xəstəxana dövründə Turalın və
Günelin necə əzab-əziyyətlərə
dözdüklərini heç vaxt unutmayacam. İki otaqlı palatada bir gecə Tural, bir gecə
Günel qalırdı. Bütün
günü müxtəlif prosedurlardan keçirdim. Axşam saat 11-də işığı keçirib
bir hovur yuxuya getməyə çalışırdıq.
Birdən qapı şaq-şaraqla
açılır, gur işıq yandırılırdı -
təzyiqi ölçməyə gəlmişik. Ölçüb gedirdilər, gözümüzə
yenicə yuxu getmiş, yenə eyni hay-küylə və gur
işıqla yeni vizit. - Şəkəri
ölçmək lazımdır və belə bütün
gecə hər iki saatdan bir - yaraların tənziflərini təzələməliyik,
hərarəti ölçməliyik, oksigen maskası
taxmalısınız, bu həbi atmalısınız, indi də
bu həbi. Heç sağlam adamın əsəbləri
dözmür, ondakı xəstəninkilər olsun.
Yavaş-yavaş xəbər Bakıya
sızmışdı və müxtəlif zənglər
olurdu.
Yazıçılar Birliyindən Nazim, Fikrət, Rauf, Mədəniyyət
və turizm nazirliyindən nazir Əbülfəs Qarayev,
müavini Ədalət Vəliyev, iki Ramizlər - Rövşən
və Həsənoğlu cib telefonuma zəng edib hal-əhval
tutur, ürək-dirək verirdilər. Əməliyyatdan iki
gün sonra Elçin zəng vurdu və məni məzəmmət
etməyə başladı:
- Niyə
mənə vaxtında xəbər etməmisən?
- Sadəcə
müayinəyə gəlmişdik - dedim, - sonra bu əməliyyat
məsələsi ortaya çıxdı.
- Nə
lazımdır?
-
Heç bir şey, diqqətinə görə sağ ol.
İki gün sonra yenə zəng etdi, yenə də nə
lazım olduğunu soruşdu.
- Onda xahiş edirəm,
danış, Bakıya dönəndə bizi burda hava
alanının VİP salonundan buraxsınlar. İstanbul
aeroportunun o uzun yollarını keçmək çətin
olar mənimçün.
- Bu, asan
məsələdir - dedi - daha nə lazımdır?
- Daha sənin
sağlığın.
Məsələni tezliklə həll etdi. Səfirliyimizdən
zəng edib məsələnin həll olunması barədə
məlumat verdilər.
Bir axşam da saat 10-da zəng oldu. Əvvəl səsi
tanımadım, sonra bu səsin hansı hallarda belə
çıxdığını xatırlayıb:
- Salam
Elçin, - dedim.
- Emin
Sabitoğlunun yubiley gecəsindəydik - dedi. - Gecədən
sonra xudmani məclisdə oturub sənin
sağlığına içirik.
Sonra
bir-bir Elçinin qızı Günay, Fərhad Bədəlbəyli,
Əbülfəs Qarayev, onun müavini Vaqif dəstəyi götürüb
xoş sözlər dedilər. Qürbətdə,
xəstəxanada vətəndən gələn bu səslər
mənimçün önəmli idi. Sonra yenə dəstəyi
Elçin aldı: türk həkmləri nə deyirlər,
haçan vura biləcəksən?
- Türk
həkimlər deyir ki, Azərbaycanda Elçin adlı
yazıçı var, ancaq onunla vura bilərsən.
Xəstəxanada yazıçı, tərcüməçi
İmdat Afşar dostlarıyla, Xəndan xanımın
qardaşı İlhami məni ziyarət etdilər. Denyan bəydən
başqa xəstəxanada heç kəsə peşəm və
vəzifəm haqqında bir şey deməmişdik. Amma
sonralar hardansa bilib internetdə haqqımda oxumuşdular və
Təhminə barədə, “Sıra selvilərdə otel
otağı” barədə mənə suallar verirdilər.
Biz qalan mərtəbədə başqa bir
yaşlı qadın da qəlb əməliyyatı gözləyirdi.
Daha doğrusu, ona yeni ürək keçirməliydilər.
Günelə: - Babanız ünlü yazardır - demiş və
mənimlə şəkil çəkdirmək istəmişdi.
Mənim üzümü saç-saqqal basmış, o, məndən
də betər
yaman gündə… Təsəvvür
edirəm o şəkil necə alınıb. Sonra
Günelə qəribə bir söz demiş: gödəkcən
çox xoşuma gəlir, onu mənə bağışla.
Günel
bu qəribə təklifə necə cavab verəcəyini
düşünürkən, qadın: - axı mən xəstəyəm
- deyə əlavə etmişdi. - Sonra ölüb eləyər,
ürəyimə pis gələr - deyə qadına təzə
birini alıb bağışladı.
Noyabrın 27-də xəstəxanadan çıxıb Svis oteldə yerləşdik. Tural bizi yerbəyer edib Bakıya, ordan da xanımı Sevinclə birlikdə Qahirəyə uçmalıydı. Otelin qarşısındakı bağda İsmət paşanın at belində heykəli ucalırdı. Hər gün bu bağda gəzdikcə, nəfəsim yavaş-yavaş yerinə gəlirdi. Rəhmətlik Yusif Səmədoğlu demişkən azar adamın canından misqal-misqal çıxırmış. İstanbulda sonuncu gün son təhlilər üçün xəstəxanaya getdik. Yenə rentgen, exoqramma, qan təhlili… Xoşbəxtlikdən hamısı normal oldu. Denyan xocayla görüşmək istəyirdik. Demə, ötən gecə ikidə onu yuxudan oyadıb təcili əməliyyat aparmağa çağırıblar. Sonra gündüz daha bir əməliyyat edib. Günelin gödəkcə bağışladığı qadının əməliyyatı da uğurlu olub. Bizimlə görüşə gələndə Denyan xocanın gözləri qıpqırmızı idi. Bizimlə çox səmimi görüşdü, xoş sözlər dedi. Həyatımla borclu olduğum cərrahla mehriban görüşüb vidalaşdıq.
Başqa bir həkimə - həmyerlimiz
İlkin bəyə də ürəkdən təşəkkür
etdik. O özü də, rəhbərlik etdiyi dəstə də
- məhsəti türkü Ramil, Mehriban və Mavi həmişə bizimləydilər, hər an
imdadımıza çatırdılar. Bir şey olan kimi Günel də,
Tural da İlkinə zəng edirdilər. Sonra bildim ki,
qanları mənimlə eyni qrupdan olan Ramil də, onların
türk sürücüləri də əməliyyat
zamanı mənə qanlarını verib.
Qürur duyuram ki, indi damarlarımda doğma Azərbaycan
qanıyla bərəbər qardaş türk qanı da,
başıbəlalı, zəhmətkeş və mətin bir
xalq olan məshəti türklərinin də qanı axır.
Bu yazını yaza-yaza onun məqsədi və mənası
barədə də düşünürdüm. Mənə elə
gəlir ki, yazıçı ömrünün bütün
sınaqları yazıları üçün mövzudur.
Bir də ki...
Bir də ki, dünya dərdli dünyadır. Rifahı ən
yüksək olan ölkələrin öz
qayğıları, dərd-sərləri var. Güzaranı
xoş keçən insanlar belə itkilərdən,
ayrılıq xiffətindən, xəyal
qırıqlığından azad deyillər. Amma Varlığın daha vacib bir cəhəti də
var - onun mövcudluğunun özü. Yalnız
yoxluğun, heçliyin bir addımlığından
qayıdan insanlar
bütün ağrı-acılarına baxmayaraq,
Var olmağın, Varlığın necə böyük bir səadət
olduğunu sonacan dərk edə bilirlər.
6-7 dekabr
Bakı
525-ci qəzet 2017.- 9 dekabr.- S.10-11.