Xeyirxahlığın fəlsəfəsi
və fəlsəfəsiz xeyirxahlıq
Xalid QÜDRƏTOĞLU
Əməkdar jurnalist
Xeyirxahlıq nədir? Onun tərifi,
anlayışı, fəlsəfəsi mövcuddurmu?
Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi
etməmək lazımdır?
Xeyirxahlığı maddi ölçüsündə zənginlik
şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir,
ruhani ehtiyacdır, qannan, iliknən, tərbiyəynən
süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir?
Hər nədirsə, təşnə insanın
dodaqları gözü qurumuş bulaqdan umsuq
düşdüyü kimi, hamının gözlədiyi bir mətahdır,
tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi
özünüifadə forması, davranış
tövrüdür.
Xeyirxahlıq həm də yaxşılıqdır,
mayası insana məhəbbətdən yoğrulmuş
humanizmdir, nəciblik, mərhəmət, şəfqət və
alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri
özündə birləşdirməyi bacarmış şəxs
Tanrının dərgahında kamil insan sayıla bilər.
Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin
çox qiymətli fikirləri var. Hələ məşhur
ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq - artığı
ziyan verməyən bir əməldir.
Həzrət
Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə
düşərdi: - Dörd şeydən ikisini yadda
saxlayın, ikisini unudun - deyib əleyhüssəlam. - Sizə
olunan yaxşılığı unutmayın, etdiyiniz
yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan
çıxarmayın.
Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib
sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyi-nəzər
daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi
saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq
kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq,
etika və nəzakət normalarını təşviq edir.
Xeyirxah olmaq üçün insana nə lazımdır? Bəziləri
ilkin şərt kimi maddi imkanı göstərirlər.
Müvafiq mənsəb sahibliyini də variant kimi nəzərdən
keçirənlər az deyil. Millətin
ac-yalavacına, qaçqın-köçkününə əl
uzatmaqdan söhbət düşəndə müqəddəs
Qurandan misal çəkərək - əvvəl evin içi,
sonra çölü - deyən elə imkanlı adamlar
görmüşük ki...
Amma düşünürük ki, xeyirxah olmaq
üçün insan ilk növbədə mənən zəngin,
böyük ürək sahibi olmalıdır. Elədiyi
yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət
gözləmədən, Allah rizasına eləməlidir.
Bu, hər bəndəyə qismət olmayan ilahi bir
qabiliyyətdir. İmkanlı kəslər var ki, Tanrı
onu xeyirxah olmaq səadətindən məhrum edib...
çörəyi yeyilmir, suyu boğazdan keçmir, əməlinin
urvatı, parasının bərəkəti bilinmir.
lll
Maraqlıdır, bəlkə də təəssüf
doğurandır ki, bizdə imkanlı adamlar daha çox
şou əhlinə “əl tutmağı” xoşlayırlar. Özü də
ciddi sənətkarlara da deyil, məhz şou əhlinə.
Həm də qadınlara... bir də ekranın rənginə
uyğunlaşmış kişilərə. Səhnəyə
təzəcə ayaq basmış “ətcəbala”lara “atalıq” qayğısı göstərən
vəzifə sahibləri var ki, sonradan onların “professional”
inkişaflarının da qayğısına qalırlar.
Bahalı avtomobillər, zinət əşyaları, villalar, fəxri
adlar ...
Amma bir soruşan gərək; öz əhlikef
“damazlıqlarından” savayı hansısa savadlı bir gəncin
də xaricdə təhsil almasına kömək ediblərmi? Əsla!
Bir yetimə əl uzadıb, bir çarəsizə həyan
durublarmı?
Bilmərrə!
Bir alimin ideyalarının gerçəkləşməsinə,
bir yazıçının kitabının nəşrinə
dəstək veriblərmi? Qətiyyən!
Belə çıxmırmı ki, ötən əsrin əvvəllərində
yaşamış mesenatlarımız o qədər sadəlövh,
yəni “hərif” imişlər ki, milyonlarla pul xərcləyib
özgə uşaqlarını xaricdə təhsil almağa
göndərirdilər?!
Bunca sadəlövhlüyün bircə təskinliyi
vardı - bu adamlar millətini sevir və onun gələcəyini
düşünürdülər.
Bugünkü imkanlıları “sələflərindən”
fərqləndirən də məhz bu məqamdır; biri millətini,
o biri isə ailəsini çox sevir.
Biri Azərbaycanı,
o biri isə bu coğrafiyanın hündür barı
ilə çəpərlənmiş, sadəcə, ona məxsus
həyətini sevir.
Əfsuslar
olsun ki, bizdəki imkanlıların bir qismi “kütbeyin, əfəl
olsun, ancaq özümünkü olsun” kimi çürük təfəkkürlə
“işığı” yalnız öz ətraflarına
“saçmağı” prinsipləşdirib.
Hacı
Zeynalabdın Tağıyev, Musa Nağıyev ... də
milyonçu idilər. Amma ən siftəsi azərbaycanlı
idilər. Millət yolunda pul xərcləməyi bu millətin
gələcəyinə sərmayə qoymağa bərabər
bir iş hesab edirdilər.
Bugünkü
milyonçular isə sələflərinin layiqli xələfi
ola bilmirlər.
Bacarmırlar!
Görünür, mənəvi-əxlaqi
dəyərlərlə, təfəkkür və istedadla
yanaşı, xeyirxahlıq, mərhəmət kimi hisslər də
genlərdə kodlaşıb irsən keçə bilmək
xassəsinə malik imiş.
Elə isə,
heyif
bugünümüzə, təəssüf
sabahımıza!
lll
Dünyanın iki ən zəngin insanı - amerikalı
milyarder-filantroplar Bill Qeyts və Uorren Baffet öz
varidatlarının əhəmiyyətli bir hissəsini xeyriyyə
dərnəklərinə bağışlayıblar. Planetin digər bir zəngin
şəxsi, meksikalı Karlos Slim hər il ölkəsində
humanitar məqsədli layihələrə 5 milyard dollar vəsait
ayırır, 160 min nəfərdən artıq tələbə
onun təqaüdü ilə təhsil alır.
O gün
internetdə də yayıldı ki, bir erməni milyonçusu
“tarixi vətənində” yaşayan 1700 gəncin xaricdə təhsilini
maliyyələşdirib.
Sonra da təəccüblənirik ki, nədən bizimkilərin
əksəriyyəti Vətəndən kənarda yalnız
göyərti satmaqla, dönər fırlatmaqla məşğuldur,
heç piketə-filana da gəlmirlər?!
Dəbdəbəli imarətlər, bahalı avtomobil və
yaxtalar heç vaxt və heç kimin insanlıq meyarına
çevrilməyib.
İnsanın zinəti onun ağlı, savadı, tərbiyə
və əxlaqı, dəyəri isə əməlləridir.
Əgər xeyriyyəçilərin sayını
ölkədəki imkanlı adamların kəmiyyəti ilə
müqayisə etsək, Azərbaycan bu sarıdan bəxti gətirməyən
ölkələrin sırasında yer alacaq.
Bəs görəsən bizə mane olan nədir?
lll
İnsanın
maddi imkanları məhdud, xeyirxah niyyəti nəhayətsiz ola bilər. Yəni maddi
sıxıntı heç vəchlə mənəvi zənginliyə
kölgə sala bilməz. Xeyriyyəçilik
isə müəyyən mənada altruizmlə
bağlıdır və onu isbatlamağın yolu mütləq
fərdin maddi imkanlarından keçir. Ancaq bu o demək
də deyil ki, hər maddi imkanı bol adam
xeyriyyəçiliklə məşğul olmağa qadirdir.
Amma nə
yaxşı olardı!.. Ölkəmizdə
zəngin adam çoxdur. İş
adamı da, məmuru da. Doğrusu da,
oğrusu da.
Onsuz da
xalq öz “qəhrəmanlarını” yaxşı
tanıyır, kimin nə ilə “nəfəs”
aldığını pis bilmir.
Nə
olardı, belələri Allahın dərgahında
günahlarını “yumaq” üçün
üç-beş kimsəsizə əl tutaydılar,
acların qarnını doyuraydılar, yol tikib, su çəkib,
savab iş görəydilər...
Söhbət ondan gedir ki, xeyriyyəçilik pul kisəsinin
qalınlığı ilə deyil, ürəyin genişliyi
ilə ölçülən bir jestdir, keyfiyyət göstəricisidir.
Bəs indiyədək bizdə çatışmayan nə
olub?
Xeyriyyəçilik
institutunun, bu sahədə kütləvi təşəbbüsün
olmaması!
Azərbaycanda ilk addımı məhz ölkənin
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri
Mehriban xanım Əliyeva atdı, belə bir xeyriyyəçilik
institutunun təməlini qoydu.
Mehriban
xanımın zaman etibarilə qısa müddət ərzində
Azərbaycan mədəniyyəti, incəsənəti, təhsil
və səhiyyəsi üçün etdiklərini yalnız
universal bir nazirliyin öhdəsindən gələ biləcəyi
iş həcmi ilə müqayisə etmək
mümkündür. Onun çoxcəhətli fəaliyyəti
mesenatlığın əməli təcəssümü
olmaqla qalmayıb, həm də mənəvi zənginliyin, nəciblik
və alicənablığın bariz təzahürünə
çevrilmişdir.
İnsanlıq
naminə həyata keçirdiyi əməlləri ilə
YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların
xoşməramlı səfiri titulunu qazanmış Mehriban
xanımın xeyriyyəçiliklə bağlı
düşüncələri fəlsəfiliyini saxlamaqla
yanaşı, həm də daha praktikdir, əlçatandır:
“... xeyriyyəçilik - insanların hər hansı direktiv və
göstərişlər əsasında deyil, öz qəlbinin
və vicdanının səsi ilə öz vəsaitlərini,
qüvvələrini, vaxtını və enerjisini sərf edərək
gördüyü xeyirxah işlərdir.
Mənə
belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası,
ilk növbədə, insanların yaxşılıq etməyə
çalışması, başqasının dərdinə
şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı
olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin
və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir”.
Azərbaycan çapında xeyriyyəçilikdən
söhbət düşəndə ilk öncə Mehriban
xanımı düşünürük.
Bir gülnən də bahar olarmış.
O, bunu
sübut etməyi bacardı!
lll
Xeyirxahlığın bir hüdudu, belə deyək,
dayanacağı varmı?
Məgər insanın arzu və istəklərini
qapalı bir hücrəyə həbs etmək
mümkündürmü?
Nəcibliyin, mərhəmətin, şəfqətin
çərçivəsi, qoruq-qaytanı mövcuddurmu?
Vücudu,
fitrəti əməlpərvərlikdən, insankeşlikdən
yoğrulmuş birinə - Bəsdir! Dayan, dur, əl saxla! - deyə bilərsənmi?
- Əl
tutmaq əlidən qalıb! Verən əlin yorulmasın! Allah
min əvəzini versin! - kimi ifadələr
xalqımızın milli-əxlaqi keyfiyyətlərindən
süzülüb gələn şükranlıq,
alqış nidalarıdır.
Dini əxlaqda
xeyirxahlıq Tanrı ilə qovuşmaq, ruhun xilas edilməsi,
rəhmdillik, bir sözlə, qəlbində Allah sevgisi gəzdirən
hər bir şəxsin can atdığı ali
dəyərlər anlamına gəlir. Dini təsəvvürdən
kənarda yüksək əxlaqi dəyərlər dedikdə
humanizm, ədalət və məhəbbət nəzərdə
tutulur.
Həzrəti-Muhəmməd (s)-dən - İnsanların
ən sevimlisi kimdir? - deyə soruşduqda belə cavab
vermişdi: “İnsanlara fayda verən xalqın ən
sevimlisidir”.
XIV Dalay Lama “Xeyirxahlıq siyasəti” toplusunda deyir ki, dinə
inanmaq və inanmamaq mümkündür, insanın yenidən
dünyaya gələ biləcəyi fərziyyəsinə
inanmaq da olar, inanmamaq da. Fəqət elə bir insan yoxdur ki,
xeyirxahlıq və mərhəməti dəyərləndirə
bilməsin.
Əxlaqi təfəkkürdə əsl xeyirxahlıq
hamı üçün - həm bütövlükdə bəşəriyyət,
həm də ayrılıqda hər bir fərdə yönəlik
aktdır. Lakin tələb, arzu və fərdi qənaətlərin
toqquşduğu dünyada bu xeyirxahlıq abstrakt
görünür. Hamı üçün ideal xeyirxahlıq bəşəriyyətin
hərəkət istiqamətini göstərən ideyadır.
lll
Tarix özünü tanıyıb anladığı
gündən bəri böyük pullar heç kimə
böyük xoşbəxtlik bəxş etməyib.
Pul kütləsinin çoxluğu problemlərin də
çoxluğunu şərtləndirib.
Hacı Qaralar, Qarpaqonlar ədəbiyyatda gülüş və satira, həyatda isə kinayə və sarkazm hədəfinə çevriliblər.
Sərvəti ilə deyil, xeyirxah əməlləri ilə zəngin olanlar isə əbədiyaşarlıq və ehtiram qazanıblar.
Azərbaycanda
da imkanlı, pullu adamlar çoxdur...
Amma!..
525-ci qəzet.-2017.-16 dekabr.-S.10