Heydər Əliyevin həyat dərsləri

 

Misir MƏRDANOV

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

Hər insan tarixin zərrəsidir. Birisi haqqında xatirələrini vərəqlədikcə,  nələrisə yada salıb ayrı-ayrı epizodları qələmə aldıqca, həmin şəxslə birgə onun yaşadığı dövrün ictimai mənzərəsini də canlandırmalı olursan. Bu xatirələrin tarixə nə qədər nüfuz edə bilməsi, gələcək nəsillər üçün hansı əhəmiyyəti daşıması isə şəxsiyyətin əhatəsindən, miqyasından asılıdır. 

 

Elə adam var ki, onunla bağlı xatırladıqların, az sayda insan üçün maraq doğurar. Eləsi də var ki, hansısa xatirədə mühüm bir tarixi hadisənin əsas simalarından biri kimi görünür.

 

Amma elə insanlar da var, ömrü başdan-ayağa tarixdir. Xalqın tarixinin mühüm bir hissəsi məhz bu ömrün işığında yazılıb. Ona görə bu ömürdən xatırlanan, qələmə alınan hər bir an tarix işığının daha gur yanmasına, gələcək nəsillər üçün bu ömürdən öyrənilməli zəngin bir məxəzin formalaşmasına xidmət edir.

 

Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev də ömrü böyük bir xalqın, dövlətin tarixinə çevrilmiş məhz belə şəxsiyyətlərdən idi. Milli dövlətçilik tariximizin iki mürəkkəb dövründə respublikaya rəhbərlik edən, ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan, Azərbaycanın gerçək müstəqilliyini təmin edən, Vətənin hər abadlıq nişanəsində nəcib izləri nəzərə çarpan bu böyük şəxsiyyət haqqında bütün müasirlərinin hansısa xatirələri var. Ulu öndərlə eyni zamanı paylaşmaq, belə dahi şəxsiyyəti həyatda görmək bu nəslin insanlarının payına düşmüş xoş bir qismətdir. Mənsə öz nəslimin o nümayəndələrindənəm ki, ümummilli liderin hökumət komandasının üzvü kimi onunla birbaşa ünsiyyət imkanlarım olub. Ulu öndərin etimadını qazanmışam, bu böyük dövlət adamının tapşırıqlarını yerinə yetirmişəm, onun şəxsiyyətinin əzəmətini, möhtəşəmliyini dərk etmişəm. Onunla çalışmaq böyük  həyat məktəbi idi. Heydər Əliyevin hər kəlməsi, hər davranışı insan üçün mükəmməllik nümunəsi yaradırdı. 

 

Yaddaşımda Onunla bağlı çox xatirələrim var. Düşünürəm ki, bu xatirələri qələmə almalıyam. Çünki onlar təkcə bir şəxsin ömür anları deyil, ümumilikdə, xalqın tarixinin ən dəyərli, işıqlı, parlaq səhifələridir. 

 

O, ana dilimizdə danışan ilk rəhbər idi

 

Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu il həyatımda onunla əlamətdar idi ki, həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdim və aspiranturaya hazırlaşırdım. Qarşımda yeni bir dünya başlanırdı. Belə bir məqamda respublikanın rəhbəri dəyişdi. Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi  seçildi. Əlbəttə, həmin dövrün adamları respublikanın rəhbər şəxsləri haqqında indiki qədər ətraflı məlumatlara malik ola bilməzdi. Bəlkə də, bu, cəmiyyətdə informasiya qıtlığından irəli gəlirdi. Axı, o vaxtların kütləvi informasiya vasitələrini də indikilərlə müqayisə etmək mümkün deyildi. Nə sosial şəbəkələr vardı, nə informasiya portalları, qəzetlərdə, radio və televiziyada da ancaq rəsmi xəbərlər gedərdi.

 

Ona görə biz ali məktəb məzunları indiki gənclərdən fərqli olaraq rəhbər şəxslər haqqında çox az məlumatlıydıq. Heydər Əliyev haqqında öyrəndiklərimiz isə ölkəyə rəhbərliyinin ilk həftələrindən el arasında onunla bağlı dolaşan söz-söhbətlərdən ibarət idi: təhlükəsizlik orqanlarında çalışıb, təcrübəli çekistdir, əliəyriləri ifşa etməkdən ötrü kimliyini nişan vermədən bəzən şəxsən özü mağazalarda, alqı-satqı yerlərində olur, xalq malını dağıdanlara, rüşvətxorlara, ziyankarlara qarşı mübarizə aparır.

 

Onda ailəmiz Qərbi Azərbaycanda, indiki Ermənistana aid edilən tarixi torpaqlarımızda yaşayırdı. Atam uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışdığından bu respublikanın partiya-dövlət xadimləri ilə müəyyən münasibətləri vardı. Açığını deyim ki, ata yurduna baş çəkərkən, vəzifəli ermənilərin  Azərbaycan rəhbərliyinə qeyri-adi bir şəxsiyyətin gəlməsi, onu ölkəni xeyli irəli aparacağı barədə necə həsədlə, daha doğrusu, paxıllıqla danışdıqlarının da tez-tez şahid olurdum.

 

Biz uşaqlıqdan ölkənin rəhbər şəxsləri qismində, əsasən, qeyri-azərbaycanlı soyadlarını eşitməyə, televiziyada, radioda rəhbərlərin nitqlərini başqa dillərdə dinləməyə öyrəşmişdik. İlk dəfə idi ki, Azərbaycan rəhbərliyində rəsmi çıxışlarını ana dilimizdə edən, milli ruha bağlılığını hər vəchlə büruzə verən lider görürdük. Ona görə də Heydər Əliyev adı və soyadı bizə, hər şeydən əvvəl, hakimiyyət zirvəsindəki milli qüdrət simvolu kimi görünürdü və bu hiss milli ruhun oyanışına təkan verirdi.  

 

Dedilər ki, sabah Heydər Əliyev universitetə gələcək

 

Heydər Əliyevlə ilk ünsiyyətimiz 1975-ci ildə baş verdi və bu, çox gözlənilməz oldu. Onda artıq aspiranturanı bitirmişdim, elmlər namizədi alimlik dərəcəsi almışdım və Azərbaycan Dövlət Universitetində dərs deyirdim. İsti avqust günlərindən biri idi. Universitetdə abituriyentlərdən qəbul imtahanı götürürdük. Qəfil xəbər gəldi ki, sabah Heydər Əliyev universitetə gələcək. Həmin gün riyaziyyatdan imtahan yox idi. Biz, riyaziyyatçılar yazı işlərini yoxlamaqla məşğul idik. Əvvəlcə dəhlizdə mühafizəçilər göründü. Bir azdan Heydər Əliyev otağa daxil oldu, yanında da respublikanın təhsil naziri, universitetin rektoru, rayonun birinci katibi və başqa rəhbər şəxslər. İçəridə də biz - sadə qısaqol köynəkli, qalstuksuz, kostyumsuz gənc riyaziyyat müəllimləri.  Heydər Əliyev bizimlə salamlaşdıqdan sonra soruşdu:

 

- Bura hansı fakültədir? Nədən imtahan götürürsünüz?   

 

İzah etdilər ki, bunlar riyaziyyat müəllimləridir və yazı işlərini yoxlayırlar. O, təhsil sistemində mövcud olan problemlər, ali məktəblərdəki vəziyyət, imtahanlar, aspirantura haqqında bizimlə açıq şəkildə danışmağa başladı. Həmin görüşdən iki epizod heç vaxt yadımdan çıxmır. Söhbətini başa vurandan sonra, o, sualımızın olub-olmaması barədə soruşdu.    

 

Əlbəttə, bu, daha çox protokol xarakterli bir sorğu idi. Belə vəziyyətdə sual vermək müəyyən cəsarət tələb edirdi və heç kəs gözləmirdi ki, kimsə rəhbərə sual ünvanlamaq fikrinə düşər. Amma  qısa söhbətdən sonra Heydər Əliyev auditoriyadakı müəllimlərlə açıq dialoq üçün şərait yaratdı. Yaranmış vəziyyətdən istifadə edən  gənc professor Valeri Salayev müraciət etdi:

 

- Yoldaş Əliyev, mənim sualım var. Sizin adınızdan göstəriş gəlib ki, məzunlar aspiranturaya qəbul olmamışdan əvvəl, mütləq ən azı iki illik iş stajına malik olmalıdırlar. Amma bu halda biz yüksək elmi potensiala malik kadrları itiririk. Oğlanların çoxu iki ilə hərbi xidmətə gedir və təhsildən uzaq düşür. Məsələn, mənim sahəm riyaziyyatdır, riyaziyyatçılarsa gərək öz ixtisasları ilə ardıcıl məşğul olsunlar.

 

Təhsil naziri, rektor, partkom narahatlıqla Valeriyə baxdı. Hamı ölkənin birinci adamının bu qəfil suala necə reaksiya verəcəyini gözləyirdi. Heydər Əliyevin cavabı isə vəziyyəti  xeyli yumşaltdı:

 

- Mənim göstərişim elə olmayıb. Bu tələb, daha çox humanitar və sosial elmlər sahəsinə aiddir. Riyaziyyatçılara gəlincə, siz tamamilə haqlısınız, fundamental elm sahələrində, o cümlədən, fizikada, riyaziyyatda gərək məzunların qarşısında belə tələb qoyulmasın.

 

Yeri gəlmişkən, qeyd edim ki, o məsələ bununla da öz həllini tapdı və fundamental elm sahələrində aspirantura təhsili almaq istəyən gənclərdən sonralar minimum iş stajı tələb olunmadı.

 

Heydər Əliyevin gənc riyaziyyatçı professorun sualına reaksiyası, deyəsən, başqalarını da ürəkləndirdi. Bu dəfə elmlər namizədi Binəli Musayev əlini qaldırdı:

 

- Yoldaş Əliyev, mənim 32 yaşım var. Ailəliyəm, 3 övladım var. Amma hələ də mənzilim yoxdur. Kirayədə yaşayıram. Belə şəraitdə, elmlə məşğul olmaq çox çətindir. Xahiş edirəm, mənzil problemimin həllində kömək göstərəsiniz.

 

Heydər Əliyev gülümsünüb bədahətən Nyuton, Eynşteyn də daxil olmaqla bir çox dahi alimlərin adlarını çəkdi. Onların normal məişət şəraitləri olmadan elmdə əldə etdikləri misilsiz nailiyyətləri yada saldı.     

 

- Siz bilirsinizmi, bu alimlərin əksəriyyəti, öz elmi əsərlərini xüsusi bir şəraitləri olmadan, əsasən, kitabxanalarda yaradıblar?! Hətta döşəmədə əsərlər yazan alimlər də olub. Əlbəttə, mən həmişə çalışıram ki, hər bir vətəndaşımız normal şəraitdə yaşasın. Sizə də imkan daxilində kömək göstəriləcək. Sadəcə burada kiçik bir əmma var, - Heydər Əliyev təbəssümlə Binəli Musayevi süzdü - Mən sizə mənzil verəcəyəm, onda həyat yoldaşınız istəyəcək ki, qonşunun mənzilindəki kimi bahalı çilçırağınız, yaxud mebeliniz olsun...

 

Ulu öndərlə yaxından ilk tanışlığımız, bax belə başlandı.

 

"Təhsil naziri Yelyutinlə özüm danışmışam"

 

1979-cu ildə artıq böyük bir fakültənin dekan müavini idim, əslində, dekan vəzifəsini icra edirdim, universitetə qəbul komissiyasında təmsil olunurdum. Təhsil sistemində aparılan bütün islahatlar gözlərim önündə baş verirdi. Heydər Əliyevin bu sahədəki gözləntilərimizi necə əzm və qətiyyətlə həyata keçirdiyini müşahidə edirdim. Onun sovet Azərbaycanına rəhbərliyi illərində 1000-dən çox yeni məktəb tikilmişdi. Ali təhsilin keyfiyyəti yüksəlmişdi. Müxtəlif ixtisaslar üzrə inkişaf perspektivlərini nəzərə alaraq 10-dan artıq yeni fakültə açılmış, 5 yeni ali məktəb yaradılmışdı.

 

Ən böyük nailiyyət isə keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə xüsusi ixtisaslar üzrə qəbul istiqamətində idi. 1984-1985-ci illərdə Bakı Dövlət Universitetində (o zaman ki, ADU-da) bilavasitə bu sahə üzrə məsul katib vəzifəsində çalışdığımdan həmin nailiyyətlər mənə yaxşı tanış idi. Bir neçə il  ərzində bu yolla on beş minə yaxın azərbaycanlı gənc sovetlər ölkəsinin nüfuzlu universitetlərində nadir ixtisaslar üzrə ali təhsil almışdılar. Bundan əlavə, Ulu öndərin gələcəyə yönəlmiş müdrik siyasəti nəticəsində hər il 400-500  azərbaycanlı gənc keçmiş SSRİ-nin hərbi ali məktəblərində təhsil almağa göndərilirdi.

 

Təhsil naziri vəzifəsinə təyin olunandan sonra  günlərin birində Azərbaycanın keçmiş Ali və Orta İxtisas Təhsili naziri Qurban Əliyevlə görüşdük. O, bu xüsusda maraqlı bir məqamı xatırladı:

 

- Nazirlikdə işləyən vaxt hər il avqustun ikinci yarısında Heydər Əliyev məni Moskvaya - SSRİ-nin o vaxtkı Ali Təhsil naziri Yelyutinin yanına göndərirdi. Deyirdi ki, Yelyutinlə özüm danışmışam, əgər ali məktəblərdə başqa respublikalar üçün nəzərdə tutulmuş yerlərdən boş qalanları varsa, o, həmin yerləri Azərbaycana verəcək. Get, onunla məsələləri müzakirə et.

 

Məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində qısa zaman ərzində ittifaqın nüfuzlu ali məktəblərində bu xətt üzrə təhsil alan tələbələrin böyük hissəsi məhz azərbaycanlılardan ibarət idi. Onu da qeyd edək ki, 1970-ci ildə ölkədən kənarda ali təhsil alanların cəmi 40 faizi azərbaycanlı idisə, Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində 1976-cı ildə bu rəqəm 85 faizə, 1980-ci illərin əvvəlində isə 97,6 faizə  yüksəlmişdi.

 

 Onda Ali və Orta İxtisas Təhsili Nazirliyində bununla bağlı xüsusi şöbə yaradılmışdı. Biz abituriyentlər üçün iki elan verirdik. Birinci elan daxili, ikinci elan isə xarici qəbulla bağlı idi. Xarici qəbulda iştirak edən abituriyentlər üçün müəyyən güzəştlər vardı, onlar qəbul imtahanlarını Azərbaycanda verirdilər. Əsas şərt yüksək rus dili biliyi, ümumi dünyagörüşü səviyyəsi, ailə vəziyyətinin uyğunluğu idi. Hər bir namizəd diqqətlə, yüksək ciddiyyətlə seçilirdi. Vaxtilə qəbul imtahanını Azərbaycan Dövlət Universitetində verib, ittifaq ali məktəblərindən hər hansı birindəsə təhsil almış şəxslərlə indi də tez-tez qarşılaşıram. Bir zamanlar onlara bu cür imkanı yaratmış Ulu öndərin bu qayğısı haqqında böyük minnətdarlıq hissi ilə danışırlar.

 

Onu da xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev azərbaycanlı kursantların SSRİ-nin ən yaxşı hərbi məktəblərində təhsil almasına da xüsusi diqqət yetirirdi. 

 

"İnoqorodnik"lərlə tarixi görüş

 

Təhsil naziri təyin edildiyim gün Ulu öndərlə təhsil sisteminin bütün pillələrini əhatə edən və mənim üçün unudulmaz olan söhbətimiz bir saatdan çox çəkdi. Təhsilin ən ümdə problemlərinə toxunan Söhbət zamanı o, vaxtiylə SSRİ-nin ali məktəblərinə təhsil almağa göndərdiyi gənclərlə maraqlandı. Mənə tapşırdı ki, dərs ilinin əvvəlində onlarla görüşünü təşkil edim. 1998-ci ilin avqustun 31-də indi Heydər Əliyevin adını daşıyan sarayda bu tarixi görüş baş tutdu. Həmin görüşdə Heydər Əliyevin dərin məzmunlu çıxışı indi də yaxşı yadımdadır. Çıxışında həmin illəri xatırlayaraq dedi: - "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barədə düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimizi düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə sizinlə görüşərək və bu problemlərlə daim şəxsən məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm".

 

Heydər Əliyev kafedra müdiri olmuşdumu?

 

Heydər Əliyevin fenomenal yaddaşa malik bir şəxsiyyət olduğu hamımıza məlumdur. 20-30 il əvvəl baş vermiş və çoxunun unutduğu hadisələrin, epizodların iştirakçılarını böyük rəhbər ad-soyadına qədər xatırlayırdı. Bəzən, özünün birbaşa məşğul olmadığı xüsusi sahələr haqqında o qədər mükəmməl bilik və təcrübə nümayiş etdirirdi ki, yaxından tanımayan insanlarda onun fəaliyyət sahəsi haqqında bəzən müsbət mənada yanlış təsəvvür yaranırdı. Buna ötən əsrin 80-ci illərində Moskvada iştirak etdiyim bir tədbirdə şəxsən şahid olmuşam. Ümumi söhbətimiz zamanı mənim azərbaycanlı olduğumu bilən və həmin tədbirdə iştirak edən alimlərdən biri gözlənilmədən sual verdi ki, Heydər Əliyev kafedra müdiri vəzifəsində neçə il işləyib?!    

 

Heydər Əliyevin nəinki kafedra müdiri vəzifəsində, ümumiyyətlə təhsil sistemində heç zaman çalışmadığını deyəndə həmsöhbətim təəccübləndi. Cavab verdi ki, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin kollegiya iclasında Heydər Əliyevin bir çıxışını dinləyib.

 

- Heydər Əliyev ali təhsil sistemində mövcud olan problemləri o qədər yüksək peşəkarlıqla, incəliklə təhlil etdi ki, biz onun uzun illər təhsil sahəsində məsul vəzifələrdə çalışdığını düşündük.

 

Bu cür nümunələrdən çox yada salmaq olar. Heydər Əliyevin böyüklüyü onda idi ki,  istənilən tədbirə, görüşə, səfərə, müzakirəyə, çıxışa yüksək məsuliyyət hissi ilə hazırlaşırdı. Düşünürəm ki, Ulu öndərin hər bir hərəkəti, jesti, həyata və insanlara münasibəti, təhsil müəssisələrinə gedişi, valideynlərlə, müəllimlərlə, xüsusən  şagirdlərlə görüşü bütün nəsillər üçün nümunədir.

 

Bir vaxtlar əleyhinə olanlar da tərəfdarına çevrilirdilər

 

1990-1993-cü illər cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycanın təhsil sistemi üçün də çox çətin dövr idi. Vəziyyətin müxtəsər təsviri üçün təkcə bir faktı qeyd edim ki, cəmi üç il ərzində Xalq Təhsili Nazirliyində (o vaxt Təhsil Nazirliyi belə adlanırdı) bir neçə nazir dəyişmişdi. 1992-ci ilin əvvəlində bu nazirlikdə nazir müavini vəzifəsində çalışırdım. Əbülfəz Elçibəy hakimiyyətə gələndən sonra məni bu vəzifədən kənarlaşdırıb əvəzində iki təklif verdilər. Fəaliyyətimi ya Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru, ya da BDU-nun prorektoru kimi davam etdirə bilərdim. Rektorun təkidi ilə ikinci təklifi seçib "Alma mater"ə - BDU-ya qayıtdım. Ümumiyyətlə, bir məqamı yada salım ki, Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri, əsasən, universitet və Elmlər Akademiyası mühitindən çıxdıqlarına görə, ilk dövrlərdə bu mühitdə onların sosial bazaları güclü idi. Amma tədricən hiss olunurdu ki, bu adamlar bir vaxtlar səmimi-qəlbdən dəstək verdikləri AXC hakimiyyətinin uğursuzluqlarından məyus olub, bacarıqsız rəhbərlərin acizliyini, yüksək vəzifələrə təyin edilən təsadüfi adamların uyğunsuz davranışlarını görüb mövqelərini dəyişirdilər. Bu insanların əksəriyyəti Heydər Əliyevin tərəfdarına çevrilirdi. Nə vaxtsa onun əleyhinə olmalarına baxmayaraq  artıq anlayırdılar ki, ölkənin nicatı yalnız belə güclü bir dövlət adamının hakimiyyət rəhbərliyinə qayıdışındadır.

 

Bir qovluğun tarixçəsi

 

BDU-nun rektoru təyin olunana qədər Heydər Əliyevlə birbaşa görüşüm olmamışdı. Amma AXC hakimiyyəti dövründə həyatımda Heydər Əliyevlə bağlı maraqlı bir hadisə baş verdi ki, sonralar rektor təyinatında da ola bilər, həmin hadisənin müəyyən rolu olmuşdu.

 

1992-ci ilin sonları idi. Bir neçə ay idi, BDU-nun prorektoru vəzifəsində işləyirdim. Adını, təəssüf ki, unutduğum, soyadı isə Qafulova olan, universitetin arxivində işləyən bir əməkdaşımız günlərin birində ehtiyatla mənə yaxınlaşıb, arxivdə Heydər Əliyevlə bağlı bir qovluğun olduğunu və AXC hakimiyyəti təmsilçilərindən kimlərinsə o qovluğu axtardıqlarını dedi. Qadın qovluğu heç kimə verməyib seyfdə gizlətmişdi, amma hiss olunurdu ki, möhkəm qorxur və bu qovluqla bağlı nə edəcəyini bilmir. Dərhal sürücümü Qafulova ilə arxivə göndərib həmin qovluğu gətirməsini tapşırdım. Düzü, özüm də ehtiyat edirdim ki, görəsən, orada hansı sənədlər ola bilər. Amma onu axtaranların da xoş niyyət güdmədikləri bəri başdan məlum idi. Çünki ölkədə Heydər Əliyev tərəfdarlarının sayı getdikcə artırdı. AXC hakimiyyəti Ulu öndərin hakimiyyətə doğru yolunu müxtəlif üsullarla əngəlləməyə çalışırdı. Ola bilsin, qovluqdan Heydər Əliyevə qarşı istifadə edə biləcəkləri hansısa sənədin çıxacağına ümid edirdilər.  

 

Bir neçə dəqiqədən sonra qovluq artıq məndə idi. Axşam işdən gedəndə onu özümlə evə apardım. Burada Heydər Əliyevin Naxçıvan Pedaqoji Məktəbini bitirməsi haqqında attestat, universitetə qəbulla bağlı rektorun adına yazdığı ərizə, bütün yazılı işləri və imtahanlardan aldığı qiymətlər haqqında sənədlər toplanmışdı. Başqa bir maraqlı sənəd isə Heydər Əliyevin apellyasiya imtahanı tələbi idi. O, universitetin tarix fakültəsinə qəbul zamanı bütün fənlərdən "əla" qiymət alır. Yalnız rus dilindən yazdığı inşaya "yaxşı" qiymət verdiklərinə görə etirazını bildirir. O zaman Heydər Əliyev artıq DTK-nın mayoru idi, görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndan isə universitetin rektoru vəzifəsində çalışırdı. Məsələ rektora da çatır. Cəfər Xəndan onu qəbul edir, məsələni aydınlaşdırmaq üçün qəbul komissiyasının məsul katibini yanına çağırır. Rektor öyrənir ki, Heydər Əliyev artıq universitetə qəbul olunub. Yəni qiymətin "əla" və ya "yaxşı" olmasının nəticəyə heç bir təsiri yoxdur. Belə olanda Heydər Əliyevin apellyasiya tələbinə təəccüblənir. Amma Heydər Əliyev xahiş edir ki, verilmiş qiymətin apellyasiya olunmasına şərait yaradılsın. Nəticədə apellyasiya komisiyası həmin imtahandan "yaxşı" qiyməti "əla" ilə əvəz etməli olur.

 

Heydər Əliyev ömrü boyu hər işdə mükəmməlliyə, haqqın-ədalətin bərpa olunmasına ən yüksək səviyyədə can atan və ona nail olan dahi bir şəxsiyyət idi. Qovluqdakı sənədləri vərəqlədikcə buna bir daha əmin olurdum.  Yeri gəlmişkən, Azərbaycanın keçmiş daxili işlər naziri Arif Heydərov da onunla bir qrupda oxumuşdu və yalnız bu iki tələbə bütün dövlət imtahanlarından əla qiymətlər almışdılar.

 

1996-cı ilin oktyabrında BDU-nun rektoru, professor Murtuz Ələsgərov Milli Məclisin spikeri seçildiyindən rektor vəzifəsinin icrası prorektor kimi mənə həvalə edildi.

 

1997-ci ilin 17 fevralında rektor vəzifəsinə təsdiq edilmək üçün məni Prezidentin qəbuluna çağırdılar. Ulu öndər söhbətə birinci o qovluqdan başladı:

 

- Necə olub ki, bu sənədləri qoruyub saxlaya bilmisən. Mən onları neçə illər axtarmışam. Xüsusən, Naxçıvanda aldığım attestatın bu  qovluqda olması məni çox sevindirdi.

 

Həmin qovluqdakı sənədlər əsasında sonralar biz professor Əli Əhmədovla  "Heydər Əliyev və Bakı Dövlət Universiteti" kitabını nəşr etdirdik. 

 

Bir sual, iki cavab

 

Rektor vəzifəsində qısa müddət çalışsam da, bu müddətdə Ulu öndərlə mütəmadi əlaqələrimiz vardı. Bir neçə dəfə qəbulunda olmuşdum, Heydər Əliyev bir il ərzində dörd dəfə universitetə gəlmişdi. 1997-1998-ci illərdə Azərbaycanda rəsmi səfərdə olan bir neçə ölkənin prezidentinə BDU-nun fəxri doktoru  diplomunun və fəxri adının verilməsi mərasimində şəxsən iştirak etmişdi.

 

Bir dəfə universitetdə olarkən, "Heydər Əliyev məktəbi"-nin  divarından asılmış portretlərə baxıb soruşdu ki, bu insanlar kimlərdir? Biləndə ki, onlar universitetin keçmiş rektorlarının portretidir, növbəti sualını verdi:

 

- Deyə bilərsənmi, BDU-nun ən yaxşı rektoru kim olub?

 

Düzü, bir az çətinə düşdüm. Amma anidən qərara gəldim ki, Faiq Bağırzadənin adını çəkim. Faiq müəllim 17 il universitetin rektoru olmuşdu. Tam məsuliyyətimlə deyirəm ki, o, uzun illər universitetə bacarıqla rəhbərlik etmişdi. Bununla belə, hiss etdim ki, cavabım Heydər Əliyevin o qədər də xoşuna gəlmədi.

 

Növbəti dəfə BDU-da görüşəndə artıq nazir idim. Yeni Azərbaycan Partiyası  idarə heyətinin üzvü, Milli Məclisin deputatı, professor Səfiyar Musayev vəfat etmişdi. Onunla vida mərasimi universitetin akt zalında təşkil olunmuşdu. Dəfn mərasiminə Prezident də gəlmişdi. Onu universitetdə mən qarşıladım. Yenidən həmin portretlərin qarşısından keçəndə  Heydər Əliyev köhnə sualını bir də təkrarladı:

 

- Universitetin ən yaxşı rektoru kim olub, dedin?

 

Bu dəfə "Yusif Məmmədəliyev", - dedim.

 

Heydər Əliyev gülümsündü: "Bax, bu, düzdür".

 

Deməli, artıq bəraət qazanmışdım.

 

Tabaşiri cibimizdə gəzdirirdik

 

Qəbulunda olarkən, eləcə də BDU-ya gələrkən Prezidenti universitetlə bağlı hər şey maraqlandırırdı: universitetdəki vəziyyət, pedaqoqların əhval-ruhiyyəsi, şəxsən tanıdığı ayrı-ayrı alimlərin nə işlə məşğul olması. Əsas tapşırığı isə o idi ki, kadrların xaricə axınının qarşısını mümkün qədər alaq. O zaman çox çətin dövr idi. Ciddi sıxıntılarımız vardı. Universitet auditoriyaları təmirsizlikdən pis vəziyyətə düşmüşdü. Adi lövhə, parta çatışmırdı. Rektora az qala yalvarırdım ki, axşam şöbələrinin tələbələrinin auditoriyalarda məşğul ola bilməsi üçün elektrik lampaları aldırsın. Hələ bu nədir ki? Biz müəllimlər təbaşiri cibimizdə gəzdirirdik, çünki o da defisit idi. Müəllimlər kütləvi surətdə iş arxasınca xaricə üz tuturdular.

 

O çətin vaxtlarda biz universitetdə "Heydər Əliyev Muzeyi" və "Heydər Əliyev Məktəbi" yaratdıq, orada Ulu öndərin tarixi irsinin tədrisi üzrə açıq dərslər keçirilirdi. Sonralar Təhlükəsizlik Şurasının üzvlərindən biri mənə dedi ki, iclasların birində kimsə Prezidentə barəmdə mənfi informasiya çatdırıb onda  mənim haqqımda rəy yaratmaq istəyib. Prezident onu dinləyəndən sonra iclas iştirakçılarına hələ 1996-cı ildə Bakı Dövlət Universitetində ölkədə ilk "Heydər Əliyev Muzeyi"-i və "Heydər Əliyev Məktəbi"-ndə təşkil olunan dərsləri xatırladıb. Bütün bunları məhz Misir Mərdanovun təşkil etdiyini onların diqqətinə çatdırıb.

 

Bununla da söhbət tamamlanıb.

 

(Ardı var)

525-ci qəzet.-2017.-13 dekabr.-S.4.