Teatr tariximizdən: Cəlil
Bağdadbəyov
İlham RƏHİMLİ
Cəlil Bağdadbəyov
1887-ci ildə Şuşada
- Qarabağ əsilzadələrindən
olan Əmrah bəyin ailəsində doğulub.
Atası şəhərin sayılıb-seçilən
hörmətli bəylərindən
idi və elmə, təhsilə yüksək qiymət verirdi. Millətin işıqlı gələcəyini elmdə,
mədəniyyətdə, mənəvi
tərəqqidə görən
Əmrah bəy oğluna Şuşadakı
mütərəqqi məktəbdə
təhsil verib. İti zehni, kəskin yaddaşı və gözəl qavrama qabiliyyəti, yüksək
daxili mədəniyyəti,
zəngin mənəvi
aləmi olan, milli folklora, etnomədəni irsə erkən yaşlarından dərin rəğbət bəsləyən Cəlil
Bağdadbəyov təhsilini
Peterburq gimnaziyasında
davam etdirib.
1904-cü ildə Bakıya
qayıdan Cəlil Bağdadbəyov müxtəlif
neft mədənlərində
dəftərxana işlərində
çalışıb. Peterburqdakı
təhsil illərində
şəhərin mədəniyyəti,
xüsusən teatr sənəti ilə dərindən tanış
olan gənc Cəlil doğma vətənində də incəsənətin həmin
növünə meyl göstərib. Yaraşıqlı görkəmi, mütənasib
boyu, xoşsima çöhrəsi və şirin, qəlboxşayan
səsi, insanlara qılıqlı ünsiyyəti
olan Bağdadbəyov
1907-ci ildə bir yaşı yenicə tamam olan "Nicat" mədəni-maarif
cəmiyyətinin dram truppasına
aktyor götürülüb.
Tezliklə Hüseyn Ərəblinski, Əbülfət
Vəli, Xəlil Hüseynov, Mirzə Muxtar Məmmədov, Hüseynqulu Sarabski kimi şöhrətli səhnə ustaları ilə çiyin-çiyinə
çalışıb və
sənətdə ilk uğurlarını
qazanıb. O, "Nicat",
"Səfa" teatr
truppalarında Hüseynqulu
Sarabskinin təşkil
və rəhbərlik
etdiyi "Müsəlman
(türk - İ.R.) opera artistləri"
dəstəsində, "Zülfüqar
bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının
müdiriyyəti"ində aktyorluq edib. 1920-ci ildə Milli
Dram Teatrının truppasına
götürülüb. Arada Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında də işləyib (1922 -
1923).
Müxtəlif teatr truppalarında
Azərbaycan dramaturqlarının
əsərlərinin tamaşalarında
oynadığı əsas
rollar bunlardır: Hacı Qəmbər
("Yağışdan çıxdıq
yağmura düşdük",
yaxud "Hacı Qəmbər", Nəcəf
bəy Vəzirov), İbrahim xan ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy
Haqverdiyev), Ərəb
sərkərdəsi və
Qeys ("Xalid ibn Valid", Yusif Talıbzadə), Rüstəm
("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə),
Qulu ("Molla Nəsrəddin", Qulamrza
Şərifzadə), Şümür
("Yezid ibn Müaviyə", Mehdi bəy Hacınski), Behbud ("Ənuşirəvani-adil",
Əbdürrəsul Şərifzadə),
Ümmül-Qeys, Əsli
("Leyli və Məcnun" və "Əsli və Kərəm", Üzeyir
bəy Hacıbəyli).
Tərcümə və təbdil
əsərlərinin tamaşalarında
ifa etdiyi səhnə surətləri
isə belə sıralanır: Təbib
("Zorən təbib",
Jan Batist Molyer), Rotsman ("Qaçaqlar",
Fridrix Şiller), Çavuş Abdulla ("Vətən",
Namiq Kamal), Məmmədşəfi ("Məkri-zənən",
Əhməd Qəmərlinin
təbdili), Alekseyev
("Napoleon müharibəsi və yaxud Moskva
yanğını", Baxmetov),
Ərəb və Don Dieqo ("Əl Mənsur", Henrix Heyne), Təhmas və Zabit ("Dəmirçi Gavə",
Şəmsəddin Sami), Rodriqo
("Otello", Uilyam
Şekspir).
Milli Dram Teatrının
səriştəli aktyor
truppasına ilkin qəbul olunanlardan biri də Cəlil
Bağdadbəyov idi. Bu teatrda
o, rejissorlardan Aleksandr
Tuqanovun quruluşlarında
repertuarın əsasını
təşkil edən tamaşalarda Nəcəf bəy və Səlim bəy, Dərviş ("Dağılan
tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy
Haqverdiyev), Camal bəy ("Keçmişdə
qaçaqlar", Nəcəf bəy Vəzirov), Qraf Kent ("Kral Lir", Uilyam Şekspir), Hersoq ("Şahın bərbəri", Aleksey Lunaçarski),
Rıtsar ("Dəhşətli
röya", Herhart
Hauptman), Manassa ("Uriel
Akosta", Karl Qutskov),
Kral Lüdoviq ("Nel qülləsinin sirri", Aleksandr Düma), Qraf ("İki yetimə", Adolf
D'Enneri və Kermon), Baqut ("Trilbi", Qriqori Ge) rollarını oynayıb.
Aktyor opera və
operetta tamaşalarında da
bir sıra yaddaqalan rollar ifa edib. O, müxtəlif
illərdə Üzeyir
bəy Hacıbəylinin
"Əsli və Kərəm" (Əsli və Şeyx Nuran), "Şah Abbas və Xurşid
banu" (Xurşid banu) operalarının,
"Məşədi İbad"
(Sərvər), "Arşın
mal alan" (Süleyman və Əsgər) operettalarının
tamaşalarında oynayıb.
Zülfüqar bəy Hacıbəylinin
"Aşıq Qərib"ində
isə Dərviş və Aşıq Saleh rollarını oynayıb.
Cəlil
Bağdadbəyov Dərbənddə
Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (1908 və
1911), Naxçıvanda Nəriman
Nərimanovun "Nadir şah
Əfşar" (1911), Vladiqafqazda
Mirzə Fətəli
Axundzadənin "Molla
İbrahimxəlil kimyagər"
(1912), Mahaçqalada Vasaq
Mədətovun "Tamahkarlıq
düşmən qazanır"
(1912), Bakıda Mirzağa
Əliyevin "Məhkəmələr
qapısında tökülən
göz yaşları"
(1916), Hüseynqulu Sarabskinin
"Cəhalət" (1917), Mirmahmud Kazımovskinin
"Daşım-daşım", Əbdürrəhim bəy
Haqverdiyevin "Ac həriflər"
məzhəkələrinə və digər müəlliflərin müxtəlif
janrlı pyeslərinə
səhnə quruluşu
verib.
Qəlbi
yaradıcılıq ehtirası
ilə döyünən,
bütün varlığını
milli teatr sənətimizin yüksəlişinə
sərf edən Cəlil Bağdadbəyov osmanlı ədibi
Namiq Kamalın "Qara bəla" ("Əkbər şah
Hindu") dramını azəri
türkcəsinə çevirib.
"Hürriyyət günü" adlı məişət-sosial mövzulu
və ictimai xarakterli pyesi Azərbaycan həyat tərzinə uyğun təbdil edib. Hər iki əsər ayrı-ayrı teatr truppaları tərəfindən
dəfələrlə tamaşaya
qoyulub.
Aktyor və rejissor kimi çıxış edən Cəlil Bağdadbəyov dəfələrlə
İrəvanda, Tiflisdə,
Vladiqafqazda, Mahaçqalada,
Hacıtərxanda, İdil
(Volqa) çayının
yaxasında yerləşən
türkdilli yaşayış
bölgələrində, Məkərədə
(Nijni Novqorod), Orenburqda, İranın şəhərlərində uzunmüddətli
qastrol səfərlərində
olub. 1915-ci ilin yayında Cəlil Bağdadbəyov, Ələkbər
Hüseynzadə, Heydər
Haşımlı, Əhməd
Anatollu, Yunis Nərimanov kiçik dəstə ilə Orta Asiyada iki
aydan çox qastrol səfərinə çıxıblar.
Cəlil
Bağdadbəyov Şamaxı,
Salyan, Ağdaş, Zaqatala, Qaryagin (Füzuli), Şuşa,
Ağdam, Şəmkir,
Naxçıvan, Ordubad
şəhərlərinin dram dərnəklərinə və
dövlət teatrlarına
müntəzəm yaradıcılıq
yardımı göstərib.
Orada həm aktyor, həm rejissor kimi çıxış edib, tamaşalar hazırlayıb, rollar oynayıb. 1922-ci ilin sentyabrından
1924-cü ilin axırlarına
qədər Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında aktyor olub.
1920-ci ildə Bakının
Bibiheybət və Balaxanı qəsəbələrində
dram dərnəklərinə rəhbərlik edib. Milli Dram Teatrının
tanınmış aktyorlarından
olmasına baxmayaraq, Bakı Teatr Məktəbində səhnə
sənəti təhsili
alıb. Moskvada məşhur
rejissor və pedaqoq Yevgeni Vaxtanqovun yanında təcrübə keçib
və yenidən Milli Dram Teatrının kollektivinə qayıdıb.
Fövqəladə təşkilatçılıq qabiliyyəti olan, rus, ərəb, fransız, fars,
özbək, tacik dillərində sərbəst
danışan Cəlil
Bağdadbəyov 1920-ci illərin
ikinci yarısında Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yerlərdə mədəniyyətin
yüksəldilməsi üçün
Orta Asiyaya göndərilib. O, həyat
yoldaşı, milliyyətcə
latış olan Liza Klavovna və qızı Züleyxa ilə Aşqabad (Eşqabad), Səmərqənd,
Daşkənd, əsasən
Düşənbə şəhərlərində
olub. Tacik milli teatrının
təşəkkülündə və inkişafında müstəsna rol oynayıb. Bir sıra Azərbaycan dramaturqlarının pyeslərini,
o cümlədən, Əbdürrəhim
bəy Haqverdiyevin "Ağac kölgəsində", "Ədalət
qapıları" kiçik
həcmli dramlarını
özbək, tacik və türkmən dillərinə
çevirib, hətta bəzilərinə səhnə
quruluşunu özü
verib. Tacik dilində təbliğat
xarakterli "Tacik qızı", "Komsomol
və nişan",
"Lenin və Şərq
xalqları" dramlarını
yazıb.
1929-cu ildə Aşqabada
gələrək Musiqi
Texnikumundakı dram kurslarına
rəhbərlik edib. Türkmənistan Dövlət Dram Teatrının
yaradılmasında yaxından
çalışıb. Burada "İki dövr" və "Aulda radio" pyeslərini qələmə
alıb. Siyasi burulğanlar
dövründə bir
müddət haqsız
yerə həbs olunan Cəlil Bağdadbəyov gizli yolla Stalinə yazdığı məktubdan
sonra həbsdən buraxılıb.
1933-cü ildə Aşqabaddan
Krasnovodska gələn
və dəniz yolu ilə Bakıya
qayıdan Bağdadbəyov
yenidən qaynar teatr həyatının qoynuna atılıb. Əsas
iş yeri Bakı Teatr Məktəbində müəllimlik
olub. Elə bu illərdə
"Xanlar" kinossenarisini
və "Parlayan ulduzlar" pyesini yazıb. 1937-ci ildən Azərbaycanın
müxtəlif rayonlarında
fəaliyyətə başlayan
Dövlət Kolxoz və Sovxoz Teatrında rejissorluq və aktyorluq edib.
1941-ci ildə faşist Almaniyası SSRİ-yə hücum edəndən bir qədər sonra Cəlil Bağdadbəyov Azərbaycan mədəniyyət xadimlərinin tərkibində İrana gedib. O və rejissor Şəmsi Bədəlbəyli Təbrizdə yerli teatr həvəskarları ilə tamaşalar hazırlayıblar. Bağdadbəyov hətta burada Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" operettasında Süleyman rolunu oynayıb. İrandan qayıdandan sonra Hüseynqulu Sarabski adına Füzuli Dövlət Dram Teatrında, Üzeyir bəy Hacıbəyli adına Şuşa Dövlət Musiqili Dram Teatrında, Seyid Əzim Şirvani adına Şamaxı Dövlət Dram Teatrında, Mirzağa Əliyev adına Şəmkir Dövlət Dram Teatrında və digər sənət ocaqlarında rejissorluq edib.
Bütün ömrünü teatr sənətinin tərəqqisinə, xalqın mənəvi-əxlaqi yüksəlişinə, mədəniyyətin inkişafına sərf edən, yorulmadan və coşqun fədakarlıqla çalışan Cəlil Bağdadbəyov 17 iyun 1943-cü ildə, Şuşa teatrında işləyərkən Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Fədakar səhnə xadimi
1951-ci il aprel
ayının 21-də Bakıda vəfat edib.
525-ci qəzet 2017.- 12 dekabr.- S.7.