Heykəlin şeiriyyəti
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
Bütün
zamanların ən böyük heykəltəraşlarından
olan Oqüst Roden bu peşənin gənc nümayəndələrinə
müraciətlə vəsiyyət edirdi:
“Gözəlliyə xidmət etmək istəyən gənclər,
bəlkə də siz uzun təcrübənin nəticəsiylə
tanış olmaqdan məmnunluq duyacaqsınız. Sələfləriniz
olmuş ustadlara pərəstişlə yanaşın. Fidiyə və Mikelanjeloya səcdə edin. Birinin ilahi
aydınlığına, digərinin sərt iztirablarına
heyran olun. Amma onları təqlid etməyə
çalışmayın. Ənənələrə
hörmət etməklə onlarda əbədi olan şeyləri
görün - bu isə təbiətə sevgi və səmimiyyətdir.
Bütün dahilər buna can atıblar. Onların hamısı təbiətə valeh idilər
və yalanı yaxın buraxmırdılar. Deməli, ənənələr
əlinizə elə
bir açar verir ki, şablona qapılmayasınız. Yalnız gerçəkliyi əks etdirmək, amma
heç bir Ustadı yamsılamamaq.
Sənətkar
üçün hər şey gözəldir, çünki hər
yerdə, hər varlıqda onun nüfuzedici baxışları xarakteri aşkar edir. Yəni daxili həqiqəti
ki, zahiri görünüşün içindən boylanır.
Bu həqiqət gözəlliyin
özüdür. İşləyin,
bütün varlığınızla işinizə
bağlanın. Heykəl yaradarkən
üzdə olanı düşünməyin, dərinliklərə
varın.
Doğruçu
olun cavanlar! Bu o demək deyil ki, bayağı
şəkildə dəqiq olasınız. Həddən
ziyadə dəqiqlik - fotoqrafiyanın və mulyajın dəqiqliyidir.
Amma sənət yalnız daxili həqiqət
olan yerdə ortaya çıxır. Qoy,
sizin bütün boyalarınız, bütün
formalarınız hisslərinizi ifadə etsin. İctimai
yerlərdə ucaldılmış abidələrdə geyimlərdən, masalardan,
kürsülərdən, maşınlardan, ballonlardan və
teleqraf dirəklərindən başqa heç bir şey
görməyəcəksiniz. Onların daxili həqiqəti
yoxdur. Deməli, sənət də yoxdur
burda. Belə qalaqlardan çəkinin.
Ən yaxşı süjetlər sizə ən yaxşı tanış olanlardır.
Əsl
usta - ətrafa öz gözləriylə baxandır və ən
adi, diqqət çəkməyən şeylərdə
gözəllik tapandır. Pis sənətkarlar
isə ətrafa başqalarının eynəklərindən
baxırlar.
Ədalətsiz tənqiddən qorxmayın. Belə tənqid
dostlarınızın qəzəbinə səbəb olacaq, onları sizə
hayan olmağa təhrik edəcək və sizə olan bu yaxınlıqlarını anladıqca onun səbəblərini
daha dərindən duyacaqlar.
Sənətkar böyük örnəkdir. O, öz peşəsini
ehtirasla sevir, onun ən böyük mükafatı
yaratmağın sevincidir. Təəssüf ki,
bizim zamanədə çoxları öz peşəsinə həqarətlə
baxır, öz işinə nifrət edirlər. Amma dünya o vaxt xoşbəxt olacaq ki, hər bir
insanın qəlbi sənətkar qəlbi olacaq, başqa
cür desək, hər kəs öz əməyində tapacaq
sevincini.
Sənət həqiqi səmimiyyət dərsidir. Əsl sənətkar mövcud olan ehkamları
tapdalayaraq
düşündüyünü ifadə edən
adamdır. Beləliklə, o, başqalarına
da səmimiyyət öyrədir. Təsəvvür edin, insanlar sonacan
doğruçu olsaydılar, biz necə də böyük tərəqqiyə
malik olardıq.
Cəmiyyət
öz səhvlərini, yanlışlıqlarını, yaramaz
işlərini görə bilsəydi və suçlasaydı, qısa bir zamanda dünyamız cənnətə
çevrilərdi”.
Şübhəsiz,
bizim görkəmli heykəltəraşımız Ömər Eldarov Rodenin bu vəsiyyətiylə
tanışdır. Amma bu vəsiyyətin
detallarını nə dərəcədə yadında
saxlamasından asılı olmayaraq bütün zəngin və
çoxyönlü yaradıcılığı ilə
Ö.Eldarov sanki böyük ustadın vəsiyyətini həyata
keçirir.
Fotoqrafiya kəşf olunanacan bir çox heykəllər
fotoqrafik idi. Təbii ki, gözəllik, ahəng və tənasüb
Fidi kimi dahilərin əsərlərini kamil sənət
örnəyi səviyyəsinə qaldırır. Eləcə
də Mikelanjelo
heykəllərinin qüdrəti, əzəməti və
ekspressiyası - onları sənətin
zirvəsində saxlayır. Amma sənət əsərlərinin
sırf bədii və estetik dəyərlərindən
başqa bir mühüm amil də var - Vaxt. Bir dövrdə
klassik sayılan sənər nümunələri başqa dövrdə
arxaik və plagiat, ən azı təkrar kimi qavranıla bilər.
Heykəltəraşlıq sənətinin əvvəlki
dövrlərinə böyük ehtiramla yanaşmaqla bərabər,
Ömər Eldarov tamamilə başqa üslubda işləməyə
başladı və bu üslubun fotoqrafiya və mulyaj dəqiqliyinə
heç bir aidiyyatı yox idi. Öz
yaradıcılığında o, dahi fransızın başqa
bir tövsiyəsinə də sadiq oldu - zahiri formanın içindən
xarakterin daxili mahiyyətini açmaq.
Sənətkarın erkən işlərindən biri “Səadət”
adlanırdı. Bu kompozisiyada biz ananın sifətinin
yarısını görürük, körpəsinin sifətini
isə heç görmürük. Amma əsərin
daxili həqiqəti ondan ibarətdir ki, biz ana məhəbbətini
də hiss edirik, anasının sinəsinə
qısılmış uşağın xoşbəxtliyini də.
Yaxud başqa bir əsər. Özü də bu əsər elə bir dövrdə
yaranmışdı ki, əmək adamlarının təmtəraqlı,
patetik portretlərini yaratmaq dəb idi. “Neftçilər”
kompozisiyasında plaşa bürünmüş iki fiqurdan
başqa, küləyin təsviri də var. Neftçilərdən
biri yoldaşının papirosunu odlayarkən alovu küləkdən
qoruyur.
Bakıda görkəmli heykəltəraş Fuad
Əbdürrəhmanovun, Leninqradda sovet sənətinin
tanınmış ustalarının tələbəsi
olmuş Ömər Eldarov onların yaradıcılıq
prinsiplərinə hörmətlə yanaşaraq, öz fərqli
yoluyla getməyə başladı (Rodenin vəsiyyətini bir
daha xatırlayaq).
Bəstəkarların, rəssamların
yaradıcılığından yazarkən həmişə
qeyd edirəm ki, musiqişünas ya sənətşünas təhlili
aparacağıma iddiam yoxdur. Mən bu sənətkarlar
haqqında yazıçı kimi yazıram və ona görə
də mətnlərimdə ədəbi assosiasiyalar təbiidir.
Ədəbi janrlarla tutuşduraraq mən Fuad Əbdürrəhmanov
və Cəlal Qaryağdı kimi görkəmli heykəltəraşlarımızı
bu sənətin nasirləri-romançıları kimi görürəm - təfərrüatın,
ayrıntıların bolluğu, miqyasın iriliyi cəhətdən.
Ömər Eldarov isə mənim fikrimcə, heykəl sənətinin
şairidir. Sənətkarın
xislətində olan bu şairanəlik mövzularından
asılı olmayaraq, ustanın bütün əsərlərində
aydın görünür. Akademik Zərifə
Əliyevanın və ərəbşünas alim Aida
xanımın heykəlləri lirizmi və şairanəliyiylə
fərqlənir. Zərifə xanımın heykəlinin ədəbi
terminlə “Elegiya”
adlanması təsadüfi
deyil.
Şairlərin,
dramaturqların, nasirlərin - Natəvanın, Cavidin,
Süleyman Rəhimovun, Süleyman Rüstəmin abidələri
Ömər Eldarovun bu sənətkarların daxili aləminə
dərindən nüfuz etməsini göstərir. Qarabağ
xanının qızı, şairə və rəssam
Xurşidbanu Natəvan (Xanqızı) oğul itkisinin faciəsini
yaşamış və bu ovunmaz dərdini kədərli
şeirlərində ifadə etmişdir. Ömər
Eldarovun yaratdığı Natəvan obrazı zəngin ömür yolunun
bütün bu cəhətlərini ehtiva etmişdir. Qürurlu zadəgan qadının oturuşu və kədərli
xəyallara dalmış şairə-ana. “Elegiya” heykəlində
olduğu kimi, Natəvan abidəsində da paltarın
qırışları belə ifadəlidir. Süleyman Rəhimovun
qəbrüstü abidəsinə bu yazıçının
monumentallığa meyli hiss olunur, Süleyman Rüstəmin
abidəsində isə həyatda olduğu kimi şairin
zarafatcıllığı, duzlu yumoru sezilir. Şıxəlı
Qurbanovun abidəsi isə tamam başqa şəkildə - romantik üslubda işlənilib.
Yazıçıların
və ümumiyyətlə, yaradıcı insanların abidələrini
işlərkən
Ömər Eldarova xas olan bir cəhət məni
xüsusi cəlb edir. Bir çox hallarda müəyyən sənətkara
həsr olunmuş kompozisiyalarına o, həmin sənətkarın
yaratdığı
obrazları, personajları da daxil edir. Bu təşəbbüsün
ilk örnəklərindən biri Füzuli abidəsinin pyedestalında şairin qəhrəmanlarının
Məcnun və Leylinin qaratmalarının əks
olunmasıdır. (Bu abidə Ömər Eldarovla Tokay Məmmədovun
birgə yaratdıqları əsərdir). Hüseyn
Cavid abidəsinin həlli də orijinal və maraqlıdır
(memarları R.Əliyev və Y.Qədimov). Heykəlin başı üstündə halə kimi
görünən arkada böyük dramaturqun personajları təsvir
olunub. Dramaturqun heykəli və səma
arasında bu çoxfiqurlu arka sanki Cavid
yaradıcılığına xas olan sehri və mistisizmi ifadə
edir.
Ömər
Eldarov Düşənbədə tacik ədəbiyyatının
klassiki Sədrəddin Ayniyə həsr olunmuş
kompozisiyanın da müəllifidir (Bu əsər 1980-ci ildə SSRİ
Dövlət mükafatına layiq görülüb). Burda da eyni prinsip əsas götürülüb.
Meydanın mərkəzində
yazıçının öz abidəsiylə yanaşı,
onun əsərlərinin qəhrəmanlarını da
görürük. “Qurtuluş” adlanan bu kompozisiya yalnız ədəbi
süjetləri deyil, Orta Asiya ərazisində baş verən
tarixi hadisələri də canlandırır.
Mövzunun bu cür həlli mənə yaxındır,
çünki sənətin başqa bir növündə -
kinoda mən eyni üsuldan istifadə etmişəm. Quruluşçu rejissor kimi
öz ssenarilərim əsasında çəkdiyim filmlərdə
- “Üzeyir ömrü”, M.C.Məmmədquluzadəylə
bağlı “Qəm pəncərəsi”
filmlərimdə, eləcə də
ssenarim əsasında Ramiz Həsənoğlunun çəkdiyi
“Cavid ömrü” filmində
eyni prinsipdən istifadə olunur: Üzeyir Hacıbəylinin,
Mirzə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin
öz obrazları onların yaratdıqları süjetlərlə
və personajlarla bağlanır. Mənə elə gəlir
ki, sənətkarın canlı obrazı onun yaratdıqlarının, təsvir
etdiyi mühitin və
personajların əhatəsində daha dolğun əks oluna
bilər.
Aydındır
ki, bu prinsip - müəlliflə yaratdığı personajların vəhdəti heykəltəraşlıqda fərqli şəkildə meydana
çıxır. Ömər Eldarovun Əzim Əzimzadəyə
həsr olunmuş kompozisiyası da belə həll olunub: rəssamın
öz büstü və yanındakı hücrələrdə
çəkdiyi karikatürlərin personajları.
Bəlkə də bu fikrim mübahisə doğuracaq. Amma mənə elə gəlir
ki, Ö.Eldarovun iki şedevri - Əmircanda Səttar Bəhlulzadənin
qəbirüstü abidəsi və Bakıda Fəxri xiyabanda Niyazinin heykəlləri
də müəyyən dərəcədə bu prinsipə əsaslanır.
Fikrimi aydınlaşdırım. Səttar Bəhlulzadə misilsiz peyzajlar müəllifidir.
Və onun abidəsi elə qurulub ki, əlindəki
çərçivədən də canlı bir peyzaj -
Bülbülə gölünün mənzərəsi
açılır. Günün müxtəlif məqamlarında
- səhər, gündüz, axşam, gecə bu real peyzaj fərqli
işıqlanaraq rəngdən rəngə düşür, -
beləliklə, Azərbaycan təbiətinin Səttar
nağılı canlı bir örnəklə də zənginləşir.
Yaxud Niyazinin Fəxri xiyabandakı abidəsinə baxaq. Görkəmli
musiqiçi yağlı boyayla çəkilmiş portretlərində
dirijor çubuğuyla təsvir olunur. Amma bu statik, hərəkətsiz
kadrdır - bir anın fotosudur, bu, Niyazinin unikal sənəti
haqqında yox, görkəmi haqqında məlumat verir bizə.
Triptix janrından istifadə edərək Ömər Eldarov qeyri-adi
effekt yaradır. Dirijor hərəkətinin
müxtəlif fazalarını görərək nəinki hərəkəti,
dinamikanı hiss edirik, sanki müxtəlif musiqi
parçalarını belə eşidirik. Bu yerdə
Rodenin daha bir müdrik fikri yada düşür: Hərəkət
bir pozadan başqasına keçiddir. Sənətkar
haqlıdır, fotoqraf yox. Ona görə
ki, real həyatda hərəkət dayanmır. Əgər
sənətkar
davam edən hərəkəti ifadə edə
bilibsə, belə bir əsər daha
inandırıcıdır, nəinki vaxtın axarını
donduran foto.
Yeri gəlmişkən, bir məsələ barəsində
də. Fəxri xiyabandakı Niyazi abidəsinin sürətini
başqa bir yerdə də tutalım, ömrü boyu
çalışdığı Filarmoniyanın
yanındakı bağda qoysaydılar, nə yaxşı
olardı. Səttar Bəhlulzadənin Əmircandakı
heykəli də Bakının sahil bağında gözəl
görünərdi, çərçivəni dənizin
mavisi, ağacların, çəmənlərin
yaşılı doldurardı.
Bir mülahizəmi də ifadə etmək istəyirəm,
halbuki bilirəm çoxları, o cümlədən, heykəltəraşın
özü də bununla razılaşmayacaq. Məsələ ondadır
ki, Natəvan
heykəlinin qoyulduğu yeri uğurlu saymıram, bu barədə
Ömər müəllimin özünə deyəndə qəti şəkildə
razılaşmadı. Ömər Eldarov albomuna dəyərli mətn yazmış akademik
Çingiz Qacar qeyd edir:
“Ampir
kresloda əyləşmiş zəngin geyimli zadəgan xanımı
qalabalıq yerdə yerləşdirmək çətin
məsələ idi. Fəqət bunun da təbii
həlli tapıldı. Bakıya gəlmiş görkəmli
heykəltəraşlar Anikuşkin, Tomski, Tsıqal, Kerbel həm
heykəlin özünü, həm də ona ayrılmış yeri
çox bəyəndilər. Abidə öz tənasübləri ilə nəinki ətraf fəzaya
ideal uyğun gəldi, həm də bu məkanı yüksək
zövq və ahəng rəmzi kimi bəzədi. İndi bu meydança bu qadın heykəli olmadan təsəvvür
edilmir. Natəvan buranın qəlbi oldu”.
Çox nüfuzlu sənətkarların çox mötəbər rəyiylə də, Çingiz müəllimin poetik yozumuyla da razılaşa bilmirəm. Əlbəttə, heykəlin böyük dəyəri, unikal plastikası ən yüksək təriflərə layiqdi, amma qoyulduğu yer...Mənə elə gəlir ki, kədərli düşüncələrə dalmış Natəvan bu tünlük keçiddə (bura meydança yox, məhz keçiddir) özünü narahat hiss edir. Kinoteatr qarşısındakı bu qaynar yerin gediş-gəlişi şairəni fikirlərindən ayırır sanki. Ciddi danışmalı olsaq, onu da yada salmalıyıq ki yaxın bir ərazidə Natəvanın iki heykəli qoyulub. “Azərbaycan” kinoteatrının qarşısında əyləşib, Nizami muzeyinin fasadında ayaq üstə durub. Aralarında məsafə bir neçə metrdir. Ömər Eldarovun bu gözəl əsəri füsünkar bir parkda, doğma Şuşanı xatırladan peyzajın fonunda qoyulsaydı, daha ifadəli görünərdi. Belə bir abidənin qarşısında bir skamyada oturmaq, fikrə dalıb uzun zaman onu seyr etmək istəyirsən. Ya ən azı bir neçə an bu heykəlin qabağında durub ona diqqətlə baxmaq... Kinoteatra girib çıxan, harasa tələsən adamların arasında dayanıb uzun-uzun heykələ seyr etsən, sənə qəribə adam kimi baxarlar.
Bağışlayın hörmətli Ömər müəllim. Sizin bu nadir sənət əsəriniz qarşısında səcdə edilməsi üçün, onun aurasıyla yaşamaqçün başqa bir məkana ehtiyacı var.
Ö.Eldarovun işləri yalnız plastik keyfiyyətləriylə deyil, kompozisiya quruluşu etibarıyla da orijinaldır. Fəxri xiyabanda akademik Həsən Əliyevin heykəli birbaşa torpağın üzərində dayanıb. Ömrünü təbiət qayğısına, torpaq elminə həsr etmiş akademik sanki torpaqla vəhdətdədir. Heykəlin adi, insani ölçüləri, pyedestalsız ucaldılması sanki insanlara yanaşıb alimlə əl tutmağa sövq edir.
Ö.Eldarovun bəzi işləri teatr mizan səhnələrini xatırladır. Məsələn, “Bacılar” kompozisiyası. Bacılar - heykəltəraşın qızları Lala və Kamadır. Ömər Eldarov nə yazıq ki, çox gənc yaşında dünyadan gedən oğlu Müslümün daxilən işıqlı, ilhamlı obrazını xüsusi sevgiylə yaratmışdır.
“İlin fəsilləri” kompozisiyasında heykəltaraş öz ailə üzvlərinin surətlərini canlandırır. Yenə də Rodenin sözlərini xatırlamalı olursan: “Ən yaxşı süjetlər, bizə ən yaxından tanış olanlardır”.
Ö.Eldarovun əsərləri Azərbaycanın hüdudlarını aşmışdır. Onlar keçmiş SSRİ-nin və onun xaricindəki bir çox şəhərlərin meydanlarını bəzəyir. Düşənbədə İbn Sinanın, Ankarada İhsan Doğramaçının heykəlləri xüsusi dəyərləndirilməlidir.
Ömər müəllimlə çoxdan tanışam, onunla birgə xarici səfərlərə çıxmışıq, bir neçə dəfə emalatxanasında olmuşam. Emalatxanasına son gəlişim zamanı Cənubi Koreya üçün hazırlanmış “Parçalanmış ölkə” heykəlinin maketi diqqətimi çəkdi. (Məlum olduğu kimi, 38-ci paralel bu ölkəni iki hissəyə - Şimali və Cənubi Koreyaya ayırıb.
- Bu, həm də Azərbaycanın rəmzidir - dedim.
On il ərzində Milli Məclisdə rəhbərlik etdiyim Mədəniyyət komissiyasında Ömər müəllimlə birlikdə çalışdıq, onun vətəndaşlıq keyfiyyətlərinə daha yaxından bələd oldum. Mədəniyyətin müxtəlif sahələri üzrə qanunların hazırlanmasında fəal iştirak edir, səmərəli təkliflər irəli sürürdü.
Ömər Eldarovun çoxtərəfli şəxsiyyətinin daha bir tərəfiylə mənə bağışladığı albomu vasitəsiylə tanış oldum. Nəfis illüstrasiyalarla süslənmiş albom Ömər müəllimin Ön sözüylə açılır. Bu mətn yalnız sənətkarın ədəbi istedadını, müşahidə qabiliyyətini, üslub ustalığını göstərmir, eyni zamanda, müəllifin zərif, həssas qəlb xüsusiyyətlərini də açır.
Ö.Eldarov yazır:
“Çox şey, bəlkə də hər şey arxada qalanda həyatında ən əziz olanı xatırlayırsan və belə bir fikrə gəlirsən ki, bu - uşaqlıq illəridir. Yəqin ki, çoxlarıyçün uşaqlıq ömrün ən xoşbəxt vaxtıdır. Uşaqlığınızın hansı şəraitdə keçməsi əsas deyil - yoxsulluq içində keçən, ya təmin olunmuş həyat-uşaqçün önəmli olan bu deyil. O, hələ heç bu fərqi də dərk etmir. Varlı, ya kasıb doğma ev onunçün ən dəbdəbəli imarətlərdən, saraylardan daha əzizdir. Doğma ev - dünyanın elə bir parçasıdır ki, o uzaq və uzun illərdə onu heç nə əvəz edə bilməzdi. Uşaqlığın hər ili - bütöv bir həyatdır, böyük və parlaq bir dövrdür. Bu çox əhəmiyyətli və dərindir”.
Bu dünyaduyumu mənə də çox məhrəmdir. Özəlliklə yaşımın ahıl çağında.
Doğma şəhəri Dərbəndi - onun üzüm bağlarını, böyük məzarlıqlarını (bunu mən də təsdiq edə bilərəm), Ömər müəllimin rəyincə, Böyük Çin səddindən sonra ən böyük hasar olan qala divarlarını təsvir edib mətni bu nostalji ifadələrlə tamamlayır:
“Elə hadisələr var ki, yaddaşa əbədilik həkk olur. Atamın aqranom işlədiyi Dağıstanın Vəlikəndində bir dəfə vurulub küçədə yerə sərilmiş qaranquşu gördüm. Bu qaranquş sonralar dəfələrlə yuxuma girirdi. Ona çox yazığım gəlirdi. Heç cür başa düşə bilmirdim ki, belə gözəl quşa kim qıyıb, bu gözəlliyi nə səbədən məhv ediblər”
Bu son cümlədə heykəltəraşın həyat məramı ifadə olunub: nə uşaqlığında, nə də yaşlı vaxtında gözəlliyin məhv edilməsiylə heç cür barışa bilmir.
Müxtəlif dövrləri yaşamış çoxları kimi Ömər Eldarov da çağdaş sənət həyatımızın bəzi cəhətlərini, əxlaq aşınmasını, bədii zövqün bayağılaşdırılmasını qəbul etmir. Və xilası yalnız işləməkdə görür. Ömər Eldarov bu cəhətdən də mənə yaxındır.
İşləmək, yalnız iş, əmək... Bu böyük həqiqəti bir dəfəlik qəbul edən Ömər Eldarov ömrünün bu ahıl çağında belə yorulmadan, usanmadan, bıqıb bezmədən işləyir. Dünyaya gözəllik bəxş etmək üçün. O gözəlliyi ki, onu məhv etmək mümkün deyil.
Bir kərə də, son dəfə - yenə Rodeni xatırlayaq: “Bütün varlığınızı işə bəxş edərək işləyin”.
Bu müdrik kəlama, öz sözlərimi də əlavə edim: “İşləmək həsrətdən xilas olmaqdır”.
525-ci qəzet.-2017.-16 dekabr.-S.11;13.