Vaqif Mustafazadə konsert proqramı ilə anıldı

 

Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin dəstəyi ilə Vaqif Mustafazadənin ev-muzeyində görkəmli cazmenin xatirəsinə həsr edilmiş konsert olub.

 

Konsertdə musiqi və incəsənət xadimləri, Bakı muzeylərinin əməkdaşları, bəstəkarın yaradıcılığının pərəstişkarları və media nümayəndələri iştirak ediblər.

 

Konsertdən əvvəl muzeyin direktoru Afaq Əliyeva Vaqif Mustafazadənin həyat və yaradıcılığı, ölməz irsi barədə danışıb. Qeyd edib ki, Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi, tanınmış cazmen, milyonların ürəyini fəth etmiş Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da həyatdan köçüb. O, "Tallinn-66", "Tallinn-67" festivallarının, "Caz-69" Bakı festivalının, 1977-ci ildə Donetskdə Ümumittifaq caz festivalının, ona ən yaxşı pianoçu adını qazandıran "Tbilisi-78" caz festivalının laureatı olub. 1979-cu ildə Monakoda keçirilən Beynəlxalq caz müsabiqəsində birinci mükafata layiq görülüb.

 

Vaqif Mustafazadə dinləyicilərini özünəməxsusluğu və virtuoz texnikası ilə məftun edirdi. O, ilk dəfə Azərbaycan muğamını caz ilə sintez edərək cazda yeni cərəyanın təməlini qoyub. Bəstəkar 1972-ci ildə ona dünya şöhrəti gətirən məşhur "Əlvida" əsərini yazıb.

 

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Asəf Zeynallı adına Musiqi Kollecinin məzun və tələbələrinin ifasında tanınmış bəstəkarın əsərləri səsləndirilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 19 dekabr .- S.7.