Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz
Qəzənfər PAŞAYEV
Professor
Azərbaycan tarixində bir epoxa olan, xalqın
tarixi müqəddəratında
həlledici rol oynayan, adı tariximizə qızıl hərflərlə yazılan
Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin
qorunmasına və təbliğinə xüsusi
qayğı göstərirdi. Yaradan ona
elə bir fitri istedad vermişdi
ki, hər sahəni mükəmməl
bilirdi. Biz bu yazımızda bu tarixi şəxsiyyətin
folklorumuza göstərdiyi
diqqət və qayğıdan söz açacağıq.
Ulu öndərimizin
folklor haqqında heyrətamiz bələdliklə
mülahizələr yürütməsi,
məsələnin kökünə
nüfuz etməsi, onun fitri istedadından
və milli-mənəvi
dəyərlərimizə tükənməz
məhəbbətindən qaynaqlanırdı.
Ulu öndərimiz
Heydər Əliyevin folklorumuzun tədqiqi və təbliği yolunda atdığı addımlar müstəsna dəyər kəsb edir.
Şifahi xalq ədəbiyyatımızın
zirvəsi, şifahi və yazılı ədəbiyyatımızın başlanğıcı və
tükənməz enerji
mənbəyi “Kitabi-Dədə
Qorqud” o dahi şəxsiyyətin sayəsində
layiqli yerini tutdu.
Yaşlı nəsil unutmayıb ki, keçən əsrin 40-50-ci illərində
“Kitabi-Dədə Qorqud”
yasaq edilmişdi. Həmid
Araslı və Məmmədhüseyn Təhmasib
akademik V.Bartoldun ruscaya çevirdiyi “Kniqa moeqo Deda
Korkuda” kitabını
1950-ci ildə Bakıda
Elmlər Akademiyası
nəşriyyatında çap
etdirdiyinə, Əbüləzəl
Dəmirçizadə uşaqlar
üçün “Dədə
Qorqud” mövzuları
əsasında “Qaraca Çoban” pyesi yazdığına görə,
Səməd Vurğun
şair fəhmi ilə bu ölməz abidənin işıqlı
gələcəyini görərək
onu “Gələcəyin
toy-bayramı” şeirində:
Dədə Qorqud dediyimiz
min bir yaşlı bir ozan da,
Qoca vaxtı öz sazını sinəsinə
basacaqdır.
Bütün xalqlar və tayfalar
ona qulaq asacaqdır.
- deyə tərənnüm
etdiyinə görə
başları çox
bəlalar çəkmişdi.
Əvvəlcə partiya
yığıncağında kəskin tənqid olundular, 1951-ci ilin may ayında isə Yazıçılar İttifaqının
iclasında onlar “səhvlərini” etiraf etsələr də, az qala onları pantürkist damğası ilə damğalayacaqdılar.
Ulu öndərimiz “Kitabi-Dədə
Qorqud” ensiklopediyasına
yazdığı “Ön
söz”də göstərir
ki, o dövrdə elə bir iclas,
elə bir qurultay, elə bir konfrans olmazdı
ki, orada “Dədə Qorqud” tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu.
“Kitabi-Dədə Qorqud”un elmi-ədəbi fikir dövriyyəsinə
daxil olmasında Heydər Əliyevin xidmətləri ölçüyəgəlməzdir.
Tədqiqatçıların doğru olaraq
qeyd etdiyi kimi, Ulu öndərimiz
hakimiyyətə yenidən
qayıtdıqdan sonra
milli düşüncənin
bütün sahələrindən
daha çox ədəbiyyatda coşğun
“Kitabi-Dədə Qorqud”
dövrü başladı.
Sanki milli ədəbi
düşüncədə bir “Kitabi-Dədə Qorqud” yanğısı varmış.
Xalq şairi
Zəlimxan Yaqub deyirdi ki, “Manas”ın
min illik yubileyində Ulu öndərimiz də iştirak edirdi. Təntənəli yığıncaqdan sonra bizə ayrılmış çadırlara
yenicə gəlmişdik
ki, xəbər gəldi ki, Heydər Əliyev hamımızı öz çadırına çağırır.
Getdik.
Onun ilk sözü bu oldu: “Kitabi-Dədə
Qorqud”un başlanğıc cümləsi
necədir? Şübhəmiz yox idi ki, Ulu öndər
onu bizdən də yaxşı bilirdi. Bununla belə, dedik: “Rəsul Əleyhissəlamın
zamanına yaqın Bayat boyundan Qorqud Ata derlər, bir ər qopdu”.
Bu isə VII əsr
idi. Məlum oldu ki, Ulu öndərimiz o söhbəti təsadüfi
salmamışdı. Bakıya
qayıdandan sonra Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposunun 1300 illiyinin beynəlxalq səviyyədə
keçirilməsi barədə
20 aprel 1997-ci il tarixli fərman imzaladı. Dövlət
səviyyəsində tədbirlər
planı tutuldu. Üç il
alimlər, qələm
sahibləri çalışdılar.
Çox
sayda kitablar nəşr olundu. İki cildlik “Kitabi-Dədə Qorqud” ensiklopediyası meydana gəldi.
Dövlət başçısı bu möhtəşəm abidəyə
dərin məzmunlu, əhatəli “Ön söz” yazdı. Öndərimiz
eposu yüksək dəyərləndirərək “Ön söz”də yazırdı: “Dünya qorqudşünaslığı “Kitabi-Dədə Qorqud”un istər etnik, mənşə, istər tarixi-coğrafi, ərazi, istərsə də dil və məfkurə
baxımından Azərbaycan
xalqına mənsub olması fikrini qəti şəkildə təsdiq edir. “Kitabi-Dədə Qorqud”un Azərbaycan tarixi üçün ən böyük, ən əsas və ən birinci xidməti bundan ibarətdir...
Bizim zəngin
tariximiz, qədim mədəniyyətimiz və
milli-mənəvi dəyərlərimiz
“Kitabi-Dədə Qorqud”
eposunda öz əksini tapmışdır. Bu epos bizim
ümumi sərvətimizdir
və hər bir azərbaycanlı onunla fəxr edə bilər... Həqiqətən də
“Kitabi-Dədə Qorqud”
dastanı kimi böyük elm, mədəniyyət,
ədəbiyyat abidəsi
olan xalq öz tarixi ilə fəxr edə bilər...
“Kitabi-Dədə Qorqud”
elə bir qüdrətə malikdir ki, özündən sonra gələn söz sənətimiz, ozan-aşıq sənətimiz,
yazılı ədəbiyyatımız
onun təsirindən kənarda qala bilməmişdir. Ensiklopediya da “Kitabi-Dədə
Qorqud”un bu təsir gücünü əyani şəkildə
nümayiş etdirir”.
Onu da deyim ki,
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin Ümumdünya miqyasında keçirilməsi
barədə YUNESCO-nun qərarı
vardı. Yubiley 2000-ci ildə keçirildi.
Heydər Əliyev geniş
məruzə ilə çıxış etdi.
“Kitabi-Dədə Qorqud”un Azərbaycan xalqına məxsus olmasının təsdiqi Ulu öndərimizin ən böyük xidmətlərindən biri
idi.
Unudulmaz şəxsiyyət Heydər
Əliyevin əvəzsiz
xidmətlərindən biri
də Novruz bayramının dövlət
səviyyəsində bayram
edilməsinə rəvac
verməsi idi. Sovet sisteminin qılıncının
dalı da, qabağı da kəsdiyi bir dövrdə bu, çox cəsarətli bir addım idi. Bu, 1979-cu ildə baş verdi. İçəri şəhərin Qoşa Qala Qapısı meydanında möhtəşəm
Novruz bayramı şənlikləri keçirilirdi.
Bayram şənliyini televiziya qarşısında əyləşib
izləyirdim. İnsan axını
dəniz kimi dalğalanırdı. Gözlənilmədən
əlamətdar bir hadisə baş verdi. Ecazkar musiqi,
ecazkar sözlər, məlahətli səs hamını ovsunlamışdı.
Hamı donub qalmışdı.
Müğənni Nazpəri Dostəliyeva
“Naxçıvanı” aşıq
havası üstündə
yanğı ilə Azaflı Mikayılın “Ağarmayın, ay saçlarım,
amandı” mahnısını
oxuyurdu:
Cavanlığın, məhəbbətin
eşqinə,
Ağarmayın, ay saçlarım, amandı.
Əhdi-peyman, sədaqətin eşqinə,
Ağarmayın, ay saçlarım, amandı.
Elə həmin
vaxt öndərimiz dövlət rəhbərləri
və cənab İlham Əliyevlə meydandan keçib gedirdi. Onlar da dayanıb qəlblərə
od salan
mahnını axıra
qədər dinlədilər.
Heydər
Əliyev muğamatı
da, klassik musiqini də (Filarmoniyada onun vaxtında “Klassik musiqi axşamları”nın keçirilməsi
deyilənə sübutdur),
aşıq musiqisini də çox sevirdi. Aşıq sənətini yüksək
qiymətləndirirdi. Təsadüfi deyildir ki, “Aşıqlar Birliyi” və “Aşıq Pəri Məclisi” onun xeyir-duası ilə yaranıb. Aşıq Ələsgərin, Aşıq
Alının, Aşıq
Şəmşirin yubileylərinin
keçirilməsi barədə
sərəncamlar imzalamışdı.
Aşıq Ələsgərin 150 illiyinin Moskvada “Qurultaylar sarayı”nda keçirilməsi əlamətdar
hadisə idi. Aşığın poeziyası Vladimir Qafarov tərəfindən
rus dilinə tərcümə edilərək
kitab halında çap olundu və rus oxucularına
təqdim edildi.
Ulu öndərimiz
görkəmli şəxsiyyətlərin
yubileylərinin keçirilməsini
zəruri sayırdı. Xüsusi vurğulayırdı
ki, yubileylərin keçirilməsi bir tərəfdən onların
xalq qarşısında
xidmətlərinə verilən
qiymətdir, digər tərəfdən xalqın
zənginliyini nümayiş
etdirməkdir.
Ümumxalq məhəbbəti qazanan,
hamının intizarla
gözlədiyi “Ozan” və “Bulaq” verilişləri də Heydər Əliyevin vaxtında yaranmışdı. “Ozan” televiziya verilişinin Dövlət
mükafatına təqdim
edilməsi çox mətləblərdən xəbər
verirdi.
Ulu öndərimizin folklorumuza
olan dərin məhəbbətinin nəticəsi
əvvəlcə “Folklor
elm mərkəzi”nin
(1994), sonralar isə analoqu olmayan “Folklor İnstitutu”nun yaradılması (2003) oldu.
Folklor İnstitutunda “Dədə
Qorqud” şöbəsi
yarandı və “Dədə Qorqud” jurnalı buraxılmağa
başlandı.
İndi İnstitutda “Aşıq yaradıcılığı”, “Mərasim folkloru”, “Türk xalqları”, “Folklor və yazılı ədəbiyyat”, “Cənubi Azərbaycan folkloru” və başqa şöbələr fəaliyyət göstərir və Ulu öndərimizin həmişə diqqət mərkəzində olan milli-mənəvi dəyərlərimizin qorunması və təbliği yolunda müstəsna işlər görülür.
Qədim yunan filosofu Platonun müdrik kəlamı vardır: “Başqalarının xoşbəxtliyinə çalışanlar öz xoşbəxtliklərini qazanırlar”.
Heydər Əliyev həyatını bütöv bir xalqın
xoşbəxtliyinə həsr etdiyindən xalqın qəlbində
əbədilik qazanmışdır.
525-ci qəzet.-2017.-16 dekabr.-S.15.