Bir günün min illik
xatirəsi
ADU XƏLİFƏ GÜNÜNƏ
HAZIRLAŞIR
Bir günlük xəlifə - Bu idiomatik ifadə ilə
bağlı xalq arasında bir çox əhvalatlar
dolaşır.
Onlardan ən maraqlısı Əbdülhəsən
adlı gənclə Xəlifə Harun-ər-Rəşidin
hekayəsidir.
Günlərin bir günü Əbdülhəsənin
evinə qonaq gəlir. Söhbət əsnasında gənc ən
böyük arzusunun bir gün də olsa, xəlifəlik etmək
olduğunu bildirir. Sən demə, tacir
libasındakı qonaq xəlifə Harun-ər-Rəşid
imiş. Xəlifə gəncin badəsinə
yuxu dərmanı tökərək onun saraya
aparılmasını əmr edir. Dərin
yuxuya getmiş gənc sarayda gözlərini açır.
Ona xəlifə kimi hörmət bəslənilir,
əmrlərinə əməl olunur. Əbdülhəsən
xəlifə olduğuna inanır. Axşam
yeməyi zamanı yenidən onun badəsinə yuxu dərmanı
tökürlər və gənc xəlifə gözlərini
evində açır. Deyilənlərə
görə, o hadisədən sonra Əbdülhəsən xəlifəliyinin
yuxu, yoxsa həqiqət olduğunu ayırd edə bilmir.
AMEA-nın
həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın
uzun illərdir həyata keçirdiyi "Bir günlük xəlifə"
Tələbə Özünüidarəetmə Günü
layihəsi tələbələrdə özünüidarəetmə,
işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında,
onların peşə məsuliyyətini dərk etməsində
önəmli rol oynayır. Məhz həmin
gün universitetin rektoru, prorektorları, fakültə
dekanları da daxil olmaqla 32 rəhbər vəzifədə tələbələr
tərəfindən açıq səsvermə yolu ilə
seçilmiş xəlifələr fəaliyyət göstərir.
Həmin xəlifələr universitetdə bir
gün ərzində tədris prosesi, inzibati və digər
işlərlə bağlı qərarlar qəbul edə, həmçinin,
yeniliklər həyata keçirə bilərlər. Vəzifələri tutan şəxslər bir gün
ərzində icra etdikləri vəzifənin
maaşını alırlar. Xəlifələrin
qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə
malik olur. Onu da qeyd edək ki, xəlifələr 13
dekabrdan sonra "kölgə kabineti" tərkibində bir il müddətində seçildikləri rəhbər
vəzifələrini davam etdirirlər.
2003-cü ildən davam edən bu layihə qısa fasilədən
sonra yenidən dekabrın 13-də Azərbaycan Dillər
Universitetinin (ADU) tarixində ilk dəfə olaraq başa
tutacaq. Bu ənənəvi gün ADU-da da böyük
coşqu ilə qarşılanır.
Gəlin bir neçə ay öncəyə qayıdaq. Daha
doğrusu, oktyabr ayına. Hər kəs həyəcanlıdır.
Auditoriya+ şöbəsində "Bir
günlük xəlifə" layihəsi ilə bağlı
elanlar hazırlanır. Tələbələr mərhələli
şəkildə Akt zalına, Ulu öndər Heydər
Əliyev adına lektoriyaya, muzeyə
toplaşırlar. Universitetin hər iki
binasında seminarlar təşkil olunur, layihənin seçim
turunun mərhələləri, namizədlərin
platformalarını yazmaq və səsvermə qaydası barəsində
tələbələrə geniş şəkildə məlumat
verilir. Namizədliyini irəli sürmüş şəxslər
öncə özləri haqda qısa informasiya, əlaqə
nömrəsi və namizəd olduqları vəzifəyə
uyğun platformalarını yazılı şəkildə
Auditoriya+ şöbəsinə və ADU-nun 2-ci tədris
binasında yerləşən aidiyyatı şöbəyə
təqdim edirlər.
Tələbələrin hədsiz həyəcanlı
olduğunu müşahidə edirik. Sanki tərəddüd
edirlər. "Görəsən, seçimlərdə
qalib gələ bilərikmi?" sualına cavab tapmaq çətin,
rəqiblər isə çox güclüdür. Artıq oktyabrın 30-u müraciət
üçün son gündür. 250-ə
yaxın tələbə namizədliyini irəli sürüb.
Müraciətlərə əsasən, namizədlər
seçim turlarına dəvət olunurlar.
Noyabr ayıdır, seçkilər artıq
başlayır. Hər fakültədən bərabər
sayda tələbə seçicilər dəvət olunur, xəlifə
günü və səsvermə qaydası ilə bağlı
tələbələr yenidən məlumatlandırılır.
Namizədlər isə öz platforması ilə
çıxış etməyə hazırlaşırlar.
Çıxışlardan sonra açıq səsvermə
yolu ilə seçkilər baş tutur. Yaxın
dostların da bir-birinə rəqib olduğunun şahidi oluruq. Öz uğuruna
sevinib dostunun məğlubiyyətinə kədərlənən,
eyni zamanda, məğlubiyyətiylə barışıb
dostunun uğuruna sevinən tələbələr
üstünlük təşkil edir.
Seçimlər mərhələli şəkildə
davam edir. Namizədlər arasında mətbuat katibi vəzifəsi
üçün mübarizə aparanlardan biri də mənəm.
Rəqiblərim arasında çox
güclüləri də var. Sıra mənə
çatır, çıxış üçün tribunaya
yaxınlaşıram. Ürək
döyüntümü ayaqlarımda hiss edirəm. Həyatımda ilk dəfə idi ki, bir vəzifə
üçün namizədliyimi irəli sürmüşəm
və seçicilər qarşısında
çıxış edirəm. Kənardan
baxmaq da, "əşi nə var e, çıxıb bir-iki kəlmə
danışırlar" demək də çox rahat imiş.
Növbəti çıxış
üçün rəqiblərim tribunaya yaxınlaşır.
Ən dəhşətli həyəcan isə
çıxışlar yekunlaşandan sonra baş verir. Səslər sayılır, tələbələrin
həmin vəzifəyə kimi layiq görməsi elan olunur.
Həyəcandan titrəyirik, bunu büruzə verməmək
üçün özümüzü möhkəm
sıxmış, ruhumuzdan da bərk-bərk yapışmışıq.
Yuxu kimi idi, vallah! Səhnəni tərk edirik, növbədə
digər vəzifələr üçün mübarizə
aparan namizədlər var. "Səni təbrik edirik, bir
günlük Ağa müəllim!" cümləsi ilə məni bu
şirin yuxudan oyatdı tələbə yoldaşlarım. Xəlifə günü seçkiləri bizə qələbənin
sevincini yaşamağı da, məğlubiyyətlə
barışmağı da öyrətdi. O hissləri xəlifə
olanlar bilir, biz bilirik, siz bilirsiniz. Hələ daha nələr
öyrədəcək bizə o gün...
Keçək rektorluq uğrunda mübarizə aparan tələbələrə. Özlərinə
çox inanırlar. Seçkilərdə
böyük coşqu yaşanır. Seçicilər
də namizədlərdən daha çox həyəcanlıdır.
Bir göz qırpımında seçkilər
başa çatır. Təhsil fakültəsinin
III kurs tələbəsi Nicat Aşurov səs çoxluğu
ilə tələbələr tərəfindən bir
günlüyə ADU-nun rektoru seçilir.
Bir neçə gün sonra ADU-nun Tərbiyə işləri
üzrə prorektoru vəzifəsini icra edən Sərraf
Hüseynov xəlifə tələbələrlə
görüşür. Tələbələrə ümumi plan izah edilir, vəsiqələr
təqdim olunur. Hər kəs sevinclidir, bu özəl
günün sayəsində tələbələr xeyli dostlar
qazanır. Xəlifələr tərəfindən
dekabrın 13-nə olan iş qrafiki təyin olunur. Sərraf Hüseynov seçki prosesində iştirak
edən və cuzi fərqlə məğlub olan namizədlərdən
də bəhs edir. S.Hüseynov 230-a yaxın tələbənin
seçkilərə qatıldığını bildirir:
"250-ə yaxın tələbə müraicət
etmişdi. 74 nəfər tələbə
rektorluq vəzifəsi üçün mübarizə
aparırdı. Seçkilərin demokratik
və şəffaf keçirilməsi üçün əlimizdən
gələni etdik. Hər fakültədən
bərabər sayda tələbələri seçki prosesinə
cəlb etdik. Seçkilər açıq
səsvermə yolu ilə keçirildi. Artıq
xəlifələr bəllidir. 32 müxtəlif
vəzifəni icra edəcək tələbələr haqda
kifayət qədər məlumat hazırlamışıq.
Onlar universitet tarixində ilk xəlifələrdir.
Kamal müəllimin bu layihəsi universitetə
o tələbələri qazandırdı ki, onlar öz
işlərini auditoriyaya gəlib dərslərini yüksək
səviyyədə öyrənməklə, yaxşı qiymət
almaqla bitmiş hesab edirdilər. Amma tələbələr
universitet həyatında daha böyük rol oynamaq
gücündə olduqlarını gördülər. Bu
layihə tələbələrə öz qabiliyyət və
bacarığını ortaya qoymaq imkanı verdi.
Digər namizədlər haqqında da
planlarımız var. Həmin tələbələri
universitet həyatında baş tutacaq müxtəlif layihələrə,
sosial aksiyalara, müxtəlif proqramlara cəlb etməyi
planlaşdırırıq".
Növbəti gün isə ADU-nun rektoru, akademik Kamal
Abdulla və universitet rəhbərliyində təmsil olunan
şəxslər 32 rəhbər vəzifəni icra edəcək
xəlifələrlə görüşür. Akademik tələbələri
təbrik edir, xəlifə gününün çox ciddi keçiriləcəyini
izah edir. Rektor uzun illərdir
keçirdiyi bu layihənin geridə buraxdığı
xoş xatirələrini tələbələrlə
bölüşür, xəlifə gününün özəlliyindən
bəhs edir. Kamal Abdulla xəlifə rektor Nicat
Aşurovla tanış olur. Daha
sonra xəlifə rektor öz komandasını auditoriyaya təqdim
edir və akademik dekabrın 13-də universiteti idarə edəcək
tələbələrin əmrini imzalayır və iclas
yekunlaşır.
Bir neçə gün sonra xəlifə rektorla yenidən
görüşdük. O, seçki prosesindən, qalibiyyətindən
danışarkən, bu qələbənin təkcə
özünə yox, eyni zamanda, tələbələrə də məxsus olduğunu
vurğuladı: "250 seçici arasında 79 səs
toplamağım həyəcanımı birə-beş
artırmışdı. Digər namizədlərin
topladığı səsin hesablanması 3 dəqiqə vaxt
apardı. Həmin o 3 dəqiqə, sanki 3
ilə bərabər idi. Nəticələr
elan olunan zaman adımı eşitməyimin
yaşatdığı həyəcan isə əvəzedilməziydi.
Sevincim həyəcanımı daha çox
artırırdı. İclasdan sonra
rektorumuz, akademik Kamal Abdulla ilə görüşdüm.
Kamal müəllim məni rektorluqla tanış
etdi, dekabrın 13-nə xeyli hazırladı. Gündəlik
iş rejimindən və səlahiyyətlərindən bəhs
etdi. İndi daha çox həyəcanlıyam.
Bu vəzifənin ağırlığı da, məsuliyyəti
də çox böyük imiş..."
2003-cü ildə ilk dəfə keçirilən
"Bir günlük xəlifə" Tələbə
Özünü İdarəetmə Gününün xəlifələrindən
olan tanınmış jurnalist Əzizə İsmayılova ilə
də həmsöhbət olduq. Xoş xatirələrindən
danışan Əzizə xanım ömür boyu vəzifə
arzusunda olduğunu söyləsə də, həmin gün bu
arzusundan imtina etdiyini bildirdi: "Bir günlük xəlifə"
tələbə komanda oyununun ideyası BSU-da oxuduğum
dövrdən (2000-2009-cu illər) bizim rektorumuz olan Kamal
Abdullaya məxsusdur. Xəlifə günü ilk
dəfə 2003-cü ildə, dekabrın 13-ü, həftənin
V günü (mistik tarix hesab olunur) keçirilmişdi və həmin
oyunun ilk xəlifələri biz olmuşduq. Təhsil aldığım Regionşünaslıq və
tərcümə fakültəsinin dekanı
seçilmişdim. İlk dəfə rektoratda bu haqda
danışılanda, doğrusu, heç kim
o qədər də ciddi qarşılamamışdı.
Çünki Kamal müəllimin bu "oyun"la
bağlı 3 şərti sual doğurmuşdu:
1.
Rektordan tutmuş, dekanlar, dekan müavinləri, universitet qəzetinin
redaktoruna kimi bütün postlar tələbələrə
veriləcək, həmin günün sahibi olacaq "səlahiyyətli"
tələbələrin qəbul etdikləri və "xəlifə
rektor" tərəfindən imzalanan bütün qərarlar,
sabahısı gün rektoratın iclasında müzakirə
olunacaq və rektor tərəfindən imzalanacaq, imzalanmayanlara
niyə imzalanmamasını aydınlaşdırmaq
üçün nəzər salınacaq.
2. Öz
kreslolarını bir günlük tələbələrə
təhvil verən hər kəs universitetdə olsa da, heç
bir halda heç bir xəlifənin işinə
qarışmayacaq və ümumiyyətlə, gözlərinə
görünməyəcək. Ya aid olduqları kafedrada
otursunlar, ya da bufetdə. Əsas odur heç kimə
qarışmasınlar.
3.
Kafedralarda hamı bir nəfər kimi işinin başında
olacaq və xəlifələrin idarəçiliyinə tabe
olacaq.
4.
Hansı posta kimin seçilməsini məhz tələbələr
özləri mərhələli şəkildə müəyyən
və təyin edəcəklər.
Şərtlərin
inandırıcı olmaması ilə yanaşı hər kəsin
beynində daha bir sual da vardı: "Bir günlə nə
olacaq ki?"...
Amma qərar verildi. Səhv etmirəmsə, 2 ay müddətinə
gərgin seçimlər getdi. Tələbələr
özləri öz namizədlərini verirdilər, namizədlər
arasında mübarizə, 1-ci mərhələ, 2-ci mərhələ,
3-cü konsepsiya mərhələsi və seçim. Möhtəşəm, izaholunmaz bir hissdir. Hamımız seçildik və evə tələbə
kimi gedib səhər, yəni dekabrın 13-də "vəzifə
sahibi" kimi universitetə döndük.
Dekabrın 13-ü, həftənin V günü,
şaxtalı-boranlı bir gün idi. Bakıda bütün
nəqliyyatın hərəkəti iflic olmuşdu. Hətta
seçilən xəlifələrə elə gəlirdi ki,
bizi ciddiyə almayıb heç kim dərsə
gəlməyəcək. Nəticə
inanılmaz olmuşdu. Uşaqların
universiteti necə idarə edəcəkləri o qədər
maraq yaratmışdı ki, davamiyyət 98%-i belə
keçmişdi. Çox qeyri-adi və
heç bir şəkildə qısa şərhə
sığmayan bir gün yaşamışdıq. Nəticə mükəmməl idi. Səhəri gün qəbul etdiyimiz bütün qərarlar
Kamal Abdullanın imzası ilə icraata göndərilmişdi.
BSU-da olan "radio qovşağı" məhz
biz xəlifələrin ideyası və arzusu idi.
Reallaşmışdı...
"Bir günlə nə olacaq?" sualına isə
biz elə həmin günün sonunda cavab tapmışdıq. Bu bir gün hər
birimizin içində özümüzə bəlkə də
illərlə qaranlıq qalacaq bir gerçəyin
cavabını vermişdi - vəzifə, səlahiyyət nədir
və onu hər kəs çəkib apara bilərmi?
Mən, məsələn, baxmayaraq ki, həmişə vəzifə
arzusunda olmuşdum, həmin gün ömürlük üzləşməmək
üzrə imtina etdim o arzudan. Anladım ki, yüksək
vəzifə adamı deyiləm. Sonradan hətta
yüksək vəzifələrdə olsam da, sevə bilmədim
kreslo həyatını. Səbəb?
Deyim sizə:
Həmin gün heç yaddaşımdan silinməyəcək
o qədər hadisə oldu ki, onların məzmununa illər
sonra vara bildim.
Amma vəzifəyə nifrət etdiyim an, həmin
gün təxminən günorta saat 2 radələrində
oldu. Deməli, bizim çox sevimli bir dekan müavinimiz
vardı - Arifə xanım Məmmədova, girdi dekanın otağına və hansısa səbəbdən
2-ci növbədə 1-ci dərsdən sonra evə getməli
olduğunu deyib icazə istədi. Mənsə o an
özümün belə dərk etmədiyim bir hökmlə,
eynən dekanımız Seyfəl Həsənovun bizə
verdiyi cavab qismində "Ərizə yazın və səbəbi
izah edin" dedim.
Arifə xanım sakitcə çıxdı və ərizə ilə geri döndü və mən o ərizəyə imza atdım. O an keçirdiyim hissi indi də xatırlayıram. İstəyərəkdən etmədim, vəzifəmdən dolayı bunu etməyə məcburdum. Əks halda cavab verməli olacaqdım. Az sonra isə 2-ci növbənin davamiyyətini yoxlamaq üçün "xəlifə müavin"lə otaqları gəzəndə öz auditoriyamıza girdik. Leksiya idi, "potok" - 3 qrup birləşmişdi. Hardasa 60 tələbə. Lektor tərs kimi yenə Arifə xanım idi. Biz içəri girən kimi bütün tələbə yoldaşlarım anidən ayağa durdular. Arifə xanım da həmçinin. "Starosta", dünən bir partada oturduğum tələbə yoldaşım, bu gün gəlməyənlərin hesabatını verəndə mənə Əzizə xanım deyə müraciət etdi. Bütün "potok" sanki dekana baxırmışlar kimi baxırdı mənə. O an hər şey gözümdə bir başqa cür görünmüşdü. Az qalmışdı gülüm ki, "Əzizə xanım nəydi, sən Allah?" Onu da deyə bilmədim. İcra etdiyim vəzifəm yol vermirdi...
Beləcə o gündən nifrət etdim vəzifəyə.
Anladım ki, vəzifənin yükünü çəkmək
mənim çiynim üçün deyil. O kresloda oturanda demək olar heç
bir şey sən istəyən kimi olmur.
Günün
sonunda Kamal müəllim, Təhsil Nazirliyinin rəsmisi və əsl
vəzifə sahibləri ilə yekun
görüşümüzdə Kamal müəllimin "hə,
necə oldu bu gün sənin üçün?" sualına
gülümsünərək "mən vəzifəyə
nifrət etdim" dedim və güldük.
Sonda demək istədiyim odur ki, xəlifə tələbələr
vaxtın azlığını düşünməsinlər".
Ümid edirəm ki, Əzizə İsmayılovanın
xatirələri gənc xəlifələr üçün,
elə mənim özüm üçün də
yaxşı bir dərs oldu. Axı, "öyrədərək
öyrənirik" əbəs deyilmir...
Həqiqətdə
yuxu axtarmaq və yuxuda həqiqəti tapmaq... Ömür
boyu bu iki variantla mübarizə aparmalı olmuşuq. Sevincli günlərimizdə də, kədərli
günlərimizdə də. İndi isə
sevincimizin həddi-hüdudu yoxdur.
Görəsən, Azərbaycan Dillər Universitetinin
tarixində ilk dəfə olaraq baş tutacaq layihədə tələbələr
bunun yuxu və ya həqiqət olduğunu ayırd edə biləcəklərmi?
Sualın
cavabı növbəti reportajımızda...
Şahin SƏRDARLI
ADU-nun II kurs tələbəsi, xəlifə
mətbuat katibi
525-ci qəzet 2017.-
12 dekabr.- S.6;8.