Qoşa qanadla pərvazlanan yaradıcılıq

 

MƏRHUM ŞAİR VƏ TƏRCÜMƏÇİ VİLAYƏT RÜSTƏMZADƏNİN 80 İLLİYİNƏ

 

Şair-tərcüməçi Vilayət Rüstəmzadə (1937-2001) sazın-sözün ilkinliyi bir əmanət kimi qorunub saxlanılan, nəsildən-nəsillərə ərməğan olaraq ötürülən Borçalı mahalında dünyaya göz açmışdı.

 

Onun yaradıcılığında bu yerlərin təbiəti, sadə, əməksevər insanlarının həyatı, bütövlükdə xalqın tarixi yaddaşının əlamətdar səhifələri: milli adət-ənənəsi, saz-söz dünyası boya-boy görünən, qürur və güvənc yeri kimi xüsusi dəyər daşıyan aparıcı mövzulardan birinə çevrilirdi. 1956-cı ildə "Tut kötüyü" adlı ilk mətbu şeri Marneulidəki rayon qəzetində işıq üzü görən şairin yaradıcılığı özünün kamillik və püxtələşmə mərhələsinə təbii ki, sonrakı onilliklərdə qədəm qoyur. Adət halına çevrilən, bəzən də keyfiyyəti üstələyən bir cəhəti-çoxsaylı kitablar, çoxcildliklər müəllifi kimi onu təqdim etmək doğru olmaz. Bu ölçü və prinsip bir şair kimi onun yaradıcılıq stixiyasına tamamilə yad bir xüsusiyyətdir. Digər tərəfdən, belə bir meyar heç də ümumən istedadın dərəcə və səviyyəsini, yaradıcılıq axtarışlarının keyfiyyət göstəricilərini də əks etdirmir, əksinə, kəmiyyət dalınca qaçmamaq qələm əhlinin poetik sözə daha ciddi və məsuliyyətli yanaşmasının əyani şəkildə göstəricisidir. Bu mənada cəmi üç şeir toplusu - "Oxu, bülbülüm", "Qəlbimin gözü ilə" və "Ağlama məhəbbətim" bir şair kimi Vilayət Rüstəmzadənin yaradıcılıq təkamülünün üç onillikdə - 60-70 və 80-ci illərdəki ümumi mənzərəsi barədə fikir söyləməyə kifayət qədər əsas verir.

 

Əlbəttə, bu kitablardakı şeirlərin hər biri bir ovqatın, bir hissi-emosional yaşantının məhsulu olduğundan onlar monoton təsir bağışlamır, şairin yaradıcılıq axtarışlarının uğurlu və ziqzaqlı tərəflərini də kifayət qədər nümayiş etdirir.

 

Vilayət Rüstəmzadənin yaradıcılığının ideya-bədii qaynaqları barədə düşünəndə hər şeydən əvvəl, şifahi xalq ədəbiyyatının zəngin nümunələri, saz-söz ünvanlı bir dünya göz önünə gəlir. Bu sırada Xalq şairləri Səməd Vurğunun, Osman Sarıvəllinin, Hüseyn Arifin yaradıcılığından yaradıcı şəkildə bəhrələnmənin real izlərini ədəbi təsir səviyyəsində Vilayət Rüstəmzadənin poetik irsində sezilən bir keyfiyyət kimi nəzərə çarpmaqdadır. Şairin özünə ustad hesab etdiyi sənətkarlara həsr olunan şeirlərində belə hüsnü-rəğbət və vurğunluq özünü əyani şəkildə göstərməkdədir. Təsəvvür edəndə ki, hələ M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alarkən Vilayət Rüstəmzadə özü üçün dissertasiya mövzusu kimi də Səməd Vurğunun yaradıcılığını seçmişdi. Təəssüf ki, professor Əziz Şərifin rəhbərliyi altında hazırlanan dissertasiya işinin müdafiəsi iddiaçının öz təbirincə desək, "tənbəl şagird"in günahı üzündən baş tutmamışdı. Vilayət Rüstəmzadənin şair missiyasının yanına bir alternativ kimi qoşulan tərcüməçi kəlməsi yalnız ixtisas təyinatı ilə bağlı bir məsələ deyildi. Heç şübhəsiz ki, burada dil içində dil, din içində din bəsləyən bir mahalın coğrafi-demoqrafik vəziyyətindən və yerləşməsindən irəli gələn məqamlar da öz sözünü deyir. Əslən Borçalıdan olan Eyvaz Borçalı, Abbas Abdulla, İsa İsmayılzadə kimi tərcümə mətnini az qala, orijinal səviyyəsində, böyük ustalıqla Azərbaycan türkcəsində səsləndirən şair-tərcüməçilərin yetişməsi, zənnimizcə, belə bir həqiqətdən soraq verir. Məlumdur ki, tərcümə xalqlar və millətlər arasında ədəbi-mədəni əlaqələrin inkişafına, qarşılıqlı hörmət və etimadın qorunub saxlanılmasına təkan verən, əhəmiyyətinə görə xalq diplomatiyasının xüsusi növü kimi mühüm dəyər daşıyır. Əslində, Vilayət Rüstəmzadəni vaxtilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutundan Moskvaya - o dövrün nüfuzlu ədəbiyyat və ümumən yaradıcılıq yönümlü M.Qorki adına Dünya ədəbiyyatı İnstitutuna çəkib aparan qüvvə və cazibənin bir adı da şeir və şairlik fitrəti idi. Tərcüməçilik daha sonralar onun üçün peşəkar səviyyədə şeirlə paralel şəkildə davam və inkişaf etdirilən bir yaradıcılıq sahəsinə çevrilir. Şeirlərindəki təbiilik, şairanə hiss və duyğular onu beləcə poeziyanın və yaradıcılığın daha genişmiqyaslı arenasına gətirib çıxarır, belə bir qaynar ədəbi mühitdə fəal iştirakçısı statusu qazandırır.

 

Şübhəsiz ki, türkdilli və digər mütəffiq respublikalardan, eləcə də dünyanın müxtəlif ölkələrindən bu təhsil müəsissəsinə gələn müdavimlərlə birgə yaşayış və təhsil, ülfət və ünsiyyət onun yaradıcılıq tərcümeyi-halına yeni səhifələr açır. Tərcümə fakültəsini rəsmən seçmək bir yana, ayrı-ayrı xalqların təmsilçiləri olan, gələcəyin ədəbi-elmi nümayəndələri kimi yetişəcək gənclərlə onların öz dilində danışmaq və onların yaradıcılığını doğma dildə səsləndirmək (danışdırmaq) tələbat və ehtiyacının praktik əhəmiyyəti belə məqamlarda daha qabarıq üzə çıxırdı. Keçmiş ittifaqın mərkəzindəki ədəbi-elmi müzakirə və müsamirələr, görüş və disputlar da bu sıradan mühüm əhəmiyyət daşıyırdı. Böyük türk şairi Nazim Hikmətlə tanışlıq bu mənada Vilayət Rüstəmzadənin yaradıcılığına müsbət təsir göstərən fərəhli hadisələrdən biri hesab oluna bilər. Türkiyədə siyasi baxışlarına görə indi də birmənalı qəbul edilməyən, ancaq yaradıcılığı və poetik dühası ilə mənsub olduğu xalqın adına, ədəbi düşüncəsinə böyük nüfuz və dünya şöhrəti gətirən sənətkarla canlı təmas və ünsiyyət öz müsbət təsirini göstərir. Nazim Hikmətlə başlanan yaradıcılıq əlaqələri az keçməmiş daha geniş vüsət qazanır. Rəsul Həmzətov, Oljas Süleymenov, Zülfiyyə, Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, Karlo Kaladze, Qalaktion Tabidze, Qaysın Quliyev... kimi ayrı-ayrı milli ədəbiyyatları təmsil edən imzalar da bu sahədə yaradıcılıq axtarışlarına kifayət qədər stimulverici təsir göstərir. Sonralar ədəbi əlaqələr və dünya ədəbi-bədii fikrinin inkişaf xüsusiyyətləri barədə qazanılan geniş bilik və məlumatlar Bakıda ali məktəblərdə tədris zamanı kara gəlir. Ancaq əlamətdar bir cəhətdir ki, milli və dünya xalqlarının ədəbiyyatlarına belə fəal maraq bir şair kimi Vilayət Rüstəmzadənin orijinal yaradıcılığını keçici təsirlərdən, ömrü çox olmayan ədəbi təmayül və cərəyanlara, modernist axınlara pis mənada meyilləndirmir, onu ifrat aludəçiliyə gətirib çıxarmır, bunun əksinə olaraq, yaradıcılığında mənsub olduğu xalqın poeziya ənənələrinə qırılmaz tellərlə möhkəm bağlılığa gətirib çıxarır.

 

V.Rüstəmzadənin xalq şeirinin çeşidli janrlarında qələmə aldığı nümunələr yalnız qoşmalarla məhdudlaşıb qalmır, bu sırada gəraylılar və bayatılar mövzunun daxili tələbatından irəli gələn forma müxtəlifliyini, həm də fikrin əsas ideya-bədii siqlətini kifayət qədər sərgiləmək gücündədir. Ayrılıqdan dolayı ağrı-acıları, nisgil dolu yaşantıları bu janrlarda yazılan çoxsaylı poetik nümunələrin əksəriyyətində demək olar ki, öz ifadəsini tapır. Uzun onilliklər ərzində milli poetik düşüncədə Araz obrazının yaradılması həsrət və ayrılığın, dili bir-dini bir bir xalqın müsibət dolu iztirablarına güzgü tutan, poetik müraciətin istinadına çevrilən, aparıcı mövzu mənbəyi kimi müəyyənləşən müxtəlif ədəbi növ və janrlarda qələmə alınan  çoxsaylı bədii nümunələr və silsilələr var. Ancaq dərd və ağrını bayatı qədər kövrək və hüznlü bir ovqatda oxucu və dinləyiciyə çatdıran ikinci bir şeir şəklinin təsəvvürə gətirilməsi belə, qeyri-mümkündür. Bu baxımdan Vilayət Rüstəmzadənin Cənub mövzusunda qələmə alınan şeirləri üçün daha münasib bir janr kimi bayatının seçilməsi son dərəcə təbii və inandırıcı təsir bağışlayır. Bu da xalq müdrikliyindən qaynaqlanan, ondan güc və qüvvət alan bir yaradıcılıq enerjisinin tamamilə yeni bir ədəbi-ictimai-tarixi şəraitdə davam və inkişaf etdirilməsi idi:

 

Araz üstə, buz üstə,

Könlüm yanır söz üstə.

Gəl yarama səpməyə

Bu sərhəddən duz istə.

 

Və yaxud:

 

Çayda vuruş, cəng axır,

Bölünmüş ahəng axır.

Arazda dözümə bax:

Su da iki rəng axır.

 

Belə bir xəlqi kolorit və ənənəyə sədaqət onun yaradıcılığını heç də milli, məhdud bir çərçivəyə salmır, əksinə olaraq, ən munis fikir və düşüncələrin daha lakonik və assosiativ ifadəsinə gətirib çıxarır. Şairin ümumi yaradıcılığına nəzər salsaq görərik ki, əslində, intellektual hesab edilə biləcək poetik axtarışlara hazırlıq, onun bəzi yaddaqalan nümunələrinin yaradılması istiqamətində aparılan cəhdlərə start verən, qanadlandıran uçuş meydanı milli, ənənəvi şeir şəkilləri də ola bilər. Bu, artıq şairin sənətkarlıq məharəti və qüdrəti ilə bağlı bir məsələdir. Standart forma qəliblərində də sözün obrazlılıq səviyyəsi, fikrin daha lakonik ifadəsi, yeni məna çalarları yaratmaq bacarığı gerçəkləşə bilər.

 

Şairin yaradıcılığında lirika mühüm yerlərdən birini tutur. Burada təbiət lirikası ilə sevgi lirikasını xüsusi olaraq fərqləndirmək lazım gəlir. Təbiətdən yazanda insanı, insandan yazanda təbiəti düşünmək Vilayət Rüstəmzadənin lirik ricətlərlə zəngin poeziyasına yeni üslubi çalar, düşüncə variasiyaları gətirir. Təbiət obrazları səviyyəsinə qaldırılan dağ, cığır, yağış, ağac və yarpaq anlayışlarının insani hiss və duyğularla vəhdətdə verilməsi də tarixən formalaşan yaradıcılıq ənənəsinə sədaqətin bariz bir nümunəsi kimi diqqəti çəkir. Bu tipli şeirlərdəki təbiət peysajlarının insanın daxili-mənəvi dünyasına məxsus məqamları açmaq və təsvir predmetinə çevirmək üçün bir vasitəyə çevrilməsi göz qabağındadır:

 

O gün yadındamı, gəzməyə çıxdıq

Göylər buludlanıb, qaralan zaman?!

Görüş anlarının əlini sıxdıq

Günün hövsələsi daralan zaman

 

Dedin yağış gəlir... Tez gəldi yağış,

Hayana qaçdıqsa, izlədi bizi.

Hələ üst-başımız heç islanmamış

Palıd daldasında gizlədi bizi.

 

Bir şair-tərcüməçi kimi Vilayət Rüstəmzadənin ümumi yaradıcılığında tərcüməçilik fəaliyyəti orijinal irsi ilə müqayisəyəgəlməz səviyyədə üstün mövqe qazanırdı. Şübhəsiz ki, tərcümə yaradıcılığın elə bir xüsusi sahəsidir ki, burada şair öz istedad və təcrübəsini müəllif ideyasının çatdırılmasına yönəltmək kimi məsuliyyətli bir vəzifəni icra edir.

 

Bu prosesdə fərdi yaradıcılıqdan, bədii dilin imkanlarından yaradıcı şəkildə yararlanmaq vacib şərtlərdən hesab olunur. Tərcüməçilik sənətinin yüksək professionallıqla inkişafında müəyyən xidmətləri olan müəlliflər sırasında Vilayət Rüstəmzadənin məxsusi yeri var. Azərbaycanda tərcümə sənətinin Vladimir Qafarov, Səyavuş Məmmədzadə, Aleksandr Qriç, Natiq Səfərov, Dinarə Gərəkməzli kimi peşəkar nümayəndələri ilə bir sırada qərarlaşmaq Vilayət Rüstəmzadənin bir tərcüməçi kimi bu sahədə yaradıcılıq uğurları barədə kifayət qədər təsəvvür yarada bilir. Aleksandr Puşkindən, Nikolay Nekrasovdan, Yakov Polonskidən, Taras Şevçenkodan, Yan Raynisdən, Aleksandr Blokdan, Mixail Svetlovdan, Rəsul Həmzətovdan, Rəmz Babacandan, Zülfiyyədən, Qaysın Quliyevdən, O.İoselianidən, Yakov İliçovdan, Əmirxan Şomoxovdan, Dəniz Tanasoğludan, Qarsia Lorkadan, Vitezslav Nezvaldan, Emilio Balyaqasdan dilimizə tərcümə olunan nümunələr heç də Vilayət Rüstəmzadənin bu sahədəki fəaliyyətinin yalnız müəyyən hissəsidir.

 

Sonuncu şeir kitabı 1985-ci ildə nəşr olunan müəllifin vəfatına qədərki yaradıcılığının, həmçinin, elmi-publisistik yazılarının oxucu auditoriyasına çatdırılmasına ehtiyac duyulur. Vilayət Rüstəmzadənin şair-tərcüməçi fəaliyyətinin məramında Azərbaycan adlı bir məmləkəti layiqincə tanıtmaq missiyası dayandığı sübuta ehtiyacı olmayan həqiqətdir.

 

Qürbət MİRZƏZADƏ

Filologiya üzrə fəlsəfə doktoru

 

                525-ci qəzet.-2017.-20 dekabr.-S.6.