Ramiz MƏMMƏDZADƏ
BEŞİK HİMNİ
Sən oyaqsan beşiyində
oyaq da qal!
Hücum
əmrin eşitmədin
boy at, ucal!
Beşiyinin dəmirindən
Güllə düzəlt, qılınc
eylə!
Döyüşlərin, vuruşların
Qarşıdadır sənin hələ...
Sən adını tarixlərin
Qızıl qanlı gününə
yaz!
Düşmənin var, ayaqda dur,
Sən oyaq ol,
yatmaq olmaz!
Qurban olum, mənim oğlum,
mənim balam!
Sən əsgər ol, səfərbər ol,
kiçik qalam!
Sən oyaqsan beşiyində
oyaq da qal!
Hücum
əmrin eşitmədin,
boy at, ucal?!
Hələ toyu çalınmamış
Gör nə qədər şəhidlər
var.
Qələbələr hücumdadır
Hər addımda
igidlər var.
Azərbaycan heç bir zaman
Qarabağsız qala bilməz.
İgidlərin baş qoyduğu
Anam torpaq
sola bilməz.
Beşikdən düş, tüfəng
götür,
söz sənindir!
Düşmənin var, düşməninə
zərbə endir!
Qurban olum, mənim oğlum,
mənim balam!
Sən əsgər ol, səfərbər ol,
kiçik qalam!
YAŞAMAQ OLMAZ
Respublikanın Əməkdar müəllimi
hörmətli Səlim
Əzimova müraciətlə
yazılmış şeir
Hanı,
söz tapmıram sapa düzməyə,
Nəyə “əyri” deyim,
deyim “düz” nəyə?
Elə ağrılar var ona dözməyə
Dağlar
güc göstərsə,
dağdan dağ olmaz.
Taleyim ləkəsiz, ağ
buluddan ağ.
Gecələr yolumda hər ulduz-çıraq.
Uzaqdan görünən üfüqlərə
bax,
Şəfəqlər tərtəmiz,
bir yamaq olmaz.
Ömrümüz haçansa yetəsi
sona...
İstər yüzü adla,
istər min sana...
Bir dəfə verilir həyat insana
Bu ömrü Şuşasız
yaşamaq olmaz!!!
“AĞDAMIN BAMƏZƏ ADAMLARI”
SİLSİLƏSİNDƏN
I. “DƏLİ” DİLBƏR
Günlərin bir günü,
bir yay səhəri
“Dəli” Dilbəri
maşına basıb
Başqa
bir şəhərə
-
dəlixanaya apardılar...
Yolda Dilbər
çəmkirdi onların
üzünə:
“- gedirsən, ya getmirsən
soruşmazlar adamdan?”
...Tez özünü saldı
Baş həkimin otağına
Dedi: “- həkim,
iki dəli gətirmişəm
Ağdamdan”...
II. OXUYAN ELMAN
Ağdamın küçələrini
oxuya-oxuya gəzən
Qonşumuz Elman idi.
Bir gün məni görcək dedi:
- Ramiz, qaqa,
Rus dilini yaman öyrənmişəm,
su kimi içirəm.
Başladı oxumağa:
-”İdi suda” - bura gəl,
“Uxadi” - yeri buradan,
Suya deyirlər - “vada”
Eh, o xoşbəxt günlərdə
Elman vardı dünyada...
Ağ damları ulduz-ulduz
Məkan
vardı dünyada...
III. UZUN ƏBİŞ
Ağdam
bazarında
“Uzun Əbiş” deyilən
bir kişi vardı...
Yay gələndə
yaylağa köçənlərin
inəklərini qatıb
qabağına
pay-piyada
Qarqar çayı boyunca
dağlara aparardı...
Xocalının qənşərindən,
Şuşanın alt tərəfindən,
Zarıslının ortasından
keçib gedərdi.
Dərələrin
yarpızlı sularından
içib gedərdi...
Caydaq ayaqlarına
yaşıl kələf
kimi
Doluyardı yolları...
Qalxardı Turşsuya,
Sarıbabaya sarı
Bax, elə beləcə də
Yaddaşımda donub qalıb
Uzun Əbiş:
Çantası çiynində,
çomağı əlində,
“Ohoo!” “Ohoo!” kəlmələri
dilində
Ağdam-Turşsu yolunda...
GÜNAHSIZ
Hakim
eynəyinin altından
“Müttəhimi” süzdü
və dedi: “...boş sözdür,
Guya sən şəhərdə
olmamısan,
Filankəs öldürülən gecə?
Bəs onu kim öldürdü,
axı necə?..
Ona neçə
yol zəng etmisən?
hə, bəlkə
Dostunun canını alıb
sonra şəhərdən
rədd olub getmisən...
“Məhkum” dik qalxıb ayağa
bağırdı:
Hakim, Allahın olsun,
Nə
dost öldürmək, filan,
Bu sözlər tamam yalan,
Mən sadiq olmuşam
Dostluğa həmişə.
Mən heç toyuq başı da
kəsməmişəm...
Əsiri
deyiləm
dövlətin, varın,
Mən qatil deyiləm,
Qatili axtarın!
Hakim onu eşitmirdi...
Fikri-xəyalı
ala buludlardaydı:
“İndi yaydı,
“Sarı qaya”, təzə kütüm,
sərin pivə.
Başı xarablar gedər
evə,
bağ sərindi...
Bu avaraya da
gərək iş kəsim indi...”
və iş də kəsdi...
Sən də “müttəhim”, qardaşım
And-aman eləmə
daha bəsdi...
Cəza
evinə gedəndə
Balaların şəklini də
özünlə apar.
Bəlkə sualları var...
“Nadzor”u da razı
sal ki,
Hərdən arvadını yuxuda
görə biləsən...
Həm də məsləhətdi
ki,
Hakimi də, qatili də
yaddaşından siləsən!..
Allaha tapşır onları...
VARLI OLMAQ
“Alimin peşəsi -
Pul əndişəsi”...
professor
Nizaməddin Şəmsizadə
Nə gözəlmiş varlı
olmaq,
mənzilin rahat:
- qonaq otağı,
ayrı, yataq otağı, ayrı,
uşaq otağı, ayrı.
Mən hələ heç demirəm
yay otağı, qış otağı,..
yazı-pozu adamına
iş otağı...
Göylərin yaxasına açılan
pəncərəsi,
Qaratoyuğun budaqlardan tökülən
şipşirin səsi...
Qucağı havalı eyvanın,
Beləcə, dincələ canın...
Avqustun qaynarında
Maşınına oturub
dağlara şütüyəsən...
Göyçayın nar çiçəyi rəngində
çayın içəsən,
Göygöldə moruq yeyəsən...
Bir şərtlə ki,
Nizam-tərəzini pozmayasan.
Özündən hoqqa çıxarıb,
Yolundan azmayasan...
İlahi,
sən ki, bu qədər
adilsən, qadirsən,
Əzəmətli, səxavətli,
Bu qədər möhtəşəm,
qüdrətlisən,
Hər şey sənin əlindədir!
Mənə də bir diqqət elə,
Adam kimi yaşayım...
Qoy desinlər varlanıb,
Varlılara oxşayım.
Mən də sənin bəndənəm axı...
Varlı
olmaq
nə gözəlmiş,
İlahi!
Üzü qara olsun
kasıbçılığın!..
MÜRGÜLÜ ADAM
Vallahi, axşam, səhər
onu elə
mürgü vuran gördülər...
Məəttəl qalası işdi,
günlər keçdi,
Mürgüləyə-mürgüləyə
iməklədi,
Elə bil anası onu
mürgülərə bələdi...
Mürgünün qoluna girib
məktəb yollarında
mürgülədi,
Hamı
gördü ki,
bu uşaq belədi...
Çalğıçılar mürgü vura-vura
onun toyunu çaldılar.
Özünə oxşayan
mürgülü bir qız aldılar...
Balaları oldu
mürgülü-mürgülü...
Fəqət qəti ayılmadı
mürgüdən bu “maygülü”...
Çoxları onu dindirmədi
mürgülədi - deyə
Çiyninə bir paqon da taxdılar
Paqon da başladı
mürgüyə...
...Dünya onun nə vecinə
Həvəsi nə çəmənə,
nə gülədi,
Gün çıxanda
mürgülədi,
Ay batanda
mürgülədi...
Axı niyə ayılsın ki,
Əzəldən fikri belədi:
“Bu dünyanın işlərilə
nə işin,
Sakitəm, dincəm, rahatam”...
Bəlkə də heç
mürgüdən ayılmaq
istəmir
bu adam...
HÜNƏR GÖSTƏR
Gün işığım sözdur
- odur,
Sözdən közə dönər ürək.
Barmaqlarım dəmir oldu
Söz şeirə dönənədək...
Məndən sonra qalan şeir
Məndən kimə nə sözün var?
Mənə oxşar olan şeir
Səndə məndən çox dözüm var.
Mən
- meydanda şansız
çapar,
Yox, heç
mənə oxşama sən.
Ələ düşən səhər
ki, var
Apar, çatır
axşama sən.
Bu dünya bir möcüzədir
Dünya
bəxtəbəxtdi daha...
Bir də görsən salam verən,
Salam alan yoxdu
daha.
Yaşamağın nə mənası?
Yox, qadası,
belə olmaz!
Misralardan
kəndir hörüb
Hünər göstər,
özünü as...
MƏLUM QADINA
Mən sənin şəninə şeir
yazsaydım
Birinci başlardım
baxışlarından.
Bir dəstə bağlardım
tərtəmiz, aydın
Baharın bənzərsiz naxışlarından.
Yuxuda görmüşdüm...
Yuxu çindimi?
Yaxın
dur, danışım,
istəsən sına...
Ağappaq əllərin göyərçindimi,
Uçurub duraydım tamaşasına...
Yollar sənə sarı açıb qolların
Yollar səni
görüb bəxtəvər
olsun.
Keçib əziyyətdən bir
görün barı,
Bildirçin bildirsin xoşxəbər
olsun...
Yay günü buludlar “varam” deyəndə
Dağlarda çətirsiz necə qalarsan...
Göylər ulduz-ulduz çiçəkləyəndə
Bir ulduz qoparıb versəm, alarsan?!
Sən gəzən bağçada
gizlənər güllər
Belə
yaraşığa hanı,
yox əvəz...
Könlündən nə keçər,
tək Allah bilər,
Tanrıya yalvarsan,
Səndən söz deməz...
Mən sənin adına
şeir yazsaydım...
Yox, mənim deyilsən...
Gözlərin aydın...
Şüvəlan, yay 2017
525-ci qəzet.-2017.-16 dekabr.-S.23.