Əbdürrəhim bəy Haqverdiyev -
Diplomat
Vilayət QULİYEV
Azərbaycan Cümhuriyyətinin tarix səhnəsinə
gəlişi xalqını və vətənini sevən
yaradıcı ziyalıların ən böyük arzusunun
çin olması demək idi. 1918-ci il mayın
28-dən sonra onların çoxu milli hökumətə həm
sözü, həm də əməli fəaliyyəti ilə
bacardıqları qədər faydalı olmaq, xidmət etmək
yolunu seçmişdi.
Qocaman
yazıçı və maarif xadimi Sultan Məcid Qənizadə,
ilk ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli,
türkçülük ideyasının atəşin tərəfdarı
Əhməd Ağaoğlu, şair və nasir Hacıkərim
Sanılı və b. Azərbaycan Məclisi-Məbusanının
(Parlament) üzvü idilər. Türkçülüyün
“babası” Əli bəy Hüseynzadə üçrəngli
bayrağımızın ideya müəllifi və ilk dizayneri
kimi tanınmışdı.
Rusdilli Azərbaycan
jurnalistikasının fəal nümayəndələrindən
Mirzə Şərif Mirzəyev Mətbuat Baş İdarəsinin
rəisi, Cəmo bəy Hacınski Parlamentin üzvü idi.
Üzeyir
Hacıbəyli Azərbaycan himninin musiqisini bəstələmişdi; vətənpərvərlik
ruhlu hərbi marşlar, milli hakimiyyətin mövqeyini
müdafiə edən məqalələr yazırdı. Eyni
zamanda, ana dilində nəşr olunan rəsmi hökumət qəzetinin
- “Azərbaycan”ın mühərriri (redaktoru) və əsas
müəlliflərindən biri idi.
Gənc
şair Əhməd
Cavad dövlət himninin sözlərini
yazmışdı. Ondan da gənc olan Cəfər
Cabbarlı milli dövlətçilik,
türkçülük və cümhuriyyətçilik
ideyasının qızğın tərəfdarı,
“Müsavat” partiyasının fəal üzvü kimi
tanınırdı.
Adının
siyasət adamları ilə bir sırada çəkilməsi
ilk baxışdan qeyri-adi görünən Hüseyn Cavid
1919-cu ildə qurulmuş Araz Türk Respublikasının rəsmi
heyətinin üzvü kimi Naxçıvandan Bakıya gəlmişdi
(Rəsmi hökumət orqanı - rus dilində nəşr
edilən “Azərbaycan” qəzeti 9 mart 1919-cu il tarixli 52-ci
sayında missiyanın tərkibinə
“Bakı əhalisinə pedaqoji fəaliyyəti ilə
yaxşı tanış olan populyar dramaturq və şair
Hüseyn Cavid əfəndinin də daxil olduğunu” xüsusi
vurğulamışdı). Bu hökumətin (və təbii
ki, müstəqil Azərbaycan dövlətinin) yerlərdəki
idarəçilərindən birini - yazıçı, tərcüməçi
Əli Səbri Qasımovu
1970-ci illərin sonunda Azərbaycan Yazıçılar
İttifaqında dəfələrlə
gördüyümü indi də qeyri-adi hadisə kimi xatırlayıram.
Təbii ki, o zaman Azərbaycan Cümhuriyyəti
haqqında heç bir təsəvvürüm yox idi. Sadəcə,
bizim günlərdə dövrün sənədlərində
bu balaca boylu qocanın
adına rast gələndə onun nə qədər
qeyri-adi bir ömür yolu keçdiyi barədə
düşündüm...
Ədəbiyyat xadimlərinin, söz adamlarının bəziləri
isə diplomatiya sahəsini seçmişdilər. Məşhur
“Can yanğısı” povestinin müəllifi kimi tanınan
Qori məzunu Abdulla bəy Cübhanverdixanov (ədəbi təxəllüsü
Divanbəyoğlu) Cümhuriyyətin xarici işlər
nazirliyinin dəftərxanasına rəhbərlik etmişdi.
Yusif Vəzir Çəmənzəminli əvvəlcə
Polşa və Ukraynada (yaranmış vəziyyətə
görə xidmət yerinə gedə bilməmişdi), sonra
isə Osmanlı imperiyasında diplomatik nümayəndə
olmuşdu. Nəhayət “odlu nöqtələrdə” -
Şimali Qafqaz Dağlılar Respublikası və Azərbaycanla
permanent müharibə vəziyyətində olan Ermənistanda
diplomatik təmsilçilik vəzifəsi görkəmli
yazıçı və dramaturq, həmin dövrdə milli
teatr və ədəbiyyatın canlı klassiklərindən
biri kimi tanınan Əbdürrəhim bəy Haqverdiyevə
tapşırılmışdı.
Əbdürrəhim
bəy özü 1932-ci ildə qələmə
aldığı müxtəsər tərcümeyi-halında
həyatının sovet ideologiyası baxımından o qədər
də “xoş” olmayan bu dövründən söz açaraq
yazırdı:
“1919-cu sənədə müsavat hökuməti məni
Bakıya çağırıb Dağıstana göndərdi.
Orada mənim işləməyim Denikinə
xoş gəlməyib onun əmri ilə 24 saatda Bakıya
sürgün olundum. Bakıda bir az
qaldıqdan sonra Ermənistana göndərdilər. Lakin orada mənim hərəkətim hökumətin
xətti-hərəkətinə müğayir gəldikdən
və Xan Xoyski ilə uzun-uzadı mübahisədən sonra
istefa verdim”.
Tərcümeyi-hal
“böyük terrordan” bir neçə il əvvəl
yazılsa da, Əbdürrəhim bəyin söz və ifadələri
son dərəcə diqqətlə seçdiyi göz
önündədir. Məsələn, çox güman, bilərəkdən
“Cümhuriyyət”, yaxud “Cümhuriyyət hökuməti”
deyil, o dövrdə artıq bolşevik təbliğatının
şablonlaşdırdığı “müsavat hökuməti”
ifadəsindən istifadə edir. Dağıstanda,
yaxud Ermənistanda hansı vəzifəni
daşıdığını, ora nə üçün
göndərildiyini açıqlamır. Fətəli
xanın adını çəksə də, onun xarici işlər
naziri, özünün isə həmin nazirliyin əməkdaşı
olduğunu nəzərə çarpdırmamağa
çalışır.
Ə.Haqverdiyev ictimai fəaliyyətə və dövlət
qulluğuna gənc yaşlarından başlamışdı. 1904-cu ildə
doğulduğu Şuşanın şəhər idarəsinə
(“uprava”) seçilmiş, başqa sözlə desək, şəhər
idarəçiləri arasında yer almışdı.
1906-cı ildə Birinci Dövlət Dumasına seçkilərdə
Yelizavetpol quberniyasının sakinləri onu öz vəkilləri
kimi Peterburqa göndərmişdilər. 1917-ci il
fevral inqilabına qədər səmərəli ədəbi-mədəni
fəaliyyətlə bir sırada müxtəlif qurumlarda məmur
kimi də çalışmışdı. İnqilab ərəfəsində
Tiflisdə Şəhərlər şurası adlı təşkilatın
rus dilində çıxan mətbu orqanının baş
redaktoru idi. 1917-ci ilin martında Xüsusi
Zaqafqaziya Komissarlığı hökuməti onu öz
komissarı sifətində Gürcüstan azərbaycanlılarının
kompakt yaşadığı Borçalı qəzasına,
Şulaver qəsəbəsinə göndərmişdi.
Gürcüstanın müstəqilliyi elan olunandan sonra isə
soydaşları tanınmış həmvətənlərini gürcü parlamentinə
seçmişdilər.
Cümhuriyyət hökuməti Əbdürrəhim bəyi
yeni qurulan xarici işlər nazirliyi sistemində
çalışmaq üçün Tiflisdən Bakıya
çağırmaqla düzgün seçim etmişdi. Çünki
diplomatik təyinat baxımından yetərincə uğurlu
namizəd idi. Geniş erudisiyası, Şərqə
və Qərbə hərtərəfli bələdliyi,
kübar görünüşü və ədaları, rus və
fransız dillərini mükəmməl bilməsi, siyasi
proseslərdən yaxşı baş çıxarması onu
səfir kimi istənilən Avropa ölkəsinə göndərməyə
imkan verirdi. Lakin hələlik heç bir dövlətin
rəsmən tanımadığı Azərbayan Cümhuriyyəti
böyük Avropa siyasətinə can atmaqla bir sırada ilk
növbədə və daha çox qonşularla münasibətləri
nizama salmalı, münaqişələri aradan
qaldırmalı, rəqibləri müttəfiqə
çevirməyi bacarmalı idi. Bir sözlə, dünya
miqyasına çıxmağın yolu regionda tanınmaqdan və
nüfuz sahibi olmaqdan, ən başlıcası isə
özünü, milli maraqlarını qorumaqdan, təbliğ etməkdən
keçirdi. Bu isə ilk növbədə
regionda işlək diplomatik mexanizm qurmağı zərurətə
çevirirdi.
Ə.Haqverdiyevin
diplomatik nümayəndə kimi göndərildiyi Dağlı
Respublikası geostrateji nöqteyi-nəzərdən Azərbaycan
üçün müstəsna əhəmiyyətə malik
idi. Qafqazda birincilər sırasında
-1917-ci ilin dekabrında müstəqilliyini elan etmiş bu
tanınmayan dövlət qurumu Azərbaycanla Rusiya (siyasi
sistemin mahiyyətindən asılı olmayaraq) arasında bufer
zona və təhlükəsizlik zolağı idi.
Azərbaycan hökuməti Ə.Haqverdiyevin diplomatik
nümayəndə təyin olunması ilə əlaqədar
Dağlı hökumətinə çox güman ki, 1919-cu
ilin yanvarında müraciət etmişdi. Çünki həmin il
fevralın əvvəlində Dağlı Respublikası Nazirlər
Şurasının sədri vəzifəsini icra edən knyaz
Nuhbəy Tarkovskinin imzası ilə Azərbaycan Cümhuriyyəti
Nazirlər Şurasının sədri və xarici işlər
naziri Fətəli xan Xoyskiyə göndərilən məktubda
hökumətinin təyinata hər hansı etirazının
olmadığı bildirilirdi. Yəni müasir terminologiyaya
çevirsək,
aqremanına müsbət cavab verilmişdi.
Həmin
razılıq əsasında Ə.Haqverdiyev 1919-cu il fevralın 25-də Azərbaycanın
Dağlı Respublikasında diplomatik nümayəndəsi təyin
olunmuşdu. Xarici işlər naziri F. Xoyski və nazirliyin dəftərxana
rəisi A. Sübhanverdixanovun imzası ilə ona
aşağıdakı məzmunda diplomatik xidmət vəsiqəsi
verilmişdi: “Bu sənədin sahibi Əbdürrəhman bəy (yanlış
getmişdir - V.Q.) Haqverdiyev Qafqazın
Dağlı Xalqları Respublikasında Azərbaycan Cümhuriyyəti
hökumətinin diplomatik nümayəndəsi təyin olunub və
təyinat yerinə - Temirxanşura (indiki Buynaksk -V.Q.) şəhərinə
gedir. Azərbaycan Cümhuriyyətinin xarici işlər
nazirliyi müvafiq hakimiyyət dairələrindən səfər
zamanı ona hər cür kömək göstərməyi və
sərhəd məntəqələrində gömrük rüsumundan azad
etməyi xahiş edir”.
Xarici
işlər nazirliyinin 15 aprel 1919-cu il tarixli 2 saylı
sirkulyarına əsasən Nəsib bəy Yusifbəylinin yeni
hökumət qurduğu həmin dövrdə artıq 7
diplomatik nümayəndəlik fəaliyyət göstərirdi ki, onlardan biri də Dağlı
Respublikasında idi. Bu sənəddə
Ə.Haqveridiyevin xidmətə başlama tarixi 11 fevral kimi
göstərilmişdi. Çox güman,
bu müddət aqremanın alınmasından
hesablanmışdı.
Ə.Haqverdiyev Dağlılar Respublikasına son dərəcə
çətin və mürəkkəb vaxtda göndərilmişdi. 1919-cu ildə
Könüllü ordunun Dağıstana doğru irəliləməsi
və bir sıra yaşayış məntəqələrini
öz nəzarəti altına götürməsi müstəqil
dağlı dövlətinin mövcudluğunu böyük
sual altında qoymuşdu. Hadisələrin
belə şəkil alması təbii ki, Azərbaycanda da ciddi
həyəcan və əndişə doğurmuşdu. Məclisi-Məbusanın (Parlament) 6 mart tarixli
iclasında Şimali Qafqazdakı vəziyyət xüsusi
müzakirə mövzusuna çevrilmişdi. İclasda
Müsavat fraksiyası adından danışan M.Ə.Rəsulzadə
Azərbaycan və dağlı xalqlarının tarixi taleyinin
və müstəqillik mübarizəsinin biri-biri ilə
sıx bağlı olduğunu, hər iki ölkəyə
qarşı yönələn təhlükənin də eyni mənbədən
qaynaqlandığını göstərərək
demişdi: “Biz bilirdik ki, düşmən ordusu “qəlyanaltısı”nı
Dağıstanda eləsə, “naharını” Bakıda yeyəcəkdir.
Ona görə də bütün millət və məclis bir tək
vahid kimi var qüvvəsi ilə çalışıb bu qara
qüvvə qarşısında dayanmalıdır. Və
dağıstanlı qardaşlarımıza deməliyik ki,
buraxmayın o qara qüvvəyi, qoymayın o istibdadı gəlsin,
müharibə edin! Biz də sizinlə
varıq!”
Uzun illər
Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin
inspektoru olmuş Məclisi-Məbusan üzvü S.M.Qənizadə
də çıxışında tək Dağıstanın
deyil, Azərbaycanın da istiqlalı naminə bu çətin
günlərdə dağlı xalqları ilə birlikdə
olmağın, birgə mübarizə aparmağın
vacibliyini vurğulamışdı: “Çünki onlara vurulan
zərbə bizim ciyərimizə və ürəyimizə dəyən
kimidir. Onlar ayrı, biz ayrı deyiliz. Xudanəkərdə, Dağıstana bir tələfat
olarsa, bizə olmuş kimidir. Bir az
fasilə ilə onların başına gələn bizim də
başımıza gələ bilər. Bu Azərbaycan
bayrağının bir ucu Dağıstan hökumətinin
çiynindədir. Onlar yıxılar isə bizim bayrağımız da
yıxılar”.
Parlamentin
iclasına qatılan baş nazir F.Xoyski hökumətin
müzakirəyə çıxarılan məsələyə
münasibətini belə açıqlamışdı: “...
bir millət o birinin ixtiyarının əlindən
alınmasına aşkardır ki, bitərəf baxa bilməz.
Aşkardır ki, Dağıstan hökumətinə
dəyən zərbə bizə dəymiş kimidir. Mən bizim hökumət və parlamentimizin
Dağıstan hökumətinə kömək edəcəyini
onların səfirinə xəbər verdim. Azərbaycanın nə hökuməti, nə də
parlamenti qoymayacaqdır onların hüququ tapdalansın.
Var qüvvəmizlə onlara kömək edəcəyik”.
Martın 10-da Təzəpir məscidinin həyətində
Dağıstan müsəlmanları ilə kütləvi həmrəylik
mitinqini keçirilməsi Parlamentdə edilən
çağırışların xalqın ürəyindən
səs verdiyini göstərirdi. Belə bir şəraitdə Azərbaycan
Cümhuriyyətinin diplomatik nümayəndəsinin
Dağlı Respublikasına göndərilməsi təkcə
millətin iradəsinin yerinə yetirilməsi deyildi, həm də
işğalçı Könüllü orduya və qara niyyətlərində
ondan geri qalmayan bolşeviklərə açıq mesaj idi..
A.Haqverdiyevin
xarici işlər naziri M.Y.Cəfərova “məxfi”qrifi ilə
göndərdiyi məlumatdan onun Temirxanşuraya martın 28-də
çatdığı, martın 30-da isə dağlı
dövlətinin hökumət başçısı ilə
görüşərək etimadnaməsini təqdim etdiyi məlum
olur. Lakin maraqlıdır ki, o, diplomatik nümayəndə
kimi Bakıya ilk məlumatını elə təyinat yerinə
gəldiyi gün - martın 28-də yola salmışdı.
Burada Denikinin Şimali Qafqaz ərazisində
Könüllü ordu hissələri ilə yerli
özünümüdafiə dəstələri arasında
baş vermiş qarşıdurmadan bəhs edilmişdi.
İlk tanışlıq və təmaslardan aydın
olmuşdu ki, dağlılar
düşdükləri çətin vəziyyətdə
yeganə etibarlı qüvvə kimi Azərbaycana arxalanır
və bu səbəbdən də onun nümayəndəsini səbirsizliklə
gözləyirlər; odur ki,
Şimali Qafqaz Dağlı Respublikasının baş naziri,
kabardin əsilli ictimai-siyasi xadim Pşemaxo Kotsevin (1884-1962)
Əbdürrəhim bəyi gəldiyi gün qəbul etməyə
imkan tapmadığı üçün üzrxahlıq
bildirməsində qeyri-adi heç nə yox idi... Geniş fikir mübadiləsi ilə səciyyəvi
olan görüş martın 30-da baş tutmuşdu.
Martın 31-də isə artıq rəsmi diplomatik
nümayəndə kimi fəaliyyətə başlayan
Ə.Haqverdiyev hökumətin bütün nazirləri ilə
nəzakət görüşündə olmuş,
dağlı İttifaq Şurasının (Parlament)
iclasında iştirak etmişdi. İştirakçılar
onun şəxsində Azərbaycan dövlətini və
hökumətini uzun-uzadı alqışlamışdılar.
“İttifaq Şurasında ziyalı qüvvələr
çox azdır, - deyə Ə.Haqverdiyev öz ölkəsinin
XİN-nə yazırdı: - Üzvlərin çoxu ya ruhanilər,
ya da var-dövlətlərinə, qohumluq əlaqələrinə
görə cəmiyyətdə nüfuz sahibi sayılan
insanlardır. Amma onları heç bir halda siyasi xadim hesab etmək olmaz.
Siyasi partiyalar
yoxdur, yalnız milli əlamətlərə görə
yaranan fraksiyalar var: məsələn, çeçenlər,
inquşlar, kumıklar və b. İttifaq Şurasının
indiki tərkibi təsadüfidir. Seçki
keçirmək isə mümkün deyil; əvvəla pul
yoxdur, ikincisi də Çeçenistanda və Tersk əyalətində
baş verən hadisələr buna imkan vermir”.
Dağlılar
arasında keçirdiyi ilk günlərdən Ə.Haqverdiyev
onların yenidən Rusiya işğalına uğramamaq, eləcə
də iqtisadi sabitlik və mənəvi əlaqələr
baxımından Bakıya meylli olduqlarını hiss
etmişdi: “... bir sıra nüfuzlu dairələrdə Azərbaycanla
birləşmək tendensiyası nəzərə
çarpır. Eyni fikri bu gün yanıma gələn
hərbi nazirin müavini general Xəlilov da açıq ifadə
etdi” - deyə məlumatda daha sonra yazırdı. Bu cəhət Dağıstanı, ümumən
bütün Qafqazı yenidən Rusiyanın tərkibinə
qaytarmaq iddiası ilə savaş açan çar generalı
A.İ.Denikinin də diqqətindən
yayınmamışdı. O, özünün
çoxcildli “Rus qarğaşasının oçerkləri”
(“Oçerki russkoy smutı”) adlı hərbi-tarixi
memuarlarının 3-cü cildində
“böhrandan çıxış yolu axtaran Dağlı
parlamentinin dini inancları mühafizə etmək və
Dağıstanın özünəməxsusluğunu qorumaq
üçün Azərbaycanla siyasi birliyə can
atdığını” xüsusi vurğulamışdı.
Təbii ki, yaranmış ekstremal şəraitdə Əbdürrəhim bəy klassik kabinet diplomatı kimi hərəkət edə bilməzdi. Ona görə də fəaliyyətinin ilk günündən Şimali Qafqazdakı müxtəlif millətlərin nümayəndələri ilə ünsiyyət yaratmağa, mürəkkəb dağlı cəmiyyətinin nə ilə nəfəs aldığını, nəyə can atdığını öyrənməyə çalışmışdı. Müəyyən təhlükənin mövcudluğuna baxmayaraq, daim hadisələrin ən qızğın yerində olmaqdan çəkinməmişdi. Bunu müxtəlif millətlərə mənsub təhsilli gənclərin yaratdığı “Qafqaz dağlılarının birliyi və müstəqilliyi liqası”nın Temirxanşuradakı təsis mitinqində iştirakı, onları Azərbaycan hökuməti adından salamlaması və müəyyən məbləğdə pul yardımı göstərməsi də aydın sübut edir. Eyni zamanda, uzaqgörən bir siyasətçi kimi, gələcəkdə dağlı cəmiyyəti ilə daha sıx, intensiv əlaqələr qurmaq baxımından öz hökumətinə həmin liqa ilə əməkdaşlıq yolunu tutmağı təklif edirdi.
Nəhayət, diplomatik xidmət yeri kimi gəldiyi Temirxanşurada fəaliyyətə başlayandan bir neçə gün sonra o, şəhərdəki Azərbaycan vətəndaşlarını toplayıb görüş keçirmiş, onlara Bakının yürütdüyü siyasət barəsində geniş bilgi vermiş, istək və ehtiyacları ilə maraqlanmış, hamını missiyada qeydiyyatdan keçməyə çağırmışdı. Xarici işlər nazirliyinə məlumatında Ə. Haqverdiyev soydaşlara yardım göstərmək və işlək agentura şəbəkəsi qurmaq üçün müəyyən maliyyə vəsaitinin ayrılması məsələsinə də toxunmuşdu. Bu fakt onun öz işinə nə qədər ciddiyyətlə yanaşdığı, miqyaslı və gələcəyə yönəlik düşündüyü haqda təsəvvür əldə etməyə kifayətdir.
Məlumatdan kiçik Azərbaycan missiyasının o zamankı ünvanını da öyrənmək mümkündür. İlk günlər Ə.Haqverdiyev, xanımı və nümayəndəliyin iki əməkdaşı Temirxanşuradakı “Kryanev qardaşları” adlı mehmanxanada qalmışdılar.
Aprelin 15-də xarici işlər
naziri M.Y.Cəfərova göndərilən növbəti məlumatın
daha çox təhlili xarakter
daşıması Əbdürrərim bəyin artıq
situasiyaya kifayət qədər nüfuz etdiyini, proseslərin
mahiyyətinə varmağı bacardığını
göstərir. Burada əsas diqqət
konkret faktlar əsasında Dağlı hökumətinin vəziyyətə
nəzarət edə bilməməsinə, kütlələrdə
vətənpərvərlik düşüncəsinin,
“yuxarılarda” isə təşkilatçılıq qabiliyyətinin
son dərəcə aşağı olmasına yönəldilir:
“Cəbhədə bir dənə də olsun nizami hissə
yoxdur, əsgərlər zabit heyətinə tabeçilik
haqqında yerli-dibli düşünmürlər. Xüsusi ilə bu
sonuncu vəziyyət barədə cəbhədən dönən
türk zabiti göz yaşları içərisində
danışırdı. İşin ağıllı şəkildə
təşkili və savaşa nizami hissələrin göndərilməsi
sayəsində Denikin əsgərləri üzərində asanlıqla qələbə
çalmaq mümkündür.
Lakin yeganə nizami qoşun hissəsi -
Dağıstan süvari alayı Şurada (Temirxanşura nəzərdə
tutulur - V.Q.) rahat məskən salıb, keçmiş
qayğısız həyat və ordudakı
danışıqsız nüfuzları ilə bağlı
xatirələrə dalan zabitlər isə kütləvi şəkildə
Denikinin yanına can atırlar. Dağlı
Respublikasının hökuməti özünü cinayətkarcasına
ətalətli aparır, onun bütün fəaliyyəti
yalnız sırf dəftərxana işindən ibarətdir. Təbii ki, yerlərdə də heç bir iş
görülmür”. Şimali Qafqaz və Dağıstanın
o zaman içərisində olduğu xaosu, hökumət qurumlarının sadəcə
görüntü, vitrin xarakateri daşımasını,
nominal vəzifə adlarının bir çoxlarını sərnəst
eləməsini bundan daha dəqiq təsvir etmək mümkün
deyildi.
525-ci qəzet.-2017.-23 dekabr.-S.26.