Məhəmməd Əmin Rəsulzadə Mittenvald düşərgəsindən
Türkiyəyə necə döndü
Məhəmməd Əmin Rəsulzadə yaşadığı və
"Odlu Yurt" dərgisini
çıxarmaqda olduğu
Türkiyədən 1930-cu ildə
Polşa və Fransada görüşmələr
aparmaq üçün
ayrılıb, Türkiyə-Sovet
əlaqələrindəki yeni gəlişmələr
nəticəsində pasport
almaq məsələsində
sıxıntılar yaranıb
və oraya qayıda bilməyib.
1939-cu ilədək əsasən
Polşada yaşayıb,
Almaniyada "İstiqlal"
qəzeti ilə "Qurtuluş" məcmuəsini
çıxarıb, Fransada
bəzi toplantılara
qatılıb, yay tətillərini Rumıniyada
Köstəncədə keçirib. 1939-da II Dünya savaşının
başlaması üzündən
"Prometey"də çalışan
digər Türk öndərlərlə birlikdə
Polşadan getdiyi Rumıniyada Həmdullah Sübhi Tanrıövərin
himayəsində Buxarestdə
yaşayıb. Savaş dönəmində
bir müddət Almaniyada siyasi fəaliyyət göstərib,
ancaq almanlarla anlaşa bilmədiyinə
görə təkrar Rumıniyaya dönüb, qırmızı ordunun irəliləməsi nəticəsində
alman əsgərləriylə
birlikdə 1944-cü ildə
buradan ayrılaraq qərbə yönəlib.
Rəsulzadə həyat yoldaşı ilə birlikdə
1944-1947-ci illər arasında
Almaniyada yaşayıb. 1945-də müharibə bitincə Bavyera əyaləti hüdudları içindəki
Mittenvaldda Amerikanın
nəzarəti altında
açılan Türk
düşərgəsində bulunub. Düşərgənin yaşayış şəraiti yaxşı
olduğundan qısa zamanda burada çoxlu mültəci türk toplanmışdı.
Baymirzə Hayt, Ruzi Nəzər, Ergeş Şermet (Bulakbaşı), Hüseyn
İkram kimi tanınmış türküstanlılar
düşərgədə adlarını qeyd etdirsələr də, orada qalmamışdılar.
1947-ci ildə Frankfurtda
Türkiyə Cümhuriyyəti
baş konsulluğu açıldı. Savaşdan sonra sovetlərin
əlinə düşməkdən
güçlə qurtularaq
Avstriya, Almaniya və İtaliyada olan müxtəlif düşərgələrdəki legionlardan qalanlarla mülki işçi türklər Türkiyəyə
köçkün olaraq
qəbul edilmək istəyi ilə baş konsulluğa müraciət ediblər.
Baş konsul Orxan Təhsin Günden əllərindən
gələn hər şeyi edəcəklərini,
ancaq çalışmaların
zaman alacağını
bildirib, irəli gələn öndərləri
Almaniyadakı Türk
Tələbə Cəmiyyəti
rəhbərləri ilə
tanış etdi. Cəmiyyət onlara savaş zamanı əllərindəki
kimlik sənədlərini
itirdiklərini bildirməklə
Türkiyədən təhsilə
gələn tələbələr
olduqlarını göstərən
saxta bəlgələr
verdi. Mültəcilər bu bəlgələrlə
özlərinə sığına
biləcək yer axtarmağa başladılar.
Türkiyədən gələn məsul şəxslər bütün
düşərgələri gəzərək qalanların
siyahısını çıxarmışlar. Mühacir olaraq
gələnlərin arasına
qarışaraq Türkiyəyə
gəlmək istəyən
kommunist sızmaların
qarşısını almaq
üçün üçün
təhlükəsizlik soruşdurması
aparılıb. Bu proses
əldə yetərli
bilgilərin olmaması,
xəbərləşmə sistemlərinin çatışmazlığı
kimi səbəblərlə
olduqca yavaş gedib. Təhqiqata ciddi yanaşılmasının
doğruluğunu sonradan
cərəyan edən
bəzi hadisələr
təsdiqləyib. Fətəli bəy Düdənginskini onun yanına soxulan, kimliyini gizləyə bilən bir sovet agenti
ortadan qaldırıb.
Türkiyəyə gələn bəzi
krımlı siyasi mühacirlər öncəki
nəsildən olan liderlərə qarşı
müxalifətə keçərək,
Sovetlərə qarşı
yürüdülən mücadilənin
bütünlüyünü zədələmişlər. Eyni hal azərbaycanlı
mühacirlərdə də
görülüb - Almaniyadan
gələnlər öncəkilərlə
birləşərək Rəsulzadəyə
qarşı müxalif
bir blok
yaradıblar.
Almaniyadakı ərəblər, yunanlar və ispanlar yurdlarına dönüblər;
dönəmin xəbərləşmə
və rabitə şərtləri içində
uzun sürən bu müddəti düşərgələrdə yaşayanlar çox sıxıntılı keçiriblər.
1946-da yenidən millət
vəkili olan yaxın dostu Həmdullah Sübhi Tanrıövərin yaxından
köməyi ilə rəsmi proseslərin sürətləndirilməsi və
müsbət sonuclanması
ilə Rəsulzadə
1947-nin sentyabr ayında
Türkiyə vətəndaşlığı
haqqını qazanıb. İndiyə qədər onun tərcümeyi-hal bilgilərində
və əlaqədar qaynaqlarda Türkiyəyə
dönüşünün təfərrüatı haqqında
məlumatlara rast gəlmirik. Son günlərdə
dönəmin qəzetlərində
apardığım axtarışlar
sırasında "Yeni
İstanbul" qəzetində
redaktor Mustafa Nərminin
Rəsulzadənin vəfatından
qısa bir müddət sonra qələmə aldığı
"Mehmet Emin Resulzadenin Ana Yurda Son Dönüşü" başlıqlı
yazısında bu mövzuda verdiyi bəzi bilgiləri əldə etdik.
Fəlsəfəçi Mustafa Nərmi (1890-28.6.1971) Paris və
Berlində oxuyub; I Dünya savaşı bitdikdən sonra meydana gələn qarmaşıq durumda özü kimi təhsilə gələn
bəzi türk tələbələrlə 1919-da Berlində marksist meyilli Türkiyə İşçi və Çiftçi Firqəsinin
qurucuları arasında
yer alıb, "Qurtuluş" adlı bir məcmuə nəşr etmişlər. 1933-dən öncə İstanbul Universitetində müəllimlik
edib; "Cümhuriyyət",
"Yeni İstanbul"
və "Hürriyyət"
qəzetləri üçün
yazıb. "Yeni İstanbul"da ilk səhifədə baş məqalələr qələmə
alıb. II Dünya
savaşının son dönəmində
yaşadığı Almaniyadan
çıxa bilməyib,
Mittenvaldda on ay Rəsulzadə
ilə birlikdə olaraq düşərgənin
irəli gələnləri
arasında yer alıb, iş təşkilatının müdir
yardımçısı olub,
burada qaldığı
son dönəmində türk
sakinlərin başçısı
edilib və ona özəl bir otaq ayrılıb.
İzar çayının sahilində şam meşələrinə bitişik Pionler-Kaserne adlı alman qışlasında böyük bir qəsəbə boyda düşərgədə binalar, baraklar, küçələr və türk uruqlarının qurduğu orta ölçüdə teatr vardı. Binaların balkonlarında, pəncərələrdə türk bayraqları görünür, türk elləri ləhcələrinin eşidildiyi, üç mindən artıq adamın yaşadığı düşərgədə altı-yeddi türkiyəli vardı. Düşərgənin ehtiyacını UNRRA ödəyirdi. Düşərgə idarəçiləri sakinlərə Türkiyənin onları qəbul etməkdə ağır davrandığını, bir müddət sonra Daxau düşərgəsinə köçürüləcəklərini, Bavyerada açılan Türkiyə konsulluğuna gedərək mövzu ilə maraqlanmalarını tövsiyə edib.
Amerikalı düşərgə müdiri və M.Nərmi digər türkiyəli sakinlərlə Rəsulzadə ailəsinə gərəkli icazənin verildiyini və üç günlük ərzaq hazırlandığını xəbər verib. Rəsulzadə krımlı bir türkün sürdüyü hərbi Amerika kamyonunda Mustafa Nərminin başçılığı altında səkkiz nəfərlik dəstə ilə Münhen vağzalına gəlib və orada Paris qatarına minib. O, kamyonda bir çuval üzərində oturmalı olub. Yolda xarab olan kamyonun təmiri üçün bir kənddə gözləyərkən qatara gecikmə təlaşı yaşayıblar.
Xoşbəxtlikdən, qatara vaxtında çatıblar, ancaq mindikləri vaqonda amerikalı bir zabitlə onun kupe və koridorda artıq yer tutan əşyalarının çoxluğu üzündən mübahisə ediblər. Alman-fransız sərhəd stansiyası Kehldə sənədləri yoxlanılarkən Fransa vizası alınmadığını görən fransız məmuru yola davam edə bilməyəcəklərini bildirərək əşyalarını qatardan düşürmələrini tələb edib. Kiçik dəstəni düşərgəyə geri dönmək həyəcanı bürüyüb. Mustafa Nərmi fransız məmura dərdlərini kimə anlada biləcəklərini soruşduqda stansiyadakı zabitlə danışa biləcəkləri cavabını alıb. Rəsulzadə vaqondan endirilmiş əşyaların, çamadanların başında gözləyərkən Mustafa Nərmi axtarıb tapdığı fransız zabiti ilə danışdığında "olmaz!" cavabı alıb. Ancaq o, ruhdan düşməyərək dərədən-təpədən söhbətə başladıqda bəlli olub ki, bu zabit onun atası ilə Paris Universitetində birgə oxuyub və onun ən yaxın dostu olub. Bu anlaşılınca qatarın yola düşməsinə on dəqiqə qalmış zabit bütün məsuliyyəti öz üzərinə götürərək Fransa torpaqlarına girmələrinə icazə verib.
Vaqona yenidən yerləşmiş dəstənin əsəbləri hələ gərginmiş. Qatar hərəkətə gələndə bir-biriylə qucaqlaşıblar, Rəsulzadənin gözləri yaşarıb.
Mustafa Nərmi Mittenvald düşərgəsini Ərgənəkon adlandırır, dünyada hər sıxıntının bir bozqurdu olduğunu söyləyir. O, yazısını Rəsulzadənin bəxtiyarlıqdan gözlərinin alov-alov yandığını, illər sonra yurduna - Türkiyəyə döndüyünü, Türkiyənin onun üçün başqa bir Azərbaycan olduğunu bildirən cümlə ilə bitirib.
Yazıda səyahətin Parisdən sonrakı davamı haqqında bilgi verilməsə də, bəllidir ki, o dönəmdə qatar yolu ilə güneyə - Marselə gedərək orada Türkiyədən gələn gəmilərə minir, dəniz yoluyla İstanbula yola düşürdülər. Rəsulzadəgilin dəstəsi də, şübhəsiz, eyni yolla gedib.
Ömər
ÖZCAN
525-ci qəzet 2017.- 14 dekabr.-
S.5.