Amerika sevdası, yaxud
boşa çıxmış xəyallar
Hekayə
İşdən yenicə qayıtmışdım. Çox keçmədən,
həyat yoldaşım
da gəldi. İçəri girən
kimi təntənə
ilə dedi:
- Xəbər, şad xəbər! Anam tapılıb! Amerikada! Miçiqan ştatının
Enn-Arbor şəhərində!
- Anan tapılıb? Amerikada? Miçiqanda? - Gözaydınlığı
vermək əvəzinə
ağlaya-ağlaya dedim: - Yalanlarının
üstü açılır.
Bəs mənə demişdin ki, anam rəhmətə gedib! Hə, deməmişdin?
- And olsun bizi yaradana,
elə bilirdim. Nənəm də, atam da
mənə demişdilər
ki, anam ölüb. Məni doğan
zaman. Qan itirib, xilas edə
bilməyiblər... Daha başqa
şey deməmişdilər.
Mən hardan biləydim ki, onlar düz
demirlər? Bir özün fikirləş...
- Bilmisən, məndən gizlətmisən. Başqa
şeyləri məndən
gizlətdiyin kimi...
- Heç başqa şeyləri də gizlətməmişəm. Sadəcə, onları əhəmiyyətsiz
sayıb sənə deməmişəm. Sənsə
həmişə məndən
şübhələndiyinə görə milçəyi
böyüdüb fil eləmisən...
- Hələ bir danışırsan, hələ
bir özünü təmizə çıxarırsan?
- Özümü təmizə
çıxarmıram, olanı
deyirəm. Bir də ki, səni niyə aldatmalıydım? Niyə?
- Sualı özünə ver. Məndən
niyə soruşursan?
Heç vaxt ona inanmamışdım. Çünki sevərək ailə qurmamışdım onunla.
Anamın təkidi ilə
ərə getmişdim.
Uzaq qohumlarından idi anamın. İrandan köçüb bura gəlmişdi. İş adamı idi... "Ailə
qurandan sonra yavaş-yavaş sevəcəksən.
Vaxtilə mən də
sənin kimi olmuşam, sonra sevmişəm. Heç peşman
da deyiləm. Bir də ki,
kim gəldi
qapıya mən geri qaytardım? İndi, bala, zəmanə dəyişilib. Cavanların çoxu
imkanlı adamların
qızları ilə evlənmək istəyir.
Qayınataya sığınıb vəzifə əldə etmək, ev-eşik, villa sahibi olmaq marağındadırlar.
Bizim kimi adamların qızını
ancaq bizim kimi adamların oğlanları alar... Daşı tök ətəyindən, razılaş..."
Bunu o vaxt, yoldaşım tərəfin adamları bizə elçi gəlmək ərəfəsində
anam demişdi. Mən də xeyli tərəddüddən
sonra razılığımı
bildirdim. Birinci uşağımız
oldu, onu sevə bilmədim. İkinci uşağımız oldu,
yenə sevə bilmədim. Mənsə sevmək istəyirdim.
İstəyirdim ki, onu dəlicəsinə sevim.
O da bunu istəyirdi. Di gəl
ki, mən sevə bilmirdim. Elə ona görə də ona inanmırdım,
hər sözünə
şübhə edirdim.
Bu da növbəti
şübhə. Anası
ola-ola gizlədib... Mənə yalan danışıb.
İndi onu nəyə görə sevə bilmədiyimi dərk etdim. Deməli, haqlı imişəm... Ağlayırdım. Ağlaya-ağlaya ona baxdım.
O da yazıq bir görkəmlə mənə baxdı: günahsız olduğunu sübut edə bilmədiyi üçün
əzab çəkirdi.
İlk dəfə inandım ki, yalan demir. İlk dəfə
ürəyimdə ona
qarşı bir sevgi yarandı. Əslində, buna hələ
sevgi demək olmazdı. Mənım ona yazığım
gəlirdi, ürəyim
yanırdı. Ola bilsin ki, bu
duyğular ona qarşı yaranmaqda olan məhəbbətimin
ilk əlamətləri idi.
Yavaş-yavaş özümə gəldim.
- Deməli, anan sağdır...
Həyat yoldaşım məndəki
dəyişikliyi görüb
cürətləndi.
- Məni ora dəvət
edib. Viza və gediş-gəliş
pulunu da göndərib.
- Elədirsə, iş yerinə bildir, lazımi sənədləri
düzəldib aidiyyatı
yerlərə təqdim
et, - dedim.
lll
Sənədləri düzəldib Amerikaya getdi. Çatan kimi telefon zəng eləmişdi:
- Anam varidatını adıma keçirib. Sənə və uşaqlara viza göndərəcək.
Çalış evi
sat, sata bilməsən,
qohumlardan birinə həvalə elə. Orada ləngimə. Tez gəl... Sənsiz yaman darıxıram...
Qəlbimin bir tərəfində
qəribə istilik
hiss elədim. Bu istilik deyildi, hansısa yaranın sağalması ilə bağlı keçirdiyim
xoş bir duyğu idi. Belə duyğunu deyəsən, bu yaxınlarda da keçirmişdim.
Hə, yadıma düşdü;
anasının Amerikada
tapılmasını mənə
deyən vaxt, daha doğrusu, yazıq-yazıq mənə
baxanda, nə deyəcəyimi gözləyəndə.
İlahi, mən bu anı illərlə
gözləmişdim, həsrətini
çəkmişdim... Və
nədənsə bir
el məsəli yadıma
düşdü: "Bədbəxtlik
də gələndə
üzünü görmə,
xoşbəxtlik də".
Budur, illərlə gözlədiyim o isti duyğu ürəyimə
dolmaqdadır, bir tərəfdən də heç yuxuda belə görə bilmədiyim var-dövlət...
Bu gün-sabah hər şey bir nağıla dönəcəkdi. Zarafata
gəlməsin, Amerikaya
gedirdik... Villa, var-dövlət sahibi olurduq. Ailəmizi bundan sonra başqa bir həyat gözləyirdi.
Vaxtımızın çoxunu səyahətlərdə
keçirəcəkdik. Yeni dostlar, görmədiyimiz
yerlər...
Oğlumdan da, qızımdan da arxayın idim. İngiliscə yaxşı bilirdilər.
Başqa
fənləri də pis oxumurdular. Texniki sahəyə meylli idilər. Testlə imtahan verib Miçiqan
universitetinə girəcəkdilər...
Özümsə ərəb və
ingilis dillərini mükəmməl bilirdim,
çox güman ki, səfirliklərin, yaxud şirkətlərin birində işləyəcəkdim.
Ərimsə Tehranda doğulmuş,
orada böyümüş,
Tehran Universitetinin tibb
fakültəsinin cərrahlıq
şöbəsini bitirmişdi.
Deməli, Amerikada iş tapmaq onun üçün çətin olmayacaqdı.
Nigarançılığım yoldaşımla aramda
olan münasibətdən
idi. Hiss edirdim ki, o da yavaş-yavaş
düzələcək. Son hadisələrdən bunu duyurdum.
...Nə düşünmüşdümsə,
o da oldu. Yoldaşımın anası bizi
böyük sevgi ilə qarşıladı.
Qayınanamın iki mənzili var. Özü Miçiqan Universitetinin yaxınlığında yaşayır,
biz isə on beş
kilometr aralıda, onun ikinci evində.
O, öz işlərilə
məşğuldur, biz də
öz işimizlə.
Amma indiyədək mənim üçün, lap elə
yoldaşım üçün
də sirr kimi qalan bir
məsələ - onun
Tehrandan bura gəlməsi - barədə
danışmamışıq. Nə o söhbət açıb,
nə də biz soruşmuşuq. Təbii ki,
biz bu məsələnin
necə olduğunu bilməyə çalışırıq.
Daha çox da yoldaşım.
Amma özü bu barədə söz açmağa tələsmir... Yəqin ki, gec-tez bu məsələ aydınlaşacaq. Hə,
bu belə...
...Oğlumla qızım Miçiqan Universitetinin mühəndislik
fakültəsində təhsil
alırlar. Həyat yoldaşım Miçiqan
Universitetinin nəzdində
olan böyük bir xəstəxanada işləyir. Anasının köməyilə işə
düzəlib, elə
onun rəhbərliyi altında çalışır.
Qayınanam xəstəxanada
böyük nüfuz sahibidir. Özüm hələ iş növbəsinə dayanmışam.
Dubayın bir ticarət
şirkəti burada fəaliyyət göstərəcək.
Deyiblər ki, o şirkət
üçün tərcüməçi
işləyəcəyəm. Yaxın günlərdə şirkət
işə başlayacaqdı.
Bir müddət
belə keçdi. Güzəran cəhətdən çətinlik
çəkmirdik. Yoldaşım
kifayət qədər
maaş alırdı. Gəzinti və səyahətlərə
pul xərcləməyə
də imkanımız
olurdu. Qayınanam maaşının bir hissəsini bizə verir, oğlumla qızımın
təhsil haqqını
ödəyirdi. Ən yaxşı
hal isə bu idi ki,
mən ərimi sevməyə başlamışdım.
Bu hissim gündən-günə
güclənirdi. Və hərdən
öz-özümə sual
verirdim ki, necə olub, əvvəllər onu sevməmişəm?! Cavab tapa
bilmirdim. Amma yenə sual verirdim: "Axı mən onu niyə
sevmirdim? Niyə? İndi onu var-dövləti
olduğuna görəmi
sevirəm?" Nahaq yerə
özümü yorurdum.
Çünki bu suallara cavab tapılmayacaqdı.
Yox, yox, sualların cavabını tapdım.
Ona yazığım gəlirdi.
İllər boyu yetim kimi böyümüşdü,
ana sevgisindən məhrum olmuşdu. Bu əzablardan sonra
anasına qovuşmuşdu.
Di gəl ki, anası öz ürəyini ona açmırdı... İndi onun
mənəvi əzabı
əvvəlkindən qat-qat
artıq idi. Əzabını azaltmaq üçün
onu sevir, qayğısına qalırdım.
Əvvəllər bu onun xoşuna gəlirdi, sevincindən uçmaq istəyirdi. Sonralar bunu
başa düşdü,
yavaş-yavaş məndən,
uşaqlardan soyudu.
Evə gec gəlməyə başladı. Və bir
gün evə heç gəlmədi.
Zəng vurub qayınanamdan onu soruşdum. O isə çox soyuqqanlı halda dedi: - Bura Amerikadır,
insanlar hər cəhətdən, elə
ailə-məhəbbət məsələsində
də tamam azaddır. Burada heç kim
heç kimə zor edə bilməz.
Mən nə edə bilərəm ki...
Bu azad dünyada
yamanca artıq darıxıram indi. Daha məni
nə səfərlər
cəlb edir, nə də buradakı şərait.
Amerika da gözümdən düşüb, gözəl,
mənzərəli Enn-Arbor
şəhəri də.
Deyəsən, geriyə qayıtmalı
olacağam. Hə,
lap elə günü
sabah...
Bayram İSGƏNDƏRLİ
525-ci qəzet.-2017.-13
dekabr.-S.8.