Ələddin
Əzimlinin şeirləri
Söz
Əvvəlcə
sözün yiyəsi
olasan gərək,
sonra gəlib oturasan
onun elçi daşının üstündə.
Bir də sözdən qidalanasan
ürəyin ola gərək.
Zərbələrə dözməyə,
tabın, dirəyin
ola gərək.
Söz bizimçün nemətdir,
göylərin sovqatıdır.
Həyatımızın rəngi, ovqatıdır.
Gedən
gedər,
gələn gələr.
Gün ötər,
göydə ay təzələnər.
Məndən sənə,
səndən mənə
söz qalar.
Yalan yanar beşikdə,
doğru qalar düz qalar.
Səssiz-səmirsiz qalar.
Söz kişidir,
Heç nəyə boyun əyməz.
Al alovun içində,
bir dəfə yandım deməz.
Hər şeyin başı sözdür,
sənə, mənə
ruh verər.
Onu da bizə, əslində
qələmə and içən
Allah verər!
Şahid
Kimdir o
-
gözündə alov?
Durub yol üstə.
Bəlkə, özüməm?
Bəlkə, oğlumdur?
Bəlkə, nəvəmdir?
İllərdir bu dərdə,
qəmə dözürəm.
Qardaş,
bölünən bir yurdun
ağrısıdır o!
Tarixlər yaddaşıdır,
yolumun üstündə
baş daşıdır
o!
Adsız baş daşı.
Kimindir?
Deyə
bilmirəm
ona sahib çıxıb,
ona qohum çıxıb
özümü öyə
bilmirəm.
Zamanlar adlayıb
onun üstündən.
Görürəm
sınıq salxaqından,
çatından,
yazısı pozulmuş
qatbaqatından.
Bilirəm,
xəbər çıxmayacaq
ondan,
onun zatından.
Bir şey bəllidir ki,
durduğum,
quruyub qaldığım
torpaq üstədir.
Demək,
bu yurdun,
bu məmləkətin
şəhididir o.
Ötüb keçdiyimiz
qanlı dövrlərin
şahididir o!
Payız küləyi
Nədən belə
kədərlisən, ey külək?
Gəl pərvazlan,
Qol-qanad
aç
səma boyu.
Yayıl
maviliklərə,
meşələrə, düzlərə.
Yarpaq-yarpaq,
çiçək-çiçək.
Mən də sənə
mavi donlu nəğmə qoşum.
Oxuyum.
Sənin
üçün
əbədi bir
eşq çələngi
toxuyum.
Səndən, məndən
insanlara, doğmalara
qalsın.
Sevg i dolu bir ürək.
At kədəri,
qov qəhəri, ey külək!
Xatirə
O gedən,
ruhumu
özüylə aparan
buluda dəymə!
Nur saçan,
evimi isidən,
canımı qızdıran
o oda dəymə!
Yanarsan
alovun,
odun içində.
Topa
dönərsən.
Küləklər sovurar
səpər çöllərə.
Axır
ki,
gül tək sönərsən.
Yetişər
dadıma
ürəkli insanlar,
cəsur oğullar.
Sən sönüb
gözlərdən itsən
də,
qəlblərdə izlərin,
xatirən qalar!
Həqiqət
Bu gecə
gəl əllərimizi
açaq göyə.
Soruşma niyə?
Orasını bilmirəm.
Düşüb
qaraltının izinə
gedək - gedək.
Axır
başa düşərik
biz çox azıq.
Cəmi bir cütük.
Odur ki, bilmirik
çox şeyin
sirrini.
Qoy, oxucular çaşmasın,
axır
öyrənərik bunun səbəbini.
Dostlara hər şeyi
Açıq-aydın söyləyərik,
Doğrusunu deyərik.
Gəldi-gedər
Hərdən
göyçək-göyçək
çiçək yağır
göydən.
Qəribədir,
ayrılıq qoxuyur bu çiçək.
İsladır dünyanı,
hər yanı.
Bircə
otlar, ağaclar
sevinir buna.
Qarılar, qocalar
deyinir buna.
Kiminə
dərd çiçək,
kiminə sevgi,
Kiminə
ayrılıq
Gəldi-gedərdi...
Kimi aldadım
Artıq
qurtarmışam harayla,
hayla,
Qoy, gedim yuxuya bu
həzin çayla,
Ovutsun ruhumu bir həzin
layla,
Qəmi unudum.
Tarixin yaddaşı yükdür
canıma,
Ağrısı, acısı hopub
qanıma,
İstər məni qına,
istər qınama,
Nə idi Adım?
Qaranlıq əriyər, xofu
əriməz,
Azı yoxa çıxar, çoxu əriməz,
İnamı azalar, qorxu əriməz,
Qalxar fəryadım.
Ahımdan quruyub daşa dönərsəm,
Qara bulud gələr, qəfil sönərsəm,
Sıxılıb, əriyib suya çönərsəm
Budur həyatım?!
Qəmimin sərhədi, hüdudu
yoxdur,
Qəlbimin ağrısı, əzabı
çoxdur,
Deyim ki, gördüyüm saraydır, taxtdır,
kimi aldadım?!
Sənə
Köməksən mənə,
Çətində, darda.
Tutdun əlimdən,
Boranda, qarda.
Ucasan, dağsan,
Şirin
bir çağsan,
Hər vaxt dayaqsan,
Hardayam, orda.
Titrəsə təməl,
Uzat mənə əl,
Qonağım ol gəl,
Sən ilk baharda.
Ələddin ƏZİMLİ
525-ci qəzet.-2017.-13
dekabr.-S.7.