Mətbu sözün sehri
Əməkdar mədəniyyət işçisi,
yazıçı-publisist Afət
Sadıqoğlu yarım
əsrə yaxındır
ki, böyük həvəslə, sözün
həqiqi mənasında
yorulmaq bilmədən
yazıb yaradır.
Geniş mövzu dairəsi, yazılarının aktuallığı
ilə seçilən
həmkarımızın ilk gündən qələminin
qayəsi xalqımıza,
dövlətimizə sədaqətlə
xidmət etmək olub. Bu il noyabrın 12-də onun 70 yaşı tamam olub.
Afət
Sadıqoğlu (Məmmədov)
milli qəzetçilik
ənənələrinə sədaqətlə xidmət
edən, hər bir sözündə, davranışında mənəvi-etik
dəyərləri qoruyub
saxlayan jurnalistlərdəndir.
O, uzun illər ölkəmizin bir sıra aparıcı qəzet və informasiya agentliklərində
mətbu sözün qədrini layiqincə uca tutaraq çalışıb.
2012-ci ildən "Xalq
qəzeti"nin baş redaktorunun müavini vəzifəsinə
təyin olunub.
Qeyd etmək lazımdır ki, bir təcrübəli
qəzetçi, redaktor
kimi Afət müəllim "Xalq qəzeti"nin hər bir yeni
nömrəsinin maraqlı,
oxunaqlı olması, günün tələbləri
səviyyəsində çıxması
üçün əlindən
gələni edir. Bir mərtəbədə, demək
olar ki, qonşu otaqlarda işlədiyimiz üçün
hər gün hal-əhval tutur, günün qaynar fakt və hadisələri
barədə fikir mübadiləsi edirik.
Bir neçə gün əvvəl növbəti dəfə Afət müəllimin iş otağına daxil olub əlində
sabahkı nömrə
üçün "yanan
material"ın olmadığını,
beləliklə, onu işdən ayırmayacağımı
biləndə sevindim.
Hər dəfə
olduğu kimi, bu dəfə də məni çox nəzakətlə
qarşılayıb əyləşməyimi
təklif etdi. Lakin öncə onun kabinetinin pəncərəsindən
küçəyə boylandım,
"AzərTac"la bir
binada yerləşən
redaksiyamızın düz
qabağındakı azman
çinar ağacının
yarpaqlarının payızın
bu vədəsində
belə yaşıl qalmasına təəccüblənərək
dedim:
- Bu il
noyabr ayı xeyli mülayim keçir...
Bu an Afət müəllim xoş bir hadisəni
xatırlayan insanlar kimi gülümsündü
və gözlənilmədən
məndən soruşdu:
- Bilirsənmi, Cəlil Məmmədquluzadənin "Poçt
qutusu" hekayəsi hansı cümlələrlə
başlayır?
Mən dürüst cavab tapa bilməyib bir qədər karıxmağa başlamışdım
ki, həmsöhbətim
dilləndi:
- "Noyabr ayının
12-ci günü idi. Hava çox
soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi..." Sonra ürəkdən gülərək
dedi:
- Mən ilk dəfə bu cümlələri oxuyanda Naxçıvandakı 2 nömrəli orta məktəbdə dördüncü, yaxud beşinci sinfin şagirdi idim. Bu sözlər məndə dərhal böyük maraq doğurdu. Axı, mən noyabrın 12-də anadan olmuşam. Və o gündən Mirzə Cəlilin ecazkar qələminin cazibəsinə düşdüm. İllər necə də tez ötüb keçir. 3 gündən sonra 70 yaşım tamam olur.
Düzünü desəm, onun həyatının yeddinci onilliyinin zirvəsini haqlaması barədə məlumatım yox idi. Beləcə, qələminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim həmkarımın yubiley gününə xoş bir sürpriz olsun deyə bu yazını qələmə almağa qərar verdim.
Yenə həmin söhbətə qayıtmalı oluram. Böyük ədibin "Poçt qutusu" hekayəsində "Noyabrın 12-si günü idi" cümləsinin, təbii ki, Afət Sadıqoğlunun doğum günü ilə heç bir əlaqəsi ola bilməz. Ən azı ona görə ki, Afət müəllim 1904-cü ildə "Şərqi Rus" qəzetində dərc olunan məşhur hekayədən düz 43 il sonra anadan olub. Amma o, bu təsadüfdən çox məmnun qalıb və bu barədə elə şövqü-təbii danışdı ki, mən onun qarayanız simasının, mənalı, düşüncəli gözlərinin qeyri-adi bir nura qərq olduğunu hiss etdim. Düzünü desəm, ünsiyyətdə olduğum bir neçə il ərzində heç vaxt onun bu qədər ürəkdən sevindiyini müşahidə etməmişdim.
İndi artıq minlərlə məqalənin, onlarla kitabın müəllifi olan Afət Sadıqoğlu 1960-cı illərin əvvəllərində orta məktəbdə oxuyarkən "Pioner" qəzetində ilk kiçik yazıçı dərc olunanda dünyalar qədər sevinib. Beləcə, hələ ilk gənclik illərindən sevib-seçdiyi jurnalist sənətinə yiyələnmək arzusu ilə 1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsinə daxil olub.
Qeyd etmək lazımdır ki, o zaman da, bu gün də öz qeyri-adi, səmimi ab-havası ilə seçilən universitetin jurnalistika fakültəsini bitirdikdən sonra 1974-cü ildən başlayaraq, düz 22 il Naxçıvanda nəşr olunan "Şərq qapısı"nda əvvəlcə müxbir, qısa bir müddətdən sonra isə iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1970-ci illərdə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da böyük inkişaf və tərəqqi vüsət alırdı. Vilayətin həm paytaxtında, həm də rayon mərkəzlərində yeni emal və sənaye müəssisələri açılır, fabrik və zavodlar işə düşürdü. O, tez-tez ayrı-ayrı əmək kollektivlərində olur, yaxından tanış olub sevdiyi, halal zəhməti ilə ucalan müasirlərindən böyük həvəslə yazırdı. Qələmi isə gündən-günə, aydan-aya püxtələşir, yazıları artıq Bakıda nəşr olunan aparıcı qəzet və jurnallarda da dərc olunurdu.
1980-ci illərin sonlarında erməni separatçıları Kremlin gizli razılığı və dəstəyi ilə Qarabağda baş qaldırmışdılar. Onlar Naxçıvana da göz dikmişdilər. O çox çətin, ağır günlərdə Naxçıvanın mərd, yurdsevər, qeyrətli insanları qətiyyətlə Vətənin müdafiəsinə qalxdılar. Ulu öndər Heydər Əliyev-xalq birliyi xain düşmənin bəd niyyətini ürəyində qoyaraq, Naxçıvanı yenilməz bir qalaya çevirdi.
Xalqımız üçün həmin taleyüklü günlərdə Afət Sadıqoğlunun "Şərq qapısı" qəzetində Ermənistanın, eləcə də himayədarlarının mənfur siyasətini ifşa edən təkzibolunmaz faktlara əsaslanan kəskin məqalələri oxucuların dərin marağına səbəb olurdu. O, tez-tez sərhəd kəndlərinə yollanır, Vətən torpaqlarını qoruyan igid əsgər və zabitlərlə yaxından tanış olur, onların şücaətlərini böyük həvəslə qələmə alırdı. Maraqlıdır ki, jurnalistin qəhrəmanlarının çoxu ilə şəxsi dostluq əlaqələri hələ də davam edir. Bunu çoxları bilir ki, Afət müəllim üçün dostluq, qardaşlıq duyğusu ötəri hiss deyil.
Yəqin ki, yadınızdadır. 1992-ci il mayın 28-də Türkiyə ilə sərhəddə Araz çayı üzərində inşa olunan "Ümid körpüsü"nün təntənəli açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin dəvətilə qardaş Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl də həmin tədbirdə iştirak etmişdir. Bu tarixi hadisə blokada şəraitində yaşayan Naxçıvanda böyükdən kiçiyə hamının qəlbində böyük ümid, sevinc doğurmuşdu. Afət Sadiqoğlunun, tədbirin səhəri günü "Şərq qapısı" qəzetində parlaq reportajı dərc olunmuşdu.
1996-cı ildə, onun yüksək peşəkarlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alıb, Naxçıvan şəhər icra hakimiyyətinin təsis etdiyi "Nuh yurdu" qəzetinin baş redaktoru təyin etdilər. Burada çalışdığı üç il ərzində qəzetin həm məzmunu, həm də zahiri görünüşünə görə seçilməsinə çalışdı. Redaktor Türkiyənin Naxçıvana yaxın bölgələrindəki bir sıra mətbəələrlə əlaqə saxlayıb "Nuh yurdu"nun rəngli çıxmasına nail oldu. Rəngli qəzetin nəşri o vaxtkı Naxçıvan üçün yenilik idi.
1999-cu ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçüb gələn Afət Sadıqoğlu həmin ildən 2004-cü ilədək "Respublika" qəzetində şöbə müdiri, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTac) müxbir, sonra yenidən "Respublika" qəzetinə qayıdaraq burada baş redaktorun müavini vəzifəsində çalışmışdır. Yuxarıda qeyd etdiyim kimi, hazırda "Xalq qəzeti"nin baş redaktorunun müavinidir.
O, dünyanın yaxın-uzaq ölkələrinə səyahət etməyi sevən, gördüklərini, müşahidə etdiklərini qələmə almaqdan zövq alan jurnalistlərdəndir. Çox sayda xarici ölkələrdə yaradıcılıq səfərlərində olub. Bir sıra ölkələrdə, o cümlədən, Türkiyə, Şimali Kipr, İran və Hindistanda keçirilən nüfuzlu beynəlxalq konfranslarda məruzə və çıxışlar edib.
Afət Sadıqoğlu "Ulu məskən", "Naxçıvan qədim diyardır", "Dəniz kimi məğrur insan", "Mənim çiçəkli dünyam", "Azərbaycan-Norveç əlaqələri", "Tur Heyerdal Azərbaycanda", "Beynəlxalq Mühəndislik Akademiyasının Azərbaycan bölməsi", "Azərbaycan-Hindistan əlaqələri", (Azərbaycan və ingilis dillərində), "Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri" və digər sənədli publisistik və bədii kitabların müəllifidir. Bu günlərdə onun nəfis tərtibatda "Türk dünyasının Kıbrısı" adlı yeni kitabı işıq üzü görmüşdür. Burada yazıçı-publisistin Şimali Kiprə səfəri ilə bağlı yol qeydləri, ölkələrimiz arasında mədəni əlaqələrin tarixi, bu günü barədə maraqlı fikir və düşüncələri yer alıb.
Qeyd etmək lazımdır ki, Afət Sadıqoğlunun yaradıcı əməyi dövlətimiz tərəfindən yetərincə qiymətləndirilib. O, 1981-ci ildə Azərbaycan SSR Ali soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, 1991-ci ildə Naxçıvan MR əməkdar mədəniyyət işçisi, 2010-cu ildə Azərbaycan Respublikası əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüşdür. Elmi İnkişaf üzrə Beynəlxalq Şura - Beynəlxalq Elmlər Akademiyası (BEA) (Avstriya) Rəyasət Heyətinin BEA Azərbaycan bölməsinin həqiqi üzvü - akademik seçilib
Acı təəssüf ki, bir neçə il əvvəl onun həyatında ürək sızladan ağır bir hadisə baş verdi. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının binasında baş vermiş dəhşətli terror hadisəsində həlak olan 13 tələbə və pedaqoqun arasında jurnalist Afət Sadıqoğlunun qızı, universitetin gənc müəllimi Şəfa Məmmədova da var idi. Ata-ananın sevimlisi olan Şəfa hadisədən cəmi iki həftə əvvəl gəlin köçmüşdü. Afət müəllimin, onun 42 illik ömür-gün yoldaşı, "İki sahil" qəzetinin şöbə müdiri Xuraman Məmmədovanın övlad itkisi ilə bağlı hansı acı hissləri yaşadıqlarını təsvir etməkdə acizəm. Hörmətli həmkarlarıma Allahdan ancaq səbir arzulamağa gücüm çatır.
Afət Sadıqoğlu indi ömrünün müdriklik çağlarını yaşayır. Yaxşı ki, onun mövzuları da, yaradıcılıq əzmi də bitib-tükənmir. O, mətbu sözün işığına tapınaraq, taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirir. Arzum budur ki, uzun illər bundan sonra da hörmətli həmkarımın nə əli, nə də qələmi işdən soyusun.
Məsaim ABDULLAYEV
Əməkdar mədəniyyət işçisi