Qorxmaz Tofiqoğlu: "Sazın qüdrəti
hər cür mənfi ehtimalı puça
çıxarır"
"SON
İLLƏR AŞIQ SƏNƏTİNƏ YENİ
NƏSLİN HƏM MARAĞI, HƏM DƏ AXINI DİQQƏT
ÇƏKİR"
Şahanə MÜŞFİQ
İctimai
Televiziyanın "Ozan məclisi" proqramının müəllifi
və aparıcısı Qorxmaz Tofiqoğlu ilə
ozan-aşıq sənətindən danışdıq, bu sənətin
keçmişi və indisi barədə söz açıb,
ülvi-ruhani saz aləminə bir söhbətlik səyahət
etdik:
- Qorxmaz müəllim, bu günün
tamaşaçısı, müasir texnoloji imkanlar
dövrünün dinləyicisi məhz hansı amillərə
görə sizin proqrama, ümumən ozan-aşıq sənətinə
diqqət kəsilməlidir?
- Əvvəla, düşünürəm ki,
aşıq sənəti bizim milli musiqimizin təməli,
genefondu statusunu ləyaqətlə daşıyır. Zamanın tələbi
dəyişsə belə, forma heç zaman məzmunu üstələyə
bilməz. Birincisi, öz
soykökümüzün yaratdığı musiqi sahəsi, mədəniyyət
qolu olduğu üçün bu sənəti
yaşatmalıyıq, dinləməliyik, musiqiyə hərtərəfli
dəstək olmalıyıq. Mən
özüm də fürsət tapdıqca
aparıcılığımı bir kənara qoyub dinləməyə
və milli musiqimizdən zövq almağa
çalışıram. Sazın
yaşaması maddi dəstəkdən daha çox, mənəvi
dəstəkdən asılıdır. Şükürlər
olsun ki, tamaşaçı, dinləyici sarıdan problemimiz
yoxdur. Müasir zamanın tələbləri
bizi fərqli axara yönəltsə də, sazın öz sevənləri,
dinləyənləri var və olacaq da.
-
Ozan-aşıq sənətimizin bugünkü durumu, onun
müasir nümayəndələrinin yaradıcılığı,
ifaları haqqında fikrinizi bilmək istərdik. Zəngin ənənələr hansı səviyyə
və keyfiyyətdə davam etdirilir?
- Deməzdim
ki, aşıq sənətinin, sazın geniş
potensialından bu gün lazımi qədər istifadə edə
bilirik. Bəli, bu, tam dolğunluğu ilə
alınmır. Bununla belə,
televiziyanın öz şərtləri olduğu
üçün, biz o şərtlər daxilində sazın
özünün də ənənəvi nizamını,
qayda-qanunları gözləməyə, necə deyərlər,
ikisini bir nöqtədə uzlaşdırmağa
çalışırıq.
XX əsrin 30-cu illərindən sonra, daha dəqiqi,
1928-ci ildəki Birinci Aşıqlar Qurultayından sonra bu sənətə
geniş, konseptual yanaşma ortaya çıxmağa
başladı.
Bu, özünü yaradıcılıqdan daha
çox ifaçılıqda təcəssüm etdirə
bildi. Ümumiyyətlə, XX əsr
ifaçılıq tarixinin ən məhsuldar
dövrüdür. Aşıq İmran Həsənov,
Aşıq Əkbər Cəfərov, Mirzə Bayramov, Dədə
Şəmşir, Mikayıl Azaflı, Əsəd Rzayev,
Kamandar Əfəndiyev, Əmrah Gülməmmədov, Sadıq
Sultanov və adını fəxrlə çəkə biləcəyimiz
bir neçə sənətkarımız məhz bu dövrdə
yaşayıb-yaratdılar. Aşıq sənəti
daha çox ifaçılıqla yadda qalmaqla, həm də
yeni bir müstəviyə keçdi. Dastançılıq
ikinci planda görünsə də, yaradıcı
aşıqlar əsasən ifaçılıqla məşğul
oldular. Doğrudur, onlar az-çox
yaradıcılıqla məşğul olmaqla ənənəni
yaşadırdılar, ancaq qırılmalar vardı,
aşıqlar ifaçılığı ön plana
çıxardılar. Dediyim qırılmalar ilk növbədə
aşıqların özlərinin dastanları artıq
yadırğamasında, aşığın meydangirliyinin
görünməməsində, mütaliəsinin az olmasından yaranırdı.
- Bəs sazın-sözün mediada təbliği,
işıqlandırılması bu sənətin
hazırkı səviyyəsinə uyğundurmu? Görülən
işlər arzulara, tələblərə cavab verirmi?
- Bu təbliğat
əvvəlki formadan çox da fərqlənmir. Çünki qayda-qanun birdir. Sadəcə
müəyyən gəzişmələr edə bilirik,
televiziyanın təbliğat gücünü nəzərə
alaraq, aşıq sənəti ilə bağlı kliplər
çəkilir. Dastanların müəyyən
aşıqlar tərəfindən söylənməsinə
şərait yaradırıq. "Ozan məclisi"
həftədə bir dəfə efirə çıxır,
biz də proqramda toxunduğumuz mövzuların həm də
maarifləndirici əhəmiyyət kəsb etməsinə
çalışırıq. Təbii ki, hər
şeyi arzulanan kimi reallaşdıra bilmirik, amma müəyyən
mənada əvvəlki koloriti, dadı-tamı qoruyub
saxlamağa cəhd edirik.
- Aparıcılıq
üçün bu sənətin praktik cəhətlərindən
əlavə, nəzəri tərəfinə də diqqət
edirsinizmi? "Ozan məclisi"nin
aparıcısı mütaliə, aşıq-ozan sənətinin
tarixinə, xüsusiyyətlərinə dair elmi əsərlər,
araşdırmalar oxumaq baxımından necə bir
hazırlıq prosesi keçir?
- Ailə
mühiti, göz açandan gördüyüm insanlar məndə
bu sənətə güclü sevgi yaradıblar. Sənətkar ailəsində doğulmuşam.
Atamın rəsmi adı Tofiq olduğu
üçün təxəllüsüm Tofiqoğludur, ancaq
el arasında o, Aşıq Firudin kimi tanınıb. Kəlbəcər rayonunda Aşıq Musa Kərimovun
ailəsində anadan olub atam. Mərhum tərcüməçi-alim
Ənvər Rza isə atamın dayısı idi. Bizim ailəyə saz və söz anlayışı
son dərəcə doğmadır. Bütün
bunlar mənim üçün sazla-sözlə bağlı
bir təməl rolunu oynadı. Ancaq peşəkar şəkildə
məşğul olmağa başladıqdan sonra alimlərimizin,
tədqiqatçılarımızın bu sənətlə
bağlı kitabları ilə də tanış
oldum, uşaq vaxtı oxuduğum dastanları fərqli
baxışla yenidən oxudum. Ümid edirəm
ki, sazla-sözlə bağlı hazırkı bilgilərimi məqbul
hesab etmək olar. Amma yenə də
dayanmıram, öz üzərimdə həmişə
çalışıram, yeni bilgilər, yeni informasiyalar
toplamağa cəhd edirəm. Son vaxtlar təsəvvüf
ədəbiyyatı, dünya xalqlarının eposları ilə
maraqlanıram, onların bizim dastanlarla
uzlaşdığı, çarpazlaşdığı məqamları
tapmağa çalışıram. Sazı
geniş imkanlara malik sənət kimi təqdim etmək
hamımızın borcudur. Çünki
sazın belə bir potensialı var.
- "Ozan məclisi"
proqramı sizə və siz bu proqrama nə verdiniz?
-
"Ozan məclisi" mənə tamaşaçı sevgisi verdi, el içində Qorxmaz Tofiqoğlu
adını tanıtdı, məni bu sahədə seçilən
imzaya çevirdi. Mənim bu proqrama verdiyim
haqqında danışsaq, düşünürəm ki, daha
enerjili bir insan, daha gənc sima efir məkanında
görünərək verilişə diqqət cəlb etdi.
Mən ilk dəfə radioda
başlamışdım, daha sonra televiziyaya
çıxdım. Bu zaman əvvəllər
üzümü görməyən tamaşaçılar təəccüb
içində idilər. Onlar məni daha
yaşlı biri kimi təsəvvür edirmişlər.
Çünki bu tip verilişləri daha yaşlı
insanların aparmasına öyrəşiblər. Mən isə 23-24 yaşımda başladım.
Bununla bir tərəfdən qürur duysam da, digər
tərəfdən çiyinlərimdə ağır bir məsuliyyət
olduğunu hər zaman dərk etmişəm. Düşünürəm ki, sazla bağlı
formasını dəyişən, amma məzmununu dəyişməyən
bir aparıcının görə biləcəyi işləri
görürəm. Məsələn,
sazın müasir təqdimatını, qonşu ölkələrdə
yaşayan aşıqları efirimizə gətirə,
onları Azərbaycan aşıqları ilə
görüşdürə, bu sənətin ortaq tərəflərini
göstərə bildik, sazın ortaq dil olduğunu
anlatmağa çalışdıq. Yəqin
ki, zaman keçdikcə daha fərqli cəhətlər də
olacaq.
- Özünüz sazda ifa edə
bilirsinizmi? Saz havalarına bələdliyiniz necədir?
- Sazda
peşəkarlıqla ifa edə bilmirəm. Amma
dost-yoldaş ortamında, yəqin ki, nəsə ifa etmək
olar. İndiyə qədər təqdim
olunan saz havalarını bilirəm, dastanlarımızın hər
birinin məzmununa bələdəm, hətta yaxın
çevrə içində aşıqvari söyləməyə
də cürətim çatar. İfa məsələsini
demirəm, ancaq sazı, ozan-aşıq sənətini, məncə,
auditoriyaya təqdim etməyi bacarıram.
- Bir daha əvvəldəki mətləbin
üzərinə qayıdaq. Bilmək istərdim,
tamaşaçı, dinləyici maraq və rəğbəti
Sizi nə dərəcədə qane edir?
-
Sazın, aşığın hər zaman dinləyicisi, necə
deyərlər, azarkeşləri olub. Texnologiyanın
inkişaf etdiyi, vərdiş və məşğuliyyət
sahələrinin günbəgün artdığı bir
dövrdə insanlar yenə də sazdan zövq ala bilirlər.
Bu, təbii ki, bizi sevindirir. Bugünkü
tamaşaçı iki cəbhədə təmsil olunur:
mühafizəkar, heç bir halda yeniliyi qəbul etməyib
onu qamçılayanlar və müasirliyin, yeni musiqi meyillərinin
olmamasında ənənəviçiləri tənqid edənlər.
Hər ikisinin haqlı və haqsız olduğu
məqamlar var. Bizim arzumuz hər iki yönü ortaq nöqtədə
birləşdirib zövqlərini oxşamaqdır. Bu baxımdan, bizim də işimiz çətindir,
aşıqların da.
- Bu rəğbətin miqyasında, dərəcəsində
Azərbaycanın bölgələri üzrə, yaxud müxtəlif
yaş qruplarına görə ciddi fərqlər
müşahidə olunurmu? Yeni nəslin saza, aşıq
sənətinə münasibəti sizə nə deyir?
- İndi elə bir dövrdəyik ki, şəhər və əyalət anlayışı, məsafələr aradan qalxıb, tamaşaçılarımız telefon vasitəsilə istənilən an efirimizə qoşula bilirlər. Saz sənəti dörd bölgədə - Göyçə, Borçalı, Şirvan və Təbriz məktəblərində təqdim olunur. Təbrizin özündə isə Urmiya, Zəncan, Xorasan, Savə-Qaşqay kimi xeyli mühitlər var. Onların təkibində bizdən uzaq düşən, təqdiqatı üçün heç bir iş görülməyən mühitlərin aşıqları var ki, onları bizim aşıq məktəbləri ilə uzlaşdırmaq məncə, xeyli vaxt aparacaq. Təbrizdə fəaliyyət göstərən "Dalğa" qrupunun rəhbəri Çingiz Mehdipurun danışdığına görə, onlar Hollandiyada tələbələr üçün konsert verərkən, bir professor onlara deyir ki, mən sizin nə oxuduğunuzu bilmirəm, amma o musiqini dinləyərkən mənə elə gəldi, sizin insanlar tarix boyu xeyli əzab çəkiblər və onlar dağlıq yerdə, çətin ərazilərdə yaşayırlar. Musiqinin verdiyi mesaj, informasiya, görün, necə bütövdür. Təəssüf ki, dinləyicilər, tamaşaçılar uşaqlıqdan aid olduğu bölgənin saz sənətini dinlədiyi üçün bəzən bir-birini qəbul etməmək halları da yaşanır. Bu təsnifat isə ayrı-seçkilik salmaq üçün yox, əksinə, səliqə-sahman yaratmaq və daha əlverişli şəkildə tədqiq etmək üçün, məncə, əhəmiyyətlidir.
Gənclərimizin münasibətinə gələndə, açığı, tam biz istəyən səviyyədə olmasa da, son illər aşıq sənətinə yeni nəslin həm marağı, həm də axını diqqət çəkir. Təbii ki, çoxluq olan yerdə keyfiyyəti qorumaq elə də asan deyil. Şəhriyar Kərimov, Şəhriyar Laçın, Əli Zeynalabdinov, Elməddin Məmmədli, Nəbi Nağıyev, Nazim Quliyev kimi gənclər var ki, onlar gələcəyin ustad aşıqlarına ən real namizədlərdir və mən düşünürəm, bu işi bacaracaqlar. Sadəcə, mən aşıqları yalnız dastan oxuyan, şeir əzbərləyən kimi görmək istəmirəm. Mən onların dünya ədəbiyyatını da mütaliə etmələrini, öz ədəbiyyatımızla oxşarlıq və fərqliliklərini tapmalarını, dastanları, kolorit yerində qalmaqla, fərqli və müasir dillə söyləməklərini istərdim.
-
Qadınların aşıq sənətindəki yeri barədə
nə düşünürsünüz?
- Birmənalı şəkildə deyim ki, buna çox yaxşı baxıram. Demək olar ki, bütün dastanlarımızda biz kişilərlə bərabər qadınları görürük. Məsələn, "Valeh-Zərnigar", "Aşıq Pəri" kimi dastanların adlarını çəkə bilərik. Qadın aşıqlarımızın bu sənətə layiq şəkildə çıxış edənlərini ürəkdən alqışlayıram. Təbii ki, sazın kölgəsində gizlənən, onun üçün heç bir iş görməyən, aşıq adını tənqidlə baş-başa qoyanları qınayıram və onları yaxşı ustaddan dərs almağa, bunu da bacarmırlarsa, sazı yerə qoymağa çağırıram.
- Təəssüratınız
necədir, bu sənətin gələcəyinə ümidlə
baxmağa yetərincə əsas varmı?
- 500 il bundan əvvəl də belə bir söhbət getsəydi, ortaya bu cür sual çıxsaydı, yəqin onda da qəti cavab vermək olmazdı. Çünki nəyin necə olacağını zaman göstərə bilər. Ancaq sazın qüdrəti onunla bağlı hər cür mənfi ehtimalı puça çıxarır. Gerçəklik budur ki, saz əsrlərdən bəri yaşayır, yenə də öz enerjisini, mövqeyini qoruyur. Mənə elə gəlir ki, bu, həmişə belə olacaq.
525-ci qəzet 2017.- 19 dekabr .- S.7.