Ana dilimiz və
onu yaşadanlar
haqqında dəyərli kitab
Möhsün NAĞISOYLU
AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru
Qədim tarixi keçmişimizi, zəngin mənəvi aləmimizi özündə
yaşadan, dünya dilləri sırasında özünəməxsus yeri
olan Azərbaycan dili xalqımızın varlığı, özünütəsdiqi
və ən böyük milli sərvətidir.
Hazırda dünyanın müxtəlif
ölkələrində yaşayan
azərbaycanlıların ünsiyyət
vasitəsi olan Azərbaycan dilinə dövlət müstəqilliyimizin
başlıca rəmzlərindən
biri kimi ən yüksək səviyyədə qayğı
və diqqət göstərilir, onun saflığının qorunması
və inkişafı üçün mühüm
addımlar atılır. Bu məsələdə istər
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin, istərsə də onun layiqli varisi
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri öz töhfələrini
vermişdir. Bu yaxınlarda Azərbaycan Respubliksaının Prezidenti
cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət
Dil Komissiyasının
yeni tərkibinin təsdiq edilməsi haqqında imzaladığı
sərəncam da ana dilinə göstərilən böyük
qayğı və diqqətin daha bir bariz nümunəsidir.
Sərəncamda qeyd olunduğu kimi, "Azərbaycan dilinin dövlət dili olaraq qorunması
və işləkliyinin
təmin edilməsi müstəqil dövlət
quruculuğunun prioritet
prinsipləri sırasındadır". Dövlət dilinin saflığının
qorunması və ədəbi dildən düzgün istifadə edilməsi məsələləri
də sərəncamda
ayrıca olaraq vurğulanır. Bu məsələlərin düzgün
yoluna qoyulması hər kəsin vətəndaşlıq borcu
olsa da (axı dilin daşıyıcısı da,
qoruyucusu da bütün xalqdır - bu, aksiomadır), ağırlıq və daha böyük məsuliyyət ziyalıların,
özəlliklə də
dilçi alimlərin
üzərinə düşür.
Məhz buna görə də son dövrdə bu sahədə müəyyən bir canlanma və irəliləyişin olması
göz qabağındadır.
Belə ki, ədəbi dilin saflığının
qorunması istiqamətində
ölkə səviyyəsində
konfranslar, dəyirmi masalar keçirilir, monitorinqlər aparılır,
məqalə və kitablar yazılır, bir sözlə - müəyyən işlər
görülür. Filologiya
üzrə elmlər doktoru, professor Sədaqət
Həsənovanın bu
yaxınlarda işıq
üzü görmüş
"Dilimiz mənəvi
kimliyimizdir" kitabı
(Naxçıvan, 2017, 424 səh.)
da ilk növbədə
sözügedən vacib
problemə həsr edilən dəyərli bir araşdırma kimi diqqəti cəlb edir, aktuallığı ilə
seçilir. Bəri başdan qeyd
edim ki, kitabın müəllifi Sədaqət xanım Həsənova 1990-cı illərdən
başlayaraq pedaqoji fəaliyyətlə məşğul
olan, dilimizin keşiyində duran tanınmış pedaqoq olmaqla yanaşı, həm də öz dəst-xətti ilə seçilən dilçi alimlərimizdən
biridir. Naxçıvan
Muxtar Respublikasının
əməkdar müəllimi,
professor Sədaqət Həsənova hazırda Azərbaycan Müəllimlər
İnstitutunun Naxçıvan
filialının prorektoru
kimi məsuliyyətli
bir vəzifədə
çalışır və
bilavasitə gənc nəslin təlim və tərbiyəsi ilə məşğul olur.
S.Həsənovanın "Bədii əsərlərin dilində
yumor", "Nitq mədəniyyəti və
üslubiyyat", "Əli
bəy Hüseynzadə
və ədəbi dil", "Füyuzat"
jurnalının dil siyasəti və dili" və s. kimi kitabları elmi ictimaiyyətimiz tərəfindən maraqla
qarşılanmışdır. Müəllif Azərbaycan mətbuat
tarixində özünəməxsus
yeri olan, ədəbi məktəb yaradan "Füyuzat" jurnalının dilini ətraflı və sistemli şəkildə araşdıraraq bu sahədə mövcud olan bir sıra
qaranlıq məqamlara
aydınlıq gətirməyə
nail olmuşdur.
Sədaqət Həsənovanın "Dilimiz
mənəvi kimliyimizdir"
kitabı ilk növbədə
mövzu dairəsinin genişliyi, qaldırılan
məsələlərin əhatəliyi
və rəngarəngliyi
ilə diqqəti çəkir. Kitab bir-birini məntiqi cəhətdən tamamlayan
üç hissəni
özündə birləşdirir:
"Dilimiz - mənəvi
sərvətimiz, qüdrətimiz
və kimliyimizdir";
"Dil və üslub məsələləri";
"Naxçıvan ədəbi
mühiti və dilimizin üslub imkanları".
"Dilimiz mənəvi kimliyimizdir" kitabında
dilçilik elminin "ədəbi-bədii
dil", "üslubiyyat",
"nitq mədəniyyəti"
kimi aktual və ciddi məsələlərinin
elmi-nəzəri təhlililə
geniş yer verilmişdir. Qeyd edək ki, S.Həsənovanın dilçiliklə
bağlı araşdırmalarında
üslubiyyat məsələləri
xüsusi yer tutur. Alimin tədqiqatlarında Azərbaycanın görkəmli
ədəbi simalarının
dil-üslub xüsusiyyətlərinin
tədqiqinə də
geniş yer verilmişdir. Kitabın böyük
bir hissəsi məhz sözügedən
məsələlərin işıqlandırılmasına
həsr olunmuşdur.
"Dilimiz mənəvi kimliyimizdir" kitabının
birinci hissəsində
yer alan "Azərbaycan nitq mədəniyyəti və
siyasi natiqliyinin inkişafında Heydər
Əliyevin rolu",
"Heydər Əliyevin
nitqlərində dil mövzusu", "Çağdaş
dilimizin nitq mədəniyyəti problemləri",
"Azərbaycan dilçiliyində
dialektologiya ilə bağlı problemlər",
"Dilimizin yayılma
arealı və slavyan dillərinə təsiri" adlı bölmələrində S.Həsənovanın
elmi araşdırmalarının
mühüm nəticələri
əks olunmuş, maraqlı və orijinal fikirlər irəli sürülmüşdür.
Burada Ümummilli liderimiz Heydər Əliyevin siyasi natiqliyinin başlıca keyfiyyətləri və səciyyəvi xüsusiyyətləri
müəyyənləşdirilmiş, ulu öndərin islam dini
dəyərlərinə yüksək
münasibətini göstərən
faktlar üzə çıxarılmışdır. Kitabın bu hissəsində, həmçinin, son dövrlərdə
kütləvi informasiya
vasitələrində yol
verilmiş dil qüsurlarına da ayrıca diqqət yetirilmişdir.
S.Həsənova kitabın birinci hissəsində Azərbaycan
dialektologiyasının bir
sıra problemlərinə
də toxunaraq dilçilik elmimizin bu sahəsində bəzi məsələlərin
yenidən diqqətlə
işlənməsi zərurətini
elmi şəkildə
əsaslandırmışdır. Bəzi ədəbi
dil faktlarının dialekt örnəyi kimi verilməsi, xüsusilə də müxtəlif elm sahələri
ilə bağlı terminlərin dialekt nümunəsi sayılması
alimin haqlı irad və tənqidinə
səbəb olmuşdur.
Kitabın birinci hissəsində
Azərbaycan dilinin yayılma arealı və onun slavyan
dillərinə təsiri
ilə bağlı maraqlı faktlar da üzə çıxarılmışdır.
S.Həsənovanın "Dilimiz mənəvi kimliyimizdir" kitabının
"Dil və üslub məsələləri"
adlanan ikinci hissəsində Azərbaycanın
bir sıra qüdrətli söz sənətkarının dilimizə
gətirdiyi yeniliklərdən
danışılır. Maraqlıdır ki, professor S.Həsənova
kitabda hansı şair və yazıçıdan, ədəbi
simadan bəhs edirsə, bilavasitə onun yaratdığı söz və ifadələri də nəzərə çatdırır.
Məlum
olduğu kimi, hər bir şair
və yazıçı
ədəbiyyatla bərabər,
dilə də xidmət edir. Məhz buna görə də ədəbi simaların dilimizəki izi və sözü
S.Həsənovanın araşdırmalarında
əsas yer tutur.
Kitabdakı "Kitabi-Dədə Qorqud" dilimizin hikmət xəzinəsidir", "Nizami Gəncəvinin dil və söz haqqında fikirləri", "Qurbani və ədəbi dilimiz", "Molla Pənah Vaqifin dil-üslub xüsusiyyətləri" kimi bölmələr də böyük maraq doğurur. Bu bölmədə, həmçinin, ədəbi dilimizin inkişafında böyük xidmətləri olmuş Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə, Səməd Vurğun və Şəhriyar, Mikayıl Müşfiq və Rəsul Rza kimi böyük söz ustalarının yaradıcılığı ədəbi dil kontekstində araşdırılır. Kitabdakı "İlyas Əfəndiyev və ədəbi dilimiz", "Dilimizin İslam Səfərli şirinliyi", "Məmməd Arazın nəğməli dili", "Bəxtiyar Vahabzadə və ana dilimiz", "Nəbi Xəzrinin dil-üslub xüsusiyyətləri" və digər başlıqlar da elmi dəyəri ilə seçilir. Müəllif müxtəlif sənətkarların özünəməxsus dil özəllikləri haqqındakı nəzəri fikirlərini onların bədii yaradıcılığından alınmış dil faktları ilə elmi şəkildə əsaslandırır. Dilimizin leksik-qrammatik, semantik, frazeologiya imkanlarının bolluğunu təsdiq edən faktların üzə çıxarılması və bu prosesin ayrı-ayrı sənətkarların yaradıcılıq örnəkləri ilə əlaqələnirilməsi kitabın müsbət keyfiyyətləri sırasındadır. Ədəbi dilimizin inkişaf istiqamətləri, üslubiyyat elminin zənginləşdirilmə üsulları, Azərbaycan dilinin məcazlaşma meyillərinin əsasları və s. kimi məsələlər baxımından kitab yüksək elmi səviyyəsi ilə diqqəti çəkir.
S.Həsənovanın "Dilimiz mənəvi kimliyimizdir" kitabının üçüncü hissəsi, qeyd olunduğu kimi, "Naxçıvan ədəbi mühiti və dilimizin üslub imkanları" adlanır. Burada öncə qədim Naxçıvan diyarının görkəmli maarifçi sənətkarlarından Məhəmməd Tağı Sidqinin söz haqqında fikirləri və Eynəli bəy Sultanovun əsərlərinin dil-üslub xüsusiyyətləri araşdırılır. Daha sonra isə bu torpağın nisbətən sonrakı yetirmələri olan şairlərin yaradıcılığı dilçilik kontekstində təhlil olunur. Onlar sırasında tanınmış Naxçıvan şairlərindən Müzəffər Nəsirli və Əliyar Yusifli əsərlərinin dil-üslub xüsusiyyətlərinin təhlili diqqəti çəkir. Kitabın bu bölməsində Kəmalə Ağayeva, Xanəli Kərimli, Asim Yadigar və Elbəyi Maqsudovun yaradıcılığındakı ədəbi dil məsələləri ilə bağlı məsələlər işıqlandırılmışdır.
Kitabda, həmçinin, Naxçıvan xalq danışığında ədatın, yumorun üslub xüsusiyyətləri və s. kimi məsələlər də araşdırılır. Bütün bu məsələləri araşdıran müəllifin qənaətinə görə, Naxçıvan ədəbi mühiti ümumazərbaycan ədəbi mühitinin ayrılmaz tərkib hissəsidir. Müəllifin doğru olaraq qeyd etdiyi kimi, Naxçıvan Muxtar Respublikasında ədəbi dilimizə yüksək münasibət sərgilənir və bu mühitdə ana dilimizin özəlliklərinə yeni töhfələr verən sənətkarlar yazıb-yaradırlar.
Bütövlükdə götürdükdə, professor Sədaqət Həsənovanın "Dilimiz mənəvi kimliyimizdir" kitabı ədəbi dilimizlə bağlı zəngin elmi müşahidələrin məhsuludur. Kitab müasir dilçilik elmində ədəbi dil, nitq mədəniyəti, üslubiyyat və poetik linqvistika kimi məsələlərin tədrisi, eləcə də geniş oxucu kütləsi üçün olduqca faydalı və dəyərli bir vəsaitdir.
525-ci qəzet 2017.- 21 dekabr.- S.7.