Mehriban Zəki: "Heydər Əliyevin adımı fəxri adlar siyahısına əlavə etməsi mənim üçün çox böyük stimul idi"

 

PƏRVİN

 

Artıq bir neçə aydır ki, "525-ci qəzet"də Milli Kinomuzun 120 illiyi ərəfəsində silsilə məqalələrim, esselərim oxuculara təqdim olunur.

 

Niyyətim son illərdə ekranlaşdırılan, amma hələ də geniş tamaşaçı kütləsinə çatdırılmayan filmlərə diqqət çəkməkdir. Əlbəttə bu filmlərin içərisində mədəniyyət, kino hadisəsi olanlar da var, qüsurluları da var, uğursuzları da... Amma bununla belə son illərin filmləri təhlillər üçün geniş meydan verir.

 

Bu filmlərdə ən çox çəkilən aktrisalarımız əməkdar artistlər Mehriban Zəki və Gülzar Qurbanovadır. Layihəm çərçivəsində onlarla söhbətləşmək, Azərbaycan kiosunun son illərdəki vəziyyəti haqqında müzakirələr etmək planlaşdırırdım. İlk əvvəl Mehriban xanıma bunu təklif edəndə məmnuniyyətlə razılaşdı və biz şəhərin balaca kafelərindən birində üz-üzə oturub xeyli danışdıq. Mərhum rejissor, istedadlı müəllim Vaqif İbrahimoğlunun tələbəsi olan Mehriban xanımın həm çəkildiyi filmlər haqqında, həm də ümumiyyətlə, sənət ətrafında deyəcəkləri çoxdur. Ona görə söhbətimizə xeyli uzaqdan başlamışdıq. Həmsöhbətim hər şeyi incəliyinə kimi yada salıb danışdıqca, əslində müsahibənin içində ayrıca bir yazı olduğunu başa düşdüm. Mehriban xanım 90-cı illərdə,

 

Ulu öndər Heydər Əliyevin özünün rəhbərlik etdiyi böyük nümayəndə heyətinin tərkibində Qırğızıstana, "Manas"ın yubileyinə getməsindən danışdı, ümummilli liderlə bağlı xatirələrini bölüşdü. Söhbətimizin bu hissəsini Ulu öndərin əbədiyyətə qovusduğu gündə - 12 dekabrda oxucularımıza ayrıca təqdim etməyi uyğun bildim... Heydər Əliyevin mədəniyyətə, incəsənətə, ədəbiyyata, söz-sənət adamlarına münasibəti, qayğısı hər kəsə məlum olan məsələdir. Zaman-zaman ən müxtəlif sənətçilərin dilindən onun qayğısı, diqqəti haqqında söhbətləri eşitmişik, oxumuşuq. Mehriban xanımın xatirələri də Heydər Əliyevin sənətə, sənət adamlarına həssas münasibətini ifadə edir...

 

"Manas"ın yubileyində

 

1995-ci ildə Qırğızıstanda "Manas" dastanının 1000 illik yubileyi keçirilməli idi. Həmin ərəfədə o zamankı Mədəniyyət naziri Polad Bülbüloğlu məni çağırıb TÜRKSOY-un nəşri olan "Manas" kitabını verdi və tapşırdı ki, o mərasim üçün bir parça oxuyum. Mərhum rejissor, müəllimim Vaqif İbrahimoğlu ilə birgə təxminən 20 dəqiqəlik bir monotamaşa hazırladıq.  Geyim, rekvizit, sazda ifa... Çox böyük həvəslə hazırlaşmışdım. Yazıçılarımız Yusif Səmədoğlu ilə, Anar müəllimlə, o zamankı xarici işlər naziri Həsən Həsənovla və digər ziyalılarımızla birgə Bişkekə yollandıq. Tədbirlərdən əvvəl Qırğızıstan Mədəniyyət naziri kiçik monotamaşa ilə gəldiyimizi biləndə etiraz etdi. Söylədi ki, biz konsert yox, tamaşa hazırlamışıq, yəni hər şey ssenariləşdirilib, qurulub və o tamaşaya nəsə əlavə etmək olmaz. O zaman lap gənc idim və məni bu xəbər xeyli məyus etdi. Amma sonra Mədəniyyət nazirlərinin danışıqları əsasında qərara alındı ki, mən öz nömrəmi ziyafət konsertində təqdim edim...

 

Həssas yanaşma...

 

Təsəvvür edin, qısa vaxtda 20 dəqiqəlik monotamaşanı qısaltmağım, ixtisar etməyim lazım idi. Monotamaşamın süjetini, ideyasını qorumaqla bunu edə bildim. Və ziyafət konsertində elə çıxış etdiyim yerdə maraqlı bir hadisə oldu. Əlimdə saz çıxış edə-edə gördüm ki, Ulu öndərimizlə Qırğızıstanın prezidenti Əskər Akayev öz aralarında nəsə danışırlar. Sonra Əskər Akayev onların Mədəniyyət nazirlərini çağırıb nəsə tapşırıq verdi. Çıxış edirdim, onların nə danışdığını eşitmirdim, amma hansısa fəhmlə hiss edirdim ki, söhbət mənim haqqımda gedir. Heydər Əliyev növbəti dəfə böyüklüyünü, həssaslığını göstəmişdi, Əskər Akayevə demişdi ki, mənim çıxışımı əsas tədbirə əlavə etsinlər.  Tədbirin bədii hissəsi başlamazdan əvvəl, rəsmi  çıxışında da mənim adımı çəkmişdi. Bu, məni hədsiz həvəsləndirmişdi, amma o zaman gənc idim, bəlkə bu jesti tam dərinliyi ilə hiss etməmişdim. Amma indi o illəri xatırlayanda bir dövlət başçısının gənc sənətçiyə necə böyük ruh, dəstək verdiyini, həm də bunu bilərəkdən, bizi güclü etmək, özümüzə inam yaratmaq üçün etdiyini başa düşürəm.

 

Heydər Əliyev: "Azərbaycan  Respublikasında "Manas"ın sözləri, fikirləri geniş  yayılıbdır. Azərbaycan  şairləri, ədibləri, musiqiçiləri "Manas"ı daim oxuyur, təbliğ edir, geniş yayırlar. Bizim şairlərimiz "Manas"ı Azərbaycan dilinə tərcümə ediblər. Sənətçilərimiz "Manas"ın sözlərini çox böyük məharətlə və həvəslə oxuyurlar, sazda çalırlar. Bu gün burada, ölkəmizdən gəlmiş nümayəndə heyətinin üzvləri arasında Azərbaycanın gözəl sənətçisi, "Manas"çı Mehriban xanım "Manas"ın Azərbaycanda nə qədər sevildiyini və yayıldığını nümayiş etdirəcəkdir".

 

Kökdən düşmüş saz...

 

Qırğızların "Manas" dastanı əsasında hazırladığı tamaşadan əvvəl mən səhnəyə çıxdım və bağlı pərdə qarşısında, avansəhnədə öz çıxışıma başladım. Səhnəyə çıxmazdan əvvəl sazı kökləyib hazırlamışdım. Amma görünür, kimsə əl qoymuşdu sazıma... Təsəvvür edin ki, elə bir neçə kəlmə deyib sazın simlərinə toxunan kimi gördüm ki, simlərin hərəsindən bir səs gəlir. Saz kökdən düşmüşdü. Amma elə ifa etdim, sanki elə bu cür də qurulub səhnə və sonda auditoriyanın reaksiyasından, alqışlardan çox məmnun oldum. Heydər Əliyev səhnəni çox bəyənmişdi, tədbirdən sonra çıxışında adımı çəkdiyini və nömrəmi çox bəyəndiyini mənə özü söylədi. Və onun "Manas"çı Mehriban xanım" ifadəsini Əskər Akayev də təkrar etdi. Söylədi ki, sən ikinci "Manas"çı xanımsan. Biri XIX əsrdə qırğız sənətçisi olub, ikincisi də sənsən. Əlbəttə, bu sözlər dövlət başçılarının mənə, gənc bir sənətçiyə göstərdiyi xoş münasibət idi... Amma Heydər Əliyevin münasibətini, mehribanlığını, həssaslığını sonralar da davamlı olaraq görəcəkdim...

 

Yurtada söhbət...

 

Qırğızlar "Manas"la bağlı böyük bir meydan tamaşası da hazırlamışdılar. Orda canlı atlar, dəvələr olacaqdı, çox böyük və möhtəşəm bir tamaşa idi... Tamaşa başlamazdan əvvəl, hələ hazırlıq müddətində nümayəndə heyətləri Yurtalarda əyləşib gözləyirdilər. Çox sevdiyim yazıçılar Anar və Yusif Səmədoğlu ordakı söhbətlərində "Yuğ" teatrı, orda qoyulan tamaşaların qeyri-adiliyi barədə,  mənim də həmin teatrın sənətçisi olmağım  haqda danışmışdılar. Heydər Əliyevə bu üslubda, bu tərzdə şeirləri ifa edən yeganə sənətçi olduğumu demişdilər. Heydər Əliyev məndən nəsə ifa etməyimi istədi. Mən sazla Yunus İmrədən, Füzulidən oxudum. O zaman necə duyğulandığını, necə xoş sözlər dediyini heç unutmuram. Sonra onun yazıçılarımızla, ziyalılarımızla söhbətini dinlədikcə xeyli təsirlənmişdim. Bu böyük insanın sənət adamlarıyla necə, hansı intonasiyada söhbət etməsi, onların fikirlərinə diqqətlə qulaq asması, amiranə şəkildə yox, çox nəvazişlə, mehribanlıqla söhbəti diqqətimi almışdı. Mən, bəlkə də, ilk dəfə o zaman Heydər Əliyevi özüm üçün kəşf etdim, onun necə böyük şəxsiyyət olduğunu öz gözlərimlə görüb anladım. Xatırlayıram ki, elə həmin söhbətdə Anar müəllim "Kitabi - Dədə Qorqud" dastanının yubileyinin keçirilməsini  təklif edəndə Heydər Əliyev dərhal reaksiya verdi və tezliklə bu yubileyin təşkil olunması üçün sərəncam imzaladı.

 

Mənim üçün incəsənət daha maraqlıdır, siyasətə aid bilgim çox azdı. İncəsənətdə azadlıq var, ruh var, çərçivəsizlik var. Uşaqlığımdan hansısa konkret qaydalarla yaşayan, bəlli çərçivələrdən çıxa bilməyən adamlar maraqlı olmayıb mənə. Heydər Əliyev böyük siyasətçi olmaqla bərabər, həm də bir çox yüksək və nadir insani keyfiyyətləri, sənətə, sözə, ədəbiyyata sevgini öz xarakterində birləşdirən şəxsiyyət idi.

 

Əməkdar artist... Siyahıdan kənar!

 

1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist adını alanda çox təəccüblənmişdim. Bu, mənim üçün gözlənilməz olmuşdu. Çünki öncədən bu haqda söhbət belə yox idi. Amma əlbəttə, belə bir insanın imzası ilə fəxri ad almaq böyük məsuliyyət və sevinc idi. Bilirsiz ki, Ulu öndər adətən tədbirlərdən sonra səhnə arxasına keçib sənətçilərlə söhbət edirdi, fikirlərini bildirirdi, xoş sözlər deyirdi. Belə tədbirlərdən birindən sonra səhnə arxasında söhbət edəndə mən fəxri ada görə ona təşəkkür etdim. O isə özünəxas ağayanalıqla dedi ki, "Bilirsən, sənin adın heç siyahıda yox idi, mən özüm əlavə etdim siyahıya"... Həmin an təşəkkür etmək üçün söz tapa bilmədim, duruxub qalmışdım.  O zaman Heydər Əliyevin məni - gənc bir sənətçini yadında saxlaması, adımı fəxri adlar siyahısına əlavə etməsi mənim üçün çox böyük stimul idi.

 

Azərbaycan! Azərbaycan!

 

Ötən il Ankarada böyük şairimiz Səməd Vurğunun 110 illik yubileyi keçirilirdi. Yubiley tədbirləri çərçivəsində kitab və foto-sərgi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə türkiyəli tamaşaçılara təqdim olundu. Mən Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirdim və şeiri oxuyanda Heydər Əliyev şəxsiyyətini daha dərindən, daha yaxşı anladım elə bil. Elə həmin mərasimdə də ekranda Heydər Əliyevin "Azərbaycan" şeirindən kövrələrək oxuduğu parçanı verdilər. Baxırdım və düşünürdüm ki, heç bir sənətkar, bədii qiraət ustası, yaxud aktyor bu şeiri belə səsləndirə, "Azərbaycan" sözünü belə fərqli deyə bilməz. Çünki biz şeiri oxuyanda onun məzmununa, havasına uyğun ifa etməyə, dinləyiciyə çatdırmağa çalışırıq və burada bir aktyorluq var. Amma Heydər Əliyevin o şeiri oxuyandakı halı, ovqatı, kövrəlməsi çox səmimi, içdən gələndir. Həm də müstəqil Azərbaycanın qurucusunun dilində "El bilir ki, sən mənimsən!" sözləri dünyaya mesajdır, ürəkdən qopub gələn hayqırtı, üsyandır...

 

Ulu öndərimizin ölüm xəbərini alanda heç cür inanmaq istəmirdim. Xəstələndiyini, müalicəyə getdiyini biləndə çox həyəcanlanmışdıq. Amma çox inanırdım ki, sağalacaq. O ruhun sahibi ölə bilməz. Heç ölməyib də! Bioloji ölüm qaçılmazdır... Amma Heydər Əliyev kimi şəxsiyyətlər ölmürlər, sözləriylə, əməlləriylə xatirələrdə yaşayırlar! Heydər Əliyevi yaşadan özündən sonra qoyub getdiyi mirasdır, bu ölkədir, Azərbaycandır! Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq!

 

Həyat davam edir!

 

Ulu öndərimizin incəsənətə, mədəniyyətə münasibəti, bu sahəyə diqqəti, qoyduğu o yol bu gün də davam etdirilir. Məncə, Ulu öndərin xalqına etdiyi ən böyük yaxşılıqlardan biri də qurduğu, yaratdığı, yüksəklərə qaldırdığı ölkəni idarə edə biləcək, daha da inkişaf etdirəcək insanı, siyasətçini yetişdirməsi olub. Mən bir daha təkrar edirəm, siyasəti çox da yaxşı bilmirəm. Amma ölkədə gedən prosesslər, şəhərimizin, vətənimizin necə abadlaşması, gözəlləşməsi, respublikanın istər idman, istər incəsənət sahəsində hansı zirvələrə yüksəlməsi göz önündədir. Sadə, bir vətəndaş kimi bunların hamısını görüb dəyərləndirirəm. Mən sırf öz sahəmdən, teatr-kino aləmində olan inkişafdan danışıb deyə bilərəm ki, doğrudan da Heydər Əliyevin qoyduğu sağlam təməllər üzərində hər şey sürətlə inkişaf edir. Prezident İlham Əliyevin sərəncamı ilə bütün teatr binalarımızın təmiri, dövlət sifarişi ilə tamaşaların qoyulması, Teatr Konfrasının keçirilməsi, teatrların müxtəlif xarici ölkə səhnələrində ən gözəl tamaşalarla ölkəmizi təmsil etməsi çox ciddi işlərdir. Bütün bunlar sənətə dövlət qayğısının göstəricisidir.

 

Kino sahəsində görülən işlər, ölkə başçısının sərəncamı ilə  serialların, bədii və sənədli filmlərin çəkilişinə maliyyə ayrılması isə ayrıca bir mövzudur. Bütün bunlar haqqında saatlarla danışmaq olar. Elə son aylarda mənim də çəkildiyim filmlər - "İçəri şəhər", "Axınla aşağı" Türkiyədə Alaniya Kino Festivalında uğurla nümayiş etdirildi, rəğbətlə qarşılandı. Həmçinin, bu günlərdə yenə İlqar Safatın "İçəri şəhər" filmi Çinin Fuçjou şəhərində keçirilən IV "İpək Yolu" Beynəlxalq Film festivalında iştirak etdi, maraqla qarşılandı. Kinomuzun bu uğurlarını saymaqla qurtarmaz. İllər öncə Azərbaycan filminin bu səviyyəyə qalxacağını, beynəlxalq aləmdə nümayiş etdiriləcəyini, mükafatlar alacağını təsəvvürə gətirmək çətin idi... Ümumiyyətlə, musiqimizin, ədəbiyyatımızın, kinomuzun Beynəlxalq səviyyədə tanınmasında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı, dəstəyi ilə çəkilən filmlərdə, layihələrdə iştirak etmişəm və sənətimizin ən yüksək səviyyədə təbliğatı üçün necə həssaslıqla, böyük işlər görüldüyünün şahidi olmuşam.

 

Bu baxımdan mən əminəm ki, Ulu öndərin ruhu şaddır və o, bizdən daha böyük nailiyyətlər, uğurlar gözləyir!

 

525-ci qəzet  2017.- 12 dekabr.-  S.4.