Məhərrəm Qasımlının “Orxan Paşa” imzalı söz töhfələri
Azərbaycan
Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı
laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm
Qasımlının "Elm və təhsil" nəşriyyatında
iki yeni kitabı çapdan çıxıb.
"Taleyimdən
və ürəyimdən keçənlər" və
"Saz başına döndüyüm" adlanan kitablara
müəllifin "Orxan Paşa" imzası ilə qələmə
aldığı müxtəlif səpkili yazıları daxil
edilib.
"Taleyimdən
və ürəyimdən keçənlər" kitabında
alimin Orxan Paşa imzasıyla yazdığı bədii-publisistik
əsərləri, fəlsəfi düşüncələri
toplanıb. Burada müəllifin
fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri,
sətiraltı eyhamlar və s. yer alıb.
Kitabın
əvvəlində alim bu yazıları toplamaq ehtiyacından
"Bir neçə söz" başlığı
altında danışır: "İllər boyu ürəyimdən
və taleyimdən keçənlərin bir qismini xırda
qeydlər, bəzən də gündəlik düşüncələr
şəklində yazıya almışam. Burada həyati
müşahidədən gələn xəlqi ümumiləşdirmələr,
fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr,
sətiraltı eyhamlar və daha nələr, nələr...
yer alır. Açığı, qələmə
aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə,
hansı janrın əlamətlərini
daşıdığını söyləməkdə
çətinlik çəkirəm. Dünya ədəbiyyatında
çeşidli örnəkləri ola biləcək bu yazı
manerasının ən çox bəyəndiyim təqdimatını
Jül Renarın məşhur gündəliyində
görmüşəm".
Poeziyasevərlərə
Orxan Paşa imzası ilə yaxşı tanış olan
professor Məhərrəm Qasımlının "Saz
başına döndüyüm" kitabına isə konkret
janr nümunələri, daha dəqiq desək, qoşma və
gəraylılar daxil edilib.
Redaktorluğunu
Yeganə Məmmədovanın etdiyi şeirlər toplusu
çeşidli saz havalarında səsləndirilə biləcək
poetik mətnlərdir.
Burada
lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin
tərənnüm olunduğu, milli dövlətçilik
düşüncəsinin və dünyanın fəlsəfi dərkinə
yönəlmiş dəyərləndirmələr öz əksini
tapıb.
Şair
saz, saz havaları və saz şairi haqqında
düşüncələrini bu cür ifadə edir: "Mən
uzun müşahidə və təcrübələrdən
sonra bu qənaətə gəldim ki, poeziyada ən çətin
iş saz şairi ola bilməkdir. Saz, daha doğrusu, saz
havaları heç də hər şeiri öz bağrında
yuvalandırmır. Saz havası və aşığın oxu
biçimi qoşma və gəraylıdakı
uyğunsuzluğu həmin andaca üzə çıxarıb
geri itələyir. Abbas Tufarqanlının, Qurbaninin, Xəstə
Qasımın, Dədə Ələsgərin şeirləri
saz havalarının boyuna biçilib. Vaqif, Səməd
Vurğun, Hüseyn Arif, Məstan Günər, Zəlimxan
Yaqub, Məmməd Aslan kimi qələm ustaları da məhz
saz şeirləri ilə ürəklərə yol
açıblar. Əsl saz şairi ola bilmək hər kəsə
qismət deyildir".
Kitabın
"Durnatelli qoşmalar" adlanan birinci hissəsində
şairin "Hər gün", "Səndən
küsmüşəm", "Təbriz meydanında",
"Ordumuz", "Ay qoca dünya", "Göyçəgülü",
"Gəldim, ay Bənövşəm", "Arxada qalan
günlər", "Hayıf ki, sağ qaldım",
"İtirdim dostları" kimi müxtəlif məzmunlu
şeirləri daxil edilib.
"Gəraylı
ərmağanı" adlı ikinci hissədə isə
"Bayrağım", "Ana yurdum", "Sazım",
"Söykən", "Gedək Təbrizə-Təbrizə",
"Ürək pıçıltısı",
"Şuşanın "Xarı
bülbül"ü", "Qürbətin
yolları", "Özümlə könül söhbəti",
"Dünya", "Tanrım" kimi nümunələr
toplanıb.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 21 dekabr.- S.7.