Nurəngiz Günün poemalarında
müharibə və insan amili
Yazarların müraciət etdiyi böyük
mövzulardan biri, bəlkə də birincisi müharibə və
onun törətdiyi faciələrdir.
İstər
tarixi dönəmlərdə, istərsə də müasir dövrdə baş
verən müharibə,
münaqişələrlə bağlı istənilən qədər həm
nəsr, həm də nəzmlə əsərlər
yazılıb. O baxımdan ədəbiyyatımızda yeri,
mövqeyi, öz dəsti-xətti olan Nurəngiz Günün
də bu mövzuya müraciəti təbiidir. Şairin
yeddi poemasının demək olar ki, əksəriyyəti bu
mövzudan qaynaqlanıb. Bədii siqlətilə də
yadda qalan bu poemaların hər birində insan amili, insan faktoru önə
çəkilir. Uşaqlığı
müharibə dövrünə düşən şairin yəqin
ki, qırğınlara, döyüşlərə
qarşı nifrəti də, böyük, sonsuz olub. Ətrafındakı insanların bu dəhşətlərdən
necə əziyyət çəkdiklərini öz gözləri
ilə görüb. Bəlkə də elə
buna görədir ki, ilk poemasını məhz bu səpkidə
qələmə alıb. 1981-ci ildə
yazdığı "Salamat ol, Ağca yol" əsərində
yeganə övladını cəbhəyə yola salan ana, onun həyatı,
arzu-xəyalı, çəkdiyi
əzabları canlı, real boyalarla oxucuya
çatdırılıb. Əsəri oxuyanda məlum olur ki,
müharibədən qırx il keçib, lakin ana hələ
də oğul
haraylayır, oğul gözləyir:
Gör
ki, nə vaxtdır
qolları, əlləri oğul arayır.
Bir
gör nə vaxtdır
bu
ananın ağ saçını
qərib
küləklər darayır.
İllərdir
ki, küləklərin qırmancladığı,
qar-yağışın döydüyü, günəşin
yandırdığı bu yollardan ana gözlərini çəkmir. "Oğlunun
yolunu gözləyir
hər gün, həsrəti çoxalır,
artır günbəgün..." Demək, müharibə
çoxdan qurtarıb, onun dağıtdığı, xaraba qoyduğu kəndlər, şəhərlər
də bərpa olunub, yenilənib, lakin ananın oğul dərdi, oğul həsrəti hələ də
bitib, tükənməyib, əksinə, günbəgün
artıb, çoxalıb. Yəqin ki, anadan sonra boş qalacaq bu yurd müharibə
nəticəsində
kökü kəsilmiş bir nəslin faciəsindən
danışacaq.
...Kimsə
yoxdur, nə bir nəfəs, nə bir səs!
Haraylar
açılır o ananın
qulaqlarında,
Damlalar quruyur yanaqlarında.
Müharibə əhval-ruhiyyəsinin güzgüsü
ananın yanaqlarında quruyub qalan göz yaşlarıdır. Onun mənəvi
dünyasında, psixologiyasında baş verən fırtınaların
sönməməsidir. Bu fırtınalar nəinki
öləziyəcək, əksinə, oğlunu itirən
ananı heç vaxt tərk etməyəcək, onu
ölümə qədər izləyəcək. Demək, müharibələrdə ən çox
sona qədər əziyyət çəkən insandır,
onun heç vaxt bərpa edilməyəcək
sarsılmış, əzilmiş mənəviyyatıdır.
Ölənlər öldülər. Qalanlar
qaldı.
Qalanların ağrısı hara qalandı?
41-dən
şəkil qaldı,
41-dən sübut qaldı, dəlil qaldı.
41-dən
milyon - milyon əlil qaldı...
Maraqlıdır ki, şair, müharibənin
özünü, yəni onu doğuran səbəbləri,
qarşı-qarşıya duran dövlətləri,
başlanan döyüşləri, onların kin-nifrətini
deyil, bu müharibənin sonunu, nəticəsini göstərir. Haqlı olaraq oxucusuna
çatdırır ki, səbəb nə olur-olsun, qələbəni
kim çalır-çalsın, müharibə heç vaxt heç kimə
xeyir gətirməyib. Əgər əsas insan
amilidirsə, müharibəni başlayan da, qurtaran da
insandırsa, demək, zərbəni də o insan alacaq. Onsuz da qısa olan insan ömrü bir az da
qısalacaq, həm də zəlil, fiziki cəhətdən
şikəst, əlil yaşayacaq. Məlumdur ki,
müharibələri başlayan fatehlərin heç biri insan
ömrünü sona qədər yaşamayıb. "Sənin
oğul qatilin - Hitler çoxdan zəlil qaldı", - deyir
şair.
Əsərdəki
Ana obrazı arxa cəbhədə olan milyonlarla əsgər
analarının ümumiləşdirilmiş obrazıdır. Eyni zamanda,
maraqlı bir nüans da var ki, bu Ana şairin həmişə
yanında, gözünün qarşısında olan bibisidir! "Yer üzünün ən gözəl
kişisi! Bibimin bir dənəsi!
Tələtim! Naməlum qəbrin üstə, naməlum, təzə-tər
əklil qaldı..." - deyə şair itkin
döyüşçünü həm də bibisi oğlu
kimi vəsf edir.
Poemada Ana
obrazı bəşəridi, həyatın özüdür, işıqdı,
günəşdi, bütün müharibələrin,
döyüşlərin fövqündədi, insan obrazlar
qalereyasında aparıcı,
müsbət, əsas xətdir, qəhrəmandır!
"Əsrin
son yuxusu" poeması da Nurəngiz Günün müharibə,
onun vurduğu yaralar, gətirdiyi əzablar, tanrı, bəşər
övladı, həyat, kainat, ölüm, yaşam haqqında fəlsəfi
düşüncələrinin yer aldığı bir əsərdir. Yuxu ilə reallıq arasında
qalan lirik qəhrəman hər şeydən, hər kəsdən
danışır, dünyanın yaradıcısı Tanrı ilə dialoqa girir. "Boz dünya", "Məchul
aləm", "Gümüş köçü",
"Torpaq ürəklər", "Yiyəsiz səslər",
"Bəyaz qiyafə" kimi yarımbaşlıqlar
altında toplanmış
şeir parçalarında şair dünyanın hər
üzünü təsvir edir. Ölümdən sonra olanları da əks
etdirir:
" -
Ürəklər yatır torpaqda...
torpaq olubdur
ürəklər...
Bir hərb
də olarsa artıq....
bir zor da olunca belə...
Sonra da
süvarilər...
ürək
üstdən keçəcəklər..."
Bir döyüşdən sonra torpaq altda qalan nə qədər
insan-ürək özü torpaq olub, ovxalanıb. Lirik qəhrəman Məchul
aləmi yuxu
kimi dolaşır. Ölmüş insanların fəryadını,
naləsini eşidir. Göydən
yiyəsiz səslər gəlir: "Mən yüz dedim
ömürləri, yüz yerə kim
böldü bunu? Kim düşündü insan
üçün, min əsarət oyununu!" Əsərdə
qırıq-qırıq səslər, sözlər, fikirlər, yuxu ilə
həyat, həyatla ölüm arasında çapalayan bir
İnsan obrazı var. Bu İnsan gördükləri,
eşitdikləri qeyri-insani hadisələri, pisliyi, şəri, böhtanı
heç cür dərk edə, qəbul edə bilmir. Bəlkə də bu İnsan əsrin son yuxusunu
görür. Çünki artıq XX əsr
başa çatmaq üzrədir. Yuxuda
yeri-göyü yaradan qüvvə insanları biri-birinə
tapşırır. Şər işlərə
qoşulmamağa, insanlığı, günəşi,
torpağı düşünməyə, onları qorumağa
çağırır:
- İncikliyəm övladlarım,
belimi əyib
gedirəm!
Ancaq sizə
mərhəmətlər,
xeyirxahlıq diləyirəm!
Lirik qəhrəman - İnsan çox narahatdır. Yoxsa Allahın da gücü
çatmayan şeytanlar, iblislər dünyanı məhvə doğru aparır?
1988-ci ildə
SSRİ adlı bir imperiyanın süqutu, çökməsi fonunda yazılmış bu poema öz dövrünü əks
etdirməklə bərabər, həm də dünyaya meydan
oxuyanlara, "mənəm-mənəm" deyənlərə
bir layiqli mesaj idi. Ad çəkmədən, məkan göstərmədən fəlsəfi
yozumları, düzümləri ilə diqqəti çəkən
bu əsər də Nurəngiz
Günün yaradıcılığında xüsusi önəm
daşıyır.
"Ağ qanadlar" da eyni mövzuya həsr olunub. Bu əsərdə
döyüşçü Comərdin müharibədən sonrakı həyatından
fraqmentlər əks olunub. Cavan, sağlam, yaraşıqlı Comərd müharibə
qurtarandan sonra evinə
qayıdanda onu kimsə, hətta qızı Siyatel də
tanımır. Çünki o, bir ayağını
itirmişdir, beli bükülmüşdür, saçları
tökülmüşdür, beş ildə
otuz il qocalmışdır. Əvvəl arvadını, sonra
yeganə qızını itirən Comərd qalan
ömrünü tək-tənha, dərdləri, xatirələri
ilə birgə yaşayır və bir gün tənha, ağ
leyləyə çevrilib
üzü Cənuba uçaraq göylərdə itir...
Poema bədbinliyə, ümidsizliyə,
ağrı-acıya, nisgilə köklənsə də, əslində,
həyatın özüdü, həqiqətdi. Aydın məsələdir
ki, bir insanın əlil olması, ailəsini, dost-qohumlarını itirməsi,
ömrüboyu tək-tənha qalması, dərd içində
yaşaması müharibə
gerçəkliyinin ağır nəticəsidir və bu ağır nəticəni
N.Gün əsərində
yüksək şəkildə əks etdirib.
Müəllifin
"Qar romanı"nı Nazim Hikmətin
100 illiyinə həsr edilib. Təbii ki, əsərin baş qəhrəmanı
türk oğlu türk, lakin ömrünün çoxunu soyuq
Şimalda keçirən, burda yaşamağa məcbur
olan Nazim Hikmətdir.
Nurəngiz Günün maraqlı, özünəməxsus
təsvir manerası var. Şair Türkiyədə Nazim Hikmətə
əziz olan yerlərə, ərazilərə səyahət
edir, onun qohumları ilə görüşür, söhbətləşir. Sonra da
gördüklərini, eşitdiklərini poetik vəsf edir.
Sanki N.Hikmətə doğma olanlar ona da
doğma, əzizidirlər. Poema başdan-başa
N.Hikmətə müraciətlə yazılıb. Daha
doğrusu, şairin qar basmış heykəli önündə
düşüncələridir:
Xoş
gördük, Nazim baba! Nə əziz təzahür,
Nə
gözəl vizit bu!.. Hardan gəlirsən belə?
Qar tozu içindəsən. Əllərin nə
soyuqdur?
Nazim Hikmət haqqında yetərincə əsərlər
yazılıb.
Ancaq mənə elə gəlir ki, Nurəngiz
Günün bu kiçik poeması qədər, türklərin
öz sözü ilə desək, sıcaq yazılmayıb. O qədər səmimi, xoş
ovqatla, xoş duyğu ilə yazılıb ki, sanki uzun illər
şairlə birlikdə dost, yoldaş, qardaş olublar:
...Dinmirsən...
Div gövdə!
Kardeşim!
Nə işin vardı axı Buzlaqda?
Günəş
içib böyümüş, utancaq, şeyda oğlan!
Şairin
lirik qəhrəmanı Günəşi içib Cənubda
böyümüş utancaq oğlanın soyuq Şimalda
yaşamasını, buza dönməsini heç cür qəbul edə bilmir.
Eyni dövrdə, yəni 2002-2003-cü illərdə
yazdığı "Quzey-Kıbrız rüzgarları"
poeması da sanki bu əsərin davamıdır.
Türklərin tarixi keçmişinə
səyahət edən şair onun əkin-biçinindən,
insanlarından, daha sonra bu günündən poetik söz
açır. Lakin yenə əsas sözü müharibədir,
dövlətlərin qarşıdurmasıdır, əzilən,
sınan insanlardır və müəllifin müharibəyə
üsyanıdır.
"Əbədi
və əsrarəngiz" poeması Xalq cəbhəsinin
yaradıcısı, qurucusu, Azərbaycan tarixi gerçəkliyinin
yaddaşında "fağır prezident" kimi qalan, humanizmi siyasətindən
üstün olan, Vətənini azad, xoşbəxt görmək
istəyən Elçibəyə həsr olunub. Əsər Elçibəyin ölümündən sonra
yazılıb və o, bir insan
kimi (siyasətçi, prezident kimi yox, məhz həssas bir
insan kimi) təsvir edilib. Demək, insan faktoru, insan amili hər
şeydən üstündür fikri şairin əsas qayəsidir, məramıdır,
məqsədidir, - desək, yanılmarıq. "Elçibəy,
Azadlığın əsiri! Bu sətirlər
öz-özünə düzülür" - deyə şair
ilk olaraq onun tabutu
əbədiyyətə yol
aldığı anı təsvir edir.
Nurəngiz
Gün həddindən ziyadə həssas, kövrək,
insanlara, həmçinin, bütün canlılara qarşı
diqqətli,
qayğıkeş
insan - şairdir. Onun hər poetik
sözündə bu keyfiyyətlər əsaslı şəkildə
özünü göstərir. Şairin lirik qəhrəmanı,
daxili "mən"i də yalnız bu yöndə köklənir. Sanki
şair əzabkeş insan axtarışındadır. Belə insanlar da cəmiyyətdə yetərincədir,
vəsf olunmağa layiqdirlər. N.Gün isə bu layiqli
insanların vəsf olunmasının öhdəsindən elə layiqincə
də gəlir.
"Xocalı
simfoniyası"
Qarabağ müharibəsinin ən faciəli
anından-Xocalı soyqırımdan bəhs edir. Burada da
müharibənin törətdiyi qanlı olayın nəticəsi göz
önündədir.
İnsanın insana qarşı bu cür vəhşiliyi birinci dəfə deyil. Tarixdə buna bənzər Xatın harayı var,
Xirosima faciəsi var ki, bu dəhşət hələ də
kimyəvi zəhərlənmələrin təsirindən
qeyri-sağlam doğulan nəsillər arasında davam etməkdədir.
İndi budur, Xocalının ətrafına,
meşələrə, düzlərə səpələnmiş
insan cəsədləri bir daha müharibəyə, onu törədənlərə,
dəstəkləyənlərə qarşı nifrəti
alovlandırır. Ana ürəyi, şair qəlbi qələmə
söykənib şəhidlərə ağı deyir. Əsər başdan-başa şəhidlərə
müraciətlə deyilmiş ağılardan, oxşamalardan
ibarətdir. Bunu yalnız
Ana-şair yaza
bilərdi və yazdı da:
İlahi!
Kömək ol! O təkdir! Anadır...
Tək
qalıb torpağın üstündə... biçarədir...
... Gəlmiş
ki,
laylasını üst qatda oxusun!
Gəlmiş
ki,
Eşitsin
onu Dünya Üst qatda!
Onunla bərabər
hönkürsün
bu məsum
nağılı
insan
olan bəşər də!
Ana fəryadını,
uşaq iniltisini özündə əks etdirən bu əsər
eyni zamanda, milli dərdi ehtiva edir. Və
elə bu amil həmin poemanın bəşəriliyini bir daha
vurğulayır.
Ayrıca
tədqiqat obyekti olan Nurəngiz Günün "Xocalı
simfoniyası" müstəqillik dövründə
yazılmış əsərlər içərisində ən
çox diqqəti çəkən poetik nümunədir. Bu,
vaxtında, yerində
yazılmış və bir daha müharibənin
törətdiyi faciənin bədii həllini verə bilən
bir əsərdir.
Əl
çəkin! Qırın hərbin belini!
Dağıdın
təbilini siz onun!
Doğrayın
müharibə sözünü,
Siliniz lüğətlərdən!
İnsanı
düşünün! Ürəksiz Məliklər!
Dünya
Kələkbazları!
Dü-şü-nün!!!
Dünya
yalnız sizin deyil!
Düşünün!!!
Düşünməyə çox dəyər.
Beləcə, Nurəngiz Gün bu əsəri ilə insan faciəsini əks etdirən inilti, hıçqırıq, haray notlarına köklənərək, əbədi səslənəcək bir Simfoniya yaratmışdır.
P.S. Dekabrın 20-si unudulmaz Nurəngiz Günün xatirə günüdür. Ruhu şad olsun!
Bahar
BƏRDƏLİ
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.-2017.-20 dekabr.-S.7.