"Şumer dövrünün
adamı"
YAXUD
ŞİFAHİ XALQ ƏDƏBİYYATI
ƏNƏNƏLƏRİMİZ İSLAM SADIQ
YARADICILIĞINDA
Çağdaş poeziyamızda öz dəst-xətti
ilə seçilən şairlərimizdən biri də
İslam Sadıqdır. O, öz üslubuna və mövzuya yanaşma fərdiliyinə,
şeirlərindəki ahəngliliyə, həzinliyə
görə seçilən şairlərimizdəndir.
16 oktyabr 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində
ziyalı ailəsində dünyaya göz açan şairin
boya-başa çatdığı bölgə saza-sözə
və şeirə yüksək qiymət verən bölgələrimizdən
biridir. İslam Sadıq sazın və sözün yurd
saldığı bir bölgədə boya-başa
çatdığı üçün onun qanında,
canında sazın və sözün təsiri olduqca
böyükdür. O, lirik şairdir. Əlinə
qələm aldığı ilk günlərdən şeirlərinə
həzin, kövrək duyğular hakim kəsilib.
Onun lirik məni yaşadığı mühitə, cəmiyyətdə
baş verən mənfi hallara, ikiüzlülüyə,
yaltaqlığa qarşı da susmur, sözünü deyir,
üstəlik də cəsarətlə, qorxu-hürkü bilmədən. İçini
göynədən bu duyğular qəlbindən
süzülüb şeirlərinə hopur. Şairin
yaltaqlığa qarşı yazdığı "Yaltaq
oğlanları sevməyin, qızlar" şeirindən bir bəndə
fikir verin:
Gözündə
mələk var - gözünə baxın,
Üzündə
ələk var - üzünə baxın,
Sözündə
kələk var - sözünə baxın,
Yaltaq
oğlanları sevməyin, qızlar!
İslam Sadıq ədəbiyyata xalq şeirinin,
aşıq poeziyasının içindən
çıxıb gəlib. Hələ şeir
yazmadığı vaxtlardan öncə onun ruhu saz
havalarıyla qidalanıb. Onun istisinə
qızındığı ocağın közü, suyundan
içdiyi bulağın gözü saz üstündə
köklənmişdi. Beşiyinin
başından saz asılmışdı. Saz
havası üstündə böyümək özü bir aləmdi.
Çünki o sazda Dədə Qorqudun,
Koroğlunun nəfəsi vardır. Şairin
"Tökülüb" rədifli gəraylısının
ərişi-arğacı büsbütün aşıq şeirini
yada salır. Adam istər-istəməz onu
bir şairin yazdığını yox, ustad bir
aşığın düzüb-qoşduğunu
düşünür. Sözlər zərgər
dəqiqliyi ilə seçilib, inci kimi ipə-sapa
düzülüb. Dil gözəl, axıcılıq
yerində, misraların da hamısı arı şanı kimi
doludur:
Dağlar
başı hələ qardı,
Ətəyinə yaz tökülüb.
Simlərini sındırmışam.
Pərdə - pərdə saz tökülüb.
Üzü
məndən elə dönüb,
Bir
qayıtmaz yelə dönüb,
Göz
yaşlarım gölə dönüb,
Yenə
deyir az tökülüb.
İslam
Sadıq, dur keçibdi,
Yeli yolda yor, keçibdi.
Vallah
burdan yar keçibdi
Yola, izə naz tökülüb.
İslam
Sadığın "Ocağı közündən
tanıyıram" kitabına ön söz yazmış Vaqif
Yusifli bu gəraylı haqqında deyir: "Vallah, burdan yar
keçibdi, Yola, izə naz tökülüb" - elə bil
Aşıq Ələsgərin, Dədə Şəmşirin
qələmindən süzülüb bu misralar. Amma yox! Bunlar ustad dədələrə "mən sizin
varisinizəm" deyə bilən çağdaş
aşıq-ozan təfəkkürlü şairimizin - İslam
Sadığındır". Bu fikirlər
də İslam Sadığın şair kimi uğurunun təsdiqidir.
İslam Sadıq yaradıcılığında
türkçülüyə aid şeirlərə tez-tez rast
gəlinir. "Dünyanı gülə bələyən əsgər"
adlı şeirini şair Quzey Kıbrısda səfərdə
olarkən yazmışdır. Bu şeirində
şair türk gücünün yenilməz bir qüvvə
olduğunu vurğulayır. Şeirin bircə bəndini
misal gətirmək bəs eləyir:
Yatıb
yasdan toya, toydan yasatan,
Mənim qılıncımdı qında pas atan.
Buğasan
- Buğacam, divsən - Basatam,
Mən
bir türk oğluyam,
Türk əsgəriyəm!
Şair bu bənddə maraqlı bir məsələyə
toxunmuşdur.
"Buğasan-Buğacam, divsən-Basatam"
misrasının fəlsəfi tutumu və buradakı tarixiliklə
yanaşı, qarşılaşdırmanın özü təzədir
və İslam Sadığa məxsusdur. Bu
misra Azərbaycanın şah əsəri sayılan və mən
belə deyərdim ki, "ədəbi bir məktəb"
rolunu oynayan "Kitabi-Dədə Qorqud" dastanından
süzülüb gəlir. "Dədə
Qorqud" dastanından bilirik ki, türklər hər igidə
ad vermirdilər.
Həmin igid mütləq qəhrəmanlıq göstərməliydi
və yalnız ondan sonra Dədə Qorqud ona ad verirdi. İstər
Basat olsun, istərsə də Buğac, hər ikisi igidlik
göstərdiyinə görə ad qazanmışdır.
Dədə Qorqud Buğac buğanı
öldürdürdüyünə görə ona Buğac,
Oğuz elinə düşmən kəsilən Təpəgözü
öldürüb Oğuz elini bu bəladan
qurtardığına görə, Basata Basat adı
qoymuşdur. Şair burada demək istəyir ki,
düşmən buğa da olsa, onun qabağında Buğac
kimi türk əsgəri var. Düşmən Təpəgöz
də olsa, Oğuzun adlı-sanlı igidlərinə qan da
qusdursa, bir gün qabağında Basat kimi türk əsgərini
görəcək. Burada şair türk əsgərinin kim olduğunu çox gözəl ifadə
etmişdir. Düşmən-Buğa-Təpəgöz
və Türk əsgəri-Buğac-Basat paralelləri
şairin uğurlu tapıntılarıdır. Bunlar onu deməyə əsas verir ki, İslam
Sadıq şifahi xalq ədəbiyyatına yaxşı bələddir.
İstər şair olsun, istərsə də
yazıçı hər biri şifahi xalq ədəbiyyatını
yaxşı bilməlidir. Çünki
şifahi xalq ədəbiyyatı xalqımızın
düşüncəsinin məhsuludu, onlarda ulu
babalarımızın nəsihətləri, nəfəsləri
yaşamaqdadır. İslam Sadıq
şeirlərində çoxlu folklor motivlərindən istifadə
etmişdir. Məsələn, onun
"Üzün məndən, niyə döndü"
şeiri "Koroğlu" dastanının motivləri əsasında
düzülüb-qoşulmuşdur. Koroğlunun
dəliləri ondan inciyirlər, bu zaman Nigar da Koroğludan
üz döndərir. Bu, Koroğlunu coşdurur, sazı
bağrına basıb deyir:
Ala
gözlü Nigar xanım,
Üzün məndən niyə döndü?
Sənə
qurban şirin canım,
Üzün məndən niyə döndü?
İslam
Sadığın "Üzün məndən, niyə
döndü" şeiri Koroğlunun eyniadlı gəraylısının
notları üstündə köklənmişdir:
Ay
könlümün yarı nigar
Üzün məndən niyə döndü?
Belə
sevməz yarını yar,
Üzün məndən niyə döndü?
Bizi
qoşa görən oldu,
Sirrimizi bilən oldu.
Aramıza
girən oldu,
Üzün məndən niyə döndü?
Niyə
susub deynən dilin,
İslam Sadıq deyən dilin.
Daşa
dönüb eynən dilin,
Üzün məndən niyə döndü?
Elə şeylər var ki, yada düşəndə onlar
insanı keçmişə aparır. Keçmiş də iki
cür olur: birincisi, xoş günlərlə dolu
keçmiş, ikincisi də hər ili, hər
ayı, hər günü, hər saatı, hər dəqiqəsi,
hər saniyəsi əzab və iztirablarla dolu keçmiş. İslam Sadığın "Xarı
bülbül" adlı şeiri həmin acı
keçmişi xatırladır. "Xarı
bülbül" yalnız Qarabağda-Şuşada bitən
bir güldü. Düşmən
tapdağında olan Qarabağın bağrı qara olduğu
kimi "Xarı bülbül"ün də bağrı
qanla dolmuşdur. Bu şeirdə şairin həm poetik
duyumunun gücünü, həm də sözü demək
bacarığını, ustalığını aydın
görürük:
Min
sığal vururdu orda özünə,
Gecələr gülürdü ay da üzünə.
Mehrini
salmışdı Cıdır düzünə,
Eşqini qayaya, daşa yazmışdı.
Həsrətdən
köksü də sarı bülbülün,
Bilmədim kimiymiş yarı bülbülün?
Tanrı
taleyini Xarı bülbülün
Şuşada Şuşayla qoşa yazmışdı.
Soyuqdan
qorudum, yeldən qorudum,
Yağışdan qorudum, seldən qorudum.
Tikandan
qorudum, güldən qorudum,
Yenə də əlimdən haşa yazmışdı.
İlk
eşqi Şuşada qalan yarpaqlar,
Burda yalan oldu, yalan yarpaqlar.
Qovrula-qovrula
solan yarpaqlar
Yan-yana
düzülüb Şuşa
yazmışdı.
Şair bu şeirdə Şuşanın taleyini Xarı
bülbülün yarpaqlarının Bakıda qovrula-qovrula
solmasına bənzətmişdir.
Şuşanı görən də ağlayır,
görməyən də. Görən ona görə
ağlayır ki, gözündən nur, torpağından torpaq
əskildi. Görməyən də gözəlliyi
ilə göz oxşayan o yerləri görmədiyi
üçün ağlayır.
İslam Sadıq həm şair, həm folklorşunas, həm
də müəllimdi. Ömrünün müdriklik
çağlarını yaşayır. Ona görə
şeirləri aforizmlərlə çox zəngindir:
Hər
insan köçündə bir qorxu da var,
Hər qapı keçəndə bir sorğu da var.
Biri şərə
qaçır, biri də şərdən,
Şərin də içində xeyir var hərdən.
Ovçununku
ovu göz alıncadı,
Ocağınkı odun köz alıncadı.
Aforizm yaratmaq hər kəsə və ya hər şairə
nəsib olmur.
Burada zəka və şairin lüğət
fondunun zənginliyi şərtdir.
İslam
Sadığın Azərbaycan bayrağına
yazdığı şeirdə neçə-neçə igidlərimizin
öz qanları ilə üç rəngli
bayrağımıza boya çəkərək onu daha da
ucaltdıqlarını görürük:
Çoxu
soya, kökə çəkdi,
Qılıncını suya çəkdi.
Al
qanından boya çəkdi
Azərbaycan bayrağına.
Neçə
illərdi ki, düşmən əsarəti altında qalan
torpaqlarımız Şuşa,
Laçın, Qarabağ, Kəlbəcər üç rəngli
bayrağımıza həsrətlə baxır:
Qollarımı
açın, açın,
Yollarımdan qaçın, qaçın.
Həsrət
çəkir Şuşa, Laçın
Azərbaycan bayrağına.
Şuşa,
Laçın Azərbaycan bayrağına həsrətlə
baxdığı kimi, bütün Azərbaycan da
Şuşaya, Laçına, Kəlbəcərə,
Qarabağa ana öz övladına həsrətlə
baxdığı kimi baxır.
İslam Sadıq öz şeirlərində dastan qəhrəmanlarını,
onların mərdliyini, igidliyini, namusunu dönə-dönə
xatırlayır. Buna görə də yalançı, hiyləgər
adamları "Həmzələşən dünya"
adlı şeirində kəskin tənqid hədəfinə
tutmuşdur.
Soruşma
bu əməl, bu iş kimindi,
Həmzədən törəyən yüz-yüz, min-mindi.
Hər
gün yüz on uşaq doğulur indi,
Yüzü
həmzələşir, yüzü, Koroğlu!
Həmzə kimi hiyləgər adamlar Koroğlu kimi mərd
adamları aldatmaqla dünyanı gözdən salırlar. Həmzə
kimilərdən törəyənlər elə həmzələr
olur.
Dünən
"Cəngi", "Misri" çalan dünyanın,
Nəfəsi yalandı, yalan dünyanın.
Keçəl
həmzələrə qalan dünyanın
Özü həmzələşir, özü, Koroğlu!
Elə bir zaman varıydi ki, biləyin gücü basılmaz bir güc idi. "Koroğlu" və "Kitabi-Dədə Qorqud" dastanlarında biz qol gücünün nə qədər əhəmiyyətli olduğunu görürük. "Cəngi", "Misri" çalan dünya bu gün namərdlər qarşısında böynu bükük qalıb. Bu dünya nə qədər keçəl həmzələrlə doludu, çətin haqq öz yerini tapsın.
"Koroğlu" havası üstündə yazılmış "Qalmışıq" şeirində İslam Sadıq qeyd edir ki, dünən bizim qarşımızda ikiqat olan düşmənlərimizin qarşısında bu gün biz boynubükük qalmışıq.
Sazla qoşa Misri qılınc dinəndə...
Elə bilmə hər şey qaldı dünəndə.
Bizə boyun əyənlərin önündə
Boynumuzu bura-bura qalmışıq.
"Sazla qoşa Misri qılınc dinəndə" deyərkən şair Koroğluya işarə edir. Koroğlu döyüşdə qılıncla yanaşı, sazla da döyüşürdü. Qılınc bədəni doğrayırdısa, söz də düşməni mənən parçalayırdı. Çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün nə sözün dəyəri var, nə də ki qol gücünün. Bu dünya zalımlar dünyasıdı.
İslam Sadığın yaradıcılığını bir məqaləyə sığışdırmaq imkansızdır. Buradakı şeirləri bir neçə kitab əsasında işlənmişdir. Halbuki onlarca kitabları var. İslam Sadıq təkcə Azərbaycan folkloru yox, türk və Şümer xalqlarının tarixi və folkloru haqqında çoxlu məqalə və kitabların müəllifidir. Şümerlərin mədəniyyətini, ədəbiyyatını, folklorunu, həmçinin, şümer və Azərbaycan folklorunun ortaq motivlərini araşdırmışdır. "Koroğlu" eposunda Şumer motivləri", "Şumer və türk folklorunda su motivi", "Azərbaycan nağıllarında şumer motivləri", "Şumer və türk folklorunda əbədi həyat ideyası. Şumerin Həyat ağacı və Dədə Qorqudun Qaba ağacı, türk folklorunda ağac obrazı" və başqa bu kimi yüzlərlə məqalə adı sadalamaq olar. "Koroğlu" eposunda Şumer motivləri" adlı məqaləsində şair maraqlı paralellər aparmış, çoxlu oxşarlıqlar üzə çıxarmışdır. Bu yazını akademik Nizamı Cəfərovun İslam Sadıq haqqında dediyi bir sözlə bitirmək istəyirəm: "İslam Sadıq Şumer dövrünün adamıdır".
İlkin ELSEVƏR
Bakı Avrasiya Universiteti
525-ci qəzet 2017.- 22 dekabr.- S.4.