Sözün və səsin böyük
Mirzələri
GÖRKƏMLİ
ƏDİBİMİZİ VƏ TƏKRARSIZ
MÜĞƏNNİMİZİ XATIRLARKƏN...
Aydın TAĞIYEV
Ötən əsrdə ədəbiyyatımızın
klassiklərindən biri
kimi şöhrət qazanmış Xalq yazıçısı, görkəmil
nasir və dramaturq, akademik, ictimai xadim Mirzə
İbrahimovun iki yubiley təntənəsinin
iştirakçısı olmuşam.
O tədbirlərin birində
yubilyar özü də iştirak edirdi. 1971-ci ilin,
gərək ki, payızı idi. Tələbəsi olduğum
M.F.Axundov adına
Azərbaycan Xarici Dillər İnstitutunda Mirzə İbrahimovun anadan olmasının 60 illiyi ilə bağlı görkəmli
sənətkarla görüş
keçirilirdi. Yazıçı
görüşə qızıyla
- sevimli
bəstəkarımız Sevda
xanım İbrahimova ilə gəlmişdi. İnstitutun rektoru, professorları yazıçının keçdiyi
şərəfli ömür
yolundan, zəngin yaradıcılığından danışdılar. Əsərlərindən parçalar səsləndi,
pyeslərindən səhnələr
göstərildi. Tələbə qızlar möhtərəm
yazıçıya təzə-tər
gül dəstələri
təqdim etdilər.
Gül dəstələrini köksünə
sıxan Mirzə müəllim kövrəlmişdi.
Bəlkə də Mirzə müəllimi kövrəldən, nə
qədər təzə-tər
olsalar da, o dəstələrdəkinin də
elə payız gül-çiçəkləri olması idi... Sənətkar öz kövrəkliyini gizlətmək
üçün özünə
xas yumorla zarafata keçdi:
- Qızım Sevda hərdən mənə xəbərdarlıq edir ki, ata, daha
qocalırsan, yazı-pozu
ilə özünü
çox yorma, səhhətinə fikir ver...
Sonra da Mirzə müəllim
üzünü Sevda xanıma tutub təbəssümlə dedi:
- Heç qoca kişiyə də qızlar bu qədər gül-çiçək
təqdim edərlər?!
Dopdolu zal yazıçının bu
sözlərini hərarətli
gülüşlərlə, coşqulu alqışlarla
qarşıladı.
...2011-ci ilin bir xoş
yaz günündə,
bu dəfə bizim Şabranda, şəhər mədəniyyət
sarayında Mirzə İbrahimovun anadan olmasının yüz illiyi keçirilirdi və o tədbirə paytaxtdan adlı-sanlı qələm adamları ilə birgə qızı Solmaz xanım, gəlini və nəvələri də gəlmişdi.
Məruzə və çıxışlardan
sonra söz görkəmli sənətkarın
doğmalarına, ailə
üzvlərinə verildi.
Solmaz xanımın
atası ilə bağlı şirin xatirələrini böyük
maraqla dinləyən şabranlıların diqqətindən
onun rusdilli olması da yayınmadı, çıxışından
bunu sezmək olurdu. Sənətkarın yaradıcılığı
ilə yanaşı, tərcümeyi-halına da
bələd olanlar bilirlər ki, Mirzə İbrahimov həm də görkəmli dövlət
xadimi olub, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində
işlərkən ana
dilimizin dövlət səviyyəsində qorunması
uğrunda milli təəssübkeş kimi
böyük
fədəkarlıq göstərib,
"Azərbaycan dili"
adlı kitab yazaraq çap etdirib. Elə bütün bunlara
görə də millətçilikdə günahlandırılıb,
təqiblərə məruz
qalıb, vəzifəsindən
kənarlaşdırılıb.
Solmaz xanım elə bil zaldakıların ürəyindən keçənlərdən
xəbər tutubmuş
kimi, bir anlığa duruxub susdu, sonra da
dərindən köks
ötürüb, kövrək
səslə qəmli bir tarixçə danışdı: "Moskvanın
atamı millətçilikdə
ittiham etdiyi vaxtlar idi, 37-ci illərin məsum kabusu yenə də hər an onun başı üzərində peyda ola bilərdi.
Mən məktəbə - birinci sinfə gedəcəkdim.
Belə günlərin
birində atam fikirli-fikirli: "Məni həbs etməsələr
də, Azərbaycandan
sürgün edə bilərlər, - dedi, - ona görə də məcburam ki, Solmazı hələlik məktəbdə
rus bölməsinə
yazdırım. Sürgün
olunsaq, oralarda rus dili sarıdan
çətinlik çəkməyəsən..."
Bax, bu da
mənim rus dilli olmağımın tarixçəsi..."
Ancaq görkəmli
ədibimizin məcburiyyət
üzündən seçdiyi
bu yol Solmaz
xanımın taleyi və ədəbi mətbuatımızın tarixi
baxımından çox
maraqlı, əhəmiyyətli
oldu. İndi Azərbaycan Yazıçılar
Birliyinin ədəbi orqanlarından birinin -
"Literaturnıy Azerbaydjan"
jurnalının baş
redaktoru olan Solmaz xanım İbrahimova bu sahədə ən dəyərli, peşəkar
qələm sahiblərindən
biri kimi tanınır. O, ədəbiyyatımızın
rus dilində təbliği, daha geniş oxucu auditoriyasına çatdırılması
kimi şərəfli
bir missiyaya layiqincə xidmət edir.
lll
Ötən əsrin altımışıncı
illərinin sonu, yetmişinci illərinin əvvəlləri və yayın qızmar bir günü, necə deyərlər, günortanın dolusu idi. Bizim Şabran şəhərində
yerli kinoteatrda axşam konsert olacaqdı. Bakıdan - Filarmoniyadan adlı-sanlı
sənətkarlar gəlmişdi,
unudulmaz müğənnimiz
Mirzə Babayev də onların arasındaydı. Bu o vaxtlar idi ki,
Rəşid Nəsiboğlunun
Adil Rəsulun sözlərinə qoşduğu
məşhur "Limanda"
mahnısı dillər
əzbəriydi. Hər gün
öz-özümə, dodaqaltı
oxuduğum mahnılardan
bəlkə də birincisi bu həzin,
lirik mahnı olurdu. Mirzə Babayevin əvəzsiz
ifasında bu mahnıya qulaq asmaqdan doymurdum. Elə özümü də, sanki tək-tənha o limanda dayanıb gözləyən bilirdim.
Bəli, həmin günortanın dolusunda konsert veriləcək kinoteatrın
qarşısındakı krandan
üzünə, boynuna
su vurub sərinləyən Mirzə
müəllimlə qəfil
rastlaşdım. Həyəcan içində yaxınlaşıb
"Xoş gəlmisiniz"
dedim. Sənətkarın
həlim münasibətindən
ürəklənib, bir
az da
sadəlövhlüklə, sanki minnət qoyurmuş kimi: - Mirzə müəllim, axşamkı konsertə mən də bilet almışam, - dedim, - özü də məhz sizi, "Limanda" mahnısını dinləmək
üçün...
Mirzə müəllimin qaşları
çatıldı.
- Yox, konsert zalınızda
olmuşam, o zalda bu mahnını oxumaq mümkün deyil. Akustika yoxdur...
Mirzə müəllim mənim o zaman yaxşı başa düşmədiyim
başqa ifadələr,
terminlər də işlətdi.
Kefimin pozulduğunu görən həssas sənətkar ətrafa boylandı, ətrafda seyrəklik, sakitlik olduğunu görüb:
- Bir halda ki, konsertə bu mahnıma görə bilet almısan, istəsən, elə burdaca o mahnını sənin üçün ifa edə bilərəm, - dedi.
Çaşqınlıqla üzünə baxdığımı görən Mirzə müəllim zarafatından da qalmadı: - Pulun niyə batsın ki...
Sənətkar qəfil ciddiləşdi, əməlli-başlı səhnə tərzi alıb ahəstə oxumağa başladı:
Bir səhər sən idin,
bir liman, bir də mən...
Sən getdin,
tək qaldıq
bir liman, bir də mən...
O gündən göy sular
göy nəğmə
oxudu.
O gündən ürəyim
limanda uyudu.
Bir
səhər bəlkə sən
limana dönərsən
Gözlərik yolunu
bir liman, bir də mən...
Doğrudan da, Mirzə müəllim dünyamızdan
getdi və onun sənətinin vurğunları kimi bizim hər birimiz onsuz qaldıq. Ancaq Mirzə
Babayevin o ifası həmin gündən mənim üçün ömürlük xatirəyə
çevrilib, unudulmaz olub. Və indi də az qala hər
gün qulaqlarımdadır
onun təkrarsız səsi və avazı.
525-ci qəzet.-2017.-13
dekabr.-S.8.