Fərqanə Mehdiyeva
gənc ədiblərin qonağı oldu
Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda III Gənc
Ədiblər Məktəbinin şair, "Ulduz"
jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə
Mehdiyeva ilə görüşü keçirilib.
Tədbiri
yazıçı Elçin Hüseynbəyli açaraq
qonağı gənc yazarlara təqdim edib, F.Mehdiyevanın
poeziyası barədə düşüncələrini
bölüşüb: "Fərqanə xanımdan öyrənməli
olduğunuz çox keyfiyyətlər var. O, həm sərbəstdə
yazır, həm hecada. Ümumən Fərqanə
xanımın sərbəst şeirində belə intonasiya
duyulur. Bu gün Fərqanə xanımın şeirlərini
dinləyəcək və həqiqi, yaxşı şeirlə
təmasda olacaqsınız".
F.Mehdiyeva
gənc ədiblərlə görüşdən məmnun
olduğunu deyib: "Mənim Gənc Ədiblər Məktəbiylə
görüşüm bir dəfə də keçirilib.
Ümid edirəm ki, sizinlə görüş də
maraqlı olacaq. Çünki gənclərlə bir yerdə
olmaq onların enerjisini paylaşmaqdır. Gəncliyin
üzünə heç bir dövrdə bu qədər
geniş qapılar açılmayıb. Birliyin gənclər
üzrə katibi Rəşad Məcidə minnətdaram ki, bu
cür bir yaradıcılıq məktəbi yaradıb və
neçə-neçə istedadın üzə
çıxmasında böyük rol oynayır".
Tədbirdə
iştirak edən şair Narıngül də qələm
dostunun yaradıcılığından bəhs edib: "Fərqanə
xanım sujetli şeirdə məharətlidir. Gənclərdə
bu cür nümunələr stimul yaradır. Onlar gözəl
şeirlər yazmaq arzusuna düşürlər".
Sonra
F. Mehdiyeva gənc şairlər Zərifə İslam, Aydan Mayılova,
Əbdüləli Əbdüləliyev, Vüsalə Vətənxan,
Elnur Xəzri, Rəvan Cavid, Ulucay Akif və
başqalarının şeirlərini dinləyib, onlar haqda
fikirlərini bildirib.
Sonda
F.Mehdiyeva öz peoziyasından nümunələr səsləndirib,
gənclərin suallarını cavablandırıb və gənc
ədiblərin şeirlərinin "Ulduz" jurnalında
çapı mövzusunda onlarla müzakirə aparıb.
MÜŞFİQ
525-ci qəzet 2017.- 20 dekabr .- S.8.