İsa Sultan Şahtaxtinskinin şəcərəsi
və varisləri haqqında mühüm bilgilər
Naxçıvanda vətənpərvər, təəssübkeş
və qeyrətli ziyalılar çox olub və indi də
vardır. Onlardan biri də İsa Sultan Şahtaxtinskidir.
Onun haqqında elmi monoqrafiya (Vilayət Quliyev. "İsa Sultan
Şahtaxtinskinin qəribə həyatı" Bakı:1999) yazıldığından biz İsa
Sultanın həyatının məlum tərəflərini təkrarlamayacağıq.
Amma bəzi məqamlara toxunaraq, bu unudulmaz
eloğlumuzun əsasən nəsil şəcərəsindən
söhbət açacağıq. Çar Rusiyasında
hərbçi olmuş Nəcəfqulu ağa 1851-ci il mayın 5-də İrəvanda doğulan
oğlunun adını İsa Sultan qoydu. Bu
adı 1838-ci ilədək Nəcəfqulu ağanın
atası İsa Sultan şərəflə
daşımışdı. Baba İsa
Sultan (Şəcərədə onu I İsa Sultan kimi
yazırıq) əvvəlcə Iran ordusunda, sonralar isə
Çar Rusiyasında hərbçi olmuşdu. Tiflis arxivindəki sənədlərdə onun
praporşik olması haqqında məlumatı da tapdıq.
Yeri gəlmişkən, onu da deyək ki,
Şahtaxtinskilərin hərbi fəaliyyətləri dərindən
araşdırılmadığı üçün
onların bir çox hərbi təltiflərindən xəbərsizik.
Nəcəfqulu ağa əsasən Şərur
mahalının Şahtaxtı kəndində və
Naxçıvan şəhərində
yaşadığından oğlu İsa Sultan da bir müddət
Naxçıvandakı "rus-tatar (azərbaycanlı)" məktəbində
təhsil almışdı. Sonralar İrəvanda
təhsilini davam etdirmişdi. 1865-ci ildə
atası 14 yaşlı İsa Sultanı Tiflisə gətirdi.
O vaxtlar Tiflis Qafqazın elm mərkəzi sayılırdı.
İsa Sultan gürcü maarifçisi Dmitri Kipianinin pansionunda
oxuyarkən alman, fransız, latın və
yunan dillərini öyrənmişdi. O, bu dillərlə yanaşı,
rus, gürcü və ingilis dillərini də bilmişdir. Deməli, bizim alim, diplomat, jurnalist, aqronom, naşir,
dövlət məmuru kimi tanıdığımız İsa
Sultan həm də yaxşı poliqlotlarımızdan
(çox dil bilənlərdən) biri kimi
tanınmışdır. 1871-ci ilin
sentyabrından onun Peterburq dövrü başlayır. O,
Sankt-Peterburqdakı Əkinçilik İnstitutunun II kursunda təhsilini
davam etdirir. Yəqin ki, onun bu sahəyə təhsil
almağa gəlişi Qafqazdakı torpaq münasibətlərini,
necə deyərlər, aqrar sahəni kifayət qədər dərindən
öyrənmək, araşdırmaq məqsədini
daşıyırdı.
Onun babaları Naxçıvanda torpaq sahibkarlarından
idilər. Elə atası Nəcəfqulu ağanın Cəhri,
Xəlilli (Cümşüdlü), Dib Anzır, Yamxana,
Yurdçu və Şahtaxtı kəndlərində əkin
sahələri vardı. Bu torpaqlar sonralar
İsa Sultana atasından miras kimi qalmışdı. Sankt-Peterburqdakı tələbəlik həyatı
gənc İsa Sultanı daha da açıqfikirli və
mübariz bir ziyalı kimi yetişdirdi. Vətənpərvər
və çətin məqamlarda belə, sözünü
qorxmadan deyən İsa Sultan çar xəfiyyəsinin gizlində
çox izlədiyi adamlardan biri idi. 1874-cü
ildə o, Sankt-Peterburqda təhsil aldığı ixtisas
üzrə tam kursu vaxtından əvvəl başa vurdu.
Ancaq Tiflisə və Naxçıvana dönməzdən
əvvəl Avropanı səyahətə çıxdı.
O, Londonda, Parisdə və Sürixdə təbiət elmlərinə
aid mühazirələrin dinləyicisi oldu. Uşaqlıqdan
dağların və meşələrin vurğunu idi. Buradaca bir haşiyə çıxmaq istərdik.
Onun Şahtaxtında yaşayan ata-babalarının Dərələyəzin
ən gözəl yerlərində yaylaqları vardı. Hələ
uşaqkən getdiyi gözəl yaylaqlardan biri Gədikvəngin
yuxarısındakı dağların sinəsində idi.
Bu dağlardan başlayan və çox sürətlə
Arpaçayla qovuşmağa tələsən Kəngərli
çayının sahilindəki yurd yerlərini
Şahtaxtinskilərin ağsaqqalları və ağbirçəkləri
son illərdə də yaxşı xatırlayırdılar.
XX yüzilliyin əvvəllərində
İbrahim ağanın şərəfinə
adlandırılan "İbrahim ağanın yurdu" bu
gün Dərələyəzə aid yazılan kitablarda
tez-tez xatırlanır.
Meşələrin
insanlara verdiyi fayda İsa Sultanın o qədər
marağında idi ki, buna aid çoxsəhifəlik bir elmi
iş yazdı. Bu dissertasiyaya görə ona kənd təsərrüfatı
və meşəçilik namizədi elmi dərəcəsi
verildi ("Kavkaz" qəzeti, 7 noyabr 1894-cü il tarixli nömrəsində). 1876-cı
ilin sentyabr ayında Tiflisə dönən İsa Sultanın
25 yaşı vardı. O, Tiflisdə "Tiflis xəbərləri"
qəzetində yazılar çap etdirməklə bərabər,
həm də qəzetə maddi yardım edirdi. Sonralar
elə oldu ki, o, qəzetin siyasət şöbəsinə rəhbərlik
etdi. Və Tiflisdə nəşr olunacaq məşhur
"Molla Nəsrəddin" jurnalının təsisinə hələ
30 il qalırdı. O, qəzetdə işləsə
də, ata vətəni Naxçıvanı unutmurdu. Onun yazdığı və bu qəzetdə çap
etdirdiyi "Naxçıvan və Kulpi duz mədənləri"
məqaləsinə XIX əsrin birinci yarısında
Naxçıvanın iqtisadiyyatını
araşdırırdı. Təqiblərə baxmayaraq,
İsa Sultan 1877-ci il martın 11-də
"Kavkazski almanax"ın nəşrinə rəsmi icazə
aldı. Bu almanaxda əsasən
Qafqazşünaslıq və Qafqazın iqtisadiyyatı ümdə
yer tuturdu. İsa Sultanın fəaliyyətinə
ciddi maneələr yaradan çar xəfiyyələri onun
xalqın mənafeyini müdafiə etmək
çağırışı olan məcmuəsini ləğv
etmək üçün dəridən-qabıqdan
çıxırdılar. 1877-ci ilin
aprelində başlanan Rusiya-Türkiyə müharibəsi
Tiflisdə də sakitliyi pozdu. Rus ordusu 1877-ci il oktyabrın 15-də Qarsı işğal
etdi.
Çar Rusiyasının rus və türk dillərini
bilən dövlət məmurlarına böyük ehtiyacı
vardı. Rusiya istəyirdi ki, Qafqazı həmişə
öz tabeliyində saxlasın. Belə bir
zamanda İsa Sultan Şahtaxtinski səfərbərliyə
alındı və 1877-ci ilin axırında Qarsa göndərildi.
Onun həyatının 16 ili Qarsla
bağlı olub. Rusiya hökuməti 1878-ci il
yanvarın 1-də İsa Sultanı Qars vilayəti rəisi
yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə
təyin etdi. 1879-cu il yanvarın 1-dən
etibarən o, bu sahədə baş məmur təyin edilir.
1879-cu ilin dekabrında Rusiya ilə Osmanlı imperiyası
arasında gedən danışıqlarda bəzi məsələləri
nizama salmaq üçün İstanbul şəhərində
üç ay ezamiyyətə göndərilən İsa
Sultan bu müddətdə uşaqlıqdan görmək istədiyi
bu qədim şəhərlə yaxından tanış
olur. Axı o, hər şeydən əvvəl qələm
sahibi idi. 1880-ci ildə Ərzurumda da
olmuşdu. O, bu vaxtlar Qars hərbi qubernatorluğunun
mülki işlər üzrə dəftərxanasının rəisi
idi. Qeyd edək ki İsa Sultan Şahtaxtinski
1878-ci ilin oktyabrından 1879-cu ilin 1 yanvarınadək Qars
şəhər idarəsinin rəisi, yəni şəhər
meri vəzifəsində işləmişdir. İsa Sultan Şahtaxtinski Rusiya imperiyası ilə
Osmanlı dövləti arasında münasibətlərin
nizama salınmasında oynadığı əhəmiyyətli
diplomatik fəaliyyətinə görə Türkiyə
hökuməti onu üçüncü dərəcəli
"Məcidiyyə" ordeni ilə təltif etmişdi.
Axı İsa Sultan Rusiya məmuru olsa da,
türk balası idi. İsa Sultan
Şahtaxtinskinin diplomatik fəaliyyətinə görə
İran dövləti onu "Siri-Xurşid" ("Şir və
Günəş") ordeninə layiq görmüşdü.
Rusiya dövlətinin də bir çox ordenlərinin
sahibi olmuşdu. Hətta ona mükafat
olaraq brilyant üzük də Qafqaz Canişini tərəfindən
təqdim edilmişdi. 1883-cü ilin aprel ayında
o, Qars vilayəti hərbi qubernatorunun dəftərxana rəisi
təyin olunur.
İsa Sultan hətta Qarsda da ədəbi, elmi fəaliyyətindən
əl çəkmir. Burada rus dilində "Qars" qəzetini
nəşr etdirir. 1885-ci ildə Tiflisdə
yaşayan və istefada olan kapitan Allahyar Ağalarovun
qızı Səkinə xanımla evlənir. Tiflisdə Səkinə xanımı hamı
"Sofiya xanım" deyə çağırırdı.
Ağalarovlar əsasən Tiflisdə, Gəncədə
və Bakıda yaşayırdılar. Bu nəsil
də Azərbaycan tarixində məşhur şəxsiyyətlər
yetirib. Səkinə (Sofiya) xanım rus və
Azərbaycan dillərində savadlı idi. Bu qadın Mirzə Cəlillə Həmidə
xanımın da ailə qurmasına səbəb olmuşdu.
Sonralar Mirzə Cəlil özünün sələfi
olan İsa Sultanın ailəsindən maddi, mənəvi
köməyini əsirgəməmişdi. İsa
Sultan ilə Sofiya xanımın nikahından 6 övlad
dünyaya gəlib. Tiflisdə arxivdə
işləyərkən onun əmək (formulyar)
kitabçasında qızlarının adlarına rast gəldik.
Amma nədənsə beşinin adı
yazılıb. Leyla Banu (bəyim deməkdir). (Doğulma
tarixi 13 yanvar, 1886), Nazlı Banu (25 sentyabr,1887),
Fatma Banu (3 may, 1889), Adilə Banu (4 aprel, 1891), Cəmilə
Banu (5 fevral, 1893). Burada bir məsələni deyək ki, Adilə
bəyimin doğum tarixi sovet hakimiyyəti illərində olan
nəşrlərdə 17 aprel 1894-cü il
kimi göstərilib. Yəqin ki,
axtarışlar həqiqəti deyəcək. Gənc ailəni kədər tez tapdı.
İsa Sultan Şahtaxtinski 1894-cü il
oktyabrın 17-də 43 yaşında Tiflisdə vəfat etdi.
O, Səkinə xanımla 9 il ailə
sevincində yaşaya bildi. Qarsın sərt
dağ iqlimi onun səhhətinə pis təsir etsə də,
çar hökuməti İsa Sultanın işdən
ayrılıb müalicəyə getməsinə imkan vermədi.
Səkinə (Sofiya) xanım ərini Qarsdan
Tiflisə ağır xəstə halında gətirdi. Bəzən onun vəfat məkanını Qars da
yazırlar. Bu, doğru deyil. Çünki o vaxtlar çox populyar "Kavkaz"
qəzeti verdiyi nekroloqda onun haqqında müfəssəl məlumat
yazıb.
Qəzetin yazdığına görə, dəfn mərasimi oktyabrın 21-də olub. Çünki onun ata-anasının, qardaşının (Əli ağanın) və digər qohumlarının gəlişini gözləmişdilər. O biri qardaşı Əbülfət ağa Rusiya ordusunda hərbi xidmətdə idi. İsa Sultanın qardaşları Əbülfət ağa və Əliağa Rusiya ordusunun polkovniki olublar. Onu şəhərin müsəlman qəbiristanlığında torpağa tapşırmışdılar. Bu haqda "Kavkaz" və "Novoye obozreniye" qəzetləri ətraflı məlumat vermişdilər. Qəzetlər yazırdılar ki, Zaqafqaziya Şeyxülislamı cənazə üzərində ölü namazı qıldı, ağ saçlı Qafqaz müftisi Hüseyn əfəndi Qayıbov göz yaşları içində hamını təsirləndirən nitq söyləyib. Bu isə İsa Sultanın böyük vətənpərvər və şəxsiyyət olmasından xəbər verirdi. O, 1891-ci ildə kollegiya müşaviri mülki rütbəsini almışdı. Bu isə Rusiya ordusunda polkovnik rütbəsi demək idi. Atanın ölümündən sonra gənc ana olmazın əziyyətlərini çəkməyə başladı. Səkinə (Sofiya) xanım təkbaşına 6 qızı böyütmək və oxutmaq üçün bütün iradəsi ilə həyatın çətinliklərinə sinə gərdi. O, Naxçıvanın kəndlərində olan torpaq sahələrini satdı. Bununla bağlı arxiv sənədləri də var. Elə indinin özündə də "Səhnə xanımın yeri (torpağı)" adı Cəhridə işlənməkdədir. O, qızı Leyla bəyimi təhsil üçün Cenevrəyə göndərdi. Lakin Leyla xanım Isveçrədə xəstələnib vəfat etdi. Bu münasibətlə hətta satirik jurnal olan "Molla Nəsrəddin" kədər dolu nekroloq dərc etdi (1908-ci il 52-ci say). Bu nekroloqu böyük ədib, Şahtaxtinskilər nəslinin ən sədaqətli dostlarından biri, ürəyi vətən qüssəsilə dolu Mirzə Cəlil yazmışdı.
Hər dəfə Tbilisiyə yolum düşəndə İsa Sultanın varislərinin taleyilə maraqlanmışam. Hələlik Nazlı bəyimdən başqa o birilər haqqında məlumat öyrənmək mümkün olmayıb. Azərbaycan MTN-nin arxivində elmi axtarışlar zamanı İsa Sultanın həkim qızı Adilə xanımın həbs kağızını tapa bildik. 1937-ci il 4 sentyabrda Bakıda yaşayan Adilə xanımı həbs ediblər. O sənəddə yazılıb ki, Tiflis sakini olan Adilə xanımın əri əksinqilabçı olduğu üçün evində axtarış aparılsın. Hətta onun və əri Qulam Həmid oğlu Sultanovun yaşadığı ünvan da göstərilib. Bakı, Kooperativ küçəsi, 7. Dindirilmə vaxtı məşhur həkim ginekoloq babalarına məxsus qürurla günahsız olduğunu etiraf edib.
Bakıda Bayıl həbsxanasında saxlanılan bu ziyalı qadını nahaqdan çox incidiblər. Onun həbsi haqqında yazılan arayışda göstərilir ki, 25 iyun 1938-ci ildə Adilə xanımın əri, millətçi, əksinqilabçı, terrorçu Qulam Sultanov Azərbaycan NKVD-si tərəfindən həbs olunub. Onların 18 yaşlı oğulları Rauf Tiflisdə, Səkinə (Sofiya) xanımın yanında yaşayır. Axtarış zamanı evdə olan fotoşəkillərin, kitabların müsadirəsini də yazıblar. Və bu kağıza DTK-nın 8-ci şöbəsinin rəisi leytenant Roqan imza atıb. Professor Adilə xanım ömrünün sonlarını Tiflisdə yaşayıb. Vətənpərvər bir şəxsiyyətin-İsa Sultan Şahtaxtinskinin ailəsindən, övladlarından qisas alırdılar. Müstəntiqlərin hamısı ermənilər olub. Bəs, görəsən, İsa Sultanın digər övladlarının taleyi necə olub? Bu barədə isə ancaq axtarışlar çox həqiqətləri üzə çıxarda bilər. Bu gün İsa Sultanın məzarı qalmasa da, adı dillər əzbəridir. Azərbaycanın elmi, ictimai-siyasi fikrində XIX əsr nümayəndəsi II İsa Sultan Şahtaxtinskinin adı bu gün də ehtiramla xatırlanıb yad edilir.
Musa QULİYEV
AMEA
Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2017.- 21 dekabr.- S.6.