Meltem Miraloğlu: “Azərbaycan yuxu kimi bir ölkədir”
Noyabrın 16-dan 20-dək
keçirilən III “Türk
Filmləri Həftəsi”lə
bağlı Bakıda
qonaq olan türkiyəli aktrisa Meltem Miraloğlu ilə sənəti, çəkildiyi filmlər,
Azərbaycan səfəri
haqqında söhbət
etdik.
Türkiyənin Diyarbakır şəhərində
doğulan Meltem Miraloğlu iki yaşından İstanbulda
yaşayır. Hələ uşaq yaşlarından aktrisalığa həvəsi
olduğundan Müjdat
Gezenin İncəsənət
Akademiyasında təhsil
alıb, müxtəlif
uşaq teatrlarında
səhnə arxası
və səhnə önündə beş
il çalışarkən,
bir tərəfdən
də təhsilini davam etdirib. İlk dəfə “Həyatı oğurlanan uşaqlar” sosial reklamda rol alıb. Ondan sonra 2008-ci ildə “Bir bulud olsam”, 2011-2012-ci illər arasında “Həyat davam edir” seriallarında çəkilib, 2013-2014-cü illərdə
“Adını qəlbimə
yazdım” serialında
Diclə, böyük
xalq ozanı Aşıq Veysəlin həyatından bəhs edən “Aşiq” filmində Əsma xarakterlərini canlandırıb.
Zaman-zaman zəhmətinin
qarşılığını aldığını, gördüyü
işlərin təqdir
edildiyini deyən aktrisa “İlin ən yaxşı qadın oyunçusu”, “İlin ən yaxşı qadın örnək oyunçusu”,
“İlin ən yaxşı dramatik serialı” kimi müxtəlif mükafatlara
layiq görülüb.
Aktrisalığın həyatındakı
rolundan söz açan M.Miraloğlu peşəkar səviyyədə
olmasa da, hər kəsin müəyyən müddət
bu sənəti öyrənməli olduğunu
dedi, gələcək
arzularından danışdı:
“Mənim üçün
sənət çox dərinlərdə yaşama
səbəbim, səhnə
isə kitabxanalar olmadığı zaman ailəmizin, məktəblərin
belə bəzən bizə öyrədə bilmədikləri mövzularda
gələcəyə işıq
tutan sehirli bir məkandır. Sənətin yanlışları dəyişdirə biləcəyinə,
insanın qəlb gözünün açılmasına
və öz sahəsi xaricində dünyaya baxışına
səbəb olduğuna,
bizə bir çox göz ərməğan etdiyinə
inanıram. Çünki teatr birliyi, insanların önündə
doğru və gözəl danışmağı
öyrədir, düşüncəni
əmələ çevirmək
istedadını inkişaf
etdirir, öyrənməkdə
problemi olan insanlar üçün faydalıdır və anlama qabiliyyətini yaxşılaşdırır. Peşəsi
səhnə ilə bağlı olmayan insanların belə qısa zaman üçün səhnə
təhsili almağının
gərəkli olduğunu
düşünürəm. Hazırda qərarlaşdırılmış bir layihəm yoxdur. Bir serialda rol almağı, doğru karyera planı ilə irəliləməyi
çox istəyirəm.
İndi
serial təklifi gələrsə,
oradan qazanacağım
gəlirlə universitetdə
oxumaq istəyirəm.
Səsimə aktrisalığım qədər güvənməsəm
də, bu sahədə də təhsil alıb özümü inkişaf
etdirməyi düşünürəm.
Musiqili tamaşalarda iştirak etmək, mahnı oxumaq istəyirəm.
İmkan
olduqca dublyajla da məşğul olmağa çalışıram”.
Sənətçi media ilə münasibətindən
də bəhs etdi, onun üçün
gözəllik anlayışının
idman, sağlam həyat və motivasiya olduğunu dedi: “Təbii ki, medianı özümdən uzaq tutmuram. Çünki sənətimin göz
önündə, ekranda
olduğunun fərqindəyəm,
işlərimiz Türkiyə
və dünyaya media vasitəsilə çatdırıldığı
üçün media ilə
tərəzidə bir
bütün olaraq irəliləməyimiz lazımdır.
Mənim
üçün şəxsi
həyatımdansa, gördüyüm
işlərlə gündəmə
gəlmək daha önəmlidir. Əksinə, medianın marağını
həmişə öz
üstümdə hiss etmək
istəyirəm. Kameralar və
işıqlar məni
həmişə xoşbəxt
edib”.
Bakıya
gəlişinə səbəb
olan “Aşiq” filmi və canlandırdığı
Əsma xarakteri haqqında danışarkən
bu filmin heç də asan başa gəlmədiyini deyən sənətçi, bunun üçün at minməyi,
Sivas ləhcəsində danışmağı
öyrəndiyini bildirdi:
“Film Aşıq Veysəl
kimi dəyərli ozanımızın həyatından
bəhs edir. Mən isə onun “Anılmazdı Veysəl adı, o sana aşiq olmasa” dediyi ilk həyat yoldaşı Əsmanın
17 və 35 yaşlı
çağlarını canlandırıram.
Tarixdə güclü qadın
xarakerlərini hər
zaman örnək almışam. Əsma da
məmin üçün
qeyri-adi bir qadındır. Filmi rejissor
və ssenarist Bilal Babaoğlu çəkdi. Mən seçildikdən
sonra məşqlər
başladı. İnsan vücudu,
beynin düşüncə
gücü, xəyal gücü, ən önəmlisi də inancımız Allahın insana verdiyi ən dərin nemətlərdir. Oxumaq
və araşdırmaqla
birgə gözlərini
yumub iç səsinə qulaq kəsiləndə Allah bir
çox sualların cavablarını tapmağına
kömək edir.
“Aşiq” filmini izlədikdən sonra Bilal Babaoğlu və mən bakılı kinosevərlərlə
“Nizami” Kino Mərkəzində
görüşə qatıldıq. Tamaşaçıların
nümayişi hətta
ayaq üstə izləmələri, medianın
marağı və dəstəyi bizi həm təəccübləndirdi,
həm də sevindirdi. Bakının
çox dəyərli,
nağıl kimi məkanlarında günə
o gözəl insanlarla
birgə başlamaq, Mehriban Zəki kimi dəyərli aktrisa ilə “Uzun, incə bir yol” mahnısını
səsləndirmək... Hər anı
möhtəşəm təcrübələrlə
və özəl anlarla doluydu. Orada keçirdiyim günlər
yeni şeylər öyrənməyimə və
daha çox çalışmağıma səbəb
oldu. Zamanın necə keçdiyini
anlamırdım və
Türkiyəyə geri
dönərkən üzgündüm.
Çünki sizlər üçün
darıxacağıma əmin
idim”.
Bakıya
ikinci dəfə gəldiyini deyən Meltem Miraloğlu Azərbaycanla bağlı
xoş təəssüratlarını,
xatirələrini də
bölüşdü: “Azərbaycan
yuxu kimi bir ölkədir. Tarixi məkanların nağılvari
atmosferi, xalqın qonaqpərvərliyi, sənətə,
sənətçiyə dəyər
verilməsi məni çox məmnun etdi. Ən çox təsirləndirən
isə binaların klassik tərzdə inşası oldu. Kitablardan oxumaqla bərabər
bütün dünyanı
gəzmək, görmək,
doya-doya yaşamaq, mədəniyyətlərini öyrənmək,
tarixini bilmək, anlamaq kimi bir
xəyalım var. İnşallah,
bir gün gerçəkləşəcəyinə ümid edirəm. Ancaq Azərbaycan hər anlamda öyrəşdiyim
bir ölkə olduğu üçün
hər fürsətdə
gedə biləcəyim
bir yer oldu.
Dostlarıma: “Danışmaqla
olmaz, yaşamaq lazımdır” - deyərək
əllərindən tutub
gətirə biləcəyim
qədər doğma və özümü güvəndə hiss etdiyim
bir ölkədir. Film həftəsində Prezidentimizin baş müşaviri cənab Yalçın Topçu ilə birgə qırmızı xalıdan
keçmək mənim
üçün inanılmaz
həyəcanverici bir
hiss idi. Onun və
Azərbaycanın Mədəniyyət
və Turizm naziri cənab Əbülfəs Qarayevin əlindən mükafat almaq hər kəsə nəsib olmaz. Ənvər Arslanın mənə “qızım” deyə xitab etməsi heç bir zaman unutmayacağım dəyərli an və xatirədir. Bu layihənin belə
yüksək səviyyədə
təşkilində Türkiyənin
Azərbaycandakı səfirliyinin
Mədəniyyət və
Tanıtma müşaviri
dəyərli İrfan
Çiftçinin zəhməti
danılmaz. Hər bir
qonaqla tək-tək maraqlanır, heç kəsi diqqətdən kənar qoymurdu. Başda Yerli Düşüncə
dərnəyi olmaqla,
film həftəsində əməyi
keçən hər kəsə sonsuz sevgi, sayğı və təşəkkürlərimi
bildirirəm. Açığı, Türkiyə-Azərbaycanın ortaq layihəsində yer almaq, bu
vəsiləylə yenidən
bu gözəl ölkəyə səyahət
etmək istəyirəm”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 9 dekabr.- S.24.