Ərəbdilli Azərbaycan şairləri haqqında sanballı tədqiqat

 

Bu bir həqiqətdir ki, ərəblər Azərbaycana gələrkən əllərində yalnız qılınc gətirmədilər - onlar həm də özləri ilə böyük mədəniyyət gətirdilər - böyük İslam mədəniyyəti, özünün bütün ədəbi-mədəni vasitələri ilə!

 

Bu ədəbi vasitələrdən ilkini, əlbəttə ki, Qurani-Kərim idi. Düz vurğulayır akademik Nizami Cəfərov: həqiqətən də türklər, onların ən mömin övladı olan Azərbaycan türkləri, mübaliğə olmasın, dünyanın ən mömin xalqıdır! Çünki bütün dini məsləkli xalqlardan öncə türklər başları üzərində olan o gözəgörünməz qüvvəyə sidq ilə inanmış, o böyük qüvvəyə tapınmış, onu başları üzərində fiziki mənada daima hiss edib, onu "Tanrı" adlandıraraq, bütün olub-olacaqları o qüvvənin varlığı ilə bağlanmışlar. Alimlərin fikrincə, Tenqri anlayışından söhbət gedərkən bəşəriyyətin ilk monoteist düşüncələrindən bəlkə də birincisindən söhbət gedir.

 

Yeni eradan çox-çox əvvəl türklərin sitayiş yeri... Tenqri idi. Türklərdə başqa xalqlardan fərqli olaraq, Tanrı tək təsəvvür olunurdu (M.Seyidov). X əsrdə islamın kütləvi qəbul edilməsinədək türklər tənqriçiliyi qoruyub saxlaya bilmişlər. İlkin olaraq bu səbəbdən türklər İslamı qeydsiz-şərtsiz qəbul etdilər. Sonradan yaranmış "qılınc müsəlmanı" ifadəsi özünü bütün mənalarda doğrultmur. O səbəbdən ki, islam türklərin tanrı haqqında olan təsəvvürlərinə uyğun gəlirdi. Bunlar isə öz növbəsində Azərbaycanda İslamın qəbul olunmasına münbit ictimai mühit yaratmışdı. Qeyd edək ki, ərəblərin Azərbaycanda fəaliyyəti özü də, ümumən xalqların uzunəsrlik mədəniyyət xəzinəsinə toxunmadan, əksinə, qarşılıqlı faydalanma prinsipilə inkişaf etdirilməsi sonucda ümummüsəlman mədəniyyəti kimi möhtəşəm bir mədəni-tarixi hadisənin yaranmasına zəmin oldu. "Ərəblər və Azərbaycan" məsələsi ümumən "Müsəlman intibahı" deyilən böyük bir tarixi prosesin tərkib hissəsi kimi ən geniş elmi tədqiqatlara, elmi araşdırmalara rəvac verən tarixi-mədəni bir hadisədir və bu məsələlərə zaman-zaman elmi münasibətlərin bildirilməsi xalqların, xüsusən şərq xalqlarının sivill mədəniyyət sahibi olmalarını təsdiqləyən vacib bir elmi fəaliyyətdir. Təkzibolunmaz bir tarixi-mədəni həqiqətdir ki, Azərbaycan türk mədəniyyət tarixi və onun dahi nümayəndələri ümumşərq mədəniyyət tarixinin inkişaf edib təkmilləşməsində xidmətlərini göstərmiş və təəssüf doğuran cəhətdir ki, Azərbaycan alimləri bu xəzinəyə aydınlıq gətirməyə, daha dəqiq, bu böyük mədəniyyət xəzinəsində Azərbaycan mədəniyyəti nümayəndələrinin və dahi söz sahiblərinin böyük xidmətlərini işıqlandırmaq problemlərinə xüsusi səy göstərməmişlər. Sevindirici haldır ki, yaxın günlərdə "Elm" nəşriyyatında çap olunmuş, filologiya elmləri doktoru, Fəridə Əzizovanın "Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika (VIII-XI əsrlər)" adlı monoqrafiyası Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ümumən şərq filologiyası tarixi üçün maraqlı, orijinal bir elmi tədqiqatı işıq üzü görmüşdür.

 

Əsərdə ərəb ədəbi mühitinə türk (Azərbaycan) poetik sisteminin özəlliklərinin: düşüncə    və idrakı problemlərin təfəkkürlərini ərəbdilli Azərbaycan türk şairlərinin xüsusi genezis problemlərinə təsiri məsələsinə aydınlıq gətirilir, ərəb və əcəm (qeyri-ərəb) şairlərinin, ümumən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşmə prinsipi üzrə inkişaf prosesi izlənilir, qarşılıqlı faydalanma yolu ilə yaratdıqları ümummüsəlman mədəniyyətinin inkişaf yolları işıqlandırılır. Şübhə yoxdur ki, - böyük şərq - ümummüsəlman mədəniyyətinin inkişafında din və sonralar dil birliyi hər bir xalqın daxili potensialının məhsulu olan ədəbi qüvvəsini meydana çıxarmış və beləliklə hər bir xalqın öz payı (əgər belə demək mümkünsə) olmuş, hər bir xalq ona məxsus mədəni-ədəbi özəllikləri hesabına bu möhtəşəm nəhri-ümummüsəlman mədəniyyətin öz çəkisi hesabına zənginləşdirmişdir. Belə bir həqiqəti üzə çıxarmaq üçün Azərbaycan şərqşünaslıq elmində müvafiq işlər görülmüşdür, lakin hər bir yeni uğur ardıcıllıq tələb edir: Fəridə Əzizova 2000-ci illərdən bəri ardıcıllıqla yazıb-çap etdirdiyi "Cahilliyə poeziyasında qədim türklərin izləri"  (Bakı, "Elm", 2007), "Ərəb klassik poeziyasının təkamülündə əcəm (qeyri-ərəb) müəlliflərinin rolu" (Bakı, "Elm", 2009), "Ədəbi vasitəçilik ərəb xilafətində sistem kimi" (Bakı, "Elm", 2009) monoqrafiyaları, habelə "Ədəbi vasitəçilik xilafət dövrü ədəbiyyatında bir sistem kimi (Klassik ərəb ədəbiyyatında türk ünsürləri və azərbaycanlı müəlliflər)" mövzusunda doktorluq dissertasiyası kimi fundamental elmi tədqiqatları ilə ümummüsəlman mədəniyyəti tarixində türk (Azərbaycan) ruhunu dirçəltmiş, bu sahədə mövcud yarımçıq  səhifələri ədalətli əlavələri ilə dolğunlaşdırmışdır. Belə bir vətəndaşlıq borcunu  bütün ağırlığı ilə öz kövrək çiyinlərinə yalnız qadın - Azərbaycan qadını götürə bilərdi. Fəridə xanım bunu etdi və bunu etməkdə davam edir, çünki müdriklərimiz "ot kökü üstə bitər" demişlər! Fəridə xanımın belə zəhmət tələb edən addımların atılmasında - qatı açılmamış onlarla mötəbər mənbələrdən zəngin linqvistik materiallar əsasında belə cəsarətli mövzuların tədqiqatlara cəlb edilməsi və bunun uğurlu nəticələri olan sanballı monoqrafiyaların ərsəyə gətirməsində bu gün böyük ehtiramla yad etdiyim  zəmanəmizin unudulmayan gözəl alimi, gözəl xanım, professor R.Azadənin qısa ömrü xatırlanır, hiss edilir!

 

Oxuculara təqdim etdiyim F.Əzizovanın "Klassik ərəb poeziyasında Azərbaycan şairləri" monoqrafiyası ərəb-müsəlman mədəniyyətində müxtəlif xalqların qarşılıqlı faydalanma, qarşılıqlı hörmət əsasında yaranmış universal mədəniyyətin nəticəsi olan zəngin bir ədəbiyyatın tədqiqinə həsr edilmişdir. Bu ədəbiyyat işğalçı bir xalqın dilində deyil, Peyğəmbərin danışdığı dildə, ən yüksək ədəbi əsər - Quranın dilində yaranırdı.  Bu zaman ərəb dili yalnız müsəlmanlar üçün deyil, elmi ifadə vasitəsi olmaqla, həm də müəlliflər arasında ünsiyyət vasitəsi idi. İslamı qəbul etmiş xalqlar ikitərəfli zənginləşirdilər: onlar həm islam mədəniyyətini, həm də Quranın dili olan ərəb dilini mənimsəyirdilər: beləliklə, onlar dünya mədəniyyətinin ilk poliqlotları missiyasını qazanırdılar: Azərbaycan klassikləri Nizami, Nəsimi, Şah İsmayıl, M.Füzuli məhz Şərq mədəniyyəti zəminində dünyanın ilk poliqlotları sırasında özlərinə və xalqlarına şərəf gətirdilər.

 

Əsər Ön söz, Giriş və dörd fəsildən ibarətdir. "Ön söz"də akademik N.Cəfərov xanım alim Fəridə Əzizovanın yaradıcılığı və mövzunun günün ən vacib problemlərindən olması haqqında öz mülahizələrini təqdim edir, Giriş müəllifin ümummüsəlman ədəbiyyatının yaranma və inkişaf tarixinin araşdırılmasına həsr edilir, Əməvilər dövründən başlayan və Abbasilər dövründə sinkretik bir mədəniyyətin yaranması izlənilir.

 

I fəsil - "Ərəb - müsəlman sivilizasiyasının ilkin mərhələsinə dair" - iki hissəni əhatə edir: 1. Şərq və Qərb mədəniyyətlərində varislik; 2. Ədəbi "mediatorluq" xilafətin sistemi kimi (müştərək alimlər).

 

II fəsil - "Fərdi "mediatorluq" - iki hissəni əhatə edir: 1. Erkən orta əsrlər poeziyası; 2. Ərəbdilli Azərbaycan poeziyasının poetik dili və bədii sistemlərin quruluş prinsipləri.

 

III fəsil - "Yeniləşmə dövrü poeziyası: 1. Yeniləşmə dövrü şeirində poetik sintezin əlamətləri";

 

IV fəsil - "X-XI əsr ərəb poeziyası - iki hissəsini": 1. Poetik məanilər; 2. Qeyri-ənənəvi üsul və şeir formaları" kimi bölmələri əhatə edir.

 

Əsərə "Ön söz" yazmış akademik Nizami Cəfərov fikrimizcə, bu vaxta qədər etiraf olunmayan, lakin real həqiqətlərə əsaslanan ümumşərq mədəniyyətinin inkişaf edib zənginləşməsində hər bir türk xalqının, xüsusən Azərbaycan türk xalqının dünyaşöhrətli elm və mədəniyyət nümayəndələrinin tarixi mövqeyinin, monoqrafiyada göstərildiyi kimi, "Azərbaycan türklərinin tarixi payı"nın açıqlanmasına göstərilən cəsarətli açıqlamaların dövrün, zamanın tələblərinin nəticəsi olması ədalətli fikri əsaslandırılır. Məhz müstəqillik, demokratik siyasət bu gün belə cəsarətli alimlərin cəsarətli addımlarına münbit zəmin yaratmışdır. Həqiqətən də, islam mədəniyyəti islam məktəbi zəminində yazıb-yaradan böyük Azərbaycan türk şairləri - ərəblərin "əcəm" adlandırdıqları - dahi Azərbaycan şairləri şərqin ən geniş yayılmış, həm elm, həm də şərq xalqları arasında ən qəbul olunan - ünsiyyət vasitəsi olan ərəb dilində yazıb-yaratmaqla, türklərin eradan əvvəl belə bu iki möhtəşəm xalq arasında olan daxili bağlılığın mövcud olması ilə əlaqələndirilir. Müəllifin doğru olaraq göstərdiyi kimi, ərəblərin cahilliyə dövrü ədəbiyyatı nə qədər ərəbcə (saf ərəbcə) olsa da, bu poeziyanın məzmunu, təbii olaraq, daha əhatəli, müxtəlif xalqlardan, xüsusən ümumtürk, eləcə də Azərbaycan türk təsirlərini özündə yaşatmışdır. Monoqrafiyada bəddi nadan alimlərin düşündüyü kimi, ərəblərin özünəməxsus böyük mədəniyyətlərinin inkişafına "çöl və geniş səhralar" mane ola bilməmiş, onlar (ərəblər) qədim dünya mədəniyyət incilərindən qədərincə faydalanaraq öz zəngin mədəniyyətlərini yaratmışlar. Həqiqətən də, ərəblər xalqların tapındıqları ümumi mədəniyyətlərinə, milli-mənəvi dəyərlərinə müdaxilə etmədən bir ümumi mədəniyyət yaradarkən başqa xalqların, eyni zamanda, türklərin hələ eradan əvvəllərə gedən mədəni təsirləri mühüm rol oynaması, fikrini cəsarətlə etiraf etməsi məlumatlı oxucunu qane etdiyi kimi, geniş oxucu  kütləsini yeni fikirlərlə, elmi məlumatlarla silahlandırır. Müəllifin qədim ərəb mənbələrindən gətirdiyi "VIII əsrdə Mədinədə əslən Azərbaycandan olanlardan başqa şairlər yox idi" informasiyası bu gün vətən eşqi ilə yaşayan Azərbaycan xalqına fəxarət hisslərini aşılayır. VIII əsr ərəb şairlərinin dili ilə Orxan abidələri ilə (hər iki mənbədə antonimlərdən, sinonimlərdən istifadə, üslubi emosionallıq - ekspressivlik) müqayisə edilir və bütün bunlar, türk poetik dili üçün səciyyəvi halların mövcudluğunu təsdiqləyən faktlarla monoqrafiyada şərh edilir. XI əsrin ensiklopedik alimi dahi Mahmud Kaşqarinin "Divani- lüğət-it-türk" əsərinin ərəbdilli Azərbaycan şairlərinin əsərləri müvazi müqayisələrlə tədqiq edilməsi və bunların qədim türk ənənəsinə uyğun gəlməsi ön plana çəkilir, monoqrafiyada deyildiyi kimi, "özündə türk və ərəb elementlərinin xəlitəsini əks etdirilməsi" qeyd edilir. Müəllif - Fəridə xanım Əzizova - ərdəbilli Azərbaycan şairlərinin Əməvilər dövründə meydana gəlməsi qədim ərəb bədəvi poeziyası ilə yeniləşmə poeziyası arasında körpü kimi qiymətləndirilərkən yenə də qədim türk poetik ənənələrinin qorunub-saxlanması zəminində baş verdiyini vurğulayır. Monoqrafiyanın diqqəti çəkən  yeniliklərindən olan cahiliyə və klassik dövr ərəb ədəbiyyatında qədim türk, Azərbaycan türk ünsürləri və onların qanunauyğunluqları üzərində olan duman təbəqəsinə aydınlıq gətirilməyə böyük cəhd göstərməsidir. Müəllifin bu cəhdi tamamilə alqışa layiqdir, çünki bu, həqiqətdir! Müəllifin cəhd etdiyi problemin rüşeymi də məhz ərəblərin "əcəm" adlandırdıqları qeyri-ərəb, yəni Azərbaycan türk  şairlərinin bədii yaradıcılıq çəkisi araşdırmaq və bu örtülü həqiqətə aydınlıq gətirməkdir, bu isə mütəxəssislər üçün ən adi təəssübkeş, millətini sevən oxucu - vətəndaş üçün çox qiymətlidir.

 

Monoqrafiyada VIII əsrin ortalarından başlayaraq Azərbaycanda "Ərəb poeziyasının janr və poetik xüsusiyyətlərini qəbul edərək, öz milli köklərini saxlamaqla, Azərbaycan ədəbiyyatının yeni bir tipinin yaranması (professor Mirzağa Quluzadə) kimi səciyyələndirilən bu ədəbiyyat, sözün həqiqi mənasında ümumən azərbaycançılığa xidmət edən, tədqiqatına böyük ehtiyac duyulan problemə-ərəblərin Azərbaycana gəlişindən sonra Azərbaycanda ədəbi-mədəni mühitin yaranmış yeni baxışların müstəqil bəhrəsidir. Bu problemin tədqiqatlara cəlb edilməsi bu vaxta qədər kifayət qədər işıqlandırılmayan, ümumən Azərbaycan mədəniyyətinin, bütövlükdə ümumşərq mədəniyyətinin, ictimai-siyasi tarixinin, şərq mentalitetinin çözülməsinə həsr edildiyindən son dərəcə maraq yaradan bir problemin həllinə aydınlıq gətirir.

 

Monoqrafiyada Şərq məkanında "ədəbi mediatorluq" - varislik, ədəbi ənənə məsələləri və bu prosesin sonucda universal bir mədəniyyətin məhz xalqlar arasında ortaq vasitələrin mövcud olmasının nəticəsi hesab edilir. Belə ortaq vasitələr nəinki ərəb mədəniyyətini, ədəbiyyatını zənginləşdirdi, eyni zamanda,  təmasda olduğu xalqların da ədəbiyyatını, mədəniyyətini zənginləşdirdi, yeni-yeni dühaların - ikidilli, hətta üçdilli şairlərin yaranmasına münbit zəmin oldu: xalqların mədəni səviyyəsinin ilkin göstəricisi çoxdillilik (poliqlotluq) məhz belə bir qarşılıqlı mədəni təsirin nəticəsində yaranırdı ki, bunun da ilk nümayəndələrindən olan Azərbaycan dühaları məhz bu regionunda yetişdi: dünya şöhrətli Nizami (iki dildə yazmaqla), Nəsimi (üç dildə yazmaqla), Xətai (üç dildə yazmaqla), Füzuli (üç dildə yazmaqla) özlərindən sonra gələn şairlərin sələfləri olaraq onlara zəngin bir ənənə yaratdılar, Azərbaycan və ümumtürk mədəniyyəti tarixində varislik ənənəsinin təməlini qoydular.

 

Fəridə Əzizova cavan nəslə mənsub ərəb, türk varisçilik problemi ilə məşğul olan məhsuldar bir alimdir: onun son illərdə çap olunmuş "Cahiliyyə poeziyasında qədim türklərin izləri" (2007), "Ərəb klassik poeziyasının təkamülündə əcəm (qeyri-ərəb) müəlliflərinin rolu" (Elm, 2009), "Ədəbi vasitəçilik Ərəb xilafətində sistem kimi" (Elm, 2009), eləcə də "Ədəbi vasitəçilik xilafət dövrü ədəbiyyatında bir sistem kimi (Klassik ərəb ədəbiyyatında türk ünsürləri və azərbaycanlı müəlliflər)" adlı doktorluq dissertasiyası və oxuculara təqdim etdiyimiz "Klassik ərəb poeziyasında Azərbaycan şairləri: genezis, poetika" (Elm, 2017) fundamental monoqrafiyaları, adlarından elə ilk baxışdan göründüyü kimi, Azərbaycan filologiyasında və Azərbaycan şərqşünaslığında əsrlərlə mövcud olan, lakin elmi tədqiqatlardan kənarda qalmış və araşdırılmasına böyük ehtiyac duyulan yeni mövzuların daha geniş masştabda tədqiqinə həsr edilmişdir. Bu elmi araşdırılmalarda əsas məqsəd, yuxarıda qeyd etdiyimiz kimi ümumşərq mədəniyyətinin tərkib hissəsi olan universal ərəb mədəniyyətinin inkişafında bu vaxta qədər kifayət qədər açılmamış, nədənsə  üstündən sükutla keçilmiş türk, Azərbaycan türk faktorunun mövcud mövqeyinə və təsirinə aydınlıq gətirmək, onu dünya müstəvisində faktlarla, yeni ərəb mənbələrindən gətirilmiş (bunlar yüzlərcədir:) sitat - sənədlərlə aşkarlamaqdadır! Bu isə xalqımıza onun mədəniyyət tarixinə ən böyük hədiyyədir! Bu yerdə bir incə məsələni xatırlamaya bilmirəm. Əsərə "Ön söz" yazmış akademik Nizami Cəfərovun fikrilə razıyıq, bu monoqrafiyaların uğurlu alınmasında görkəmli ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü, professor R.Azadə məktəbinin müəyyən rolu izlənilir". Haqlısınız, Nizami müəllim! Axı, xalqımızın müdrik bir kəlamı var: Xanım qız xalasına, qoç igid dayısına çəkər! Nə gözəl! Demək, gözəl Azadə xanım yaşayır, elm yollarında addımlayır...

 

Sonda, filologiya elmləri doktoru Fəridə Əzizovaya bol-bol enerji, yeni-yeni uğurlar arzulayıram!

 

Sevil MEHDİYEVA

Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim

 

525-ci qəzet 2017.- 12 dekabr.- S.6.