Dostumuz, ədəbiyyatımızın
dostu - Yavuz Akpınar
Vilayət QULİYEV
İnsan
tanışlıqlarının qəribə xüsusiyyəti
var. Elə adamlar var ki, hətta qəlbinə yatmasa da, sonralar
münasibətin alınmasa da, onlarla harada, necə, hansı şəraitdə
tanış olduğun, hətta ilk təmas zamanı nələrdən,
kimlərdən danışdığın yaddaşında həmişəlik
iz salır.
Elə
adamlar da var ki, bütün bu təfərrüatları
xatırlaya bilməsən də, günlərin birində
ayılıb onları öz həyatında görürsən.
Və düşünürsən ki, bu insanı çoxdan,
lap çoxdan tanıyırsan, onu sənə
yaxınlaşdıran cəhətlər, sizi birləşdirən,
bağlayan qırılmaz tellər
var. Bəlkə də ilk ünsiyyətə qədər
ömrü boyu bir-birinizə tərəf
addımlamısınız. Sonradan dostluğa çevriləcək
tanışlığınız da xoş bir təsadüfdən
daha çox alın yazısıdır, tale qismətdir...
Professor
Yavuz Akpınar mənim təsəvvürümdə ikincilərdəndir.
İndi
bu sətirləri yazdığım zaman Yavuz bəylə
tanışlıq tarixçəmizi bir daha yada salmağa
çalışsam da, dəqiq bir şey xatırlaya bilmədim.
Hər halda ilk görüşümüzün 1980-ci illərin
sonlarında, ya o zaman işlədiyim EA-nın Nizami adına
Ədəbiyyat İnstitutunda, ya da yeni təsis olunan “Vətən”
cəmiyyətində baş tutduğunu təxmin edirəm.
Amma şəxsi
münasibətlər yaranana qədər də təbii ki,
görkəmli filoloq-alim, Azərbaycan ədəbiyyatının
tədqiqatçısı kimi Yavuz Akpınarın
adını dönə-dönə eşitmişdim,
ayrı-ayrı araşdırmaları ilə yaxından tanış olmuşdum.
Qiyabi tanışlığımızın unudulmaz Abbas
müəllim - professor Abbas Zamanov vasitəsi ilə baş
tutduğu isə dəqiq
yadımdadır.
Və
otuz ilə yaxındır ki, fasilələrlə də olsa
ünsiyyət saxlayırıq. Əgər ümumdünya
hörümçək toruna - internetə inansaq, Yavuz bəy
indiyə qədər Azərbaycandakı həmkarlarına,
dostlarına, birgə yaradıcılıq layihələri həyata
keçirdiyi insanlara 2000-dən çox məktub göndərib.
Onların arasında mənim payım olsa-olsa, çox
güman 20-25 virtual namə (e-mail) qədərindədir.
Əməkdaşlığımız, iş birliyimiz isə
düşünürəm ki, daha dərindir.
Tale elə
gətirib ki, ömrümün təxminən il
yarımını Yavuz bəyin alma-materində - Ərzurum
Atataürk universitetində keçirmişəm. Sovet rejiminin
süquta uğradığı, dost Türkiyəyə
yolların açıldığı 1992-1993-cü illərdə
türk həmkarlarımın dediyi kimi, “müsafir öyrətim
üyəsi”, yaxud da “konuk professor” olaraq bir müddət bu
universitetdə çalışdım. Dil-ədəbiyyat
bölümündə təhsil alan tələbələrə
o zaman hər kəsə çox cəlbedici görünən
və türk xalqları arasında qarşılıqlı
ünsiyyət körpüsünə çevriləcəyinə
böyük ümidlər bəslənən “dış türklər ədəbiyyatı” fənnini tədris etdim.
Mən
Ərzuruma gələndə Yavuz bəy artıq 8-9 ilə
yaxın idi ki, ali təhsil aldığı, magistr və
doktorluq dissertasiyalarını hazırladığı, bir
müddət müəllim kimi
çalışdığı Ərzurum Atatürk
universitetini tərk etmişdi. Azərbaycanla daim güclü mədəni-mənəvi
bağlılığı olan bu şəhərdə
görkəmli azərbaycanşünas alim kimi
yetişmişdi. Elmi-pedaqoji fəaliyyətini artıq
Türkiyənin başqa bir mühüm ali məktəbində
- İzmir Egey universitetində davam etdirirdi. Ancaq “dadaşlar
şəhərində” - Ərzurumda onu xatırlayanlar
çox idi. Kiçik qardaşı da burada yaşayırdı.
Hətta yəqin ki, Yavuz bəyin tapşırığı və
təlqinləri ilə günlərin birində məni
univerisitetin dil-ədəbiyyat bölümündə
axtarıb tapmışdı. Çox güman ki, fərqli dünyanın adamları
olduğumuzdan, fərqli düşüncələr
paylaşdığımızdan (deyəsən, kiçik
qardaş vəkil idi, həm də özünün kiçik
biznesi vardı) aramızda elə sıx anlaşma, ünsiyyət
yaranmamışdı. İlk tanışlıqdan sonra nə
mən onu, nə də o məni axtarmaq, soraqlamaq fikrinə
düşmüşdü...
Yavuz bəy
isə ayrı aləmdi. Yəni eyni dünyamın adamları
idik.
Universitetdə
biliyindən, tədqiqatçılıq məharətindən,
yorulmaz elmi fəaliyyətindən, ən başlıca isə
insanlıq, sadəlik və səmimiyyətindən həvəslə
söz açırdılar. Hiss olunurdu ki, münasibətlərin
mürəkkəbliyi ilə seçilən bu əyalət
ali məktəbində
çalışdığı illərdə yalnız tələbələrinin
deyil, çoxlarının ürəyinə yol tapa bilib, bir
az obrazlı dillə desəm,
özünə saf, xeyirxah çalarlarla zəngin abidə
ucaltmağı bacarıb.
Amma
Ərzurum Atatürk universitetində onun Azərbaycanla
bağlı illər boyu məhəbbətlə qurduğu əsl
maddi-mədəni abidə də vardı. Bu, universitet
kitabxanasındakı “Abbas Zamanov bağış
kitablığı” idi. 1980-ci illərdə iki görkəmli
alimin birgə səyi ilə Azərbaycanda çap edilən
yüzlərlə elmi, ədəbi-bədii kitabın, məcmuə
və jurnalın toplandığı həmin kitablıq milli ədəbiyyatımızla
tanış olmaq, onu tədqiq edib öyrənmək istəyənlər
üçün həqiqi xəzinə idi. İstəsən,
ayağını Ərzurumdan kənara qoymadan klassik, yaxud
müasir ədəbiyyatımız barədə məqalə,
dissertasiya yaza bilərdin. Abbas müəllim onilliklər boyu
dünyanın bir çox ölkələrindəki
dostlarına, həmkarlarına,
universitetlərin şərqşünaslıq və
türkiyyat mərkəzlərinə çoxlu sayda kitablar
göndərmişdi. Lakin yalnız Yavuz bəyin qədirbilənliyi
və qayğısı sayəsində Azərbaycan-türk
ruhunun güclü olduğu Ərzurumda belə əvəzsiz
sərvət xəzinəsi yaradılmışdı. Yəqin mübaliğəyə yol vermədən bağış
kitablığını dünya miqyasında vətənimizdən
kənarda sistemli şəkildə qurulmuş ilk azərbaycanşünaslıq
mərkəzlərindən biri adlandırmaq olardı...
Abbas
müəllimi həmin kitabları seçib göndərdiyinə,
Yavuz bəyin isə onları
toplayıb kiçik bir Azərbaycan ədəbiyyatı
kitabxanası qurduğuna görə həmişə
böyük minnətdarlıqla xatırlayıram. Məsələ
buradadır ki, Türkiyəyə uzunmüddətli elmi ezamiyyətə
yollandığım ərəfədə - 1992-ci ildə
Ankaranın məşhur “Ötükən” yayın evinin
sahibi, naşir və ədəbiyyatçı, əski millət
vəkili Nevzat Kösəoğlunun təklifi ilə 4 cildlik “Azərbaycan ədəbiyyatı
antologiya-ensiklopediyası” üzərində işləyirdim.
Nevzat bəy artıq qədim zamanlardan günümüzə
qədər 10 cildlik “Türkiyə türkləri ədəbiyyatı
antologiya-ensiklopediyasının” nəşrini başa
çatdırmışdı. Türkiyə
hüdudlarından kənardakı
türk ədəbiyyatı
seriyasını isə Azərbaycanla
açmaq istəyirdi.
Layihə
çox mühüm və şərəfli idi. Onun gerçəkləşdirilməsində
mütləq iştirak etmək istəyirdim. Ancaq toplunun tərtibi
prosesində evdə yetərincə zəngin
saydığım şəxsi kitabxanamın olmasına
baxmayaraq, tez-tez Elmlər Akademiyası, yaxud Axundov
kitabxanasına getmək məcburiyyətində qaldığım halda bu işin
öhdəsindən Ərzurumda nə cür gələcəkdim?
Lazımi ədəbiyyatı necə, haradan tapacaqdım?
İndiki elektron kitabxanalar da yox
idi ki, internetin sehrkar gücünə ümid
bağlayaydım...
Ona
görə bəzən hətta Azərbaycan ədəbiyyatının
Türkiyədə ilk fundamental tanıtım layihəsi olan
antologiya-ensiklopediya üzərindəki işi yarımçıq
qoymamaq üçün xəyalımda mömin müsəlmanın
Məkkə ziyarətinə bərabər tutduğum
Türkiyə sevdasından əl götürmək istəyirdim.
Lakin dövr, zəmanə elə idi ki, daha romantika ilə
yaşamaq da mümkün deyildi, çünki gözəl
şairimiz Abbas Səhhət demişkən “vardı ev dərdi,
çörək dərdi, uşaqlar dərdi...” Ona görə
ürəyimi bərkidib getməli oldum. Amma tale üzümə
güldü: çünki Ərzurum universitetində Abbas
Zamanov-Yavuz Akpınar ədəbi tandeminin xeyirxah, uzaqgörən
əməkdaşlığının nəticəsi kimi
meydana çıxan “bağış kitablığında”
XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı
antologiya-ensiklopediyasını hazırlamaq üçün
Bakıdakından da münasib, hətta deyərdim ki, ideal
şəraitə düşdüm. Nəticədə işlər
daha sürətlə getməyə başladı və
hazırladığım nəşrin ilk cildi 1992-ci ildə
Ankarada işıq üzü gördü. Mübaliğəsiz
deyə bilərəm ki, bu, son iki yüz ilin Azərbaycan ədəbiyyatının
şəxsiyyətlər və əsərlər müstəvisində
qardaş Türkiyədə ilk genişmiqyaslı, əhatəli
təqdimi idi. Təbii ki, bunun
üçün həm də Abbas müəllimə və
Yavuz bəyə, onların gələcəyə yönəlik elmi-maarifçilik missiyasına
borclu idim...
Hələ
mühazirələrin hazırlanmasında, tələbələrə
oxu materialları seçilməsində bu “bağış
kitablığı” mənə nə qədər
yardımçı olurdu!
Yavuz bəy
Türkiyədə yalnız Azərbaycan ədəbiyyatı
kitabxanası qurmamışdı, həm də çoxəsrlik
mənəvi sərvət xəzinəmizin ilk və deyərdim
ki, mükəmməl tədqiqatçılarından biri kimi
ad qazanmışdı.
XIX əsr
ümumtürk ədəbi-mədəni və ictimai fikrinin ən
diqqətəlayiq nümayəndələrindən birinin -
Mirzə Fətəli Axundzadənin ərəb əlifbasının
islahı kimi gərəkli
missiya ilə getdiyi, elmi cameə və dövlət rəsmiləri
ilə görüşdüyü, hətta sultanın fərmanı
ilə “Məcidiyyə” ordeninə layiq
görüldüyü Osmanlı imperiyasındakı ilk
tanıtımı və təqdimatı gülünc, hətta utancverici olmuşdu. Onun
İstanbulda işıq üzü görən ilk əsərini
- “Vəziri-xani-Lənkəran” komediyasını Rəşid
Qurşunluzadə adlı müəllif Anadolu türkcəsinə
almancaya... tərcümədən çevirmişdi.
Yaradıcı həyatının neçə ilini Mirzə Fətəli
fenomeninə həsr edən və bu mövzuda ortaya
sanballı əsər qoyan Yavuz bəy sanki Osmanlı-türk ədəbiyyatşünaslığının
məlumatsızlıq və tələskənliyini də
islah etmişdi. Onun “Mirzə Feth Ali Ahundzade. Bütün
yönləri ile” (1980) araşdırması meydana
çıxdığı tarixdən qırx ilə yaxın
vaxt keçməsinə baxmayaraq bu gün də Türkiyədə
türk milli dram sənətinin banisi haqda ən yaxşı tədqiqat
kimi qalmaqdadır. Əsərdə Mirzə Fətəli həqiqətən
də bütün yönləri ilə - yazıçı,
şair, dramaturq, tənqidçi, filosof, əlifba
islahatçısı, maarifçi, ictimai xadim, vətənpərvər
və beynəlmiləlçi kimi ən müxtəlif
rakurslardan nəzərdən keçirilib qiymətləndirilir.
Professor
Yavuz Akpınar yalnız bununla kifayətlənməmişdi.
Mirzə Fətəlinin məşhur “Təmsilat”ını
ilk dəfə orijinal 1859-cu il nəşri əsasında
hazırlayıb türk oxucusuna təqdim etmişdi
Türk
dünyasının başqa bir fikir və düşüncə
öndərinin - İsmayıl bəy Qaspralının
üç cildlik külliyatının nəşri də,
heç şübhəsiz, Yavuz bəyin həqiqi elmi rəşadəti,
türklük duyğusu və sevgisinin bariz ifadəsi
sayılmalıdır. Mübaliğəsiz demək olar ki, o,
özü kimi fədakar, qədirşünas elm fədailərinin
kiçik bir qrupu (həmvətənimiz Nazim Muradov və mərhum
Bayram Orak) ilə az qala bütöv elmi-tədqiqat institutunun
qarşısında dayanacaq vəzifənin öhdəsindən
layiqincə gəlib. Bu mühüm nəşrin başı daim müsibətlər
çəkən, daim ana dili və doğma yurd savaşı
verən Krım türkləri, türklüyün mücadiləçi
qolunun ədəbi və mədəni-tarixi irsinə
bağlılığı isə onun dəyərini,
sanbalını qat-qat artırır. Eyni zamanda, İsmayıl
Qaspralı həm “Tərcüman” qəzeti, həm də
aktuallıq və yaşarılığını heç
zaman itirməyən zəngin irsi ilə bütün türk
dünyasının problemləri üzərinə
işıq saldığından
nəşrin əhəmiyyəti sadəcə Krım
türkləri və Krım
yarımadası ilə məhdudlaşmır.
Qaspralı
irsinə böyük sayğı və məhəbbəti ilə
Yavuz bəy necə deyərlər, məni də
ruhlandırdı. Həmkarımın ilkin mənbələrdən
dərləyib - topladığı
materiallardan yararlanıb “Tərcüman”ın
Azərbaycan səhifələri” adlı silsilə məqalələr
yazdım. Eyni zamanda, İsmayıl bəyin türk
dünyasının ilk elmi-fantastik və eyni dərəcədə
maarifçi romanı sayıla bilən “Firəngistan məktubları”nı
Krım türkcəsindən Azərbaycan türkcəsinə
uyğunlaşdırıb geniş müqəddimə və zəruri
şərhlərlə Bakıda, “Qanun” nəşriyyatında
kitab şəklində nəşr etdirdim. Bunları tam əsasla
bizim müştərək işlərimiz saymaq olar.
Çünki Yavuz bəy böyük axtarış və zəhmət
tələb edən ilkin mənbələri, qaynaqları
gün üzünə çıxarmasaydı, onlarda toxunulan
bu və ya digər məsələni araşdırmaq, yaxud mətni
dilimizə çevirmək də imkansız olardı.
Maraqlıdır
ki, “Firəngistan məktubları”nda neçə ildən bəri
yaşayıb-işlədiyim Macarıstan - türk
sivilizasiyası ilə tarixi bağlılığa malik bu qədim
məmləkət də öz əksini tapıb.
İsmayıl bəy Budapeştin mərkəzində yerləşən
və orta əsrlər Osmanlı memarlığının
Avropadakı diqqətəlayiq nümunələrindən
sayılan Gül Baba türbə-ziyarətgahından, məşhur
macar türkoloqu, Budapeşt universitetində Avropada ilk
türkologiya kürsüsünün qurucusu, professor Armin
Vamberi (1832-1913) ilə görüş və söhbətlərindən
də söz açır. Yavuz bəyi dəfələrlə
elmi axtarışlarının əhatə dairəsinə
daxil olan bu yerləri gəzməyə, Qaspralının
haqqında bir əsr əvvəl söz
açdıqlarını öz gözləri ilə görməyə
dəvət etsəm də, hələlik iş-gücdən
başı açılmır. İnşallah, gözləyək!
Söhbət
Macarıstandan düşmüşkən kiçik, amma yəqin
ki, maraqlı görünəcək bir xatirəmi də
bölüşmək istərdim.
Müasir
türkologiya elminin Avropadakı sonuncu mogikanlarından biri,
indi haqq dünyasına qovuşmuş macar alimi, akademik
Dyörd Xazai 2014-cü ilin yanvar ayında öz istəyi, mənim
təşəbbüsümlə ölkələrimiz
arasında elmi əməkdaşlıq yollarının və
dünya şərqşünaslarının növbəti
elmi forumunun Bakıda keçirilməsi məsələsinin
müzakirəsi üçün Azərbaycana getmişdi. Bakıda olduğu
günlər Nizami adına Ədəbiyyat İnstitutunun 80
illik yubiley mərasimi ilə eyni vaxta
düşmüşdü. MEA-da keçirilən təntənəli
iclasda akademik Xazai Türkiyədən
məxsusi həmin tədbirə qatılmaq üçün gələn
Yavuz Akpınarla tanış olmuşdu. Görüş və
söhbətləri onda böyük təəssürat
yaratmışdı. Bakıdan qayıdandan sonra bu barədə
mənə bir neçə dəfə
danışmışdı. Bilmirəm, ya Yavuz bəyin
özündən, ya da Türkiyədəki dostları vasitəsi
ilə bəzi kitablarını əldə etmişdi. Bu
kitablardan İsmayıl Qaspralının üç cildlik
külliyyatına xüsusi ilə dəyər verirdi. Hətta
Vamberi haqqındakı monoqrafiyasının yeni nəşrində
mütləq macar türkoloqu ilə krımlı həmkarı
arasındakı əlaqələrə ayrıca bir fəsil həsr
edəcəyini deyirdi.
Bir
neçə il əvvəl telefon söhbətlərimizin
birində Yavuz bəy Qaspralı irsi ilə bağlı
axtarışlarının miqyas və əhatə dairəsini
xeyli genişləndirərək onun 10 cildlik külliyyatı
üzərində işə başladığını deyəndə
həqiqətən çox sevindim. Çünki həmin
dövrdə o əsərləri
Qaspralıdan başqa kimsə yaza bilməyəcəyi
kimi, bizim günlərdə də onları yalnız Yavuz bəy
kimi zəhmətdən yorulmayan, mətn üzərində zərgər
dəqiqliyi ilə işləməyi bacaran alim dərləyib
ərsəyə gətirməyə qadirdir! Çünki ərəb
qrafikası ilə yazıya alınmış mətnlərin
müasir türk əlibasına doğru-düzgün
transliterasiyası, nüsxə fərqlərinin aşkara
çıxarılması, izahedici qeyd və şərhlərin
hazırlanması geniş bilik və qaynaqlara bələdliklə
yanaşı, həm də son dərəcə böyük səbr
və zəhmət tələb edir. Ümumtürk mədəniyyəti
tarixində hadisəyə çevriləcək mühüm nəşri başa
çatdırıb ədəbi cameyə təqdim edə bilməsi
üçün möhtərəm Yavuz bəyə cənabi-haqdan
möhkəm can sağlığı, tükənməz
enerji və yorulmaz fəaliyyət arzulayıram. Və uğur
qazanacağına inanıram.
Bu
günlərdə Qaspralı külliyyatının 4-cü
cildinin çapı ilə bağlı Yavuz bəydən
aldığım sevindirici xəbər bu inamın əbəs
olmadığını göstərir.
Əlamətdar
haldır ki, yuxarıda da qeyd etdiyim kimi, Yavuz bəyin səyi
və məqsədyönlü fəaliyyəti nəticəsində
çalışdığı Ərzurum, daha sonra isə
Egey universitetləri müasir Türkiyənin başlıca azərbaycanşünaslıq
mərkəzlərinə çevrilib. Həm də bu proses
ölkəmiz hələ keçmiş Sovetlər
İttifaqının tərkibinə
olduğu dövrdə başlamışdı. Azərbaycan
türkləri milli müstəqillik uğrunda qeyri-bərabər
mübarizəyə atılanda o zaman haqqında çox az məlumata
malik olduğumuz, hələ bizə əlçatmaz
görünən Cümhuriyyət ədəbi-siyasi irsinin ilk
tədqiqatçılarından, tanıdıcılarından
biri, bəlkə də birincisi Yavuz Akpınar idi. Milli dövlətçilik
ideologiyasının banisi M.Ə.Rəsulzadənin Yavuz bəy
tərəfindən hazırlanıb nəşr edilən “Azərbaycan
Cümhuriyyəti. Keyfiyyəti-təşəkkülü ve
şimdiki vaziyeti” (1990), “İran türkləri”(1993), “Kafkasya
türkləri” (1993; hər üçü
İ.M.Yıldırım və S.Çağın ilə
birlikdə) kitabları onilliklər boyu dövlətinin
tarixindən, üçrəngli bayrağından, himnindən,
gerbindən, əməl və ideallarından xəbərsiz
qalmış insanlarımız arasında əl-əl gəzirdi.
Dövrün gəncliyi digər mənbələrlə bir
sırada həm də bu kitablar əsasında doğma
xalqın gerçək tarixini və həqiqi qəhrəmanlarını
öyrənir, tanıyırdı. Aydın məsələdir
ki, kitablar Türkiyədə nəşr olunsalar da, onların
oxucuları, hətta deyərdim ki, təşnələri
içərisində Azərbaycan türkləri mütləq
üstünlük təşkil edirdi. Çünki Yavuz bəy
həmin vaxta qədər bizim üçün əlçatmaz
olan, yeddi qıfıl arxasında saxlanan mənbələri,
qaynaqları gün işığına
çıxarırdı, üstəlik, çox az adamın bələd
olduğu ərəb qrafikasından latın əlifbasına
çevirirdi. Və bu yolla da özünü qəlbən
bağlı saydığı Azərbaycanda milli azadlıq hərəkatının
pərvəriş tapmasına, milli istiqlal
duyğularının yayılmasına qardaş töhfəsini
verirdi.
Yavuz bəy
islam aləmində ilk respublika tipli dövlətin - Azərbaycan
Cümhuriyyətinin 100 illiyinə də əliboş gəlmir.
Tezliklə “TEAS-Press” yayın evində M.Ə.Rəsulzadənin
redaktorluğu ilə 1923-1927-ci illərdə İstanbulda
çıxmış “Yeni Kafkasya” jurnalının tam
transliterasiyalı mətni çap olunacaq. Azərbaycan siyasi
mühacirətinin ilk xarici nəşrini günümüzə
çatdıran professor Yavuz Akpınar təkcə mətni ərəb
qrafikasından latın əlifbasına keçirməyib, həm
də müvafiq elmi aparat
hazırlayıb.
Çox
vaxt dilimizin aşağı-yuxarı eyni olduğunu,
İstanbulda çıxan bir kitabın Bakıda, burada
çıxan kitabın isə İstanbulda asanlıqla oxuna
biləcəyini deyirik. Amma istənilən halda seçimə,
təqdimə, izahata - bir sözlə, qardaş ədəbiyyatlar
arasında da maarifçilik fəaliyyətinə ehtiyac var.
Müasir Azərbaycan şeirinin və ədəbiyyatşünaslığının
Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Yaşar Qarayev, Həmid
Nitqi kimi tanınmış
nümayəndələrinin Türkiyədə yayımlanan əsərləri,
habelə özünün tərtibçisi, yaxud müəllifi
olduğu “XIX-XX yüzyılda Azeri edebiyatı” (dərslik,
1984, 1989), “Cağdaş türk şiveleri -Azeri Türkcesi ve
Edebiyatı”, “Azeri Edebiyatı Araştırmaları”
kitabları məhz Yavuz Akpınarın on illər boyu davam edən
həmin nəcib və məqsədyönlü maarifçilik fəaliyyətinin bəhrəsi
kimi ortaya çıxıb.
Professor
Yavuz Akpinar Azərbaycan ədəbiyyatını təkcə
Türkiyədə, türk dünyasında deyil, uzaq
ABŞ-da da uğurla təbliğ edib. 1992-1993-cü illərdə
Miçiqan Universitetində türkologiya sahəsində
müsafir öyrətim üyəsi kimi
çalışdığı dövrdə “Amerikanın səsi”
radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq
quraraq mütəmadi şəkildə ədəbiyyat və mədəniyyətimizlə
bağlı aparıcısının da özü olduğu
müəllif proqramı hazırlayıb.
O da
yadımdadır ki, Yavuz bəy ABŞ səfərindən
dönəndə təsadüfən
İzmirdə idim. Evlərində
görüşdük. Amma xoşəgəlməz bir hadisə
baş vermişdi. Hava yollarında baqajı itmişdi. Onu ən
çox qayğılandıran digər əşyaların
deyil, Amerikada aldığı kompyüter dəstinin və təbii
ki, yaddaşdakı yazıların itirilmə ehtimalı idi.
Heç bilmirəm Yavuz bəy o zaman hələ tək-tük
xoşbəxt adamların nəsibi
olan kompyüterini tapa bildimi?
Yaddaşdakı yazılara gəldikdə isə
düşünürəm ki, onlar heç vəchlə itə
bilməzdilər. Sadəcə başqa, fərqli redaksiyada,
başqa variantda meydana çıxacaqdılar.
Çünki ilk növbədə
kompyüter sahibinin ürəyinə, beyninə həkk
olunmuşdular. Hələm-hələm və izsiz-soraqsız
silinib itmələri qeyri-mümkün idi.
Otuz ilə
yaxın dosent
yardımçısı, dosent, professor, bölüm
başkanı kimi çalışdığı Egey
universitetinin Türk dili və ədəbiyyatı fakültəsində
Yavuz bəyin gördüyü müstəsna elmi və
tarixi-mənəvi əhəmiyyətə malik işlərdən
biri də Əli bəy Hüseynzadə arxivinin əldə
qalan nümunələrinin qızı Feyzavər Alpsarın
razılığı ilə İzmirə gətirilib
xüsusi fondda toplanmasıdır. Bilərəkdən “əldə
qalan” yazıram; çünki
Əli bəyin, Əhməd Ağaoğlunun, Əhməd
Cəfəroğlunun, Məhəmməd Əmin Rəsulzadənin,
eləcə də həyat, mücadilə və
yaradıcılıqlarının böyük bir dövrü
Türkiyə ilə bağlı olan digər azərbaycanlı
fikir adamlarının irsini bir mərkəzdə toplamaq,
araşdırmaq, nəşr etmək, ən
başlıcası isə qorumaq son dərəcə vacibdir.
Vaxtı ilə adıçəkilən şəxslərin
Türkiyədə yaşayan varis və
davamçıları Azərbaycandan gələn hər kəsə
ürək genişliyi ilə qucaq açıblar, istədiklərini
veriblər. Nəticədə Əli bəy Hüseynzadənin,
yaxud Əhməd Ağaoğlunun şəxsi arxivləri dəqiq
koordinatları bilinməyən müxtəlif ünvanlara səpələnib.
Ən başlıcası isə tədqiqatdan, elmi dövriyyədən
kənarda qalıblar. Şübhəsiz, Yavuz bəyin
başlatdığı işi daha geniş ölçüdə
davam etdirmək lazımdır. İmkanımız daxilində
biz də ona bütün mümkün vasitələrlə dəstək
verməliyik.
Bu
yaxınlarda Yavuz bəy mənə Azərbaycan Cümhuriyyəti
daxili işlər nazirinin müavini, general-mayor, şərqşünas-professor
Məhəmməd Sadıq bəy Ağabəyzadənin
1921-1936-cı illərdə Fransa və Polşadan qohumu
Əli bəy Hüseynzadəyə yazdığı 50-dən çox məktubun foto-surətini
göndərib. Əsli rusca olan həmin məktubları tərcümə
edib çapa hazırlamaq istəyirəm. Eyni zamanda,
düşünürəm ki, əgər Yavuz Akpınar
Türkiyənin gözəl guşələrindən biri olan
İzmirdə sadəcə öz həyatını yaşamaq
istəsəydi, mühazirələrini oxuyub vəzifə
borcunu bitirmiş halda arın-arxayın evinə dönsəydi,
imzasının görünməsi naminə ayda-ildə mətbuata
növbətçi bir yazı atsaydı, ədəbiyyat və
mədəniyyət tariximiz nələrdən məhrum
olardı!
Yaxşı
ki, bizim Yavuz bəy belə adam deyil! Rahatlığını
elmin, mədəniyyətin sabahı üçün daimi
narahatlıqda tapan insandır!
Türkoloq-tədqiqatçı
kimi Yavuz Akpınar yaradıcılığının
araşdırma arealı türk topluluqlarının
yaşadıqları əksər əraziləri əhatə
etməkdədir. O, Anadolu, Krım Azərbaycan türkləri
ilə bir sırada Mərkəzi Asiya, İran və digər
coğrafiyalarda yaşayan soydaşlarımızın ədəbiyyat
və mədəniyyət tarixi, tanınmış simaları
ilə bağlı çoxsaylı maraqlı
araşdırmaların müəllifidir, elmi cameəyə ilk
dəfə təqdim olunan bir sıra klassik mətnlərin tərtibçisi,
redaktoru və naşiridir. Bu əsərlərdə dil və ədəbiyyat
məsələləri ilə yanaşı, türk
dünyasının modernləşməsi, türklər
arasında yenilikçi fikir cərəyanlarının,
ideoloji və ictimai-siyasi təmayüllərin meydana
çıxması, türk toplumlarının
çağdaş dünya mədəniyyətinə
inteqrasiyası və s. öz əksini tapıb. Onun redaktor və
əsas müəllif kimi Ibrahim Bozyellə əməkdaşlıq
şəraitində müəyyən fasilələrlə 17
il ərzində (1982-1999) nəşr etdiyi “Qardaş ədəbiyyatlar”
dərgisi müasir mərhələdə mədəni-mənəvi
sahədə türk birliyi ideyasına təmənnasız
xidmətin bariz nümunələrindən biri sayıla bilər.
XX
yüzilliyin əvvəllərində Azərbaycanda
yaradıcı ziyalılar, sənət adamları ilə
bağlı müəllifliyi səhv
etmirəmsə, Həsən bəy Zərdabiyə məxsus
olan “mükafatını vicdanından almaq” ifadəsi geniş
yayılmışdı. Həmin dövrdə qəzet-jurnal
redaksiyaları, nəşriyyatlar, teatrlar əsas etibarı ilə
beyni və qəlbi zəngin, fəqət cibi boş ziyalılar
tərəfindən idarə olunurdu. Təbii ki, onlar əksər
hallarda milli mədəniyyət müəssisələrinin
işinə cəlb etdikləri həmkarlarına təlif haqqı - yəni qonorar ödəmək
qüdrətində deyildilər. Amma mükafatlarını
xalq qarşısındakı xidmətlərinə görə
vicdanlarından aldıqlarını düşünən və
bunu ən yüksək, şərəfli “qələm
haqqı” sayanlar heç bir təmənna güdmədən
milli işlərdə yorulmaq bilmədən, təmənna
güdmədən əzmlə
çalışırdılar. Aradan yüz il ötəndən
sonra tarix özünü təkrar edir. Bu gün Azərbaycanda
ədəbiyyata və mədəniyyətə xidmətin
meyarı yenə də ötən əsrin əvvəllərində
olduğu kimi, əsasən “vicdandan alınan mükafatla”
hesablanır. Çağdaş Türkiyədəki vəziyyətlə
tam dəqiqliyi ilə tanış deyiləm. Dəqiq bildiyim
yeganə şey Yavuz Akpınarın da idealist məslək
sahiblərinin çoxu kimi on illər boyu ədəbiyyatdan maddi sərvət
qazanmadığı, sadəcə qüvvəsini,
bacarığını, bir sıra hallarda isə hətta
cibinin parasını əsirgəmədən nəcib mədəni
missiyaya sərf etməsi həqiqətidir.
Amma deməzdim
ki, bu iş tam qazancsız olub. Təbii ki, qazanc da var. Yəni
mənəvi qazanc! Bu, minnətdar oxucuların təşəkkürü,
tələbələrin sevgisi, xalqa öz dil, tarix və mədəniyyətindən
qürur yaşada bilmək xoşbəxtliyi, nəhayət “Mən bacardığı etdim!” -
deyə bilmək əminliyidir.
İnternetdə Yavuz bəylə bağlı axtarış apararkən bu il onun üçün ikiqat yubiley sayıla biləcəyi faktı da ortaya çıxdı. 19 yaşlı tələbənin ilk məqaləsi 1968-ci ildə Karsda nəşr olunan “Haqqın səsi” qəzetində çıxmışdı. Deməli, 70 yaşını başa vuran Yavuz bəy aşağı-yuxarı 50 ildir ki, ümumtürk mədəniyyətinə yorulmaz, təmənnasız xidmətini davam etdirir. Haqq yolu ilə gedir. Haqqın səsini insanlara çatdırmağa çalışır. Yolunuz açıq olsun, səsiniz həmişəki kimi gur eşidilsin, əziz dostumuz! Həmişə iş başında!
Budapeşt
525-ci qəzet.-2017.-16 dekabr.-S.18.