Heydər Əliyevin həyat dərsləri
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
(Əvvəli ötən
sayımızda)
Heydər
Əliyev olmasaydı, bəzi dövlət ali
məktəbləri bağlanacaqdı
Bəzən məndən soruşurlar ki, Heydər
Əliyevlə işləmək çətin idimi?
Bəli, Ulu öndər çox tələbkar, verdiyi hər
bir tapşırığın icrasında maksimum mükəmməllik
tələb edən bir rəhbər idi. Heç nə
onun yadından çıxmırdı, ən xırda detal belə
nəzərindən yayınmırdı. Amma
Heydər Əliyevin etimadına layiq olmaq, onun qarşıya
qoyduğu vəzifələri yerinə yetirmək, həm də
böyük şərəf və məsuliyyət idi.
Nazir vəzifəsinə təyin edərkən o, mənə
bir çox tapşırıqlar vermişdi. Bunlar, əsasən, ali təhsil sistemindəki qeyri-qənaətbəxş
vəziyyətlə bağlı idi. Heydər Əliyev özəl
ali məktəblərə lisenziya verən
komissiyanı - Nazirlər Kabineti yanında Dövlət Ali
Ekspert Komissiyasını ləğv etdi. Tezliklə,
Azərbaycan Respublikasında Təhsil İslahatları üzrə
komissiya yaradıldı və bu komissiyanın sədri təyin
olundum. Komissiya bir il ərzində Azərbaycanda
məktəbəqədər tərbiyədən ali təhsilə
qədər bütün istiqamətlər üzrə
islahatlar proqramı hazırladı. Heydər
Əliyev iki dəfə Prezident Administrasiyasında bu proqram
üzrə müzakirə keçirdi. Dünya
Bankını da prosesə cəlb etdi. Proqram
1999-cu ilin 15 iyununda Milli Qurtuluş Günü təsdiqləndi.
İndi fikirləşirəm ki, bu simvolik məqamın
özü də Heydər Əliyevin təhsilə
qayğısının təzahürü idi.
1993-cü ildən başlayaraq büdcədən təhsil
üçün nəzərdə tutulan vəsaitin həcmi
ildən-ilə artırılırdı. Əgər
1995-ci ildə təhsilin ehtiyaclarına ümumi büdcənin
17 faizi ayrılmışdısa, 2001-ci ildə bu rəqəm
artıq 23 faiz idi. Ərazisinin 20 faizi
işğal altında olan, 1 milyondan çox əhalisi məcburi
köçkün vəziyyətində yaşayan ölkə
üçün bu, çox yüksək göstərici
sayıla bilərdi. Heydər Əliyevin hakimiyyəti
dövründə dövlət ali məktəblərində
pulsuz təhsillə yanaşı, ödənişli təhsilin
də tətbiqi bu təhsil müəssisələrinin maddi
problemlərinin həllinə böyük kömək göstərdi.
Bu, dövlət ali məktəblərinin
qismən maliyyə müstəqilliyi qazanmasına, gəlir əldə
etməsinə və həmin gəlirlər hesabına pedaqoji
heyətin əmək haqlarının artırılmasına,
bir sıra maddi-texniki problemlərin həllinə böyük
kömək oldu. 1994-cü ildən ali məktəblərə
ödənişli təhsildən vəsait daxil olmağa
başladı. Yalnız bundan sonra müəllimlərin
xaricə axını dayandı, müəllimlərin əmək
haqlarına əlavələr edildi. Universitetlərin
maddi-texniki bazası tədricən möhkəmləndirildi.
Belə bir addım azad bazar iqtisadiyyatı
prinsiplərini aydın dərk edən, qabaqcıl ölkələrin
təhsil sistemindəki müasir inkişaf meyllərini
yüksək fəhmi ilə dərindən duya bilən Heydər
Əliyevin ölkənin təhsil həyatına
qazandırdığı böyük nailiyyət idi. Tam məsuliyyətimlə bildirirəm ki, əgər
Ulu öndərin bu qərarı olmasaydı, bir çox
dövlət universitetləri fəaliyyətlərini sadəcə
dayandırmaq məcburiyyətində qalacaqdı.
Müstəqil
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul
olunmuş ilk Konstitusiyasına on bir illik icbari təhsil
haqqında müddəa daxil edildi. Böyük
rəhbərin müəllifliyi ilə hazırlanmış
Konstitusiya layihəsinə belə bir müddəanın
salınması Heydər Əliyevin həyata keçirdiyi təhsil
siyasətinin daha bir uğuru idi.
Uşaqlar
himnimizi oxuyanda Ulu öndərin gözləri doldu
Ulu öndər Azərbaycan dili və tarixinin yüksək
səviyyədə tədrisinə hər zaman ciddi önəm
verirdi. Ana dilimizdə dərsliklərin yüksək səviyyədə
hazırlanması, bu işə aparıcı alimlərin,
peşəkar mütəxəssislərin cəlb olunması
onun ən sərt tələblərindən idi. Heydər
Əliyev hər il sentyabrın 1-də məktəblərə
baş çəkir, uşaqlara sevgi göstərir, onlarla
söhbət edir və bu, balacaları çox fərəhləndirirdi.
Məncə, Ulu öndərin məktəblərdə
keçirdiyi görüşləri, şagird və müəllimlərlə
ünsiyyətini əks etdirən kadrlar əsasında layiqli
bir film hazırlamaq lazımdır. Belə
kadrlardan biri hafizəmdə xüsusi iz buraxıb. Bu epizodu indi internet resurslarında da izləmək
mümkündür. 1999-cu ildə Heydər
Əliyev Xətai rayonu ərazisində salınmış SOS
Uşaq Kəndinin açılışında iştirak
edirdi. Azərbaycanda belə bir mərkəzin
yaradılması yeni hadisə idi. Prezident
xarici qonaqlarla mərkəzin otaqlarından birinə daxil oldu.
Həmişəki kimi balacalarla söhbət etməyə
başladı. Axırda uşaqlardan
soruşdu ki, Azərbaycanın himnini oxuya bilərsinizmi?
Onlar səs-səsə verərək himni
çox gözəl oxudular. Prezidentin hətta gözləri
doldu və bizə -
kənarda dayanıb
bu mənzərəni seyr edən bir neçə nazirə
müraciət etdi:
-
Baxın, siz himni belə oxuya bilərdiniz? Bu
uşaqlar Azərbaycanın xoşbəxt gələcəyidirlər.
2000-ci ildə Ulu öndər Nərimanov rayonundakı 82
nömrəli məktəbə gəlmişdi. O vaxt ölkədə dərsliklərin
yüksək poliqrafik səviyyədə nəşrinə elə
də böyük imkan yox idi. Əslində, məktəblərin
özü də yaxşı vəziyyətdə deyildi.
Heydər Əliyev birinci mərtəbədəki sinif
otaqlarından birinə daxil oldu. Burada
gördüyü şərait, xüsusilə siniflərdə
kompüterlərin olması çox xoşuna gəldi. Sonra ikinci mərtəbəyə qalxdı. Dəhlizdə masaların üstünə dərsliklər
düzülmüşdü. Heydər Əliyev dərsliyi
vərəqlədikcə nədənsə narazı
olduğunu hiss etdim. O, orta məktəblər
üçün dərsliklərin nəşrindən,
onların məzmunundan, poliqrafik keyfiyyətindən və tərtibatından
ciddi narazılığını bildirdi. Bir
gün əvvəl mənə aparatdan zəng vurub demişdilər
ki, Heydər Əliyevin məktəbə gəlişi efirdə
canlı yayımlanacaq. İndiyədək
belə təcrübə olmamışdı. İndi bütün bunlar efirdə birbaşa göstərilirdi.
Prezidentin dərsliklərlə bağlı sərt
iradını televiziya ilə atam da izləmişdi. Axşam bizə gəldi. Adətən
biz onu ziyarət etdiyimizdən atam özü evimizə tək-tək
hallarda gələrdi. Həyəcanlı
idi. Dedi, nə baş verib, sən neyləmisən? Belə danlaqlar eşitməkdənsə,
yaxşısı budur, çıx vəzifədən.
Cavab verdim ki, ata, mən anadan nə rektor, nə də nazir
doğulmuşam. Məni bu mərtəbəyə
cənab Prezident yüksəldib. Əgər
lazım bilsə o, özü mənim vəzifədən azad
edilməyim haqqında qərar verəcək. Hələlik isə işləyib, Heydər
Əliyevi narazı salan nöqsanları aradan qaldırmağa
çalışacağam.
Və işlədim. Həmin hadisədən
dərhal sonra nazirlikdə müşavirə keçirdim.
Dərsliklər və nəşriyyat
şöbəsinin müdiri işdən
çıxarıldı, yerinə başqa mütəxəssis
təyin olundu. Qarşıda duran vəzifələr
üzrə plan tərtib edildi. Ertəsi gün isə Prezident
Heydər Əliyev orta məktəb dərsliklərinin nəşri
üçün vəsait ayrılması barədə sərəncam
verdi. Yaxşı yadımdadır, bu hadisədən
sonra orta məktəb
şagirdləri üçün Azərbaycan tarixi, Azərbaycan
dili və digər dərsliklərin nəşri ilə
bağlı ciddi uğurlar qazandıq. Bir
çox digər dərsliklər də köklü şəkildə
dəyişdirildi.
Süfrə
arxasına yenicə keçmişdim ki, zəng edib,
Prezidentin
müşavirəyə çağırdığını
dedilər
Heydər
Əliyev o qədər böyük şəxsiyyət,
yüksək mənəvi enerjiyə malik bir insan idi ki, adamı
danlayanda da hiss edirdin ki, sənə pis münasibət bəsləmir,
daha yaxşı iş gözlədiyi bir adama iradını
bildirir.
Növbəti dərs ilinin əvvəlində Heydər
Əliyev 2 məktəbə baş çəkdi. Hazırda Ulu
öndərin adını daşıyan xüsusi məktəbdə
özəl və ixtisaslaşdırılmış təhsil
haqqında bir çox dəyərli fikirlərini bildirdi.
Sonra 6 nömrəli məktəbə getdik.
Orada da hər şey qaydasında keçdi.
2002-ci ildə Heydər Əliyev məktəblərə
sonuncu dəfə baş çəkirdi. Yeni dərs
ilinin ilk günündə Prezident Suraxanıdakı 275
nömrəli məktəbə baş çəkdi.
Biz birlikdə məktəbin sinif otaqlarından birinə
daxil olduq. Ulu öndər tarix dərsliyini götürüb vərəqləməyə
başladı. Bu, 2001-ci ilə qədərki
dövrə aid tarixi materialların əks olunduğu yeni dərslik
idi. Prezident 2000-ci ildə
keçirilmiş Sidney Yay Olimpiya Oyunlarından şəkilləri
dərslikdə görməsindən çox məmnun oldu.
Ulu öndər məktəbin həyətində
toplaşanlar qarşısında maraqlı bir
çıxış etdi.
Həmin tədbirdən evə nahara gəldim. Süfrə
arxasına yenicə keçmişdim ki, zəng edib, cənab
Prezidentin müşavirəyə
çağırdığını dedilər. Müşavirədə Prezident əvvəlcə Azərbaycandakı
məktəblərin sayını və onların neçəsinin
pis vəziyyətdə olduğunu soruşdu. Məndə olan təxmini rəqəmləri
söylədim. Onda Prezident dedi:
- Mən
o məktəbləri görmüşəm. Onların
vəziyyəti dəhşətlidir. İndiyədək
bizim bu problemlə məşğul olmağa imkanımız
çatmayıb. İndi isə Nazirlər
Kabinetinə tapşırıram ki, məktəblərin təmiri
ilə məşğul olsun.
Heydər Əliyev yeni məktəblərin tikintisi,
mövcud məktəblərin isə əsaslı təmiri və
müasir avadanlıqla təminatı proqramının
hazırlanaraq ona təqdim edilməsini tapşırdı. O günlərdə, demək
olar ki, gecələr də yatmırdıq. İlk
növbədə hansı məktəblərin təmirə ehtiyacının
olduğunu, harada yeni məktəblərin inşasına, 2-3
növbədə dərs keçilən hansı məktəblərdə
yeni korpusların tikintisinə ehtiyac olduğunu müəyyənləşdirirdik.
Proqramı 2003-cü ilin əvvəlində təhvil verdik və Prezident
bu sənədi təsdiqlədi. O vaxtdan məktəblərin
yenidən qurulması və modernləşdirilməsi istiqamətində
böyük bir iş başlandı. Bu iş indi də davam
edir.
Azərbaycanın
ilk xalq müəllimi
1998-ci ilin 25 sentyabrında müstəqil Azərbaycan
müəllimlərinin birinci qurultayı keçirildi. Qurultaya hazırlıqla
bağlı bütün məsələlərə rəhbərlik
edir və onları Prezident Administrasiyasının müvafiq
şöbəsi ilə razılaşdırırdım.
Qurultay indiki Heydər Əliyev sarayında təşkil
olunmuşdu. Səhər saat 10-da Ulu
öndəri sarayın girişində qarşıladıq,
müşayiətimizlə zala daxil oldu.
Onu da xüsusi qeyd edim ki, qurultayda Heydər Əliyevə
Azərbaycanın xalq müəllimi adının verilməsi
üçün ölkə müəllimlərindən təkliflər
daxil olmuşdu. Biz qərara gəlmişdik ki, qurultayda
müəllimlərin bu arzusunu yerinə yetirək.
Amma bu həm
də riskli iş idi. Çünki o ərəfələrdə
ona fəxri akademik adı vermək istəmişdilər.
Heydər Əliyev isə etiraz etmişdi ki,
axı, mən elm xadimi deyiləm. Amma hər
halda diplomu hazırlamışdım. Qurultaydakı
çıxışıma da ciddi
hazırlaşmışdım. Nazirliyin
aparatından, eləcə də tabeliyində olan digər təşkilatlardan
mütəxəssislər qrupu toplamış, bir neçə
ay məruzənin məzmunu üzərində işləmişdik.
Qurultay başlandı, Heydər Əliyev ağsaqqal
müəllimlər, ölkəmizin hörmətli
ziyalıları sırasında əyləşdi. Qurultaydakı
çıxışım bir saata yaxın çəkdi,
aparıcı fasilə elan edəndə Heydər Əliyevə
yaxınlaşıb həyəcanla onun reaksiyasını
gözlədim. Prezident əlimi
sıxdı:
-
Çox sağ ol, məruzən xoşuma
gəldi, indi planınızda nə var?
Bildirdim ki, foyedə sərgi açılıb, baxmaq istərdinizmi?
- Əlbəttə. Mütləq.
Sərgiyə tərəf getdik. Foyedə izdiham
toplaşmışdı. Mühafizəçilər
sədd yaratmışdılar ki, kütlə Prezidentin
eksponatlara baxmasına mane olmasın. Heydər Əliyev
bunu görüb şəxsi mühafizə dəstəsinin rəisini
yanına çağırıb etiraz etdi:
- Sən
niyə müəllimlərlə aramda sədd yaradırsan? Adamlarını oradan yığışdır.
Məni müəllimlərdən qorumaq
lazım deyil.
Pedaqoqlar bir anda Heydər Əliyevi əhatəyə
aldılar. Onlarla ünsiyyət Heydər Əliyevə çox
xoş idi. Hamılıqla sərgiyə
baxıb yenidən zala qayıtdıq.
Azərbaycanda təhsil şurasının
yaradılması haqqında məsələ
qaldırmağı da planlaşdırmışdıq. Bu şuraya təhsillə,
tədris müəssisələri ilə bu və ya digər
dərəcədə əlaqəsi olan bütün nazirləri
daxil etmişdik. Təxminən yüz nəfərə
yaxın bir qrup alınmışdı. Siyahıdakı
adları oxuyanda Heydər Əliyev əsəbiliklə
ayağa qalxdı:
- Bu nə
siyahıdır belə, siz təzə h
ökumət yaradırsınız, nədir? Bu, ictimai
təşkilat olmalıdır. Onun üzvlüyünə
bir nəfər belə vəzifə sahibi daxil olmamalıdır. Təklif edirəm ki, siyahıya təzədən
baxasınız.
Onun bu replikasını hamı alqışladı. Sonra Ulu
öndər qurultay nümayəndələri
qarşısında həqiqətən də tarixi, proqram
xarakterli nitq söylədi. Bundan sonra iclasa
sədrlik edən Sona Tağıyeva Heydər Əliyevin
"Azərbaycanın xalq müəllimi" fəxri adı
ilə təltif edilməsi barədə qurultayın qərarını
oxudu. Gözlədiyimizin əksinə
olaraq, Heydər Əliyev bu mükafatı böyük məmnuniyyətlə
qəbul etdi. Biz əvvəlcədən hazırladığımız
diplomu ona təqdim etdik. Onu da qeyd edim ki, o vaxt
Ulu öndər Azərbaycanın xalq müəllimi
adını daşıyan ilk və yeganə insan oldu.
Fikrimcə, bu, ümummilli liderin şərəfli müəllim
adına, ümumən təhsil
işçilərinə böyük hörmət və
ehtiramının təcəssümü idi.
Müəllimlərin
onun üçün öz yeri vardı
Bu xüsusda maraqlı bir faktı da diqqətə
çatdırım. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə
ölkədə radikal islahatlara nail olmaq məqsədilə
bir çox vəzifə sahiblərini işdən
çıxarmışdı. Bircə təhsil
naziri Mehdi Mehdizadəyə toxunmamışdı. Mehdizadə 20 ildən çox nazir olandan sonra
yalnız 1980-ci ildə öz ərizəsinə əsasən
işdən getmişdi.
Ulu öndərin təhsilə və müəllimlərə
münasibətini əks etdirən daha bir neçə hadisəni
xatırlamaq istərdim. 1994-cü ildə universitetdə hələ
prorektor vəzifəsində çalışırdım.
Həmin il universitetin 75 illik yubileyi tamam olurdu. Çətin vaxtlar idi. Ölkədə
böhran hələ tam aradan qalxmamışdı, maliyyə
problemləri də vardı. Buna baxmayaraq,
cənab Prezident universitetin 75 illiyinin qeyd edilməsi barədə
sərəncam imzaladı. Komissiyanın sədri
şəxsən özü, komissiya sədrinin müavinləri
Murtuz Ələsgərov və Elçin Əfəndiyev idi.
Təntənəli yubiley mərasimi Respublika
Sarayında keçirildi. Qeyd edim ki,
universitetin 50 və 60 illik yubileyləri də Ulu öndərin
rəhbərliyi ilə keçirilmişdi. Bu, çox böyük qiymətə layiq bir
hörmət nümunəsi idi. Həddindən çox
məşğul olsa da, o, belə tədbirlərə, ali təhsil müəssisələrinə, məktəblərə
getməyə vaxt tapırdı.
Müəllimlərin növbəti qurultayı
2003-cü ildə baş tutdu və qurultaya Heydər
Əliyevin adından təbrik məktubu ünvanlandı.
Heydər Əliyevin şəxsiyyətinin
böyüklüyünü, onun müəllimlərə,
ziyalılara münasibətini təcəssüm etdirən
daha bir hadisəni yada salmaq istərdim. 1997-ci ilin
yazı idi. Universitet qəzetinin redaktoruna göstəriş
vermişdim ki, bir il əvvəl
dünyasını dəyişmiş Sabir Xəlilovun anım
günü münasibətilə qəzetə məqalə
hazırlasın. Sabir Xəlilov aspirantura
şöbəsinin rəhbəri idi. Vaxtilə
Heydər Əliyevi dəstəkləyən məşhur
"91-lər"dən olmuşdu. Məqalə qəzetdə
dərc olunan gün Heydər Əliyev mənə zəng
vurdu, ciddi tonda soruşdu:
- Sabir Xəlilovun vəfatını niyə mənə
xəbər eləməmisən? Bu cür insanları
sağlığında qiymətləndirmək, həyatdan
köçəndə isə böyük ehtiramla yola salmaq
lazımdır.
Bildirdim ki, o, rəhmətə gedəndə mən
rektor deyildim.
Bu zaman Prezident dedi:
- Bu xəbəri
bu gün universitet qəzetindən oxumuşam. Gec
də olsa, Sabir müəllimin ailəsinə mənim
başsağlığımı çatdır. Onun qəbri üstünə gedin və ailəsinə
lazım olan köməyi göstərin.
Bu söhbətdən çox təsirləndim. Elə həmin
gün Prezidentin sözlərini mərhumun ailəsinə, eləcə
də universitetin Elmi Şura üzvlərinə
çatdırdım. Yalnız prezidentin
tapşırığını yerinə yetirdikdən sonra
rahatlıq tapdım.
1996-cı
ildə universitetin qocaman müəllimi, professor
Tofiq Bəktaşi dünyasını dəyişdi. Tofiq müəllim bir müddət Naxçıvanda
işləmişdi. Sonra uzun müddət
Azərbaycan Dövlət Universitetinin Nəzəri-mexanika
kafedrasında çalışmışdı. 1965-ci ildə mən tələbə olanda bizə nəzəri
mexanika fənnini tədris etmişdi.
Heydər
Əliyev Tofiq Bəktaşinin vəfatı barədə
eşidən kimi o zaman BDU-nun rektoru Murtuz Ələsgərova
zəng vurmuş və mərhumun dəfnini xüsusi ehtiramla
təşkil etməyi tapşırmışdı:
- Tofiq Bəktaşi vaxtilə Naxçıvanda müəllimim
olub. Onu son mənzilə ehtiramla yola salmaq lazımdır.
Ulu öndərin müəllimlərə həssas
münasibətinin bir örnəyi də Naxçıvan
Muxtar Respublikasının yubileyi münasibətilə bir
saatlıq çıxışının əsas hissəsinin
məhz təhsilə, məktəbə və müəllimlərə
həsr olunması idi. Heydər Əliyev vaxtilə ona dərs
demiş bütün müəllimlərin adlarını
çıxışında böyük ehtiramla yada saldı.
Elə heyran qalmışdım ki, mən də
öz müəllimlərimin adlarını xatırlamağa
başladım və bu adları heç vaxt unutmadım.
Yeni dərsliklər
hər zaman Ulu öndərin diqqətində idi
Müxtəlif problemlərin həlli üçün
Ulu öndərdən kömək istədiyimiz, bu
böyük şəxsiyyətin bizi müxtəlif təzyiqlərdən
qoruduğu vaxtlar çox olurdu. O, bilirdi ki, təhsil kimi əhatəli
və mürəkkəb sahədə fərdi maraqlar önə
keçə və kimlərsə belə maraqlarla ümumi
işə əngəl törətməyə
çalışa bilərlər. Ölkədə keyfiyyətsiz
təhsil mühiti yaradan bəzi özəl ali
məktəblərin bağlanması zamanı bu cür
olmazın təzyiqlərlə üzləşdik. Heydər Əliyevin siyasi iradəsi ortada
olmasaydı, bəlkə də duruş gətirə bilməzdik.
Amma o, doğru bildiyi yolda bizə dəstəyini
əsirgəmədi. Ölkənin təhsil sisteminə,
cəmiyyətin gələcəyinə ziyan vuran bir sıra
özəl ali məktəblərin
lisenziyası ləğv olundu.
Ən böyük nailiyyətlərimizdən biri də
dərsliklərin şagirdlərə pulsuz verilməsi ilə
bağlı idi. Hələ sovet Azərbaycanına rəhbərlik
etdiyi vaxtlarda Heydər Əliyev sərəncam
imzalamışdı ki, birinci sinifdən onuncu sinfə qədər
bütün şagirdlərə dərsliklər pulsuz verilsin.
AXC hakimiyyətə gələndən sonra bu
qayda ləğv edildi. Amma ölkə rəhbərliyinə
yenidən qayıdışından sonra Heydər Əliyev
çətinliklə də olsa imkan taparaq bu məsələnin
həll etdi. Dərsliklər şagirdlərə
Azərbaycan dövlətinin hədiyyəsi kimi yenidən
pulsuz verildi.
Dərsliklərdən söhbət açmışkən,
bir maraqlı məqamı da yada salım. Nəşriyyat
biznesi ilə azdan-çoxdan tanışlığı olan hər
kəs bilir ki, kütləvi kitab nəşri işi pul
qazanmaq üçün yaxşı vasitədir. Ona görə də bu işdə maraqlı olan bir
çox qruplar dərslik nəşrinə başlamaq istəyirdilər.
Bu, alınmayanda isə, orda-burda əleyhimə
kampaniya aparıb, müxtəlif üsullarla təzyiq göstərmək
istəyirdilər. Onda ən böyük
müdafiəçimiz yenə də Heydər Əliyev oldu.
Böyük rəhbər heç bir
qruplaşmaya, bu işə nüfuz etməyə, sahəyə
nəzarəti ələ almağa imkan vermədi. Yeganə
tapşırığı o idi ki, dərsliklərin nəşrini
ən keyfiyyətli və operativ şəkildə kim yerinə yetirə bilərsə, bu iş
ona həvalə olunmalıdır.
Yenə dərsliklərlə
bağlı maraqlı bir epizod 2000-ci ilin əvvəllərində
Hollandiyada baş verdi. Dünya
Bankının xətti ilə bu ölkəyə səfərə
getmişdik. Məqsəd Hollandiyanın və
Böyük Britaniyanın təcrübəsini öyrənmək
idi. Getdiyimiz hər ölkədə Azərbaycan
diasporunun üzvləri ilə də görüşlər
keçirməyə can atırdıq. Onda
Hollandiyada səfirliyimiz yox idi. Almaniyadakı
səfirimizdən xahiş etdim ki, Türkiyə səfirliyinin
imkanlarından istifadə edərək Hollandiyadakı
soydaşlarımızla belə bir görüşün
alınmasına yardımçı olsun. Türkiyə
səfirliyinin ofisində bizə təxminən 20 nəfərlik
yer ayırdılar. Səfirlik Haaqada yerləşirdi,
oraya getdik. Xeyli adam
toplaşmışdı. Burada Heydər
Əliyev hakimiyyətinə qarşı müxalif mövqedə
olan mühacirlər də vardı. Görüş
zamanı bir qadın ayağa qalxıb dedi ki, siz Azərbaycan
tarixini Əliyevlərin tarixinə çevirmisiniz. Özümlə bu görüşə on birinci
sinif üçün buraxılmış "Azərbaycan
tarixi" dərsliyini aparmışdım. Həmin qadını çağırıb
kitabı ona göstərdim. Dedim,
baxın, bu, Məhəmməd Əmin Rəsulzadə, bu, Fətəli
xan Xoyski, bu, Əlimərdan bəy Topçubaşov. Bu şəxsiyyətlərin hər birinin tariximizdə
öz yeri var, o cümlədən, ümummilli lider Heydər
Əliyevin. Qadın dərslikdəki
obyektiv yanaşmaya təəccüblənmişdi. Onun nəzərinə çatdırdım ki, tarixin
obyektiv yazılması bizə Heydər Əliyevin
özünün birbaşa tapşırığıdır.
Televiziyada
bildirmişdilər ki, təhsil naziri Allahsızdır
Bir vaxtlar məktəb kursuna islamın əsaslarının
gətirilməsi barədə cəmiyyətdə müzakirələr
gedirdi. Dünyəvi və çoxmillətli bir dövlətin
təhsil naziri olaraq, təbii ki, bunun əleyhinə idim.
Müxtəlif çıxışlarımda bu
barədə mövqeyimi gizlətmirdim. Fikrimi
ən çox belə əsaslandırırdım ki, onsuz da,
məktəb proqramlarında ayrı-ayrı humanitar fənlərin
tərkibində dinlərin, o cümlədən, islamın
öyrənilməsinə 150 saatdan çox vaxt
ayrılır. Belə olan halda məktəb
proqramına islamla bağlı əlahiddə bir fənnin
daxil edilməsinə ehtiyac yoxdur. Ona görə də
müxtəlif dairələrdən mənə qarşı
güclü təzyiqlər başlamışdı. Hətta bir dəfə televiziya ilə veriliş təşkil
edib, orada təhsil nazirinin Allahsız olduğunu
çatdırmışdılar. Məni məhkəmə
ilə hədələyənlər də vardı. Bir sözlə, fəal surətdə ictimai rəy
yaradılır, məsələ
qızışdırılırdı. Tərslikdən
Heydər Əliyevin də qəbuluna düşə bilmirdim.
Hiss edirdim ki, yolumu bağlayanlar var.
Vəziyyətdən çıxmağa bir təsadüf
kömək oldu. Onda Bakıda Çin səfirliyi
açılırdı. Açılış
mərasiminə Ulu öndərin də gəlməsi nəzərdə
tutulmuşdu. Amma onun əvəzinə
Milli Məclisin sədri Murtuz Ələsgərov gəldi.
Mərasimdə, İlham Əliyev və Mehriban
xanım Əliyeva ilə yanaşı dayanmışdıq.
Yaranmış ünsiyyət imkanından istifadə
edərək məsələni onların diqqətinə
çatdırdım. Müəyyən
şübhələrimi söylədim. Dedim ki, İlham
müəllim, çətin problem qarşısında
qalmışam. Müəyyən adamlar məni
məcbur edirlər ki, məktəb proqramlarına islamın
öyrənilməsini ayrıca fənn kimi salım. Bu isə dövlətimizin dünyəviliyi prinsiplərinə
ziddir. İlham Əliyev onların kimliyini
soruşdu. Mən konkret adlar çəkərək
bildirdim ki, bu adamlar hətta kitab da yazıblar. İlham Əliyev güldü. Dedi, narahat
olmayın, Misir müəllim, hər şey yaxşı
olacaq.
Bu
söhbətin nəticəsini elə ertəsi gündən
hiss etməyə başladım. Doğrudur, mənə
heç kim heç nə demədi. Amma
hiss etdim ki, daha bu mövzunu gündəmə gətirib
qızışdıran yoxdur. Deməli, Prezident
özü də bu məsələnin əleyhinə imiş.
"Küçələrə
su səpmişəm"
Hərdən onu da soruşurlar ki, heç Heydər
Əliyevi qalstuksuz görmüsənmi?! O, qeyri-rəsmi məclislərdə
necə idi? Bununla bağlı bir hadisəni
xatırlayım. Heydər Əliyevin
yaxın dostu, məşhur həkim, Türkiyənin
tanınmış ictimai xadimi İhsan Doğramaci Prezidentin dəvəti
ilə Azərbaycana gəlmişdi ki, öz yubileyini burada
onunla birgə keçirsin. Heydər
Əliyev səfərin və yubileyin təşkilati işlərini
mənə tapşırmışdı.
Yubiley günü zəng vurub Heydər Əliyevin mənimlə
danışmaq istədiyini dedilər. Bir azdan dəstəkdə Ulu öndərin
səsini eşitdim:
- Hə,
hazırlıq işləri necə gedir?! Mənə
çatdırıblar ki, hər şey qaydasındadır.
Cavab verdim ki, tapşırılan bütün işlər
yerinə yetirilib. Hədiyyələr, mehmanxanada yer,
hamısı hazırdır. Bir azdan hava
limanına gedib qonağı qarşılayacağıq.
- Bəs kim çıxış edəcək? - deyə
xəbər aldı.
Çıxış
edəcək adamların adlarını bir-bir sadaladım.
Heydər Əliyev gözlənilmədən soruşdu:
-
Bunları bildim, bəs sən nə edəcəksən?!
Mənə ancaq hazırlıq işlərinin
tapşırıldığını və bu işləri
yerinə yetirdiyimi söylədim. Ulu öndərin təklifi sanki ürəyimdən xəbər
verdi:
- İclası apara bilərsənmi?
Beləliklə, iclasın
aparıcılığını mən etməli oldum. Yaddaqalan bir
yubiley mərasimi alındı. Yığıncaqdan
sonra kiçik əhatədə şam yeməyi oldu. Orada Heydər Əliyev, ailəsi ilə birgə
yubilyar özü, mən, o vaxt mədəniyyət naziri olan
Polad Bülbüloğlu, Türkiyənin ölkəmizdəki
səfiri və başqa bir neçə nəfər vardı.
Küncdə piano qoyulmuşdu. Heydər
Əliyev üzünü Polad Bülbüloğluna tutdu:
- Polad,
burada piano da var, bəlkə bizim üçün bir mahnı
oxuyasan?
Polad
Bülbüloğlu dərhal piano arxasına keçib
soruşdu:
-
Hansı mahnını dinləmək istərdiniz?
-
"Küçələrə su səpmişəm"...
- Əfsus ki, bunu oxuya bilməyəcəyəm, - Polad məyusluqla
gülümsündü, - Mahnının sözlərini bilmirəm.
- Necə yəni bilmirsən?! - Heydər
Əliyev güldü, - Yaxşı, narahat olma, mən sənə
kömək edərəm.
Polad pianoda ifaya başladı. Heydər Əliyev
ayağa durub, İhsan Doğramacini da qaldırdı. Təəssüf ki, həmin epizod videoya çəkilməyib.
Görəydiniz, Heydər Əliyev orada necə gözəl
oxuyurdu! Bunu unutmaq mümkün deyil.
Azərbaycan
dövlətinin xilaskarı
Mən artıq yaşa dolmuş bir insanam. Uzun illər rəhbər
vəzifələrdə çalışmışam.
Azdan-çoxdan həyat təcrübəm var. Azərbaycanın
yaxın-uzaq tarixinə
bələd olan biri kimi hər zaman tam məsuliyyətimlə
deyirəm ki, Azərbaycanı ötən əsrin 90-cı illərinin
burulğanlarından çıxarmağa qadir yeganə insan məhz
Heydər Əliyev idi. O məqamlarda Heydər Əliyevdən
başqa heç kim bunun öhdəsindən
gələ bilməzdi.
Ulu öndər Azərbaycanı demək olar ki, təməldən başlayaraq yenidən qurdu. Ölkəni ayağa qaldırdı və ömrünün sonlarına doğru hakimiyyət sükanını layiqli davamçısına verdi.
Heydər Əliyev Azərbaycan üçün çox işlər görüb. Onun bu xalqa, bu dövlətə ən böyük xidmətlərindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında ölkənin taleyini Azərbaycanın müstəqilliyini qoruyan, onu tarixinin ən qüdrətli mərhələsinə yetirən güclü liderə əmanət etməsidir.
525-ci qəzet 2017.- 14 dekabr.- S.4.