Maarifçilik və realizm
DÖVRLƏŞMƏ
KONSEPSİYASI VƏ İNKİŞAF
MƏRHƏLƏLƏRİ
İsa HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
Azərbaycan ədəbiyyatı tarixində XIX əsr ədəbiyyatı
müstəsna dərəcədə əhəmiyyətli yer
tutur. Bu, Azərbaycan ədəbiyyatının
bütün tarixi ərzində tamam yeni keyfiyyətlərə
malik olan ədəbiyyat idi.
Dövrün
əsas aparıcı istiqamətini maarifçilik hərəkatı
müəyyən etdiyi üçün ədəbiyyatda da
maarifçi ideyalar əvvəlki əsrlərin heç birində
ədəbi-ictimai fikrə bu qədər geniş şəkildə
hakim ola bilməmişdir. Azərbaycanın
çar Rusiyası tərəfindən işğalı
ölkənin müstəqillik uğrunda mübarizə əzmini
qırsa da, eyni zamanda maarifçilik baxımından xalqı
sürətlə qabağa aparmağa şərait
yaratmışdır. Artıq Qərb
maarifçiliyi üstündə köklənmiş Rusiya
İmperiyasının tərkibində fəaliyyət göstərməli
olan Azərbaycan maarifçi mühitin ab-havasında
yaşamağa başlamışdı. Azərbaycan
cəmiyyətinin yaxından bağlı olduğu Türkiyədə
də bu dövrə artıq “Qərb həyatının
ünsürləri təqlid və ya moda şəklində
gündəlik həyata girmişdir” (Əhməd Həmdi
Tanpınar. XIX əsr Türk ədəbiyyatı
tarixi. Türkiyə, İstanbul, Yapı
kredi yayınları, 2006, səh.128). Beləliklə,
Qərb maarifçiliyi XIX əsr Azərbaycanı
üçün əsas ideya və hədəfə
çevrilmişdir. Və cəmiyyət həyatının
bütün sahələrini hərəkətə gətirən
maarifçi ideyalar Azərbaycan ədəbiyyatının da əsas
mahiyyətini təşkil edirdi. XIX əsrdə
dövrün ən mühüm ideyası (bəlkə də
ideologiyası - İ.H.) maarifçilik, ədəbiyyatın
isə əsas inkişaf istiqaməti maarifçi realizm idi.
Buna baxmayaraq, XX əsrin altmışıncı illərinə
qədərki ədəbiyyatşünaslıq əsərlərində
Azərbaycan ədəbiyyatının bu tarixi mərhələsi
bir qayda olaraq tənqidi realizm dövrü kimi səciyyələndirilmişdir. XIX əsrə aid mötəbər
ali məktəb dərsliklərinin birində
həmin dövrdə yaşayan yazıçı və
şairlərin demək olar ki, hamısı tənqidi realizmə
aid sənətkarlar hesab edilirdi: “M.F.Axundov simasında yaranan
yeni Azərbaycan ədəbiyyatının qazandığı
ən böyük nailiyyət onun tənqidi realizmə
yaradıcılıq yolu kimi yiyələnməsi idi... A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir və
başqalarının yaradıcılığında
inkişaf etdirilən tənqidi realizm M.F.Axundovun simasında
kamala çatdı, ədəbi cərəyan və
yaradıcılıq metoduna çevrildi” (Feyzulla Qasımzadə.
XIX əsr Azərbaycan ədəbiyyatı.
Bakı, “Maarif”, 1966, səh.234-237).
XX əsrin yetmişinci illərinə qədərki ədəbiyyatşünaslıqda
bu qəbildən olan fikirlər normal hal kimi qəbul
olunmuşdu. Bu, o dövr idi ki, ədəbiyyatşünaslıqda
realizmin ədəbi cərəyan olaraq yalnız iki mərhələsi
- tənqidi realizm və sosialist realizmi anlayışları
elmi cəhətdən qəbul olunurdu. O zamankı ədəbiyyatşünaslıq
elminin qənaətinə görə, sovet hakimiyyətindən əvvəlki
dövrlərin realizmi bir qayda olaraq tənqidi realizm hesab
olunurdu. Bu, bütövlükdə
keçmiş sovet ədəbiyyatşünaslıq elminin gəldiyi
ümumi qənaət idi. Sovet ədəbiyyatşünaslığı,
o cümlədən də Azərbaycan ədəbiyyatşünaslıq
elmi belə bir fikri diqqət mərkəzinə çəkmişdi
ki, XVIII-XIX əsrlərin və XX əsrin əvvəllərinin
ədəbiyyatında həmin dövrlərin Azərbaycan cəmiyyəti
geridə qalmış, qaranlıq və cəhalət
içində olan bir mərhələ kimi təqdim
edilmişdir. Ona görə də elmi-ictimai
fikirdə sovet quruluşuna qədər olan ədəbiyyatdakı
tənqidi motivlər daha da qabardılır,
yazıçıların cəmiyyət həyatına sərt
münasibətləri tənqidi realizm kimi izah edilirdi.
Ədəbiyyatşünaslıq əsərində və dərsliklərdə
sovet hakimiyyətindən əvvəl
yaşayıb-yaratmış yazıçı və şairlər
yaşadıqları dövrü bu və ya digər şəkildə
tənqid etdikləri üçün mütərəqqi sənətkarlar
adlandırılırdı. Əksinə, tənqid
ruhu az olan və ya dövrə müsbət
yanaşan qələm sahibləri isə “dövrü idealizə
edən” sənət adamları hesab olunur və onların
adlarının ədəbiyyat tarixindəki icmallarda çəkilməsi
ilə kifayətlənilirdi. Bütün bunlar bədii
ədəbiyyat vasitəsi ilə sosializm cəmiyyətinin
üstünlüklərinin müqayisəli şəkildə
cəmiyyətə təqdim olunmasına hesablanmış
ideoloji prinsiplər idi. Yalnız XX əsrin
altmışıncı illərindən sonra realizmə
birtipli yanaşmalara, yaxud iki qütblü (tənqidi realizm və
sosialist realizmi) münasibətə dair anlayışlar tədricən
aradan qalxmağa başlamışdır. Xüsusən,
keçmiş ümumittifaq miqyasında XX əsrin
altmışıncı illərində keçirilmiş
realizm müşavilərində bu ədəbi cərəyana
aid daha bir yaradıcılıq tipi-maarifçi realizm metodu
haqqında da çağırışlar meydana
çıxmışdır. XX əsrin əvvəllərinə
aid edilən “realist-maarifpərvər ədəbiyyatın” hələ
XIX əsrdən etibarən mövcud olması və
başlanmış prosesin yeni tarixi şəraitdə
yaradıcılıqla davam etdirilməsi barədə də elmi-nəzəri fikirlər həmin
vaxtda elmi mühitdə ilk dəfə olaraq özünə
yer tutmağa başlamışdır. Bundan
başqa, sovet ədəbiyyatşünaslığının
hakim ideologiyaya xidmət edən əsas təmsilçilərinin
SSRİ-də yaşayan bir çox türk-müsəlman
xalqlarının ədəbiyyatında ümumiyyətlə,
realizm mərhələsinin olmamasına dair
formalaşdırdıqları ideoloji təsəvvürlərə
qarşı çıxışlar səslənmiş,
müəyyən fərziyyələr, real nəzəriyyələr
irəli sürülmüşdür. Azərbaycan
ədəbiyyatşünaslıq elmində realizmin
inkişafı mərhələləri haqqında ilk sistemli nəzəri
təsnifat da (Yaşar Qarayev. Realizm: sənət və həqiqət
(Azərbaycan realizminin inkişaf mərhələləri. Bakı, “Elm”, 1980), keçmiş sovet Şərqi
xalqlarının ədəbiyyatında realizm məsələsinin
dərin elmi şərhi də (Arif Hacıyev. Azərbaycan realizmi. Bakı,
“Yazıçı”, 1984; Sovet Şərqi xalqlarının ədəbiyyatında
realizm. Bakı, “Yazıçı”,1978)
həmin tarixi dövrün yaradıcılıq müzakirələrinin
dalğasında meydana gəlmişdir. Beləliklə,
artıq ədəbiyyatın xarakteri nəzərə
alınmaqla XX əsrin altmış-yetmişinci illərindən
XIX əsr Azərbaycan ədəbiyyatında tənqidi realizm
yox, maarifçi realizmin mövcudluğu qəbul olunmuşdur.
Hətta bədii metod baxımından XIX əsrin
başlanğıc dövrlərinin ədəbiyyatının
didaktik realizm istiqamətində inkişaf etməsinə dair
ideyalar nəzərə çarpmışdır (Arif
Hacıyev. Azərbaycan realizmi. Bakı, “Yazıçı”, 1984, səh.25-57).
Lakin yenə də uzun müddət XIX əsrdə
yaşayıb-yaratmış yazıçı və şairlər
iki qütbə ayrılmış, Abbasqulu ağa Bakıxanov
(1794-1847), Mirzə Şəfi Vazeh (1794-1857), İsmayıl bəy
Qutqaşınlı (1806-1861) maarifçi realist, Mirzə Fətəli
Axundzadə (1812-1878), Qasım bəy Zakir (1784-1857), Seyid
Əzim Şirvani (1835-1888), Nəcəf bəy Vəzirov
(1854-1926) və başqaları tənqidi realist
yazıçılar hesab olunmuşdur. Azərbaycan realizminin
inkişaf mərhələləri haqqında dəqiq və
konkret konseptual nəzəri qənaətləri ifadə edən
sanballı elmi tədqiqatların mövcud olmasına
baxmayaraq, bədii metod baxımından XIX əsr Azərbaycan ədəbiyyatına
ikili münasibət
hələ də müəyyən səviyyədə
yanaşı olaraq yaşamaqdadır. Bununla belə, artıq ədəbiyyatşünaslıqla
bərabər tarix, fəlsəfə, kulturologiya, pedaqogika və
digər elm sahələrində də XIX əsrdə Azərbaycanda
maarifçi ideyaların və hərəkatın genişlənməsindən,
məktəb, teatr və mətbuat hərəkatından daha
geniş şəkildə bəhs olunur. Elmi
fikir geniş müstəvidə XIX yüzilliyi maarifçilik
əsri kimi qəbul edir. XIX əsr həqiqətən
də Azərbaycanda maarifçiliyin bütün istiqamətlər
üzrə formalaşdığı və hərəkat səviyyəsində
inkişaf etdiyi tarixi bir mərhələdir. Bu dövrdə Azərbaycanda maarifçiliyin əsas
dayaqlarından olan ədəbiyyatda maarifçi ideyalar
qüvvətlənmiş, cəmiyyəti geri çəkən
meyllər tənqid edilmiş, yeniləşmə zərurəti
qəti olaraq meydana qoyulmuşdur. Eyni zamanda, XIX əsrdə
Azərbaycanda ilk dəfə olaraq 1873-cü ildə milli
teatrın yaranması və genişlənməsi xalqın
maariflənməsi, yeniləşmənin əhəmiyyətinin
təbliğ edilməsi üçün təsirli bir xitabət
kürsüsünün açılmasına səbəb
olmuşdur. Eyni zamanda, 1875-ci ildə milli mətbuatın
bünövrəsi olan
“Əkinçi” qəzetinin nəşrə
başlaması, ardınca “Kəşkül”, “Ziya”,
“Ziyayi-Qafqaziyyə” kimi mətbuat orqanlarının meydana gəlməsi
cəmiyyət həyatında maarifçilik hərəkatının
inkişafında böyük rol oynamışdır. Teatr və mətbuat maarifçilik
ideyalarının əsas xitabət kürsüsü və hərəkətverici
qüvvəsi funksiyasını uğurla həyata
keçirmişdir. Bundan başqa, ölkədə XIX əsrin
30-cu illərindən etibarən yaranmağa başlamış
rusdilli dünyəvi məktəblərin həmin əsrin
yetmişinci illərindən sonra tədricən milli məktəblərə
çevrilməsi prosesinin getməsi, məktəblərdə
ana dili və ədəbiyyatın öyrənilməsi, ilk dərsliklərin
yaranması, əlifba islahatlarının meydana
çıxması maarifçilik hərəkatının
inkişafında ciddi təsir göstərmişdir.
Nəticədə, XIX əsrin ikinci yarısından
etibarən Azərbaycanda maarifçilik milli ideyadan
böyük hərəkat səviyyəsinə
qalxmışdır. Heç şübhəsiz, bütün bunlar Azərbaycan
ədəbiyyatının yeni ideyalarla və dövrün ərsəyə
gətirdiyi fərqli obrazlarla zənginləşməsində
əsas rol oynamışdır. Abbasqulu ağa Bakıxanov,
Mirzə Şəfi Vazeh, İsmayıl bəy
Qutqaşınlı kimi yazıçı və şairlər
xalqa maarifçi ideyalarla xitab etmiş, ümumi şəkildə
olsa da, ağıl, kamal, elm, bilik, milli-mənəvi
özünüdərk anlayışlarını gündəmə
gətirmişlər. Maarifçilik ideya kimi ədəbi
fikrin əsas, aparıcı mövzusu olmağa
başlamışdır. XIX əsrin
ortalarına doğru Azərbaycan ədəbiyyatında
artıq milli-mənəvi oyanışa
çağırışlar səslənməyə
başlamışdır. Cəmiyyətdə
və ədəbiyyatda mövcud qaydalarla yanaşmağın
çətinlikləri diqqət mərkəzinə çəkilmişdir.
Mirzə Fətəli Axundzadənin
“Aldanmış kəvakib” (1857) povestində xalq hakimiyyəti
ideyası irəli sürülmüş, “Kəmalüddövlə
məktubları” (1863) traktatında isə despotizm və
monarxiya kəskin tənqid edilərək respublika tipli dövlət
quruluşu təbliğ olunmuşdur. Böyük
ədibin siyasi baxışları dövrünün Avropa və
Rusiyadakı bir çox mütəfəkkirlərini də
qabaqlamışdır. Onun despotizmin əleyhinə və
“zülmü aradan qaldırmaq” yolları haqqında fikirləri,
“despot zülmünün təsiri və üləma
fanatizminin zoru”na dair mülahizələri,
(Mirzə Fətəli Axundzadə. Əsərləri,
3 cilddə, II cild. Bakı, “Şərq-Qərb”,
2013, səh.9) habelə xalqın “zülmə
qatlaşmayıb, öz idrakının təsdiqi ilə
zülmü dəf etməsi” üçün “yekcəhətlik
və yekdillik” haqqındakı qənaətləri (Yenə
orada, səh.24) XIX əsr siyasi maarifçiliyinin ən
mühüm çağırışları səviyyəsində
səslənir. Əlbəttə, XIX əsrdə
maarifçiliyin yenicə başlandığı bir ölkədə
bu çağırışları oxuyan və ya eşidən,
ondan nəticə çıxarmaq barəsində
düşünən qüvvələr hələ yetərincə
deyildi. Ona görə də Mirzə Fətəli
Axundzadə və onun müasirləri olan yazıçı və
şairlər xalqın gözünü açan ədəbiyyat
yaratmaq yoluna haqlı olaraq mühüm ümummilli vəzifə
kimi baxmışlar.
Mirzə
Fətəli Axundzadənin məşhur “Təmsilat”ına daxil olan ölməz komediyaları
ümumən Azərbaycan ədəbiyyatının, xüsusən
də realist ədəbiyyatının inkişafında qəti
dönüşü tam olaraq ifadə edən əhəmiyyətli
əsərlərdir. Abbasqulu ağa Bakıxanovun, Seyid Əzim
Şirvaninin, Məhəmməd Tağı Sidqinin
maarifçi şeirlərində konkret olaraq gənc nəslin
milli-mənəvi özünüdərki üçün məktəb,
elm öyrənmək və təhsil almaqla bağlı fikirlər,
ağıl və kamal barədə faydalı öyüdlər,
nəsihətlər ifadə olunmuşdur. Azərbaycan
maarifçi realist ədəbiyyatı böyük sürətlə
formalaşmağa başlamışdır. Maarifçi ədəbiyyat Şərq yönlü
klassik poeziyadan fərqli olaraq üzünü ölkə
maraqlarına və Qərbə tərəf tutmağa
başlamışdır. Ədəbi-ictimai
fikirdə Qərb maarifçiliyi əsas istiqamət, hədəf
olaraq qəbul edilmiş və təbliğ olunmuşdur.
XIX yüzillik - “Ağıl əsri” kimi diqqəti
cəlb etmişdir. Bu zəmində ölkədə milli maarifçi
ideyalar pöhrələnməyə başlamış və
sürətlə inkişaf tapmışdır. Artıq Azərbaycan ədəbiyyatı insan və
cəmiyyət problemləri ətrafında
düşünüb-daşınmağa başlamış,
yeni həyat tərzi uğrunda mübarizəyə
girişmişdir. Yaşar Qarayevin klassik maarifçiliyin
mühüm xüsusiyyətləri kimi müəyyən
etdiyi “mali” və “hüquqi” bərabərlik ideyaları, aqil və
adil ictimai quruluş axtarışları, kütləvi bir tərbiyə
və maarifləndirmə hərəkatı və
bütün bu baxımlardan feodal təsisatının tənqidi”
(Yaşar Qarayev. Əsərləri, 5 cilddə,
III cild. Bakı, “Elm”, 2015, səh.93) XIX əsr
Azərbaycan yazıçılarını ciddi surətdə
maraqlandıran aktual məsələlərə
çevrilmiş, bədii əsərlərdə müxtəlif
yönlərdən işıqlandırılmışdır.
Beləliklə, Azərbaycan ədəbiyyatında
maarifçi realizm dövrü yaranmışdır. Maarifçi realizm - Azərbaycan ədəbiyyatında
realizm ədəbi cərəyanının ayrıca mərhələsi
olub, XIX əsr ədəbiyyatının əsas
aparıcı istiqamətini, ideya əsasını müəyyən
edən bədii yaradıcılıq sistemidir. Maarifçi realizm erkən yeni dövr Azərbaycan ədəbiyyatı
ilə tənqidi realizm dövrü arasında mühüm əlaqələndirici
funksiyasını yerinə yetirmiş, ədəbiyyatda
varisliyin, bütövlüyün, tamlığın təmin
olunmasına xidmət etmişdir. Məhz
XIX əsrdə maarifçilik ideyaları maarifçi-realist ədəbiyyatın
inkişafının hərəkətverici quvvəsinə
çevrilməklə Azərbaycan maarifçi realizmini
yaratmışdır. Konkret tarixi şəraitdə
oxşar, bənzər dünyagörüşün, bir-birinə
yaxın olan yaradıcılıq ideallarının, fərdi
üslubların mövcud olması ilə meydana
çıxan, vahid mövqeyə, böyük maarifçi hədəflərə
malik yazıçıları özündə cəmləşdirən
maarifçi realizm Azərbaycanda XIX əsrdə ədəbi cərəyan
səviyyəsinə yüksəlmişdir. Bu, Azərbaycan realizminin inkişafında xüsusi
bir mərhələ olmaqla bərabər, həm də mükəmməl
bir ədəbi cərəyandır. Realizmin
bu mərhələsinin yaradıcısı olan Mirzə Fətəli
Axundzadə ədəbi məktəbi ilə maarifçi
realizm ədəbi cərəyanı arasında bərabərlik
işarəsi qoymaq mümkündür.
Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında
maarifçi realizmi ədəbi cərəyan səviyyəsində
formalaşdırmış, bu ədəbi cərəyanı
tənqidi realizmin hüdudlarına qədər inkişaf
etdirmişdir.
O, Azərbaycan ədəbiyyatının tarixinə dram ədəbi
növünün, komediya janrının banisi kimi daxil
olmuşdur. Mirzə Fətəli Axundzadənin 1850-1855-ci illərdə
yazdığı məşhur komediyalar: “Hekayəti - Molla
İbrahim Xəlil kimyagər”, “Sərgüzəşti-dərviş
Məstəli şah cadükünü-məşhur və
Müsyö Jordan həkimi-nəbatat”, “Hekayəti - mərdi-xəsis
və ya Hacı Qara”, “Sərgüzəşti - vəziri-xani-Lənkəran”,
“Hekayəti - Xırs Quldurbasan”, “Mürafiə vəkillərinin
hekayəti” Azərbaycan ədəiyyatının janr sisteminin
zənginləşməsində radikal addım idi. Böyük mütəfəkkir ədib aydın surətdə
görürdü ki, cəmiyyətin yeniləşməsi və
xalqı dünya ölkələri səviyyəsinə
çıxmaq baxımından artıq qəzəl-qəsidə
ədəbiyyatı ilə irəli getmək mümkün
deyildir. O, qəti şəkildə inanır və cəmiyyətə
çatdırmağı lazım bilirdi ki, yeni Zaman da cəmiyyətin
inkişafının təmin edilməsi və böyük gələcəyin
qurulması üçün ədəbiyyat ideya-məzmunca və
janr baxımından yeniləşməlidir. Mirzə
Fətəli Axundzadə görkəmli yazıçı və
böyük mütəfəkkir kimi Azərbaycan ədəbiyyatında
bu yeniləşmə hərəkatına
başçılıq etmiş, tam yeni janrlarda mükəmməl
bədii əsərlər yazmağın nümunəsini
göstərmişdir. O, Azərbaycan ədəbiyyatı
tarixində ilk dəfə olaraq dram epoxasını
yaratmışdır. Mirzə Fətəli
Axundzadə “Aldanmış kəvakib” povesti ilə ədəbiyyatda
realist nəsrin əsasını qoymuşdur. Böyük mütəfəkkir ədibin
yaratdığı “Kəmalüddövlə məktublar”ı
Azərbaycan ictimai fikrinin tarixində ilk fəlsəfi traktat
kimi mühüm yer tutur. Mirzə Fətəli
Axundzadənin “Puşkinin ölümünə Şərq
poeması” da Azərbaycanda mənzum elegiya janrında
yazılmış əhəmiyyətli poemadır. Ölkədə “xalqın tərəqqisi naminə”
əlifba islahatlarının aparılması, “ölkənin əhalisinin
qadınlı-kişili bir neçə ayın içərisində
başdan-başa savadlı olmasına” (Mirzə Fətəli
Axundzadə. Əsərləri, 3 cilddə,
II cild. Bakı, “Şərq-Qərb”, 2013, səh.21) xidmət
edəcək ərəb əlifbasının islahatından latın əlifbasına keçidin təşəbbüskarı
da Mirzə Fətəli Axundzadə idi. Professional
Azərbaycan ədəbi tənqidi də Mirzə Fətəli
Axundzadə tərəfindən yaradılmış və ədəbi
fikrin inkişafına yol açmışdır. Beləliklə, XIX əsrdə Azərbaycan ədəbiyyatı
və ictimai fikrinin Mirzə Fətəli Axundzadə
epoxası yaranmışdır.
Mirzə Fətəli Axundzadə cəmiyyətin irəliyə
doğru inkişafına buxov olmuş cəhalətə,
geriliyə, ətalətə, despotizmə, mütləqiyyətə
qarşı qətiyyətlə mübarizə aparmış,
yeniləşməni, elmə və maarifə yiyələnməyi,
xalqı ictimai-mədəni tərəqqiyə
çatdırmağı, milli-mənəvi azadlığa
nail olmağı ardıcıl olaraq təsvir və təbliğ
etmişdir. Böyük ədib mənsub
olduğu xalqın gözünü açmaq və onu arzu
etdiyi böyük gələcəyə çatdırmaq
üçün tənqid və maarifləndirmə yolunu
tutmuş, bu yolda mümkün olan bütün imkanlardan
yaradıcılıqla istifadə etmişdir. Beləliklə, “özünütənqidin xalq ədəbiyyatından
başlayan ənənəvi yazılı ədəbiyyatda
davamını və inkişafını ilk dəfə məhz
Mirzə Fətəli Axundzadənin
yaradıcılığında tapdı. Molla
Nəsrəddin gülüşü - xalq
gülüşü Mirzə Fətəli Axundzadənin
gülüşünə çevrildi” (Arif Əmrahoğlu.
Mirzə Fətəli Axundzadənin söz
dünyası. Bakı, “Elm və təhsil”,
2013, səh.86).
Mirzə Fətəli Axundzadənin
yaradıcılığı Azərbaycan cəmiyyətini dəyişdirməyə
xidmət edən qiymətli ölməz bədii irsdir. Böyük ədibin
təqdim etdiyi “nuxulular” aləmi artıq dəyişilməyə
məhkum olan köhnə cəmiyyətin ümumiləşmiş
obrazı idi. Böyük ədib “Hekayəti
Müsyö Jordan həkimi-nəbatət və Dərviş Məstəli
şah cadükuni-məşhur” komediyasında gənc
Şahbaz bəyin simasında ölkənin yeni nəslinin
maariflənməyə olan ciddi ehtiyacını qabarıq
şəkildə nəzərə çarpdırmışdır.
Əsərdəki Müsyo Jordan obrazı ilə
yazıçı xalqa Qərb maarifçiliyi
ideyalarını təşviq edir. O, “Mərdi-xəsis”
- Hacı Qara obrazı vasitəsilə xəsisliyin
doğurduğu ictimai bəlanın, ticarət
burjuaziyasının ölkədə yaratdığı
çətinliklərin aradan qaldırılması zərurətini
bir daha əsaslandırır. Mirzə Fətəli
Axundzadə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyasında idarəetmə sistemində, “Mürafiə vəkillərinin
hekayəti”ndə isə məhkəmə hakimiyyətində
islahatların aparılması ideyasını əsas tələb
kimi irəli sürmüşdür. “Aldanmış
kəvakib” povestindəki hadisələrin təsviri göstərir
ki, Mirzə Fətəli Axundzadə nəticə etibarilə
xalq hakimiyyəti ideyasını müdafiə etmişdir.
İslahatçılıq Mirzə Fətəli
Axundzadənin maarifçilik baxışlarından, xalq
hakimiyyəti ideyası isə demokratizmindən irəli gəlmişdir.
Azərbaycan maarifçi realizmi ədəbiyyatda və cəmiyyətdə
satiranın ön mövqeyə çıxması ilə səciyyələnir. Məlum
olduğu kimi, Azərbaycan klassik poeziyasında satirik məqamlar
olsa da, satira romantik ədəbiyyatın tərkibində
ünsür kimi olmaqdan irəli gedə bilməmişdir.
Lakin XIX əsrdə maarifçiliyin meydana
çıxması, köhnəliyə, cəhalətə,
geriliyə qarşı tənqidi baxışların gündəmə
gəlməsi ilə ədəbiyyatda satiranın mövqeyi
genişlənmiş və möhkəmlənmişdir. Ona görə də satiranın ədəbiyyatın
xüsusi bir istiqamətinə çevrilməsi XIX əsr Azərbaycan
maarifçi realizminin xidmətidir. Qasım
bəy Zakir, Seyid Əzim Şirvani, Baba bəy Şakir, Mirzə
Baxış Nadim və başqalarının
yaradıcılığı ilə Azərbaycanda
realist-satirik ədəbiyyatın əsası qoyulmuş, ənənələri
formalaşmışdır.
Əslində, XIX əsr Azərbaycan ədəbiyyatının
tarixində maarifçi realizm dövrü olsa da, bu mərhələnin
realist olmayan ədəbiyyatında da maarifçilik
ideyaları öz əksini tapmışdır. Bu dövrdə
hələ də müəyyən səviyyədə davam
etməkdə olan romantik lirika klassik poeziyadan fərqli olaraq,
XVII əsr Azərbaycan şeirində olduğu kimi didaktikaya,
həyatiliyə meylli şəkildə inkişaf etmişdir.
Eyni zamanda, XIX əsrin romantik-didaktik şairlərinin
yaradıcılığında ictimai motivlər, zəmanədən
şikayət, geriliyə tənqidi münasibət, zamanla
ayaqlaşma motivləri də vardır. Mirzə
İsmayıl Qasirin (1805-1900) qadın azadlığı
ruhunda yazdığı şeirlərdə, Məhəmmədtağı
Bayramzadənin kəndxudaların ədalətsizliyinin və
mövhumatın tənqidinə həsr olunmuş mənzumələrində
işi “zülm etmək olan” təbəqələrdən
ciddi narazılıq ifadə olunmuşdur.
Bundan
başqa, XIX əsrin bəzi romantik-didaktik şairləri, məsələn
Xurşidbanu Natəvan (1832-1897) həm də xeyriyyəçilik
fəaliyyəti ilə də məşğul olur,
yaşayış yerlərinə su çəkdirmək, məşğulluq
sahələri yaratmaq, yerlərdə yaranmış ədəbi
məclislərə və açılmış məktəblərə
müəyyən dəstək vermək kimi maarifçilik
anlayışına aid olan tədbirləri də həyata
keçirirdilər.
XIX əsrin
romantik-realist istiqamətdə yaranmış lirikasında:
Mirzə Şəfi Vazehin, Bahar Şirvaninin, Natəvanın,
Mir Möhsün Nəvvabın, Abdulla bəy Asinin, Fəqir
Ordubadinin lirik şeirlərində maarifçi ədəbiyyatı
düşündürən gerilik və tərəqqi məsələlərinə
aydın münasibət ifadə olunmuş, müəyyən
çağırışlar səsləndirilmişdir. Xüsusən, lirik-realist şeirin dilindəki və
məzmunundakı sadəlik və xəlqiləşmə
maarifçi ədəbiyyatın ümumi ruhu ilə səsləşirdi.
Maarifçilik - Azərbaycan ədəbiyyatında
yeni janrların meydana çıxmasını zəruri bir tələb
kimi meydana çıxarmışdır. Yeni
zaman həyatı, ictimai-mənəvi münasibətləri
bütün dərinliyi ilə ifadə edən janrları tələb
edirdi. Mirzə Fətəli Axundzadənin
aşağıdakı fikirlərində ədəbiyyatda yeni
janrlara keçidin nə qədər zəruri məsələ
olduğu əsaslandırılır: “Gülüstan” və
“Zinətül-məcalis” dövrü keçmişdir. Bu gün bu cür əsərlər millətin
işinə yaramır. Bu gün millət
üçün faydalı və oxucuların zövqü
üçün rəğbətli olan əsər - drama və
romandır” (Mirzə Fətəli Axunzadə. Əsərləri, 3 cilddə, II cild. Bakı, “Şərq-Qərb”, 2013, səh.134). Buna görə XIX əsrdə Azərbaycan ədəbiyyatı
tarixində ilk dəfə olaraq zamanın tələbi ilə
komediya, povest, roman, məktub, öyüdnamə və sair kimi
bədii formalarda ideya-məzmun və janr baxımından yeni
olan əsərlər meydana gəlmişdir. Mirzə Fətəli
Axundzadənin komediyaları və “Aldanmış kəvakib”
povesti, Seyid Əzim Şirvani və Məhəmməd
Tağı Sidqinin öyüdnamələri, Mirzə Fətəlinin
və Qasım bəy Zakirin mənzum məktubları
dövrün maarifçi ədəbiyyatının janr
baxımından yeniliyini və zənginliyini nümayiş
etdirir. Ədəbiyyatın gündəliyində
möhkəm yer tutmuş bu janrlar xalqa daha yaxın olan dil və
üslubda ölkənin reallıqlarından və vəzifələrindən
açıq və aydın şəkildə söz
açmağa imkan yaratmışdır.
XIX əsrdə ilk dəfə olaraq faciə janrında əsərlərin
meydana çıxması və hətta tamaşaya
qoyulması Azərbaycan ədəbiyyatı tarixində tam
yeni hadisə olmaqla bərabər, həm də maarifçi
realist ədəbiyyatın mühüm addımı idi. Nəcəf bəy Vəzirovun
“Müsibəti-Fəxrəddin” (1896), Əbdürrəhim bəy
Haqverdiyevin “Bəxtsiz cavan” (1899) faciələrinin mahiyyətində
dayanan əsas problem dövrün bütün
yazıçılarını dərindən məşğul
edən ictimai-mədəni gerilik, cəhalət və maarifsizlik
məsələləri idi. Bu mənada Nəcəf bəy Vəzirovun
“Müsibəti-Fəxrəddin” faciəsində Səadət
xanımın dili ilə Fəxrəddinin öldürülməsi
zamanı deyilmiş aşağıdakı sözlər
maarifçi ədəbiyyatın gəlib
çatdığı yekun qənaətlər kimi səslənir:
“Fəxrəddin, necə gözəl arzularımız
qaldı! Bu dünya necə puç imiş... Bu
pis, murdar ömrü müsəlman qardaş dəxi bədtər
eyləyib. Bu müsibət məgər
nadanlıqdan, elmsizlikdən deyil?!” (Nəcəf
bəy Vəzirov. Əsərləri, 2
cilddə, I cild. Bakı, “Azərnəşr”,
1953, səh.180-181) Nəriman Nərimanovun (1870-1925)
“Nadanlıq” pyesinin qəhrəmanı da maarifdən uzaq
düşməyi nəinki ictimai-mədəni geriliyin əsas
təzahürlərindən, hətta insanı fəlakətə
aparan mühüm bəlalardan biri hesab edir: “Məni
nadanlıq, avamlıq, bimərifətlik güllələdi.
Bunlar hamısı adamı heyvan edərmiş. Ah, nadanlıq,
nadanlıq, Məni nadanlıq öldürdü” (Nəriman Nərimanov.
Əsərləri. Bakı, “Azərnəşr”,
1956, səh.57).
Nəriman Nərimanovun “Bahadır və Sona” romanı Azərbaycan
ədəbiyyatında roman janrında ilk əsərlərdən
olması ilə birlikdə, həm də ədəbiyyatda millətlərarası
münasibətlərlə əlaqədar ictimai ideyaları
canlandıran ədəbi örnək kimi də yeni idi. Bunun
ardınca Mirzə Əbdürrəhim Talıbovun (1834-1911)
“Kitab yüklü eşşək” romanının meydana
çıxması Azərbaycan bədii fikrində nəsrin
mövqeyini və roman təfəkkürünü daha da
möhkəmləndirmişdir.
XIX əsrin maarifçi ədəbiyyatı
özünün yeni tipli obrazlarını doğurmuşdur. Mirzə Fətəli
Axundzadənin Hacı Nurusu, Müsyö Jordanı və
Şahbaz bəyi, Yusif Sərracı, Nəcəf bəy Vəzirovun
Fəxrəddini, Əbdürrəhim bəy Haqverdiyevin Fərhadı
əsrin sözünü deyən, əsas ictimai-mənəvi
yükünü çəkən, dövrün çətinliklərini
yaşayan və hədəflərini müəyyən edən
surətlərdir. XIX əsr Azərbaycan ədəbiyyatında milli məişətdən
alınmış koloritli qadın surətlərinin yaradılması bu dövr ədəbiyyatının
nailiyyətlərindən biri idi. Çünki Azərbaycan
klassik ədəbiyyatındakı qadın obrazları
(Şirin, Leyli, Nüşabə və b.) əsasən romantik bədii vasitələrlə
canlandırıldığı üçün ümumi
keyfiyyətləri ilə səciyyələndirilmişdir. XIX əsr Azərbaycan ədəbiyyatında,
xüsusən Mirzə Fətəli Axundzadənin
yaradıcılığında meydana çıxan qadın
obrazları isə realist xüsusiyyətləri ilə Azərbaycan
qadınlığını təmsil edən surətlər
kimi fərqlənirlər. Cəlil Məmmədquluzadənin
aşağıdakı sözləri Azərbaycan maarifçi
ədəbiyyatının qadın qəhrəmanının
özünəməxsusluqlarını və Mirzə Fətəli
Axundzadənin qadına münasibətini çox dolğun
şəkildə ifadə edir: “Mirzə Fətəlinin
komediyalarının qadın tipləri - əsrin məişətindən
götürülmüş bir fotoqraf şəkilləri
kimidir. Əsərlərdə təsvir olunan
qadınların övza və ətvarı (vəziyyətləri
və tövrləri - İ.H.) o məişətin qadın
sifətlərinin bir canlı nümunəsidir. Orada qadınlar bir duru aynada görsənən kimi
görsənirlər. Onun üçün
orada biz müxtəlif tiplərə, müxtəlif sifətlərə
rast gəlirik. Bir surətdə ki, bu əsərlər məişətin
aynasıdır, təbiidir ki, burada biz qadınların
yaxşı sifətləri ilə pisini də, müsbət
sifətləri ilə mənfisini də görə biləcəyik...
Mirzə Fətəlinin məqsədi bu deyildi ki, əsrin
qadınlarını hər bir eyb və nöqsandan ari qələmə
versin və onların eyblərini gizlətsin. Əgər bir para xam
yazıçılar kimi belə eləmiş olsaydı, o daha
Mirzə Fətəli olmazdı...
Budur Mirzə Fətəlinin əsərlərində
qadın tipləri. Burada biz görürük ki, bu qadınların cümləsi
fitri qabiliyyət və gözəlliklərin heç birindən
məhrum deyillər: səlamət, cürət, dilavərlik,
səbat - cümləsi bunlarda mövcuddur. Ancaq tək bircə
düşmənləri var: o da elmsizlik...” (Cəlil Məmmədquluzadə.
Əsərləri, 4 cilddə, IV cild (tərtib
edəni və izahların müəllifi İ.Həbibbəyli).
Bakı, “Öndər”, 2004, səh.272-273).
Cənubi Azərbaycan ədəbiyyatı
anlayışı da XIX əsrdə
formalaşmışdır. Çar Rusiyası tərəfindən
işğal edildikdən sonra 1828-ci ildə imzalanmış
Türkmənçay müqaviləsinə əsasən
Şimali Azərbaycanın imperiyanın tərkibinə daxil
olması Cənub anlayışını
yaratmışdır. Bu məntiqlə tədricən
formalaşmağa başlayan Cənubi Azərbaycan ədəbiyyatında
Şimalda olduğu kimi maarifçi-realist ədəbiyyata meyl
qüvvətlənmişdir. Cənubda
yaranan ədəbiyyatda maarifçi-didaktik istiqamət daha
qabarıq olmuşdur. Seyid
Əbülqasım Nəbati (1812-1873), Əndəlib
Qaracadaği, Mir Mehdi Şükuhi (1829-1896) və
başqalarının əsərlərində maarifçi
ideyalar, mənəvi-əxlaqi motivlər əsas yer tutur.
Bununla belə, qeyd etmək lazımdır ki, XIX əsrdə
Şimali və Cənubi Azərbaycan arasında sərhədlər
şərti xarakter daşıdığı,
qarşılıqlı gediş-gəlişlərin hələ
davam etdiyi üçün yaradıcı qüvvələr
arasında da əlaqələr az fərqlə
mövcud olmuşdur. Ona görə də ədəbiyyatın
xarakterində də ciddi bir dəyişiklik baş verməmişdir.
Bu səbəbdən XIX əsr üçün
Cənubi Azərbaycan ədəbiyyatı anlayışı
da müəyyən mənada şərti xarakter
daşıyır.
Maarifçilik təkcə elm və təhsilin deyil, həm də ədəbiyyatın təbliği və təşviqinə meydan açmışdır. XIX əsrdə klassik və müasir ədəbi ənənələrin, ayrı-ayrı sənətkarların təbliğinə imkan yaradan ədəbi məclislər eyni zamanda, gənc qələm sahiblərini yetişdirib formalaşdırmış, onları ədəbi mühitə və cəmiyyətə təqdim etmişdir. Bütün Azərbaycanı əhatə edən ədəbi məclislər regionların ədəbi-mədəni mərkəzi funksiyasını yerinə yetirmişdir. Burada ədəbi əsərlər oxunub müzakirə olunmuş, dövri mətbuat nüsxələri əldə edilib mütaliə edilmişdir. Bakıda “Məcməüş-şüəra”, Naxçıvanda - Ordubadda “Əncüməni-şüəra”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan”, Şamaxıda “Beytüs-səfa”, Lənkəranda “Fövcül-füsəha” ədəbi məclislərində ədəbiyyat məsələləri ilə bərabər, dünya hadisələri haqqında və mədəniyyət, mətbuata dair də söz açılmış, müzakirələr aparılmışdır. Ədəbi məclislər regionlarda maarifçi ideyaları təbliğ edən əsas mərkəzlər olmuşdur. Ədəbi məclislərin bir-biri ilə yaradıcılıq əlaqələrinin olması ölkədə vahid ədəbiyyat siyasətinin formalaşmasına müsbət təsir göstərmişdir. Azərbaycan ədəbiyyatının bütöv bir nəsli ədəbi məclislərdə yetişib formalaşmışdır.
Qeyd olunanları nəzərə almaqla XIX əsr Azərbaycan ədəbiyyatını çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində maarifçilik dövrü kimi xarakterizə etmək lazım gəlir. Maarifçilik anlayışı XIX əsrdə Azərbaycanda bütün istiqamətlər üzrə yazıb-yaratmış yazıçı və şairlərin demək olar ki, mütləq əksəriyyətinin yaradıcılığında özünü göstərir. Bununla belə, yazıçı və şairlərin maarifçilik hərəkatının ön cəbhəsində getdiklərinə və böyük çoxluq etibarilə realizm cəbhəsini təmsil etdiklərinə əsaslanaraq, XIX əsr Azərbaycan ədəbiyyatını maarifçi realizm dövrü adlandırmaq lazımdır. Çünki maarifçi realizm - dövrün ədəbiyyatının və ictimai fikrinin aparıcı istiqamətini, ağır tərəfini əks etdirir. Maarifçi realizm - XIX əsr Azərbaycan ədəbiyyatını XX əsrə daşıyan, estafeti yeni tarixi epoxaya çatdıran ədəbiyyatın əsas mahiyyətini dolğun şəkildə ifadə edir. Maarifçi realizm “baneyi-karı” Mirzə Fətəli Axundzadənin milli ideyaları və onun müasirləri Abbasqulu ağa Bakıxanov (1794-1847), Mirzə Şəfi Vazeh (1794-1857), Qasım bəy Zakir (1784-1857), Seyid Əzim Şirvani (1835-1888), Həsən bəy Zərdabi (1837-1907), Nəcəf bəy Vəzirov (1854-1926) və başqalarının ictimai-mədəni tərəqqidə və ədəbiyyatın inkişafında vahid cəbhədən çıxış etmələri əsasında formalaşan ədəbi cərəyandır. Konkret tarixi şəraitdə Azərbaycan maarifçi realizminin tam təşəkkül tapdığını ifadə edən, bu ədəbiyyatın mahiyyətini, hədəflərini müəyyənləşdirən və istiqamətləndirən maarifçilik - ədəbi fikrin XIX əsr mərhələsinin ən aparıcı və qüvvətli hərəkatı idi. Maarifçi realizm - XIX əsr Azərbaycan ədəbiyyatı qatarının lokomotividir. Dövrün digər meylləri maarifçi realizmin əhatəsində və cazibəsində fəaliyyət göstərmişlər.
Bütün bunlara görə geniş mənada XIX əsr mərhələsi Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrüdür. Maarifçilik geniş anlayış olub, ədəbiyyatla yanaşı, ictimai fikrin və cəmiyyət həyatının digər sahələrini də əhatə etmişdir. Lakin Azərbaycan ədəbiyyatının inkişafının konkret tarixi mərhələdəki xarakterini bildirən baxış kimi maarifçi realizm anlayışı XIX əsr ədəbi fikrinin aparıcı istiqamətini müəyyən edir.
Janrın yeniləşməsi baxımından isə XIX əsr Azərbaycan ədəbiyyatının dram və nəsr mərhələsidir. İlk dəfə yaranan dram ədəbi növünün komediya və faciə janrlarının bu dövrdə meydana çıxması, realist-satirik ədəbiyyatın yaranması və inkişafı, dram əsərlərinin tamaşaya qoyulması dövrün ədəbi mənzərəsində bu janrların aparıcı yer tutduğunu göstərir. Bədii nəsrin povest və roman janrları Azərbaycan ədəbiyyatında XIX əsrdə yaradılmış və özünə mövqe qazanmışdır. Dilçilik ədəbiyyatında da XIX əsr “satira, mənzum hekayə, dram, realist hekayə dilinin meydana çıxması, publisist üslubun yaranması” mərhələsi kimi fərqləndirilmişdir (Tofiq Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. Bakı, “Elm”, 2012, səh.104). Bütün bunları nəzərə almaqla xarakter etibarilə XIX əsr Azərbaycan ədəbiyyatını satira, dram və nəsr mərhələsi kimi də səciyyələndirmək olar. Geniş mənada maarifçi realizm bu müxtəlifliklərin hamısını özündə cəmləşdirir.
Maarifçi realizm ədəbiyyatı çoxəsrlik Azərbaycan ədəbi fikrinin xüsusi bir mərhələsidir.
525-ci qəzet 2017.- 16 dekabr.- S.8-9.