İntiqam YAŞAR
Ömür adlanır
Bakı boyda boşluq, Bakı boyda sükut,
Bakı boyda tənhalıq dolaşır
əl-qoluma günboyu.
Addımbaşı tikanlı fikirlər üstünə
yıxılıram üzü üstə.
Qanayır əllərim, qanayır dizlərim.
Yenə qalxıram birtəhər,
yenə çırpıram üst başımı.
Gizlədirəm yaralarımı,
Görən olmadığına sevinirəm yıxıldığımı.
Silirəm əllərimin arxasıyla göz yaşlarımı.
Hə!
Ömür adlanır deyəsən,
domino daşları kimi düzülən günlər.
Hamısı eyni boyda, hamısı eyni ölçüdə...
Bütün xəlvət otaqlar
Bütün xəlvət otaqlarda bir qadın hıçqırığı,
bir kəfkirli saat,
bir körpə mışıltısı.
Bütün xəlvət otaqların qapısı azca aralı,
bütün xəlvət otaqlarda
xəcalət təri basmış pəncərə.
Bütün xəlvət otaqlar,
bütün xəlvət otaqlar,
heç nəyi görmür,
gözünü zilləmiş yerə.
Getdin...
Getdin,
saçlarını dağıdan Bakı küləklərini də
aldın apardın özünlə.
Susdu Xəzər.
Getdin, göylərin ulduzları da getdi..
Hələ də inanmıram...
Donmuşam sükut kimi
hava limanında.
Gözlərim çıxış qapısında
ümidlərimin əlində.
Bir
"bəlkə" bitib
ürəyimin
topuq vuran dilində,
Getdin, gedişin çətindi demirəm...
"Çətin" çox
asandı indiki halımdan,
gözlərin qopmaq istəmir,
saçların ayrılmır
xəyalımdan.
Nə uzun yol getmişik
bu qısa zamanda,
özümüzə, könlümüzə...
Bu yolu qayıtmaq çətin,
bu yolu qayıtmaq əzab.
Getdin, getdin, getdin...
Kaş ki, "gələcəm"
deyərdin,
Gəlməsən belə gözləyərdim.
lll
Kəfkirli saatın köksündə
səslənir,
sükutun ayaq səsləri.
Zaman etibarı ilə keçmişlər unudur
ona inanan kəsləri.
Düşündükcə düyünlənir
alnındakı qırışlar
da.
Eyni səhifədə, eyni yer tutur,
ayrılıqlar da, görüşlər də.
Bu yolda göz oxşayanlar,
sadəcə baş qatmaq üçünmüş.
Gəldiyin yerə dönərkən,
sadəcə tez çatmaq üçünmüş.
Başındakı son havalar
çox sərtdi
bilirəm,
Bir yandan da, havasızlıq,
bir dərddi bilirəm.
Çıxar hərdən gün
işığına,
işığa həsrət
ürəyini.
Etibarlıdır, söykə kimsəsizliyə,
söykə kürəyini.
Əllərin üşüdükcə
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü
inandır,
həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı
nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
Payız sükutu
Sən də qollarını bir az geniş aç,
sığsın ürəyinə
danışdıqlarım.
Özümdən çox qabaq yerlə bir olub,
mənim ümid
deyib yapışdıqlarım.
Baxırsan, payızdı havada
ah var,
baxırsan, günəş
də xəcalətlidir.
Bəli,
yoldan ötən gülər bəlkə də,
vallah, mənim üçün bu dəhşətlidir.
Bax, bir həyətdəki, tənha çinara,
yarpaqlar küləyin alqış əlləri.
Beləcə alqışla yola
salacaq,
bu çinar həm bizi, həm də illəri.
Bu sənsən, bu
mənəm, bu biz deyilik.
Şəhadət barmağın "sus"
əmri verdi.
Bilmirəm, yəqin ki, bizdən xəbərsiz,
biri bu taleyə "kəs" əmri verdi.
lll
Toxunmaz göz yaşlarına,
axar, axar doyunca.
Səssizcə axışına,
baxar, baxar doyunca.
Bu leysanıın sonunu,
yaxşı bilir, bu, düzdü.
Suların can atdığı,
yaxın-uzaq dənizdi.
Odur ki, ürəyində,
liman salıb gəmilər.
Vüsaldı ya, ayrılıq,
bunu tək Tanrı bilər.
lll
Zaman elə gözəl axıb gedirdi,
Gözlərim önündə səssiz
su kimi.
Hələ də o hisslər
köksüm altdadı,
Ən doğma,
ən şirin bir arzu kimi.
Nə bilim, çox vaxt da gücüm
yetməyir,
Könlümdən hər keçən
sözü deməyə,
Bəlkə də nə vaxtsa deyə bilərəm,
Bəlkə, izin verər özü, deməyə.
Əlləri qoynunda gizlənən
adam,
Səni dinləməyə sükut
tək gəlib.
Sənin
otağına dərd
də gələndə,
Şad gəlib,
şux gəlib, mübarək gəlib.
lll
Qazıla-qazıla gedir bu qəbir,
Çox gedər, hardasa daşa çıxmasa.
Nə var ki, getməyə,
qəbir də yoldu,
Qəfildən ümidlər boşa çıxmasa.
Soyuq şəkillərdə soyuq
baxışlar,
Toxunsan əllərin
donar bəlkə də.
O baxışlar bezib öz yiyəsindən,
Soruş, sahibini danar bəlkə də.
Zərblə çırpılan qapılar
kimi,
Dəyər bir-birinə göz qapaqların.
Səni
harayasa aparıb gedər,
Alıb çiyni üstə öz ayaqların.
Ömürdü, gündü də...
Bütün doğrulardan bir
addım uzaq,
Bütün yalanlara bir addım yaxın...
Ömürdü, gündü də sürürük gedir.
Hərdən eyni nəfəs
dözülməz olur,
Hərdən kipriklərin sınır
yük altda,
Ömürdü, gündü də sürürük gedir.
Yenə
dan yerinə ümid can atır.
Yenə
sabah üçün
əllər uzanır.
Ömürdü, gündü də sürürük gedir.
lll
Bir də həqiqət var,
Haqqında xeyli susmağa.
Bir də sükut var, tavanı döyəcləməyə.
Bir də iki göz
var,
Yorulmadan yumulmağa.
Bir də gecələr var görüşünə tələsdiyim.
Bir də bir cüt əl
var çarpazlanmağa
baş altda.
Bir də bir qədəh
şərabdı tək
ayaq üstə,
keşik çəkir.
Bir də mən varam çox uzaqlarda payi-piyada.
Bir də sən varsan çox yaxında, əlim çatmır...
lll
İlahi,
ən böyük dərd hansıdısa,
Söylə, gücümüzü ona saxlayaq.
İtib-batasıyıq bu vurhavurda,
Bir az özümüzü
sona saxlayaq.
İndi
dar qəfəsə beşik deyirlər,
Üstündə bir çətən minnətin olur.
Yaxşıya yaxşısan, pisə
pis demək,
Ya olmur, ya da ki,
çox çətin
olur.
Ayağında buxov, önündə
yollar,
Ürək çırpınmaqdan sinən
qabardı.
Çiynimiz əzilir dərdimiz
altda,
Bu yük çiynimzdən
düşsə nə
vardı.
Ömür qum saatı, ümid dənəcik.
Çevir gah yuxarı, gah da aşağı.
Zaman dayanacaq, saat susacaq.
Dan sökülməyəcək bir səhər çağı.
525-ci qəzet 2017.- 21 dekabr.- S.7.